Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Özüm-özümə ən çox dediyim sözlərdən biri nədir? İnsanlardan diqqət gözləmə. Çünki birindən diqqət gözləmək səni zəiflədir, o diqqəti görməyəndə isə gözləntin səni öldürür, axırına çıxır. Hər zaman özümə deyirəm, elə şeylər yazmalısan ki, oxucunun oxumaqdan nəfəsi kəsilsin, həyəcandan ürəyi tez-tez döyünsün, içinə bir hüzur dolsun, ya da oxuduqca gərginləşsin. Bəzən oxucu yaratdığın mənfi obrazları söysün, bəzən də hansısa bir obraza aşiq olub gerçək həyatda da onun kimi insanlar axtarsın. Soruşanda ki, həyatında necə biri olmağını istərdin, düşünüb "Uraqanın kitabında bir obraz var idi..." deyərək başlasın ilk cümləsinə. Bu düşüncələr bir yazıçını əsarəngiz əsərlər yazmağa ruhlandıran ən böyük səbəblərdən biridir. Yazdıqca öz-özümə deyirəm ki, "elə yazmalıyam ki, oxucu oxuduqdan sonra oxudum, bitdi" deməsin, özündən sonra paylaşmaq ehtiyacı duysun. İçində bir hiss oyansın ki, bu oxuduqlarım sadəcə mənimlə qalmasın. Onları daha çox adama çatdırmalıyam deyərək dostuna göstərsin, tanışına yollasın, yaxud, sevdiyi adama oxuyub xəyala dalsın.
Bəzən yaşamaq çətinləşir, ona görə ki, kitabdan uzaq insanlar var bu ölkədə. Onlar istəmir ki, sən oxuyub inkişaf edəsən. Çünki onlar yaxşı bilir, onlar başa düşür ki, sən bilikli olsan, öz haqqını tələb edəcəksən ilk növbədə. Gücün bir az çox olsa, başqalarının da haqqını tələb etməyə başlayacaqsan. Onlar "poz, qazan"ın hər yerdə satılmasına icazə verən beyinlərdir. Onlar istəyir ki, sən hedonizmlə idarə ediləsən. Sən asılı olasan, onların atdığı sümük parçasına. Onlar istəyir ki, sən manqurtlaşasan toza, dumana, ağlın elə gedə ki, hər zaman bir çıxış yolu axtarasan. Lakin kimə lazımdır bunlar? "Matrix"dən çıxmaq üçün dayanıb düşünə biləcəksənmi? İnsanlar inanmağı düşünməkdən üstün tuturlar, çünki düşünmək zəhmət tələb edir, beyni yorur. İnanmaq isə içini rahatladır, sonra aldadılanda isə günahı öz içində yox, başqalarında axtarıb tapmağa başlayırsan. Halbuki bir dəfə dərk etsən ki, mən zəif olduğum üçün məğlub oldum, güclənərsən. Bilsən ki, "cahilsən", o zaman bilgi sahibi ola bilərsən, çünki öyrənmək "bilirəm" yox, "mən bilmirəm"i özünə etiraf etməklə başlayır.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)