POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Yaşıdlarım…” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Yaşıdlarım...


... xanım deyiləm ki, yaşı gizləyəm:

çiçəklə yaşıdam, yarpaqla yaşıd,

gülməyin, desəm ki, – “bayquş kimiyəm” –

bu dağla yaşıdam, o dağla yaşıd,

 

şagirdlər içində çəkilər adım,

Dədəmiz Qorqudla bir addımladım,

yol çəkir, körpülər salır övladım –

olsam da körpəcə uşaqla yaşıd,

 

qopub sarayımın xeyli kərpici,

başımda qoz qırıb vaxtın çəkici,

qaçqın əmlakıyam, didərgin köçü,

ocaqla yaşıdam, çıraqla yaşıd,

 

qərq olub əsrlər aparan gəmi,

dünya tarixinə saldım xəttimi,

xırdalar ucaltdım dikdaban kimi,

kotanla yaşıdam, çarıqla yaşıd,

 

atmışam – əllərim Günəşə çatıb,

ayağım altında zirvələr yatıb,

düşmənlər saldıqca millət ucaldıb –

Vətənlə yaşıdam, bayraqla yaşıd,

 

bir “Cəngi” çalınsın, olaq səfərbər,

cahillər vaxtını keçirər hədər,

dünyadan köçəndə yaşım bilinər –

qarışıb olaram torpaqla yaşıd...

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.