Tənhalığın bir üzü - Günel Ağazadənin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Günel Ağazadənin şeirlərini təqdim edir. 

 

 

TƏNHALIĞIN BİR ÜZÜ

 

Bir an gəlir, doğmalar da

Çox yad olur.

Sarılıram tənhalığa,

O da mənə aşiq olub

Sığal çəkir saçlarıma...

Elə sıxır sinəsinə,

Elə bil ki heç görməyib

Təklənib tənha qalanı.

Tənhalığın bir işi var:

Pıçıldayır qulağına

Zəhər kimi doğruları.

Tənhalığın bir üzü var,

Çoxlu əli...

Hardan baxsan, tənhalıqdı,

Yalan kimi guruldayan

Səsi yoxdur.

Elə bir sükutu var ki,

Batıraraq qulağını

Silkələyir varlığını...

Tənhalıq yaxşı məktəbdi,

Öyrədir ümid kəsməyi.

Ümidsizlikdə ölsək də,

Öyrətmir ümidlər edib

Ayla-illə can verməyi...

Tənhalıqda anladım ki,

Bu dünyaya qonaq gəldim.

Süfrəsində min bir təam,

Həzin rüzgar.

Bardağımda soyuyan çay,

Buludlarda gizlənən ay...

Gözlərimdə bitmiş sevda,

Roman oldum tənhalıqda.

Tənhalıqda bəziləri

Çıxıb getdi adamlıqdan,

Bəzisi qərq olub getdi

Çılğın sükut dalğasında...

Öyrəndim ki, tənhalıqda

Özünə yol verməyincə,

Getmir insan bu dünyadan...

 

 

ÖZÜMƏM DƏ...

 

Özüməm də -

Günlər keçir həzin-həzin,

Bir az dəli, bir az gərgin.

Evdə sobamız yansa da,

Üşüyürəm.

Heç bilmirəm nədi dərdim...

Özüməm də -

Özüm kimi

Yaşayıram sevincləri,

Unuduram dərdi-qəmi.

Bir az nikbin, bir az üzgün

Aynalara baxır gözüm,

Aynalar da demir düzün.

Elə bil heç böyümürsən,

Elə həmin o uşaqsan:

Dərddən-qəmdən qaça-qaça

Qaçdı-tutdu oynayırsan...

Özüməm də -

Özüm üçün

Qapamıram pəncərəni.

Tez-tez baxıram yollara,

Deyirəm – Kaş ki qar yağa.

Uşaqlar qarı çox sevir,

Düşüb qartopu oynaya...

Özüməm də -

Saçlarıma sığal çəkib,

Özümə yaxşı baxıram.

Yaxşı ki, gec-gec də olsa,

Bəzən hal-əhval tutursan.

Mən də qələmə sarılıb

Özümə şeir yazıram...

Özüməm də -

Nə deyim ki?

Bəlkə hərdən baş çəkəsən,

Özün baxıb gözlərimə

Cavabını bilə-bilə

Deyəsən – Özün necəsən?

 

 

İNSAN

 

İnsan,

Kimə vəfalısan, kimə sadiqsən?

De – Nəyə güvənib qəlbə girirsən?

De – Nəyə güvənib eşqə düşürsən?

Sən kimsən insanı seçib insandan

Özündən acizə zülm edirsən?

Bir can yaratmağa qadirsənmi heç?

Öz doğma canına sadiqsənmi heç?

İstərsən nökər ol, istərsən sultan,

Dünyanı gəz dolan, gücünə güvən.

İstərsən, ən çətin sınaqlardan keç,

İmtahan edərsə səni Yaradan...

Aciz varlığını səmaya tutub

İmdad diləyirsən təkcə Tanrıdan.

Ayağın altında bir ovuc torpaq,

Başının üstündə bir tutum bulud.

Nəyə xəyanətdən dustaqsan, insan?

Başında doğma əl, əlin yad saçda,

Sən yada doğmasan, doğmaya yadsan?

Var oldun nidayla, itdin sualla,

Sən elə adicə insansan, insan...

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.