“Ədəbiyyat və incəsənət” portalı yazar Əbülfət Mədətoğlunun yazar Faiq Bəlabəyli ilə müsahibəsini təqdim edir.
Bu yaxınlarda, fevral ayının 23-də 60 yaşı tamam olacaq tanımış SÖZ və GƏMİ kapitanı, dostum Faiq Balabəyli ilə nöqtə-vergülünə toxunmadığım onlayn söhbəti oxuculara da təqdim edirəm. Düşünürəm ki, söhbətimiz sizlər üçün də maraqlı olacaq.
– Mən Səni tanıyanda yaşıdım Faiq Balabəylinin əlini sıxdım… Yəni hansı ailədən, hansı eldən olmağını soruşmaq heç ağlıma da gəlmədi… Sən necə? Faiq Balabəyli kimi söz meydanına gələndə özünü necə hiss etdin…və nələrdən könüllü uzaqlaşdın?
– Uzaqlaşdığım şeylər çox oldu, əlbəttə ki, könüllü yox. Sənin əlini sıxdığın yaşıdın Faiq arxada, elə o günlərdə qaldı, irəli addım atdım, yaşımın üstünə yaş gəldi, qaşımın üstünə qırış, ürəyimdən çox şeylər keçirtdim, keçdiyini zənn etdiyim, lakin daima ürəyimdə qalanlar da oldu. Həm insanlar, həm də olaylar. Ətrafımda və ürəyimdə qalanlardan biri də sənsən ki, yaşımızın bu vədəsində sənin hardan, hansı eldən, elatdan, hansı ocaqdan olmanı bildim. Yəni mən də sənin kimi, əllərini sıxdıqlarımın ürəyimə keçidini gördükdə özümün, sözümün simsarı, yaxını kimi bildim. Bax, özümü belə hiss etdim və bəzi xırda məqamları yada salmadan, deyirəm ki, elə o cür də hiss etməkdəyəm.
-Sözlə işləmək də elə bir növü əkinçilikdi… Orada növbəli əkindən tutmiş arat, budama, yəni sahəyə aid hər işi əkinci müəyyən səviyyədə görə bilir… Sözlə işləyən də, nəsr, nəzm, dramaturgiya, publisistika… və sairə… Sən bunların bir çoxunda imzanı tanıtmısan… Bəs hansında daha çox Faiq Balabəylisən?
– Şair ömrü, yazıçı ömrü elə əkinçi ömrüdür, – bunu çox düz deyirsən. Əkdiyinin, torpağa səpdiyinin bəhrəsini görən torpaq adamı kimidir yaradıcı adam da!. Məhsul olarsa, sevinər, rahat nəfəs alar. Sadaladıqlarının hamısı sözlə işləyən insanların yaradıcılıq fəaliyyətində əksini tapır. Torpağın arata qoyulmasından, budamaya, yığıma, yəni məhsulun sevincini yaşamağa qədər. Dramaturgiyadan başqa bütün “sahələrdə” “Əkinçi ömrü, xış əziyyəti” çəkmişəm. Amma sevərək, zövq alaraq, yazmaya bilmədən, “yazmasam ölləm” halında, ovqatında olanda. Bunların hansında daha çox Faiq Balabəyliyəm, soruşursan. Deyim, hər birində o ədəbi-publisistik yazıların nümunələrinin altına imzamı çəkinmədən, qürurla qoymuşam. Amma daha çox insani münasibətlərdə, dostluqda, vətəndaş mövqeyimdə Faiq Balabəyliyəm ki, bütün yaradıcılığımda da bu hallar var.
-Turalla bir meydanda olmaq və sözü ustad-şəyird, ata – oğul, müəllim – tələbə, yaxud da həmkar kimi bölüşmək, çözmək kimi hallar olurmu?..
– Turalla fikir ayrılıqları daha çoxdur və əgər daha çox insafsızlıq etsəm, çəkinmədən deyərdim ki, yola getdiyimiz anlar demək olar ki, yoxdur. Baxmayaraq ki, bütün hallarda ardımca gəldi, keçdiyim yolların süvarisi oldu və bu hal davam etməkdədir. Şeir, esse yazıram, jurnalistika ilə məşğulam, o da iki kitab müəllifidir, AYB-nin üzvüdür, jurnalistlik fəaliyyəti ilə məşğuldur və sair. Mən dənizçiyəm, gəmi sürücüsü, naviqasiya mühəndisi ixtisasına sahib olmuşam, gəmi kapitanıyam, o da sonradan ikinci Ali təhsil olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının eyni fakültəsini bitirdi, gəmidə işləyir və vəzifə yüksəlişi imtahanına hazırlaşır. Bununla yanaşı, bu qədər doğmalığın, yaxınlığın fövqündə “dost” ola bilmirik. Ata kimi qürurluyam, müəllim-tələbə kimi də görüntülər qənaətbəxşdir, həmkar kimi də məsləhətləşmələr, təcrübənin paylaşılması, əxz edilməsi də kənardan müşahidə olunacaq qədər var… Amma onun öz dünyası, öz aləmi var ki, bu da mənim qane olacağım həddə deyil. Təbii ki, onun da mənimlə razılaşmadığı məqamlar yetərincədir.
–Belə məqamda SÖZ qalib gəlir, yoxsa Sizlərdən biri?
– Sənin dediyin, nəzərdə tutduğun məqamda, əlbəttə ki, SÖZ qalib gəlir. Onun şeirlərində elə misralar, elə bənzətmələr, elə fikirlər var ki, poeziyamızda həmişə diqqətdə, yaddaşda qalacaq. Təəssüf edirəm ki, onun ədəbi taleyi də elə mənim ədəbi taleyimə bənzədi. Qruplaşmadan, ədəbi cameədə sən məni, mən səni təbliğ et, deyən dəstənin üzvü və sairinsə yanında ola bilmədi. Mənim ədəbi cameədəki dostlarım əsasən “köhnə qvardiyanın” döyüşçüləridir ki, sən də daxil olmaqla meyar olaraq ədəbi nümunələrin keyfiyyətinə dəyər verdilər. Sözün dəyərini bildilər, yaş, mövqe, umma halları olmadı.
–Ümumiyyətlə bu günümüzün Sözü rəng, boy-buxun, çəki və arzu olunmaq baxımından sənə nə deyir, səndən nə umur?
-Bu gün Sözün rəngi, boy-buxunu, çəkisi və nəyi arzuladım, deyə nə varsa məni qane edir. Ona görə ki, ədəbiyyatımız qısır deyil, sanballı əsərlər yazılır, yazılacaq da. Ad çəkməyəcəm, amma heç də az deyil, nəzərimdə tutduqlarım, məni oxucusu edən
əsərlərin hər biri çox rahatlıqla ölkədən kənarda yayınlana bilər. Əlbəttə, ədəbiyyat həm də zövq məsələsidir, mən öz zövqümə uyğun olanları deyirəm. Mənim özümdən isə İlahi Söz nə umur? Əlbəttə ki, onu ucuz tutmamaq, yerində işlətmək, uzunçuluq etməmək, demək istədiklərimi Sözün vasitəsi ilə sevdirə bilmək.
-Nəhayət, Faiq adlı xeyli söz adamı var… Onların arasında Balabəyli SÖZÜ səncə özünü necə hiss edir? Axı onun da yaşı 60-dır?
-Bizim tərəflərdə deyirlər, ad bostandır. Bu “bostan”da söz adamları olan adaşlarım var, əlbəttə. Balabəyli sözü kimi, elə Balabəylinin özü də fərqlidir, başqadır. Yəni adımız oxşar olsa da, dadımız- məhsulumuz fərqlidir. Mən özümü heç kəsə bənzətmədim, necə doğuldumsa, hansı dərinin içində dünyaya gəldimsə elə o dərinin də içində yaşadım, qabıq vermədim, dəyişmədim. Sözüm də elə oldu. Bütün mənalarda. Nə həyatda, mübarizədə, söz və meydan savaşında, nə də ədəbi mühitdə sözümü, özümü, fikrimi dəyişdim. Nə düşündüm, nəyi gördüm, nə tərəfimdən yazılmalıdırsa, yazılmalıydısa onu yazdım, onu dedim. Bu baxımdan əminliklə deyirəm ki, Balabəyli sözü özünü “gözü qıpıq”, “boynu bükük”, ürəyi sınıq, ayağı buxovlu hiss etmədi. Düz 60 ildir bu belədir və nə qədər yaşayacamsa belə də olacaq, əziz Dost!
...Bəli, söhbətimiz gözlədiyim kimi də alındı. Belə də olmalı idi. Çünki biz nəsil söz adamı olaraq eyni şineldən çıxmışıq və sözdən başqa, özü də namuslu sözdən başqa heç nəyin davasını etmirik. Qələmimiz, sözümüz dəyərli sözün qulluğundadır. Bax, bu işin başında olan Faiq Balabəyliyə də 60 yaşın mübarək, Dost – deyərək sağollaşdım.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)