Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Yaşıdlarım...


... xanım deyiləm ki, yaşı gizləyəm:

çiçəklə yaşıdam, yarpaqla yaşıd,

gülməyin, desəm ki, – “bayquş kimiyəm” –

bu dağla yaşıdam, o dağla yaşıd,

 

şagirdlər içində çəkilər adım,

Dədəmiz Qorqudla bir addımladım,

yol çəkir, körpülər salır övladım –

olsam da körpəcə uşaqla yaşıd,

 

qopub sarayımın xeyli kərpici,

başımda qoz qırıb vaxtın çəkici,

qaçqın əmlakıyam, didərgin köçü,

ocaqla yaşıdam, çıraqla yaşıd,

 

qərq olub əsrlər aparan gəmi,

dünya tarixinə saldım xəttimi,

xırdalar ucaltdım dikdaban kimi,

kotanla yaşıdam, çarıqla yaşıd,

 

atmışam – əllərim Günəşə çatıb,

ayağım altında zirvələr yatıb,

düşmənlər saldıqca millət ucaldıb –

Vətənlə yaşıdam, bayraqla yaşıd,

 

bir “Cəngi” çalınsın, olaq səfərbər,

cahillər vaxtını keçirər hədər,

dünyadan köçəndə yaşım bilinər –

qarışıb olaram torpaqla yaşıd...

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 13:00

Ölməz Kaşşeyin ölməkliyi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

GÜNÜN LƏTİFƏSİ

 

-Həyatım, bu platya məni kök göstərmir ki?

-Canım, bəs bu köynək məni keçəl göstərmir ki?

-Başa düşmədim, priçom tut köynək? Sən elə keçəlsən də.

-Eynən. Priçom tut platya?

 

 

GÜNÜN LÖVHƏSİ

 

Bizim klinikada “Ölməz Kaşşey” rəhmətə getmişdir. 

 

 

GÜNÜN ERMƏNİ MƏSƏLİ

 

Erməni xalqına o mif lazım deyil ki, onu milli ideyaya çevirmək mümkün olmasın! 

 

 

GÜNÜN ƏHVALATI

 

Çukça yerdən 100 dollar tapır, onu xeyli gözdən keçirib cırıb atır. 

Bunu görən digər çukça ondan soruşur:

-Sən niyə dolları cırıb atdın?

-Çünki saxtaydı.

-Nə bildin?

-Mal-zadam? Haçan görmüsən ki, 10 dollarda iki yox, üç dənə sıfır olsun? 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 12:15

Bir içimlik Musiqi - 2-ci yazı

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan Milli Konservatoriyası barədə qeydlər 

 

Azərbaycan Milli Konservatoriyasında Tələbə Gənclər Təşkilatı da (TGT) fəaliyyət göstərir. Təşkilata Ayxan İmanov başçılıq edir. Aktiv tələbələri öz ətrafına toplayıb, tələbələrlə bağlı olan tədbirlərə təşkilatçılıqdan tutmuş bir çox fəaliyyətlərdə yaxından iştirak edir. Ən sevindirici hallardan biri də odur ki, Siyavuş Kərimi mütəmadi olaraq tələbələrlə görüşlər keçirir, onların arzu istəklərini dinləyır, onlara imtahanqabağı motivasiya verəcək sözlər deyir, bütün problemləri yerində həll etməyə çalışır. Bir neçə dəfə rektorun tələbələrlə görüşündə də iştirak etdim və xoş təəsüratla ayrıldım.

Bu böyük sənət ocağının yaranma tarixi Heydər Əliyevlə bağlı olmuşdur.

Onun böyük inamı sayəsində yaranan Konservatoriyada fəaliyyətə davam edən kafedralardan tutmuş bütün inzibati işçilərə qədər hər kəs sənət naminə çalışmaqdadır.

Muğam (Xanəndə) kafedrasının müdiri xalq artisti Mənsum İbrahimovdan izn alıb bəzi dərsləri ustad dərsi kimi lentə alıram. Çəkiliş qrupuyla dərslərdə iştirak edirik. Kafedrada çalışan müəllimlər bu gün üçün Azərbaycan muğamının ustad sənətkarlarıdır. Bir neçə müəllimin dərslərində olub, lentə alırıq. Əməkdar artist İlkin Əhmədov,əməkdar artist Təyyar Bayramov, xalq artisi Mənsum İbrahimov, xalq artisti Zabit Nəbizadə, xalq artisti Aygün Bayramova, xalq artisti Nəzakət Teymurova, baş müəllim Vüqar Əliyev və digər ustadların dərslərində olduq.

Hərdən muğam dərslərində müəllimlərin qəzəllərə olan münasibətinə, sözlə musiqinin vəhdətinə elə aludə oluram ki, çəkiliş edəcəyim, yazacağım düşüncələrimə mane olur. Mən dahi Füzulinin qəzəllərinin muğama çevrilən vəhdətini özüm də hiss etmək istəyirəm. Tar ifasının müşayəti məni uzaq xatirələrə, babamın tar ifasına və dediyi qəzəllərə aparır.

Düşünürəm ki, yaradıcılıq və sənət sevgisi harda olsa belə adamı darda qoymur və gec-tez insanı öz arzularıyla baş-başa buraxır.

 Tərtəmiz, geniş, isti dəhlizlərdən, qapıdan, qarderobdan başlayan səliqə-səhmandan da bir neçə kəlmə demək istəyirəm. Səmimi və gülər üzlü inzbati işlər üzrə prorektorumuz Sevil Qasımzadə bu işlər üçün böyük əmək sərf edir və can yandırır. Çünki gözəl şərait, rahatlıq, istilik, işıq və bu kimi önəmli olan amillər təhsil ocağında çox vacibdir.

Azərbaycan Milli Konservatoriyasi elmi istiqamətdə də  fəaliyyyət göstərir.

 Onun nəzdində mütəmadi olaraq "Konservatoriya" adı altında elmi jurnal dərc olunur. Yüksək elmi qayda-qanunlara nizamlanmış bu jurnal elmi işlər üzrə prorektor Lalə Hüseynovanın rəhbərliyi altında işıq üzü görür. Konservatoriyada elmi laboratoriya da mövcuddur.

Azərbaycan Milli Konservatoriyasında tez-tez kafedraların müəllimlərinin təqdimatları keçirilir. Etnomusigişünaslıq kafedrası da elmi məqalələr çap etdirməklə yanaşı, dərsliklərini, metodiki vəsaitlərini nəşr etdirməkdə çox aktiv olan kafedralardan biridir.

Kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova bir neçə kitabla məni tanış edib, bu barədə geniş məlumat verdi. Bundan başqa Musiqinin Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri, əməkdar incəsənət xadimi Akif Quliyev də kafedrada keçirilən dissertasiya müdafiəsi  işləri barədə məlumat verdi.

Elm sahəsiylə yanaşı tədris şöbəsi, imtahan mərkəzi, Beynəlxalq Əlaqələr Departamenti ilə yaxından tanış oluram. Aygül Əhmədova kimi çox çalışqan bir xanımı tanıyıram. O, əcnəbi tələbələrlə tez-tez görüşlər keçirir, onların problemləri ilə məşğul olur, bir çox forum və tədbirlərdə mütəmadi olaraq iştirak edir, öz üzərində çalışır. Bütün görülən işlərin hesabatı və təqdimatı da əlbəttə ki, var. Azərbaycan Milli Konservatoriyasında Konsert - Yaradıcılıq və Kütləvi Tədbirlər Departamenti də fəaliyyət göstərir. Departamentin rəhbəri Riad Quliyevdir. Azərbaycan Milli Konservatoriyasının böyük zalında silsilə hesabat konsertləri keçirilir. Dirijorluq Kafedrasının Orkestr və xor kollektivlərinin təşkil etdiyi konsertləri xüsusı vurğulamaq istərdim. Arif Məhərrəmovun bədii rəhbər olduğu “Ariflər" Xalq Çalğı Alətləri Orkestrinin konserti, Dirijorluq Kafedrası xor kollektivləri konsertində kafedranın müdiri, dossent Leyla Zaliyeva Kərkük musiqisinin  xor üçün işləmələrini çox böyük istedadla təqdim etdi. Onun təqdimatında türk musiqisinin yeni versiyası ortaya çıxır. Konsertə baxdıqca, bu məharətli ifanı dinlədikcə, Türkiyədə keçiriləcək konsertlərin birini xəyal edirəm. Dirijorluq kafedrası demək olar ki, Azərbaycan Milli Konservatoriyasının özəyini, əsasını təşkil edir. Kafedranın müdiri Leyla Zalıyeva son dərəcə diqqətlə və səliqə ilə öz işinə yanaşır. Bu yanaşma orkestr və xor kollektivlərinin hər bir işində özünü büruzə verir. 

Hesabat konsertləri sırasında əməkdar artist, Populyar caz və ifaçılıq Kafedrasının müdiri, Berkli kollecinin fəxri məzunu və müəllimi Emil Əfrasıyabın təqdim etdiyi konsert də böyük rəğbətlə qarşılandı.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 12:30

Yazanlar və onlara qəbir qazanlar - AKTUAL

Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

İki fədakar zümrədən danışım sizə- elm adamlarından və yazarlardan.

Bu iki zümrəni təmsil edən çoxlarını tanıyıram, uzun illərdir yoldaşlıq edirəm, müşahidələrim əsasında qənaətlərim var.

Bir çox elm sahələrinə aid fundamental olmasa da, az-çox təməli biliklərim var. Odur ki, hansı sahəni təmsil etməyindən asılı olmayaraq alim yoldaş danışanda, təxmini də olsa, "qabının" nə qədər dolu olduğunu bilirəm. 

Söz yox ki, dolu, yarımçıq, boş qablar var, ən pisi bəzəkli boş qablardır, ən dəyərlisi bəzəksiz içi qızılla dolu olanlardır. Bu başların yiyələri sadə və nurlu olurlar. 

Ümumilikdə alimlərimizi alqışlamaq lazımdır, onların əksəriyyəti qazanclı işləri deyil, elm yolunu seçmişlər, böyük zəhmətlə, fədakarlıqla öz sahələrində Azərnaycanı dünyada təmsil edirlər, elmi tədqiqatlar aparırlar. Ciddi nəticələri də var. Çoxları elə bilir ki, alim nəsə kəşf etməli, icad etməlidir. Ya Eynşteyn, Nyuton olmalıdı. Bu belə deyil. 100 alim tədqiqat aparır, elə onların əsasında 1-i nəsə böyük kəşf edir. O kəşfdə çoxunun payı olur əslində. Ancaq qismət birinə olur.

Yazarlarımız da fədakar insanlardır, ümumilikdə.

Onların da şeir və ya nəsr əsərləri arasında  qiymətli inciləri olanlar və ya mənasız, məntiqsiz xaotik söz yığını olanlar var. Və bəzən incilər saxsı qablarda gizlənir, görünmür, mənasızları çini, gümüş qablara yığıb, xonça kimi ortaya qoyub, toy, bayram edirlər. Toy bitəndə xonça lazımsız olur.

Bunları sizlər də bilirsiz, deməkdə məqsəsim nədir?

Elm adamları və yazarlar, təbii ki, bu yolu haqq edib gedənlər, bu adlara layiq olanlar bir az da məzlum adamlardır, nə fırıldaq bilərlər, nə vəhşi kapitalizmin qazanc düsturlarını həll edə bilərlər. Onlar verilən fitri istedadı ortaya qoymağa məhkum olarlar. 

Camaat villa tikib fərəhlənəndə alim köhnə, enli qalstuku taxıb, çıxış edəndə zövq alar, uşağının pulu ilə məqaləsi çıxanda sevinər.

Camaat qazanıb cip alıb, qırmızıdan keçib eyforiya yaşayanda, yazar avtobusda  selofan torbada yeni çıxmış kitablarını daşıyar, bundan ürəyi atlanar, torba cırılıb, kitabları yerə səpələnəndə qanı it qanına dönər.

Bəs nədir bu işlərin hikməti, həqiqəti?

Həqiqi alimlər, yazarlar nurlu adamlardır.

Nur İLAHİDƏN gələn bir şeydir.

ALLAHIN nur vermədiyi kimsə işıqlı ola bilməz.

Nur, işıq ən böyük sürətə malikdir.

Bir saniyədə işıq yer kürəsini 7 dəfə dolana bilir, bu zamanda cipə heç açar salıb xodlamaq olmaz.

İşıq heç vaxt yox olmur.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir naşir dedi ki, bu rubrikanın şeirlərini kitab kimi çap etmək istəyir. Gözəl fikirdir. Əminəm ki, bestseller olar. Çünki ən təsirli sevgi şeirlərini kim sevməz ki.

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günü olduğundan, mən də öz rubrikamda sizlərə şairin “Biz niyə sevməyək bir-birimizi” şeirini təqdim edirəm.

 

Biz niyə sevməyək bir-birimizi 

 

Yer göyü, dağ dağı, daş daşı sevdi,

Tanrı naxış vurdu, nəqqaşı sevdi.

Göz gözə boylandı, qaş qaşı sevdi,

Biz niyə sevməyək bir-birimizi? 

 

Çəmənlər torpağa xalı çəkirsə,

Xalıda yaşılı, alı çəkirsə,

Arı çiçəklərdən balı çəkirsə,

Biz niyə sevməyək bir-birimizi? 

 

Ulduzlar sayrışıb göz vurur Aya,

Çeşmələr çağlayıb tökülür çaya.

Sevənlər gəlirsə hər gün dünyaya,

Biz niyə sevməyək bir-birimizi? 

 

Gül şehdən güc alır, mamır qayadan,

Köz oddan qızarır, çiçək həyadan,

Süzülüb gəlirsə kökdən, mayadan,

Biz niyə sevməyək bir-birimizi? 

 

Ömür göz qırpımı, fürsət azdısa,

Könül son nəfəsdə sınan sazdısa,

Uçub əlimizdən gedən yazdısa,

Biz niyə sevməyək bir-birimizi? 

 

Ömrün həm sevinci, həm ahı varsa,

Pərvanə yanğısı, şam ahı varsa,

Adəmin cənnətdə tamahı varsa,

Biz niyə sevməyək bir-birimizi? 

 

Yağış gözəllərin öpür üzünü,

Damla pıçıltıyla deyir sözünü.

Şəlalə qayadan atır özünü,

Tufan dağı sevir, dalğa dənizi

Biz niyə sevməyək bir-birimizi?

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Mehdi Qəmsizin   şeirlərini  təqdim edir.

 

 

Mehdi Qəmsiz

 

Qəmsiz kimi tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur.

 

YETİMXANA

 

Səhər saat yeddi, səslər ucalır,

Görəsən buraya gələn anadır?

Neçə ildir yolun gördüm burada,

Burası susduğum yetimxanadır.

 

Pəncərələr güdür yolunu hər gün,

Şüşələr ağlayır, dərdlilər kimi.

Ay ana hardasan? Bura gəlsənə,

Görəsən yetimdən yetim sevgimi.

 

Yuxuna dalıram hər yatdığımda,

Düzdür görməmişəm heç zaman səni.

Mənim röyadak surətinlə gəl, -

Gör necə canladır hər zaman məni...

 

Qısırlar gəlirlər uşaq almağa,

Gedirəm qabağa alsınlar məni.

Burda tək başıma qalmaqdansa, ah!

Öz ürəklərinə salsınlar məni...

 

Pillələr əzbərdi dərdlərimizi,

Ağlayıb qaçardım, gülüb qaçardım.

Gahdan pozğunlaşıb, gahdan oturub,

Yaranış köksünə biçaq saçardım.

 

Mən yazıq deyiləm, belə baxmayın,

Sözümə hər yanıt candır, canadır.

Sevgimə, zövqümə baxsanız, bura –

Hələlik susduğum yetimxanadır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 11:45

ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Coşqun Səfərov

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Coşqun Səfərov ithaf olunub. 

 

COŞQUN ƏHMƏD OĞLU SƏFƏROV

(02.05.1997.-25.11.2020.)

Salyan rayonundan olan, SOCAR-ın ”Kompleks qazma işləri” trestinin əməkdaşı

Əhməd Səfərovun oğlu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

COŞQUN

Saf arzulu, diləkliydi,

Sevimliydi, istəkliydi,

Həssas qəlbli, ürəkliydi,

Yurdun cəsur oğlu Coşqun.

Məclslərin gözü idi,

Musiqisi, sözü idi,

Halallığın özü idi,

Yurdun cəsur oğlu Coşqun.

Barmaqları nəğməliydi,

Qəmi Qarabağ qəmiydi,

Qarabağa getməliydi,

Yurdun cəsur oğlu Coşqun.

İnanırdı gələr zəfər,

Doğular günəşli səhər,

Nəğməkard, həm də əsgər,

Yurdun cəsur oğlu Coşqun.

Göstərdi mərdlik, rəşadət,

Tapdı əbədi səadət,

 

Məkanı olubdur cənnət,

Yurdun cəsur oğlu Coşqun.

Vardı iyirmi üç yaşı,

Ucadan ucadır başı,

Bu diyarin vətəndaşı,

Yurdun cəsur oğlu Coşqun.

Əziz övladdır Salyana,

Dönüb nağıla-dastana,

Adı yayılıb hər yana,

Yurdun cəsur oğlu Coşqun.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

 

 

 

 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov (tenor), onun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) yanvarın 16-da və 25-də Paris Operasında “Adrienna Lekuvrör” tamaşasında çıxış edəcəklər.

 

AzərTAC xəbər verir ki, tanınmış italyan bəstəkarı Françesko Çileanın əsərində titul partiyanı Anna Netrebko, onun sevgilisi Mauritsio (qraf Moris Saksonski) partiyasını isə Yusif Eyvazov səsləndirəcək.

XVIII əsrin ortalarında baş vermiş hadisələrdən, gerçək insanların – “Komedi Fransez” aktrisası Adrianna Lekuvrör ilə Fransa sərkərdəsi qraf Morits Saksonskinin böyük və faciəvi sevgisi XIX əsrdə Eje Skrib və Ernest Lequvenin eyniadlı dramında yer alıb.

1902-ci ildə isə librettosu həmin dram əsasında yazılmış opera əsəri tamaşaya qoyulub.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

ABŞ-ın geniş izləyici auditoriyalı “Inkitt.com” və “Medium.com” portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun ingilis dilinə tərcümə olunmuş “Sərçələr” və “Alman kilsəsi” hekayələrinin yayımına başlayıb.

 

AzərTAC xəbər verir ki, hekayələrin ingilis dilinə tərcümə müəllifi tanınmış Britaniya tərcüməçisi Anne Tompsondur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Inkitt.com” portalı mütəmadi olaraq səhifələrində Lev Tolstoy, Fyodor Dostoyevski, Mark Tven, Oskar Uayld, Ceyms Coys, Frans Kafka, Virciniya Vulf, Skott Fitscerald kimi dünyaşöhrətli yazıçıların yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Çərşənbə axşamı, 09 Yanvar 2024 10:15

“Ozan”ın yeni sayı işıq üzü görüb - İÇİNDƏKİLƏR

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun yeni sayı çapdan çıxıb. 2023-cü ilin yekunlarına həsr edilmiş bu say ümumən toplunun 8-ci buraxılışıdır. Yeni sayda hansı yazılar var? 

“Ədəbiyyat və incəsənət”in növbəti məlumatı bu barədədir:

 

-Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təbrik məktubu;

 

-Məhərrəm Qasımlıya həsr olunmuş Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi”; 

-Ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...”;

-Professor Məhərrəm Qasımlı, “Usta gözünün saz nuru”;

-Musa Nəbioğlu, “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”;

-Qəndab Əliyeva, “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin, Miskin Əsəd və Hüseyn Cavan”;

-Fəridə Kazımova, “Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, 

-Qüdrət Umudlu, “Şirvanın ünlü sənətkarı”;

-Leyla Məmmədova, “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”;

-Həzi Həsənli, “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” məqalələri; 

 

-Ustad aşıqlardan Sadıq Sultanov və Məmmədağa Babayevin şeirləri;

 

-AAB-nin 2023-cü ilin ikinci yarısında həyata keçirdiyi tədbirlər barədə xəbərlər;

 

-“Qurbani” dastanı.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.