Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadənin 3-7 mərasimi sabah (9 dekabr) saat 11-dən 14-ə kimi (qadın və kişilər eyni vaxtda) Təzə Pir məscidində keçiriləcək. 3-7 mərasiminin xərcləri "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən qarşılanacaq.
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.
Hüseynzadə Zöhrə Arif qızı 1951-ci ilin 30 sentyabrda Qazax rayonunun Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini, Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3 saylı şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatı sədrinin müavini olub.
2000-ci ildən Respublika Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışıb.
Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.
Səbinə Yusif fürsət düşmüşkən,
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının Zöhrə xanımın vəfatı ilə əlaqədar olaraq ailə üzvlərinə, əzizlərinə dərin hüznlə verdikləri başsağlığını da səsləndirib.
Uca Allahdan mərhumun doğmalarına və yaxınlarına səbr, dözüm arzulayırıq. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)