Köhnə radio Featured

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bəzən həyat radioda ifa olunan mahnılar kimidir. Dinləyəcəyin mahnıları idarə edə bilmirsən. Eynilə də həyatında baş verənləri. 

 

Sevdiyin bir mahnının ifası başlayır, sən isə heç bitməyəcək kimi həmin mahnının səsini artırıb, sözlərin ahəngində qərq olarsan. Fəqət “hər başlanğıcın sonu olduğu kimi” bu mahnının da bitəcəyini bilməli və qəbullanmalısan. Elə olar ki, o mahnı bitər və heç sevmədiyin, dinləmədiyin bir mahnı çalmağa başlayar. Sən isə təəssüflənər, ya radionun başından qalxmaq, söndürmək, ya da səsini qısmaq istəyərsən. Amma hər başlanğıcın sonu olduğu kimi, hər son dediyimizin də başlanğıcını gözardı etməməlisən. Həmin an mahnını söndürsən, ondan sonra radionun sənin üçün çalacağı mahnılarından xəbərsiz olarsan. 

Həyatda isə baş verən neqativliklərin sizi öz burulğanında boğmasına icazə verməməli, ruhunuzu təslim etməməlisiniz. Xoşbəxtlik dediyimiz hadisələr radioda ruhumuza oxşayan mahnılara, bədbəxtlik dediyimiz isə, bunun əksi olaraq dinləməkdən qaçdığımız, ruhumuza xitab etməyən mahnılardır..  

Ruhunuz hər zaman dinləmək istədiklərinizi eşitməyəcək. Elə olacaq ki, sizin dinləməkdən qaçdığınız mahnıları eşitməyə can atacaq sizdən qeyriləri.  Həyat isə, bəzilərinin xoşbəxtliyi, digərinin bədbəxtliyi, digərinin sonu, obirinin başlanğıcı olacaq bir yerdir. Radio sizin üçün həmişə istədiyiniz mahnıları çalmayacaq, həmçinin istəmədiyinizi. Necə ki, mahnılar döngü olaraq çalınır, eynilə də həyatda istədiyimiz və istəmədiyimiz hadisələr baş verir. Heç bitməyəcək və heç başlamayacaq kimi yaşamayın. Həyat ucu bucağı bilinməyən dənizin sularıdırsa, o suya atılmazdan əvvəl, üzməyi öyrənin. Öyrənin ki, burulğanında və dalğalarında qərq olmayasınız...

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.