Super User

Super User

Kubra Quliyeva və Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Gecədir...

Hər kəs yatmış, bir mən oyaq. Ayaqlarım buz kəsib, əllərim qar altında qalıb. Bədənim od püskürür sanki. Onun iri qara gözləri var, ancaq, gözünün ağı yox. Nəfəs alıram, onu hiss edirəm, qışqrıb anamı çağırmaq istəyirəm. Ayaqlarımı buz kəsməyə davam edir. O mənə toxunduqca səsim boğulur, qışqırığımın sədası qulaqlarımı deşir. Yox, o deyəsən mənə zərər verməyəcək. Mənim gözlərim, dodaqlarım, saçlarım… 

O,  yenə mənə toxunur. Ayaqlarım isinməyə başladıqca bədənim soyuyur. Deyəsən, o məni sağaldır. O mənim saçlarımı oxşayır. Amma mən ondan qorxuram. Mən gözələm,  o bədheybət. Mən onun göz yaşlarını hiss edirəm. Damcılar donmuş ruhumu canlandırmağa başlayır...

Ölümlülər tərk edər yaşamı, ölümsüzlüyün olmadığını anlayan zaman.

Nicolas bütün sirrləri özü ilə apardı. 

İndi ruhum da böyük bir canfəşanlıqla uçuşur, seyr edir ətrafı. Qaranlıq dünyada bir incitək par-par parıldayır. İndi azaddır, istədiyi yerə gedə və istədiyi şeyləri asanlıqla edə bilər. Heç icazə almağa da gərək yoxdur. Bu həyatda xoşbəxt olmaq üçün öz dəlilər palatanı - 6 nömrəli palatanı tapanda artıq nəyin nə olduğunu anlamağa başlayırsan. Amma yenə də qəlbin ən incə nöqtələrində hiss edirsən ki, yenə də bir boşluqdasan və yenə də nəsə elə bil çatmır. 

 

Axtar özünü, tap özünü, bir addım belə geri çəkilmə. Daha yaxşısı üçün, “ən”lər üçün çalış. Hisslərə qapılmaq heç də həmişə yaxşı təsir göstərmir. Qarşına çıxan hər bir insan sənə bir təcrübədir. Lev Tolstoyun dediyi kimi, insan insan üçün yaşar. Primitiv bir misal, Sokrat deyirdi ki:

 "İstənilən halda evlən. Əgər, arvadın yaxşı olarsa, xoşbəxt, pis olarsa, filosof olacaqsan". 

İllər öncə qarşıma çıxan bir şəxs mənə bir məsləhət verdi. Qarşına çıxan hər kəsdən bir şey oğurla. Məsələ maddi deyil də, məcazi anlamda söylənilmişdi. Xarakter, bacarıq, davranış və s. 

İndi qarşımızda daha böyük arenalar, daha böyük hədəflər olmalıdı. Ruh kimi içimizdəki düşüncə qandallarından azad olmalıyıq. Ümid, inam, iradə, əzm bizim əbədi məşəlimiz kimi hər zaman irəlidə addımlamalıdır. Açılan bir qapı növbəti bağlı qapının olduğunu göstərir. Hər açılan qapıda isə sən daha da irəliləmiş olursan. 

Bir cümlə ilə qarşılaşdım, şərt deyil sən özünü başqaları ilə müqayisə edəsən. Şərt odur ki, sən dünəninlə bu gününü müqayisə edib, dünənindən yaxşı olasan. Onda yaranan silsilə səni daha da zirvələrə aparacaq. 

Arzum budur ki, qapılarınız açıq olsun...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Varis, “Ədəbiyyat və incəsənət”

 

Bu gün yəhudi şeirinin görkəmli nümayəndəsi, Rusiyada yaşayıb yaratdığı üçün adı Rusiya poeziyasına pərçimlənmiş Osip Mendelştamın doğum günüdür.

Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir, o cümlədən yəhudilik.

Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.

Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı...

Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar...

 ölü kətanı xatırladan səma...

ətrafdakı yad və laqeyd insanlar toplusu...

həyatdan öldürücü dərəcədə yorulmaq...

və şirin həblər udmaq təsəllisi...

Osip Mendelştamın poetik dünyasının rəngləridir bunlar.

Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi...

işığa, hərarətə olan həsrət...

çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı...

küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort...

 ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar...

axının əksinə getmək istəyən su damlası...

Bunlar isə İosif Brodskinin poetik gəlişmələrinin ünvanlarıdır.

Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları da var.

Silentium!!!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

Bazar ertəsi, 15 Yanvar 2024 10:45

Şəhidlər barədə şeirlər – Elnur Abışov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elnur Abışov həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELNUR ŞAİQ OĞLU ABIŞOV

(01.09.1997.-07.10.2020.)

Kürdəmir rayonunun Qarasu-Şilyan kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

ELNUR,  HÜNƏR QALASISAN

 

Necə də mənalıdır  keçdiyin həyat yolu,

Səni cənnətlik etdi  seçdiyin həyat yolu.

Bu diyarın düzünü, həm də dağın sevirdin,

Şirvanın, Mil-Muğanın,   Qarabağın sevirdin.

 

Qoxmaz  bir  cavan idin, arzuların tükənməz,

Türk oğlu, Türk idin sən, Türkün qolu bükülməz.

Düşündürürdü səni, erməni nankorluğu,

Dünyanın lal olmağı, ölkələrin korluğu      

 

Əsgərliyə gedəndə  necə də ürəkliydin,

Vəfalı oğul idin,  Vətənə gərəkliydin.

Aprel döyüşlərində  sən tanıtdın özünü,

Ağartdın bu Vətənin, bu torpağın üzünü.

 

Orduda hamı bildi, gücünü- cürətini,

Döndün doğma Şilyana-qurtarıb xidmətini.

Evdə fikrin, xəyalın daim orduda qaldı,

Cəbhəyə dönmək üçün dərin xəyala daldın.

 

 Həşimovun itkisi, sənə çağırış oldu,

İsti bir iyul günü  sanki qarlı qış oldu.

Yuxu getmədi sənin həmin gecə gözünə,

Xidmətdə olmalıyam – söz verdin, öz-özünə.

 

Yenə xidmətə getdin, sən igid əsgər kimi,

İnanırdın dönməyə qalib müzəffər kimi.

Döyüşlərə atıldın, namusla, qeyrət ilə,

Məhv etdin kafirləri, böyük cəsarət  ilə.

 

Nə qədər düşmən qırdın  Talışda, Suqovuşanda,

Dostların qürurlanır,  bax, səndən danışanda.

Allah sənə vermişdi  bir qorxmaz cəsur ürək,

Həmişə öndə getdin, təcrübəli əsgərtək.

 

 

Dastan tək dilə düşüb, ay Elnur, igidliyin,

Səni əbədi etdi- məqamın  şəhidliyin.

Sən bizim hamımızın doğmaca balasısan,

Elnur, şücaətinlə bir hünər qalasısan.

 

Atana söyləyirəm, qardaş, dik tut başını,

Oğlun zəhər eylədi  yağıların aşını.

Elnur ilə öyünür  doğma  Qarasu-Şilyan,

Elnur ilə fəxr edir anamız Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, estrada, muğam və opera müğənnisi, aktrisa Flora Kərimova ilə görüş keçirilib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaydığı məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Həmçinin dəyərli sənətkarın həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, sənət yolundan bəhs edilib.

Görüşün sonunda Flora Kərimova qonaqların suallarını cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Bazar ertəsi, 15 Yanvar 2024 09:30

Qarlı xatirə

İbrahim İlyaslı, “Ədəbiyyat və incəsənət” üçün

 

Hər dəfə ilk qar yağınca mərhum şair dostum, əzizim Sabir Yusifoğlunun iki xanəlik bir şeirini xatırlamasam olmur. 

Adnalıya da qar yağır deyirlər, əziz dost! Xəbərin olmamış olmaz. Sumqayıt isə sənsiz çox üşüyür, çooooxxx...

 

*

Nə yaxşı göylərin yadına düşdük,

Bizim şəhərə də, axır, qar yağdı.

Aldadıb yerdəki sinoptikləri,

Yağdı səhərəcən, o ki var yağdı.

 

Bu qar lopa-lopa, bu qar dümappağ,

Yağa səhərəcən, yağa dizəcən.

Bağlana dünyanın bütün yolları,

Tək bircə yol qala - bizdən sizəcən!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəni həyata keçirir.

 

AzərTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər.

Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar qədim zamanlardan günümüzədək davam edən incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar.

Tədbir bəşər tarixinin zəngin sivilizasiyalarından biri olan “Qədim Misir incəsənəti” ilə başlayır. Yanvar ayının şənbə və bazar günləri keçiriləcək proqramda uşaqlar Misir incəsənətinin tarixini, əzəmətli piramidalarını, fironların sirli dünyasını kəşf edəcək, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında biliklər öyrənəcək, öz əlləri ilə firon maskası, sinə bəzəyi-pektoral və bu zəngin mədəniyyətdən bizə yaxşı məlum olan digər bəzək aksesuarlarını hazırlayacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yanvarın 13-ü və 14-ü Bakımız bəyaz libasa büründü, ilk qar yağdı. Düzdür, şaxta cəmi 1 dərəcə olsa da, eyvan və pəncərələrdən sırsıralar sallanmasa da, hər halda, biz əsl qış nağılı seyr edə bildik. 

 

Təbii ki, qara ən çox uşaqlar sevindi. Doyunca qartopu oynadılar, qar adamı düzəltdilər. Böyüklərsə hey giley- güzar etdilər. Əsasən də uik-endi rayonlarda keçirən varlı təbəqə buz bağlamış yollarda qaldı deyə (xüsusən Şamaxı yolunda ciddi problemlər yaşandı) qara okivar söydülər. 

 

Bu arada dəyərli ziyalımız Rəşad Məcidin bir statusu diqqətimi çəkdi, Rəşad bəy yazır: “Qara sevinən uşaqlardır, bir də uşaq qəlbli adamlar. Qara sevinə bilirsənsə safsan!”

 

Həqiqətən də, ildə bir-iki dəfə gələn bayrama sevinmək əvəzinə yas tutmaq əsla insafdan deyil. 

Problemlər hər gün var, qoy qar da üstünə bir-ikisini əlavə etsin. Nə olacaq ki? 

Amma özünü sevincə kökləyib bu ağ bəyazlığa tapınaraq cismini və ruhunu tam sevindirə bilərsən. Mən qarda nəvəsi ilə qartopu oynayan ixtiyar yaşlı bir kişini gördüm hər halda. Lap uşaqlıq, yeniyetməlik şövqü ilə oynayırdı, adam baxdıqca sadəcə ondan pozitivlik ötürülürdü. 

Milli Hidrometeorologiya Xidməti belə bir məlumat da yaydı ki, ən çox qar cənub bölgəsində müşahidə olunub. Lənkəranda qarın hündürlüyü 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 santimetrə çatlb. 

Ən soyuq temperatursa yüksək dağlıq ərazilərdə oldu -  10 dərəcəyədək şaxta! 

Bu arada qardan danışdımsa, mütləq sevimli Xalq şairimiz Sabir Rüstəmxanlının şeirini də qeyd etməyimiz yerinə düşər: 

 

Elə gözəl qar yağır qış da yadımdan çıxır,

Çiçək burulğanında yaş da yadımdan çıxır…

Ələnir lopa-lopa, ağır, yorğanparası,

Göydən milyon göz yağır – gizlənibdir qarası.

 

Ağappaq paraşütlər - Tanrının desantları.

Çapır göydən yerəcən buludun ağ atları.

Qonmağa yer axtarır körpəcə Qu quşları,

Toxunur ağ xalıya oxunmaz naxışları.

 

Milyon əriş çəkilir göy üzündən yerəcən,

Bu bəyaz parçasını hamıya bölənəcən.

Yüz iti qayçı olsun bu ağ ipləri kəsmir,

Əlim ağ vərəqləri çevirməyə tələsmir…

 

Qar üyüdür göylərin səssiz qar dəyirmanı,

Soyuq yorğan altında isinir yerin canı.

Bu ilahi təmizlik xatırladır nələri?

Anamın gözlərində yuva qurmuş kədəri.

 

Əridib üfüqləri, alovlu nəfəsiylə

Ağ çiçəkli bağlardan boy göstərən səhəri.

Ağ simlərdə çalınır ən səssiz mahnılarım.

Qədərlə barışığım, kül olmuş arzularım.

 

Niyə donub qalmışam, nəyə qarışıb başım,

Qoy gedib səs-səmirsiz bu ağlığa qarışım…

 

Bəli, istəkli oxucularımız, 2024-cü ildə ilk qar özünü çox gözlətmədi. 

İlk xoşbəxtliklər də inanırıq ki, uzaqda deyil.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Bazar ertəsi, 15 Yanvar 2024 11:00

Şlyapa günü, Pentaqon və Nazim Hikmət

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - yanvarın 15-nə təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq. Bu günün əsas bayramı Vikipediya günüdür ki, haqqında ayrıca yazı vermişik. İndi isə digərlərinə diqqət ayıraq.

 

Şlyapa, yaxud baş geyimi günü

Dərhal yadımıza Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.

17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.

Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.

Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.

 

Amerikada bayram bayrama qarışıb

Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.

Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.

Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik.

 

Pentaqonun və “Le Figaro”nun ad günü

1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.

1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.

 

Nazim Hikmət, Qriboyedov, Dunayevski...

1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1952-ci ildə hazırda Azərbaycan Yazıçılar Birliyinin Nəsr seksiyasına rəhbərlik edən Səyyad Aran, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1940-cı ildə Azərbaycanın tanınmış kinoşünası Aydın Kazımzadə, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1902-ci ildə görkəmli türk şairi Nazim Hikmət, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.

 

“Buhenvald ifritəsi”nin taleyi

2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.

2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!

1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.

15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.

Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

 

 

 

 

 

 

Bazar ertəsi, 15 Yanvar 2024 10:00

Bu gün Vikipediya günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün həyatımıza möhkəm daxil olmuş Vikipediyanın yaranışının ildönümüdür. Şəxsən biz jurnalistlər üçün Vikipediya Google ilə birgə ən vacib informasiya mənbəyidir. Amma tək bizimçünmü? Təbii ki yox. İstənilən peşə sahibi hansısa mövzu barədə ətraflı məlumat axtarınca məhz bu ünvana üz tutur.

 

Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı qırmızıcildli kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir.

Gəlin Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2024)

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir, sakinlərin problem və təklifləri dinlənilir.

2024-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 12-də İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.

Qəbulda İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından ümumilikdə 42 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri əsasən işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.

Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

Vətəndaşlarla görüşdən sonra İsmayıllı və Şamaxıda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.