Yadındamı, mən səninlə xoşbəxt idim... Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Gözlərim əbədi gözünə həsrət,

Qulağım bir şirin sözünə həsrət,

Özüm bu dünyanın özünə həsrət,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Bilmirəm gözlərin necədir senin ?

Saçların bir zulmət gecədir sənin,

Bilmirəm yaşını, neçədir sənin,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Çətin yollar keçdim, yaman yoruldum,

Sevgi bulağından içdim, duruldum,

Mən səni görmədim, sənə vuruldum,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Sən hardan gəlirsən, yolun haradır ?

Bəlkə də ürəyin, qəlbin yaradır,

Bəlkə taleyimtək saçın qaradır,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Bircə yol üzünə görməsəm də mən,

Yolunda bircə gül dərməsəm də mən,

Könül açıb, könül verməsəm də mən,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Dünya dağılmazki sən mənim olsan,

Gəlib ürəyimi, könlümü alsan,

Bəlkə bir yuxusan, şirin xəyalsan,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Sənə olan sevgim könül səsimdir,

Bir xəzan çağında yaz həvəsimdir,

Bilirəm, sən varsan mənim bəsimdir,

Nə yaxşı sən varsan, sevirəm səni. 

 

Mən yelkənsiz qayıq, sən uzaq ada,

Sən at belindəsən, mənsə piyada,

Bircə təsəllim var mənim dünyada,

Nə yaxşı sən varsan, sevirəm səni... 

 

Bu gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, şeirləri musiqi notları ilə qanadlanıb könüllər oxşayan əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlunun doğum günüdür.  Özü də adi doğum günü deyil, 70 illik yubileyidir. 

“Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik. 

 

Mənsimov Baba Vəzir oğlu 10 yanvar 1954-cu ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləmiş və 1971-ci ildə oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmişdir.

1972-1977-ci illərdə Universitetin jurnalistika fakültəsində təhsil almışdır.

Şair Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz" jurnalında çap etdirdiyi hekayələri ilə başlamışdır.

Nasir, şair, tərcüməçi, kinodramaturq kimi fəaliyyət göstərən Baba Vəziroğlu 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycan Kinomotoqrafçılar ittifaqının idarə heyyətinin  katibidir.

Gəlin şairin böyük yaradıcıllıq ümmanına kiçik bir səfər edək.. 

 

 

Sevgi ayrılıqdan güclüdü vallah 

 

Mən uzaq səfərə yol alan gəmi,

Səni tərk edirəm bir liman kimi.

Qorxma ayrılıqdan burax əlimi,

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Dünyada nə qədər sevgi var bil ki,

Sən mənim dilimin əzəli, ilki.

Qorxma ayrılıqdan ölüm deyilki

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Sən hələ bilmirsən ayrılıq nədir

Hər səfər könlünü sıxır inlədir.

Ayrılan cisimdir, ruh səninlədir

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Sənsiz həyat deyil ömür gün mənə,

Tək sənsən ürəkdən yanan sən mənə.

Qorxma ayrılıqdan inan sən mənə,

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Qorxu intizar var ağlar gözündə

Neçə yalvarış var bircə sözündə.

Bir gün biləcəysən elə özün də

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Nə fərqi yaxınam yada uzağam

Hələki səninəm nə qədər sağam.

Ölsəm o dünyadan qayıdacağam

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Göz yaşı əbəsdi çıxıb gedəcəm

Könlümü odlara yaxıb gedəcəm.

Mən sənə, hamıya sübut edəcəm

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

 

Çıx qatar yoluna 

 

Çıx qatar yoluna bahar gələndə,

Mən sənə çiçəkli bahar göndərim.

Vüsal meyvəsindən dada bilmədik,

Sənə hər meyvədən nübar göndərim... 

 

Çıx qatar yoluna payız olanda,

Uçan durnalarla salam yetirim.

Çıx qatar yoluna qaş qaralanda,

O qərib axşami , qəmi itirim... 

 

Çıx qatar yoluna külək əsəndə,

Dağılan saçını darayım sənin.

Çıx qatar yoluna, səni itirsəm,

Bilim ki, mən harda arayım səni... 

 

Çıx qatar yoluna yağış yağanda

Başının üstündə çətir tutaram.

Çıx qatar yoluna, elə özüm də

Mənzilə yetməyən qərib qataram... 

 

Çıx qatar yoluna hər axşam, səhər,

Çıx qatar yoluna, məni qarşıla.

Bəlkə bir ömürlük çəkdi bu səfər,

Mən gələ bilmədim, məni bağışla...

 

 

Bağışladım 

 

Olan oldu keçdi deyib,

Səni yenə bağışladım.

Sevdim səni bircə kərə,

Dönə-dönə bağışladım. 

 

Bağışladım səni yenə,

Bağışladım dönə-dönə.

Tanrı səni verən günə,

Sevən günə bağışladım. 

 

Səninlə bir keçdiyimiz,

Dilləndi hər cığır,hər iz.

Bir yerdə and içdiyimiz,

Aya-günə bağışladım. 

 

Doğma əziz bir küçəyə,

Sənsiz ötən hər gecəyə.

Boynu bükük bir çiçəyə,

Solan günə bağışladım. 

 

Bu dünyada onu bilki,

Sən eşqimin sonu,ilki.

Səndən başqa kimim varki ?

Səni sənə bağışladım.

 

 

Hava haqqında 

 

Havadan danışır bir gözəl xanım.

“Yağış yağacaqdır, qar yağacaqdır.

Gah günəş çıxacaq, gah ay doğacaq,

Havalar tutulub-açılacaqdır”. 

 

Mənim günəşim də, ayım da sənsən,

Onu sinoptiklər nə bilir axı?.

Sən bir az qıyqacı baxanda mənə,

Mənim gözlərimdə ildırım çaxır. 

 

Bir güllü-çiçəkli bahar günündə,

Soyuq baxışınla qış gəlir sənin.

Mənim taleyimə yağışlar, yağır

Elə ki gözünə yaş gəlir sənin. 

 

Söz var dolu kimi yağır başıma,

Söz var-duman olub yolumu kəsir.

Məndən inciyəndə, məndən küsəndə,

Qəlbimə sopsoyuq küləklər əsir. 

 

Səni gözləyirəm, hələ bilmirəm

Yağış yağacaqmı, qar yağacaqmı,

Mənim bu eşqimin səmalarında,

Havalar tutulub-açılacaqmı? 

 

Havadan danışır bir gözəl xanım.

Hardasa qar tökür, ya yağış yağır,

Hardasa ay batır, ya günəş çıxır,

Mənim günəşim də, ayım da sənsən,

Onu sinoptiklər nə bilir axı?!

 

 

Gecdir daha 

 

Yadındamı, onda dünya gözəl idi,

O məhəbbət hər sevgidən əzəl idi.

Keçdi şirin çağlar,

Soldu yaşıl bağlar,

Xatirələr ağlar,

Gecdir daha! 

 

Yadındamı, o məhəbbət dəniz idi,

O duyğular hər duyğudan təmiz idi,

Soyuq yellər əsdi,

İllər yolumu kəsdi,

Xatırladıq bəsdi,

Gecdir daha! 

 

Xatirələr çağırsa da hara gedim?

Yadındamı mən səninlə xoşbəxt idim,

Olan oldu, keçdi,

Bu xəyallar heçdi,

Bir də sevmək gecdir,

Gecdir daha! 

 

 

Xatirədir 

 

Yenə yanır bu ocaq,

Yanıb, külü qalacaq.

Bilmirəm nə olacaq,

Olanı xatirədir... 

 

Qar yağır narın-narın,

Üzü gülür dağların.

Bu yaşıl yarpaqların

Solanı xatirədir... 

 

Ay çəmənin çiçəyi,

Niyə soldu ləçəyin?

Bu dünyanın gerçəyi,

Yalanı xatirədir... 

 

Niyə çıxdıq yola biz,

Coşub-daşır bu dəniz.

Bir adadır sevgimiz,

Hər yanı xatirədir... 

 

Xəyaldı, yoxsa yalan,

Gəlib keçdi nə zaman?

Sevginin ömrü bir an,

Qalanı xatirədir...

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.