Super User

Super User

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

Əgər mənə dünyasını dəyişmiş birini yeri qaytarmaq şansı verilsə idi, yəqin ki geri gətirəcəyim insan Mikayıl Müşfiq olardı... Əslində, durub düşünəndə Azərbaycan ədəbiyyatının çox mükəmməl, işində həqiqətən ustad olan sənətkarları olub və onlardan biri də Mikayıl Müşfiqdir, hansı ki, lirikanın mükəmməl ustadlarından biri olduğu kimi o, eyni zamanda çox dostcanlı, mərd biri olmuşdur. Bunu Repressiya illərində ifadə etdiyi bir cümlədən də anlamaq mümkündür: "Mənim sağ əlim Hüseyin Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram"

Ədəbiyyatımızın və bəşəriyyətimizin hələ çox Müşfiqlərə ehtiyacı var...

Aytən Əliyeva

 

Mirzə Ələkbər Sabirə zəng edərdim.  Deyərdim, siz çox düzgün etmişsiniz. Biz insanlar başımıza nələr gəlsə də yenə də öz inadımızdan dönmürük. Məsələn, biz tələbələr. Deyirik kəsiləcəyik.  Amma yenə də məsuliyyətsizlik edirik, hazırlaşmırıq.

İpək Quliyeva 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Beyza Alkoçun qələmə aldığı kitab əsasında çəkilən “3391 kilometr” adlı türk melodramının eksklüziv nümayişi yanvarın 12-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Filmdə baş rolları yeni nəslin ən populyar aktyorları Derya Pınar Ak və Ahmet Haktan Zavlak ifa edirlər. Filmin yaradıcı prodüseri və rejissoru Deniz Enyüksekdir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitabın pərəstişkarı olan və əsərdəki sevgi hekayəsinin hər bir təfərrüatını az qala əzbərə bilən fanatların “3391 kilometr" filminin sosial şəbəkə səhifələrində yazdıqları on minlərlə şərhdən və güclü təzyiqlərindən sonra filmə çəkiliş zamanı ssenaridə olmayan, lakin kitabda əksini tapan bir çox təfərrüatlar əlavə edilib.

Film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir. Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır. Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidinə çevriləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Cümə, 12 Yanvar 2024 17:00

Sabah Köhnə yeni il qeyd ediləcək

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki, yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə?

 

Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik.

Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirik. Olur olsun da. Bayramın nəyi pisdir ki? Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

1904-cü ilin sabahkı günündə - 13 yanvarında Sankt-Peterburqda bir rus jurnalisti, regionşünası, pedaqoqu və yazışısı vəfat edib, gəlin bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirəməyək. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir.

 

Söhbət o Veliçkodan gedir ki, o, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.

Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)        

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2016-cı ildə yazılıb. 

 

 

Vahid ƏZİZ

XOCALI "VAĞZALISI"

 

...alaçıqlar məkanından

səda gəlir,"Vağzalının"

                           sədaları;

toy çalınır, bu--bir özgə

                   "Vağzalıdı",

böyüyüblər, Xocalıda öldürülmüş

körpələrin ruhlarının vüsalıdı!!

 

Zilə qalxın, tükürpədən haray salın

zurnaçılar!  

Davulçular, təbilləri elə vurun

məhvərindən yer oynasın!

Qoy anlayıb duysun bəşər--

bu, elə bir itgidir ki, yaraları sağaldıqca

qaysaqların altındakı ağrıları dərinləşər!

 

Qara zurna, odlu davul,

döyün çürük beyinləri,

açın batmış qulaqları,..

yer üzünün bütün körpə uşaqları

dərk eləsin, anlasın ki, nələr çəkdi

can verərək Xocalıda

                      öldürülmüş

                                  yaşıdları.

 

Nə qədər ki, bu cahan var,

Xocalının qan donduran

"Vağzalısı" çalınacaq!!

 

Nakam getmiş gül balalar,

and içirik baş əyərək

                            qarşınızda:

QİSASINIZ  ALINACAQ!!!

 

Ey əbədi uyuyanlar,

hövləng qalxıb yerinizdən

indiyədək davam edən qara yaslı,

qan libaslı, didərginli

çadırların ətrafında şənlənərək

         "Yallı" gedin, nəğmə deyin,

"Gözəl idi həyat"-deyin.

 

"Bəy" igidim, “Gəlin" balam,

bu, "Xocalı "Vağzalısı" havasıynan--

uçub gedin...

 

Bu imansız dünya sizi şərəfsizlər

                                hiyləsinə qurban verdi,

namərdliklə qurban vardi!!

 

Uçub gedin,

bu dünyanın acığına özünüzü

     O DÜNYADA XOŞBƏXT EDİN.

Uçub gedin,

                uçub gedin...

 

P.S. Və nə gözəl ki, şair qisas alınacaq demişdi, artıq o qisas alındı. 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Mehdi Qəmsizin   şeirlərini  təqdim edir.

 

 

Mehdi Qəmsiz

 

Qəmsiz kimi tanınan Mehdi Tiğzən 2000-ci ilin mart ayında Təbriz şəhərində doğulmuşdur.

 

DARIXMALARDA

 

Gözəl bir duyğu var darıxmalarda,

İnsanı özündən aparıb gedər.

Vaxtsız ölüm kimi yaxadan tutub,

Ruhunu bədəndən qoparıb gedər.

 

Gözəl bir duyğu var darıxmalarda,

Zaman tərsəsinə fırlanır sanki.

Yaşamın anlamın bilməyəndə sən,

Həyatda ürəyin bulanır sanki.

 

Gözəl bir duyğu var darıxmalarda,

Yalnızca qalmağı tərcih edirsən.

Bəzən sığınırsan xatirələrə,

Güvənib siqara, yolu gedirsən.

 

Gözəl bir duyğu var darıxmalarda,

Sanki darıxmalar doğurlar səni.

Biraz sayğıl ol sən bu şəhərdən,

Şəhər yol kəsəndir, oğurlar səni.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Cümə, 12 Yanvar 2024 13:00

Əvvəlki və indiki Napoleon

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Kasıba deyirlər, eşitmisən, gələcəkdə pul olmayacaq?

Kasıb deyib: İndi də yoxdur, yəni, gələcəkdə də olmayacaq? 

 

Tənbəlin rejimi:

Səhər gimnastikası - 10 dəqiqə.

Fasilə - 1 il.

 

Uşaq bağçasında:

-Atoppa, sən niyə Məsməgülünü üstünə “Feri” tökdün?

-Çünki mənim ondan xoşum gəlir. Amma o çox yağlıdır. 

 

Eşşəyi nə qədər yemləyirsən yemlə, yenə də gözü başqasının bostanında qalacaq. 

 

Əvvəllər Napoleondan qorxardılar, indisə onu yeyirlər. 

 

Gəncliyimizdə biz sürətliyik, vaxtsa ləng gedir. Qocalıqda biz ləngik, vaxtsa sürətlə gedir. 

 

VƏ GÜNÜN PARAFRAZI: 

Gülüş ömrü uzadır. Amma kimə bu cür gülünc həyat lazımdır ki? 

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni ildə ilk tamaşanı bu gün - yanvarın 12-də nümayiş etdirəcək. Bu, “Xanuma” tamaşası olacaq.

 

Teatrın Mətbuat Xidmətindən əldə etdiyimiz məlumata görə, tamaşa saat 19-da başlayacaq, biletlər 7-12 manat aralığındadır. 

İndi isə tamaşanın məzmunu barədə: A. Saqarelinin “Xanuma” əsəri Tiflisdə yaşayan “Xanuma” adlı bir ara düzəldən qadın haqqındadır. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanumanı axtarıb tapır və problemlərini həll edir. Evdə qarımış qızlar, subaylıqda qocalmış oğlanlar Xanumanın köməyinə möhtacdırlar. Hamının işinə yarıyan Xanuma həm pul qazanır, həm də öz şəxsi işlərini də unutmayıb, sonda öz sevgisinə qovuşur. Onun bacarmadığı iş yoxdur. “Xanuma”, əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını sevə-sevə vəsf edir. Xanuma oxuyur, oynayır, istənilən problemin həlli onun üçün çətinlik yaratmır. Bu onun həyat tərzidir. Əsərin sonunda hər şey Xanumanın köməyi ilə öz yerini tutur.

 

Teatrın növbəti günlər üçün repertuarını təqdim edirik:

13 yanvar - “Dantenin yubileyi”

14 yanvar - “Ölülər”

19 yanvar - “Xurşidbanu Natəvan”

20 yanvar - “Qarabağnamə”

21 yanvar - “Buzlar ölkəsi”, “Şükriyyə”

26 yanvar - “Qətibə inanc”

27 yanvar - “Sənsiz”

28 yanvar - “Xurşidbanu Natəvan”, “Ah, bu uzun sevda yolu”

 

Şəkildə: “Xanuma” tamaşasından bir səhnə

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Eldar Həsənova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELDAR İSFƏNDİYAR OĞLU HƏSƏNOV

(26.12.1965.-12.05.1994.)

 

Cəlilabad rayonunun Lallar kəndindən olan, Azərbaycan polisi,  Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhidi  

 

ELDAR

 

Düşmən tapdağından azad edilmiş

Hər qarış torpaqda şəhid qanı var.

Müqəddəs yurd üçün canından keçən,

Bu xalqın nə qədər qəhrəmanı var.

 

Hansı mərd igiddən düşərsə söhbət,

Görürük hünəri kitaba sığmaz,

Müqəddəs duyğular, inam, cəsarət

Onlarda nə qədər... hesaba sığmaz.

 

Belə oğullardan biridir Eldar,

Aslan tək döyüşüb yağılar ilə,

Yurdun ər övladı, nəridir Eldar,

Vətən - Vətən olur oğullarıyla.

 

Doğma Cəlilabadın ucaltdı adın,

Dedi, torpaq heç vaxt, pay ola bilməz,

Almışdı düşmənin gözünün odun,

Elə oğul idi, qolu bükülməz.

 

Kəşfiyyat elminin bilicisiydi,

Qənim kəsilmişdi haqqı danana,

Şəhidlik yolunun birincisidi,

Tələsdi müqəddəs ruhlar yanına.

 

Aldıq qisasını yağı düşməndən,

Cənnətlik məzarda di rahat yat,

Başına mükafat qoymuşdu düşmən,

Əlli  min dollar e… deyil zarafat.

 

Bizə çox əzizdi şəhidin adı,

Sənə min rəhmət deyirik, Eldar.

Məzarın önündə dərin hörmətlə

Hər gün başımızı əyirik Eldar.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı yazar Əbülfət Mədətoğlunun yazar Faiq Bəlabəyli ilə müsahibəsini təqdim edir. 

 

 

Bu  yaxınlarda, fevral ayının 23-də 60  yaşı tamam olacaq tanımış SÖZ  və GƏMİ  kapitanı, dostum Faiq  Balabəyli  ilə nöqtə-vergülünə  toxunmadığım onlayn söhbəti oxuculara da  təqdim edirəm. Düşünürəm ki, söhbətimiz  sizlər  üçün də  maraqlı olacaq.

 

– Mən Səni tanıyanda yaşıdım Faiq Balabəylinin əlini sıxdım… Yəni hansı ailədən, hansı eldən olmağını soruşmaq heç ağlıma da gəlmədi… Sən necə? Faiq Balabəyli kimi söz meydanına gələndə özünü necə hiss etdin…və nələrdən könüllü uzaqlaşdın?

 

– Uzaqlaşdığım şeylər çox oldu, əlbəttə ki, könüllü yox. Sənin əlini sıxdığın yaşıdın Faiq arxada, elə o günlərdə qaldı, irəli addım atdım, yaşımın üstünə yaş gəldi, qaşımın üstünə qırış, ürəyimdən çox şeylər keçirtdim, keçdiyini zənn etdiyim, lakin daima ürəyimdə qalanlar da oldu. Həm insanlar, həm də olaylar. Ətrafımda və ürəyimdə qalanlardan biri də sənsən ki, yaşımızın bu vədəsində sənin hardan, hansı eldən, elatdan, hansı ocaqdan olmanı bildim. Yəni mən də sənin kimi, əllərini sıxdıqlarımın ürəyimə keçidini gördükdə özümün, sözümün simsarı, yaxını kimi bildim. Bax, özümü belə hiss etdim və bəzi xırda məqamları yada salmadan, deyirəm ki, elə o cür də hiss etməkdəyəm.

 

-Sözlə işləmək də elə bir növü əkinçilikdi… Orada növbəli əkindən tutmiş arat, budama, yəni sahəyə aid hər işi əkinci müəyyən səviyyədə görə bilir… Sözlə işləyən də, nəsr, nəzm, dramaturgiya, publisistika… və sairə… Sən bunların bir çoxunda imzanı tanıtmısan… Bəs hansında daha çox Faiq Balabəylisən?

 

– Şair ömrü, yazıçı ömrü elə əkinçi ömrüdür, –  bunu çox  düz deyirsən. Əkdiyinin, torpağa səpdiyinin bəhrəsini görən torpaq adamı kimidir yaradıcı adam da!. Məhsul olarsa, sevinər, rahat nəfəs alar. Sadaladıqlarının hamısı sözlə işləyən insanların yaradıcılıq fəaliyyətində əksini tapır. Torpağın arata qoyulmasından, budamaya, yığıma, yəni məhsulun sevincini yaşamağa qədər. Dramaturgiyadan başqa bütün “sahələrdə” “Əkinçi ömrü, xış əziyyəti” çəkmişəm. Amma sevərək, zövq alaraq, yazmaya bilmədən, “yazmasam ölləm” halında, ovqatında olanda. Bunların hansında daha çox Faiq Balabəyliyəm, soruşursan. Deyim, hər birində o ədəbi-publisistik yazıların nümunələrinin altına imzamı çəkinmədən, qürurla qoymuşam. Amma daha çox insani münasibətlərdə, dostluqda, vətəndaş mövqeyimdə Faiq Balabəyliyəm ki, bütün yaradıcılığımda da bu hallar var.

 

-Turalla bir meydanda olmaq və sözü ustad-şəyird, ata – oğul, müəllim – tələbə, yaxud da həmkar kimi bölüşmək, çözmək kimi hallar olurmu?..

 

– Turalla fikir ayrılıqları daha çoxdur və əgər daha çox insafsızlıq etsəm, çəkinmədən deyərdim ki, yola getdiyimiz anlar demək olar ki, yoxdur. Baxmayaraq ki, bütün hallarda ardımca gəldi, keçdiyim yolların süvarisi oldu və bu hal davam etməkdədir. Şeir, esse yazıram, jurnalistika ilə məşğulam, o da iki kitab müəllifidir, AYB-nin üzvüdür, jurnalistlik fəaliyyəti ilə məşğuldur və sair. Mən dənizçiyəm, gəmi sürücüsü, naviqasiya mühəndisi ixtisasına sahib olmuşam, gəmi kapitanıyam, o da sonradan ikinci Ali təhsil olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının eyni fakültəsini bitirdi, gəmidə işləyir və vəzifə yüksəlişi imtahanına hazırlaşır. Bununla yanaşı, bu qədər doğmalığın, yaxınlığın fövqündə “dost” ola bilmirik. Ata kimi qürurluyam, müəllim-tələbə kimi də görüntülər qənaətbəxşdir, həmkar kimi də məsləhətləşmələr, təcrübənin paylaşılması, əxz edilməsi də kənardan müşahidə olunacaq qədər var… Amma onun öz dünyası, öz aləmi var ki, bu  da mənim qane olacağım həddə deyil. Təbii ki, onun da mənimlə razılaşmadığı məqamlar yetərincədir.

 

–Belə məqamda SÖZ qalib gəlir, yoxsa Sizlərdən biri?

 

– Sənin dediyin, nəzərdə  tutduğun  məqamda, əlbəttə ki, SÖZ qalib gəlir. Onun şeirlərində elə misralar, elə bənzətmələr, elə fikirlər var ki, poeziyamızda həmişə diqqətdə, yaddaşda qalacaq. Təəssüf edirəm ki, onun ədəbi taleyi də elə mənim ədəbi taleyimə bənzədi. Qruplaşmadan, ədəbi cameədə sən məni, mən səni təbliğ et, deyən dəstənin üzvü və sairinsə yanında  ola bilmədi. Mənim ədəbi cameədəki dostlarım əsasən “köhnə qvardiyanın” döyüşçüləridir ki, sən də daxil olmaqla meyar olaraq ədəbi nümunələrin keyfiyyətinə dəyər verdilər. Sözün dəyərini bildilər, yaş, mövqe, umma halları olmadı.

 

–Ümumiyyətlə bu günümüzün Sözü rəng, boy-buxun, çəki və arzu olunmaq baxımından sənə nə deyir, səndən nə umur?

 

-Bu gün Sözün rəngi, boy-buxunu, çəkisi və nəyi arzuladım, deyə nə varsa məni qane edir. Ona  görə ki, ədəbiyyatımız qısır deyil, sanballı əsərlər yazılır, yazılacaq da. Ad çəkməyəcəm, amma heç də az deyil, nəzərimdə tutduqlarım, məni oxucusu edən

əsərlərin hər biri çox rahatlıqla ölkədən kənarda yayınlana bilər. Əlbəttə, ədəbiyyat həm də zövq məsələsidir, mən öz zövqümə uyğun olanları deyirəm.  Mənim özümdən isə İlahi Söz nə umur? Əlbəttə ki, onu ucuz tutmamaq, yerində işlətmək, uzunçuluq etməmək, demək istədiklərimi Sözün vasitəsi ilə sevdirə bilmək.

 

-Nəhayət, Faiq adlı xeyli söz adamı var… Onların arasında Balabəyli SÖZÜ səncə özünü necə hiss edir? Axı onun da yaşı 60-dır?

 

-Bizim tərəflərdə deyirlər, ad bostandır. Bu “bostan”da söz adamları olan adaşlarım var, əlbəttə. Balabəyli sözü kimi, elə Balabəylinin özü də fərqlidir, başqadır. Yəni adımız oxşar olsa da, dadımız- məhsulumuz fərqlidir. Mən özümü heç kəsə bənzətmədim, necə doğuldumsa, hansı dərinin içində dünyaya gəldimsə elə o dərinin də içində yaşadım, qabıq vermədim, dəyişmədim. Sözüm də elə oldu. Bütün mənalarda. Nə həyatda, mübarizədə, söz və meydan savaşında, nə də ədəbi mühitdə sözümü, özümü, fikrimi dəyişdim. Nə düşündüm, nəyi gördüm, nə tərəfimdən yazılmalıdırsa, yazılmalıydısa onu yazdım, onu dedim. Bu baxımdan əminliklə deyirəm ki, Balabəyli sözü özünü “gözü qıpıq”, “boynu bükük”, ürəyi sınıq, ayağı buxovlu hiss etmədi. Düz 60 ildir bu belədir və nə qədər yaşayacamsa belə   də olacaq, əziz Dost!

 

...Bəli, söhbətimiz gözlədiyim kimi də alındı. Belə də olmalı idi. Çünki biz nəsil söz adamı olaraq eyni şineldən çıxmışıq və sözdən başqa, özü də namuslu sözdən başqa heç nəyin davasını etmirik. Qələmimiz, sözümüz dəyərli sözün qulluğundadır. Bax, bu işin başında olan Faiq Balabəyliyə də 60 yaşın mübarək, Dost – deyərək sağollaşdım.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.