Super User

Super User

Çərşənbə axşamı, 16 Yanvar 2024 10:15

Şəhidlər barədə şeirlər – Elnur İmamverdiyev

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elnur İmamverdiyevə  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELNUR VƏFADAR OĞLU İMAMVERDİYEV

(01.09.2001-25.10.2020.)

Kürdəmir rayonunun Carlı  kəndindən olan Azərbaycan silahlı Qüvvələrinin əsgəri. Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.    

 

    ÜRƏKLƏRDƏ   YAŞAYACAQSAN

 

Kürün sol sahilində, sən, Carlıda doğuldun,

Təkcə bu kəndin deyil, Vətənin oğlu oldun.

Uşaqlıqdan ağıllı, mərifətli böyüdün,

Heç yadından çıxmadı  uluların öyüdü.

 

Atan sənə demişdi, bala, vətən bizimdir,

Bu yurdda həm daş-qaya, həm də çəmən bizimdir.

Yağılarda qalammaz, bir qarış torpağımız,

Oğul,  bizi gözləyir  əziz Qarabağımız.

 

Atanı dinləyərək düşündün lap dərindən;

-Vaxtdır qurtarmalıyıq, erməninin şərindən.

Əsgərliyə gedəndə  sevinirdin  necə də…

Anan xatırlayır ki, yatmamışdın gecə də…

 

Qulluğun nümunəvi, özün qoçaqdan qoçaq,

Ancaq bir arzun vardır, düşməni yurddan qovmaq.

Başladı müharibə, nəhayət, o gün çatdı,

Sən oldun vuruşlarda, xüsusi təyinatlı.

 

Döyüşdün Füzulidə, Cəbrayılda şir kimi,

Qubadlı, Zəngilanda, bir möcüzə, sir kimi.

Məhv eyləyib düşməni, belini qırdın şərin,

Əfsanəyə çevrildi, Elnur, sənin hünərin.

 

Vətən sevgisi ilə, sən bayrağa büküldün,

Əbədi yaşamaqçın doğma Carlıya döndün.

Hər kəsə örnək oldu  qeyrətin, igidliyin,

Səni cənnətlik etdi əbədi, şəhidliyin.

Elnur,  yaşayacaqsan, ürəklərdə hər zaman,

Unutmaz qəhrəmanın heç vaxt doğma el-oban.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

 

 

Çərşənbə axşamı, 16 Yanvar 2024 10:00

Varlanmaq üçün uğur formulu - Biznes-plan nədir?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biznes-plan sizin biznesinizi, onun istiqamətini, sizin bütün məqsədlərinizi və sizin şirkət üzrə prtnyorlarınıza təklif etdiklərinizi dəqiq müəyyən etməyə imkan verir. Onun baza komponentinə cari və gələcək balanslar, gəlir və ziyanlar haqqında hesabatlar və nağd pul vəsaiti axını daxildir. O, resursların dəqiq müəyən edilib paylaşdırılmasında, risklərin yaranma imkanlarının nəzarətdə saxlanılmasında və düzgün qərarların qəbulunda sizə yardımçı olacaq.

Biznes-plan sizin kompaniya, onun təşkilinin prinsipləri, borc götürülən vəsaitin necə qaytarılacağını əsaslandıran hesablamalar haqqında müəyyən və xüsusi məlumatlar daşıdığından, yaxşı tərtib edilmiş biznes-plan kredit və investisiyaların alınması üçün təqdim olunan sənəd paketinin həlledici komponentidir. Paralel olaraq o, sizin personala, təchizatçılara və digər partnyorlarınıza məqsədlərinizin mahiyyətini və kompaniyanızın əməli strategiyasını izah edə bilər.

Mövzudan daha geniş bəhs etmək zərurəti duyduğumdan, bundan sonrakı hissədə biznes-plan barədə daha geniş danışacağam.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

 

 

Çərşənbə axşamı, 16 Yanvar 2024 16:00

QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

32-ci hissə

 

Dərd basqısı

 

Dərd həmişə tək gəlmir, heç qoşa da gəlmir, saysız-hesabsız həmlələrlə, qoşun halında gəlir. Ülkəri nə əvvəl işlədiyi məktəbə, nə də bağçaya götürdülər, Nazəndə xanımın çabaları da boşuna oldu, münasib iş tapılmadı ki, tapılmadı.

Üzü yaya doğruydu, söz vaxtına çəkər, may ayıydı, Ülkər idarə və müəssisələrin qapısını döyməkdən usanırdı, ya təəssüflü, ya turşumuş üz ifadələri, “yox” kəlmələri sıraya düzülürdü. Elə obyekt də olurdu ki, sahibi aşkar deyirdi ki, səni işə götürərəm, amma gərək mənimlə yatasan.

Həyatının otuzuncu ilində bu sayaq çətinliklə üzləşəcəyi ağlına belə gəlməzdi. Anası xəstəydi, pensiyası dava-dərmana gedirdi, bacısı Leyliyə həyat yoldaşı Ülkər evə qayıtdıqdan sonra anasına baş çəkməyi qadağan etmişdi, “o pozğun olan evə ayağın dəyməsin” kəlmələri Leyli üçün tabu olmuşdu, Xəyal da anasına kömək etmək fikrindən uzaq idi. Evin dolanışığı, kommunal xərclər, Aylinin təhsili – bütün bunlar maddi vəsait tələb edirdi, vəsait isə yox idi.

Bir gün Ülkər “20 Yanvar” metrosu ətrafında divarlara, işıq dirəklərinə, hasarlara vurulmuş iş elanlarına göz gəzdirərək münasiblərini axtarırdı, birdən arxadan iyrənc bir səs eşitdi, Namiq idi, Namiqi görcək sanki bədənindən cərəyan keçdi. Namiq həyasızcasına “Səndən aldığım kayfı daha heç kəsdən ala bilməmişəm. Gecən neçədir, artıqlaması ilə verim, yenə mənimki ol, kam verib kam alaq” söyləyəndə Ülkər qeyri-ixtiyari qışqırdı, dedi, get ananla, bacınla yat.

Daha bir neçə gündən sonra qəfildən Gülgün zəng etdi. Rəşid müəllim olayından sonra Gülgünlə əsla əlaqələri olmamışdı, Ülkər onun zənginə təəccübləndi də.

Gülgün dedi:

-- Rəşad müəllimin sürücüsü Namiqdən eşitdim ki, metrolarda elanlara baxıb iş axtarırsan. Ürəyim ağrıdı. İndiki zamanda işsiz qalmaq çox çətindir. Bir ailəvi tanışımız var, anaları Bilgəhdə bağda yaşayır, əlil arabasında gəzir, ona qulluq etmək lazımdır. Ayına beş yüz manat verirlər.

Ülkər “Rəşad müəllimin sürücüsü Namiqdən eşitdim ki” kəlmələrindən diksinsə də, hər halda Gülgünün bu təklifini xilası saydı, ona da dil-ağız elədi ki, bu yaxşılığını heç zaman unutmayacaq.

Ertəsi gün Gülgün Ülkəri Nərimanovda bir mənzilə apardı, ev sahibləri gənc kişi və xanım onu yaxşı qarşıladılar. Eynəyindən elmli adam olduğu sezilən mədəni kişi elmi tədqiqat institutunda işləyirmiş, fizik idi, qadını da öz yanında laboratoriyaya düzəldibmiş, güzəranları yaxşı idi, məvacibləri yüksək olduğundan kişinin yaşlı anası üçün “sidelka” – yəni baxıcı, qulluqçu tutmaq qərarına gəlmişdilər.

Ülkər bu mədəni insanlarla dərhal dil tapdı, anlaşdılar. Deməzsənmiş, Bilgəhdə yaşayırmışlar, şəhərə get-gəl çətin olduğundan şəhərdəki bu mənzili kirayələmişdilər, Ülkər qadına Bilgəhdə baxasıydı, kişi ayrıca Ülkərə yolpulu da verirdi. Başı açılanda Bilgəhdəki evi satıb şəhərin mərkəzindən iri bir mənzil almağı da planlarına salmışdı ev sahibi.

Düzdür, gedib həftənin altı günü Bilgəhdə yaşlı qadının yanında qalmaq, yalnız bir gün evinə -- balasının yanına dönmək rejimi ağır rejim idi, amma çarəsi nə idi, barışmalı idi reallıqla.

Beləcə, anasına məqsədini bildirib, kişidən aldığı yüz manat avansı da anasına verib Bilgəhə yollandı.

Onu danışdırmayan anası “Barı bu dəfə yeni hoqqa çıxarma” dedi ardınca.

Heç oralarda olmamışdı. Dəniz kənarıyla onu aparan avtobus ləng gedirdi, imkan verirdi ki, Xəzərin maviliyindən, təkrarsızlığından zövq alsın. Sahil boyu düzülmüş evlər, ləpədöyəndəki kölgəliklər, xırda tikililər gilavarın üz oxşamasından ilhamlanıb sanki adama gülümsəyirdilər.

Qalacağı mənzilə yetişdi, evin qadını onu qayınanası ilə tanış etdi, evin səmtini agah etdi, tapşırıqılarını verib getdi.

Ülkər Bəsti xalayla tanış oldu. Qadının dilinin sözü “oğlum İqbal” idi. Oğlunu “böyüy nəçənniy” adlandırırdı. Olduqca mehribandı, Ülkərə ilk dəfəsindən “canım” deyə müraciət edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

 

 

Çərşənbə axşamı, 16 Yanvar 2024 14:00

Monika Levinski - baş qəhrəmanımız

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

AMERİKA LƏTİFƏSİ

Bir şeyi anlaya bilmədim. Hillari Klinton necə olur ki, bütün Amerikanı xoşbəxt edəcəyi vədini verir? Axı o, təkcə Bil Klintonu Monika Levinskinin köməyi ilə xoşbəxt edə bilmişdi? 

 

PAPANİN LƏTİFƏSİ

Ağabala evdə oturub. Qapı döyülür. O qapını açanda kəndarda zürafə, tutuquşu və dovşan görür. 

Ağabala gözlərini ovuşduranda hər üçü bir ağızdan deyir:

-Bizə informasiya gəlib ki, burada hallüsinoqenlərdən qədərindən çox gen-bol istifadə edirlər. 

 

TOVUZ LƏTİFƏSİ

Tovuzlu Ələkram Tovuzla Qazaxın sərhədində yaşayır. Və onu o narahat edir ki, bostanını qazmağa başlayanda rouminqi işə düşür. 

 

ÇİN MƏSƏLİ

Güc düzgünlükdədir. Kimin gücü çoxdusa, o da düzgündür.

 

İNGİLİS MƏSƏLİ

Konservatorlar - varlanmış liberallardır. 

 

RUS LƏTİFƏSİ

Rusiyanın özündə əksər KİV Putin haqda lətifə yazsa belə, Türkmənistanda bunu etməyə heç kəsin cəsarəti çarmır. 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rənglər təbiətdə çox gözəldirlər, əksərən, palitrada da eyni gözəllik daşıya bilirlər. Təbiət mənzərəsini görürsən, həzz duyursan, amma keçib gedirsən, bu həzz ötəri olur. Kətandakı gözəllik isə daim səninlə qalır, istədiyin an baxır, zövq alırsan. Bax bu cəhətdən rəssamlar seçilmiş insanlardır, rəsmlər isə zəngin sərvət.

Rəssamlıq karyerasına 2012-ci ildən başlayan, 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan, eləcə də UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar İttifaqına (IAA/AIAP) üzv olan Nigar Helmi Abbasbəylini bizlərə tanıdan və sevdirən son silsilə əsərləri olub ki, bunlar da Qarabağ mövzusundadır.

 

 

 “Gövhər Ağa məscidi”, “Bülbül evinin xarabalıqları”, “Pənahəli xan sarayının xarabalıqları” və “Varəzgün məbədi” kimi məşhur əsərlərindən bəziləri “Assosiasiya des Artistes Contemporains de Turquie à Paris”, “ART expo New-York”, “Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi” kimi bir sıra incəsənət nümayiş və sərgilərinin diqqətini çəkib.

 

 

 

Əlbəttə ki, incəsənət elə bir sahədir ki, burada təmsil olunan hər bir şəxs öz nümayiş etdirdiyi  sənəti böyüklüyündə olur. Nə artıq, nə əskik. Burada heç bir şey səni öz ampluandan çıxarıb daha geniş diapazonda göstərməyə qadir deyil. Yüzlərlə sənətşünas, jurnalist cəh-cəh vurub səni tərifləsələr, PR-ına milyonlar xərclənsə, yenə də fitri istedadın yoxdusa da, səndən brend düzəltmək mümkün olmayacaq.

Nigar Helmi Abbasbəyli özünü məhz öz “Qarabağnamə”si ilə təsdiqləyib. Bu rəsmlər müxtəlif sərgi salonlarında elitar insanların zövqünü oxşayıb, üstəlik, Qarabağımızın talanan mədəni irsi barədə statistik dünya insanına zəruri məlumatları ötürüb. Elə məhz buna görə də bu rəssam xanımın yaradıcılığı diqqətəlayiqdir.

 

DOSYESİ

Nigar Helmi Abbasbəyli 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və İncəsənət kollecini, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və ingilis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

3 övlad anası olan Nigar xanım Mirzə Nəsrulla Əmirovun nəticəsidir.  Bəli, bu həmin o Mirzə Nəsrulla Əmirovdur ki, ötən əsrin əvvəllərində Naxçıvanın erməni daşnaklarından qorunmasını təşkil etmiş, orada misilsiz xeyriyyəçilik işlərini həyata keçirmişdir.

Qeyd etdiyimiz kimi, Nigar xanımımın indiyədək bir çox mötəbər sərgiləri baş tutub.

 

 

Siyahıya diqqət edək:

2021 / 29 iyun – 05 iyul – “Vətənin mirasları” fərdi sərgisi, Bakı, Azərbaycan;

2021 / 27-29 avqust — Salon International d’art Contemporain Art3f Monaco;

2021 / 22–24 oktyabr - Carrousel du Louvre, Paris, France;

2022 / 9-22 may - Solo exhibition "Karabakh Heritage", Atatürk Cultural Center, Istanbul, Turkey; 

2023 / 19 mart – “Qadın rahiyəsi” fərdi sərgisi, Bakı, Azərbaycan;

2023 / 29 mart – 3 aprel - New York “Art Expo “, New-York, USA

2023 / 19-20 aprel, Solo exhibition "Karabakh Heritage” GSO Ankara, Turkey.

 

XƏZƏRDƏN İLHAMLANARAQ

Rəssamlıq bilavasitə nədənsə ilhamlanaraq ifadə edilən bir sənət növüdür. Rəssam yaratdığı peyzajı, natürmörtü, portreti onu özündən alan təbiət lövhəsi, görüncə ağlını başından alan insan siması olmayınca əsla yarada bilməz. Nigar Helmi Abbasbəylinin ilham mənbəyi isə mavi Xəzərdir.

 

 

Deyir ki, “Xəzər hər bir azərbaycanlı üçün nədirsə, mənim üçün də odur. Ruhumdur, vətənimin bir parçasıdır. Ruhumun qidalandığı yerdir, ilham qaynağımdır. Mənim evimdə studiyam elə yerləşir ki, bir divarı tamamilə şəffafdır və tamailə dənizi bütöv görərək, ona baxaraq bəzən səhərə qədər kətan üzərində yağlı rəsmlərimi ərsəyə gətirirəm. Və onu da qeyd edim ki, Qarabağla bağlı yaratdığım əsərlərin ilk şahidi məhz Xəzər dənizidir. Mən səhərə qədər Bayatı-Şirazı dinləyərək “Qarabağın mirası” sərgisini çox qısa müddətdə hazırlayıb ərsəyə gətirdim. Bilirsiniz ki, insanlarda başqa bir xüsusiyyət var. Bəzən eşidib, amma dinləyə bilmirlər. Amma dəniz səni həm eşidir, həm də dinləyir. Ona görə Xəzərin mahiyyəti mənim üçün özəldir, ruhumun qidalandığı yerdir.” 

 

YOLUN BAŞLANĞICI

Bəzən yaradıcılar tam təkəbbürlü olurlar, yola çıxan kimi artıq onu bitirdiklərini zənn edir, özlərini mənzil başına çatmış kimi görürlər. Amma Nigar Helmi Abbasbəylidə bunun tam əksidir. Ortaya qoyulacaq çox ciddi uğurlar, nəticələr olduğu halda özünü yolun lap başlanğıcında hiss edir.

Deyir ki, “Şəxsən mən hələ özümü bir insan olaraq qalib hesab etmirəm. Çünki bu yolun hələ tam başlanğıcındayam. Və səmimi etiraf edim ki, tamamilə qalib olmaq istəmirəm. Hesab edirəm ki, tamamən qalibiyyət üzərimdə işləməyin, maariflənməyimin  dayanmasıdır. Amma mən yaşadıqca daha çox maariflənmək, daha çox öz üzərimdə işləmək, daha çox ruhumun qidalanmasını istəyirəm. Məhz buna görədir ki, hər zaman dayanmadan öz üzərimdə işləyirəm və yolun hələ bayaq qeyd etdiyim kimi, çox əvvəlindəyəm. İnşallah bir gün zirvəyə də, yəqin ki, gələrəm.

 

“QARABAĞ” KOLLEKSİYASI – DÜNYA BƏLƏDÇİSİ AMPLUASINDA

Qeyd etdik ki, Nigar xanımın uğur zirvəsi “Qarabağ” kolleksiyasıdır. Bu rəsmlər Parisin, Nyu-Yorkun, İstanbulun, Monakonun sərgi salonlarında dil açaraq dünyaya Qarabağ həqiqətləri barədə car çəkib, erməni millətçiliyinin gerçək üzünü göstərib, eləcə də ulu Azərbaycan mədəniyyətini bütün gözəllikləri ilə nümayiş elətdirib. Otuzillik işğal dövrü ərzində Azərbaycanın milli-mədəni və tarixi dəyərlərinin ermənilər tərəfindən dağıdıldığını xatırladan rəssam sərgisinin mövzusunun həmin ərazilərdəki Azərbaycan mirasını, dahi insanların ev-muzeylərini, tarixi abidələri təsvir etmək olduğunu deyib.

Nigar Helmi Abbasbəyli söyləyir: “Qarabağ” kolleksiyasında Şuşada dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış ev-muzeyinn təsviri, Xurşudbanu Natavanın ev-muzeyinin dağıntıları və s. təsvir edilmişdir.  Bu kolleksiyanı dünyanı gəzdirməyin bir mesajı var.

 

 

 Mən bir rəssam olaraq Vətənimə yalnız öz əməlimlə belə xidmət edə bilərəm... Niyə..? Çünki bilirsiniz ki, bizim 926 kitabxanamız, 4 milyona yaxın kitablarımız, 22 muzeyimiz,  4 teatrımız, 85 musiqi məktəbimiz ləğv edilib. Bu, bir millətin başqa bir millətin mirasının məqsədyönlü silinməsidir. Bu nəinki bir Azərbaycana qarşı, bu, insanlığa qarşı da böyük bir barbarlıqdır. Və biz buna susmamalıyıq. Məhz bu səbəbdəndir ki, bu sərgi ilə dünyanı gəzirəm. Bilirsiniz ki, mədəniyyətə qarşı Avropa insanı çox həssasdır. II Dünya müharibəsi zamanı Renesans dövrünün əsərləri dağıdılmasın deyə onu İtaliyada göz bəbəyi kimi qoruyurdular. Niyə..? Çünki italyanlar çox yaxşı anlayırdılar ki, Ulu öndər Heydər Əliyev demiş, bir xalqı yaşadan onun dili və mədəniyyətidir”.

 

MİSSİYA

Nigar xanımın fırçasından gözəl təbiət lövhələri, portretlər də az çıxmır. Onun “Qadın rayihəsi” adlı sərgisi də kifayət qədər uğur qazanıb. "Qadın rayihəsi" adlı fərdi sərgidə Nigar Helminin realizm və rəngdən qeyri-məhdud istifadəni mükəmməl şəkildə bir araya gətirdiyi 30 rəsm əsəri nümayiş etdirilib. Rəsmlərdəki bütün çiçəklər qadın gözəlliyinin və zərifliyinin simvolu, qadın enerjisinin təzahürü anlamı daşıyıb.

Amma Nigar xanım özünü bir missiya icraçısı hesab edir, ona görə də bu sayaq işlərini arxa planda görür.

 

 

O deyir: “Şərq coğrafiyasında məhz Azərbaycanda ilk dəfə qadına səsvermə hüququ verilib. Mən də bu millətin qızıyam. Və sözsüz ki, Azərbaycan qadınının zərafətini, gücünü, dahiliyini istədim fırça ilə kətan üzərinə köçürüm. Və bunu sırf Qadınlar gününə özəl etdim. Amma qeyd edim ki, mənim üçün “Qarabağ” kolleksiyası xüsusi önəm daşıyır.  Bu yaxınlarda Amerikada “New York Art Expo” sərgisində yenə də Qarabağ rəsmlərini götürdüm. Bəzən mənə deyirlər ki, niyə siz sərgidə təsvir, gül çiçək kimi əsərlərinizi aparmırsınız. Kim anlayacaq o dağıdılmış məscidləri. Mən həmən cavab verirəm. Mənim üçün ən önəmlisi odur ki, qoy mən Azərbaycana olan tarixinə, mədəniyyətinə olan barbarlığı göstərim, onlar özləri görüb anlasınlar”.

 

MƏŞHUR BİR NƏSLİN DAVAMÇISI

Qeyd etdik ki, Nigar xanım məhşur tarixi şəxsiyyət olan Mirzə Nəsurulla bəy Əmirov nəslinin davamçısıdır. 1918-ci ildə bolşevik-daşnak birləşmələri Azərbaycanı qan gölündə boğmaq istəyəndə Mirzə Nəsrulla bəy Milli  şuranın rəhbərlərindən biri kimi müdafiə işlərini təşkil edib. Hələ o zamanlar Bektaşilər və yeniçərlər Naxçıvana gələndə məhz Nigar xanımın ulu babası onları qarşılayıb, öz mülkündə onları yerləşdirib. Eyni zamanda həmin mülk qızlar məktəbinin  istifadəsinə verilib. Naxçıvanda ilk karvansaraylar da məhz Mirzə Nəsrulla bəyə aiddir.

 

 

Bu barədə Nigar xanım söyləyir: “Ankara sərgisi zamanı sərgidə iştirak edən Azərbaycandan getmiş filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-publisist Şərəf Cəlilli orda məndən mənim kökümü  soruşanda Mirzə Nəsrulla Əmirov imzası eşidən kimi həmən belə bir ifadə işlətdi: ”Sənin ulu babanın xəncərindən, sonrakı Mirzə Nəsrullanın qələmindən və sənin fırçandan süzülüb gələn Azərbaycan tarixi, mədəniyyəti yaşamalıdır”. Və mən bu sözlərdən çox duyğulandım. Bəli, məhz Mirzə Nəsrullah Əmirov Naxçıvan Milli Şurasınn Müdafiə Komitəsinin sədri olub. Və fəaliyyəti dövründə istər Azərbaycan tarixinə, istər mədəniyyətinə, istərsə də təhsilinə inanılmaz töhfələr verib, xüsusi, müstəsna xidmətləri olub. Orada Puşkinski küçəsində öz maddiyyatı ilə Qızlar Məktəbini tikdirib. Bilirsiniz ki, 1918-ci ildə daşnaksütyun Naxçıvanda soyqırıma başlayıb. Mən bunu 90-cı illərdə nənəmin xatirələrindən eşitmişəm. Nənəm bütün bunları ağlayaraq danışırdı. O zaman törədilən vəhşiliklıri ürəkyanğısı ilə deyirdi. Mirzə Nəsrulla 8 nəfər öz xəbərçisini Kazım Qara Bəkirə göndərir və deyir ki, gəlin bizə köməyə. O zamanlar Kazım Qara Bəkir Naxçıvana gələndə babam Mirzə Nəsrulla türk əsgərinə hörmət olaraq  250 m qırmızı xalı yerə sərdirir və onları elə qarşılayır. Zəfərdən sonra da əsgər keçidi keçirilir, ona da öz evindən ipək xalçasının götürüb tribunanın qarşısına sərir. Beləliklə, Kazım Qara Bəkirlə paradı qəbul edir. Ən çətin məqamlarda Naxçıvanski qardaşlarına etibar edir.

Mirzə Nəsrulla Əmirov böyük mütəfəkkirlərimiz Hüseyn Cavid ilə, Cəlil Məmmədquluzadə ilə və bir çoxları  ilə dostluq edib. Maarifçilik yönündə öz vəsaiti ilə onlara böyük köməkliklər göstərir. İndi mən də öz növbəmdə belə deyək ki, onun ideyasının davamçısıyam. Əlbəttə ki, bununla da qürur duyuram. Azərbaycan mədəniyyətinin bir parçası olmaq mənim üçün bir şərəfdir. İndi tamamən həyatımı buna həsr etmişəm”

 

BAKI-ŞUŞA QATARI

Nigar Helmi Abbasbəyli “Qarabağın mirası” mövzusunda sərgisinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr edib. Azərbaycan mədəniyyətini təmsil etdiyi üçün hədsiz qürur duyur.

 

 

 

 

O deyir:  “Müharibə olsa belə bir millətin tarixi, mədəniyyəti, tarixi dəyərləri, gələcək nəsillərə qoyacaq mirası silinməməlidir. Lakin ermənilər bizə aid olanları yer üzündən silmək istədilər. Mən bir azərbaycanlı olaraq əsərlərimlə bu barbarlığı dünyaya, eləcə də gələcək nəsillərə çatdırmağı özümə borc bildim. Biz geri dönən mirasımızı, Şuşamızı qorumalıyıq. Mənim bir əsərim də məhz bu mövzudadır. “Bakı-Şuşa qatarı” əsərim hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərini, Vətən torpağımızın yenidən çiçəklənməsini təmsil edir. Biz o torpaqları ruhumuzdakı Vətən sevgisi və milli-mənəvi dəyərlərimizdən yola çıxaraq əvvəllər də olduğu kimi Azərbaycanın ən gözəl guşəsinə çevirəcəyik”.

 

 

YENİ PLANLAR

Bəli, Nigar Helmi Abbasbəyli fırçası ilə gözəlliklər yaradır, amma mədəniyyət sferasında fəaliyyətini heç də yekcins görmür. Bütün mədəniyyət sahələri bir-biri ilə sıx təmasdadırlar, hətta, təsbeh dənələri kimi sanki eyni sapın üzərinə düzülüblər.

Ötən il Nigar xanımın rəhbərlik etdiyi “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyi Azərbaycan Ədəbiyyat Fondu ilə birgə “Müharibə dövrü ədəbiyyatı “adlı dinləmələr təşkil etdi. Qarabağ müharibəsində qazanılan zəfərdən sonra Azərbaycan Prezidenti “Biz öz işimizi gördük, indi söz yazıçılarındır ki, bu qələbəni öz romanlarında əbədiləşdirsinlər, gələcək nəsillərə ərməğan etsinlər” söyləmişdi, keçirilən tədbir məhz bu direktivlərin necə icra edilməsinə göz yetirmək, görülən işlərə qiymət verib görüləcək işləri planlaşdırmaq məqsədi güdürdü.

 

 

 

 

2024-cü ildə  Nigar xanım bir çox layihələrin reallaşmasını hədəf kimi seçib. Gənc rəssamlarla gənc yazarların birgə yaradıcılıq emalatxanalarının təşkili, yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması, türk dünyası mədəniyyət xadimlərinin vahid bir platformada işbirliyinin yaradılması, kino sferasında inanılmaz layihələrin gerçəkləşməsi – bütün bunlar ümumən mədəniyyətimizin inkişafına, Azərbaycan dövlətinin mədəniyyət sahəsindəki prioritet hədəflərinə çatması işinə bir töhfə olacaq, eyni zamanda, türk xalqlarının mədəniyyət yolu ilə daha sıx inteqrasiyasına xidmət edəcək.

Yeni – 3-cü minillik bütün dünyada yeni – informasiya-kommunikasiya  texnologiyaları ilə silahlanmış intellektual və mədəni, mənəvi cəhətdən zəngin bir insanın formalaşması dövrüdür. Çox gözəldir ki, mədəniyyət sferası 3-cü minilliyin də bazisi rolunu daşıyacaq.

Və bu işə töhvə verən insanlar var olsunlar!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Səni yaz qatarı apardı tezdən,

Elə bil dünyanı qarlı qış aldı.

Heç yana getmədin sən yer üzündən,

Bəs niyə yer üzü birdən boşaldı? 

 

Hicran elə gəldi, ayırdı bizi,

Sanki üfüqlərə uçan xəyaldın.

Hicran elə bildi ayırdı bizi,

Bir idin, min olub qəlbimdə qaldın. 

 

Gecələr sakitcə axan ulduzlar,

Göylər çəmənində naxışlarındır.

Hardansa gözümə baxan ulduzlar

Ulduz yox, həsrətli baxışlarındır! 

 

Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi fəaliyyət göstərmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin anım günüdür. 

Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra  İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilmişdir. Ordudan tərxis olunduqdan sonra o, bir müddət  "Kommunist" qəzetində  korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.

1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini  oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırır və onu Yazıçılar İttifaqına üzv qəbul edir. 

Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edir. Dava böyüyür və dekanın şairi universitetdən qovması ilə nəticələnir. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olurlar.

Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışmışdır

Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurmuş və beş övladı dünyaya gəlmişdir. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişmişdir. 

1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunmuşdur. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri Təxəllüsünü götürür. 

2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirmiş və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Və bu günkü şeir payımız da Nəbi Xəzri yardıcılığının ərməğanıdır, xoş mütaliələr! 

 

Dəniz, göy, məhəbbət 

 

- Dənizi hədiyyə verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

- Mən isə... göyləri verirəm, -dedin... 

 

Ayrıldıq qəribə hədiyyələrlə,

Göylər eşqim kimi mənə əzizdir.

Ayrıldıq dənizlə, ağ ləpələrlə,

Necə aparasan? Dəniz dənizdir. 

 

Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyim sahilə gələsən bir də.

Məni görməyəndə o mənəm - deyə,

Mənimlə danışıb, güləsən bir də. 

 

- Əgər görüşməsək, bizə dağ olar,

Dedim, neçə dəfə belə dedim mən.

Dəniz sahilinə qayıtmaq olar,

Göylərin sahili varmı, gedim mən?! 

 

Düşündüm, ayrılıq gələndən bəri,

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Məndən göylər qədər uzaq olasan?! 

 

 

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin

                                  sahillərinə. 

 

Əsl məhəbbət ki, böyük hünərdir,

Coşar umman kimi təzə arzular.

Mənim dalğalarım 

                                     xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,

Mən ki, adlayıram çölü, çəməni.

Mənim dalğalarım, 

                                 xatirələrdir,

Gecə də, gündüz də tapacaq səni.

 

 

Sevgi miniatürləri 

 

Keçir xəyallarım sənin izində

Sən Ayla, Günəşlə tən görünürsən.

Dünyaya baxıram sənin gözünlə

Yenə gözlərimə sən görünürsən. 

 

 

Onlar görüşdülər... Aylı gecəydi...

Oğlan pıçıldayıb. "Sevirəm" - dedi,

- Əhdindən dönənin gözü oyulsun!

Ay da sevgimizə qoy şahid olsun. 

 

Onlar ayrıldılar... Aylı gecəydi...

Oğlan başqasına "Sevirəm" - dedi.

Ay girdi buluda üzündə kədər,

Qorxdu, bir də onu şahid çəkərlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Əgər mənə sual olunsaydı ki, vəfat etmiş birinə zəng edəsi olsaydın, kimi seçərdin, açığı, cavab verməkdə çətinlik çəkərdim. Hər kəs yaxınlarını itirir, yaşadığımız dünyanın qanunudur bu. Demək ki, ən çox da itirdiyimiz yaxınlarla yenidən ünsiyyət istəyərdik. Bəs o yaxınlar arasında kimdən nəyi soruşardım? Ən yaxınımamı zəng edərdim, ən maraqlı suallarıma cavab verəcək olanamı? 

 

Mən deyəsən həqiqətən o dünyanı mənə danışacaq, məni əzablardan qorumağı həqiqətən istəyəcək birini seçərdim. Babama zəng edərdim. Heç görmədiyim, amma hamının "Yaşasaydı çox sevər, çox nazınla oynayardı. Mükəmməl biriydi” dediyi babama zəng edərdim. Həm onunla tanış olar, həm o dünyadan, Rəbbdən xəbər tutardım. Hələ də şansım varkən mənə bir az daha mənəviyyat, bir az daha ibadət aşılamasını istəyərdim. Bu dünyada hər şey keçicidir, bu cümləni tez-tez işlədirik. Amma həqiqətən də, bu dünyanın o tərəfini də düşünərək davam etməliyik yola. 

Görəsən nə qədər əməl edirik lazımi qaydalara?

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

 

Bahar gələndə...


... qorxurdum cəsarəti yetməyə sözün;

lalələr alovtək yamacı oyub,

dağlar elə bil ki, dartılan gözün

qapağı üstünə qırmızı qoyub.

 

güllər sıralanıb tutur yerini,

ürəklər isidir gələn soraqlar,

ara qarışanda itirdiyini

hər kəsin özünə qaytarır bahar,

 

oyadıb yaşadar arzuları da,

hardansa güc alar itən ümidlər,

bahara sevinən baş daşları da

Günəşə boylanıb dua etdilər.

 

qarının sonuncu nəvəsi mənəm –

ağlı kəsməyəni məndən soruşar,

payız yuxusuna “puç” deyən nənəm

baharda axarlı suynan danışar,

 

həyata boylanıb eşq həvəsində

arzular selində aşıb-daşaram,

yaşım çoxalsa da, bahar gələndə

ömrün payızınnan uzaqlaşaram...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Bazar ertəsi, 15 Yanvar 2024 16:30

QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

31-ci hissə

 

Ayrılıq

 

Ertəsi gün Tural evə dönmədi, Ülkərlə Banu narahatlıq içində səhəri dirigözlü açdılar, dost-tanışdan Turalı soruşdular. Heç kəs bir xəbər bilmirdi. İki qadın bir-birinə qoşulub polis idarələrinə, morqlara belə baş çəkir, gözləri yaşlı halda hətta küçədən keçənlərdən əlamətlərini deyərək Turalı sorurdular.

Beşinci günün tamamında Ülkərin mobil telefonuna uzun bir zəng gəldi, xışıltıdan sonra Turalın səsini eşidəndə sanki gözləri işıqlandı. Tural tələsik bir neçə kəlməni izhar edib dərhal da sağollaşdı.

-- Ülkərcik, salam. Necəsiz? Məndən nigaran qalmayın, Suriyadayam. Şəriət naminə vuruşuruq. İnşallah, qayıdıb gələrəm, yenə birlikdə olarıq. Banuya və Aylinə salamlarımı çatdır. Səni çox sevirəm. Hələlik.

Vəssalam. Bu, Turaldan eşitdiyi son kəlmələr oldu. Ardı gəlmədi. Ülkər hönkürərək ağladı, dükanda idi, müştərilər təəccüblə ona baxırdılar. Banu çıxmışdı ki, nahara perajki alıb gətirsin, içəri girəndə Ülkərin vəziyyətini görəndə donub qaldı, perajkilər əlindən yerə töküldü.

 

***

“Mən deyirdim də, deyirdim, Tural radikal müsəlmanların qurbanı olacaq, gedib Suriyada vuruşacaq. Deyirdim də, bunların ayrılığına səbəb yalnız bu ola bilər”. Süleyman öz-özünə ucadan dedi, sonra saata (03.45) və gecənin lal sükutuna diqqət etdi. Sonra da yenidən acışan gözlərini romana dikdi.

 

***

Suriya barədə Ülkər az eşitməmişdi, bilirdi ki, ora getmək ölümə getmək kimi bir şeydir. Axı niyə, niyə?

Ülkər göz yaşları içində özünü də, Banunu da qınayırdı.

-- Tural düz yolda deyildi, radikallara qoşulmuşdu, o, Suriyadan, cihaddan danışanda biz onun qarşısını kəsə bilərdik hələ, amma biz bunu eləmədik, ağlımıza belə sığışdıra bilmədik ki, Tural Suriyaya gedəcək. Ağzıma daşlar, amma o yol gedər-gəlməz yoldur.

Əslində Turalın qayıdacağına Ülkər də, Banu da ümid edirdilər. Hər dualarında Allahdan Turalı geri qaytarmağı diləyirdilər. Cümə namazında məsciddə bəzən hamı çəkilib getsə də, o ikisi əlləri göydə gözlərindən bıldır-bıldır yaş axıdaraq əzizlərinin geri dönüşünü təvəqqe edirdilər.

Həyatları tam solmuşdu. Birgə söhbətlər, çayiçmə mərasimləri, gəzintilər, Aylinlə görüşlər – indi bunların heç biri yox idi və Ülkər başa düşürdü ki, gör necə xoşbəxt anları, günləri olubmuş bir zamanlar. Adam büllur vazın dəyərini ancaq onu yerə salıb çilikləyəndə bilirmiş.

Qara gəlmiş Novruz bayramından heç bir ay belə keçmədi ki, Turalın ölüm xəbərini birgə namaz qıldığı Söhbət gətirdi, dedi, buradan on iki nəfər qardaş getmişdi, hamısı bir döyüşdə şəhid oldu. Ardınca da nələrsə dedi, Həyyat Təxrir aş-Şam dedi, Bəşir Əsəd dedi, Ərəb baharı dedi, Xalid Xoca dedi, mücahidlər heç vaxt ölmür, onlar əbədiyyətə qovuşur dedi. Nə dediyini Ülkər daha anlaya bilmirdi.

Beləcə, Ülkərin ürəyinin daha bir damarı qırıldı.

O, yenidən, artıq neçənci dəfə tək qaldı.

Banunun təkidlərinə və göz yaşlarına baxmayaraq, əşyalarını, zoğalı rəngli çamadanını yığışdırıb anasının evinə qayıtdı. Zöhrə onun yenə də üzüqara dönüşünə biganə qala bilmədi, saatlarca hönkürüb ağladı.

Yenə üçlükdə yaşamağa başladılar.

Arada bir dəfə Xəyal gəldi, onsuz da qəlbi qırıq olan Ülkərin qəlbini bir daha qırdı, onu “fahişə” deyə çağırdı. Bu sözlər Ülkərin içini silkələdi, cərəyan kimi bütün bədənindən keçdi. Bəli, o, Madarla, Rasimlə, Rəşid müəllimlə, Namiqlə, Turalla – artıq beş nəfərlə yatmışdı, üçünün halal arvadı olmuşdu, Rasimə sevgisi ucbatından, ailə quracaqları vədinə aldanaraq təslim olmuşdu, Namiq oğraş isə onu zorlamışdı. Fahişə deyildi axı o. Fahişə -- pulun müqabilində bədənini satana demirlərmi?

Həmin gün Ülkər “qulaqlara qurğuşun” deyib bu fahişə aşağılığına heç vaxt düşməyəcəyinə bir əminlik izhar eləmişdi.

Yeni həyat başlayırdı. Tural yox idi deyə “Ulduz”metrostansiyasının yanındakı ətriyyat dükanına mal gətirilməyəcəkdi, bu səbəbdən dükanı da bağlamalı olmuşdular. Ülkər özünə iş tapmalıydı, ayaqda durmağa çalışmalıydı. Onu elədən-eləyə, belədən-beləyə atan həyatla vuruşmaqda israrlı idi. Çünki balasını böyütmək kimi bir məsuliyyəti və borcu var idi.

 

 “Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

 

Poetik Qiraətdə bu gün sizlərə Yardımlıda yaşayıb yaradan şairimiz İqbal Nəhmətin   şeirini təqdim edirik. “Unudaram səni” deyir şair. Kaş ki, heç vaxt heç kim zorən unutmağa məcbur edilməsin. 

 

Unudaram səni

 

Sənə qədər yol uzaqsa,

Azıb unudaram səni.

Unutmaq şeir yazmaqsa,

Yazıb unudaram səni.

 

Kamanlı, tarlı deyiləm

Zirvəsi qarlı deyiləm,

O qədər varlı deyiləm,

Kasıb unudaram səni.

 

Yıxdın sən adlı qalamı,

Əzdin, qopartdın yaramı,

Hərdən verdiyin salamı,

Kəsib unudaram səni.

 

Nə qaldı yazıq ürəyə?

Yarı-yarı böl hərəyə,

Bir gün qoşulub küləyə,

Əsib unudaram səni.

 

Yüz il yaşa bir il kimi,

Sual vermə vəkil kimi,

Otağıma şəkil kimi,

Asıb unudaram səni.

 

 

Яшар Сулейманлы

Перевод: Афаг Шихлы

 

 

                 СТАЛА

 

Ты мой вечный цветок той заветной мечты,

Ты в сердечном саду – птица гала,

Наших общих детей не понянчила ты,

Но стихам моим матерью стала.

 

Все тяжелые дни сединой проросли,

Ты с другим – помнит сердце меня!

У чужого костра, и от счастья вдали,

Замерзала ты день ото дня.

 

Мы ждали, но встреч наших тёплых пора 

Теперь не наступит уж, нет. 

Горько плакала ты вместо сна до утра, 

Решив от разлуки сгореть.

 

Не прошли испытаний судьбы ледяной,

Наше счастье оставило нас. 

Да людских осуждений бичь стала бедой,

Отреклись от любви в трудный час.

 

...ты мой вечный цветок той заветной мечты,

ты в сердечном саду – птица гала,

наших общих детей не понянчила ты,

но стихам моим матерью стала...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.