Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkəmizin Kişineudakı səfirliyinin önündəki bağçada dünyaşöhrətli müğənni Müslüm Maqomayev barelyefinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərliyi ilə Moldovada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri, Moldovada Azərbaycan diasporunun təmsilçiləri, ictimai-siyasi xadimlər, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
Barelyef Azərbaycan ilə Moldova arasında iqtisadi inkişaf üzrə hökumətlərarası komissiyanın həmsədrləri - Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spınunun və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, eləcə də Moldovanın mədəniyyət naziri Sergiu Prodanın iştirakı ilə açılıb.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüblər.
Səfir Qüdsi Osmanov çıxışında bildirib ki, görkəmli müğənni Müslüm Maqomayevin barelyefi Azərbaycan xalqının tarixində parlaq iz qoymuş digər tanınmış şəxsiyyətlərin barelyefləri ilə yanaşı, səfirliyin önündəki bağçada öz layiqli yerini tutub. “Bu barelyef Moldovada Müslüm Maqomayevin xatirəsini əbədi olaraq yaşadacaq”, - deyə diplomat qeyd edib. O, həmçinin 2023-cü il noyabrın 8-də açılışı olan və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini simvolizə edən bağçanı Kişineunun ən çox ziyarət edilən yerlərindən birinə çevrildiyini vurğulayıb.
Moldovanın mədəniyyət naziri Serjiu Prodan Kişineuda tanınmış müğənni və bəstəkar Müslüm Maqomayevin barelyefinin açılışını mühüm mədəniyyət hadisəsi adlandırıb. O, ölkələrimizin dostluğunun rəmzi olan səfirliyin önündəki bağçanı paytaxtın ən gözəl guşələrindən biri kimi qiymətləndirib.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirə toplaşanları barelyefin açılışı münasibətilə təbrik edib. Bildirilib ki, Müslüm Maqomayevin mahnıları hələ də çoxlarının qəlbinə toxunur. O, həmçinin vurğulayıb ki, səfirliyin önündəki bağça hər kəsin Azərbaycanın tarixinə və mədəniyyətinə toxuna biləcəyi təkrarolunmaz məkandır.
Bundan əlavə, Kişineunun Orqan zalında Azərbaycan muğam triosu ansamblının konserti baş tutub.
Tədbirin rəsmi hissəsində Moldovanın mədəniyyət naziri Serjiu Prodan və Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış ediblər.
Sonra gecənin qonaqları üçün ölkəmizin muğam ifaçılarının təqdimatında Azərbaycan xalq kompozisiyaları səslənib.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)