Super User

Super User

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ART - ORDO 2023” IX Teatr Festivalında Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında Elşad Rəhimzadənin quruluşunda hazırlanan “İnanıram” adlı monotamaşa ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qırğızıstanın Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunmuş festivalda tamaşanın yaradıcı heyəti festivalın xüsusi mükafatına, teatrın aktrisası Zemfira Əbdülsəmədova isə “İnanıram” monotamaşasındakı ana roluna görə "Ən yaxşı qadın" nominasiyası üzrə mükafata layiq görülüb.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür.

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

 

Dramaturq Ülviyyə Heydərova portalımıza verdiyi açıqlamasında deyib: 

-Bu, müəllifi olduğum "İnanıram" monopyesinə hazırlanmış monotamaşanın sayca dördüncü mükafatıdır. İlk dəfə bu əsərə Akademik Milli Dram Teatrında rejissor Cəmil Əsgərov tərəfindən aktrisa Şəhla Əliqızının ifasında tamaşaya qoyulub və "Qalib olan Azərbaycan" Tamaşalar Festivalında İkinci yerə layiq görülüb. Əsər daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin yozumunda səhnələşdirilib və 4.4 Qısa Tamaşalar Festivalında iki mükafata - ll Yerə və "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub. Bu dəfə isə Qırğızıstanın paytaxtı Bişkek şəhərində Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunan “ART - ORDO 2023” IX Teatr Festivalında Elşad Rəhimzadənin quruluşunda hazırlanan "İnanıram" monotamaşası festivalın xüsusi mükafatına,  aktrisa Zemfira Əbdülsəmədova isə "İnanıram" monotamaşasındakı ana roluna görə "Ən yaxşı qadın" nominasiyası üzrə mükafata layiq görülüb. Bütün yaradıcı və texniki heyəti ürəkdən təbrik edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibətilə təsis etdiyi “Dövlət Tərcümə (Mərkəzi) Mükafatı”na bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

 

Bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb.

Makvala Qonaşvili 1958-ci ildə Gürcüstanda anadan olub. 1981-ci ildə Gürcüstan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

“Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları” və “Lalələr tonqalı” kitablarının müəllifidir.

Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib.

O, İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze və Şota Rustaveli mükafatları laureatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 17:00

Sahilin pıçıltısı - ESSE

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

“Mənə dənizdən yaz dedilər, sənə dənizdən yazıram...”

 

 Bu gün sənə bu məktubu dənizin sahilindən yazıram. Əslində, nə yazacağımı özüm də bilmirəm. Bir yandan günəşin yandırıcı şüaları, bir yandan qarşımdakı mavi boşluğun valehedici gözəlliyi, bir yandan da sənin içimə əkdiyin həsrətin acı pıçıltısı. Əzabın izahının necə ağır olduğunu bilirəm, amma mənim üçün bunun tək izahı sənsən.

 

Dalğalar sanki sahilin qumları ilə oynayır. Öncəliklə, qum dənələrini ağuşlarına alıb aparırlar, lakin sonra nə isə olur və dalğalar yenidən onları sahilə qaytarır. Onlar da bizim kimi anlaşa bilmir. Birisi əl çəkmir, digəri isə içinə atıldığı həyatın ona görə olmadığını anlayır və yenidən öz yurduna geri dönür. 

Səhv başa düşmə, çünki səni günahlandırmıram. Bəzən mən də özümü sevə bilmirəm. Elə də gözəl biri deyiləm, bunu artıq özüm də qəbul etmişəm. Məsələn, çox yemək yeyirəm, hərdən deyinirəm, yersiz əsəbiləşirəm. Qarşımdakı hər kim olursa olsun, heç özüm də mənə dayanmasına icazə vermərəm. Lakin onu da deməliyəm ki, arada çox darıxıram. Gün istədiyi qədər aydın olsun, yeridiyim yollar mənə hər zaman qaranlıqdır və artıq səni o yollarda fənərlə belə tapa bilməyəcəyimi özüm də bilirəm. Bütün bu olanları zənnimcə artıq qəbul etmişəm. Ola bilsin ki, o qaranlıqda məni görsən çox qorxarsan. Artıq aynadakı özümü görəndə mən də vahimələnirəm.

Sənə aid tək xatırladığım odur ki, mənə ən son dəniz dərinlikdir demişdin. Bunlara baxmayaraq onun uca olduğunu da vurğulamışdın, hətta dənizin mavi səmaya aşiq olduğunu da ilk sən söyləmişdin. Bəzən səma o qədər darıxırmış ki, yerə axmaq istəyirmiş, amma onları bir-birindən ayıran boşluq buna icazə vermirmiş. Göyün əlindən şiddətli yağmur yağdıraraq bir parçasını dənizə qovuşdurmaq, yağmurla doymayan dənizin isə əlindən fırtına qoparmaq gəlirmiş. 

Bəs niyə dənizi uca adlandırırdın?- bax bu sualın cavabını heç vermədin. Mənim fikrimcə toxunulmaz olan bütün bütövlüklər ucadır. Sən də həmişə belə idin, dərin..., mənalı..., toxunulmaz olan bütöv... bəzən də qəddar.... Mən... mən isə bir səfeh və boşboğazdan savayı biri deyildim...

İndilərdə özümə aynada baxdıqdan sonra bir də dalğalarda baxmağı sınayıram. Dalğaların təsirilə hər hissəsi bir tərəfə istiqamətlənən vücudum da elə bil qum dənələri kimi onlara aid olmayan yad yerdə məskən sala bilməyəcəyini anlayıb yenidən kökünə dönürlər. Bir gün bu dalğalar məni də apararmı? -deyə düşünürəm. Lakin uca olan zəifə qazanmaz, zəif olan ucaya hər zaman məğlub olar!

Deyəsən, hava qaralır. Bu sətirlərin isə öz ünvanı var, amma bir poçtalyonu yoxdur. Həsrətim sətirlərimi dalğalara pıçıldadı. Əlbət onlar bir gün sənə qum dənələrini günəş qovurarkən, dalğalardan hələ də ümidini üzmədiyini çatdırar. Əgər qovrulan qum dənələrini bir gün yağmur yuyub apararsa, o zaman anlayacağam:

 Məni sevməyi də ummuram səndən,

Allah deyilsən ki, bəndə sevəsən.

Sevə bilmirsənsə, utanma məndən

Məni kim sevib ki, sən də sevəsən.

                                       (Mirbədəl Həsənli)

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Qonaq otağımızda bu dəfəki müsahibimiz tanınmış jurnalist, Baku TV-nin xəbər aparıcısı İslam Qədirlidir. 

Onunla həmsöhbət olduğumuz müddət ərzində jurnalistika və televiziya ilə bağlı bir çox maraqlı nüanslara toxunduq. 

 

- İslam bəy, sizcə, jurnalist kimdir, bir jurnalistdə başlıca olaraq hansı keyfiyyətlər olmalıdır? 

 

- Məncə, jurnalistika iş deyil, həyat tərzidir. Mən bunu həmişə demişəm, adi insan həyata subyektiv, hətta qərəzli, emosional yanaşa bilər. Amma jurnalistdə bunlar olmamalıdır. Jurnalist hər bir hadisəyə obyektiv baxmağı bacarmalıdır. Çünki bizdə qərəz olsa, tamaşaçıya real informasiyanı yox, mövqe sərgiləmiş olarıq, bu da yolverilməzdir. Deyim ki, jurnalistikaya gələndən sonra mənim şəxsi həyatımda da müəyyən dəyişikliklər olub, mən hadisələrə tamamilə başqa gözlə baxmağa başlamışam. 

İndi mən diksiya dərsləri keçirəm və çalışıram, bu dərslərdə tələbələrimə təkcə diksiyanı, nitqi, səhnə danışığını yox, həm də həyata obyektiv baxmağı öyrədim. Əks təqdirdə sənin təqdim etdiyin şey nitq olmur, “diqtə” olur. Nitq insanlarla empati qurmağı və düzgün müşahidə aparmağı bacarmaqdır. Məncə, bu həm də jurnalist olmağın şərtidir. Yəni, düzgün müşahidə, analiz qabiliyyəti və obyektiv yanaşa bilmək bacarığı.

 

- Xəbər aparıcıları xoş və bəd olmaqla insanlara bir çox müxtəlif xəbərlər çatdırır, necə bir hissdir bu, nə kimi çətinlikləri var xəbər aparıcılığının? 

 

- Xəbər aparıcısı olmağın çətinliyi ondadır ki, sənin o anki əhval-ruhiyyənin necə olması tamaşaçıya maraqlı deyil. Sən efirdə həmişə pozitiv və enerjili görünməlisən. Bu da, yenə, tələbələrimə öyrətdiyim yanaşmadır: Ola bilər, siz bu gün sevgilinizlə dalaşmısınız, ailənizdə problemlər var, maddi çətinlikləriniz artıb, tutalım, kirayəpulunu ödəyə bilmirsiniz amma bunları efirdə, yaxud səhnədə yansıda bilməzsiniz. Bu, tamaşaçıya maraqlı deyil. Siz hər bir halda tamaşaçı üçün gülümsəməlisiniz. Fərqi yoxdur, efirdə, yoxsa səhnədəsən.

Mən aparıcı olmazdan öncə jurnalistəm. Mən xəbəri yalnız təqdim eləmirəm, həm də yazıram, həmçinin, xəbərin şərhini yazıram. Bəzən siyasi hadisələri sadə hekayələrlə şərh edirəm və o hekayələr sosial şəbəkələrdə izləyicilər tərəfindən paylaşılır, sevilir. Bu zaman isə soyuqqanlılıq da tələb olunur. Buradan yola çıxaraq, mən bir daha qayıdıram öncə dediyim söhbətə ki, jurnalistika iş deyil, həyat tərzidir. Həyat tərzi olaraq, xarakter olaraq sən əgər emosiyalarını, hisslərini idarə edə bilən insansansa, jurnalistika sənin üçün bir o qədər də çətin sahə olmur. 

 

- Bildiyimiz kimi jurnalistikadan əlavə bədii qiraət və natiqlik dərsləri ilə də məşğul olursunuz, istərdik bir qədər bu fəaliyyətləriniz haqqında da danışasınız. 

 

- Mən bədii qiraətlə məşğul deyiləm. Mən həm də səs sənətçisiyəm, reklamlar, video çarxlar səsləndirirəm. Fəaliyyətimin ilkin dönəmlərində - tələbəliyimdə intellektual məzmun da səsləndirmişəm, özüm sənədli film də çəkmişəm, onu dilimizdə, yaxud ingiliscə səsləndirmişəm də. Amma  “səsimi daha böyük kütləyə necə çatdıra bilərəm?” sualına cavab kimi bilmişəm ki, kütləyə bu yolla çatmaq qeyri-mümkündür, ona görə də daha sadə yol kimi şeir səsləndirməyi seçmişəm və həqiqətən yanılmamışam. Yüzminlərlə insan o şeirləri dinləyib və müəyyən qədər səsim tanınıb. Sonra təbii ki, bu səsləndirmələrin bəzilərini yutubdan silmişəm, bəziləri isə qalır, xatirə kimi saxlamışam. 

Davamında AzTV, Azərbaycan mətbuat agentliyi, report informasiya agentliyi, yenə AzTV, sonra Baku TV olmaqla fəaliyyətim davam etdi. Aparıcı kimi tanınmağa başlayandan sonra bir-iki dəfə olub ki, dostlarımla oturmuşuq, onların ayrılıq hekayəsi, yaxud nəsə problemləri olub, dərdləşiblər, mən də şeir oxumuşam, çəkiblər məni. Yəni, mikrofon arxasında peşəkar bir səsləndirmə etməmişəm. Dostlarım çəkiblər və elə onların təkidi ilə də paylaşmışam.

“Səni alana baxıb səni verənə şükür necə deyim, əzizim?” -deyə bir şeir var idi və o şeir instagramda elə 3 milyona yaxın izləndi. Elə onu da dostlarımın təkidi ilə paylaşmışdım. Düşündüm ki, yüz min, iki yüz min insan izləyər, sonra silərəm, amma elə oldu ki, milyonlarla insan izlədi. Növbəti bir şeirimi yenə də dostlarımın təkidi və xahişi ilə səsləndirmişəm və öz instagram səhifəmə belə qoymamışam, başqa səhifələr paylaşmışdı. Qısası, ona görə mən özümü qiraətçi hesab etmirəm və qiraətçi kimi tanınmaq da istəmirəm. 

Diksiya məsələsinə gəldikdə, insan özünü inkişaf etdirdikcə, öyrəndikcə və bildiyi, öyrəndiyi müxtəlif bilikləri sintez edib ortaq məxrəcə gətirdikcə, kimlərdəsə bunları öyrənmək tələbatı yaranır. Hazırda təlim prossesi çox yaxşı davam edir. Hər ay orta hesabla 50-60 tələbəm və şirkətlərdə keçdiyim korporativ təlimlər olur. Şükür, hər birinin nəticəsi məni qürurlandırır. 

 

- Öz işində uğurlu olmağın sirrini nədə görürsüz? 

 

- Düşünürəm ki, bu hər kəsdə individualdır, hər kəsdə fərqlidir. İnsan var ki, sırf işə fokuslananda daha çox uğur qazanır. İnsan var ki, iş, şəxsi həyat və əyləncəni ortaq nöqtədə birləşdirəndə uğur qazana bilir. Zənnimcə, bu hər kəs üçün fərqlidir, amma ümumilikdə möcüzəvi bir kokteyli yoxdur ki, onu içəsən və sabah uğurlu olasan. Hər bir uğurun arxasında müəyyən əziyyət dayanır. Düzdür, şans vacibdir, amma əziyyət də mütləqdir. Əziyyət deməyək, zəhmət deyək, zəhmət mütləqdir. Çünki adətən, zəhmət çəkirsən və qarsılığını görürsən. Adam var, bir zəhmət çəkib bir qarşılıq görür, adam var bir zəhmət çəkir beş qarşılıq görür. Amma mütləq ki, qarsılıq görülür. Heç zəhmət çəkmədən qarşılıq almaq imkansız kimidir. Hansısa bir dayaqla, dəstəklə də irəliləyiş olacaq, amma o cür yüksələn adam əgər layiq deyilsə, o yüksəklikdən  nə vaxtsa yıxılacaq. 

 

- Televiziya sadəcə xəbər və insanların istirahət vaxtını xoş keçirməsi üçün əyləncə xarakterli deyil, nümunə, örnək, öyrədici, təbliğat, təşviqat xarakterləri də daşıyır. Mədəniyyətin və milli mənəvi dəyərlərin də ən geniş auditoriya qarşısında təbliğ olunduğu yer televiziyadır deyə düşünürəm. Bəs sizcə, bizim televiziyamız bu misiyalarını nə dərəcədə yerinə yetirir? 

 

- Ümumiyyətlə, jurnalistikanın üç əsas prinsipi var: Maarifləndirmək, məlumatlandırmaq və əyləndirmək. Hər üç prinsipi biz yeni media, yaxud ənənəvi media alətlərində tətbiq edirik. Əgər sualınız televiziya üzərindəndirsə, artıq televiziya kanalları ümumi kanal anlayışından, ixtisaslaşmış kanal anlayışına keçiblər. Daha dəqiq desək, keçmək prosesindədirlər. Məsələn, mənim hazırda  işlədiyim Baku TV xəbər üzərində ixtisaslaşmış kanaldır. Yaxud, Azərbaycanda “Real” televiziyası həmçinin, yenə xəbər üzərində ixtisaslaşmış kanaldır, dünyada da bunun nümunələri çoxdur. Sırf əyləncə üzərinə ixtisaslaşmış kanallar da var, bizim özəl televiziyalar arasında belələri çoxdur, biz bunu yaxşı bilirik. Həmçinin, radiolarda da bu proses gedir. Buna baxmayaraq, hazırda yenə də hibrid yayım siyasətini davam etdirən televiziyalarımız da var və bu televiziyalar, məncə, bu missiyanın öhtəsindən layiqincə gəlirlər. Yəni, bəli, yetərincə maarifləndirici verilişlər var, intellektual verlişlər var. Təkcə İTV-nin özündə 3,4, bəlkə də daha çox intellektual veriliş var. Təkcə bir kanalı dedim. Mədəniyyət televiziyasında, AzTV-də də intellektual verlişlər gedir. 

Ardınca məlumatlandırmaqdır, o da xəbərlərin və analitik verilişlərin missiyasıdır ki, bu da teleməkanımızda kifayət qədər peşəkarcasına mövcuddur. Və əyləndirmək məsələsi də təbii ki, vardır, müzakirə eləmirəm ki, bu nə dərəcə bayağı yumordu, yoxsa keyfiyyətli zarafatlardı və s. amma bu və ya digər şəkildə əyləncə formatı da mövcuddur. 

Təbliğat, təşviqat məsələlərinə gəldikdə, bəli, təəssüf ki, bütün dünyada ənənəvi medianın gəldiyi yer təbliğat və təşviqatdır. Bu da yeni medianın və vətəndaş jurnalistikasının tamaşaçı üçün aktuallığını artırır, dolayısıyla fakenews (saxta xəbərlərin) daha çox yayılmasına gətirib çıxarır. Sualınızda bu söz var deyə mən bunu xüsusi olaraq vurğulayıram, məncə, media təbliğat maşını olmamalıdır. Bəzən incəsənətin də üzərinə bu missiya  qoyulur amma nə incəsənətin, nə də medianın elə bir borcu var.

Amma bu təbliğat və təşviqat ifadəsini bir qədər dəyişib kütləyə təsiretmə, yaxud kütlədə fikir formalaşdırma şəklinə salsaq, bəli, medianın bu gücü danılmazdır. Yəni, media kütlədə fikir formalaşdıra bilir və ona görə də biz, xüsusən də mediada olan insanlar bir qədər ehtiyatlı davranmalıyıq, çünki bizim izləyiciyə təqdim etdiyimiz bir çox şey - istər yumor, istər fikirlər və s. olsun, onlar üçün meyar ola bilər.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 16:00

Susmayan radio - MÜHARİBƏ HEKAYƏSİ

 

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

 

Başqa ilin bu vaxtı olsaydı, Camal bəlkə də indi keçirdiyi hissləri keçirməz, soyuq payız gecəsində yorğana bürünüb kitablarından birini oxuyardı. Amma bu il başqa bir il, bu fəsil başqa bir payız, bu sentyabr başqa bir aurada idi. Camal 5 noyabr 2020 tarixində öz yorğanına bürünmüş halda yox, Şuşanın bir addımlığında düşmənə pusqu quran əsgərlərin arasında idi.

O uşaqlıqdan Vətən, Qarabağ deyə-deyə böyüdülmüşdü. Camalın atası I Qarabağ müharibəsinin soyuq noyabr ayında hələ Camalın 4 yaşı olarkən itkin düşmüş, illər ərzində hamının gözü yollarda qalmışdı. Camalın anası Sara xanım Camala atasından qalan xatirələri danışar, onun balaca biləyinə atasından qalma qara saatı bağlayardı. 

Camal deyirdi: "Tezliklə böyüyəcəm, o saatı qoluma bağlayıb, atamın getdiyi yerə gedəcəm".

Soyuq cəbhənin qandonduran ab-havasında da o saat qolunda idi.

Düşmənlər duyuq düşməsin deyə əsgərlər pıçıltı ilə danışırdılar. Camal torpağın üstündə oturmuş, əsgər yoldaşlarının qaladığı ocağın ətrafındakı gənc vətənpərvərlərə tamaşa edirdi. Qəfildən:

-Gəray, radionu ver, bir mahnı, ya xəbər eşidək, - dedi. 

-Ay kişi, qoy oturmuşuq. Onsuz da  əməliyyata hazırlaşırıq, biz plan cızırıq, sən də radiodan danışırsan.

-Eh, yaxşı da, içimdə qəribə hisslər baş qaldırıb, qorxu, həyəcan, hirs tüğyan edir.—Camal cavab verdi.

-Of, Camal, sən Allah, başa düşdüyümüz dildə danış. Tüğyan-müğyan nədir?— Ramilin bu sözünə digər yoldaşları güldü, Gəray isə radionu Camala uzatdı. Camal radionu yandırdı, mahnı səsi eşidildi, gənc əsgər isə ifaçıya qoşulub oxumağa başladı:

-"Ya mən sevərəm səni, ya da mən,

Çünki yoğurdun məni sevgidən,

Canım ey Ulu Vətən!"

-Camal, sən Allah, səssiz ol, indi nəsə olar.

-Uf, imkan verməzsiniz e!—Camal radionu söndürüb, atasından yadigar qalan saatına baxdı. 6 noyabr, 03:25, Sübh azanı zamanı idi. 

Bu zaman komandir:

-Camal Hacıyev, bu gün saat 05:05-də hücuma keçəcəyik. Hücuma nəzarət səndədir. Bilirəm, deməyə ehtiyac yoxdur, amma zirvəni fəth etməmiş, qayıtmayın!

Camal:

-Gəray, çoxdankı arzun reallaşır. Bütün gecə "nə oldu əmr?" deyə-deyə qalmışdın. Bu da sənə əmr. Planı götür. Qələbəyə gedirik!

 

Noyabr, yerdə xəzan var. Gərayım, gələn yaz Şuşada Xarı Bülbül çiçək açacaq. Adını eşitmisən? Deyirlər, Xarı Bülbül Şuşada bir başqa açır. Qoy, Şuşamızı sevindirək! Tanrı yardımçımız olsun!

Komandirin bu xəbərindən sonra hər kəs saatları, dəqiqələri sayırdı.

Camalın döyüşlərdə artıq bir aydan çox müddətdə iştirak etməsinə baxmayaraq, döyüş yoldaşları ən mühüm anlarda onun niyə radio və saatını yanında gəzdirdiyini anlamırdı. Bu gün də istisna deyildi. Silahı əlində, saatı qolunda, radiosu cibində hücuma hazırlaşırdı. 6-ya işləmiş əmr verildi: Hücum!

Bağırov:

-Camal, Şuşanı fəth etməyimizə az qalıb.

Bəs sən saatın və radionun sirrini bizə nə vaxt deyəcəksən?

Camal:

-Bəhruz, nə vaxt ki, biz o dağlardan sağ-salamat düşüb, Şuşanın Ana ətirli torpağını qoxlayacayıq. Onda sən də bunların sirrini biləcəksən. Yaxşı, çox danışma ha, deyəsən, "məlahətli' səsimi eşitmək istəyirsən—deyərək güldü, sonra yenidən davam etdi,—Oxuyum bir ağız sənin üçün?

"Şuşanın dağları deyil dumanlı..."

Bəhruz:

-Camal, dayan sən Allah, o cır səsin ilə bu mahnını dağdan düşəndən sonra oxuyarsan.—dedi.

 

Qızğın döyüşdə əsgərlər yalnız və yalnız dağların əzəmətindən ilham alıb yorulmadan mübarizə aparırdılar. Camal döyüşlərdə xüsusi fərqlənirdi, hətta deyilənə görə erməni əsgərləri onu öz aralarında "hərraca çıxarmışdılar". Camalın cəsədini ilk olaraq komandirə gətirən erməni əsgəri xüsusi medalla fərqlənəcəkdi.

Şuşa ətrafında döyüşlər qızğın idi. Sıldırım qayaların birində Gəray Camala pıçıldadı:

-Camal, səni and verirəm Allaha, bu qədər zamandır burada çiyin-çiyinə vuruşuruq. Nəsə içimdə elə bir hiss var ki, torpaq məni özünə tərəf çəkir. Ayaqlarım artıq getmir. Birdən şəhid olaram, barı sənin radio ilə bağlılığının nə olduğunu bilim.

-Gəray, belə danışıb məni əsəbləşdirmə. Biz bayrağımızı o dağlara birlikdə sancacağıq. O ki qaldı radionun sirrinə, qoy danışım.—Camal bunu deyib xəyala daldı.

 

* 6 may 1992-ci il. Bakı.

-"Azərbaycan ordusu düşmənlə mübarizədə xüsusi əzm nümayiş etdirir. Əziz xalqımız, sizə Şuşadan döyüşçü Yaqub Hacıyevin mesajını çatdırırıq..."— radiodan bu səs gələn zaman uşaq olan Camal səhər yeməyi yeyirdi. Atasının səsini eşidəndə cəld anasını çağırdı. Atası ilk öncə bütün xalqa səbrli olmağı məsləhət görürdü, sonda isə oğlu Camala öz salamlarını çatdırdığını, onun üzündən öpdüyünü dedi.

8 may tarixində Şuşa ermənilər tərəfindən işğal olunduğu zaman Camalın atası da şəhid olmuşdu...

 

7 noyabr 2020. Şuşa.

-Hə, Gəray, bax o gündən atamın səsini yenidən eşidəcəyim ümidinə qapılıb bu radionu özümlə gəzdirirəm. Bilirəm, bir daha eşitməyəcəyəm. Amma ümid sonda ölür.

-Camal, gəl səni qucaqlayım!

Gəray Camala sarıldı. 

Az sonra erməni əsgərləri onları gülləbaran etdilər və hər ikisi yaralandı. Yaralanan hərbçilər yerə yıxıldılar. Erməni əsgərləri gənc vətənpərvərlərə yaxınlaşıb bir daha atəş açdılar. Camalın əlindən radio yerə düşdü. O radionun yerə düşməsi ilə Camalın və Gərayın ruhunun göylərə çəkilməsi eyni anda baş verdi. 

Erməni əsgərlərindən biri radionu əlinə götürüb gələn səsi eşitmək üçün onu qulağına apardı. Radioda musiqi səsi eşidilirdi:

"Ya mən sevərəm səni, ya da mən, 

Çünki yoğurdun məni sevgidən, 

Canım, ey Ulu Vətən!"...

Erməni hərbçi radionu yerə atıb oradan uzaqlaşmağa başladı. Radiodan gələn səs isə sanki bütün Şuşanı bürümüşdü, sanki heç susmayacaqdı...

 

8 noyabr, 2020. Şuşa

Camal və Gərayın qanının süzüldüyü hər qarış torpaq indi azaddır. 

Siz bu obrazları Qarabağ üçün çiyin-çiynə vuruşan əsgərlərin qardaşları hesab edin.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Bu filmi hamı gözləyir. Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert De Niro və Leonardo Di Kaprionun yer aldığı “Ay çiçəyi qatilləri” filmini deyirik. Nəhayət ki, filmin kütləvi nümayişə buraxılacağı tarix açıqlanıb. 

 

kinonews.ru saytı xəbər verir ki, ekran əsərinin kütləvi nümayişi oktyabrın 20-dən başlayacaq.

Qeyd edək ki, filmdə yer alan hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 16:30

Sumqayıtda kitab sərgisi keçiriləcək

 

Sumqayıt şəhərinin “Kimyaçı” Mədəniyyət Sarayı 13-15 oktyabr tarixlərində növbəti kitab bayramına evsahibliyi edəcək. 

III Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Artıq iki ildir ki, keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanır. Üçüncü sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, müxtəlif faizli endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, tamaşa, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.

 Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, masterklaslar və əyləncəli fəaliyyətlərlə bu sərgi daha rəngarəng olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında multimedia rəssamı Maksim Tatarintsevin “MONO” adlı fərdi sərgisi açılıb və gerçəkdən sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanın sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, YARAT-ın sərgiyə verdiyi təsvir bu cürdür. 

 

Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda, süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hazırkı subyektiv reallığını vurğulayır.

Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"

Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.

Kuratoru Zəhra Məmmədova olan sərgi dekabrın 30-dək ziyarətçilər üçün açıq qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 13:00

KİTAB BƏLƏDÇİSİndə “Kürk mantolu madonna”

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Dünyanın ən bəsit, ən zavallı, hətta ən axmaq adamı belə, insanı heyrətdən heyrətə düşürəcək nə müdhiş və qarışıq bir ruha malikdir!.. Nə üçün bunu anlamaqdan  bu qədər qaçır və insan dedikləri məxluqu, anlaşılması və haqqında hökm verilməsi ən asan şeylərdən biri zənn edirsiniz?!

(Səbahəddin Ali)

 

Gənc bir yazıçı olaraq ən sevdiyim məşğuliyyətdir kitab oxumaq. Oxunacaq, haqqında danışılacaq o qədər çox kitab var ki, biri ilə kifayətlənmək istəmədim və "Kitab Bələdçisi" rublikasında ikinci bir kitabdan bəhs etmək istədim. Bu səfərki seçimim "Kürk mantolu madonna".

Əsər mənə ilk oxuduğum andan etibarən tanışlıq hissi bəxş etdi. Fərqli-fərqli hekayələr, fərqli-fərqli filmlər, mahnılardan fraqmentlərlə rastlaşdım sanki. Elə buna görə də yazıma da bu kitabdan bir sitatla başlamaq istədim.

Kitab haqda məlumatla başlayası olsaq, bunu bilməliyik ki, əsər bir il boyunca 48 bölüm formasında qəzetdə yayımlanmaq üçün Sabahattin Ali tərəfindən yazılıb. Nəşri isə ilk dəfə 1943-cü ilə təsadüf edir. 

Keçək kitabın özünə.

Əsərdə Raif əfəndi zəif bir xarakter kimi göstərilir. Sevmədiyi bir yoldaşı, məmnun olmadığı bir ailəsi, zorla dolandığı bir işi vardı. Lakin o, qətiyyən səs çıxarmaz, heç kimə qaynayıb-qarışmaz, sanki səssiz-səmirsiz ölümünün gələcəyi günü gözləyər. Həyatında özü üçün, öz istəyi ilə etdiyi yeganə bir xatirə vardır. O da Marianı sevmək...

Raif əfəndi və Maria Puder... Çox fərqli, maraqlı tanışlıq hekayəsi ilə rastlaşırıq. Raif əfəndi bir şəkil görür, ona aşiq olur, günlərlə o şəklə baxır və o qadını axtarır. Sizləri bilmirəm, əziz oxucular, amma mənə bu səhnə Nizami Gəncəvini, onun Xosrov və Şirinini xatırlatdı. Təbii ki, zövqlər müxtəlifdir, amma mən əsərlər arasındakı bu cür bağlantıları, işarələri çox sevirəm.

Raif əfəndi şəklə o qədər vurulmuşdu ki, onunla söhbət edən qadının əslində elə Maria olduğunun fərqinə belə varmamışdı. Sonrasında onu canlı-qanlı qarşısında görəndə keçirdiyi hislər müəllif tərəfindən olduqca zərif və ustalıqla tərif edilib. Ümumiyyətlə demək olar ki, müəllif bu əsərdə xanıma xas zərifliyi, incəliyi kişiyə, dikbaşlılığı, cəsarəti isə qadına verib. Maria və Raif söhbətlərindən, görüşlərindən getdikcə bağlanırlar bir-birlərinə. Lakin əksər sevgi romanlarında olduğu kimi, burada da aşiqlərdən biri vəfasız çıxır. Maria gözləyəcəyini bildirsə də, Raif gözləndiyi yerə getmir, başqa bir qadınla evlənərək həyatına davam edir. 

Bu sizə də tanış gəldi? Təxmini 1-2 il əvvəl yayımlanan "Soyuq günəş" filminin sonluğuyla çox bənzər deyilmi? Mədəniyyət özü başdan-başa təkrardır deyirdilər, inanmırdım. Əslində təkrarlanan mədəniyyət deyil, insanlıqdır. İllər də keçsə insanlar eyni xasiyyətləri atmırlar kənara, vəfasızlıq, yalan, unutqanlıq keçib getmir qanımızdan. Axı insanoğlu çiy süd əmib.

Raif evlənəndən, hətta uşaqları olandan 15 il  sonra təsadüf nəticəsində Marianın başqa biriylə münasibətdə olmadığını, onun qızını dünyaya gətirərkən öldüyünü öyrənir. Artıq vicdan əzabı vaxtı gəlmişdir. Raif artıq ömürlük ilk dəfə gördüyü, adını eşitdiyi qızına həsrət qalacaq, sevdiyi qadını son dəfə görə bilməmənin acısıyla yaşayacaqdı.

Yaşadı da. Son nəfəsində sadəcə Mariayla bağlı xatirələri yazdığı qara dəftəri istədi özünə nisbətən gənc iş yoldaşından. Günahkar Maria deyildi. Ölümün qollarına ayrı-ayrı getmələrinin səbəbkarı həyat tərzinə görə qorxan, sevgisinə arxa çıxa bilməyən, sadiq qalmayan Raif idi mənə görə.

Əsər sevgi romanından çox həyat dərsi kimi gəlir insana. Cəsur davranmağı, sevəndə hislərinin, sevginin arxasında durub qaçmamağı öyrədir. Bəlkə də Raif qorxmasa, Mariayla gələcəyi olacağına özü inansaydı, hər şey başqa cür ola bilərdi.

Qəribəsi odur ki, kitab haqda deyilən fikirlər arasında Marianın həqiqətən var olduğu, Səbahəttin Alinin gənclik sevgisi olduğu deyilir. Bunu deyənlərdən biri də S.Alinin qızı Filiz Alidir...

Düşünə bilirsiniz bu nə deməkdir? Ədəbiyyat sevgini təmsil edir, cəsarəti, vazkeçməməyi. Amma deyəsən elə yazıçılar da bəzən bizi aldadır. Onlar da yalan hislərdən, yalan sevgi və sədaqətdən yazır.

Bu kitab bir az da “Bilinməyən bir qadının məktubu” kitabını xatırladır mənə niyəsə. Deyəcəksiniz bənzərlik haradadır ki? Bənzərlik hər şeydən xəbərsiz sevilən adamlar və hər şeyə rəğmən sevən qadınlardadır. Hə, bu tip çox kitab, çox film var, amma bu iki əsərin sanki bir bağı var, fikrimdə, beynimdə. Bəlkə də, həsrət məktublarıdır iki kitabı bənzədən. Ya da oxuyarkən altından xətt çəkdiyim bənzər cümlələr...

“Mənim ömrüm səni tanıdığım gün başladı”. ~Bilinməyən bir qadının məktubu

“Təsadüf səni qarşıma çıxarmasa eyni cür, amma ruhum olduğundan xəbərsiz yaşayacaqdım”. ~Kürk mantolu madonna...

“Səni oldugun kimi sevirəm”. ~Bilinməyən bir qadının məktubu

“Səni dəlicə yox, olduqca ağlıbaşında sevirəm”. ~Kürk mantolu madonna…

Deyəsən, həqiqətən bu iki kitabı bənzətmə səbəbim məhz elə bu qadınlardır. Təmiz sevən, sevgisini kirlətməyən bu iki “ana”...

Görəsən, həmin kitabdakı bəyaz güllərin şəhzadəsi, bilinməz, gizli qadın sevgisini vaxtında desəydi, onların da sonu Maria və Raif kimi olardı? Yoxsa adam bütün “cavanlıqlarından, əyləncələrindən” vaz keçib onu sevən bu qadına arxa olardı?

Siz siz olun, sevgidən qorxmayın. Çünki dünyanı sevgi qurtaracaq!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 12:30

Qaraqan qayıtdı

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

2018-dən sonra həyatımız alt-üst oldu, ancaq altı üstündən gözəl olmadı.

Həyatım məhv olar, rahatçılığım pozular deyə qorxma. Axışına burax, hər şey alt-üst olacaqsa da, olsun. Nə bilirsən həyatın altının üstündən yaxşı olmayacağını?

Ya Mövlana bizi yanıltdı, ya biz, səhv nöqtəyə baxırdıq.

 

O gedəndə mənim 13-14 yaşım olardı. Yəni o vaxtlar kitab oxumaq istəsəm "get dərs oxu" sözünü eşidən vaxtlarım idi. Hələ nə siyasətdən başım çıxırdı, nə rüşvəti dərk edirdim, nə də ki, sürü psixologiyasını anlamışdım. Məktəbdən evə, evdən məktəbə sıravi bir həyatım var idi, ancaq daxildə bir yerlərdə məni nələrsə düşünməyə vadar edirdi. Ən adi halda məktəbdə ən arxa partada hər zaman tək oturan, uşaqların lağa qoyduğu, heç kimlə danışmayan o uşağı düşünürdüm. Sonra niyə heç kimə cavab vermədiyini, ona lağ edən uşaqlara qarşı susduğunu düşündüm. Və həmin vaxt məktəbdə çox da sevilməyən özümə nəzər yetirdim. Mənə də, ona davrandığlarına oxşar davarnırdılar, ancaq mən susmurdum, hətta qarşı tərəfi bildiyim ən zəif nöqtəsindən vurub susduraraq özümü müdafiə də edirdim. Lakin mən də digərləri kimi onunla ünsiyyət qurmur, danışmaqdan çəkinirdim. Deməli, haradasa bərabərsizlik və ədalətsizlik nədir bilir, öz haqqlarımı tələb etməyi və şəxsi müdafiəni dərk edir, lakin başqalarının haqları tapdalanarkən necə susmamalı olduğumu bilmirdim. Elə məhz o ərəfələr bir kitab adı yayıldı. “A"

-Xəbərin var, o dinsiz gədə kitab yazır.

-Hə özü də rusca da, tərcümə etdirir.

-O dəfə İlhamı onun "trək" deyirlər, nə deyirlər, ona qulaq asan yerdə tutmuşam. Aldım əlindən telefonu, sildim bütün nə varsa.

-Yaxşı elədin, ay Yeganə müəllimə. Gərək indi uşaqları boş qoymayasan, gedib gic-gic adamlara qoşulurlar. Adları da, qəribədir.

-Həə, HOST, AİD, Promete, nə bilim nə. 3-5dənə muşketyor yığılıb bir araya, güya cəmiyyəti dəyişdirməyə çalışırlar. Gənclərin gözlərini açacaqmışlar.

 

Mən bu sözləri, əslində, ədəbiyyat fənni keçməli olan müəllim ilə can sıxıntısından öz boş dərsini "effektiv" keçirmək istəyən başqa bir müəllimin dialoqundan  eşitdim. Axşamüstü evdə anamın icazə verdiyi bir saatlıq komputer fasiləsində Googelə-dən  araşdırmaq üçün ağlımda qalan sözləri axtarış bölməsinə daxil edib oxumağa başladım. Müxtəlif yerli saytlar ancaq Qaraqandan danışır, onun bu təşəbbüsünü qeyri-adi adlandırır və hər kəs özünü üstün zəkalı hesab edib aşağılayıcı fikirlərini aşkarda deməkdən çəkinmirdilər. Bir az daha oxuyanda onu "Allahsız, Vətən xaini, insanları pis yola çəkən" kimi damğalayanlar olsa da, açıq-aşkar səbəb izah edən bir mənbə tapmamaq məndə daha da maraq doğurmağa başlamışdı. Beləcə, bir neçə gün ard-arda onun haqqında araşdırmağa, əsl kimliyi haqda öyrənməyə çalışdımsa da çox fayda etmədi. Ancaq bilirdim ki, ertələsəm belə o mənim ağlımın bir küncünə qazınmışdı. 

Aradan illər keçdi, ilk dəfə onun “A” romanını oxuya bildim. Bu mənim yerli yazçılardan oxuduğum ilk roman olduğundan beynimdə qalıcı izlər buraxmağı bacarmışdı. Elə həmin dönəmdən dayanmadan onun kitablarını oxudum, hekayələrinə, müsahibələrinə nəzər yetirdim, tracklarını dinlədim. Ölkə haqqında olan mülahizələri, dinə olan baxış bucağı, insanların necə manqurtlaşdırıldığına dair açıq-aşkar ifadələri, çoxumuzun mənim məktəbdə etdiyim kimi cəmiyyətdə haqsızlığa qarşı susmağı bəzi məqamlardakılara qıcıq yaratmış olmalıydı ki, kitablarına satış qadağası qoyuldu, məşhur HOST dağıldı və ya HOST-çular ayrıldı. Elə ondan sonra artıq küçələr sakit, həyatın rəngi tamamən bozarmışdı. Gənclərin gözündə bir ümidsizlik, yaşlıların simasındakı çarəsizlik sezilirdi. Bəli, onun da ümidi puça çıxmış, qüruruna toxunulmuşdu. Və o da Vətəni tərk etdi. Ancaq getməmişdəm öncə Qarabağ alınanda qayıdacağına söz vermişdi. Düzü, HOSTçular o vaxtı Qarabağın alınmağından çox bir də Qaraqanın bura qayıdacağına olan inamlarını itirmişdilər. Həm qürbətdə yazılan ilk, bu illər ərzində yazdığı sonuncu kitab olan "Art və Xaos"a nəzər saldıqda məzmunun fərqliliyi ,Qaraqan dəsti-xəttinin dəyişilməsi, Amerika təsiri aydın şəkildə bəlli olsa da, kitab o qədər də sevilib uğur qazanmadığı üçün onun qayıdacağına dair ümidlər də ölməyə başlamışdı. 

Pandemiya, təbii fəlakətlər, xarici dövlətlərdəki çaxnaşmalar, vətəndaş müharibələri, ölkələrarası müharibələr və s. deyərkən 30 il sonra Azərbaycan cəmi 44 günə Qarabağı geri qaytarmağa nail olmuşdu. Ötən günlərdə isə alçaq düşmənin terror aktı ilə müharibənin taleyi birbaşa həll oldu və beləliklə Azərbaycan Respublikasının dövlət müstəqlilliyi hüquqi və faktiki əsaslarla bərpa edilərək ölkədaxili sərhədlər aradan qalxdı. Tam da, tabuları yıxıb öz ölkəsində öz torpağına həmsərhəd olan ölkə statusunu dağıtmışdıq ki o qayıtdı.

 

Başlanğıcda söz vardı (İncil)

Başlanğıcda Söz var idi. Söz Allahla idi və Söz Allah idi. Başlanğıcda O, Allahla idi. Hər şey Onun vasitəsilə yaranıb və Onsuz heç bir şey yaranmayıb. Onda həyat var idi və həyat insanların işığı idi. İşıq qaranlıqda parlayır. Qaranlıq ona qalib gələ bilmədi. 

 

Bəli başlanğıcda söz var idi. Bu sondur, ya başlanğıc? Bəlkə sonun başlanğıcı?

 

Trackdakı bütün simvollar və sözlər özü ilə qaranlıq qapıların açarını gətirəcək..

Hə, hə, əminəm. O qayıtdı.

 

Söz / QARAQAN

https://www.youtube.com/watch?v=eD4G-YJQhD0

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.