Super User

Super User

Noyabrın 19-u yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçiriləcək. Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə baş tutacaq. Tərəfdaşlar: Hedef Group, Hədəf Global, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumudur.

 

“Ədəbiyyat və incəsənət” portalı Forum barədə bilgi almaq üçün Hədəf Şirkətlər Qrupuna çüraciət edərək aşağıdakı məlumatları əldə edib:

 

FORUMDA KİMLƏR ÇIXIŞ EDƏCƏKLƏR

Forumda Hədəf STEAM Liseyinin qurucusu Şəmil Sadiq, Kipr Universitetlər Birliyinin rəhbəri Salman Arslanbaş,deputat Ceyhun Məmmədov, professor Hamlet İsaxanlı, “Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, “CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski, Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, biznes məsləhətçisi Fəxri Ağayev, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, təlimçi Fərid Seyfullayev, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış edəcəklər.

 

HANSI MÖVZULAR QOYULACAQ

Jurnalist Orxan Cabbarlının moderatorluğu ilə “Uğurlu təhsil konsepsiyaları”, “Təhsildə idarəetmənin strategiyası”, “Məktəb idarəetməsindəki yanlışlıqlar”, “Yeni nəslə yeni təhsil”, “Təhsilin onlayn idarəedilməsi” və rəqəmsallaşma”, “Metamən” mövzularında panel müzakirələri olacaq, təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsi kimi ən aktual məsələlərə toxunulacaq.

 

Təhsil forumu direktorlar, direktor müavinləri, müəllimlər və başqa bütün təhsillə maraqlananlar üçün nəzərdə tutulub.

Sonda bütün iştirakçılara sertifikat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq.

7 noyabr. Parad günü

Sovetlər dönəmində ildə iki parad günü var idi, 1 may və 7 noyabr. Orta və ali məktəblər, fabrik və zavodlar, idarə və müəssisələr öz canlı qüvvələrini payızın soyuğunda əyni nazik küçələrə tökürdü ki, Lenin meydanından, rəhbərin önündən keçsinlər və ura qışqırsınlar. Bu günün adı Böyük Oktyabr Sosialist İnqilabının filanıncı ildönümü adlanırdı, Lenin adlı bir şəxs çarı devirib fəhlə-kəndli hökuməti qurmuşdu. Amma kökündə ədalətsizlik və haramlıq dayanan bir quruluş idi. Ən əsası da allahsız bir quruluş idi. Hər bir mədəniyyət xadimi bu günü tərənnüm eləməsə irəli gedə bilməzdi, rifah, mükafat, nüfuz – hamısı Oktyabrdan, Lenindən bəhs edən roman və poemalardan, filmlərdən, tamaşalardan, tablolardan, simfoniyalardan keçirdi. Getsin o günlər, bir də gəlməsin.

 

7 noyabr. Beynəlxalq Afrika yazıçısı günü

Ədəbiyyatsevərlər üçün xüsusi önəmi olan bir gündür. 1992-ci ildən Panafrika Yazıçılar Assosiasiyasının təklifi ilə təqvimə salınıb. Afrika ədəbiyyatı barədə əlbəttə ki məlumatlıyıq. Bir baxın, statistik azərbaycanlı oxucu bu gün Nobel mükafatçısı Con Maksvel Kutzeeni yaxşı tanıyır, onun “Rüsvayçılıq” romanını az adam oxumayıb. Eləcə də “Səhra çiçəyi”ni yazan Varis Direanı. Bu il ədəbiyyat üzrə Nobel mükafatını alan Abdulrazak Qurna da afrikalıdır, Zənzibarda dünyaya gəlib. Ötən il Qonkur mükafatını alan Məhəmməd Mqubar Sarr da afrikalıdır, seneqallıdır. Demək, Afrika ədəbiyyatı zəngindir, çoxşaxəlidir, oxunaqlıdır. Gəlin qara qitənin yazarları üçün bir tuş deyək.

 

7 noyabra təsadüf edən digər əlamətdar hadisələr

Razılaşma və barışıq günü. Bir də rus döyüşçüsünün şərəf günü. Hazırda ruslar Oktyabr inqilabını bu iki ad altında qeyd edirlər. Halbuki özləri barışdan dəm vurduqları halda Ukraynanı işğal etməyə çalışırlar.

Macarıstanda opera günüdür. Argentinada idman mətbuatı, Lüksemburqda Müqəddəs Villibrod günüdür. Hindistanda yeni bir festivalın -Toxu Emonqun başlaması, ABŞ-da isə badamlı acı şokolad günüdür.

2017-ci ilin bu günündə İngiltərədə qazıntı zamanı yereşənə bənzər xırda canlı qalıqları aşkarlanıb, müəyyənləşdirilib ki, onun 145 milyon yaşı var və o, ən qədim məməli sinfi nümayəndəsidir. 2000-ci ildə Corc Buş ABŞ prezidenti seçilib. 1941-ci ildə Sevastopolda almanlar sovetin “Armeniya” adlı teploxodunu batırıblar, 5 min adam ölüb. 1913-cü ildə Alber Kamyu – məşhur fransız romançısı və filosofu, Nobel mükafatı laureatı dünyaya gəlib. 1879-cu ildə tanınmış inqilabçı, Qırmızı ordunun ilk rəhbəri Lev Trotski doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

 

Bazar ertəsi, 06 Noyabr 2023 16:30

35 qəpikdən nar almaq şansımız

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Rəiyyətin bir gözü həmişə marketlərin endirim lövhələrində olar, hamı çalışar, 3-5 qəpik ucuzlaşan mallardan alıb feyziyab olsun. O cümlədən də mənim. 

 

Məsəlçün, əvvəlki illər 13 manata aldığımız Yeni Zelandiya kərə yağını indi endirimlə 17 manata ala bilməyimizə (deməzsənmiş, hazırkı qiyməti 18 imiş) sevinməyib neyniyək? Rahat marketlə Araz marketin ötənilki endirim kitabçaları ilə builkini müqayisə edəndə adamın lapdan ürəyi tutur. 

Ötən il filan şirkətin 25 faizlik xamasının 200 qramı 1,50 manat idisə indi qıpqırmızı 1,90-a satılır. Və bizə xoş rifah bəxş edib endirimlə 1,70-ə satırlar. 

50 manatlıq alış-veriş edənlərə olan xüsusi endirimlər isə lap göz oxşayır. 

Bazarstor isə böyük məbləğdə alış-veriş edənlərə bir kiloqram narı hardasa 35 qəpiyə satır. 

 

Ağlıma bu endirimləri və hədiyyələri bu cür parodiya etmək gəldi.

Məsələn: “Tükkəzban” hipermarketində misli görünməmiş endirim. 2 kiloqram qara kürü alana (kiloqramı 1550 manatadır) 1 kiloqram soğanın kolosu 65 qəpik deyil, 59 qəpiyə. 

Məsələn: “Fatmanissə” avtosalonunda bəşəriyyətə sığmayan endirim. 2 ədəd “Qalenvagen” avtomobili alana (bir ədədinin qiyməti 375 min manata) 1 ədəd brelok (qiyməti 2 manat) hədiyyə. 

Endirimlər həyatımızın mənasıdır. Təki hər yerdə endirim görək. 

Təkcə maaşlara endirim tətbiq edilməsin amma. Çünki onların endiriləsi yeri yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Bazar ertəsi, 06 Noyabr 2023 16:45

EMIN Dubayda “Best Music Fest”də çıxış edib

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində noyabrın 1-dən 5-dək “Sea Breeze Resort”un əsas tərəfdaş qismində çıxış etdiyi “Best Music Fest” musiqi festivalı keçirilib. Tədbirin üçüncü günündə səhnədə EMIN, Jony (Cavid Hüseynli), Bahh Tee (Bəxtiyar Əliyev) və gənc ifaçı Tüken (Türken Salmanova) çıxış ediblər.

 

Musiqi Festivalı Dubayın məşhur «Madinat Jumeirah Dubai” kurort kompleksində keçirilib. “Best Music Fest” beş gün ərzində davam edən məşhur hitlər, eksklüziv yeniliklər və sevimli mahnılar bayramıdır. Burada Azərbaycan ifaçılarının çıxışları xüsusi maraqla qarşılanıb.

Bununla yanaşı, festival çərçivəsində “Sea Breeze Resort” pavilyonu “Caspian Dream Liner” layihəsini təqdim edib. Bir neçə ay davam edən “Best Music Fest” musiqi festivalının təşkilatçısı qismində “Russkaya mediaqruppa” və “Be in Music” çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Bazar ertəsi, 06 Noyabr 2023 16:15

Meksikada Azərbaycan muğamı gecəsi keçirilib

 

“Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən Milli İncəsənət Mərkəzində Azərbaycan muğamı konserti keçirilib.

 

Ölkəmizin Meksikadakı səfirliyindən AzərTAC-a bildiriblər ki, UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin birgə təşkilatçılığı, Meksika Mədəniyyət Nazirliyi və Milli İncəsənət Mərkəzinin dəstəyi ilə keçirilən konsertdə Milli Konqresin, Senatın, dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar, elmi dairələrin, gənclər və icma təşkilatlarının üzvləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

 

Tədbirdə çıxış edən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov qonaqlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən cari ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi barədə məlumat verib. Diplomat Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri barədə danışıb, Ulu Öndərin ən çətin dönəmdə Azərbaycanı xaos və dərin böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini bildirib.

 

O, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünyamiqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böyük inkişafa nail olduğunu bildirib

 

Tədbir iştirakçılarına, həmçinin üç il əvvəl baş verən Vətən müharibə nəticəsində torpaqlarımızın işğalına son qoyulması və 8 Noyabr - Zəfər Günü barədə məlumat verilib.

 

Diplomat muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu müstəsna rolundan danışaraq, onun 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

 

Sonra çıxış edən Meksika Milli İncəsənət Mərkəzinin Baş İdarəsinin Akademik direktoru Antonio Zunyiqa Çaparro coğrafi baxımdan bir-birinə uzaq olmasına baxmayaraq, mədəniyyətin, xüsusilə də milli musiqilərimizin ölkələrimizi daha da yaxınlaşdırdığını qeyd edib, muğamın Mexiko şəhərinin ən böyük auditoriyalarının birində səsləndirilməsindən məmnunluq duyduğunu bildirib.

 

Sonra “Qarabağ” musiqi qrupunun rəhbəri, görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov (tarzən), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Meksika musiqi nümunəsi səsləndirilib.

 

Konsert Meksika mediasında geniş işıqlandırılıb.

 

Tədbirin iştirakçıları, həmçinin Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Bazar ertəsi, 06 Noyabr 2023 17:00

“Öldürən xatirələr” - ESSE

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər zaman mənfi xatirələr məhv eləməz insanı. Bəzən gözəl xatirələrin xatirə kimi qalmasından da məhv olar insan. Son salam, son görüş, son sarılmağın xatirələri də insanın ağlında dövr edər və dövr etdikcə də, insanı bir addım daha mənəvi ölümə aparar. Tozlu xatirələrə baş çəkəndə insan anlayır ki, həyat necə də mənasız və puçdur. 

Bəli, biz gözəl olan hadisələri ananda çox vaxt qəmginliklə yad edirik. Çünki bəzən onlar son olan gözəl hadisələr olur. İndi nə qədər vuruşsaq da onlara çata bilmərik. Onlar atlı olub, biz isə piyada. Bəzən xatirəndə gözəl qalan xatirəni yaşadan kəs gözündə o qədər alçalar ki, o gözəl xatirələr də onunkudur deyə nəmli gözlərlə yad edilər. Bəzən isə təəssüf ki, ölümün bizdən alıb apardıqlarının tozlu şəkillərinə baxıb saatlarca ağlayar, amma əsla o günlərə qayıda bilməyəcəyimizi  anlayarıq.  

 

O da elə olmuşdu. Yaxınının ölümündən sonra albomundakı tozlu şəkillər onun təskinlik yeri idi. Amma o şəkillərə baxdıqca, keçirtdikləri gözəl günləri xatırladıqca həsrətindən için-için yanardı. Odur ki, albomu daha əlinə almamağı qərarlaşdırmışdı. Bəs telefondakı fotoalbom necə olsun? 

Hərdən telefonundakı bütün şəkillərdən qurtulmaq istəyərdi. Çünki ağlını təmizləməyə çalışdıqca, anidən ekrana gələn bir şəkil yenidən onu bir də öldürərdi. Axı demişlər, dünyanı ümidlə yemişlər. O şəkilləri hər gördükcə insanın qəribə ümidləri də ölür. Bilirsiniz, niyə qəribə dedim, çünki zaman keçdikcə insan qəbullanmaz bu itkilərə. Hərdən beyni elə siqnal verər ki,  sanki hər şey qaydasındadır, həmin o şəkildəki mərhum insan da  yaşayırmış guya.

Amma o şəklin şəkil olmasını qəbullayanda, yaxud kimsə nəsə dedikdə yenidən xəyalları puç olar. 

Bu səbəbdən telefonundakı həmin şəkilləri silmək istəyirdi. Amma bunu da bacarmadı. Axı o əziz şəxsdən qalan tək miras bunlar idi. Bunları düşünən yerdə, yatıb yuxuya dalmışdı o. Yuxusunda birlikdə olmalarını gördü. Mənzərəli bir yerdə, yamyaşıl çəmənlikdəydilər, şırıltıyla axan çayı dinləyirdilər…

Diksinib ayıldı. 

Yox idi, nə o, nə də həmin mənzərəli yer. 

Başladı öz-özünə danışmağa: “Axı bayaq sən sağ idin...", “Axı bayaq birlikdə idik”…

Və hönkürtüylə ağladı.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Bazar ertəsi, 06 Noyabr 2023 16:00

Və məndən sonra… - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Və məndən sonra.

Məndən sonra həyatına biri girəcək.

Öncə səsinə aşiq olacaq mənim kimi.

Sonra gülüşünə.

Daha sonra dəniz gözlərində yox olacaq.

Sonra səni tanımaq istəyəcək.

Öncə xarakterindən hürkəcək.

Tez-tez əsəbləşəcəksən.

Və işlərin hər tərs gətirəndə gərgin olacaqsan.

O anlamayacaq.

Keçməyən əsəb problemini anlamayacaq.

Aqresiyanı anlamayacaq.

Az danışmağını, az gülməyini, insanlara qarşı məsafəli oluşunu anlamayacaq.

Sonra səni başqa yollardan tanımaq istəyəcək.

Məsələn:

Sevdiyin aktyor Thomas Shelby.

Sevdiyin aktrista Anjelina Jolie.

Sevdiyin film isə Charlie Chaplin.

Sevdiyin rəng yox idi tam, ancaq sənə ən yaxın olan rəng qara idi.

Sevdiyin yemək də az idi, amma dovğanın və yarpaq dolmasının yeri başqadı səndə..

Sevdiyin məşğuliyyət gitar çalmaq və mahnı oxumaq idi.

Eyni zamanda nağara ifaçısıydın və sənin dilindən desək "qara-qura" şəkillər çəkirdin.

Heyvanları o qədər sevmirdin.

İtlərdən qorxurdun hətta, inkar eləmə.

Bağımlısı olduğun iki şey var idi, həyatından vaz keçsən də ondan vaz keçməyəcəkdin.

Birincisi qardaşın idi, ikincisi səndə 5 illik yara açan keçmişin.

Maşınları da çox sevirdin sən.

Xüsusilə də, o sınıq-sökük olsa da, 2007 model 07-dən ayrıla bilmirdin.

Ailə dəyərlərini, bir də qohumlarından dayını çox sevirdin.

Geyim zövqün də yetəri qədər olğun idi.

Hətta, bəzi yaşıdlarının geyimləri sənə qəribə gəlirdi, axı sən polkassik geyinən dik baxışlı "ağır abi" idin.

Damağından siqaret ayrılmazdı.

Az-az, amma çox içsən belə, itirməzdin idarəetməni..

Şərab ortaq nöqtəmiz idi xatırlayırsan?

Bir də, ortaq olmayan nöqtəmiz var idi.

Mən kitab səhifələrində səni xatırladan hər cümlənin altından xətt çəkirdim, sənsə bizim üstümüzdən xətt çəkdin.

 

Və o gələcək.

O səni sənin yanında olduqca və tanımaq istədiyi qədər tanıyacaq.

O səni sənin icazə verdiyin qədər tanıyacaq.

O səni susqun baxışlarında,

O səni  hüzn qoxan təbəssümündə,

O səni məsafələrə rəğmən,

O səni yanında olmamasına rəğmən,

O səni "Ah canım sevgilim" oxuyanda,

O səni əsəbiləşib özündən çıxan zaman sakitləşdirməyə çalışarkən,

O səni siqaretdən uzaq tutarkən,

O səni sənə rəğmən,

O səni mənə rəğmən,

O səni 5 il öncəki yaralarına məhləm olmaq üçün,

öyərənəcək.

O səni tanıyacaq,

O səni sevəcək.

Məni bağışla.

Mən bacarmadım.

Mən səni bilmədim.

Mən səni tanımadım.

Mən sənə aşiq olmadım.

Mən səni sənə rəğmən qəbullanmadım.

 

Mən bəyaz idim~özündə ayrılığı gizlədən bəyaz.

Sən mavi idin~dəniz və səmanın arasındakı tək mavi.

Bağışla məni! 

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Bazar ertəsi, 06 Noyabr 2023 17:30

Sabah hava dəyişkən buludlu olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah - noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16°, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Zəfər Günündən bizi cəmi 2 gün ayırır. Yenə ölkəmiz başdan-başa üçrəngli bayraqlara bürünəcək. Artıq hər yerdə bayram abu-havası duyulur. O cümlədən də mədəniyyətimizin mərkəzlərindən birinə çevrilmiş Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında. Yolumuzu bura saldıq və şahid olduq ki, burada Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi, milli qürur və şərəf tariximiz olan Zəfər Günü ilə əlaqədar “Tarixi Qələbə - Zəfər Günü”, “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı ənənəvi, “Şuşa Şəhəri Günü”, “8 Noyabr - Zəfər Günü” adlı virtual kitab sərgiləri hazırlanıb.

 

Məlumunuz olsun ki, eyni zamanda “Milli qürur, milli ləyaqət, tarixi qələbə” adlı videomaterial hazırlanaraq oxuculara təqdim edilib.

“Şuşa Şəhəri Günü” və “8 Noyabr - Zəfər Günü” adlı virtual sərgilərdə Ümummilli Lider Heydər Əliyevin Şuşa şəhərinin tarixi dəyəri və əhəmiyyəti haqqında söylədiyi fikirlər, bir gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa ediləcəyinə, mənfur düşmən tapdağı altında olan əzəli Azərbaycan torpaqlarının geri qaytarılacağına dair sarsılmaz qətiyyətini, inamını əks etdirən videogörüntülər, səs yazıları nümayiş edilir.

Materiallarda Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında qəbul edilən Sərəncamın tam mətni, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dönəmində xalqa olan müraciətləri, xarici mətbuat orqanlarına verdiyi müsahibələr, qırx dörd günü əhatə edən şanlı zəfər tarixinin xronologiyası, Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi ilə artıq üçüncü ildir ki, təşkil edilən zəfər paradının qürurverici görüntüləri əks olunur.

Virtual sərgilərdə Qarabağın incisi Şuşa şəhərində keçirilən mədəniyyət tədbirləri- “Xarıbülbül” festivalları, Vaqif Poeziya günləri, qardaş Türkiyə Respublikası ilə müttəfiq münasibətlər haqqında məlumatlar əks olunur.

Eyni zamanda 2020-ci ildən başlayaraq, şanlı zəfər tarixi mövzusunda dərc edilən 20-dən çox kitabın və dövrü mətbuat nümunələrinin biblioqrafik təsvirləri də yer alır.

Kitabxana əməkdaşlarının hazırladığı videomaterialda “Qələbəyə doğru dəmir yumruq əməliyyatı”, “Rəşadətli Azərbaycan Ordusu Qarabağ müharibəsində qələbə çaldı”, “Ata vəsiyyətinin həyata keçirilməsi”, “Yenidən qurulan şəhər, canlanan torpaq, yurda qayıtmağın sevincini yaşayan Qarabağ sakinləri”, “Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür”, “Qarabağın incisi Şuşa” və sair bu kimi rublikalar vasitəsilə qədim tarixə malik olan Şuşa şəhəri haqqında geniş, ətraflı və maraqlı məlumatlar və görüntülər təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən Zəfər Günü və 8 noyabr Şuşa Şəhəri Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Zəfər bayramımız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Xalq yazıçısı Anar Türkiyədə səfərdədir. Bu gün saat 15.00-da Ankaradakı Sosial Bilimlər Universitetində Xalq yazıçımızın 85 illik yubileyi münasibtilə “Azərbaycan Milli Ədəbiyyatının usta ismi yazar və yönətmən Anar 85 yaşında” adlanan tədbir baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı Anarla birgə Türkiyədə olan müşaviri Sayman Aruzla əlaqə saxlayaraq tədbir barədə bilgilər almışdır. Belə ki, tədbirdə 4 nəfər çıxışçı olacaq. Bunlar Ankara Sosial Bilimlər Universiteti Sosial və Bəşəri Bilimlər Fakültəsinin professoru dr.Bilal Çakıçı, Ankara Hacı Bayram Veli Universiteti Ədəbiyyat Fakültəsinin professoru dr.Cemile Kınaçı, TÜRKSOY Baş Katibi yardımçısı Sayıt Yusuf və Türkiyə Yazarlar Birliyi Qurucu və Şərəf başqanı dr.Mehmet Doğandır. 

Və təbii ki, əsas çıxışçı tədbirin sahibi Anar olacaq. 

Yubiley törəni Ankaradakı Sosial Bilimlər Universitetinin Sezai Karakoç Salonunda baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.