QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

7-ci hissə

 

Toy

 

Heç ağlına gəlməzdi ki, valideynləri hər şeyi belə sürətlə həll etmiş olacaqlar. Bir gün anası gəldi, sözlü adama oxşadığı dərhal sezilirdi. Xoş-beşdən sonra əslində Ülkəri ilgiləndirməyən son xəbərlərdən danışdı:

-- Bizim qlavvraçı dəyişiblər...

-- Yeni icra başçısı gəlib rayona…

-- Əkin sahələrini suvarmaq üçün iki yeni artezian quyusu qazılıb…

-- Qonşu Ayla traktorçu Erkinə nişanlanıb…

-- Rayonun o biri başında yeni univermaq açılıb…

Ümumi xəbərlərdən sonra ailə xəbərlərinə keçdi Zöhrə.

-- Dursun kişinin oğulları Qələndərova hücum çəkiblər, onu vurublar, o da poqonluya əl qaldıran qardaşları dama basdırıb.

Zöhrə qüssəylə onu da vurğuladı ki, Qələndərov çox haqsızlıqlar eləyir, insanlarda nifrət yaradıb. Deməzsənmiş, Zöhrə küçədə-bayırda insanların baxışlarında hətta özünə qarşı da bu nifrəti duyurmuş. Zöhrə qan-qarğışa ürcah ola-ola yaşamalarından qorxduğunu da dilə gətirdi.

Amma Ülkər aşkar duyurdu ki, anasını rayondan bura qaranəfəs gətirən heç də “Aylayla traktorist Erkinin nişanlanması, təzə univermağın açılması” deyil, heç Qələndərovun döyülməsi də deyildi. Çox güman, anası Ülkərlə bağlı nəsə bir xəbər verməyə gəlmişdi.

Zənni Ülkəri aldatmadı, həqiqətən də belə idi, anası dedi ki, qızım, atan sənin nişan və toyunu tələsik eləmək qərarına gəlib.

Ülkər ürək sancısı ilə “Bu tələskənliyə axı səbəb nədir?” deyə soruşanda anasının cavabı belə oldu:

-- Qızım, Qələndərovun pensiya yaşı yaxınlaşır, deyir, nə qədər ki qılıncımın dalı da, qabağı da kəsir, qızın toyunu eləyim ki, hörmətli qonaqlarım gəlsin, yaxşı da nəmər yazdırsınlar.Deyir, pensiyaya çıxandan sonra adamların sayıb toya gəlməməsi bir yana, bir də gördün, Biznesmen Əflatun da bir bəhanə tapıb qohumluqdan qaçdı.

Ülkər ağladı, sısqadı, hətta özünə qıyacağı ilə hədələdi anasını. Anası yenə də taftalogiyaya əl atıb dilində əzbər olan kəlmələri təkrarladı:

-- Qızım, biz də səninçün eləyirik, sənin xoşbəxtliyinçün eləyirik. Sofya müəllimənin oğlu səni xoşbəxt edə bilməz.Sevgi də keçib gedəcək, Sofya müəllimənin oğlunu da unudacaqsan. Ərinə isinişəcəksən. Ərlə arvad arasında sevgi lazım deyil. Bircə qarşılıqlı hörmət oldu, kifayət edər.

Ülkərsə dil boğaza qoymadı:

-- Sən sevgisiz, valideyn təhriki ilə ailə qurub guya xoşbəxtsən indi, ay ana? Bəlkəm vaxtında sənin də sevdiyin olub, ona getsəydin, sən də bir gün görərdin, bu zilləti yaşamazdın. Sənin Qələndərov qarşısında əsla hörmətin yoxdur, tam hüquqsuzsan. O “a” deyəndə sənin cəsarətin belə çatmaz ki, “b” deyəsən.

Anası bu anda çox məyus, yazıq bir görkəm aldı. Əlbəttə ki, qızı düz deyirdi. Amma nə fayda.

Cəmi bir həftə sonra nişan oldu, Ülkər barı birinci kursu qurtarıncaya qədər möhlət alacağını düşünürdü, amma Yeni ildən dərhal sonra – yanvarın 12-də də toyları baş tutdu.

Yeniyetməliyində və ilk gəncliyində hər bir qızın ən böyük arzusudur toyu. Ülkərin də arzusu idi. Amma beləmi?

Ülkəri bəzəyib-düzəmişdilər, ağ gəlinlikdə hədsiz gözəl görünürdü, sanki ağappaq bir kəpənək idi. Di gəl, hər şeyə o qədər etinasız idi ki, heç toyun hansı şadlıq evində keçirilməsini, hansı qonaqların gəlməsini belə duymamışdı.

Leyli “Ay ana, bu “Hollivud” nə gözəl şadlıq sarayıdır, lap elə bil muzeydir” deyə heyranlığını bildirməsəydi, Ülkər toyunun harada keçiriləcəyini belə bilməyəcəkdi.

“DədəQorqud” filmindəki epizodu xatırladı, öz-özünə təkrarladı: “Elə bil ərə getmirəm, gora gedirəm”.

Eləcə ürəyində Rüfəti ilə danışır, ona “Niyə axı itib-batdın, ay vəfasız, gələrdin, məni qaçırdardın, hər şeyi gözümə alıb səninlə bir ömür yaşayardım” deyib için-için ağlayırdı. Rüfətin bağışladığı ürək fiqurlu açarqabını daözüylə götürmüşdü, barmaqlarını ona toxundurmaqla təsəlli tapırdı. Madar ona nələrsə deyir, badə toqquşdurmağa, onu yedirtməyə çalışırdı, kimlərsə gəlib şəkil çəkdirirdi, hətta bacısı belə qucaqlayaraq ona təsəlli vermək istəsə də, bunu bacarmamışdı.

İndi də Xəyal gəldi, qabağında oynaya-oynaya onu rəqsə dəvət elədi. Xəyal yerində ləngər vururdu. Bu anda Ülkərin necə ki atasına olan nifrəti içini çuğlamışdı, qardaşına da bir o qədər nifrət duydu, ona dedi ki, oynamayacam, tuflim ayaqlarımı sıxır.

Toy bütün təmtərağı ilə davam edirdi.

Bir ara özünə gəldi, gördü, oxuyan üç gənc müğənni xanımdır, onları dərhal tanıdı, “W-trio” adlı bu qrup yenicə səhnələrdə görünsə də, çox sevilirdi,Natəvan, Röya və Elnarə. Ani olaraq onlara diqqət kəsdi. Sevgidən, vəfadan oxuyurdular, amma musiqi də, sözlər də qarışıq gəlirdi ona, dərinlərə gedə bilmir, qavramaqda çətinlik çəkirdi.

Həmin dönəmdə Rüfətin bağışladığı kitab gəlib durdu gözünün qabağında, Bəxtiyar Vahabzadənin həmin o kitabı, səhifələr bir-bir açıldı, ürək dağlayan bir şeir gəlib bərqərar oldu:

 

Yaman darıxmısam sənincün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan-asan,
Sevgini gizlətmək mahalmıs,demə!

 

Yaman darıxmısam…Bu nədir, yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli, sən gələn yola...

 

Bir də “Vağzalı”nın çalındığını duydu, qısa zamanda doğulduğu evdən Gənclikdəki mənzilə yığışmışdı, indi də Madargilin Neftçilər prospektindəki mənzillərinə köçürdü. Ailə həyatı nə verəcəkdi ona? Sevmədiyi biri ilə bir ömür necə yaşayacaqdı? Ata və qardaş istibdadının ardınca ər istibdadı gəlirdi, gələcək həyat yoldaşından – bu, öz toyunda içib ayaq üstündə zorla dayanan şəxsdən xoşbəxtlik gözləməyə dəyərdimi?

Ülkər bütün çılpaqlığı ilə başa düşmüşdü ki, imkanlı valideynlər tək oğullarını düzgün tərbiyə etmirlər, onları əzizləyib korlayırlar, bütün arzularına anidən yetişən, bütün şıltaqlıqlarına, dəcəlliklərinə göz yumulan bu övladlar sonda müstəqil yaşaya bilmir, zamanın ani gerçəkliyi ilə üz-üzə gələndə büdrəyir, sınırlar.

Madar yerində ləngər vururdu, Ülkərsə ağlayır, göz yaşları ilə gəlinlik libasının sinəsini isladırdı.

Bəlkə çox bədgümanlıq edirdi?

Bəlkə hər halda hər şey yaxşı olacaqdı?

Axı ümidlər ölmür.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.