Hörmətli “Ədəbiyyat və incəsənət”.
UNESCO muğamımızı, kəlağayımızı, sədəf və şəbəkə sənətlərini öz qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib. Təzəlikcə yeni bir fakt da oldu. Mümkünsə bu barədə daha ətraflı məlumat verərdiniz. Bir də, ümumən Azərbaycanın neçə elementini bu qurum öz siyahısına salıb?
(Müjdə Talıblı, tələbə)
Hörmətli Müjdə xanım!
UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-dür. Lap təzəlikcə - noyabr ayının 4-9-da Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti", habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" (Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı" (Azərbaycan və Türkiyə) çoxmillətli faylları vardır. Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilmişdir.
Təbii ki, zəngin mədəniyyətimiz qiymətləndirilməyə, dəyər almağa layiqdir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)