Super User
Uğur formulunun növbəti bəndi
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.
Öncə ARZULAMAQ barədə danışdıq:
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
Sonra qarşıya məqsəd qoymaq barədə.
2.Qarşıya məqsəd qoymaq
İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.
Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.
Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.
Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.
Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.
Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.
Bugünsə Planlaşdırma barədə danışacağıq.
3.Planlaşdırma
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.
Növbədə isə Hazırlaşmaq dayanır.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
“Zəfərdir mənim adım” kitabının imza günü keçirilib
Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə noyabrın 11-də Bakı Ekspo Mərkəzində başlanan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Sərginin ikinci günü, “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşidin yenicə işıq üzü görən “Zəfərdir mənim adım” adlı şeirlər kitabının da imza günü keçirilib.
“Təhsil” nəşriyyatında çap olunmuş kitabda müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər toplanıb.
Xatırladaq ki, Mina Rəşidin atası Birinci Qarabağ mühribəsinin mülki şəhididir, iki qardaşı isə qazidir. Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı olan Mina xanımın indiyədək 8 kitabı işıq üzü görüb. Onlardan 6-sı məhz uşaq ədəbiyyatına aiddir. Onun yeganə nağıl kitabı Türkiyədə “Asmaltı” nəşriyyatının hesabına çap edilib.
Mina Rəşid bir çox ədəbi müsabiqələrin, o cümlədən, Mədəniyyət Nazirliyinin 2020-ci ildə keçirdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə esse janrı üzrə 1-ci yerin qalibidir.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
58-Cİ DƏRC
Tarixçi-etnoqrafçının bu sözləri tamaşıçıların eynini açdı, onlar gülüşdülər. Xidmətçinin gətirdiyi iki stəkan suyu başına çəkib tarixçi-etnoqrafçı çıxışının son hissəsinə keçdi:
-Həmin abidələrdən biri Menhirlərdir. Menhirin hazırkı ingilis dilində işlənməsi və “uzun daş” anlamı daşıması da çox maraqlıdır. . Menhir qəbilə quruluşu dövrünün məhsulu olub, ölən adamın qəbiri üzərində dik basdırılmış, bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərində qoyurdular. Qədim dini əqidəyə görə, guya ölən adamın ruhu bədəni tərk edir və həmin adamın ruhu daşa keçir və orada əbədi yaşayırdı. Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də dini əqidəyə görə bu abidələr axirət evi adlanır. Bütün bu abidələr yerli əhalinin, eləcə də əraziyə yaxın böyük bir akvatoriyanın mənəvi mədəniyyət tarixini öyrənmək üçün son dərəcə böyük elmi əhəmiyyət kəsb edir. Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da Qarabağda aşkar edilmişdir. Belə ki, Xocalıda tətbiq olunan 11 saylı kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır.
Ermənilər əyləşən sıradan “Çox uzatdınız e” etirazı gəlsə belə (akademikin səsi idi yenə) alim çıxışını daha yüksək tonda davam etdirdi:
-Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin izi ilə məşğul olan bir çox Qafqazşünas alim təkcə Azərbaycanın deyil ümumiyyətlə Yaxın Şərq ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həllinə yaxınlaşmaq üzrəydilər. Bu problemlərdən biri 3-4 min il bundan əvvəl yaxın Şərq ölkələrinin bir-biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənmək idi. Xocalı abidələri sübut edirdi ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar mehriban iqtisadi və siyasi təmasda yaşamışlar. Bir daha təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevral ayında erməni və rus ordusunun qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan – bir xalqın izini tam itirmək kimi mənfur bir əmələ əl atmışlar və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışlar. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və s. erməni işğalı nəticəsində tamamilə dağıdılmışdır. Dağıdılan abidələrin tam siyahısını möhtərəm hakimlərə təqdim edib mən çıxışımı yekunlaşdırıram. Diqqətinizə görə çox sağ olun.
Gurultulu alqışlar altında alim keçib yerinə əyləşən məqamda Divan Hakimi alimə şəxsən minnətdarlıq bildirdi, onun belə ahıl yaşda da nəinki öz şotland millətinə, habelə bəşəriyyətə xidmət etməsini yüksəs dəyərləndirdi, ona sonsuz təşəkkürlərini bildirdi. Sonra Baş Hakim üzünü xanım diktorlara tutdu:
-Qızlar, siz yekunlaşdırmısınız, eləmi?
Birinci xanım əyləşdiyi kürsüdən durub söylədi:
-Yalnız kiçik bir hissə qalıb, Xocalı qətliamının dünya miqyasında tanınması hissəsi.
-Onda davam edin.
-Baş üstə.
Xanım tribunaya çıxaraq əlindəki kağızı oxumağa başladı:
-Hazırda Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan dövlətləri tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Vircinya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada Xocalını faciəsini qətliam kimi tanıyan sənəd qəbul edib.
Divan Hakimi diktora təşəkkür bildirib şahidlərin dəvət olunmasını istədi.
Divan heyəti bir neçə şahidi səhnəyə gətirdi, onlar bir-bir söz alıb danışmağa başladılar.
Birinci şahid:
-Xocalı sakini, hazırda Azərbaycanın Goranboy rayonunda məcburi köçkün həyatı yaşayan Sürən Məmmədovam. Ondan başlayım ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Fevralın 26-da gecə saatlarında Xocalı ağır atıcı silahlardan atəşə tutuldu. Həmin gün hava dəhşətli soyuq idi qar yağmışdı. Xaçın çayını keçərək meşə yolu ilə Ağdam rayonuna üz tutduq. Həmin ərazidə ermənilər Xocalı sakinlərini dəhşətli şəkildə qətlə yetirirdi. Oğlum, bacım, kürəkənim gözlərimin önündə öldürüldü. Bu dəhşətli anları heç vaxt unuda bilmirəm. Əgər kimsə biz xocalıların başına gətirilənlərdən tam xəbər tutmaq istəyirsə, report.az satyındakı şahid ifadələri ilə tanış ola bilər.
İkinci şahid:
-Xocalı sakini, hazırda Azərbaycanın Goranboy rayonunda məcburi köçkün həyatı yaşayan Qaryağdı Quliyevəm. Mən avtoqarajda mühafizəçi işləyirdim. 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı alayın ağır zirehli texnkaları Xocalıya hücum etdi. 8 istiqamətdə şəhəri mühasirəyə aldılar. Gecə yaşıl fişəng atıldı. Ermənilər əvvəlcə Xocalı Aeroportunu ələ keçirdilər. İlk hücum zamanı şəhərdə yerləşən bütün evlər yandırıldı. Bununla bağlı Poçt vasitəsilə Ağdam və Şuşaya məlumat versək də heç bir cavab ala bilmədik. Sakinlər məcbur olub gecə saat 1-də şəhəri tərk etməli oldu. Qarlı havada yaşlı insanlar, qadınlar, körpə uşaqlar meşə yolu ilə qaçmağa çalışırdı. Səhərisi gün gördüyümüz mənzərə bizi şoka saldı. Erməni cəlladları tərəfindən təhqir olunmuş meyitlər ətrafa səpələnmişdi. O mənzərəni gözümün önünə gətirə bilmirəm. Necə danışım?! Çox ağırdı o günləri xatırlamaq. Kişilərin başı, qadınların döşləri kəsilmişdi, körpə uşaqlar ağıla sığmaz dərəcədə vəhşiliklə öldürülmüşdü. Həmin gecə ailə üzvlərimdən 4 nəfər - iki qızım, bir oğlum və qardaşım şəhid oldu.
Üçüncü şahid:
-Xocalı sakini, hazırda Azərbaycanın Goranboy rayonunda məcburi köçkün həyatı yaşayan Razim Mustafayevəm. Həmin gün ermənilər dəhşətli vəhşiliklər etdilər. İnsanlığa sığmaz dərəcədə faciə törədildi. Qaynım Hüseyni öldürdükdən sonra qızıl dişlərini çəkib çıxarmışdılar, qadınlara süngü ilə işgəncə verib öldürürdülər. Mən çaydan keçəndə gördüm ki, qonşum Vaqifin arvadı və üç oğlunun meyiti Xaçın çayında qalıb. Ana üç oğlunu necə qucaqlamışdısa meyitlər suyun içində bir-birinə yapışıb qalmışdılar. Gecə çətinliklə Ağdam rayonuna qaça bildik. Sağ olsun Ağdam camaatı və könüllü döyüşçülər, bizi qarşıladılar.
Ağır addımlarla ağsaqqal bir kişi - 72 yaşlı Hüseyn İbrahimoğlu irəli çıxıb nəsə danışmağa başladı, bu zaman Divan Hakimi “Ona mikrofon verin” söylədi, kişini cəld mikrofonla təmin etdilər. Hamı diqqətini kişinin sözlərinə cəmlədi:
-Mən türkəm. İki dəfə sürgünə məruz qalmışam – Sovet İttifaqı dövründə İosif Stalinin göstərişi ilə Ahıskadan Özbəkistana və Mixail Qorbaçovun zamanında Özbəkistandan Xocalıya. Lakin bu vaxta qədər bizə qarşı belə qəddarlıq görünməmişdi. Ermənilər iki saata kəndimizi yerlə-yeksan etdi. Bütün kənd yandırıldı. Uşaqlarımızı və azyaşlıları qəddarcasına öldürərkən o vəhşilər “Siz türksünüz” deyə qışqırırdılar.
Hüseyn əlindəki mikrofonu qaytarmayıb ardınca gəlmiş 69 yaşlı qadına uzatdı, söylədi ki, Xatun nənənin hekayəsi daha əzabvericidir.
Ağbircək qadın ağlaya-ağlaya aşağıdakıları ərz elədi:
-İki nəvəm – qız və oğlan – gözlərimin önündə öldürüldü. Mən ağır şəkildə yaralandım. Ermənilər deyirdilər: “Biz sizi öldürməyəcəyik, lakin nəvələrinizin necə ölməsinə baxacaqsınız.” Mən onlara məni öldürmələri və nəvələrimə toxunmamaları üçün yalvardım, lakin onlar mənə qulaq asmadılar...
Zavallı qadın doluxsundu, səsi titrədi, nitqinin ardını gətirə bilmədi.
Əsas dünyanın şahidləri hələ hamısı danışıb qurtarmağa macal tapmamışdı ki, Axirət dünyasıının sakinləri irəli atılıb bir-birinin sözünü kəsərək öz dərdlərini izhar etməyə başladılar. Bu deyilənlərə qulaq asmağa insana dəmir əsəb lazım idi. Tamaşaçılar arasında səhhəti pozulanlar da vardı, təcili yardım briqadası sıralar arasında insanlara yardım etməkdəydi. Nəhayət “sərbəst mikrofon” bağlandı.
Divanın Hakimi səsini arıtlayaraq yenidən mikrofonunu yandırıb söz götürdü:
-Bəli, dedikcə acılı, ağrılı mənzərədir, hamınızın hisslərini başa düşürəm. Yəqin akademik Aqanbekyan da bunları başa düşür.
Azacıq fasilə verib davam etdi:
-Hələ 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası öz qətnaməsi ilə bəyan etdi ki, genosid – insanlığa qarşı törədilən ən ağır cinayətdir! Bu növ cinayətin əlamətləri 1948-ci ilin 9 dekabr tarixində “Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında” adlı Konvensiyada öz əksini tapmışdır. Bu Konvensiya bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Ekspertlər bir nəfər kimi bu qənaətə gəlmişlər ki, Xocalı qətliamında bu əlamətlər aşkar görünməkdədir. Xocalı qətliamı – qabaqcadan düşünülmüş qaydada, milli əlamətlərə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilən bir cinayətdir. Xocalı cinayətinə görə bu gün Divana çəkilən şəxslə tanış olun. Bu, Monte Melkonyan adlı şəxsdir. Amma biz bu gün iki şəxsə birdən Divan qururuq. İkinci şəxs bayaqdan yerindən hey protestlər eləyən erməni akademiki Abel Qezeviç Aqanbekyandır. O isə Qarabağ müharibəsinin ideoloqu kimi Qarabağda tökülən bütün qanların baiskarı kimi müqəssirdir, deməli, həm də dolayısı ilə Xocalı soyqırımı da onun adına yazılmalıdır. Buyurub İttiham kürsüsünə gətirilsinlər. Bu gün və sabah – iki prosesdə bu şəxslərin cinayət əməllərinə baxacağıq. Bu gün ideoloqu, sabahsa canini mühakimə edəcəyik. Divan üzvlərindən də xahiş edirəm ki, akademik barədəki məlumatları səsləndirsinlər.
Saqqallı, dənizçi maykasının üstündən komuflyajlı hərbi köynək, onun da üstündən eyni cür buşlat geyinmiş şəxs ittiham kürsüsündə yer tutdu. Bu Monte Melkonyan idi. Az keçmiş saçları çallaşmış, kostyum qalstukda kök bir kişi də gəlib onun ynında əyləşdi. Bu da Abel Aqanbekyan idi.
Divan üzvləri bir qom kağızla dolu qovluqdan bir neçə kağız aralayıb kişi diktorlara verdilər. Diktorlar növbə ilə kağızları oxumağa başladılar.
Birinci diktor:
-Akademik Abel Qezeviç Aqanbekyanın 87 yaşı var, milliyyətcə ermənidir, Əsas dünyadan təşrif buyurub. 1932-ci ilin 8 oktyabrında Tiflis şəhərində dünyaya gəlib, vaxtı ilə sovet, indi isə Rusiya iqtisadçısıdır, sənaye istehsalı üzrə mütəxəssisdir, əmək məhsuldarlığı, əməkhaqqları, makroiqtisadiyyat, ekonometrika, menecment üzrə mütəxəssisdir, 1963-cü ildə İqtisadiyyt üzrə doktor, 1974-cü ildə SSRİ Elmlər Akademiyasının Akademiki adını almışdır. 1985-1991-ci illərdə - SSRİ-də Yenidənqurma adlanan illərdə SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri olmuşdur. Rusiya-Britaniya birgə “Link” müəssisəsinin Direktorlar Şurasının sədri, “Lukoyl” şirkəti qəyyumlar şurasının üzvüdür. “Bilik” cəmiyyətinin iqtisadi biliklər sektoruna başçılıq edir, EKO, “Elm və həyat”, “Maliyyə və biznes”, “İqtisadi siyasət” kimi nüfuzlu Rusiya jurnallarının redaksiya heyətinin üzvüdür. 1967-ci ildə SSRİ-nin ali mükafatı sayılan Lenin ordeninə layiq görülüb. 1975-ci ildə Qırmızı Əmək Bayrağı Ordeninə, 2012-ci ildə “Dostluq” ordeninə layiq görülüb. Britaniyanın, Bolqarıstanın, Macarıstanın elmlər akademiyalarının fəxri üzvüdür. Qatı millətçiliyi ilə tanınır, erməni millətçiliyinə böyük töhfələr vermişdir...
Abel Aqanbekyan yerindən qışqırdı...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Bu gün “Gərginlikdən çıx və parılda” günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
14 noyabr. Diabetlə mübarizə günü
ÜST-ün məlumatına görə, 2000-ci ildə dünyada 150 milyon diabet xəstəsi olub. Diabet - dünyanı bürüyən bəladır desək, əsla yanılmarıq. Diabet, xərçəng və ürək xəstəlikləri – inkişaf etmiş ölkələrdə insan ölümlərinin 90 faizi bu səbəblərdəndir. 1991-ci ildən World Diabetes Day qeyd edilir. Bəs niyə 14 noyabrda? Çünki bu gün insulin harmonunu kəşf etmiş kanadalı fizioloq Frederik Bantinqin doğum günüdür. Bantinqin uşaqlıq dostu diabet xəstəliyindən vəfat etmişdi, Bantinq də bu bəlanın dərmanını tapmağı özünə söz vermişdi. 1922-ci ilin yanvarında o, diabetdən əziyyət çəkən 14 yaşlı uşağın bədəninə insulin inyeksiyası yeridib onu xilas edərək tarixdə bir ilkə imza atdı. Bu kəşf sonradan milyonlarla insanın xilasına çevrildi. Bantinq insulinə görə Nobel mükafatına da layiq görüldü.
Diabet – düzgün olmayan həyat tərzinin nişanəsidir, qaçın bunlardan, hərəkətsizlik, qeyri-sağlam qidalanma heç vaxt sizin müşayiətçiniz olmasın.
14 noyabr. Beynəlxalq loqoped günü
Loqoped-defektoloq peşəsi nitqi qüsurlu insanların bu qüsurunu aradan qaldırmağa çalışan insanları əhatə edir. Loqoped ixtisası dar çərçivəyə sığmaz, o təkcə nitqdəki qüsurları yox etmir, eləcə də nitqi pozan bütün defektlərlə mübarizə aparır, səsin batması, tembrinin və tempinin vəziyyəti, sinirlə bağlı nitq pozğunluqlarının aradan qaldırılması, qeyri-səlist danışıq və s. loqopedin müdaxilə dairəsindədir.
Ortofoniya – loqopediya termini 1928-ci ildə Fransada meydana gəlib, Süzanna Borel-Mezoni xanımın sayəsində. O, Fransada nitqin reabilitasiyası xidmətini yaradıb və bu terminlə öz mütəxəssislərini adlandırıb. Nitq korreksiyası çox vacibdir, xüsusən ictimai xadimlər, siyasətçilər, mədəniyyət xadimləri bu cəhətdən tam qüsursuz olmalıdırlar. Gərəkli işlə məşğul olan loqopedləri təbrik edək gəlin.
14 noyabr. “Gərginlikdən çıx və parılda” günü
Buyururlar ki, bu gün gərəkdir ki, bütün problemlərini, dərd-sərini unudub, gərginlikdən çıxıb xoşbəxtlikdən parıldayasan. Məsələn, bağı olan bağa, olmayan parka, bulvara gedə bilər, dincələr, rahatca nəfəs alar. İnsan içindəki qaramatı tökəndə üzü də parıldayır, biləsiniz.
Bir dəfə bir dostum dedi ki, “Metroda, küşədə, marketdə - harda oldumsa insanların simalarına baxıb bircə gülümsəyən insan görə bilmədim, hamının üz-gözündən zəhər yağırdı”. Gündəlik problemlər hamımızı üzür, dünyanın ancaq əzab-əziyyətini, möhnətini görə bilirik. Təqvim yazıq da deyir ki, ay adam, bir ilin bir günündə barı bu problemlərini libas kimi soyunub əynindən at, barı bircə gün xoşbəxt yaşa, sabah yenidən yapışarsan o libasından.
14 noyabr. Böyük Hegel heç bilirsiniz nə deyib?
Cərrahi əməliyyatlar üzrə tibb bacılarının günüdür. Ukraynada üzümçülük və üzümçü günü, Rusiyada sosioloq günü, Hindistanda Bal Divas, yəni uşaqlar günü, Estoniya, Norveç və Finlandiyada atalar günü, Cənubi Sudanda ahıllar günü, Kolumbiyada qadınlar günü, Britaniyada şam yeməyində isti bir şeylər yemək günü, Almaniyada yeni il postu ərəfəsində ənənəvi iki günlük milli matəm günü, ən nəhayət ABŞ-da acılı quakamole günüdür. Amerikasevənlər və mətbəxsevənlərin “bu nə mənədir” sualını eşitdim, cavablandırıram. Quakamole – avakadonu əzib onu qırmızı soğan, bibər, keşniş, laym şirəsi və duzla qarışdırmaqdan alınan bir yeməkdir.
14 noyabr məshəti türklərinin qara tarixidir. 1944-cü ilin həmin günündə Stalin 100 mindən çox məhsəti türkünü Gürcüstandakı doğma torpaqlarından Orta Asiyaya sürgün elətdirib. 1918-ci ilin bu günündə Pavlik Morozov adlı sovet pioneri doğulub, öz atasına qarşı ideologiya naminə satqınlıq edən bu şəxsi sovet təbliğatı uzun illər məktəblilərə örnək kimi sırıyıb.
Uşaqlıqda ən sevdiyim qəhrəman Çirtdanla yanaşı damda yaşayan Karlson olub. Hətta bəzən pəncərə qarşısında durub bu cizgi filmi qəhrəmanının indicə propellerlərini vızıldada-vızıldada uçub gələcəyini də gözləmişəm. 1907-ci ilin bu günündə həmin o Karlson obrazını yaradan isveç yazıçısı, xanım Astrid Lindqren dünyaya gəlib; 1889-cu ildə ən böyük hindistanlı adını almış siyasətçi, Hindistanın ilk baş naziri Cavaharlal Neru doğulub.
Yuxarıda qeyd etmişdik ki, bu gün almanlar matəm gününü qeyd edirlər. Təqvimdə bunu yeni il qabağı postla əlaqələndirirlər. Təqribən, bizim qara çərşənbələrimiz kimi. Amma mənim düşüncəmə görə, alman boşuna matəm eləməz, buna köklü səbəb lazımdır. Bəlkə bu? 1831-ci ilin 14 noyabrında Qeorq Vilhelm Fridrix Hegel – böyük alman filosofu, sistemləşdirilmiş dialoq təliminin banisi, obyektiv idealizmin təkrarsız nümayəndəsi haqq dünyasına qovuşub. 1716-cı ilin 14 noyabrında isə Leybnits – böyük alman filosofu, riyaziyyatçısı, dilçisi, məişətin bölünməz ibtidai elementləri əsasında sülh konsepsiyasının müəllifi dünyadan köç edib.
Mən özümü necə saxlayım ki, böyük Hegeldən bir neçə dillər əzbəri olmuş kəlam səsləndirməyim?
İnsan öz əməllərinin tərənnümüdür; Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır; İnsan azadlıq üçün tərbiyə olunur; Hər xalq öz hökmdarına layiqdir; Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Güneydən gələn səslər - Əmin Hacılının şeirləri
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi təqdim edir.
Əmin Hacilu (Hacılı) Xoy şəhərində doğulmuşdur. O, şair və qəzetəçidir. Əmin Hacılı Güneydə gözəl qələmə və istedada malik olan gənclərdən biridir.
1
Bu tək başına göstəridir
Sən məndən əskilib səhnəyə çıxırsan
Mən kinonun tualetində Merilin Monronun rəsminə boşalıram
Səhnədə səni alqışlayırlar
Tualetdə qapını.
Çıx
Düş
Bu tək başına göstəridir.
Bir kişi dörd yol ayrıcında üzərlik fırladır
Sən /birdən/ höyüşnə kimi içimə düşürsən
Şəhər boğa buynuzunda fırlanır
Sən keçirsən
Mən adını qoyacağam sonunda bu dərdin üstəlik
Sabah söyüşlərinin Background-unda siqnal səsləri
Biraz yaradıcılıq
Sabah söyüşlərinin Background-undakı siqnal səslərini.
*
Birinci qoşağın yazdığı şeirlər bütün qadınlara oxundu
Qadınlar bitdi sonra
Şeirə başlamadan əvvəl Merilin Monronun rəsminə boşaldım
Mən sənə sənin anlayacağın dildən danışdım nəsnə;
Sevgi yalnızlığın bacaqları arasında vibrator nə isə nə
İkinci pərdə
Mən hara gedəcəyimi bilmirəm
Tualetdən sonra
Şəhər boğa buynuzunda fırlanır
Və
Qaldı ki,
Bu tək başına bir göstəridir
Sən oyunçu olaraq çaxmağını fırladırsan
Mən seyirçi olaraq siqaretimi yandırıram
Sonra hekayənin ortasından həqiqətin papağını çalıram
(Od tutdu kino
Seyircidən seçilmədi oyunçu)
Mən dörd yol ayrıcında üzərlik fırladıram
Sən səhnədə məni anladırsan
Bir kişi tualetdə...
2
Yalnızlıq sevgini əmizdirdiyində
Mən xəyanəti süddən açırdım
Keçmiş, ölü ehtimalların qəbristanlığıdır
Göz altında morapan çizgi ehtimalların hələ də
Ehtimal olduğunun bəlgəsi
(Gözümü unutdum rəsmində)
İkinci əl bir zəmir tapıb yaramı sardım
Şorunu çıxartdım “O”-nun “Sən” olma sürəsində
Təkrar-təkrar bir mahnını dinləyərək
(Ay bayağı bir çibandır gecənin köksündə)
Mən hecalarımı toplayıram bir yanlışın içindən
Göz altlarındakı çizginin üstünə ulduz qoyub
Alt yazıda açıqlayıram.
(Sən ey izaha ehtiyacı olan nəsnə/gözümü unutdum rəsmində)
Və açıqlandım
Yarabasmalarımın üzərində həqiqətin göbək adını tapdım
Qara, mən kimi qara
Ağ, sən kimi ağappaq
Və həyat qan-qızarmasında nəbzini tutur ümidin
Yalnızlıq sevgini döşündə gəzdirir
Mən qulağına sızıram kəlmələrin eşliyində
Gözlərim eşiyimdə
Və eşiyim səndən sonra nə isə
Nə isə yarabasmalarımın üzərində
Həqiqətən göbək adına yenirəm
Başım köksündə...
Səndən qurtarıb röyana başlamışdım
Sən məndən qurtarıb başqasının yatağına
Alt paltarlarını,
Məni,
Alt paltarlarındakı izimi,
İniltimi
Daşıdığın kimi
Səni keçmişə daşımışdım deyə röyanın keçmişdəki kökünü qazmışdım
O isə ilk dəfə görürdüm səni
O isə çiçəklərin tutumunu qoruyurdu hələ
O isə sevdalar üzərinə romanlar yazılırdı
Gözlərindəki yazar qapını çalıb getmədən öncə
Tanışdırıram
- Tikan
- Şair
Şair
Tikan
Qorxunun ölümə olan ziyanını düşündüm
İntiharımdan əvvəl.
Hahaha
Tanışdırıram.
Həyat, ölüm və qorxunun naməşru uşağıdır
Sən isə bağlaclarla yazarın arasındakı məsafəni dolduran dinclik
(Mətnin ardı var)
Sən yoxsan amma
Sən heç bir zaman olmayacaq kimi yoxsan
Və röyan əbədidir
Heç bir zaman getməyəcək kimi
Amma bu əllərdə nə belə?
Yaxama sarılan
Yaxamdan boğazımı
Boğazımdan adını
Çıxaran
Adından başqa özəlliklərini papağından dovşan çıxarır kimi çıxaran əllər də nə belə?
Səndən qurtarıb röyana başlamışdım
Sən mənə başlamadan əvvəl.
Sinə sancağını boynuna asan bir qadın vardı
Keçib gedərdi hər gün röyamdan
Sərhəddən pasportsuz keçən quş kimi
Nə adı oxunardı telsizdən
Nə telsizdən oxunacaq məlum bir adı vardı
Röyaydı üstəlik
Və röyanın həqiqətə olan ziyanı
Həqiqətin sevdaya olma xəyanəti boyda idi.
3
Bilmədiyin şeylər var
Göbək bağımı gözlərinə bağladım
Yəni həqiqi səni alıb səndən yaratdığım anıt ilə taxladım
Anam dediyimdə dönüb baxan
Qızım dediyimdə dönüb baxan
Sevgilim desəm içimə daman
(Nafazolin içinə daman göz yaşıdır)
Və daha da bilmədiyin şeylər var
Əncir yarpağının uçuğu toxtatdığı yalanını yeddi yaşımda dənələyərək isbatladım
Hələ də isbatlayıram.
Ayrılığı sevdaya sürərək
Həsrətimi qanadıram
Azalır bilmədiklərinin biri
İlk dəfə çəkdiyim ahı qab eləyib divara salıram 18 yaşımda
Sonra hər sabah göbək bağımı kəsib ahımın boynuma salıram
(Atam qapını açıb son cümləni deyir:
Ahından tin dirəyə dayandı).
Yönətmən 25 dəfə oynadır bu səhnəni
Siqareti çoxaldıram
Ahımdan tin dirəyə dayanır
Atam itir.
Ahımdam tin dirəyə dayanır
Saqqalım uzanır.
Ahımdan tin dirəyə dayadım kürəyini
Və gözlərini öpdüm
Bilmədiyin şeylərin ikisini
(Atam qapını çalıb – tin çıxdı)
Hələ bilmədiyin şeylər var
Şeirə sığdırmaq üçün unutduğum
Və unuda bilmədiyim üçün şeirə sığdırdığım şeylər...
4
Bir xətt çək yol olsun
Bir xətt çək yolun üstünə.
Dönüş yolu olsun
Sus və dinlə.
Səsimi tanıyırsan
Səsimi səslər arasında
Hüznümü tanıyırsan
Sevinc gülüşləri arasında.
Yola düşdüyümdə unutmağını tanıyırsan
Qabağımı alınca keçmişə dönəcəyimi.
Bir şeylər bilirsən haqqımda
Bir şeylər bilirsən sənə baxınca.
Səsimi tanıyırsan örnəyin
Hüznümü oxşayırsan gözlərindən
Utanınca
Bir xətt çək yol olsun
Sürmə göz yaşının xəritəsini
Çəkir ovurdlarında.
Bir xətt çək dönüş yolu olsun
Sürmə səsini susdurar
Yahmaladığında
Sus və dinlə.
“Musiqi səsini eşitməyənlər üçün rəqs edənlər dəlidirlər”
Deyən filosofa Ambiyansdan danış
Yarpaq necə saralırsa
İnsan necə saralırsa
Sarı necə yaraşırsa yolu əzbərdən bilən bir qadına
Bunların səsini döşündə saxla
Sonra bir xətt çək
Yol olsun
Sən əzbərə get
Bir xətt çək dönüş yolu olsun
Mən naşıca gəlim ardınca
Sus və dinlə.
Sürmə göz yaşının xəritəsini çəkir ovudlarında...
5
Çəhrayı başlığı ilə
Ətək yazısındakı adları böyük
Hərflərlə başlatdığı ilə
Yaşamaq sevincini piyalaya yerləşər dediyim
Məmələrinə doldurunca
Uclarının şişməsi ilə hər sabah
Və axşamlar əmizdirdikdən sonra
Hüznü, sərxoşluq sənə düşünərəm.
Sən çəhrayı başlığınla
Ətək yazılarının altındakı böyük hərflərinlə
Və məmələrinlə qısacası
Sənə düşündüyümdə, bunlara düşünürəm
Məni anlamaq üçün məni durdur
Unutmadan sloqan budur
Dostluq
Bir ucu tutuq
Sən doldur mən daşıdım
Mən daşıtdıqca sən doldur
Hekayə budur.
Rockun ortasındakı qaraçı
Köçünü hansı yaylaqda endirəcəyimi bilmirəm
Öncə itmək istəyirəm
Əfyundan sonrakı aydınlığın adı xumarlıq
Sonra gerçəkdən itirəm
Xumarlıqdan sonrakı həqiqətin adı həyat
Sonra sevinirəm itdiyim üçün.
Həyatdan sonrakı şairin adı şeir isə, şeirdə itirəm
Sən qəhqəhəni gözlərindən qaytarırsan.
Sonra sevinirəm itdiyim üçün
Sən qəhqəhəni gözlərindən qaytarırsan
Sevincinə sevincim toxunsa
Sən sevincimi gözlərimdən oxuyursan
Ətək yazılarım dahi
Bir şair Magnum 09 ilə ürəyinin süfrəsini açır
Mən ağlımdan keçənləri masanın üzərinə tökürəm
Sonra oturub içindən səni seçirəm
Yox, sərxoş deyiləm.
Ağzı möhürlü bir mağaranı açıb
İçindən məfrəx çıxardan insan oğlu
Həyatın sirlərini aça bilmədikdən sonra hekayələrini yazar
O sırada vergül qoyular
(Şair sabahları fəhlədir,
Gecələri hobbi olaraq vergül qoyar).
Sən qəhqəhəni sinkə qaytarıb masaya dönərsən
Həyatın sağırlığına içilər son stəkan
Sağlıq da bitər
Vergül
Portağal qabıqlarının içindəki
Siqaret kötüklərinin içindəki
Siqaret kötüklərinin ucunda sözcüklər
Zibil qabına tökürlər...
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
POETİK QİRAƏTdə Ramiz Qusarçaylının “Mənə gaş atana şeir atıram” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Ramiz Qusarçaylı görüşür.
“Mənə gaş atana şeir atıram”
Mənə daş atana şeir atıram,
Əzirəm yöndəmsiz qiyafələri.
Tutub sətirlərin çarpaz yerindən
Çırpıram başına qafiyələri.
Mən şeir atıram daş atanlara,
Nə xiffət, nə fikir, nə naz çəkirəm.
Ağ şeir yazıram qara daşlara,
Qara niyyətlərə bəyaz çəkirəm.
Nə bilir dalımca daş yağdıranlar,
Şeir yağdırıram mən o daşlara.
Nə bilir daş atıb ürək qıranlar
Söz üzü ağ olur,
daş üzü qara.
Mənə daş atana şeir atıram,
Əzirəm daşlaşan qiyafələri.
Tutub sətirlərin ən sərt yerindən
Çırpıram başına qafiyələri.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Nana Ekvtimişvili ilə görüşün təəssüratı
Pərviz Seyidli yazır
“Ədəbiyyat və incəsənət” gənc yazar Pərviz Seyidlinin 9-cu Beynəlxalq Kitab Sərgisində gürcü yazarı Nana Ekvtimişvilinin imza günündən təəssüratlarını təqdim edir.
"Buker" mükafatının uzun siyahısına düşmüş gürcü yazıçısı, ssenaristi və rejissoru Nana Ekvtimişvilinin imza günü idi. Onun "Armudlu düzəngahı" romanını iki il əvvəl oxumuşam, hətta haqqında da yazmışam. Mənə çox təsir etmişdi. Həqiqətən, yaxşı romandır. Yazıda da qeyd etmişdim ki, yazıçının ssenaristliyi hər səhifədə hiss olunur. Bu gün Nana xanımla görüşdük, kitabımı imzaladı. Dostlardan biri bizi ayaqüstü tanış etdi. Çox təvazökardır-bütün istedad sahibləri kimi.
"Armudlu düzəngahı" əla romandır, amma əlçatmaz, ünyetməz əsər deyil. Yazıla bilən romandır. Bir gün bizim də ədəbiyyat coğrafiyamızı genişləndirmək ümidilə. Mən inanıram.
Bu gün sərgiyə gələn oxucuları görəndə həmişə dediklərim bir daha təsdiqini tapdı: Oxucu da var, yazıçı da. Sadəcə, onları görüşdürmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
“Təəssüf ki, onun yaradıcılığı diqqətdən kənarda qalıb…”
Rasim Qaraca yazır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, “Alatoran” nəşrlərinin rəhbəri Rasim Qaracanın filologiya elmləri doktoru Rəhim Əliyev barədə yazdığı “Rəhim Əliyevin doğum gününə” yazısını təqdim edir.
Qiymətli ziyalımız Rəhim Əliyevin bir neçə kitabını oxumuşam. Onun "Ədəbiyyat Nəzəriyyəsi" kitabı bütün zamanlarda öz dəyərini itirməyəcək fundamental bir əsərdir. Ədəbiyyatla əlaqəsi olan insanların, xüsusən yazarların mütləq oxumalı olduğu bir kitabdır. "Nəsimi" monoqrafiyası da ilhamla yazılmış, orta əsrlər dövrünün fəlsəfəsini xırdalayan çox qiymətli əsərdir. Rəhim Əliyev hekayə kitablarının və "Qoşulub qaçmayan qız" adlı romanın da müəllifidir. Elmi yaradıcılıqla yanaşı müəllifin bədii əsərləri də diqqətdən kənarda qalmamlıdır. "Qalmamalıdır" deyirəm, amma Rəhim Əliyev yaradıcılığı təəssüf ki diqqətdən kənarda qalıb. Bunun səbəbi bir az da özünün təvazökarlığı ilə bağlıdır. Buna Füzulinin bir misrası ilə cavab verir hər zaman: "Sanman günəş olsa nur salmaz" - yəni sən əsərini yaz, onsuz da gec-tez günəş kimi parlayacaq.
Bu günlərdə oxumağa başladığım "Tağ Ev" romanı isə məni sözün əsl mənasında heyrətlər içində buraxdı. Çoxdan idi elə bir əsər oxumurdum ki, məndə hər axşam özümü tələsik evə çatdırıb oxumağa davam etmək arzusu yaratsın. Bunlar şişirdilmiş tərifli sözlər deyil. Əsərdə 20-ci əsrin əvvəllərində Abşeron kəndlərində yaşayan bir ailənin tarixçəsi təsvir edilir, eyni zamanda, son dərəcə dramatik hadisələrin fonunda çox nadir tarixi xronika öz əksini tapır. Bakı kəndləri necə formalaşıb, Nadir şahın sərkərdələri burada necə kök salıb, ruslar nə zamandan və necə gəlməyə başlayıb, ermənilər, malakanlar və başqa azsaylı xalqlarla münasibətlər necə olub, neft sənayesi inkişaf etdikcə dünənə qədər tərəkəmə həyatı sürən türklər necə şəhərliləşməyə başlayıb və s. - romanda bədii bir dram içərisində öz əksini gözəl tapıb.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Ötən ay ən çox oxunanlar
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Hər ayın ortalarına doğru əvvəlki ayda ən çox oxunan yazıların reytinqini təqdim edirik. Budur, noyabrın ortalarıdır və biz oktyabr ayına yekun vururuq. Bəri başdan deyək ki, ötən ay ən çox oxunan yazılar - hekayə müsabiqəsini əhatə edən yazılar, habelə əcnəbi müəlliflərlə müsahibələr olmuşdur.
Beləliklə, ilk 20-lik.
1.”Hekayə müsabiqəsinin finalçıları”: Cavid Babayevin “Üçtəkərli motoskilet” hekayəsi.
2.”İncəsənətlə idmanı birləşdirən körpü” - Uraqan Abdullayev.
3.”Azərbaycan ədəbiyyatından bir neçə il öncə Qurban Səidin…” - uelsli yazıçı Sophie Andersonla müsabibə Habil Yaşarın müsahibəsi.
4.”Cümə günü Əbülfəzqızınını 10 sualı”nda Təranə Turan Rəhimli (Ülviyyə Əbülfəzqızı)
5.”Qənirə” - Güneyli Çalğın Məhəmmədin şeiri
6.Funda Gündüz: “Ölkənin 32 faizi kitab oxumur…” (Habil Yaşarın müsahibəsi)
7.Türkiyənin sevilən yazarlarından olan Şebnem Özbayla müsahibə (Habil Yaşar)
8.”Özü gedər, izi qalar” (Səbinə Yusif)
9.”Yazmaq və oxumaq mınim üçün…” - Müzeyyin Eserlə Habil Yaşarın müsahibəsi.
10.”Violettanın sehirli peçenyeləri” - Leyla Ümidin hekayəsi.
11.Anarın 85 illiyinə həsr olunmuş hekayə müsabiqəsinin 8 finalçısı bəlli oldu
12.”Oxuduqları hər söz gənclər üçün…” - Cemal Durmazla Habil Yaşarın müsahibəsi
13.”Gəl tut əllərimdən, yaşatmaq öyrət” - Ə. Sadiqin şeirləri
14.”Başqasına verə biləcəyiniz ən yaxşı şey…” - Hande Uyarla Habil Yaşarın müsahibəsi
15.Eldar Əhmədovdan “Xoş söz”
16.”Orxan niyə qeybə çəkilib?” - Orxan Badaırsoyla Nigar Həsənzadənin müsahibəsi
17.”Cümə günü Əbülfəzqızının 10 sualı”nda Elvin İntiqamoğlu (Ülviyyə Əbülfəzqızı)
18.”Hekayə müsabiqəsinin finalçıları: Xan Abdullanın “Yazgülün —-“ hekayəsi
19.”Aktyor üçün təhsil almaq…” - Xuraman Əliyeva ilə Lalə Həsəncanın müsahibəsi
20.İslam Qədirli: “Televiziya təbliğat maşını olmamalıdır” - Heyran Zöhrabova
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
REDAKSİYANIN POÇTUNDAN - Allahverdi Buludlunun şeiri
Allahverdi Buludlu bizə “Sənə çatmır” adlı şeirini dərc üçün göndərib. Niyə də yox?
SƏNƏ ÇATMIR
Ayağım yeriyir yıxır yolları,
Bu başdan o başa çıxır yolları.
Döndərib düyçəyə yığır yolları,
Sənə çatmır.
Olur çox eşidən ayaq səsimi,
Quraq bir saata yığaq səsimi.
Eləyir bir milyon varaq səsimi,
Sənə çatmir.
Buludlar qaralsın, ağlasın, keçir,
Çaylar bənd eləsin, bağlasın keçir.
Bəlkə də bir dəniz dalğasın keçir,
Sənə çatmır.
Çox söz düyünlənir dilimin üstə,
Gələn ağırlıqdı əlimin üstə.
Allahın ölümü yolumun üstə,
Sənə çatmır.
Bəlkə belə yazıb yazan payımı?
Yuxuya götürür yozan payımı.
Anam saxlayırdı qazan payımı,
Sənə çatmır.
Əlim bir qələmə, naməyə çatır,
Bir poçta, qatara, gəmiyə çatır .
Allahverdi, sözüm hamıya çatır,
Bir sənə çatmır.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)