Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin Nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları, elmi təşkilatların tədqiqatçıları, elm xadimləri, müəllim və tələbələr iştirak ediblər.
Konfransın yekun nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğinin həyata keçirilməsi məqsədilə Türk dünyası Nizamişünas alimlərindən ibarət Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti təsis edilib və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub.
Qeyd edək ki, ictimai əsaslarla yaradılmış Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Özbəkistan Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Ankara Milli Kitabxanası, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, bir çox ölkələrdən universitetlər, elmi tədqiqat təşkilatları, beynəlxalq elmi fondlar və s. ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək və sözügedən cəmiyyətin əsas aparıcı üzvləri qeyd olunan təşkilatların mütəxəssisləri olacaqdır.
“Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfransda çıxışçı və məruzəçilər Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində ilkin olaraq bir sıra maraqlı təkliflər səsləndiriblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, yaradılan Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyətinin sədri vəzifəsinə tanınmış özbək alim, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, icraçı katib vəzifəsinə isə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov seçiliblər.
Cəmiyyətin Azərbaycan, Özbəkistan, Türkiyə elm xadimləri, alimlərindən ibarət idarə heyəti formalaşdırılıb.
Beləcə Azərbaycan Mədəniyyət Mərkəzin mədəniyyətimizin türk dünyasında tanıdılması yönündə daha bir addım atıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2024)