DUMANLI VƏ AYDIN ŞUŞA - Şuşada Türk dünyası mədəniyyət ilinə yekun vuruldu Featured

Varis, “Ədəbiyyat və incəsənət”

 

Dekabrın 9-u - biz Şuşaya yollananda günortadan çıxsaq da yalnız gecə 12 radələrində mənzil başına çata bildik, temperatur cəmi 2 dərəcə idi və çox qatı duman var idi, irəliləmək olmurdu. Amma növbəti gün - dekabrın 10-da hava mülayimləşdi xeyli. 

 

“ŞUŞA” OTELİNDƏ SƏMİMİ QARŞILANMA

Dekabrın 10-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirildi. Türk dünyasının mədəniyyət paytaxtı statusu Şuşadan Türkmənistanın Anev şəhərinə ötürüləcəkdi. Yeni istifadəyə verilmiş müasir və komfortlu “Şuşa” otelinin konfrans zalında. 

 

 

Tədbirdən əvvəl TÜRKSOY tərəfindən 12 türk dünyası rəssamının əsəri otelin foyesində nümayiş etdirilirdi və həmin əsərlər də Şuşaya hədiyyə edildi. 

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və incəsənət xadimləri, yazarlar, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edirdilər. O cümlədən, mədəniyyət nazirimiz Adil Kərimli və Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov. 

 

ADİL KƏRİMLİ

Aparıcı açılış nitqi söyləmək üçün mədəniyyət naziri Adil Kərimliyə söz verdi, nazir dedi:

 

 

- Azərbaycan və Türk dünyası üçün 2023 ce il tarixi hadisələrlə zəngin oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olundu.

Şuşada baş tutan I Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər açacaq, Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevriləcək. Cari ildə ölkədə çoxsaylı tədbirlər təşkil olundu. Xüsusən Türk Dünyasının Qorqud Ata film festivalını qeyd etmək olar. Bunlar həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq.

2020-ci ildə 44 günlük müharibə, eləcə də bu il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan Respublikası öz ərazilərində suverenliyini tam bərpa etdi. Bu da bütün ölkə ərazisində mədəni həyatın inkişafında böyük rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

 

ATAGELDİ ŞAHMURADOV

Daha sonra çıxış edən Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov belə tədbirlərin Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət etdiyini vurğuladı.

 

 

O qeyd etdi ki, Türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hazırda geniş imkanlar mövcuddur. O həmçinin Anev şəhərində 2024-cü ildə nəzərdə tutulan tədbirlər barədə də bilgi verdi. 

 

AYDIN KƏRİMOV

Sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova söz verildi, Aydın Kərimov qonaqları qarşılamaqdan, ilboyu burada keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək məlumat verdi ki, Şuşada bu günədək 16 abidə tam bərpa olunub. 

 

 

Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bununla yanaşı, Şuşanın infrastrukturunun qurulması prosesi davam edir. Şəhərin tarixi və memarlıq irsi dirçəldilir, yenilik və müasirlik gətirən layihələr reallığa çevrilir. 

 

ELÇİN QAFARLI

Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının çıxışı dinlənildi. Elçin Qafarlı təmsil etdiyi təşkilatın gördüyü əhəmiyyətli işlərdən bəhs etdi, türk xalqlarının yaxınlaşmaaında mədəniyyətin müstəsna rolunu vurğuladı. 

 

 

Elçin Qafarlı səhhəti ilə bağlı mərasimə qatıla bilməyən TÜRKSOY-un Baş katibi Sultan Raevin məktubunun mətnini oxudu. 

 

MÜKAFATLANDIRILMA MƏRASİMİ

Tədbirdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirildi. 

Mərasimdə, həmçinin 2023-cü il üzrə TÜRKSOY Media Mükafatı və TÜRKSOY-un xüsusi mükafatının təqdimatı oldu.

2023-cü il üzrə TÜRKSOY Media Mükafatı Azərbaycandan Medianın İnkişafı Agentliyinə və "Ədəbiyyat və incəsənət” mədəniyyət portalına verildi. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, eləcə də portalın Baş redaktoru bəndəniz TÜRKSOY Media Mükafatını fəxarət hissi ilə qəbul etdik. 

 

 

Digər türk dövlətlərindən isə mükafatlandırılanlar aşağıdakı media mənsubları oldu:

"AIQYN" qəzetinin baş redaktoru Amangəldi Kurmet, "Xabar 24" televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, “AKİPress" İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, "Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift, "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə), Türkmənistan televiziya, radio ve sinematografiya dövlət komitəsi, Konstantin Kurtoğlu, Qaqauz Yazıçılar Birliyi jurnalının baş redaktoru, Alyona Terzi, Qaqauz Radio Televiziyası (GRT) program yapımcısı, Fehmi Gürdallı, Türk Ajansı Kıbrıs (TAK) müdiri (Quzey Kıbrıs) və Seyyid Emin, TİMEBALKAN baş redaktoru (Makedoniya).

 

 

ESTAFET ÖTÜRÜLDÜ

Qırğızıstanın kino rejissoru Zamir Eraliyev xüsusi mükafatla təltif edildikdən sonra Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradova təqdim etdi. 

 

 

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olundu. 

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova Fəxri Fərman verildi. 

Tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı da izlədilər. 

Daha sonra Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edildi. 

 

 

QISA TARİXÇƏ

Qeyd edək ki, bu il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.

“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.

Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər olub.

 

2024-DƏ YENİ STATUSLA

Onu da xatırladaq ki, Şuşa şəhərinin mədəniyyət paytaxtı statusu daha bir il davam edəcək. 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa 2024-cü ildə bu dəfə də İslam dünyasının paytaxtı olacaq.  

Və günortadan sonra Şuşa ilə xudahafizləşib Bakıya yön aldıq. Bu dəfə duman yox idi. 

Nə sirdirsə adam heç Şuşadan qayıtmaq istəmir.

 

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.