BİRİ İKİSİNDƏdə Elşad Baratın “Şəhidlər” silsiləsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gündən etibarən sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim edirik.

 

 

Şəhid Nadirli Kənan İlqar oglu

 

İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər bir hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs vəzifədir. Bu vəzifəyə sadiq olaraq doğma yurdunu azad görmək üçün qəhrəmanlıq göstərən igidlərimizdən biri də Cəlilabad rayonundan olan şəhidimiz Nadirli Kənandır.

Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub.

Kənan könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində şəhid olub.

Göstərdiyi qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Yenə bir şəhidin ruhu önündə

Günəş gülümsəyir, Ay parıldayır.

Mənimsə qələmim səcdəyə gedir,

Buludlar diksinir, göy guruldayır.

 

Yazmaq istəyirəm şeirlərimlə

Hər şəhid adını bağrına, vətən.

Səndən gözəl yaza bilmərəm, amma

Şərikəm hər şəhid ağrına, vətən.

 

Bir şəhid balan da Nadirli Kənan,

Bir məzar çoxalıb ürəyin üstə.

Şəhidlər körpətək müqəddəs qalır,

Kəfənlər bürünür bələyin üstə.

 

Nökər məzarı da, xan məzarı da,

Eynidir, qazılır bədən boyunca.

Bircə şəhidlərin məzar daşları

Sanki işıq saçır vətən boyunca.

 

Görürəm dünyanın hər şəhərindən

Şuşada ucalan bayrağı, vətən!

Şəhidlər nur saçan məzarlarıyla

Vətənə çevirir torpağı, vətən!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.