“Bu gün od vurmuşuq xatirələrə” - Təranə Dəmirin yeni şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Poetik lövhələri gözəl yaradan şair xatirələrə qonaq gedir, qüssələnir, kədərlənir, amma həm də ümidlənir, öz lirik mənini bədbinlikdən çıxarmağı bacarır. 

 

 

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

 

Hamı şəkillərdə köhnə vaxtdadı, 

Hamı gözlərində gülüş dayanıb.

Hamı  məhəbbətlə sığallanıbdı,

Hamı yanağında öpüş dayanıb.

 

Nimdaş paltarında,  təzə  donunda

Necə bəxtəvərdi şəkil uşaqlar.

Elə bil tərtəmiz göz ekranıyla

Sevincin rəsmini çəkir uşaqlar.

 

Heç kimin dünyadan xəbəri yoxdu,

Xoşbəxtdi çərçivə içində hamı.

Keçmiş zamandadı burda hər nə var,

Burda salamlayır illər adamı.

 

Hələ sabahından xəbərsiz baxır

Şəkildən üzümə gülən uşaqlar.

Hamısı  bir boyda ,bir biçimdədi--

Qaraşın uşaqlar, kürən uşaqlar.

 

Hələ  günahsızdı, hələ  qınaqsız, 

Hələ  ürəyimiz girov düşməyib.

Hələ bant bağlayıb saçına qızlar,

Hələ ki, oğlanlar kişiləşməyib.

 

Hələ yol gedirik sabaha sarı,

Hələ ki, aldadır nağıllar bizi.

Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,

Hələ ki, axtarır  paxıllar bizi.

 

Başımız qarışıb   qovub tutmağa,

Yoruruq yolları, qayalıqları.

Hələ keçməmişik  həsrət  içindən,

Hələ dadmamışıq ayrılıqları.

 

Hamı şəkillərdə köhnə vaxtdadı,

Hamı gözlərində gülüş dayanıb.

Hamı sevgi ilə sığallanıbdı,

Hamı yanağında öpüş dayanıb.

 

 

BU KƏND QOCALIB

 

Biz kənddən çıxanda bahardı hələ,

Hələ bu yerlərin çiçək çağıydı.

Hələ oğlanların dəli, havalı,

Qızların tərtəmiz mələk çağıydı.

 

Qayıdıb gələndə gördüm yaz hanı?

Bu kəndin çəməni, otu qocalıb.

Qocalıb böyürtkən kollarınacan,

Pişiyi qocalıb, iti qocalıb.

 

Mənim gəlişimə sevinmədi heç,

Yollar tanımadı məni deyəsən.

Yadından çıxmışam torpağın, daşın,

Dumanın, çiskinin, çənin deyəsən.

 

Suvağı tökülən köhnə evlərin 

Qapısı qocalıb, damı qocalıb.

Məni tanımadı təzə qonşular,

Məni tanıyanlar hamı qocalıb.

 

Üşüdüm buz kimi baxışın altda,

Yer tapa bilmədim özümə burda.

Düşdü baxışlarım fikir toruna,

Durdu xatirələr üzümə burda.

 

Bu kənddən çıxanda bahardı hələ,

Hələ bu yerlərin çiçək çağıydı.

Hələ oğlanların dəli, havalı,

Qızların tərtəmiz, mələk çağıydı.

 

 

BİZİMDİ

 

Bu günü təqvimdən oğurlamışıq,

Bu günəş bizimdi, bu səhər bizim.

Bu yol, bu ağaclar, bu daş, bu divar,

Bu küçə bizimdi, bu şəhər bizim.

 

Səni ovuduram baxışlarımla,

Həsrətin ağrısı canından çıxır.

Bu gün Yer də bizim, Göy də bizimdi,

Bu gün başımıza səadət yağır.

 

Bizi unutmayıb sahil deyəsən,

Bizi xatırlayır görüş yerimiz.

Bu gün od vurmuşuq xatirələrə,

Bu gün yandırmışıq ayrılığı biz.

 

Dalğalar sahilə çırpır özünü,

Bizi salamlayır dəniz beləcə.

...Hələ ki, sabaha bir ömür qalıb,

Gəl tut əllərimdən bu gündən keçək.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.