Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan Əli Çağla bu gün sizləri Əmin Əhəryarın yaradıcılığı ilə tanış edəcək. 

 

Əmin Əhəryar

Əmin Əhəryar 1991-ci ildə Əhər şəhərində anadan olmuşdur. İlk təhsilatını və orta məktəb təhsilatını Əhərdə bitirdikdən sonra, Təbriz Universitetində Bədən tərbiyəsi və idman fakültəsini magistr dərəcəsinə qədər təhsil etmişdir. Daha sonra yenidən Təhsilə başlamış, Təbriz PəyamNur Universitetinin Hüquq fakültəsindən Bakalavr dərəcəsinə qədər təhsil etmişdir. Jurnalistliyə və yazmağa marağı olduğu üçün öyrəncilik dərgilərində çalışmışdır və bir neçə dərgidə əməkdaşlıq etmişdir. O, PəyamNur Universitetində olduğu zaman baş yazar və sorumlu müdir olaraq “Güzgü” dərgisini yayımlamağa başlamışdır.

 

1

Mən bir gün,

Dənizlərdən keçid verib

Balıqlara

Göyə uçmaq öyrədəcəyəm.

Uca, hündür o dağlara

Kəmər atıb

Qartalları

Sahillərə çəkəcəyəm.

Mənsə bir gün şəhərlərə

Qırmızı gül səpəcəyəm.

 

Qarğaları uzaqlara...

Gözdən itən

Çöllüklərə

Satacağam.

Qumlu-qumlu sahillərə

Əli açıq

Göylü şəkər.

Mavi bir quş dəvət edib

Rahat yaşam qatacağam...

Deyim bu gün

Bu dənizlər hər bir kəsin hədiyyəsi...

 

2

Bəlkə bir gün

Dizləri ilə dünya yükünü daşıyan

Qızıl atları

Yaşıllıqlara dəvət etdilər

Və sarsılmış çiçəkləri

Evlərin qapısında

Pozulmuş boyalara boyadılar.

Çağırın yəhərçiləri

Çağırın dostları

Sibir buz adalarına günəşi çağırın

İsti dənizlərinə qocalar gəlsin

Dünyanın başa-başına

Çəkilsin həyatla həyat...

Bu gün bir ada,

Adamsız adamları gözləyir...

Birgə yaşamaq üçün;

Gəlin dostlar

Bura bir qızıl quş qonacaq...

 

3

Şəhəri bürüyən ağ lələklər kimi

Xiyabanda sərilmiş ayaqları dadmaq,

Ağrı dağına çıxmaq kimi ağırdır.

Əlləri qabardan, çatlayan yanaqsızları

Bağrına almaq şəhərin borcudur...

Heç görübsünüz iki ulduzu bir gecədə

Saymaq ola?!

Yuxuya gedir...

Düşüncəsi başdan düşən dəniz dalğaları.

Göylüm bir budaq alma ağacından asılı qalmış

Bərk-bərk yapışmış əllərini

Və mahnıları yenidən qoş...

Qarğalar xiyabanda hücum edənədək

Addımlarını bir, ikiyə qat

İkili gecələri yalqızcasına

Keçməkdə dad var

Son şamı yemək

Dad vericidir Davinçinin barmaqlarında...

Təklik saraylarına girir pozğuncasına

Gözləri, mavi dənizi boğan qız.

Şəhəri diskindirəcək

Sıtqa-sıtqa göz yaşları...

Məni boş ver...

Ağ lələkləri zincirlə...

Hörüklə Təbrizin saçlarını...

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

“Xalq qəzeti”ndə Əməkdar jurnalist Əli Nəcəfxanlının Azərbaycan Ədəbiyyat Fondunun ötənilki fəaliyyəti barədə məqalə dərc edilib. Həmin məqaləni Daycest bölümündə diqqətinizə çatdırırıq. 

 

Artıq tarixə qovuşmuş 2023-cü ildə məhsuldar çalışmaları ilə seçilən qurumlardan biri də Azərbaycan Ədəbiyyat Fondu olub. 

Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü, Avrasiya Millətlər As­sambleyası Ədəbiyyat Şu­rasının həmsədri, tanınmış yazıçı Varis Yolçiyev aprel ayında Fonda baş direktor təyin ediləndən sonra orada əsl canlanma yaranmasına nail olunub. İnamla demək olar ki, ədəbiyyatımızın bey­nəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin ki­tablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstəyi, ədəbiyyat festival və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidməti ehtiva edən bu qurum öz adı­nı layiqincə doğruldur. 

Bizimlə söhbətində ötən ilin uğurlarından bəhs edən Varis Yolçuyevin bildirdiyinə görə, Fondun fəaliyyəti ilk növbədə zamanın çağırışla­rına müvafiq olaraq, hazırla­nan layihələrin icrası ilə bağlı olub.

İlk böyük tədbir 2 gün ər­zində Qubada gerçəkləşib. Ölkənin ünlü qələm sahibləri Şahdağın ətəklərində – əs­rarəngiz təbiətin qoynunda toplaşaraq, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda forum keçirib­lər. Konfrans dünya şöhrətli dahi şəxsiyyət Heydər Əli­yevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Ədəbiyyat Fondunun direkto­runun təqdimatından sonra AYB sədri, Xalq yazıçısı Anar Ulu öndər haqqında özəl xa­tirələrini danışıb. Qeyd edilib ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan ədə­biyyatı mükəmməl tarixi yol keçərək bugünkü səviyəsinə gəlib çatıb. Forumda maraqlı məruzələr dinlənilib və AYB-nin Heydər Əliyevə həsr etdiyi "Əbədi ömrün 100 ili" kitabı­nın təqdimatı olub. 

Növbəti ayda AMEA-nın Ədəbiyyat İnstitutunda Azər­baycan Ədəbiyyat Fondunun, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birli­yinin (TAİB) təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədə­biyyatı” mövzusunda konf­rans keçirilib. “II Türk dünyası Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində baş tutan təd­birdə vurğulanıb ki, Türk dün­yasının ortaq ədəbiyyatının yaradılması həm ilk olaraq bu təşəbbüsdə bulunan Tür­kiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı əhatə eləyib. Ha­zırda bu sahədə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlar gərgin əmək sərf edirlər. Ötən ilin əvvəllə­rində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiy­yat Birliyinin yaranması isə bu səylərin zəruri nəticəsidir. Konfransda tanınmış türko­loqlar iştirak ediblər. 

“Azərbaycan Ədəbiyya­tı dünya müstəvisində” adlı dinləmə isə noyabrda Bakı Ekspo Mərkəzində Fondun AYB-ni təmsil etdiyi 9-cu Bey­nəlxalq Kitab Sərgisi çərçivə­sində baş tutub. Orada Azər­baycan yazıçılarının kitabları, həmçinin AYB-nin “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Dünya ədə­biyyatı” kimi nəşrləri nümayiş olunub. Yazıçılar gün ərzində öz oxucuları ilə görüşərək, onlar üçün avtoqraflar ya­zıblar. “Xudafərin” təqdimat zonasında keçirilən paneldə maraqlı çıxışlar olub. 

Daha öncə Cəfər Cabbar­lı adına Gənclər Kitabxana­sında Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan–Tür­kiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiy­yatı” mövzusunda dinləmələr keçirilib. Başlıca amil o olub ki, bugünkü zəfərimizin gələ­cək nəsillərə çatdırılmasında müstəsna rol oynayan keyfiy­yətli ədəbi nümunələrin orta­ya qoyulması zəruridir, eləcə də gənclərin vətənpərvərlik ruhunda, torpaqlarımızın bü­tövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunmasın­da dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azər­baycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanmasına mənəvi stimul verib.

Akademik Feyzulla Qa­sımzadənin 125 illiyi müna­sibətilə AMEA ilə birgə kon­frans, Mədəniyyət nazirliyi ilə birgə ədəbiyyatın kinoya transferi mövzusunda din­ləmələr, məşhur “Yazıçı” Nəş­riyyatının fəaliyyətinin bər­pası, Xalq yazıçısı Anarın 85 illiyi münasibətilə “Ulduz” jurnalı ilə birgə hekayə mü­sabiqəsi, Mədəniyyət Nazirliyi ilə “Mütaliə mədəniyyətinin formalaşdırılması” adlı la­yihənin icrası və digər bu kimi tədbirlər ötən təqvim ilinin yaddaqalan səhifələrini təşkil edib.

Onu da qeyd edək ki, sentyabrın əvvəllərində ölkə­mizdə ilk dəfə keçirilən Azər­baycan Dili və Ədəbiyyatı Forumunda Fond yaxından iştirak edib. Forum Ümum­milli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbay­can Milli Elmlər Akademiyası və Şamaxı Rayon İcra Ha­kimiyyətinin dəstəyi ilə ger­çəkləşdirilib. Əhatə dairəsinə və iştirakçı tərkibinə görə ölkəmizdə bir ilk olan forum­da bildirilib ki, milli kodların daşıyıcısı olan dil milli kim­liyin qorunması və gələcək nəsillərə ötürülməsi vasitəsi­dir və onun təəssübünü, ilk növbədə, ədəbiyyat adamları çəkməlidirlər. Ədəbiyyat dilin inkişaf dinamikasına uyğun­laşmalı, dilin inkişaf təmayül­lərini müəyyənləşdirməli və istiqamətləndirməlidir. 

AYB-nin Ədəbiyyat Fon­du bu il də milli mədəniyyəti­mizə, mənəviyyatımızın daha da gücləndirilməsinə xidmət edən bir sıra maraqlı tədbir­lərlə müqəddəs missiyasını davam etdirmək əzmindədir. 

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu il diqqətçəkən bir hadisənin ildönümüdür. 

24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında  “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” YUNESKO-nun  Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edildi…

 

Bu əlamətdar günlə əlaqədar olaraq hər il ölkəmizdə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd olunur.

2024-cü il bu əlamətdar hadisənin 10-cu ildönümüdür. Bununla əlaqədar olaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə “Anam - kəlağaydı, kəlağay - anam...” kitabı 500 tirajla nəşr olunmuşdur. Bu kitab İctimai Birliyin  dəstəyi ilə kəlağayıya həsr olunan və təbliğ edən dördüncü kitabdır. Bundan əvvəl milli baş örpəyimiz kəlağayının mədəniyyətimizdə, mənəviyyatımızda,  şərəfli tariximizdə, xalqımızın dünyagörüşündə, adət-ənənələrində önəmli yerindən bəhs edən “Azərbaycan kəlağayısı

-- min illərin yadigarı”, “Kəlağayı əlvan, qıyqacı”, “Anam kəlağaylı bir muqamıydı...” kitabları işıq üzü görüb.

     “Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi və toplayanı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və Prezident Təqaüdçüsü Tərlan Musayeva, rəyçi  İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur. Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazmışdır.

     Kitabda ənənəyə sadiq qalaraq  klassik və çağdaş Azərbayan, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən xalqımızın şair, yazıçı, elmi araşdırmaçı, publisist, aşıqlarının, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuşdur. İnanırıq ki, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə, 10 Yanvar 2024 11:00

Yadındamı, mən səninlə xoşbəxt idim...

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Gözlərim əbədi gözünə həsrət,

Qulağım bir şirin sözünə həsrət,

Özüm bu dünyanın özünə həsrət,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Bilmirəm gözlərin necədir senin ?

Saçların bir zulmət gecədir sənin,

Bilmirəm yaşını, neçədir sənin,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Çətin yollar keçdim, yaman yoruldum,

Sevgi bulağından içdim, duruldum,

Mən səni görmədim, sənə vuruldum,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Sən hardan gəlirsən, yolun haradır ?

Bəlkə də ürəyin, qəlbin yaradır,

Bəlkə taleyimtək saçın qaradır,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Bircə yol üzünə görməsəm də mən,

Yolunda bircə gül dərməsəm də mən,

Könül açıb, könül verməsəm də mən,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Dünya dağılmazki sən mənim olsan,

Gəlib ürəyimi, könlümü alsan,

Bəlkə bir yuxusan, şirin xəyalsan,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Sənə olan sevgim könül səsimdir,

Bir xəzan çağında yaz həvəsimdir,

Bilirəm, sən varsan mənim bəsimdir,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Mən yelkənsiz qayıq, sən uzaq ada,

Sən at belindəsən, mənsə piyada,

Bircə təsəllim var mənim dünyada,

Nə yaxşı sən varsan, sevirəm səni... 

 

Bu gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, şeirləri musiqi notları ilə qanadlanıb könüllər oxşayan əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlunun doğum günüdür.  Özü də adi doğum günü deyil, 70 illik yubileyidir. 

“Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik. 

 

Mənsimov Baba Vəzir oğlu 10 yanvar 1954-cu ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləmiş və 1971-ci ildə oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmişdir.

1972-1977-ci illərdə Universitetin jurnalistika fakültəsində təhsil almışdır.

Şair Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz" jurnalında çap etdirdiyi hekayələri ilə başlamışdır.

Nasir, şair, tərcüməçi, kinodramaturq kimi fəaliyyət göstərən Baba Vəziroğlu 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycan Kinomotoqrafçılar ittifaqının idarə heyyətinin  katibidir.

Gəlin şairin böyük yaradıcıllıq ümmanına kiçik bir səfər edək.. 

 

 

Sevgi ayrılıqdan güclüdü vallah 

 

Mən uzaq səfərə yol alan gəmi,

Səni tərk edirəm bir liman kimi.

Qorxma ayrılıqdan burax əlimi,

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Dünyada nə qədər sevgi var bil ki,

Sən mənim dilimin əzəli, ilki.

Qorxma ayrılıqdan ölüm deyilki

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Sən hələ bilmirsən ayrılıq nədir

Hər səfər könlünü sıxır inlədir.

Ayrılan cisimdir, ruh səninlədir

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Sənsiz həyat deyil ömür gün mənə,

Tək sənsən ürəkdən yanan sən mənə.

Qorxma ayrılıqdan inan sən mənə,

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Qorxu intizar var ağlar gözündə

Neçə yalvarış var bircə sözündə.

Bir gün biləcəysən elə özün də

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Nə fərqi yaxınam yada uzağam

Hələki səninəm nə qədər sağam.

Ölsəm o dünyadan qayıdacağam

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Göz yaşı əbəsdi çıxıb gedəcəm

Könlümü odlara yaxıb gedəcəm.

Mən sənə, hamıya sübut edəcəm

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

 

Çıx qatar yoluna 

 

Çıx qatar yoluna bahar gələndə,

Mən sənə çiçəkli bahar göndərim.

Vüsal meyvəsindən dada bilmədik,

Sənə hər meyvədən nübar göndərim... 

 

Çıx qatar yoluna payız olanda,

Uçan durnalarla salam yetirim.

Çıx qatar yoluna qaş qaralanda,

O qərib axşami , qəmi itirim... 

 

Çıx qatar yoluna külək əsəndə,

Dağılan saçını darayım sənin.

Çıx qatar yoluna, səni itirsəm,

Bilim ki, mən harda arayım səni... 

 

Çıx qatar yoluna yağış yağanda

Başının üstündə çətir tutaram.

Çıx qatar yoluna, elə özüm də

Mənzilə yetməyən qərib qataram... 

 

Çıx qatar yoluna hər axşam, səhər,

Çıx qatar yoluna, məni qarşıla.

Bəlkə bir ömürlük çəkdi bu səfər,

Mən gələ bilmədim, məni bağışla...

 

 

Bağışladım 

 

Olan oldu keçdi deyib,

Səni yenə bağışladım.

Sevdim səni bircə kərə,

Dönə-dönə bağışladım. 

 

Bağışladım səni yenə,

Bağışladım dönə-dönə.

Tanrı səni verən günə,

Sevən günə bağışladım. 

 

Səninlə bir keçdiyimiz,

Dilləndi hər cığır,hər iz.

Bir yerdə and içdiyimiz,

Aya-günə bağışladım. 

 

Doğma əziz bir küçəyə,

Sənsiz ötən hər gecəyə.

Boynu bükük bir çiçəyə,

Solan günə bağışladım. 

 

Bu dünyada onu bilki,

Sən eşqimin sonu,ilki.

Səndən başqa kimim varki ?

Səni sənə bağışladım.

 

 

Hava haqqında 

 

Havadan danışır bir gözəl xanım.

“Yağış yağacaqdır, qar yağacaqdır.

Gah günəş çıxacaq, gah ay doğacaq,

Havalar tutulub-açılacaqdır”. 

 

Mənim günəşim də, ayım da sənsən,

Onu sinoptiklər nə bilir axı?.

Sən bir az qıyqacı baxanda mənə,

Mənim gözlərimdə ildırım çaxır. 

 

Bir güllü-çiçəkli bahar günündə,

Soyuq baxışınla qış gəlir sənin.

Mənim taleyimə yağışlar, yağır

Elə ki gözünə yaş gəlir sənin. 

 

Söz var dolu kimi yağır başıma,

Söz var-duman olub yolumu kəsir.

Məndən inciyəndə, məndən küsəndə,

Qəlbimə sopsoyuq küləklər əsir. 

 

Səni gözləyirəm, hələ bilmirəm

Yağış yağacaqmı, qar yağacaqmı,

Mənim bu eşqimin səmalarında,

Havalar tutulub-açılacaqmı? 

 

Havadan danışır bir gözəl xanım.

Hardasa qar tökür, ya yağış yağır,

Hardasa ay batır, ya günəş çıxır,

Mənim günəşim də, ayım da sənsən,

Onu sinoptiklər nə bilir axı?!

 

 

Gecdir daha 

 

Yadındamı, onda dünya gözəl idi,

O məhəbbət hər sevgidən əzəl idi.

Keçdi şirin çağlar,

Soldu yaşıl bağlar,

Xatirələr ağlar,

Gecdir daha! 

 

Yadındamı, o məhəbbət dəniz idi,

O duyğular hər duyğudan təmiz idi,

Soyuq yellər əsdi,

İllər yolumu kəsdi,

Xatırladıq bəsdi,

Gecdir daha! 

 

Xatirələr çağırsa da hara gedim?

Yadındamı mən səninlə xoşbəxt idim,

Olan oldu, keçdi,

Bu xəyallar heçdi,

Bir də sevmək gecdir,

Gecdir daha! 

 

 

Xatirədir 

 

Yenə yanır bu ocaq,

Yanıb, külü qalacaq.

Bilmirəm nə olacaq,

Olanı xatirədir... 

 

Qar yağır narın-narın,

Üzü gülür dağların.

Bu yaşıl yarpaqların

Solanı xatirədir... 

 

Ay çəmənin çiçəyi,

Niyə soldu ləçəyin?

Bu dünyanın gerçəyi,

Yalanı xatirədir... 

 

Niyə çıxdıq yola biz,

Coşub-daşır bu dəniz.

Bir adadır sevgimiz,

Hər yanı xatirədir... 

 

Xəyaldı, yoxsa yalan,

Gəlib keçdi nə zaman?

Sevginin ömrü bir an,

Qalanı xatirədir...

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunub. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Vaqif Sultanlı məlumat verib. 

 

“İnsan dənizi” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan əvvəl yazıçının eyniadlı romanı tanınmış türkoloq Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda (2014) və Zəncanda (2015) kütləvi tirajla yayınlanıb. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının İrəc İsmayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıcdan günümüzədək” antologiyası da İranda işıq üzü görüb.

 

KİTAB NƏDƏN BƏHS EDİR? 

Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışıb, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu real, gerçək lövhələrlə yarada bilib. Romanda dolayısı ilə sovet siyasi rejimi dönəmində dəyərlər sisteminin dağılması ilə insanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyi faciələr inandırıcı cizgilərlə canlandırılıb.

 

Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən “İnsan dənizi” romanı çeşidli dillərə tərcümə olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də sözlərinə musiqi bəstələnməsəydi Baba Vəziroğlunun şairlik taleyi elə də parlaq olmazdı. Onu yaddaşımızda yaşadan, ürəklərimizə gətirən nəğməyə çevrilən şeirləri oldu... 

 

"Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm. Bir az özümə qapalı adamam, həmişə istəmişəm ki, sakitcə başımı aşağı salım, öz işimlə məşğul olum, dərdimi çəkim, sevincimi yaşayım. Amma birdən gəlib şöhrət tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən asıl olmayıb. Və profilimə uyğun olmayan hansı verilişdə, tədbirdə məni görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan irəli gəlir, mən ürək qıra bilmirəm. Əlbəttə, bəzən yalan danışmalı oluram. Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən verilişin adını eşidəndə deyirəm ki, İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər etsəm də alınmır. Nə mövqeyimə, nə profilimə, nə də ictimai yerimə dəxli olmayan o verilişlərdə məcburən iştirak edirəm. Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə yaxşı ki, mən qadın olmamışam, Allah bilir, sorağım haradan gələrdi. Amma narazı da deyiləm bu mənada. Qoy, mənim lap hörmətim düşsün, qoy desinlər onun orada nə işi var, amma bu, kiminsə ürəyini qırmaqdan yaxşıdır. Mən ürək qırmağın düşməniyəm…"- söyləyir.

 

Çox xarizmatik adamdır. Özünəməxsus xüsusiyyətləri var. Sakit adam təəssüratı yaratsa da, əslində çox coşqun təbiətlidir. Deyib gülməyi, zarafatı xoşlayır.  

 

Deyir ki,- "İstəyirəm ki, mən öləndə şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə dəfn etsinlər. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın..."

 

Qibtə olunası zənginlik içində yaşamayıb, amma etiraf edir ki, keçmişinə nəzər salanda mənəvi baxımdan çətinliklərlə dolu, çox maraqlı, rəngarəng və zəngin bir ömür yaşayıb. Bunun üçün özünü xoşbəxt sanır. Nə keçmişin xiffətini çəkir, nə də gələcəyə tələsir. Bu gününü elə yaşayır ki, xoş xatirələrlə dolu bir keçmişə çevrilə bilsin və o dünyaya alnıaçıq getsin. Gələcək haqqında çox düşünməyə qorxur, məşhur filmdə deyildiyi kimi, Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış. Keçmişin xiffətini çəkmək bədniyyət adamların peşəsidir- söyləyir. Gələcək haqqında çox düşünməyi xəyalpərəstlik əlaməti hesab edir. Praqmatik və realist adamdır...

 

"Pisniyyətli adamın bircə yaxşı sözünə də bəzən aldana bilirəm, xeyirə, yaxşılığa xidmət edən şairəm. Odur ki, gözümdə hamını yaxşı görmək istəyi bəzən uğursuzluqla nəticələnir. Həyat məni öyrədə bilməyib, yəqin ki, hələ kifayət qədər böyüməmişəm. Nə yaxşı ki, böyüməmişəm, içimdəki uşaqlıq saflığının kiçik bir ərazisini də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində müdrikləşə bilsin. İnsan ömür boyu özündən nağıllar uydurur və özünü həmin nağıllara inandırmağa çalışır. Bilir və dərk edir ki, hardasa bunların hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də yaşamaq mümkünsüz olar."- söyləyir…

 

Bəli, bizi yaşamağa vadar edən, içimizdə həyat eşqi yaradan xəyallarımızda qurduğumuz nağıllardır. Guya belə etsək, elə olar, elə etsək belə. Amma fərqinə varmırıq ki, Allahın öncədən bizim üçün yazdığı ssenarinin oyunçularıyıq...

 

Bu gün nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Baba Vəziroğlunun 70 yaşı tamam olur. Ona möhkəm cansağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq. Çox yaşa, ŞAİR!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə, 10 Yanvar 2024 09:30

Apellyasiya Komissiyasının iclası yekunlaşıb

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin direktorlar və direktor müavinləri üzrə keçirilmiş müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Komissiyasının iclası keçirilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda direktor vəzifəsi üzrə namizədlər Həsənli Nərgiz İlqar qızı, Mustafazadə Aslan Rafiq oğlu, Ağayev Ramin Heydər oğlu, Həsilova Günay Məmməd qızı nəticələrinə yenidən baxılmışdır. 4 namizəddən 1 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 3 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.

 

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilmişdir.

 

Qərara əsasən Həsənli Nərgiz İlqar qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciəti təmin edilmişdir.

 

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Xəbər verdiyimiz kimi, ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il iyulun 18-dən noyabrın 29-dək keçirilmiş film layihələri müsabiqəsinin nəticələri elan olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, kinemayoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə seçilməmiş, lakin ssenarilərin inkişaf proqramına yönləndirilmiş layihələrlə bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində Ssenari laboratoriyası yaradılmış, tanınmış türkiyəli rejissor və ssenarist Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək sözügedən layihələrin ssenarinin inkişaf proqramı çərçivəsində müzakirələri həyata keçirilmişdir.

Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılmışdır. Yanvarın 8-də Apellyasiya komissiyasının ilk iclası keçirilib.

Komissiya üzvləri Apellyasiya komissiyasına təqdim olunan layihələrlə bağlı fikir və təkliflərini səsləndiriblər. Bəzi layihənin təkmilləşdirilməsi, rejissor işi ilə bağlı təkliflərin verilməsi, əlavə və dəyişiklərin labüdlüyü diqqətə çatdırılıb.

İclasda komissiyanın növbəti toplantısının yanvar ayının ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 17:20

Səni unutmadıq!

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün onun vəfat etməsinin növbəti ildönümüdür. Onu şərəflə anırıq! 

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.

Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.

 

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı:

Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olmuşdur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:

“Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov" avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı".

Onun boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkirdi. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorxurdu. Lakin, atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. 1992-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra xəstəxanaya tələsmədi.

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı. Ondan müsahibə götürəcəkdi. O, evdən hərbi forma geyinib çıxmışdı. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi, ön cəbhədə oldular, əsgərlərlə təmas qurdular. 

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30–14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ. Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir. 

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilir. Bax belə bir acı sonluq. 

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu öndər çıxışlarının birində: “Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur? Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir” - demişdi.

 

Ulu Öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılsa da, hekayə janrına müraciət olunmamışdı. Zahirə Dadaşova uşaqlar üçün bu zəruriyyəti dərk edərək ulu öndərin 100 illik yubileyinə “Böyük Azərbaycanlı” kitabını yazaraq töhfə verdi. Dahi şəxsiyyət haqqında yazılan hekayələr real tarixi hadisələrə əsaslanmaqla onun şanlı həyat yolunu oxuculara daha yaxından tanıdacaq, ümummilli liderin şəxsiyyəti və ömür yolu nümunəsi əsasında uğurlar əldə etməyə imkan verəcəkdir.

2023-cü il Heydər Əliyev İlində, təqvimin son ayında kitabın təqdimatı təkcə F.Köçərli adına Respublika Uşaq kitabxanasında deyil, liseylərdə və Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Qazax, Sabirabad Mərkəzi Kitabxanalarının oxucuları üçün də keçirildi.

Keçirilən təqdimatlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirdə mədəniyyət işçiləri, məktəblilər, fəal oxucular və kitabxana əməkdaşları iştirak ediblər. Uşaqlar ssenari üzrə kitabdakı hekayələr əsasında kitabdan hekayələri səsləndirib, ulu öndərə həsr olunmuş şeirlər və mahnılar oxuyublar. Sonda müəllif çıxış edərək, kitabı yazmaqda məqsədinin ulu öndərin keçdiyi həyat yolunu bir nümunə olaraq uşaqlara göstərmək, milli mənəvi dəyərlərimizin qoruyucusu kimi ən yüksək keyfiyyətlərini təqdim etmək olduğunu bildirmişdir. Təqdimat ulu öndərə həsr olunmuş “Heydər zirvəsi” hekayəsi əsasında hazırlanmış slaydın nümayişi və xatirə şəkillərinin çəkilişi ilə başa çatmışdır. Kitabxanaçı – oxucu münasibətində kitabxanaların devizi budur: Gəin oxuyaq, özümüzü, dünyamızı, tariximizi kəşf edək.

Qeyd etmək istərdim ki, hekayələr ilk dəfə bizim “Ədəbiyyat və incəsənət” portalında yayımlanaraq çoxlu oxucu qazanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.