Super User

Super User

Cümə axşamı, 11 Yanvar 2024 13:28

Sabah Sabirabadda kitab bayramıdır

 

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsi, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının təşkilatçılığı ilə yanvarın 12-də Sabirabad şəhərində “İKİNCİ HƏYAT” adlı kitab sərgisi keçiriləcək. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mil-Muğan Regional Mədəniyyət İdarəsindən məlumat verilib. 

“Hophopnamə” Kitab Mərkəzində  düzənlənəcək sərgi saat 11-dən 18-ədək fəaliyyət göstərəcək, sərginin məqsədi Regionlarda mütaliəyə olan marağın artırılmasıdır. 

Onu da qeyd edək ki, sərgidə nümayiş olunan bütün kitablar 1 (bir), yaxud 2 (iki) manat şərti qiymətlə satışa çıxarılacaq.

 

Təşkilatçılar hədəf qrupunda olan iştirakçılara bu mətndə müraciət ünvanlayıblar: 

“Əziz oxucular, kitabsevərlər, məktəblilər!

Siz hər kitab oxuyanda ağaclar ölümdən sonrakı həyata inanırlar, sizin oxuduğunuz hər kitab ağaclara yenidən can verir, onlara ikinci həyat bəxş edir və əbədiyyət qazandırır”.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adları yanvar ayının 18-də elan olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

AzərTAC  xəbər verir ki, builki müsabiqə “Sahildə qadınlar” mövzusuna həsr olunub.

Festivala 2023-cü il dekabrın 25-dən sonra istehsal olunan 3-7 dəqiqəlik animasiya, bədii və sənədli filmləri olan müəlliflər müraciət edə bilərlər. Müraciət pulsuzdur və bir müəllif istənilən sayda film təqdim edə bilər. Filmlərin qəbulu fevralın 15-də başa çatır.

Festivalın əsas məqsədi bədii və mədəni dəyəri yüksək olan orijinal və keyfiyyətli qısametrajlı filmlərin istehsalını təşviq etməkdir. Bundan əlavə, ümumilikdə qadınların, cəmiyyətin və medianın, gənclərin, qısametrajlı film çəkənlərin, bu günün və gələcəyin media prodüserlərinin maarifləndirilməsi, mövzu ilə bağlı ictimai həssaslığın artırılması hədəflənir.

Ətraflı məlumatı bu linkə (https://kastob.org.tr/tr/) keçid edərək əldə etmək olar.

Festival qaliblərinin 2024-cü ilin martında mükafatlandırılması planlaşdırılır.

Qeyd edək ki, KASTOB Türkiyənin Qara dəniz regionunda 24 əyalət federasiyasını birləşdirən qeyri-hökumət təşkilatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Fevralın 28-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” adlı layihə həyata keçiriləcək.

 

Layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.

 

Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.

 

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

 

Ötən gün Azərbaycanın hərbi xadimi, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovun doğum günü idi. 

 

Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş.Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.

Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova “general-mayor” hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.

Daxili Qoşunlar komandanı Şahin Məmmədov bir çox medallarla, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 10 mart 2012-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 29 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib.

11 mart 2015-ci il tarixdə general-leytenant hərbi rütbəsi verilib.

Ailəlidir, 3 övladı var.

 

 "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Cümə axşamı, 11 Yanvar 2024 11:45

“Yanvarın 11-də doğulanlar" silsiləsindən

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ucqar Yardımlıda, evdə ona “mütrif” deyirdilər...

Etiraf edir ki, “Hicran” tamaşası həyatında böyük dönüş yaradıb. Aktyorluğu seçib. Buna görə ona evdə “mütrüf” deyiblər. Riyaziyyatı sevsə də, aktyorluğa olan həvəsi riyaziyyat biliyini də üstələyib. Teatrı kinodan üstün tutsa da, çoxları onu “Həkimlər” serialındakı Sabir obrazı ilə tanıyıb, qəbul edib.  

 

Deyir ki,- “Özüm özümü hələ də tanımıram, tanısaydım xoşbəxt adam olardım. Amma bunu deyə bilərəm ki, 1971-ci ildə Yardımlıda anadan olmuşam. Məndə aktyor olmaq istəyi Hicran tamaşasına baxandan sonra yarandı. “Hicran” tamaşası həyatımda dönüş oldu. Baxmayarq ki, riyaziyyatı yaxşı bilirdim. Hətta böyük siniflərin də məsələlərini həll edirdim. Ancaq aktyorluğa olan həvəsim riyaziyyat biliyimi üstələyə bildi. Ailədə 9 uşağıq ən dəcəlləri və ən ərköyünləri də mənəm. Mənə evdə “mütrüf” deyirdilər. Universitetə imtahan verəndə məndən imtahanı Həsənağa Turabov və Şəfiqə Məmmədova götürdü. Beləcə, teatr kollektivinin rejissorluq fakültəsinə daxil oldum. Turabov mənə dedi ki, bu fakültədə oxu səni 3-cü kursdan aktyorluğa keçirərik. Ancaq elə qəbul olunduğum fakültədən məzun oldum.”

 

Haqqında söhbət açmaq istədiyim Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir.

Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.

Ailəlidir. Bir övladı var...

 

“Mən ampulaya sığan aktyor deyiləm. Hansı rol təklif edilirsə, onu məmnuniyyətlə ifa etməyə hazıram. Rejissora etiraz etməyə haqqın yoxdur. Təklifi qəbul edirsənsə, oynamalısan. Bu sözümə görə mən qınaq obyekti ola bilərəm, ancaq rol təklif ediləndə hansının daha çox qonorar verəcəyini düşünürəm.”- söyləyir.

 

Yaradıcılğında elə bir period olub ki, dalbadal eyni rollar qismətinə düşüb. Məsələn, 2004-2006-cı illərdə ancaq polis rollarını oynayıb. Sonra ilk olaraq “Həkimlər”, daha sonra “Pərvanələrin rəqsi serialında həkim roluna dəvət alıb. “Pərvanələrin rəqsi”nə onu ssenarı müəllifi Arzu Soltan dəvət edib. Əslində bu rolu həqiqi həkim canladırmalı idi. Sadəcə olaraq, həkimin həyəcanı rejissoru aktyor dəvət etməyə vadar edib. Ən çox pərəstiş etdiyi aktyorlar isə Nəsibə Zeynalova, Siyavuş Aslan, Ramiz Novruz, Nurəddin Mehdixanlı olub...

 

Deyir ki:- “Aktyorluq işi insana mənəvi qidadır. Amma bunu da danmaq olmaz ki, madiyyat ikinci plana keçırsə mənəviyyat üçüncü olur. Əgər aktyorun maddı vəziyyəti yaxşı deyilsə, səhnəyə fikirli çıxırsa onun hansı mənəvi qida verməyindən danışıla bilər. Məcbur olub ailən üçün daha çox qonorar verilən təklifi qəbul edəsən...”

 

Əgər məndən soruşsalar ki, eloğlun, aktyor Elçin İmanovu qısa şəkildə necə ifadə edərsən, deyərəm, çox intelegent və canlara dəyən adamdır...

 

Yanvarın 11-i Elçin bəyin növbəti ad günüdür. Onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.

Çox yaşa, gözəl eloğlum!

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Bahar gələndə...


... qorxurdum cəsarəti yetməyə sözün;

lalələr alovtək yamacı oyub,

dağlar elə bil ki, dartılan gözün

qapağı üstünə qırmızı qoyub.

 

güllər sıralanıb tutur yerini,

ürəklər isidir gələn soraqlar,

ara qarışanda itirdiyini

hər kəsin özünə qaytarır bahar,

 

oyadıb yaşadar arzuları da,

hardansa güc alar itən ümidlər,

bahara sevinən baş daşları da

Günəşə boylanıb dua etdilər.

 

qarının sonuncu nəvəsi mənəm –

ağlı kəsməyəni məndən soruşar,

payız yuxusuna “puç” deyən nənəm

baharda axarlı suynan danışar,

 

həyata boylanıb eşq həvəsində

arzular selində aşıb-daşaram,

yaşım çoxalsa da, bahar gələndə

ömrün payızınnan uzaqlaşaram... 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə müsahibim Qardaş Türkiyənin dəyərli yazarlarından biri olan Metin Ademir bəydir. 

 

1.-Salam Metin bəy ! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-1968-ci ildə İstanbulda anadan olmuşam. Əslən Bolu-Mengenliyəm. Mersində yaşayıram. Təqaüdçüyəm.

 

2. -Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-14 yaşımdan şeir yazıram. İlk romanımı pandemiya dövründə yazmağa başladım. İl yarımlıq araşdırmalar nəticəsində romanı fantastik və reallıq kimi tamamladım.

 

3.-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-İki əsərim var. Birincisi “Yalnızlık Şairi 14/33” şeir kitabıdır. Hər cür mövzuda şeirlərim var. İkincisi “Elif 14 Ortak Çığlık & Yeter Artık” romanım. Qadınlara qarşı zorakılıqdan, qadın öldürmə və uşaq istismarından  bəhs edir.

 

4. -Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Arzularım cəmiyyətə fayda verə bilmək və maarifləndirmək, sosial və qanamaqda olan problemləri qeyd edib işıqlandırmaqdır.

 

5. Mütaliəni gücləndirmək üçün hansı üsullardan istifadə etməliyik?

 

-İlk növbədə valideynlər örnək olmalıdırlar. Uşaqlar onlardan nümunə götürməlidirlər. Oxumaq üçün ilk növbədə özümüzü təkmilləşdirməliyik, cəmiyyətə faydalı övladlar yetişdirməliyik.

 

 6.-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Oxuma faizi çox aşağıdır. Oxumayan nəsil yetişir. Biz bacardığımız qədər bunu düzəltməyə və oxuma nisbətini artırmağa çalışmalıyıq.

 

 7.-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Dərnəyimiz “Mersin Şairlər və Yazarlar Dərnəyi” ilə Azərbaycan şair və yazıçıları arasında dostluq körpüsü var. Dostlarımızdan bir neçəsi Azərbaycanla sıx əlaqədədilər. 

 

8.-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Mən cəmiyyətə faydalı olan işlərimi davam etdirmək, maarifləndirmək istəyirəm.

 

9. -Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Məni maraqlandıran, səlis və sürükləyici olan hər cür əsəri oxumağı xoşlayıram. Mövzu və növ önəmli deyil. Hər iki kitabdan yararlanmağa çalışıram.

 

10. – Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-Biz yazarlar cəmiyyətin ziyalılarıyıq, cəmiyyəti maarifləndirmək, məlumatlandırmaq üçün daha çox əsərlər çıxarıb xəbərdarlıq rolunu öz üzərimizə götürməliyik.

Mənə bu fürsəti verdiyi üçün CAN AZƏRBAYCANA-a, “Ədəbiyyat və incəsənət” portalına sonsuz salamlarımı və təşəkkürümü bildirirəm. Var olasınız Habil bəy!

 

-Biz də sizə dəyərli vaxtınızdan zaman ayırdığınız üçün öz dərin minnətdarlığımızı bildiririk hörmətli Metin Ademir bəy. Qardaş Türkiyəyə Salamlar və Sevgilərlə! TANRI TÜRKÜ QORUSUN!

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bütün hökm və qərarların varlıq adına məqsədsiz bir sonu yazması, başlamağı belə seçmədiyin yolun sonunda öz sonuna şahidlik etməyin, şahid olduğun hər sonda özünü təkrar-təkrar itirməyin necə də qəribə idi. 

 

Və...bütün bunlar olarkən mənim səni itirməyim ən dəhşətli olanı idi. Mən səni itirərkən yay fəsli payızla salamlaşırdı. Yarpaqlar solmuş gövdələri ilə budaqlardan kömək dilənirdi, budaqlar rüzgarın qanadında öz yolunu azırdı. 

Mən səni itirərkən itirilənlər adına ağlamağı bacara bilmirdim. Çox qəribədir ki, indi itirdiyim hər oyun, hər əşya adına özümü sarsıntılarla silahlandırıram. 

İndi məni susmaq da xilas etmir və indi məni sən də xilas edə bilməzsən. 

Məktubların ünvanlı olduğu bariz məsələdir. Bu sənə bir məktub deyil. İllər sonra özüm haqqında gələn kiçik bir etirafdır. 

Kiçik bir not: Yolun düşsə, bu dünyaya bir daha gəl demirəm. Ona görə ki, aludəsi olduğum həyat sənin dəyərli qəlbin, incə ruhun üçün çox ağırdır. İndi özümü cəhənnəm üçün hazırlayıram və narahat olma, arada kefimi yaxşı edəcək hadisələrlə də qarşılaşıram. Yəni belə... 

Zamanı geri ala bilmirəm, amma səni bütün gələcəyimə qataraq addımlayıram, Baba. 

Sən mənim qanadsız qəhrəmanımsan. 

Səni sevirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

N. Gəncəviyə zəng edərdim. Niyə Məcnunu bu qədər acımasız sınaqlara saldığını soruşardım. Nədən ilham alıb o əsəri yazdığını, Leylinin acımasız sınaqlarının səbəbini soruşardım.

Birdə əsas zəngim M. Müşfiqə olardı. Ondan yaşasaydı həyatdan necə zövq almaq istədiyini soruşardım. Axı o hələ həyatdan doymamışdı. " Həyat sevgisi" əsərində də bunu görmək mümkündür. Repressiya dövründə onun keçirdiyi hislərini, arzularıni soruşardım. 

Bir də belə bir sual verərdim, ümumiyyətlə tək ona yox, bütün represaiya qurban olmuş şairlərimizə əgər vaxt geri dönsə idi, əvvəlki hökümətə qarşı şeirlər yazardız?".

- Həyat, həyat! - deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim? 

Bu şeiri yazanda nələr hiss etmişdir, görəsən...

Allah rəhmət etsin. Bizim dəyərli şairlərimiz  bizlərin qəlbində yaşayır və yaşamağa davam edəcək.

Zənurə Həsənli

 

Babama zəng edərdim. Onun üçün çox darıxmışam, ağlamağdan yəqin danışa bilməzdim. Yuxuma tez-tez girir, səbəbini soruşardım, orda necə olduğunu soruşardım, çox marağlıdı. Allah sənə rəhmət eləsin baba!

Arzu Qafarova

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.