Super User
TDT hökumət başçılarının türkmən şairi Məhtimqulunun yubileyinə həsr olunmuş Zirvə görüşü olacaq
Böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə Aşqabadda Türk Dövlətləri Təşkilatı (TDT) hökumət başçılarının Zirvə görüşü və mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
AzərTAC türkmən KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabinetinin iclasında Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov məlumat verib. O qeyd edib ki, nazirlər səviyyəsində tədbirin bu ilin mayında, hökumət başçılarının Zirvə görüşünün isə oktyabrda keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Məhtimqulu Fəraqinin yubileyi münasibətilə Türkmənistan hökuməti elmi konfranslar, ədəbi axşamlar, film və tamaşaların nümayişini, həmçinin ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Rumıniya, İspaniya, Almaniya və digər ölkələrdə yaradıcılıq həftələrinin təşkilini planlaşdırır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov hökumətə böyük şairin yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb.
“Ədəbiyyat və incəsənət”
(08.01.2023)
Şərəbanu necə xatircəm oldu
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu günün lətifəsini təqdim edirəm. Hadisələr vaqe olur Elmlər Akademiyasının binasında.
Şərəbanu akt zalında keçirilən iclasa qatılır. Məruzəçi olan akademik Şahgəldiyev söyləyəndə ki “yüz on yeddi milyon ildən sonra yer kürəsində həyat yox olacaq”, Şərəbanu yerindən dik atılıb təlaşla soruşur:
-Neçə? Siz neçə dediniz?
Akademik Şahgəldiyev təəccüblə qadına baxıb deyir:
-Yüz on yeddi milyon ildən sonra.
Şərəbanu dərindən ah çəkib deyir:
-Şükür sənə, ilahi. Mən yüz yeddi milyon eşitdim.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Köhnə radio
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən həyat radioda ifa olunan mahnılar kimidir. Dinləyəcəyin mahnıları idarə edə bilmirsən. Eynilə də həyatında baş verənləri.
Sevdiyin bir mahnının ifası başlayır, sən isə heç bitməyəcək kimi həmin mahnının səsini artırıb, sözlərin ahəngində qərq olarsan. Fəqət “hər başlanğıcın sonu olduğu kimi” bu mahnının da bitəcəyini bilməli və qəbullanmalısan. Elə olar ki, o mahnı bitər və heç sevmədiyin, dinləmədiyin bir mahnı çalmağa başlayar. Sən isə təəssüflənər, ya radionun başından qalxmaq, söndürmək, ya da səsini qısmaq istəyərsən. Amma hər başlanğıcın sonu olduğu kimi, hər son dediyimizin də başlanğıcını gözardı etməməlisən. Həmin an mahnını söndürsən, ondan sonra radionun sənin üçün çalacağı mahnılarından xəbərsiz olarsan.
Həyatda isə baş verən neqativliklərin sizi öz burulğanında boğmasına icazə verməməli, ruhunuzu təslim etməməlisiniz. Xoşbəxtlik dediyimiz hadisələr radioda ruhumuza oxşayan mahnılara, bədbəxtlik dediyimiz isə, bunun əksi olaraq dinləməkdən qaçdığımız, ruhumuza xitab etməyən mahnılardır..
Ruhunuz hər zaman dinləmək istədiklərinizi eşitməyəcək. Elə olacaq ki, sizin dinləməkdən qaçdığınız mahnıları eşitməyə can atacaq sizdən qeyriləri. Həyat isə, bəzilərinin xoşbəxtliyi, digərinin bədbəxtliyi, digərinin sonu, obirinin başlanğıcı olacaq bir yerdir. Radio sizin üçün həmişə istədiyiniz mahnıları çalmayacaq, həmçinin istəmədiyinizi. Necə ki, mahnılar döngü olaraq çalınır, eynilə də həyatda istədiyimiz və istəmədiyimiz hadisələr baş verir. Heç bitməyəcək və heç başlamayacaq kimi yaşamayın. Həyat ucu bucağı bilinməyən dənizin sularıdırsa, o suya atılmazdan əvvəl, üzməyi öyrənin. Öyrənin ki, burulğanında və dalğalarında qərq olmayasınız...
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
“Xalqın mədəni sərvəti” adlı sənət layihəsinə başlanılır
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı sənət layihəsi keçiriləcək.
AzərTAC xəbər verir ki, əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.
Layihə çərçivəsində yanvarın 8-dən 14-dək dünyaşöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil ediləcək.
Layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunacaq.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb
Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabı türk dilində nəşrə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova hazırlayıb.
Nəşrin redaktoru Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovdur.
Bu araşdırma dünyanın müxtəlif yerlərində yaşayan türk xalqları ilə bağlı qısa xülasəsidir. Oxucu bu kitabça ilə türk xalqlarının yaşadıqları geniş coğrafiyaya “səyahət” edəcək.
Nəşrdə qeyd edilir ki, böyük tarixi keçmişi olan türklər müəyyən dövrlərdə dünyanın müxtəlif yerlərində yaşayıb və böyük izlər qoyublar. Türk xalqları dünyanın ən qədim və köklü xalqlarından biridir, böyük tarixi və mədəni irsə malikdir. Başqa xalqlar müəyyən ərazidə yaşadıqları halda, türklər dünyanın müxtəlif yerlərində yaşamışlar və hazırda da yaşamaqdadırlar. Nəşrdə dünyada təxminən 300 milyondan çox türkün yaşadığı vurğulanır. Bildirilir ki, qloballaşma və digər dünya xalqları ilə inteqrasiyanın genişlənməsi türklərin öz tarixi yerlərindən daha geniş ərazilərə yayılmasına səbəb olub. Bu gün türkdilli xalqlar müxtəlif qitələrdə yaşayırlar.
Kitabda türk xalqlarının hər biri haqqında ayrıca məlumat verilir. Bu kitabçada əlavə interaktiv məlumatlar da yer alıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
İnsani münasibətlər haqda - ESSE
Hümbət Həsənoğlu, “Ədəbiyyat və incəsənət” üçün
İnsanlar bir-birinə bağlıdırlar. Düşünürsünüz ki, qohumlar, dostlar bir-birinə polad məftillərlə bağlıdırlar, qalanları bərk iplərlə? Belə düşünmək rahatlıq və xoşbəxtlik gətirir, belə düşünməkdə də davam edin. Bunun məhz belə olduğuna inanın.
Bu inam həyatınızda ən böyük dəstəyiniz olacaq. Amma heç vaxt bu iplərin sarsılmazlığını sınamayın. Ümid edin, inanın, amma sınamayın.
Çünki insanları, hətta yaxınları həqiqətdə bir-birinə bağlayan adi saplardır. Hə, adi pambıq saplar.
Bir kəskin söz və ya hərəkətdən o sapların asan qırılacağını görüb təəccüblənməyin də. Belədir. Bu haqda çox düşünüb özünüzü heç yormayın. Dəyərli vaxtınızı bu haqda fikirlərə də sərf etməyin, barışın və qəbul edin.
Bu səbəbdən sizi insanlara, fərqi yoxdur, doğma, yaxud yad insanlara bağlayan o saplarla çox ehtiyatla davranın. Sözünüzdə də, əməlinizdə də sabitqədəm olun.
Düzdür, o qırılan sapları təkrar bağlamaq olur, amma nə qədər yaxşı bağlamaq istəsəniz də, düyün yerləri həmişə qalacaq və görünəcək, özünüzü görməzliyə vursanız da, görünəcək və hər dəfə o düyünə görə təəssüflənəcəksiniz.
Bu yazımı da ehtiyatla bitirirəm, çünki sizlərə də nə ilə bağlandığımın fərqindəyəm.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
İngiltərənin “Blue” qrupu ilk dəfə Bakı səhnəsində çıxış edəcək
İngiltərənin əfsanəvi “Blue” qrupu ilk dəfə Bakıda çıxış edəcək.
Konsert 2024-cü il fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.
“Blue” İngiltərənin kişilərdən ibarət qrupudur, onun mahnılarından ibarət albom 7,9 milyon ümumi tirajla satılıb. Qrupun tərkibinə Dunkan Ceyms, Entoni Kosta, Li Rayan və Saymon Vebb daxildir. Qrup Elton Conun məşhur “Sorry Seems to Be the Hardest Word” mahnısını ifa etdikdən sonra bütün dünyada tanınıb.
Qrup “BRIT Awards 2002”də “Best Newcomer”, “Smash Hits Awards”da “Best Newcomer” , eləcə də “Capital FM Awards”da “Best Single”, “Best Newcomer” və “Best Pop Act” kimi çoxsaylı mükafatlara layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Zamiq Hüseynov Gəncə Dövlət Filarmoniyasında konsert verəcək
Populyar estrada müğənnisi Zamiq Hüseynov fevralın 2-də Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.
Gənclər Gününə həsr olunacaq konsertdə populyar müğənni sevilən mahnılarını səsləndirəcək.
“Uçduq”, “Sən necə də gözəlsən”, “Retro”, “Bu şəhəri çox sevirəm”, “Karaoke” albomların müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla sevənlərinin qarşısında çıxış edəcək.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
26-cı hissə
Radikal müsəlman
Tural bəzən saatlarca danışardı. İslam dinini kifayət qədər dərindən bilirdi, hətta ona teoloq da demək mümkün idi. Bu söhbətlər Ülkəri hədsiz dərəcədə maraqlandırırdı, Turalı dinləməkdən usanmırdı.
Banu qardaşı ilə qürrələnir, “Turalın adamı olsa, indi Qafqaz Müsəlmanları İdarəsində, yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində başda əyləşərdi. Ərəb əlifbasını belə bilməyənlər ruhani başbilənləri olublar. Heyif Turaldan. Bu qədər dərin biliklərlə çürüyüb gedir burda”.
Bəzən Ülkər Turalı sual atəşinə tutur, Tural da həvəslə sualları cavablandırırdı:
-- Tural, bəs dinimizin adının mənşəyi nədir?
-- Ülkərcik, "İslam" adı, s-l-m kökündən törənmişdir, təbiidir ki, ərəb sözüdür. Bu kökün ümumi olaraq qəbul edilən üç anlamı vardır:sülh, salam, bir də boyun əymək, itaət etmək. İslam yeganə Allaha itaət etmək deməkdir.
-- Tural, İslam dininə tapınan insan əsas nələri eləməlidir?
-- Ülkərcik, İslam dininin beş əsas şərti var. Bunlardan birinci və ən mühüm olanı "La İlahə İlləllah va Muhammədən Rasullulah, səllallahu əleyhim və alihi və səlləm", yəni "Allahdan başqa ilahi yoxdur, Məhəmməd Onun rəsuludur" sözü ilə ifadə olunan şəhadətdir. İkincisi müsəlmanın gündə beş dəfə dua etməsini nəzərdə tutan salavati-zikrdir, yəni namazdır. Üçüncüsü ehtiyacı olan yoxsul müsəlmanların nəfinə vergi vermək, yəni zəkatdır. Dördüncüsü müqəddəs ramazan ayı ərzində oruc tutmaqdır. Və ən nəhayət, beşincisi hər bir müsəlmanın həyatında heç olmasa bir dəfə yerinə yetirməli olduğu həcdir, yəni Məkkə ziyarətidir.
--Tural, bəs İslamın əsas ehkamı hansılardır?
-- Ülkərcik, İslamın əsas ehkamı tövhiddir, nübuvvətdir və məaddır.
--Tural, əsla eşitməmişəm bu sözləri. Mənalarını anladarsanmı?
--Ülkərcik, tövhid -- Allahı ibadətə layiq olan yeganə haqq bilməkdir. Bu, özündə həm də Allahın adil olmasını ehtiva edir, yəni Allah hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət –sonuncusu Məhəmməd peyğəmbərimiz (s.) olmaqla yüz iyirmi dörd min peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə iman gətirməkdir, mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə iman gətirməkdir, müqəddəs Qurana iman gətirməkdir. Nübuvvət həm də İslamın şiəməzhəbində Məhəmməd peyğəmbərin (s.) Əhli-beytindən olan və Allah tərəfindən təyin olunan canişinlərin, yəni ki, on iki imamınhaqq olduğuna iman gətirməkdir. O ki qaldı məada, məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirilərək Allah qarşısında hesab verməsinə iman gətirməkdir.
--Tural, müsəlman çoxdur, yoxsa xaçpərəst?
--Ülkərcik, əlbəttə xaçpərəst. İslam dini xristian dinindən sonra ikinci yerdə gəlir, dünyada təqribən iki milyarda yaxın insan İslam dininə beyət edir.
--Ən çox müsəlman hansı ölkədədir, görən? Türkiyədə, İranda?
--Əsla yox. Ən böyük müsəlman ölkəsi İndoneziyadır, bütün müsəlmanların təqribi on üç faizi orda yaşayır.
--Bəs sünni çoxdur, yoxsa şiə?
--Əlbəttə sünni. Müsəlmanların səksən beş fazi sünni, cəmi on beş faizi şiədir.
--Azərbaycanda amma, elə bil ki, şiə daha çoxdur.
--Bunun rəsmi statistikası aparılmayıb. Amma, məncə də, elədir.
Tural bəzən Ülkərlə Banunu qarşısında əyləşdirib çay süfrəsi arxasında saatlarla onlara universitetdə müəllim tələbəyə mühazirə deyirmiş kimi mühazirə deyirdi. Kitab cümlələrini sanki əzbərləyibmiş kimi elə səlis, ahəngdar səsləndirirdi ki o:
--Müasir beynəlxalq münasibətlərdə və dünya siyasətində İslam dünyası çox müxtəlif dövlət və qeyri-dövlət, o cümlədən antisistem iştirakçıları vasitəsilə təmsil olunub. Bu isə, öz növbəsində, beynəlxalq və regional səviyyələrdə İslam amilinin ziddiyyətli təzahürlərini yaratmış olur. Bu amillərin ciddi araşdırılması və nəzəri dərk edilməsi həyata keçirilmədən müasir dünya siyasi prosesinin xüsusiyyətləri barədə tam təsəvvürün formalaşması mümkün deyil.Məlum olduğu kimi, son onillikdə İslam dünyasında inteqrasiya prosesləri geniş vüsət almağa başlamışdır, bunun nəticəsi olaraq da İslam amilinin rolu dünya siyasətində və iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artmışdır. Hazırda İslam dini birliyi şəklində fəaliyyət göstərən çox iri, nüfuzlu qurumlar vardır. Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, OPEK, Fars Körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası və sair. Türkiyənin, İranın, Pakistanınvə aparıcı ərəb dövlətlərinin təşkil etdiyi “İslam səkkizlik" ölkələrinin beynəlxalq aləmdə ciddi iqtisadi və beynəlxalq-siyasi təsir vasitəsinə çevrilməsi də əsas mövzudur. Bu cür hadisələr İslam dünyasının dünya siyasətinin vahid, kollektiv subyekti olub, yoxsa ki, olmaması haqqında müzakirələrin yaranmasına geniş meydan yaradır. Və bizlər çalışmalıyıq ki, bu subyektlik bərqərar olsun.
Adama, həqiqətən, elə gəlirdi ki, Tural bunları hansısa bir kitabdan oxuyur:
-- Halbukibu məsələnin həlli üçün müxtəlif yanaşmanın irəli sürülməsi mümkün görünür. Birinci yanaşmanın tərəfdarları tamamilə əsaslı olaraq İslam dünyasını dünya siyasətinin konsolidə olunmuş faktoru qismində müəyyən edirlər. Bu fikrə əks duran digər yanaşma tərəfdarları isə əsas diqqəti ona yönəldirlər ki, xarici siyasətdəhəddən artıq İslam dünyasında dağınıqlıq və öz müstəqil siyasətini həyata keçirməyə meyilli olan müxtəlif "islam" oyunçuları vardır.
Tural öz konsepsiyasını da işləyib hazırlamışdı, o, müsəlman dövlətlərinin bir bayraq altında – İslam bayrağı altında birləşməsini, vahid islam ordusunun yaradılmasını zəruri sayırdı, İslam ölkələrinin dünyada söz yiyəsinə çevrilməsini, dünya iqtisadiyyatına sahib çıxmalarını zəruri hesab edirdi.
Tural çox tez-tez “Suriya” sözünü işlədirdi, oradakı müharibə onu çox narahat edirdi, deyirdi ki, Suriyada iki dünya – xristian və müsəlman dünyası qarşı-qarşıyadır, hansının qalib gəlməsindən dünyanın gələcək düzəni çox asılıdır.
Tural digər dinlərdən olanlara əsla rəğbət göstərmir, yalnız müsəlmanları insan kimi qəbul edirdi. Ülkər belədə hiddətlənir, deyirdi ki,başqasına zülm edən, evlər yıxan, körpələri yetim qoyan müsəlman terrorçular var ha, onları sən necə kasıblara çörək verən, məktəblər, xəstəxanalar tikdirən, tələbələri oxutduran xristian filantroplardan üstün tutursan?
Ülkər deyirdi, rayonda bizim bir qonşumuz var idi, Marusya xala, xristian idi, amma o qədər mülayim, xoşsima adam idi ki, elə bilirdin xalandır, bibindir. Beləsi bizim bəzi ləçərlərdən (fikrində Rasimin anasını, Rəşid müəllimin arvadını tuturdu) min dəfə yaxşıdır.
Tural deyirdi, Ülkərcik, ən aşağıdakı müsəlman ən yuxarıdakı xristiandan üstün olmalıdır hər birimizçün. Deyirdi, hər birimiz panislamist olmalıyıq, yoxsa ki, xristian missionerlər gəlib burada yüz dollardan paylayıb insanlarımıza xristianlığı qəbul etdirirlər, bu, yolverilməzdir. Deyirdi, İrana qarşı sanksiya təşkil edən Amerika və Avropa mənim düşmənimdir, Fələstini bombalayan İsrail də həmçinin, uyğurları qıran Çin də həmçinin.
Ülkər dini ekstremizm və radikalizmin yaxşı bir nəticə verməyəcəyini, bu yönlü təmayülləri sevmədiyini açıq şəkildə bildirir, Turalla razılaşmırdı. Deyirdi, heç vaxt insanlara qarşı dini, irqi, milli ayrı-seçkilik etmək olmaz.
Ümumən isə Ülkər Turala simpatiya bəsləyirdi. Bu yaraşıqlı gəncin iri ala gözləri, uzun kirpikləri vardı, qıztək həyalı olması bir başqa aləm idi. Onun ən əsas cazibəsi isə Quranı ayə-ayə ərəbcə oxuyub təhlil etməsiydi. Ülkər bəzən nəfəs dərmədən bu təhlilləri dinləyir, bu müqəddəs səmavi Kitabın dərinliklərinə bələd olduqca quştək yüngülləşir, dərd-sərini belə unudurdu.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
POETİK QİRAƏTdə İntiqam Yaşarın “Ömürdən uzaqda bir kirayə tut” şeiri
Poetik Qiraətdə bu gün sizlərə istedadlı gənc şair İntiqam Yaşardan şeir təqdim edirik. Bəyənəcəyinizə əminik.
*
Ömürdən uzaqda bir kirayə tut,
Qapını tanıyan kəsin olmasın.
Divarlar ardında həmişəlik sus,
Kiməsə çatası səsin olmasın.
Səni sən olmaqdan, çoxdan çıxarıb,
Bu fil yorğunluğu, bu zindan acı.
Oxşa oxşadıqca o sərt süngünü,
Sol köksün üstünə tuşlanıb ucu.
Ömür çox qısadır, dar ipi kimi,
Həyatla aranda bir kötük qalır.
Yaxud da divara çiyin verirsən,
Yadında bir o səs, bir tətik qalır.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)