Şəhid Eldar Həsənova həsr edilmiş şeir

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Eldar Həsənova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELDAR İSFƏNDİYAR OĞLU HƏSƏNOV

(26.12.1965.-12.05.1994.)

 

Cəlilabad rayonunun Lallar kəndindən olan, Azərbaycan polisi,  Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhidi  

 

ELDAR

 

Düşmən tapdağından azad edilmiş

Hər qarış torpaqda şəhid qanı var.

Müqəddəs yurd üçün canından keçən,

Bu xalqın nə qədər qəhrəmanı var.

 

Hansı mərd igiddən düşərsə söhbət,

Görürük hünəri kitaba sığmaz,

Müqəddəs duyğular, inam, cəsarət

Onlarda nə qədər... hesaba sığmaz.

 

Belə oğullardan biridir Eldar,

Aslan tək döyüşüb yağılar ilə,

Yurdun ər övladı, nəridir Eldar,

Vətən - Vətən olur oğullarıyla.

 

Doğma Cəlilabadın ucaltdı adın,

Dedi, torpaq heç vaxt, pay ola bilməz,

Almışdı düşmənin gözünün odun,

Elə oğul idi, qolu bükülməz.

 

Kəşfiyyat elminin bilicisiydi,

Qənim kəsilmişdi haqqı danana,

Şəhidlik yolunun birincisidi,

Tələsdi müqəddəs ruhlar yanına.

 

Aldıq qisasını yağı düşməndən,

Cənnətlik məzarda di rahat yat,

Başına mükafat qoymuşdu düşmən,

Əlli  min dollar e… deyil zarafat.

 

Bizə çox əzizdi şəhidin adı,

Sənə min rəhmət deyirik, Eldar.

Məzarın önündə dərin hörmətlə

Hər gün başımızı əyirik Eldar.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.