SƏXAVƏT ABBASOV Elşad Baratın “Şəhidlər” silsiləsində

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

 

Abbasov Səxavət Rizvan oğlu

 

Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Səxavət evin tək övladı idi. Orta təhsilini Xırdalan şəhər bir saylı tam orta məktəbdə alıb. Güləşin Yunan-Roma növü ilə məşğul olan Səxavət həm də musiqi bacarığı ilə yadda qalıb. O, dostları arasında şən, zarafatcıl biri kimi tanınardı. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib.

Abşeron rayonu, Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "Məndən nigaran qalmayın, Vətən borcunu yerinə yetirib qayıdacağam" – deyib.

"Övladdan da şirindir nəvə" deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.

20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdən qalib çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi hər ikisinin həyatına son qoyub.

Səxavət Abbasov oktyabırın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sona “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Zəfər tariximizdə

Tarixin igidisən.

Evin tək oğlu idin,

İndi tək şəhidisən.

 

Fəxr eləyir səninlə

Sabah, bu gün və dünən.

“Övladdan şirin olur

Nəvələr” – deyən nənən.

 

Şəhidlərin adı var

Vətənin hər daşında.

Çünki onlar yaşayır

Tarixin yaddaşında.

 

Hamı ölür dünyada,

Hansı bədən yaşayır?

Canını vətən üçün

Qurban edən yaşayır.

 

Sən canını Vətənə,

Dosta qurban elədin.

Torpağına göz dikən

İti peşman elədin.

 

Elədin azad, şəhid,

Cəbrayıl, Füzulini.

Hadrutun, Xocavəndin

Susmuş otuz ilini.

 

Söz vermişdin anana,

Gələcəm igid kimi.

Sözünün üstə durdun,

Qayıtdın şəhid kimi.

 

Şəhidliyin mübarək,

İgid, qəhrəman oğul.

Vətənə bir can verib

Qazandın min can, oğul.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.