QİRAƏT SAATInda “Eşq mələyi” Featured

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

6-cı hissə

 

Salam, Bakı

 

Ülkər buraxılış imtahanlarına səylə hazırlaşdı, Bakıya getmək, bu istibdaddan qurtulmaq indi onun yeganəamacı idi. Sanırdı ki, qəfəsdəki bir quşdur, Bakı -- əngin səmalar azadlıq idi onunçün. Üstəlik, Bakıda Rüfəti görə bilmək də mümkün idi, sanırdı ki, sevdiyi ilə hansısa küçədə mütləq üz-üzə gələcək. Hətta lap bərkə düşsə, oxuduğu universitetə də gedə bilərdi onu görmək üçün.

Bu arada Rüfətgilin elçiləri gəlmiş, əliboş qayıtmışdılar. Rüfət Ülkərə ismarıc göndərmişdi ki, niyə belə vəfasız çıxdın. Ülkər Rüfətə həqiqəti başa salmaq, atasının onunla bir əşya kimi rəftar etdiyini dilə gətirmək istəyirdi. Ən əsası da, Rüfəti görmək üçün ürəyinin başı dağlanırdı.

İmtahanda lap çox bal toplaya bilmədi, 285-də ilişib qaldı, bununla belə, Pedaqoji Universitetə daxil oldu. Sevincinin həddi-hüdudu yox idi. Bakıdakı mənzillərində qardaşı ilə qalacaqdı, təbii ki, qardaşı ona istədiyi azadlığı əsla verən deyildi, bununla belə, onun səadətinə qənim kəsilmiş atasından qurtulmaq, ona məzar kimi gələn mənzillərindən qaçmaq o vaxt əsl xilası idi.

Anası və bacısı ilə qucaqlaşdılar, hamısı xeyli kövrəldi, atası isə yenə barmağını silkələyib qadağalarını dilə gətirdi.

Zoğalı rəngli əl çamadanını atasının sürücüsü baqaja qoydu, beləcə Bakıya yol aldılar. Üç saatın tamamında artıq Gənclikdəki mənzilin qapısını açıb içəri daxil oldu. Qardaşı evdə yox idi. İkiotaqlı mənzil xeli rahat, komfortla təmin edilmiş mənzil idi, beşmərtəbəli “xruşşovka”ydı, önündə bina olsa da, yan tərəfdən baş küçəyə mənzərə açılırdı. Şütüyən avtomobillər, ora-bura tələsən insanlar rayondakı sükunətli, darıxdırıcı həyatdan qopmasına, xeyli şən və maraqlı həyata qədəm qoymasına dəlalət edirdi.

Qardaşı yataq otağında məskunlaşmışdı deyə, o da qonaq otağında özünə guşə düzəltdi. Divana gətirdiyi örtüyü saldı, paltarlarını şkafa yığdı, anasının qoyduğu azuqələri soyuducuya doldurdu.

Ev səliqəsiz və çirkli idi, tozsoran maşını qoşdu, otaqları və mətbəxi təmizləyib, əşyaların tozunu da əsgiylə silib vanna otağına keçdi, ora da əl gəzdirdi. Özündə bir yüngüllük hiss edirdi, sonradan, bax, həmin o günü ömrünün ən xoşbəxt günləri sırasında xatırlayacaqdı həmişə. Televizoru açdı, kanalları dəyişdi. Bəh-bəh. Bugündən rahatca seriallara baxa biləcəkdi.

Özünə çay dəmlədi, eyvana çıxıb çay içə-içə küçəyə boylandı. Keçən hər gənc oğlanı Rüfətinə də oxşatdı həmin məqamda. Ürəyinə bir qüssə də doldu ki, elçiləri əliboş qayıtdıqdan sonra, yəqin, Rüfət onu unudub, bir şəhərli qızına uyub.

Düzdür, gecəyarı gəlib çıxan qardaşı Xəyal qanını qaraltdı, ona qoyacağı qadağaları sadalamaqla “sənə göz verib, işıq verməyəcəyəm” mesajını çatdırdı, bununla belə, Ülkər çox xoşbəxt idi.

Səhərisi gün də bu xoşbəxtliyin içində universitetə dərsə getdi.Sonra da universitetli günlər bir-birini təqib etməyə davam etdi.

Atası qardaşının altına maşın alıb qoymuşdu, 2003-cü ildi, Koreya maşınları dəbə minmişdi, qara “Hunday Aksent”i qardaşı bütün günü elədən-elə, belədən-belə çapırdı, Ülkəri universitetə aparıb-gətirmək də ona həvalə olunmuşdu, necə ki rayonda, burada da Xəyal ona göz verib, işıq vermirdi. Elə geyinmə, belə geyin. Orda oturma, burda otur.

Anası gündə iki-üç dəfə zəng edirdi, öyüd-nəsihətlər sıralanırdı. Birdən o gədəni (yəni Rüfəti) oralarda görərsən, sənə yaxınlaşar, aləm dəyər bir-birinə, qardaşın dəliqanlıdır, əlini qana bulayar, qurban sənə, ağıllı ol, başını aşağı sal, dərsə get, ordan evə gəl, küçə-bayıra çıxma…

Amma dərslərarası boş vaxtı olurdu, qızlarla Sahil bağına, Dənizkənarı bulvara düşürdülər, kitabxanaya qalxır, alış-veriş məkanlarına gedirdilər. Nəhəng şəhər Ülkəri sevindirir, ruhunu oxşayırdı. Ülkər tərzini, ədalarını, danışığını dəyişir, şəhərə tam uyğunlaşırdı. Küçədə oğlanların marıtlayıb baxmaları, söz atmaları, universitetdə tələbələrin ona söz göndərmələri, eşq elan eləmələri daim diqqət mərkəzində olmaq istəyən, gözəlliyi ilə, bədən mütənasibliyi ilə öyünən Ülkərə zövq verirdi.

-- Gözəl qız, sizinlə tanış olmaq olar?

-- Niyə məhz mənlə?

-- Çünki siz gözəllər gözəlisiz.

-- Doğrudan?

-- Əlbəttə.

-- Tanış olsaq nə olasıdı ki?

-- Sizə sevgimi izhar edərəm. Sizinçün göydən ulduz dərərəm.

-- Lap bu qədər?

-- Hətta bundan da o yana.

-- Yəni?

-- Sizi dünya varına bürüyərəm, xoşbəxtlərin xoşbəxti edərəm.

-- Lap təsirləndirdiz məni.

-- Nə deyirsiz? Nömrənizi verirsiz?

-- Təəssüf ki, yox.

-- Niyə?

-- Çünki mən deyikliyəm.

-- Nə dəxli? Ondan imtina elə, məni seç.

-- Nə danışırsız, atam başımı kəsər.

-- Heyif.

Bəzən tanışlıq istəyən oğlanlarla söhbəti uzadır, komplimentlərdən bir məmnunluq duyur, qrup yoldaşları dartıb aparmayınca oğlanlarla söhbətdən qopa bilmirdi.

Qızlarla gəzməyə çıxanda əl çantasında gödək ətək götürürdü, rəfiqəlik etdiyi Sevilgildə əynindəki uzun ətəyi çıxarıb onu geyinirdi. Şümal ayaqları gödək paltarda ona xüsusi yaraşıq verirdi. Bir dəfə saçlarını da kəsdirdi, Xəyal qırğın salanda, onu aldatdı ki, başıma sirkə düşüb, ona görə kəsmişəm. O da inandı.

Həyatının yeni dönəmi başlamışdı. Arzularını atası məhv etmişdi, amma ümidlər ki ölmür, hər şey ola bilərdi. Rüfətlə qarşılaşaçağına inamı get-gedə artırdı, hara gedirdisə, gözləri sevdiyini axtarırdı. Üstəlik, elə Madar özü, tutalım, ondan imtina edə bilərdi. Həyatdı da. Kiminləsə rastlaşardı, sevərdi, ata-anasına da deyərdi ki, mən öz sevdiyimi alacam.

Möcüzəyə inana-inana Ülkər həyatını dayanan yerdən davam etdirməyə başlamışdı.

Hiss edirdi ki, onda sərgüzəştli həyata marağın işartıları var… Baxdığı teleserialların, uşaqlıqda evdə qapalı həyat yaşamağın (qadağan olunan meyvə daha şirin olar), öz xarici görünüşünə aludə olmanın -- hər birinin Ülkərdə formalaşan buxovları qırmaq, çərçivədən çıxmaq istəyində öz rolu var idi.

 

 “Ədəbiyyat və incəsənət”

(07.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.