Super User
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.
Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.
Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.
Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək mümkündür.
Çəkilişlər Moskva, Bakı və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.
Film Azərbaycan və rus dillərində hazırlanıb.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Ataşah” Azərbaycanın milli brendi olaraq 2022-ci ildə yaradılıb
Həm kulinariyada, həm kosmetologiyada yeni bir ad parlamağa başlayıb. Bu, “Ataşah”dır. “Ədəbiyyat və incəsənət” portalı tanınmış brend barədə məlumatı sizlərə təqdim edir.
“Ataşah” bir ildən bir az artıq vaxtdır ki, yaradılıb.
Məqsəd ölkənin qida və kosmetoloji sənayesinə daha keyfiyyətli məhsullarla töhfə vermək, eləcə də beynəlxalq bazara çıxaraq Azərbaycanı daha üstün məhsullarla təmsil etməkdir.
“Ataşah”ın təklif etdiyi məhsullar müxtəlifdir, bunların içində ən əsas yeri bitki yağları tutur. İnsan sağlamlığı üçün hədsiz faydalı olan və yeni nəsil insanı üçün əvəzsiz nemət hesab edilən bu yağların ən son texnologiyalarla çəkilərək tam qatqısız halda qablaşdırılması və alıcıya təklif olunması öz effektini verməkdədir. Hazırda “Ataşah” brendi altında çıxan üzüm və nar çəyirdəyindən, balqabaq tumundan, kətan və qarazirə toxumundan, çaytikanından alınan yağlara alıcılar tərəfindən böyük maraq göstərilir.
Təbii ki, öz sağlamlığının keşiyində durmaq insan üçün ən prioritet məsələ olmalıdır.
“Biz hər şeyin ən yaxşısını sizlər üçün edirik!” - Şirkətin şüarı budur.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
YARAT Müasir İncəsənət Məktəbinə ərizə qəbulu başlayıb
YARAT Müasir İncəsənət Məktəbinə ərizələrin qəbulu başlayır. İki semestrdən ibarət olacaq kurs, həm nəzəri biliklərin, həm də praktiki bacarıqların verilməsi məqsədi daşıyır.
Birinci semestr ərzində tələbələr müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi müasir incəsənət sahələri üzrə yerli və xarici mütəxəssislərin mühazirələrini dinləyəcəklər. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə məktəbin yaydığı məlumatda deyilir.
Əlavə olaraq, tələbələr üçün muzeylərə, qalereyalara və incəsənət məkanlarına ziyarətlər təşkil olunacaq.
İkinci semestrdə iştirakçılar birinci semestrdə əldə etdiyi bilikləri praktiki məşğələlərdə tətbiq edəcəklər, həmçinin rəsm əsərlərinin yaradılması texnologiyası, müxtəlif materiallarla işləməsi, sərgi konsepsiyalarının yazılması, büdcə tərtibatı və s. öyrənəcəklər.
Kursun son mərhələsində buraxılış sərgisi təşkil olunacaq.
Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək. Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq.
Yaşı 16-35 olan şəxslər müsabiqədə iştirak edə bilərlər.
İştirak etmək istəyənlər ərizələrini noyabrın 30-dək "YARAT Art School" başlığı ilə qeyd edərək, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Bəstəkarlar İttifaqı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Yuğ” Teatrının oktyabr repertuarını təqdim edirik
Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı üçün maraqlı repertuar tərtib edib.
Sənət ocağının kollektivi oktyabrın 7-də “Toy dəsgahı”, 8-də “Metamorfoza”, 14-də “Vəsvəsə”, 15-də isə “Lənət” tamaşalarını təqdim edəcək.
Bundan başqa, oktyabrın 21-də “Koun Bizzz”, 22-də “Toy dəsgahı”, 28-də “Şəbədə”, 29-da isə “Elçilik” tamaşaları nümayiş olunacaq.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.
Tamaşalar müvafiq olaraq saat 19:00-da təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib
Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın milli muğamı gecəsi” adlı konsert keçirilib.
AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində reallaşıb.
Tədbirin açılış mərasimində çıxış edən Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi və təşkilatçısı, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsert çox mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər boyu yaşayacaq.
Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasına çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə Qafqaz xalqları üçün də çoxlu işlər görüb. Ona görə də deyə bilərəm ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün qürurvericidir.
Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribşvilinin səyləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan-Gürcüstan əlaqələrinin tarixinə nəzər salıb, müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ölkələrimiz arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etməyə başladığını qeyd edib.
Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. İl ərzində Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində müxtəlif yubiley tədbirləri keçirilir. Gürcüstanda “Heydər Əliyev İli” ilə bağlı artıq bir sıra mühüm tədbirlər keçirilmiş və ilin sonuna qədər önəmli layihələr ərsəyə gələcəkdir. Bunların məhz Gürcüstanda keçirilməsi xüsusi önəm daşıyır. Çünki Heydər Əliyev Gürcüstanın böyük dostu, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının banisi idi.
Onun sözlərinə görə, Batumi şəhərində musiqimizin, mədəniyyətimizin, tariximizin təbliğ və təşviq edilməsi xüsusi rəmzi xarakter daşıyır. Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi Əhməd Cavadın məhz Batumidə yazdığı “Çırpınırdın, Qara dəniz!” şerini xatırlatmaq yerinə düşərdi.
Diplomat deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrlə yanaşı, zəngin mədəni əlaqələr də mövcuddur. Mədəniyyət sahəsində əməkdaşlıq - münasibətlərimizin prioritet sütunlarından biridir. Bu birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlayan amildir və xalqlarımız arasında dərin iz buraxmışdır. Muğam başda olmaqla zəngin mədəniyyətimizin və mədəni sərvətlərimizin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan dost Gürcüstanda nümayiş etdirmək, sizləri sevindirmək ikiqat ürəkaçandır: Ulu Öndər Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin, musiqisinin, incəsənətin dünya miqyasında təbliğ edilməsini və qorunmasnı hər zaman diqqət mərkəzində saxlayırdı. Bu gün bizlər bu istiqamətdə əldə edilən nəticələri görürük. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Azərbaycan mədəniyyətin inkişafına xidmət edən hər bir fəaliyyət dövlətimizin başçısının daima diqqət mərkəzindədir. Əlbəttə biz burada Azərbaycan mədəniyyətin tərəqqisinə, mədəniyyət siyasətinin reallaşması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etməliyik və bu xidmətlər əvəzsizdir. Heydər Əliyev Fondu muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Məhz bunun bariz nümunəsi kimi, bu gün burada, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən unikal sərgi nümayiş etdirilir və sizlərin bu sərgi ilə ilkin tanışlıq imkanınız olmuşdur”.
Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri barədə ətraflı məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.
Sonra tamaşaçılar Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onun muğam qrupunun ifasında “Şur”, “Cahargah” muğam kompozisiyalarını, xalq mahnısı “Sarı Gəlin”, Cahangir Cahangirovun “Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnılarını dinləyiblər.
Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları böyük maraqla qarşılanıb. Konsertdə səhnədə qoraşdırılmış ekranda Azərbaycan mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın görüntüləri nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Fidan Hacıyevanın “Qaratoxmaq qadın”ı yetərincə bəyənildi
Adətən premyeralara maraq böyük olur. Onda ki, bu premyera üç nəhəng teatrdan birində - ya Azdramada, ya Muzkomediyada, ya Opera və Baletdə olsun. Bəli, biz teatrların adlarını məhz dillərdə dolaşan şəkildə dedik. Ötən uik-enddə növbəti belə premyeraya şahidlik etdik - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib.
Gəlin bir qədər tamaşanın tarixinə rakurs edək. “Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biri sayılır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb.
İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir.
Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb.
Çaykovski əvvəlcə Puşkinin “Qaratoxmaq qadın” əsərinin süjeti ilə maraqlanmayıb. Amma zaman keçdikcə, bu novella onun təxəyyülündə daha çox yer tutub. German və qrafinyanın faciəli görüş səhnəsi bəstəkarın qəlbini riqqətə gətirib. Bu səhnənin dərin dramatizminin təsiri altında Çaykovskidə opera yazmaq arzusu baş qaldırıb və beləliklə, üç pərdə və yeddi səhnədən ibarət olan opera üzərində iş prosesi 1890-cı ilin baharında Florensiyada başa çatıb. Həm də bütün bu yaradıcılıq prosesi 44 gün ərzində - yanvarın 19-dan martın 3-dək yekunlaşıb.
Qayldaq premyeraya. Bakı tamaşaçıları artistləri və Pyotr İlyiç Çaykovskinin dünya şedevri olan əsərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına daxil edilməsində əməyi olanları ayaq üstə alqışladılar. Ən gurultulu alqışlar isə gül dənizinə düşən Fidan xanıma yağdırıldı.
Tamaşanın təkrar nümayişi oktyabrın 14-də Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində olacaq. Təbii ki, yenə də anşlaqla!
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Mir Cəlal yaradıcılığı Almaniyanın ədəbiyyat jurnalında yer alıb
Almaniyanın populyar “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Elgün Niftəliyevdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Signaturen.de” elektron ədəbiy¬yat jurna¬lı mütəmadi olaraq səhifələrində Andreas Qrifius, Frans Kafka, Kristian Morgenştern, Pablo Neruda, Stefan Malarme kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
İtalyan pianoçu Lorenso Banyati Muğam Mərkəzinin səhnəsində çıxış edəcək
İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Maraqlı proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.
Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.
Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)