Super User
“Unuduram...” - ESSE
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Saat gecə yarısına yaxınlaşırdı. Boş küçənin qaranlığını, xırda ulduzlar xaric, aydınladan heç nə yox idi. Beynimdə o qədər fikir var idi ki, hansı birini düşünüb ona çarə tapım, bilmirdim. Yağış da elə bil inadlaşırdı hislərimlə. Mən dolduqca daha çox şığıyırdı təbiətin gözyaşları üstümə.
Hara getdiyimi bilmədən ayaqlarımın məni yönləndirməsinə icazə verərək gəzirdim. Bir küçədən o birinə, bu cığırdan digərinə. Metro stansiyaya yaxınlaşdıqca yollar nisbətən işıqlanırdı. Amma yatdığım xülyalardan ayılıb ətrafa baxanda görürdüm ki, aydınlanan elə sadəcə küçədir... Bir küncdə dalaşan gənc bir cütlük, onlardan bir az aralıda polislərin saxladığı bir maşın var idi. Nə isə axtarış aparırdılar. Paralel küçədə isə xoşbəxtlik görüntüləri gözə dəyirdi. Xoşbəxt, qol-qola gəzən gözəl geyimli bir xanım və yanında da yəqin ki yoldaşı. Hə, qadının üzündəki makiaj olduqca keyfiyyətli idi, hiss edilirdi. Amma görünür, xanım qolundakı göyərən hissəni o “keyfiyyətli” tonalni ilə bağlamağı unutmuşdu...
Üzündəki o saxta gülüşdən necə “xoşbəxt” olduğu görünürdü...
Saat irəlilədikcə həm küçənin qaranlığı artır, həm qaranlıq həyatlar küçələrə doluşurdu sanki. Qulaqcığımdasa eyni mahnı səslənirdi saatlardır.
“Daha unuduram məni mən...
Geri dönüşü yox...”
Bu qədər səhnə içərisində sadəcə biri, bir balaca uşaq dondurdu həm cismimi, həm ruhumu. Yeganə bir uşaq... Küçə ortasında durub gözlərimi zilləyərək onu izləyirdim. Körpü altında duran, təxmini 8-9 yaşlarında, əlləri şarlarla dolu balaca bir oğlan var idi bir az irəlidə. Ona yaxınlaşıb övladına şar alıb gedən xoşbəxt ailə mənzərələrinə necə həsrətlə baxırdı, İlahi... Çox keçmədi ki, bir adam gəldi yanına, yox, müştəri deyil bu, yəqin ki, onu gecə yarısı şar satmağa məcbur edən hər kimdirsə, odur. Cibindəki bütün pulları götürdü, bir az danladı onu nəyəsə görə, sonra da pulları sayaraq kefli halda getdi. Balaca oğlan o qədər arıq, o qədər heysiz idii ki. Yanından keçən simidçinin ardından elə yalvaran gözlərlə baxırdı ki...
Onu öz oğlumla müqayisə etdim istəmsizcə. 1 yaşında torpağa tapşırdığım oğlum Ümidlə... Tanrım, sanki bir şey məni mismarla yerə bərkitmişdi, tərpənə bilmirdim, nə irəli, nə geri.
Uşaq anidən oturdu yerə, dizlərini qucaqladı və titrəməyə başladı. Ağlayırdı... Yəqin ki, hər kəsin ən az bir dəfə həyatı sorğuladığı o anı yaşayırdı indi. Əksəriyyət elə bilir ki, həyatı sorğulamaq, “niyə” suallarını vermək üçün bir xeyli yaşa dolmaq lazımdır, amma xeyr, heç də elə deyil. Bəlkə də gecənin şaxtasını soba istisindən yaxşı bilən o balaca çoxlarından yaxşı tanımışdı həyatın ikinci üzünü.
O gecə bir xeyli yerimdəcə izlədikdən sonra uşağa əlimdə 2 dönərlə yaxınlaşıb yanında əyləşdim. Deyib-gülərək söhbət etdim onunla. Murad 8 yaşındaymış. Onu bu soyuqda çöllərdə saxlayan doğmaca atasıymış, inana bilirsiniz? İlahi, niyə belə insanlara nəsib edirsən valideynlik hissini!?
O gün Muradın qarnı doydu, hə, bəs sonrakı gecə? Bəs ondan sonrakı gecə? Bəs Murad kimi minlərlə körpə? Onlara nə olacaq, hansı birinə çata bilərdim ki mən? “Bu cəmiyyət hara baxır?!” deyə düşündüm qəlbimdə.
Muradın anası o əclaf atasının əllərində, Muradın gözləri önündə, o hələ 4 yaşındaykən vəfat edib. Müəllim olmaq istəyir Murad. Nə tez böyüyüb xəyallar qurmağa başlamışdı o... Və nə çox uşaq qalacaqdı qurduğu xəyallar gerçəkləşmədikcə...
Atası onu məktəbə buraxmır, küçələrdə işlədirdi. Görən, neçə uşağın xəyalları bu cür məhv olurdu canilərin əllərində?
Gecə yarısını bir az keçmiş Murad yanımdan əlindəki geriyə qalan 3-4 şarla oynaya-oynaya durdu. Dümdüz gedir, arabir arxaya dönüb mənə əl sallayaraq gülürdü. Qulaqcığımı yenidən taxdım qulağıma və yenə eyni mahnını dinləyərək Muradın getdikcə gözdən itməsini izlədim.
“Bir uşağın keçib gedən həvəsimi bu?
Əvəzimi bu?
Nəfəsini tut...”
Sonra onunla birgə bütün Ümidlərim, bütün Muradlarım da gözdən itdi sanki qaranlıqda. İçimdə saxladığım hər şeyə Murad üçün ağladım o gecə. Mənim keyfimə, məsuliyyətsizliyimə qurban gedən, o maşında, son nəfəsində “səni sevirəm” deyən gözəllər gözəli rəhmətlik yoldaşım və körpə oğluma, bitmək bilməyən borclarıma...
“Sabah bir yol tapıb Murada kömək edəcəm!” dedim özümə. Sonra unutdum. Hər kəs kimi mən də unutdum Murad və Murad kimiləri... Bəlkə də biz unuduruq deyə var onlar. Bəlkə də biz unutqanıq deyə hələ uzun müddət də var olacaq o körpələr...
Qulaqcığımda Hiss oxuyur:
“Unuduram səni mən...”
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Qazaxıstanda keçiriləcək texnologiya forumunda təmsil olunacağıq
Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biri “Digital Bridge 2023” forumu keçiriləcək. Forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq ( “Artificial and Human Intelligence: The right balance”).
Bu beynəlxalq forum ənənəvi olaraq dünya şirkətlərinin rəhbərlərinin, İT innovasiyaları sahəsində ən yaxşı beynəlxalq və yerli ekspertlərin, regionun hər yerindən vençur investorlarının iştirakı ilə keçiriləcək. “Digital Bridge 2023” forumu 15 ölkədən 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti, 100-dən çox investor və biznes mələyi, 250 məruzəçi və 100-dən çox startapı öz platformasında bir araya gətirəcək. Bu barədə AzərTAC xəbər yayıb.
Forumun ikigünlük proqramına dövlət başçısının iştirakı ilə plenar iclas və onunla təkbətək görüşlər, beynəlxalq məruzəçilərin iştirakı ilə 30-dan çox panel iclası, sazişlərin imzalanması, dövlət başçısının iştirak edəcəyi “Google for Startups” kimi irimiqyaslı tədbirlər daxildir. Forumda ən yaxşı startaplara, innovativ layihələrə və sahibkarlara verilən beynəlxalq mükafat - “Digital Bridge Awards”un təqdimat mərasimi keçiriləcək. Həmçinin forum çərçivəsində “Startap Xiyabanı”nda xarici texnoloji startaplar və Qazaxıstanın 100-dək startapı öz innovativ həllərini nümayiş etdirəcək.
Beş il ardıcıl olaraq İT ictimaiyyətinin xüsusi diqqətini cəlb edən və geniş ictimaiyyət arasında maraq doğuran forumun maraqlı hadisəsi “Astana Hub Battle” - ən yaxşı İT startaplarının ən böyük yarışıdır. Bu il yarışın mükafat fondu 4 dəfə artırılıb. Qaliblər üç kateqoriya üzrə mükafatlandırılacaqlar – “Best Social Impact”, “The Most Innovative”, “Exponential Growth”. Mükafat fondu isə 75 min ABŞ dollarına qədər artırılıb ki, bunun da hər nominasiya üzrə 25 min ABŞ dolları təşkil edəcək. “Digital Bridge 2023” çərçivəsində “Astana Hub Battle”da iştirak üçün müraciətlər sentyabrın 20-dək digitalbridge.kz saytında qəbul ediləcək.
İlkin seçim mərhələsindən sonra seçilmiş 100 ən rəqabətədayanıqlı layihə münsiflər heyətinə təqdim olunacaq. Onlar forumun ilk günündə yarımfinalda bir dəqiqəlik təqdimatla çıxış etmək imkanı əldə edəcəklər. Münsiflər heyəti forumun ikinci günündə baş tutacaq finalda ən yaxşı adı uğrunda mübarizə aparacaq 10 startapı seçəcək.
Xatırladaq ki, “Digital Bridge” beynəlxalq texnologiya forumu 2018-ci ildən etibarən hər il Astanada keçirilir. Rəqəmsal Körpünün təşkilatçıları Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub beynəlxalq texnoparkıdır. 2022-ci ildə keçirilmiş “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” MMC və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
31-Cİ DƏRC
7-Cİ PROSES
ANDRONİK OZANYAN
Bu gün çiskinli hava müşayiət olunurdu. Yuxudan durub qəlyanaltı etdikdən sonra Baş Meydana axışan insanların çoxu özüylə hər ehtimala qarşı çətir, yağmurluq götürmüşdü.
Divan heyəti, əməkdaşları da havadakı qara buludları görüb müəyyən hazırlıqlar görmüşdülər. Onlar xüsusi tentlə səhnənin üstünü örtdürmüşdülər ki, işdi-şayətdi yağış yağası olsa səhnədə əyləşənləri islatmasın.
İki dəfə zəng çalındı, tamaşaçılar yerlərinə dəvət olundular, mühafizəçilər ayaq üstündə qalanları boş yerlərdə əyləşdirdilər. Nəhayət başlanğıc fanfarları çalındı, prosesin növbətisinə start verildi.
Dünənki istirahətdən sonra xeyli gümrah görünən Divanın Baş Hakimi və digər iki hakim yerlərini sürəkli alqışlar altında tutdular. Kulisdə Baş Hakim dünənki uğurlu prosesə görə gənc hakimi təbrik etmişdi. Yaşlı hakim isə onun alnından öpərək doluxsunmuş, öz karyerasını xatırlatmışdı. Uzun sürən xəstəliyi, eləcə də işlədiyi məhkəmənin rəhbərliyi heç vaxt ona imkan verməmişdilər ki, Əsas dünyada parlasın. Onun istedadından qorxan rəhbərlik daim intriqalar salaraq parlamasına mane olmuşdu, o da karyerası çiçəklənən dönəmdə Nyu-York meqapolisini tərk edib ucqar Texasa sığınmalı olmuşdu.
Hakimlər yerlərini tutan kimi Baş Hakim tamaşaçıları salamlayıb nitqinə başladı:
-Əziz Divan üzvləri, əziz və hörmətli tamaşaçılar, bir neçə gündür ki, biz erməni millətinin qəhrəmanları elan olunan, halbuki bəşəriyyətə, insanlığa zərbələr vurmuş insanlara haqq-ədalət divanı qururuq. Bu gün mənim aləmimdə onların ən qəddarı və yırtıcısı hesab edilən biri ilə üzbəüz gələcəyik. Ona qarşı hədsiz nifrətin olduğunu bilərək mühafizə üçün xüsusi qabaqlayıcı tədbirlər də görmüşük. Bu, Ermənistan xalqının tarıxdəki ən böyük qəhrəmanı və parallel olaraq da bəşər tarixinin ən böyük anti-qəhrəmanı Ozanyan Andronik Torosoviçdir.
Zalı hiddət səsləri bürüdü.
Başı buxara papaqlı, şələ bığları çallaşmış bir şəxsin portretini önə şəkdılər, ardınca şəklin eynisi olan, amma sağ qulağı bintlə bağlanmış bir şəxs gətirilib müttəhimlər kürsüsünə əyləşdirildi.
Yerlərdən tamaşaçılar “cani”, “qatil”, “manyak” kimi replikalar atırdılar, şahidlər əyləşən hissədə isə əsl çaxnaşma müşahidə edilirdi. Bəziləri sadəcə qışqırır, bəziləri yumruqlarını düyünləyib hədələr yağdırır, bəziləri söyüşlər söyürdü. Bəziləri isə hətta səhnəyə cummaq belə istəyir, mühafizəçilərin yaratdığları kordona ilişib qalırdı.
-Ayağında çox qanlar var.
-Şəxsən özünün 60 min türk öldürdüyü deyilir.
-Türklər də onu yaxşı pazlayıblar elə.
Sıralararası bu sayaq danışıqlar getməkdəydi.
Divanın Baş Hakimi tamaşaçıları səbirli olmağa, özlərini toxtatmağa çağırdı, sonra Andronik Ozanyan barəsində bilgiləri diktorlardan birinin oxumasının təmin olunmasını Divan Heyətindən xahiş etdi. İnanılmaz bir hadisə baş verdi, heç kəs bu şəxs barədə yazılan tərcümeyi-halı oxumaq istəmədi.
Daha bir inanılmaz olay ardınca baş verdi, səmada yüzlərlə qara qarğa göründü, onlar qaqqıldaşa-qaqqıldaşa səhnənin üstündə dövrə vurdular. Bu vaxt göy üzündə şimşək çaxdı, şimşək elə bir gurultu qopardı ki, ətraf evlərin şüşələri belə cingildədi. Sonra da leysan yağmağa başladı.
Divanın Baş Hakiminin amiranə səsi eşidildi:
-Bəli, müttəhim Ozanyana nəinki insanlar, hətta təbiət, hətta quşlar belə nifrətlərini bildirirlər. Bir baxın, onun tərcümeyi-halını diktorlar belə oxumaqdan imtina etdilər. Amma reqlamentə görə proses məhz tərcümeyi-halın oxunması ilə başlamalıdır. Odur ki, mən hakimlərimizdən xahiş edirəm ki, Ozanyanın tərcümeyi halını oxusunlar. Tamaşaçılara isə bu leysanda bircəciyinin belə durub getməməsi, maraqla, axıradək prosesi izləməsindən dolayı öz minnətdarlığımı bildirirəm.
Qısa məşvərətdən sonra Baş Hakimin solundakı gənc hakim vərəqləri Divan heyəti nümayəndəsindən alıb yağışın maneçiliyini minimuma endirsin deyə lap gur səslə oxumağa başladı:
-Erməni xalqının ən böyük qəhrəmanlarından biri Ozanyan Andronik Torosoviç! O, 1865-ci ildə Osmanlı İmperiyasında – Sivasın Qarahısar bölgəsində dünyaya gəlib. O, yaş yarımlıq olanda anasını itirib, atasının himayəsində böyüyəsi olub. Məktəbi bitirəndən sonra gənc yaşlarında evlənib, amma uşaq dünyaya gətirərkən həyat yoldaşı vəfat edib, ardınca körpə də dünyaya əlvida deyib. Öncə ana qayğısından məhrum olması, ardınca həyat yoldaşını və övladını itirməsi bu adamın psixikasına olduqca mənfi təsir edib. Deyilənə görə o çox əsəbi, davakar ruhda olub. Gənc yaşlarından türklər əleyhinə erməni qiyamlarında (ermənilər bunu milli-azadlıq hərəkatı adlandırırlar) yaxından iştirak edib. 1882-ci ildə erməni qayda pozucusuna qarşı sərt rəftar edən türk jandarmına hücum etməsi səbəbindən həbs olunub, amma dostlarının köməyi ilə həbsxanadan qaçmağa müvəffəq olub. 1888-ci ildə “Qnçak” millətçi-erməni partiyasına üzv olub, oradan da daha radikal millətçi partiyaya – Daşnaksütüna keçib. Andronik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə də məşğul olub. Şüarı terror olan Daşnaksütun partiyasında Andronikin ilk işi 1892-ci ildə Konstantinopolun polis rəisini qətlə yetirmək olub. Ardınca da ölkədən qaçıb, Krım və Zaqafqaziyada məskunlaşıb. Amma 3 ildən sonra yenidən Osmanlı ərazisinə dönüb, türklər əleyhinə qiyamlarda iştirak edib, Sasun üsyanlarının başında duran Serobun ölümündən sonra Sasun fədailərinin komandanlığını öz üzərinə götürüb. Serobu öldürən kürd lideri Bəşir Xəlili və onun 17 cangüdənini qətlə yetirdiyinə görə ona “paşa” təxəllüsü verilib, bununla da o, ermənilərin liderinə çevrilib. Ardınca o, Sasun döyüşündə şəxsən qəhrəmanlıq göstərməyə müvəffəq olub, buna görə Sasunski təxəllüsü qazanıb.
Gənc hakim azacıq duruxub davam etdi:
-İcazənizlə, bu qəhrəmanlıq sözünü işlətdiyimə görə üzr istəyirəm, tərcümeyi-hal erməni mənbəyindəndir, mənbənin “qəhrəmanlıq” adlandırdığı bir şey dövlət əleyhinə qiyam qaldırmaq, dövlətin idarə və müəssisələrini talamaq, dövlətin polis və əsgərlərini öldürmək hesab olunur, çox acınacaqlıdır. Caniləri qəhrəman edən xalq əsl qəhrəmanlarını da cani adlandırar.
Get-gedə izləyici simpatiyası qazanan gənc hakimi bu dəyərli fikrinə görə auditoriya alqışladı.
Gənc hakim davam etdi:
-O dövrdə Avropa Osmanlı ilə haqq-hesab çəkirdi, erməni qiyamçılarına dəstək idi, Andronikin şücaətlərini də geniş təbliğ edir, ona hər cür dəstək verirdi. Məsələn, Cenevrənin “Frankfurter Zeytunq” qəzeti yazırdı ki, “Andronik 1897-ci ildən 1904-cü ilədək 31 döyüş keçirib, heç birində də yaralanmayıb, o, əsl qəhrəmandır.“
1904-cü ildə Sasun üsyanı yatırılandan sonra Andronik yenidən ölkəni tərk edib, uzun müddət Avropada yaşayıb. Harada olubsa türklər əleyhinə fəaliyyət aparıb, müəyyən formada onlara zərər vurmağa çalışıb. 1912-ci ildə Serbiya, Yunanıstan, Bolqarıstan və Çernoqoriya Osmanlı ilə müharibəyə başlayanda bundan bərk sevinən Andronik Qaregin Njde ilə birlikdə 273 könüllü ermənidən ibarət dəstə düzəldib, türk təbəəsi olduğu halda türklərin əleyhinə vuruşub. Bolqarlar ona uğurlu döyüşünə görə bolqar vətəndaşlığı və təqaüd də veriblər.
1-ci dünya müharibəsi başlayanda bolqarların türklərlə müttəfiqliyini görüb Andronik ölkənin hüdudlarını tərk edərək, bu dəfə Tiflisə gedib. Rusiya ilə müharibə eləyən Osmanlının təəbəsi olduğu halda keçib Rusiya tərəfdə könüllü vuruşub, Vanın, Muşun, Bitlisin alınmasında fərqlənib. Osmanlı imperiyasına vurduğu ziyanlara görə Rus Çarı onu Georgiyevsk xaçı ilə təltif edib.
Yerdən kimsə “Çox məkrli velikorus şovinizminin məkrli təzahürü” söyləyərək öz hiddətini ifadə edəndə gənc hakim də fürsətdən istifadə edib su içdi.
-1917-ci ildə Ərzurumun müdafiəsini həyata keçirərkən Andronikin dəstəsi ilk ciddi məğlubiyyətini alır, Sarıqamış – Qars – Aleksandropol istiqamətində geri çəkilir. 1918-ci ildə türklərdən aldığı zərbələrin qisasını qafqaz türklərindən - azərbaycanlılardan çıxmaq üçün münbit şərait əldə edən bu şəxs yeni formalaşdırılmış Erməni Ordusu Korpusunun diviziya komandiri təyin olunur. Həmin ildə də Rusiyanın bolşevik Qafqaz ordusunun komandanlığı ona general-mayor rütbəsi verir. 1918-ci ildə Andronik bir bolşevik, rus ordusu generalı ampluasında Azərbaycanda törədilən qətliamlarda iştirak edir, xüsusən Bakıda və Şamaxıda bu qətllər daha geniş vüsət alıbmış, ardınca Xoy başda olmaqla İran ərazilərində də azərbaycanlıların qırğınını təşkil edir.
Gənc hakim nəfəsini dərib “Bir insan bu qədər insanın qanına necə susayar axı” replikasını ataraq Andronik səmtə baxdı, Andronik heç bir reaksiya verməyəndə başını bulayaraq davam etdi...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Gənc Tamaşaçılar Teatrı ölkəmizi beynəlxalq festivalında təmsil edir
Gənc Tamaşaçılar Teatrı Almaniyanın Hannover şəhərində "Körpü" beynəlxalq festivalında iştirak edir. Teatr festivala Xalq artisti İrina Perlovanın quruluşunda Alman yazıçısı Patrik Züskindin "Kontrabas" pyesi əsasında hazırlanan eyniadlı monotamaşa ilə qatılıb.
Teatrdan bildirilib ki, bir hissəli səhnə əsərində kontrabasçı rolunu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.
Ensiklopedik biliklərə malik kontrabasçı həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.
Xatırladaq ki, "Kontrabas" tamaşası bir çox beynəlxalq festivallarda müxtəlif nüfuzlu mükafatlara layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Görüldü” - Uraqanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Nəsr saatında sizlərə gənc yazar Uraqan Abdullayevin “Görüldü” hekayəsini təqdim edir.
İki nəfər - oğlan və qız kafedə oturmuşdular. Oğlan qızı bu kafedə ilk dəfə idi ki, görürdü. Qızdan xoşu gəlməyə başlamışdı. Stolun üstündəki çaydan bir qurtum içib qıza baxırdı. Hər dəfə baxdıqca qızın üstündəki paltarlar tez-tez dəyişir, hər dəyişdiyi paltarla oğlanın üz cizgiləri, əhval ruhiyyəsi daha da canlanırdı.
Oğlan bütün cəsarətini toplayıb sözə başladı:
— Salam, tanış ola bilərik?
Qız da oğlana baxdı. Qız bu dəfə oğlana baxdıqca oğlanın üzərindəki geyimlər daha dəyişməyə başladı. Nə qədər çox baxırdısa, üzərindəki geyimlər o qədər tez dəyişirdi. Sanki oğlanın başqa geyimi qalmamışdı. Beləcə oğlanın təkrar eyni geyimlərə düşdüyünü görən qızın başı üzərində iri hərflərlə yazıldı:
"Görüldü"
Artıq 3 dəqiqə keçmişdi, amma qızdan hələ də cavab yox idi.
Oğlan yenidən soruşdu:
—Niyə cavab vermirsiniz?
Təkrar qızın başının üzərində yazıldı. "Görüldü"
Amma 2 dəqiqə sonra qız cavab verdi. "Salam”
Bu dəfə isə oğlanın başının üzərində iri hərflərlə “görüldü" yazılmışdı.
Amma qızdan fərqli olaraq 1 dəqiqə keçməmiş oğlan cavab verdi:
—Geyimlərinizə baxdım. Çox bəyəndim.
Amma niyəsə oğlanın dediyi söz qıza çatmadı. Oğlan eyni sözü təkrar etdi. Nə üçünsə oğlanın dediyi söz qıza çatmırdı. Oğlan bir neçə dəfə təkrar etsə də qız eyni geyim və üz cizgiləri dəyişməz olaraq qalırdı. Oğlan pəncərəyə doğru yaxınlaşdı.
Hava pis olduğundan pəncərənin qırağında 10 dəqiqə gözlədi. 10 dəqiqə sonra qız əsəbi halda cavab verdi.
-Nə olub e, eyni şeyi təkrar eləyib durursan?
Oğlanın başının üzərində "görüldü" yazılan kimi 1 dəqiqə keçməmiş oğlan cavab verdi:—Bağışlayın, xanım. Hava pis olduğuna görə dediyim sözlər sizə gəlib çatmırdı.
– Nə istəyirsiniz?
– Sizinlə tanış olmaq.
– Mən tanımadığım adamlarla tanış olmuram!
Oğlanın başının üzərində “görüldü” yazılan kimi cavab yazmaq istəsə də qarşısındakı qız bir anın içində gözəgörünməz oldu. Oğlan nə qədər çalışdısa da qızı nə görə bildi, nə də ki, əlavə nəsə deyə bildi.
Elə bu zaman qapı döyüldü. Oğlan artıq qapının arxasında kimin olduğunu bilirdi. Kor peşman yaxınlaşıb qapını açdı. Oğlanın qabağında balaca bir uşaq əlindəki zərflə dayanıb ona baxırdı. Zərfi uzadaraq uşaq dedi:
– Bu bildiriş sizə çatacaq.
Oğlan bildirişi götürən kimi açıb oxumağa başladı.
Bildirişdə yazılmışdı:
"Əziz istifadəçi. Gələn çox saylı şikayətlərə görə siz bir aylıq heç kəslə danışa bilməyəcəksiniz. Diqqətinizə görə çox sağolun.
Hörmətlə, sosial şəbəkə rəhbərliyi”
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Günay Əfəndiyeva Qırğızıstanın mədəniyyət naziri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində bu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən məlumat verir.
Görüşdə Fondun çoxşaxəli fəaliyyətlərindən, eləcə də təşkilatın qurucu üzv ölkələrindən olan Qırğız Respublikasının 2023-cü il üçün təklif etdiyi layihələrə dəstək verməsindən söz açılıb.
Bu ilin mayında Oşda təşkil olunan VII Beynəlxalq Dünya Xalqlarının Dastanları Festivalının uğurla keçirilməsi qeyd edilib. Fond tərəfindən böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə “Ana tarla” əsəri əsasında tamaşanın Azərbaycan dilində hazırlanması və yubileyin qeyd olunması çərçivəsində nümayişi vurğulanıb. Azərbaycanın görkəmli alimi və manasşünası Adil Cəmilin müəllifi olduğu “Manas dastanı və türk dastançılıq ənənələri” adlı kitabın Azərbaycan və qırğız dillərində nəşr olunduğu diqqətə çatdırılıb. Fond və Türk Akademiyasının birgə əməkdaşlığı ilə tanınmış qırğız manasçı Rısbay İsakovun redaktorluğu ilə “Sağımbaydin Manası” kitabının yayımlanması, eləcə də Qırğızıstanın iştirakı ilə təşkilatın digər layihələrinin uğurla həyata keçirildiyi bildirilib.
Nazir Altınbek Maksutov Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatla gələcək birgə layihələrə dəstəyini ifadə edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Günah ondadır!!!
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Fikir vermisinizmi, nəsə bir xoşagəlməz hadisə baş verərkən mütləq şəkildə günahlandırma işləri aparılır? Günahın kimdə olduğu araşdırılır. Amma bir iş var ki, hadisə iki şəxs arasında olur və mütləq şəkildə bunlardan biri günahkardı.
Hadisənin potensial səbəbkarlarından hadisənin necə baş verdiyini, günahın həqiqətən kimdə olduğunu soruşarkən, həmin şəxslər hər dəfəsində fərqli ssenarilə bizə izah verir və hər ssenari də elə tərzdə qurulur ki, hər dəfəsində qarşı tərəf günahkar sayılır.
Yaxşı, bəs bu necə olur ?! O deyir: "günah məndə deyil ondadı". Hadisəyə izah verir və qarşı tərəfi özlüyümündə günahkar sayır. Bu isə deyir: "günah məndə deyil", hadisəni təsvir edir və yenə eyni vəziyyətdə qarşı tərəfin günahkar olduğunu izhar edir.
Beyin artıq tormozlanır, sadə bir mübahisənin araşdırmasında "Dedektiv" olmaq məcburiyyətində qalırsan sanki. Şerlok Holms və Dr. Vatsonu dəvət edək?! Yaxşı, bəs nə edək, kimə inanaq ?!
İnsanlar var ki, kənardan müşahidə edirsən, hərəkətlərinə, davranışına, danışıq tərzinə, görünüşünə və düşünürsən ki, bu insan digərlərindən yaxşı anlamda fərqlənir. Bir növ digərlərinə nisbətən idealdır. Qeyd eləyim, ideal insan yoxdur, ideal ətir parfümləri şəbəkəsi var sadəcə!!!
Mövzudan yayınmayaq. Bəzən bir insanın danışığı o qədər ecazkar görünür ki, bəlkə də saatlarca oturub dinləmək istəyərsən. Yaxşı, bəs bu insan danışdığı qədər də varmı, sözü ilə əməli üst-üstə gəlirmi ?!
Bu tip insanları mən sadəcə "söz pəhləvanları" adlandırıram, yağmasalar da guruldamağı əla bacarırlar...
Bəhanələr hər zaman həyatımızda varlığı ilə diqqət çəkiblər. Yuxarıda qeyd etdiyim həmin günahlandırma məsələsi də bir növ həmin bəhanələrə əsaslanır. Yəni, münaqişə baş verir və sən doğruları aşkara çıxarıb, reallıq nümayişi əvəzinə bəhanələr gətirməyə başlayırsan. Günahı özümüzdə yox, qarşı tərəfdə axtarırıq. Özü də fərqi yoxdu, bu qarşı tərəf canlıdır, ya cansız. Yetər ki, günahkar olsun.
Qarşı tərəfi günahkar saymaq əvəzinə öz səhvlərini düşün, tap, nəticə çıxar.
Günahı, səhvi başqası üzərində axtarmaqdansa, öz üzərində axtar. Sual ver özünə, niyə belə oldu? Nə etdim ki? Nə edə bilərdim? Müasir dövrdə mikrobeyinlər ədalət mühakiməsi aparır...
Doğrular qalıb kənarda, bu başqa nəsə axtarır... Bəzənsə bunun adını qanun qoyurlar... Qanun adı altında da nə qədər qanunsuzluq olur, orası saysan bəlkə də, saya gəlməz. Biri durub bu barədə söz deyəndə deyiləcək bir sözləri var, "sən bilməzsən". Bəs kim bilir ?!
Qədim yunan filosofu Aristotelin bu barədə bir ifadəsi var: " Ədalətsizliklərin ən dözülməzi qanun adı altında edilən ədalətsizlikdir..."
Bu məsələlərin maraqlı tərəfi isə bu tip insanların dünyanı dəyişdirmək fikirlərinin olmasıdı. Həqiqətən alqışlayıram bu fikri, ən azından, normal fikir, düşüncə siyasətidir. Yaxşı, dəyişdir bu dünyanı, amma yaxşıya doğru dəyişdir. Elə yöndə et ki, bu dəyişimin faydasına 10 insandan minimum 7-si müsbət fikir söyləsin, həqiqətən effektiv dəyişim olsun.
Bunun üçün ilk öncə öz düşüncə tərzini, baxış bucağını dəyişməyə başla, səhvin varkən üzr istəməyi bacar, doğrularla, etiraflarla yaşamağa başla, daha sadə mübahisədə günahı qarşı tərəfdə yox, özündə axtar, özündə araşdır. Ən əsası, çalış ki, sözünlə əməlin eyni ağırlıqda olsun.
Lev Tolstoyun dediyi kimi "Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəlcə özünü dəyişdirməyi düşünmür...".
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
İrlandiyanın “Rhythm of the Dance” qrupu yenidən Bakıda çıxış edəcək
Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.
Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Sözün gücü” – HEKAYƏ
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
-Deməli,gedirsən...
-Bəli, gedirəm.
-Yuxumu qarışdırmışam, bəlkə bu gün çölə çıxmayasan...
-Yaxşı da...Sənin bu yuxuların necə də həyatımızın bir parçasına çevrilib.
-Yaxşı, incimə. Burnunu sallama...Balaca qızcığaza bənzəyirsən...Elə bil gəlinciyinin donunu çirkləndirmişəm. Sən də qaçıb anana şikayət edəcəksən...Ağlama, qızcığaz...
-Guya ki, hirsimi soyutdun?Qəlbim Antraktika buzları kimi donub. Bundan sonra Günəş olsan belə, qəlbimdəki buzları əritməyə gücün çatmaz.
-Yaxşı da, yenə başlama yazarlığa. Bilirsən axı, mən riyaziyyat müəllimiyəm, dəqiqliyi sevirəm.
-Gözüm aydın, Riyaziyyat müəllimi...
-Yazar xanım...
-Buyur riyaziyyat müəllimi...
-Dəyərli filoloq, səninlə mübahisə etməyəcəm, gecikirəm. Bir də, kim deyir ki, riyaziyyatçılar romantik olmur...Hipotenuz termini eşitmisən? Bax bu termin Pifaqorun həyat yoldaşının
adından götürülüb.Elə bilirsən, yenə zarafat edirəm? Hipotenuz Pifaqorun yeganə və əziz həyat yoldaşı Hipratranuzun adından götrülüb. Bax, sənə yaxşı mövzu verdim. Yaz öz təxəyyülünə uyğun...
-Kamil!
-Nədir?
-Xahiş edirəm, getmə.
-Yazar xanım, indi də yuxular bizi idarə etsin..
-Bilirsən ki, yuxularım düz çıxır.
-Başlama da...
-Ümumiyyətlə...
-Dayan, sən Allah, dayan. Sən ki "ümumiyyətlə" sözü ilə başladınsa, yazar xanım, deməli, məsələ uzundur. Gecikirəm axı...
-Sözümü kəsirsən, Kamil?Artıq sənin üçün Günəşdən bir nöqtəyə qədər kiçildim. Bəs sənin üçün sonsuz məhəbbət idim, sevgin də tükənməzdi...
-Ay Allah, mənim qıçım qırılardı kaş...Həmin gün niyə axı Filologiya fakültəsi olan mərtəbəyə qalxdım ki...
-Hə...Kamil...Əminsən...
-Yazar xanım...O gün...
-Bəli, riyaziyyat müəllimi, o gün nə...?
-O gün elə gözəl görünürdün ki...
-Necə idim, Kamil?
-Riyaziyyat müəllimi kimi deyimmi? Amma,söz ver, axıra kimi susacaqsan.
-Söz verirəm Kamil.
-Bax söz verdin ha...Başlayıram:O gün elə gözəl, elə məftunedici görünürdün ki, lap gözlərin Ser İsaak Nyutonun cazibə qüvvəsini izah edən almasına bənzəyirdi... Söz vermisən sus.. .Gözünü bərəltmə, ortahəcmli alma, yaxşıdımı? Sus davam edirəm... Alma gözlərindən ildırımlı baxışlar süzülürdü. Bilirsən də, planetimizdə hər dəqiqə beş yüzdən çox ildırım çaxır. İldırım çaxarkən radio, televizor, computer və mobil telefonlardan istifadə etmək olmaz.Şimşəyin bir dəfə çaxması zamanı Amerika Birləşmiş Ştatlarındakı elektrik stansiyalarından daha çox elektrik hasil edilir.
-Kamil, elə bil mənim xarici portretimi çəkirdin axı..
-Üzrlü say, yazar xanım, özümü bir anlıq sinif otağında hiss etdim.
-Dəhşətsən e, Kamil, gözünün qabağında ola-ola
məni unudursan.
-Yazar xanım, unudulmaqdan qorxursan ha.... Birdən başıma qəza gəlsə, səni unutsam... Nə edərsən?
-Sevinərəm.
-Niyə?
-Çünki...çünki...
-Söz tapmırsan? Niyə susdun, yazar xanım? Sən ki sözə aşiqsən. Nə əcəb dilin tutuldu... Sən ki sözün təsir gücünə bələdsən. Ədəbiyyat söz sənətidir.Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Məhəmməd Füzuli!
-Afərin, Kamil! Dahi qəzəl ustadımız Məhəmməd Füzulinin "Söz" qəzəlindən məqtə beyti söylədin. Etdiyin bütün günahlarından keçməyimi istəyirsənmi?
-Əlbəttə, yazar xanım.
-O zaman bu məqtə beytin açılışını təhlil et.
-Yazar xanım, Kosinuslar teoremini izah edə bilərsiniz?
-Kamil, məni duelə çağırma. Beytin təhlilin söyləyəcəksən?
-Əzizim, bu beytin açlışı belədir: Sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını az et, çox danışmaq insanı hörmətdən salar.Hə düzdümü, yazar xanım? Nədir, yenə gözün bərəldi, sənin gözün bərələndə alma yadıma düşür... Niyə qeyri-adi bir şey eşitdin kimi donmusan... Sən riyaziyyatı sevməsən də, mən Ədəbiyyatı sevirəm. Səni də ədəbiyyatla bir yerdə sevirəm.
-Kamil, bütün günahlarından keçirəm.
-Yaxşı, yazar xanım, de görüm, bu dəfə də yuxunda məni ölü görmüşdün? Əgər günahlarımdan keçmisənsə, rahat ölə bilərəm... Sağ ol, gecikdirdin məni, indi rahat ol.
***
Kamili ötürüb qapını bağladım. Nədənsə, ürəyimdə bir sıxıntı var idi. Kamil hər dəfə şeir deyən deyildi axı...Həm də beytin mənasını tam da açdı. Amma mənə nə dedi, o kosinuslar nəyi..? Heç adın da yadımda saxlaya bilmədim.
Hava küləkli idi. Payızın gücü hiss olunurdu. Ağaclar dəbdə olacaq sarı donunu geyinməyə hazırlaşırdı. Hələ otlar da qonşudan qalma dala prinsipini rəhbər tutaraq sarı donlarını geyinməyə tələsirdilər. Lap Bakının mərkəzi küçələrindəki sarı rəng dəb olduqda geyinilən sarı donlar, ayaqqabılar, aksesuarlar yadıma düşdü. Elələri də var idi ki, əl dırnaqlarından tutmuş ayaq dırnaqlarına kimi sarı rəngdən istifadə edirdilər. Üstəgəl, saç üçün də sarı aksesuardan istifadə edirdilər. Deyim ki, heç xoş görünmürdü. Mən əsla bürünməzdim başdan ayağa sarı rəngə...
Külək güclənirdi.Yağış da yağmağa başladı. İkinci mərtəbədə yaşayırıq. Eyvana yağışla salamlaşmaq və toxunmaq üçün tələsdim.Yağışı çox sevirəm axı... Məni qınayan olmasaydı, yağışın lap gur yağan vaxtında saatlarla gözümü yumub altında dayanardım. Hiss edərdim ki, yağış bütün neqativ düşüncələrimi yuyub aparıb. Bəzən də yağışı buludların yerə qovuşma - vüsala çatması anı kimi canlandırırdım. Amma suyun kiçik və böyük dövranı yadıma düşəndə bu vüsalın tez bitməsini düşünərdim.
Of! Bu ayrılıqlar olmaya da...
Birdən üçüncü mərtəbədə yaşayan qonşum:-Ay qız keç içəri xəstələnəcəksən, - qışqırdı...
Lap utandım. O qədər öz daxilimdə danışırdım ki, ətrafı görmürdüm. Tez içəri qaçdım. Amma bu inadkar oğlaq bürcü olan yazar xanım yağışdan doymamış içəri keçməzdi ki.. .Qonşu içəri keçən kimi mən təzədən eyvana çıxdım. Külək də öz sözünü deyirdi. Ağacların budaqları yağışdan və küləkdən titrəyirdi. Lap qəzəbindən ağlayan və kükrəyən adamları xatırladırdı.
Birdən külək bir yarpağı düz üzümə çırpdı.Yarpaq üzümdən sürüşüb sol tərəfə, düz ürəyimin üstünə düşdü...Həmin an ürəyim sürətlə çırpınmağa başladı. Nə oldu axı mənə... Dilimdən Kamil kəlməsi qopdu. İçəri keçib əlimi telefona atdım. Kamilə zəng vurmaq istədim ki, telefonun enerjisi bitdi və söndü. Özümü qınadım, bayaq görmüşdüm axı telefon sönmək üzrədir...Niyə enerji ilə doldurmaq üçün cərəyana qoşmadım? Telefonun bir az enerji yığması üçün gözləməli idim. Təzədən eyvana çıxdım. Bayaqkı yarpaq isə ovucumda qalmışdı. Bir üzü yaşıl, bir üzü isə rəngini itirmişdi sanki... Düşünürdüm payızın firçası belə boyayıb. Axı bu rəssam soldurmağı sevir.
Birdən külək ovucumun içindən yarpağı aldı. Uzaqlara uçurtdu... Gözlərim isə onun arxasınca baxa-baxa qaldı. Sanki dəyərli bir şey əlimdən çıxmışdı.
Bu nə hissdir axı... Kamil düz deyirdi. Bu yuxular axrıma çıxacaq.
İçəri keçib telefonu açdım. Tez Kamilin nömrəsinə zəng vurdum. Telefon çağırırdı, amma Kamil cavab vermirdi. Həyəcanım artırdı... Özümə yer tapa bilmirdim. Ağlıma min fikir gəlirdi. Özümü gücsüz və aciz hiss edirdim. Yıxılan və kiminsə onu qaldırmasını gözləyən uşaq kimi kövrəlmişdim. Kamil, axı dedim getmə... Niyə mənə qulaq asmadın sən... Sonra Kamili qınamağa başladım. Düşündüm ki, bəlkə, mənə acığı tutub telefonuma zəng çatmayıb, o da mənə dərs vermək üçün telefona cavab vermir. Əslində haqqı da var. Mən niyə belə diqqətsizlik etdim ki...
İlahi, beynimə elə bil işgəncələr verirdilər. Ancaq pis hadisələr haqqında düşünməli idi.
Hələ o yarpağı da düşünürdüm. Bu nə yarpağa bağlılıq idi... Nə olmuşdu mənə, bilmirdim... Sinəmə ağırlıq çökmüşdü, boğulurdum. Elə bil, əlimi-qolumu bağlayıb üstümü torpaqlamışdılar. Qışqırtımı isə heç kəs eşitmirdi. Çünki ətrafdakılar hamısı eşitmə əngəli olanlar idi. Mən isə ümidsiz halda var gücümlə qışqırırdım.
Bu an telefonuma zəng gəldi. Tələsik sıçrayıb telefona cavab verdim... Amma zəng vuran Kamil deyildi, bir qız idi. O: "bu telefonun sahibi nəyinizdir"- soruşdu? Artıq bu sualdan sonra dizlərim taqətdən düşdü, yerə çökdüm. Gözlərim bir qara boya görürdü... Qəlbim isə döyünməkdən imtina etmiş kimiydi...
Özümü toparlayıb: " Kamilə nə olub soruşdum." Qulağım tutulmuşdu elə bil... Anladım ki, Kamil zəncirvari avtomobil qəzasında xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə əməliyyata alınıb. Xəstəxananın ünvanını öyrənib cəld ora qaçdım.
***
Kamili düz bir həftə reanimasiyada saxladılar. Onu görmək üçün nə desələr, edərdim, amma icazə vermədilər. Ax! Kamil ax... Bu bir həftə mənə o qədər uzun gəldi ki... Sanki işgəncə kameralarında əziyyət çəkirdim.
Nəhayət, Kamili palataya köçürdülər və mən onu görmək üçün ora atıldım.
"Kamil, Kamil"- deyə səsləndim. Kamil isə susqun baxışlarla mənə baxdı. Heç vaxt onun baxışlarında bu soyuqluğu görməmişdim.
Düşündüm ki, yəqin ağrıdandı... Zəncirvari qəzada onun günahı olmasa da, bir az onunla mübahisə etmək istədim. Axı çox darıxmışdım onun üçün...
-Kamil-riyaziyyat müəllimi! Getdiyin yolun sürətini hesablaya bildinmi? Düstur yadından çıxmamışdı ki...Yadına salım? Nə olsun ədəbiyyatçıyam. Sürəti tapmaq üçün gedilən yolu zamana bölürlər.
Kamil isə reaksiya vermədi... Sanki ayrı bir dünyaya düşmüsdü.
-Kamil niyə susursan danış da bir kəlmə- söylədim.
-Sən kimsən? - Kamil dilləndi.
Elə bildim zarafat edir.
-Yazar xanımı tanımırsan, riyaziyyat müəllimi?
Kamil: "Sizi tanımıram"- söylədi.
Yenə inanmadım.
-Kamil, sənə görə nə qədər həyəcan keçirtmişəm bir bilsən- söylədim.
O, həqiqətən, yaddaşını itirmişdi.
Həkim məni çölə çıxarıb sakitləşdirdi.
-Ola bilər ki, yaddaşını tez bərpa etsin- söylədi.
Amma Kamilə həyəcan, gərginlik olmazdı. Bu zaman onun vəziyyəti daha da pisləşə bilərdi...
İnsanın sevdiyi yaddaşını itirəndə necə də dəhşət olurmuş. Mən var idim, amma onun üçün yox idim.
Yox ikən var, var ikən yox...
Bir müddətdən sonra Kamili evə yazdılar. Ümid edirdim ki, isti yuvamızı görsə, bəlkə də, xatırlayacaq... Amma bu arzu olaraq qaldı...
Beləcə bir həftə keçdi... Sonra həftələr ay oldu...
***
Kamilin qəzaya düşməsindən düz bir il ötürdü...O günə nifrət edirdim. Qəzəlin məqtə beytini oxudu və...
Kamil evə qapanmışdı. Təsadüf hava almaq üçün həyətə düşürdü. Mən isə artıq ruhunu itirmiş cism idim. Yaxşı ki, evdə uşaqlara Ədəbiyyatdan dərs verirdim. Olmasa, lap psixikam pozulacaqdı. Ədəbiyyatla güc tapırdım.
Kamil yanımda idi, amma toxuna biImirdim. İstədiyim qədər söhbət edə bilmirdim. Aramızda şəffaf buzdan divar çəkilmişdi. Hər tərəf buz idi... Çox soyuq idi... Bəlkə də, göydəki ulduzların sayı qədər.
Bir sualı özümə verirdim: Kamil məni bir də xatırlayacaqmı?
...Adəti üzrə Kamil axşam həyətə düşərdi. Mən də dərslərimi qonsu usaqları olduğu üçün axşama salardım. Bu gün dahi qəzəl ustadı Məhəmməd Füzulinin " Söz " qəzəli haqqında şagirdlərimə danışacaqdım. Bu qəzəli çox sevirdim. Kamil bu qəzəldən son beyti deyən andan elə bil ki, bu qəzələ sevgim daha da artmışdı. Qəzəldə şagirdlərə sözün məna qüdrətindən söz açıldığını söylədim. Şairin ədəbi-ictimai fikirlərindən, hər bir insanın sözə dəyər verməsinin zəruriliyindən söz açdım. Başlıca ideyanın hər danışan adamın nitqinə məsuliyyətli yanaşması və mənalı söz seçməsindən ibarət olduğundan bəhs etdim. Bir-bir beytləri açaraq izah edirdim. Son məqtə beytə gələndə Kamilin bu beyti söylədiyi an yadıma düşdü...
Nitqim qurudu... Danışa bilmədim... Göz yaşlarım süzülməyə başladı. O anda isə sanki möcüzə baş verdi. Kamil yenə əvvəlki kimi :
-Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.Məhəmməd Füzuli, - söylədi.
Bəli, qəzəlin məqtə beyti həyatımdakı xoşbəxtliyə başlanğıc verdi, riyaziyyat müəllimi artıq öz yazar xanımını xatırlamışdı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Bu gün “Yuğ” Teatrı Qazaxıstanda festivalda çıxış edəcək
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında iştirak edir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı teatra istinadən məlumat verir.
Məlumata görə, festival çərçivəsində sənət ocağının yaradıcı heyəti C.Məmmədquluzadənin əsəri əsasında hazırlanmış "Toy dəsgahı" tamaşasını bu gün - oktyabrın 3-də Rimovoy adına Taldıkorqan Dram Teatrında nümayiş etdirəcək.
Quruluşçu rejissoru Günay Səttar olan "Toy dəsgahı" tamaşasında aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Nigar Mürsəlova iştirak edirlər.
Qeyd edək ki, festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar keçirilir.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)