Elmira Rəhimova: “Bəlkə, həyasızlıq edib ad alanlar haqlıdırlar?...” Featured

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Elmira Rəhimovadır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.

 

TOZ İÇİNDƏ ÇİÇƏK

 

Qadınların çiçəyə bənzədilməsi o qədər də orijinal təşbeh deyil. Lakin sevimli müğənnimiz Elmira Rəhimova haqqındakı yazıya başlıq seçəndə bundan çox yerinə düşən bənzətmə ağlıma glmədi. Ona görə yox ki, Elmira xanımın həyat və fəaliyyəti çiçək və ilahi məhəbbət ölkəsi olan Hindistanla, böyük hind xalqı ilə bu və ya, digər dərəcədə bağlıdır. Ona görə yox ki, dünya kinosunda həqiqi məhəbbətin sarsılmaz qüdrətini əks etdirən ən məşhur hind filmlərindən biri “Toz içində çiçək” adlanır. Ona görə yox ki, Elmira xanımın repertuarında uzun illər boyu hind mahnıları mühüm yer tutub. Həm də ona görə ki, onun bütün həyatı, qeyri-adi sənəti etinasızlıq, laqeyidlik tozu içərisində öz təravətini heç vaxt itirməyən bir çiçəyi xatırladır.

 

-Elmira xanım, sizin son vaxtlar yenidən mətbuatda müsahibələrlə çıxış etməyiniz pərəstişkarlarınız üçün xoş bir sürpriz oldu...

 

 

-Bilirsiniz, mətbuata yaxın durmamağımın səbəbi odur ki, müsahibə heç nəyi həll etmir. Qəzetlərə verdiyim müsahibələrə də məni institutda birgə işlədiyim müəllimlər razı salıblar.

 

-Sonuncu dəfə fəxri adlar veriləndə məsul vəzifəli şəxslərin yadına düşmədiyinizə görə incimisiniz. Və bu incikliyinizdə haqlısınız. Amma pərəstişkarlarınızın bu işdə nə günahı var?

 

-Mən öz xalqıma çox minnətdaram. Hamıdan küsə bilərəm, təkcə xalqımdan yox. Yalnız indi, mənə fəxri ad verilməyəndə bütün dərinliyi ilə başa düşdüm ki, xalq məni nə qədər çox sevir, hələ ölməmişəm, bir müğənni kimi unudulmamışam. Bir dəfə küçə ilə gedirdim. Birdən iki nəfər qarşımda durub, gülümsəyə-gülümsəyə dedilər: “Elmira xanım, elə biz indicə sizdən danışırdıq. Təəccüb edirik ki, nə əcəb sizə fəxri ad vermədilər. Bu barədə qəzetdə də yazıblar”. Onlar əllərindəki “Ədalət” qəzetini mənə verdilər. Bu, mənim üçün ən böyük fəxri ad idi. Mən jurnalistlərdən çox razıyam. Sağ olsunlar ki, onlar bizi unutmurlar.

 

-Siz Əməkdar artist adını 1967-ci ildə almısınız. O vaxtdan otuz il keçib. Bu otuz ildə, doğrudanmı, sizin kimi məşhur müğənninin adını bir dəfə də olsun fəxri ad alanların siyahısına salmayıblar?

 

-Əməkdar artist adı mənim üçün çox əzidir. Bir dəfə Lüdmila Qurçenkodan soruşublar ki, o fəxri ad qalmayıb ki, almayasınız,  bu adlardan hansı sizin üçün daha əzizdir. O cavab verib ki, Əməkdar artist adı. Çünki burada “əmək” sözü var. Mən Əməkdar artist adını Zeynəb xanımla birlikdə almışam. Biz bunun üçün əmək sərf etmişdik. İndi görürsən ki, kimsə bir dəfə Daşkəndə gedir, qayıdıb Əməkdar artist adı alır. Biri oturur evdə, iki-üç mahnı yazdırır, olur Əməkdar artist. Mənim adımı Xalq artisti alanların siyahısına bu otuz ildə dəfələrlə salıblar, amma hər dəfə adı başqasına veriblər.

 

-Özünüzə qarşı belə münasibəti nə ilə izah edə bilərsiniz?

 

-Bilmirəm, mən sənətdə olduğum bu qırx ildə bir dəfə də olsun heç bur qapı döyməmişəm. Heç kimdən, heç nə tələb etməmişəm. Gözləmişəm ki, nə vaxt məni görəcəklər. Fikirləşmişəm ki, mən onsuz da işimlə məşğul oluram. Özümü gözə soxmağın nə mənası  var? Mən başa düşməmişəm və hələ də başa düşə bilmirəm ki, Xalq artisti adı almaq üçün daha nə lazımdır? Bütün ömrüm qatar relsləri, araba çarxları üstündə keçib. Yayın istisində, qışın şaxtasında o kolxoz qalmayıb ki, orada çıxış etməyim. Bəzən bir gündə üç kolxozda konsert verəndən sonra axşam da rayon mərkəzində çıxış etmişəm. Əllidən çox xarici ölkədə qastrolda olmuşam. Hamısında da solo-konsertlərlə. Bəlkə, səhv etmişəm? Bəlkə, hədsiz qürurum mənə layiq olduğum bu adı almağa imkan verməyib? Bəlkə, bu mənim nöqsanımdır? Bəlkə, həyasızlıq edib ad alanlar haqlıdırlar? Bu yaşımda həyatda tutduğum mövqeyə qarşı məndə bir şübhə yaranıb. Mən öz şəxsiyyətimi, qürurumu ayaqlar altına atmamışam. Təmiz adı hər cür fəxri addan üstün tutmuşam.

 

-Elmira xanım, tale sizə verdiyi şansları yaşıdlarınız olan müğənnilərin heç birisinə verməyib. Necə fikirləşirsiniz, bu şanslardan lazımınca istifadə etməməyin günahı öz üzərinizə düşmürmü?

 

-(ani sükut) Yəqin ki, düşür. Mənim ümumiyyətlə sənətə gəlişim bir az mübahisəli olub. Evdən müğənni olmağıma razı deyildilər. Dayım işə qarışandan sonra atamı zorla razı sala bildi. Səhnəyə çıxanda on dörd yaşım vardı. Müğənnilik edənə qədər bütün qiymətlərim əla olsa da, başım sənətə elə qarışdı ki, qiymətlərim aşağı düşdü.

 

-Hindistana dəvət almağınız necə olub?

 

-Mən uşaqlıqdan hind filmlərini çox sevirdim: “Avara”, “Cənab 420”, “Toz içində çiçək”, “Ana Hindistan”… Hind filmləri mənə sehrli nağıllar aləmini xatırladır, günlər, aylarla o nağıllar dünyasında yaşayırdım. Konsertlərdən birində oxuduğum hind mahnısını eşidən Hindistanın səfiri ifamı bəyənmişdi. Bir də gördüm ki, məni Hindistana dəvət edirlər. Müqavilə üzrə dörd il Robindranat Taqor Akademiyasının incəsənət fakültəsində təhsil almalı idim. Müsəlmançılıq üstün gəldi. Dörd il əvəzinə iki il oxudum. Vətən üçün, anam üçün darıxdım. Qayıtdım Azərbaycana.

 

-Deyilənlərə görə, hind valisinin oğlu sizə elçi düşüb.

 

-O iyirmi dörd yaşlı, çox gözəl, mədəni, alicənab bir oğlan idi. Öz fikrini mənə Hindistandakı Sovet səfiri vasitəsilə bildirmişdi. Bu izdivac o vaxtlar yeni yaranan Sovet-Hindistan dostluğunun güclənməsi işinə xidmət etməli idi. Səfir bunu mənə deyəndə, dedim, sizin qızınız var? Dedi hə, var, Moskvadadı, necə bəyəm? Dedim, gətir onu ver valinin oğluna.

 

-İndi buna peşman olmamısınız ki?

 

-Siz olsaydınız, peşman olmazdınız?

 

-Sonra hansı şansları əldən buraxmısınız?

 

-Mən Kəşmirdə istirahət edəndə Rac Kapur ora gəldi və mənim haqqımda film çəkmək istədiyini bildirdi. Film hind və Sovet kinemotoqrafçılarının birgə istehsalı olmalı idi. Yayda gəlmişdim Bakıya. Film çəkilişi ilə bağlı Moskvadan sifariş gəldi. Film “Mən mahnı oxuyacağam” adlanmalı idi. Kinostudiyanın işçilərindən bəziləri başladılar məni öyrətməyə ki, sənin haqqında biz özümüz film çəkərik, Moskva niyə çəksin ki? Mən də küyə getdim. Mənim haqqımda nəzərdə tutulmuş filmi məşhur rəqqas Mahmud Esenbayev haqqında çəkdilər. Bu, “Mən rəqs edəcəyəm” filmi idi.

 

-Toylara getmisinizmi?

 

-Heç vaxt! Bunu öz qüruruma sığışdırmamışam.

 

-İndiki şəraitdə müğənni üçün toya getmədən yaşamaq çətindir...

 

-Həyat yoldaşım müəllimdir. Oğlum Anand pedaqoji Universitetin coğrafiya fakültəsini bitirib. Hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq istəyir. Özüm iki ildir ki, xarici Dillər Universitetində ingilis dili dərsi  deyirəm. Allaha şükür, heç nədən qaragünlüyümüz yoxdur, dolanırıq  birtəhər.

 

-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-Əgər anam sağ olsaydı, anamı. İndi isə muğamlarımızı və oğlumu götürərdim.

 

 “Ədəbiyyat və incəsənət”

(07.12.2023)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.