BİRİ İKİSİNDƏdə Əkbər Qoşalının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, tanınmış şair, beynəlxalq mükafatlar laureatı Əkbər Qoşalının şeirləri ilə tanışldıqdır.

 

 

***

 

Nə zamansa işim qalıb çətinlərdən çətində,

Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,

Təvəkkül eyləmişəm...

 

Olmadığım ürəklərin boylanmadım gözünə...

Güzgüyə də baxmadım heç – baxdım dostun sözünə...

Təvafüq eyləmişəm.

 

Qırıq cama su tökmürəm, yaş keçəndən qırxları,

“Bu dünyaya ağır gələr, bir qırıx qəlb hesabı” –

Tərənnüm eyləmişəm...

 

Coşan dəniz, yatan sahil... qarışqaynan balığı

bir-birinə ruzi qılıb... – nədi başa saldığı?.. –

Təfəkkür eyləmişəm.

 

Bir köklücə yaşıl ağac budaq-budaq quruyub,

Kölgəsində böyüyənlər çıxıb gedib, unudub...

Təəssüf eyləmişəm.

 

Əzəl başdan bir sevdiyi olmalıdı insanın...

Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...

Tərəddüd eyləmişəm...

 

İnsanoğlu, çiyinlərin iki günə yarayar:

Dərdli başa yastıq olar, bir də tabut daşıyar...

Təsadüf eyləmişəm...

 

Nə ki yaxşılıq etmişəm – unutmuşam, çox şükür,

Nə yaxşılıq görmüşəmsə – yaddaşımda görünür…

Tədarük eyləmişəm...             

 

 

***

 

“Yüz ev tikən cənnətini bu dünyada qazanar” –

Eşitdim ki, mən yaşayan şəhərdə

nə zamanmış belə inanc varıymış.

O inancla evlər tikib adamlar –

səksən olub, doxsan olub, yüzü görən olmayıb…

Kainatın cilvəsidir elə bil:

Olmur, cənnət sınaşıqla olmayır… –Amma yenə o inancın işığı

ev tikdirib adamlara,

ev tikdirir bu gün də… –

Əgər kimsə bilə-bilə yalan danışıbsa da,

Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,

cənnət olsun məqamı!

 

Mənim gözəl şəhərimdə ayrı bir inanc da var –

Deyərlər ki, “Bir ev yıxan cəhənnəmi bu dünyada satın alıb

elə bil”…

Gəl görəlim, yenə evlər yıxılır…Cəhənnəmi satın alır gözgörəsi tanıdığmız adamlar…

O qaranlıq niyə çəkir adamları? – bilmirəm…

Görən, onlar özlərini aldadırlar nə ilə?..

Yenə evlər tikilir,

Yenə yıxılır evlər…

Tikin, qardaşlar, tikin,

Bəlkə, yüzə çatmadınız,

cənnət görmədiniz, bəlkə…

Amma          

evyıxanlar                 

cəhənnəmdəsə,

demək,

         evtikənləri          

unutmayıb Yaradan…

Eviniz yıxılmasın…

 

 

***     

 

(Dostum və qardaşım YOLÇU üçün)

 

Bir gün, əlbət, bir gün

olanlar olmayacaq,

olmayanlar olacaq.

Nə qurşun atdıq bir kəsə,

nə qurşun atdılar, ölək;

Ömür deməm ömürə,

yol yoxsa, cavan ölümə…

Onsuz da olanlar olmayacaq, olmayanlar olacaq…

Nə qurşun atdılar, ölək,

nə qurşun atdıq bir kəsə;

Ömür dedim ölümə,

özüm dedim özümə:

bütün ömürlər         

ölümə aparır…

Baxma, hər ölünü bir qoşun aparır, kim dünyadan nə götürür?

Qoy desinlər, bir şair dünyadan qurşun aparır…

 

 

***

 

Sən necə soyundun ayaqlarını?..  – Sən elə soyundun ayaqlarını,

Sanki soyunmayır, əzizləyirdin!

O da elə bil ki, ərkələnirdi...

Qoy mən təşəkkürlər edim onlara, səni mənə,                

səni mənə gətirib...

Var olsun, var olsun ayaqlarını!Gözlərim ayrılmır ayaqlarından:

Yeriyən, “düşünən”, “döyünən” ayaq...

Ağ ayaq, gül ayaq, ətirli ayaq...

Ha yana baxsam da, görünən ayaq...

 

“Gümüş topuğunda xal, sənə qurban”  

hələ yüz il öncələr Müşfiq belə yazırdı.

Əlbət, Müşfiqdən öncə, 

əlbət, öncədən öncə,

qadın ayaqlarından vəcdə gələnlər olub.

Düşünə bilirsənmi, dünyanın ilk qadını   

ilk dəfə ayaq açır,    

yeriyir bu yer üstə;    

Qadın ayaqlarıyla tanış olur torpaqlar...

Yəqin, elə o vaxtdan          

işvə, naz qarışıbdı torpağın canına da,

bəlkə, ona görə də

qapqara torpaqlardan ağappaq güllər çıxıb, çiçəkləyib Yer üzü...

    ilk qadın addımı    

ilk kişiyə doğruydu...   

İnsanlıq doğulurdu…

Budur, min illər sonra sənsən ayaq yiyəsi,

qalxıb mənə gəlmisən.

Gəlmisən, xoş gəlmisən!..

Qoy       

bircə doyunca baxım onlara –

Qoy    

bir də, qoy bir də baxım onlara…“Ayaq” dediyimiz başabəlaya.

Ah, hələ barmaqların,

Ah, rəngli dırnaqların,

Ah, bir də topuqların!..  

“Xallı, gümüş topuqlar”...

 

Bu gün sən səbirsizsən,

Bu gün qayğılıyam mən;

Ta Adəmdən-Həvvadan        

dönüb gələn fikirlər

ayaqda tutur məni...

Söylə,    

yeni söz söylə    

ayaq verək keçidə...                         

 

 

HƏSRƏTİN HEKAYƏTİ

 

İl yarım olmuşdu biz ayrılalı,

İl yarım deyirəm, zarafat deyil.

Şeytanın qıçını sındırdıq axır,

İkimiz də kövrək, ikimiz dəli...

 

Bilmirəm, həsrəti necə keçirib,

Bilmirəm, o zalım nə yeyib-içib?

Özümə çəkilib o aylar boyu,

İçimi yemişdim mən gizlin-gizlin.

 

Bilirəm, daha çox həsrət çəkən var,

Bilirəm, tez küsüb-barışıb kimsə.

Söz var: od düşdüyü yeri yandırar,

Bizim il yarımmız bəs edər bizə...

 

Deyirdim, nə geyər bugün üçün o,

Qırmızımı geyər, qaramı, ağmı?

Qapqara geymişdi günü ağ olmuş,

Kəməri, çantası qıpqırmızıydı.

 

Deyirdim, ilk sözü nə olacaq, nə?

Sinəmə sığmırdı yarımcan ürək.

O gəldi, mən baxdım, ikimiz susduq...

unutduq ilk sözü, nə deyəcəkdik?..

 

Sonrası, sonrası “itotu, bağayarpağı”... –

Elə bil dünəncə sağollaşmışıq...

Ah, mənim il yarım yaşadıqlarım,

Ah, mənim hələ də yaşamadığım...                     

 

 

***

 

Gecələrə Günəş,

gündüzlərə Ay…

Say, zalım əfəndim,

ömrümü gəl say…

 

Eşq dolu – sevdaya ac,

bir körpə nazlı turac,

Ömrümü etdi tarac,

Nə “uf” derim, nə də “oy”…

 

Yağış yağmaz Günəşə…

Kimdi gələ gənəşə?..

Ətimi çəkməz şişə,

Tənimi eyləyər zay…

 

Yağış, Günəş və hava,

Hər dərdə olsa dəva;

Ollam daşa dost, valla,

Demə, olduq nəyə tay…

 

Eşq dolu sevdaya ac,

o körpə nazlı turac,

Ömrümü aldı xərac,

Nə “uf” deməm, nə də “oy”…

 

Gecələrə Günəş,

gündüzlərə Ay…

Say, zalım əfəndim,

ömrümü gəl say…

 

 

ŞUŞA ALXIŞI

 

Şuşada açmışam sabahı bu gün,

Şuşamıza şükür, sabaha şükür.

Dolaşdım, toxundum, gördüm-götürdüm,

Özümə tapdığım cavaba şükür.

 

Ucada görmüşəm bayrağımızı,

Ondan öyrənmişəm növrağımızı,

Gündüzü cilvəli qutsalımızı,

sığala yetişən axşama şükür.

 

Yaddaşım oyandı, tərpəndi lay-lay,

Gah aypara oldum, gah da dolunay…

Xankəndi tərəfə boylandım bir az,

Orda çatacağmız tonqala şükür.

 

Əkbər, hər şəhərin öz gözəlliyi,

Burdakı gözəllik döz gözəlliyi…

Daha aramadım söz gözəlliyi,

İdraka, iqbala, amala şükür!..

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.