Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2016-cı ildə yazılıb.
Vahid ƏZİZ
XOCALI "VAĞZALISI"
...alaçıqlar məkanından
səda gəlir,"Vağzalının"
sədaları;
toy çalınır, bu--bir özgə
"Vağzalıdı",
böyüyüblər, Xocalıda öldürülmüş
körpələrin ruhlarının vüsalıdı!!
Zilə qalxın, tükürpədən haray salın
zurnaçılar!
Davulçular, təbilləri elə vurun
məhvərindən yer oynasın!
Qoy anlayıb duysun bəşər--
bu, elə bir itgidir ki, yaraları sağaldıqca
qaysaqların altındakı ağrıları dərinləşər!
Qara zurna, odlu davul,
döyün çürük beyinləri,
açın batmış qulaqları,..
yer üzünün bütün körpə uşaqları
dərk eləsin, anlasın ki, nələr çəkdi
can verərək Xocalıda
öldürülmüş
yaşıdları.
Nə qədər ki, bu cahan var,
Xocalının qan donduran
"Vağzalısı" çalınacaq!!
Nakam getmiş gül balalar,
and içirik baş əyərək
qarşınızda:
QİSASINIZ ALINACAQ!!!
Ey əbədi uyuyanlar,
hövləng qalxıb yerinizdən
indiyədək davam edən qara yaslı,
qan libaslı, didərginli
çadırların ətrafında şənlənərək
"Yallı" gedin, nəğmə deyin,
"Gözəl idi həyat"-deyin.
"Bəy" igidim, “Gəlin" balam,
bu, "Xocalı "Vağzalısı" havasıynan--
uçub gedin...
Bu imansız dünya sizi şərəfsizlər
hiyləsinə qurban verdi,
namərdliklə qurban vardi!!
Uçub gedin,
bu dünyanın acığına özünüzü
O DÜNYADA XOŞBƏXT EDİN.
Uçub gedin,
uçub gedin...
P.S. Və nə gözəl ki, şair qisas alınacaq demişdi, artıq o qisas alındı.
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)