Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
8 dekabra təsadüf edən tarixi hadisələri və əlamətdar günləri diqqətinizə çatdırırıq:
Ümumdünya iqlim günü
Təqvimdə mayın 15-də də belə bir gün qeyd olunur, daha təntənə ilə qeyd olunan həmin gündə iqlimin qorunması, onun yad təsirlərdən xilası işləri təşviq edilir, ilin sonuna yaxın - bu gün isə yenidən bu qlobal məsələ xatırlanmaqla ona ikiqat diqqət ayrılmasına nail olunur. İqlim günü bir ekoloji tədbirdir, metereoloqların hazırkı və sonrakı nəsillərin xilası naminə iqlim dəyişikliklərinə yol verməməyə çağırışı hesabına ərsəyə gəlib. Uzun danışmayacağam, tək elə sos siqnalı ilə gündəmdə dayanan qlobal istiləşmənin, Arktika buzlaqlarının əriməyə başlamasının (buzlaqlar son 40 ildə 33 faiz nazilib), yağıntı normasının sürətli sıçrayışının, dəniz səviyyəsinin yüksəlməsinin bəşəriyyətin mövcudiyyatına təhlükəsi aşkar deyilmi? Climate crisis (iqlim tənəzzülü) Demokl qılıncı kimi başımızın üstündədir. İqlim dəyişkənliyinin başlıca səbəbi əlbəttə ki insandır, onun təsərrüfat fəaliyyətidir. Və biləsiniz, nəhəng zavodların atmosferə buraxdıqları zəhərli qazlar deyil əsas baiskar, burada ön sırada parnik (istixana) qazları dayanır, deməzsənmiş, biz xiyar-pomidor tamahı ilə gələcəyimizi məhv edirik.
“Məlumun olsun ki...” günü
Bu gün hər kəs kiməsə bu frazayla başlayan qiymətli bir xəbər, informasiya çatdırmağa borcludur. “Məlumun olsun ki, koronavirusla mübarizədə yeni effektiv üsul tapılıb” kimi qlobal, eləcə də “Məlumun olsun ki, dostun filankəs dünən filan işi törətdi” kimi lokal məlumatlanmadan asılı olmayaraq məlumatvermə zəruridir. Gəlin biz də bu ənənəyə qoşulaq. Kimisə nədəsə xəbərdar etmək çox vacibdir, inanın. Bəzən səndə gizlənən bir informasiya kiminsə xilasına da çevrilə bilir.
Xor günü
Çox sayda solistin birlikdə mahnı ifa etməsidir xor. Tarixi çox qədimdir, antik Yunanıstanda, Bizansda xor ənənələri zəngin olub. Bir çox xalqlarda masa arxasında xorla oxuma mədəniyyəti də var. Bir dəfə Gürcüstanda qonaq olarkən masa arxasındakı gürcülər (azı otuz nəfər olardılar) bir nəfər kimi “Suliko” mahnısını oxudular. Onda bir gürcüstanlı soydaşımız söylədi ki,” Bu hal ruslarda, almanlarda, şotlandlarda və qeyrilərində də var. Düşmən millət də masa arxasında xorla oxuyur. Təkcə biz xorla oxumuruq, çünki xor – birlik, ümumi mənafe deməkdir, bizdəsə birlik yoxdur, bizdə hər kəs ayrıca oxumaq, öz sözünü eşitdirmək istəyir.”
Lennon, Bakıxanov, Horatsiy
Bu gün finlər fin musiqisi gününü qeyd edəcəklər. Qırğızlar radio və televiziya işçiləri gününü. Yaponlar Budda bayramı olan Bodxi gününü. Özbək dostlarımız Konstitusiya, fransızlar maariflənmə və savadlanma, bolqar və makedonlar tələbə gününü qeyd edəcəklər. O ki qaldı amerikalılara, “haydı mətbəxə” şüarı ilə onlar milli bulka gününü qutlayacaqlar. Bu azmış kimi, onlar bu gün milli barmen gününü də bayram eləyəcəklər.
2013-cü ilin bu günündə Kiyevdə, Yevromaydanda xalq kütləsinin gücü ilə bolşevik diktatoru Leninin abidəsi uçurdulub. 1980-ci ildə Londonda 25 yaşlı Mark Çepmen həyat yoldaşı Yoko Ono ilə evinə qayıdan Con Lennonu bir neçə güllə ilə qətlə yetirərək bəşər tarixində ən səbəbsiz bir cinayətə imza atıb. 1941-ci ildə Polşada faşistlər ilk dəfə yəhudiləri öldürmək üçün qazdan istifadə ediblər. 1934-cü ildə sovet kişilərinin ucdantutma simpatiya bəslədikləri aktrisa, “İşdə məhəbbət macərası”, “12 stul” filmlərində şəkilmiş Alisa Freyndlix doğulub. 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində Tofiq adlı bir oğlan uşağı dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsi idi. Bu oğlan böyüyüb, adını Azərbaycan musiqisinin qızıl salnaməsinə yazdırıb. Gəlin Azərbaycanımızın görkəmli bəstəkarını, professorunu bu gün yada salaq, ruhu şad olsun deyək; 1865-ci ildə böyük fin bəstəkarı Yan Sibelius, 1861-ci ildə dünya kinematoqrafiyasının banilərindən biri, fransız Corc Melyes, eradan əvvəl 65-ci ildə isə Roma ədəbiyyatının qızıl dövrünün nümayəndəsi Horatsiy dünyaya gəliblər.
Böyük faciələr günü
8 dekabr həm də bəşər tarixində böyük faciələr günü kimi tanınır, nədənsə məhz həmin gün onlarca irili-xırdalı qəzalar, yanğınlar, təbii fəlakətlər baş verib. Bir neçəsini xatırlayaq: 1966-cı ildə Egey dənizində yunanlara aid “Heraklikon” gəmisi qəzaya uğrayıb, 264 insan həlak olub. 1963-cü ildə Ginnesin rekordlar kitabına düşən ən ölümcül ildırımvurma hadisəsi baş verib, Elkton səmasında ildırıma tuş gələn Boinq 707 təyyarəsindəki 81 nəfər həlak olub. 1881-ci ilin 8 dekabrında dünya tarixinin daha bir qara səhifəsi yazılıb. Vyana şəhərindəki Rinqteatrda – komik opera teatrında dəhşətli yanğın baş verib, 850 insan yanıb kül olub. Bununla da 8 dekabrın faciələri tükənmir. 1863-cü ildə Çilinin La-Kampana kilsəsində yanğın baş verib, 2000 insan həyatını itirib.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)