Super User
Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib
Heydər Əliyev Sarayının sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib. Bu barədə mərhumun yaxınları mediaya məlumat veriblər.
Qeyd edək ki, o, 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. Bu illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirib.
Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə ölkə başçısının müvafiq sərəncamları ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və "Şöhrət" ordeni ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Turizm sahəsində fərqlənənlər təltif olundu
Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Ağayev Həsən Şahkərəm oğlu
Axundov Fuad Hüseyn oğlu
Davudova Sədaqət Rəhim qızı
Əliyev Nəzər Mirzə oğlu
Əzimov İlqar Firudin oğlu
Kazımova İlhamə Əlixan qızı
Kərəmov Murad İslam oğlu
Qafarova Şükufə Bala Əhməd qızı
Qasımov Kənan İsrail oğlu
Qəhrəmanov Göydəniz İbrahim oğlu
Maqsudov Balaş Maqsud oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Orucov Azər Aslan oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2023-cü il
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşdülər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşdülər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən məlumat verir.
Görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulandı, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edildi.
Dövlətimizin başçısı ICESCO-nun Baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirdi.
Salim bin Məhəmməd əl-Maliki ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Bu qərarın qəbul edilməsinə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirdi, bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirdi.
Dövlətimizin başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırdı. Prezident İlham Əliyev bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu dedi.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olundu.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
II Milli Qurama Festivalı davam edir
II Milli Qurama Festivalı çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şəki Şəhər İcra Hakimiyyəti və Turizm Agentliyinin təşkilatı dəstəyi ilə Qurama marafonu keçirilib.
Tədbir Qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi ilə davam edərək satış yarmarkası ilə bitib.
Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər. Sərgidə, həmçinin, sağlamlıq imkanları məhdud şəxslərin əl işləri, o cümlədən azsaylı xalqların qurama əl işləri də nümayiş edilib.
Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
(AzərTAC-ın xəbəri əsasında)
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Azərbaycanlı tələbələr beynəlxalq film festivalında qalib olublar
Özbəkistanda növbəti XV Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivala dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinematoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.
AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi "İpək Yolunun mirvarisi" Daşkənd Beynəlxalq Film Festivalında ”5 günə film ” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.
Müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb. Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi- tələbələrə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanda gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb.
Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat yayıb.
Görüşdə Fond tərəfindən Qırğızıstanla bağlı həyata keçirilən layihələrdən söz açılıb. Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qırğız Respublikası arasında əlaqələrin gücləndirilməsindən, nəzərdə tutulan birgə planlardan bəhs olunub.
Tərəflər Fond ilə ölkənin qarşılıqlı iş birliyinin yeni sahələrinin araşdırılması istiqamətində müzakirələr aparıblar. Türk xalqlarının çoxəsrlik irsinin təbliğinə, mədəni mübadilələrinin artırılmasına, eləcə də təhsil və tədqiqat yönümlü əməkdaşlığın inkişafına dair layihə və təşəbbüsləri dəyərləndiriblər.
Görüş Fond ilə Qırğızıstan arasında mövcud tərəfdaşlığın gələcək perspektivlərinə dair fikir mübadilələri ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Özbəkistanda beynəlxalq film festivalı çərçivəsində Azərbaycan kinosu günü keçirilib
Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günü”nün açılışı olub.
Mətkəzdən aldığımız məlumata görə, Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin rəsmiləri, hər iki ölkənin kinematoqrafları, festivala gələn nümayəndə heyəti, mədəniyyət, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan nümayəndə heyəti və qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, Şəhidlər bağına gül və çiçəklər qoyublar.
Sonra onlar Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan kinosu – 125 və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun bir inkişaf dövrü keçmiş Azərbaycan kinosu və onun nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycanlılığa, milli düşüncəyə və ideologiyaya xidmət etdiyini və filmlərimizin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib. Diplomat Azərbaycan kino sənətinə yüksək qiymət verən Ümummilli Liderimiz Heydər Əliyevdən sitat gətirib: “Azərbaycan xalqının bir çox nəsli kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib, mədəniyyətə qovuşubdur. Xalqımızın inkişafında, inkişafında kinonun rolu misilsizdir”.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Özbəkistan Kinematoqrafiya Agentliyi təmsilçisi, “Kino Muzeyi”nin direktoru Gülnara Mahmudova ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıblar. “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır” kimi klassik filmlərimizin Özbəkistanda çox sevildiyini və hər il dəfələrlə nümayiş etdirildiyini bildirən çıxışçılar, Azərbaycan və Özbəkistan dövlətlərinin rəhbərləri İlham Əliyevlə Şavkat Mirziyoyevin vaxtaşırı görüşlərinin ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verdiyini, mədəniyyət sahəsində də yeni imkanlar açdığını qeyd ediblər.
Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq qeyd olunub və tədbir iştirakçıları Qənirə Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
“Azərbaycan kinosu günü”nün açılışı mərasimində rejissor Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş edilib. Filmin əsas süjet xətti Məryəm adlı qızın uzun illər sonra ruhi-əsəb xəstəxanada müalicə alan atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub.
“Məryəm” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda çıxış edən filmin rejissoru Elçin Musaoğlu filmin çəkilişləri, onun əsas məqsədi haqqında danışaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
İsrailli yazıçı və tarixçi Yuval Noah Harari Bakıda oxucularla görüşüb
Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur israilli yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.
AzərTAC xəbər verir ki, Y.N.Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.
İsrailli yazıçı, tarixçi Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.
Y.N.Harari doktorluq dissertasiyasını 2002-ci ildə Oksford Universitetində müdafiə edib. Hazırda Qüds Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makro tarixi suallar ətrafındadır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
İntiqam Yaşar Türkiyədə beynəlxalq "Xəzər şeir axşamları"nda iştirak edəcək
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar beynəlxalq "Xəzər şeir axşamları"nda iştirak edəcək. Türkiyənin ünlü ədəbiyyat tədbirlərindən hesab olunan "Xəzər şeir axşamları" bu il 26-cı dəfə Elazığ şəhərində təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı İntiqam Yaşara istinadən xəbər verir ki, 6-7-8 oktyabr tarixlərində gerçəkləşdirələcək tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Baş Nazirlik Tanıtma Fondunun, Türk İş Birliyinin, Xaricdə Yaşayan türklər və Əqrəba İcmalarının Baş İdarəsinin, Elazığ Valiliyinin və s. qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Müxtəlif ölkələrdən ədəbiyyat nümayəndələrinin qatılacağı tədbir böyük şair Sezai Karakoçun xatirəsinə həsr olunacaq.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
ŞƏHİDLƏRİMİZİ UNUTMAYAQ - Elməddin Mustafayev
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Tərcümeyi -hal:
Şəhid Elməddin Məhəmməd oğlu Mustafayev 01.05.2001-ci ildə Qəbələdə anadan olmuşdur. 2007-ci ildə 4 saylı Nicat Apayev adına məktəbdə 1-ci sinfə getmişdir. 9-cu sinfi bitirdikdən sonra 2016-cı ildə Peşə məktəbində aşpazlıq üzrə təhsil almağa başlamışdır. 2019-cu il iyul ayının 5-də Beyləqan rayonumda hərbi xidmətə yollanmışdır. Daha sonra hərbi xidmətini Ağcabədi rayonunda davam etdirmiş, daha sonra isə Füzuli rayonuna gətirilmişdir. 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsində iştirak etmiş, 10 oktyabr 2020-ci ildə hərbi xidmətini bitirməsinə 2 ay 25 gün qalmış-10.10.2020-də Şəhid olmuşdur. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Cəsur döyüşçü" ,"Şuşa uğrunda"medalları ilə təltif edilmişdir.
Bu gün siz oxuculara təqdim edəcəyim məqaləmin qəhrəmanı Qəbələ rayonu şəhidi Elməddin Mustafayevdir. Onun haqqında məlumatları nə internetdən araşdırdım, nə də haradansa oxudum, məhz anası və bacısı sayəsində məlumatlandım. Və mənə görə Elməddin də digər şəhidlərmiz kimi seçilmişlərdəndir.
O evin tək oğlu idi, anasının aldığı nəfəs, bacısının güvən yeri idi. Anası oğluna çox bağlı olduğunu deyir və bildirir ki, hər bir ana kimi oğlundan uzaq qalmaq istəmirdi. Elməddin hərbi xidmətə çağırıldığını eşidəndə çox sevinirdi. Onun hər şeyə can atmaq kimi və heç bir şeydən qorxmamaq kimi xüsusiyyətləri var idi. Anasını da qorxudan elə bu idi. Əsgərlikdə də bu xüsusiyyətini biruzə verəcək, özünü təhlükəyə atacaq qədər cəsarətli olacağı anasını narahat edirdi. Bədənində çapıqlar var idi, bəlkə bunun əsgərliyə getməməyinə təsiri olar deyə düşünürdü anası. Amma Elməddin anasına belə şey düşünməməyi tapşırır, əksinə inadla gedəcəm deyirdi. Hətta iyulun 3-u onu əsgər aparmalı idilər, bir-iki gün yubandı deyə komissarlığa gedib “məni aparın” deyərək təkid edirmiş. Adı çəkilən kimi qaçıb avtobusa minib. Anası deyir: -Mən oğlumu məktəb zirzəmisində böyütmüşdüm, atası fəhlə işləyirdi, çox ağır güzəranımız olub. Elməddin atasına: “mən əsgərlikdən gəlim, sən daha işləməyəcəksən, mən sənə baxacam"- deyirdi.
27 sentyabrda döyüşlər başlayan kimi doyüşlərə qoşulub, lakin evdəkilərdən gizlədirdi. Amma anasının ürəyinə dammışdı. Anasının müharibə başlayan gündən ürəyində başqa hiss vardı.
Deyir:
-Biz oğluma oktyabrın 1-i pasılka göndərdik və bir müddət sonra yuxuda gördüm ki, oğlum göl kimi bir yerdən gəlir, ətrafda ağaclar, güllər var, ordan mənim yanıma gəlir, gülə-gülə məni qucaqlayıb öpmək istəyəndə -"öpmə oğlum, ayrılıq işarəsidir”, deyirəm. Oğlum da deyir ki: “yox, ana” və öpüb qucaqlayanda ürəyinin üstünə əlini qoyub deyir: “ana, sən mənə pasılka göndərdin, məni buradan vurdular”. Həmin yuxumdan üç gün keçdi və oğluma həmin pasılka çatan gün şəhid olduğunu bildik ,ürəyindən göstərdiyi yerdən vurulmuşdu. Düzdür, onsuz çox çətindir. Amma mən oğlumla fəxr edirəm. Oğlum mənə deyirdi ki, “mən bu rayonda ad qoyacağam, mənimlə fəxr edəcəksən”. Mən elə bilirdim ki, idmana gedir deyə belə deyir. Nə biləydim şəhid olacaq. Bir ağsaqqal var, oğlum əsgərliyə getməmişdən qabaq ona “mən şəhid olacam” deyibmiş, mən də sonradan bildim. Mən hər gün oğlumdan üzr istəyirəm, onsuz nəfəs aldığım üçün. Onun arzuları çox idi ,son danışığında mən ona özünü qoru, oğlum, dedim o da: “narahat olma, ana, görmürsən nə qədər şəhidimiz var, hər şey Allahın qismətidir ,mən sənə yenə zəng edəcəm dedi”, səhərisi gün şəhid oldu, balam. 3 il olur ki, nə zəngi var, nə də gəlir. Mən hələ də oğlumu əsgərlikdə bilirəm, hər gün oğlumu gözləyirəm.
Ananın bu sözləri məni həm qəhərləndirdi, həm də bir daha düşündüm ki, istəyir Maştağadan olsun, istəyir Qəbələdən, olsun, istəyir Şəkidən, yaxud başqa rayondan, bütün şəhidlərimizi birləşdirən xüsusiyyət birdir: Onlar igid, cəsur, mərd, qorxmazdırlar.
Bu məlumatları verdiklərinə görə ŞƏHİDİMİN anasına və bacısına təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)