Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə” rubrikasının qonağı yazmaq üçün göy üzünü bir günlük kirayə istəyən, "Bu şeir xurma kimidir, götür, orucunu açarsan"- söyləyən, "Canım bahasına ala bilmirəm, suyu qiymətinə satdıqlarımı..." misraları ilə oxucularını düşündürən AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şairimiz Ruslan Dost Əlidir.
-Xoş gördük, dəyərli gənc şairimiz, şeirlərinizlə tanış olduqdan sonra "səbirsiz suallarımızın" qarşısını kəsə bilmədik, o " sözəbaxmaz suallar" bir- biri ilə əlbəyaxa olmamış gəlin bir-bir çağıraq.
1.Dünyaya açılmış qoşalülədi,
gözləri... gözləri süzgün şairin.
Qayğılar yığılıb qayığnan gəlir,
üzür o baş-bu baş üzgün şairi.
Qəflətən gün batır, bir tufan qopur,
əyrilik dünyanın canına hopur:
Yüzillik ağaclar kökündən qopur,
yenə əyə bilmir düzgün şairi.
(Ruslan Dost Əli)
Əziz Ruslan bəy, şairlərə kədərmi, yoxsa sevincmi tez təsir edir? Şairin həssas ruhunda sevincmi, yoxsa kədərmi dərin iz buraxır?
- Kədər poetik nəsnədi. Həm də qalıcıdı. Sizdən sonuncu dəfə nə vaxt sevindiyinizi, xoşbəxt olduğunuzu soruşsam, yəqin ki, xatırlamayacaqsınız. Ancaq sonuncu dəfə nə vaxt və nə üçün kədərləndiyiniz mütləq ki, xatirinizdədir.
Siz də bütün sualları verəcəksiniz, əsas sualdan başqa. Çünki hər şey bir çərçivədədir. İnsan taleyi kimi siz də, biz də - hamımız bu çərçivələrdəyik. Lap kədərin özü kimi. Biz bu çərçivəyə də, kədərə də öyrənmişik. Axtardığımız, gördüyümüz hər şeydə bir sevinc olmaya bilər, ancaq bir kədər mütləq ki var.
Həmişə belə olur. Əsl sənət faciədən doğur. Bir də, yalnız öz kədərini hiss edən adam böyük mənada şair, yazıçı, ümumiyyətlə, yaradıcı ola bilməz.
Bu mənada, kədər həm də sevindirir...
2. Ruslan bəy, düşüncəsi yoxsul, cibi dolu olanın " yoxsulluğu" nə zaman üzə çıxır?
- Ağzını açdığı an...
3.Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim- sevgi…
Kim nə deyir, desin, sevgi,
imandan, dindən qəşəngdi…
(Ruslan Dost Əli)
Sizcə, əsl sevgini nə sonlandıra bilər, onun "tükənməsi" mümkündürmü?
- Sevgi göy üzü qədər əngin, dünya qədər qədimdi. Onu ölçmək, onun sonunu görmək insan övladının iradəsindən kənardır.
4.”Varlı olmaq istəyirsinizsə, təkcə pul qazanmağı deyil, həm də qənaətcil olmağı öyrənin". (Bencamin Franklin)
Ruslan bəy, indiki gənclər qənaətcildirlərmi, yoxsa bu xarakterə bağlı olan məsələdir?
- Söhbət puldan gedirsə, onu ürək rahatlığıyla xərcləmək lazımdır. Arzulara, doğmalara, insanlara…
Varlı və ya kasıb olmağa qaldıqda isə, buna yalnız mənəviyyat müstəvisində baxmaq lazımdır.
5.Bu pulun olmayan vaxtı,
deyirəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
(Ruslan Dost Əli)
Gənc şairimiz, sözün gücü nə ilə müqayisə edilə bilər?
- Sözün düzü, sözün gücü müqayisə olunmazdı...
Qolun gücü ilə qalib gələ bilmədiyin adamları sözün gücü ilə qatlayıb dizinin altına qoya bilərsən...
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin sözləri yadıma düşdü:
“Bul zaman bilekke senetin zaman emes, bilimqe senetin zaman”.
Yəni hazırki dövr biləyin yox, elmin, biliyin gücünə inanmaq dövrüdür…
6.”Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək, qorxuya hökm etməkdir."
(Mark Tven)
Ruslan bəy hansı qorxuları “qorxuzub", oxucuları ilə bölüşər?
-İçimdəki qorxu əsasən doğmalarımla, əzizlərimlə bağlı olub həmişə. Onları itirmək qorxusu.
7. Unudulmaz Şairimiz Musa Yaqubun Ruslan Dost Əlinin həyatında izi necə qalıb?
- Söz vaxtına çəkər, deyirlər. 8 il öncənin yanvar ayı idi. Hansısa tədbirdə jurnalist dostlardan biri ilə görüşdük. Məlum oldu ki, dostumuz Musa Yaqubla vədələşib, müsahibə götürmək üçün birazdan şairin evinə gedəcək. Təklif etdi ki, mən də gedim. Onda da yerlə-göylə əlləşən, alovlu vaxtlarım idi. Musa Yaquba bir də zəng elədik, toya gedəcəyini bildirdi, tez gəlməyimizi xahiş etdi. Yollandıq Musa müəllimgilə. Bir qış günündə Musa Yaqub bizi olduqca hərarətli qarşıladı. Söhbətləşdik, müsahibə götürdük. Sonra şeirlərimdən bir neçəsini Musa müəllimə təqdim etdim, oxuyacağını bildirdi və Musa müəllimlə xudahafizləşib getdik.
Yol boyu düşünürdüm ki, qoca kişidi, birazdan da toya gedəcək. Mənim şeirlərimi oxuyan deyil, yadından çıxacaq. Təxminən 1-2 saat keçmişdi, telefonuma zəng gəldi və səs Onun səsi idi...
Musa Yaqub yaxşı mənada təəccübləndiyini, şeirlərimi çox bəyəndiyini dedi. Şeirlərim haqqında öz düşüncələrini yazacağını dedi və yazdı. Həmin yazı o vaxt “525-ci qəzet”də çap olundu. Sevincimin həddi-hüdudu yox idi. O təqdimatdan sonra xeyli zənglər, təbriklər gəldi. Musa müəllimlə ilk tanışlığım belə olub. Şeirləri ilə əlbəttə, əvvəldən tanış idim. Elə insanlar var ki, o insanları ömrün boyunca cəmi bir-iki dəfə görürsən, amma ruhsal olaraq tez-tez qarşılaşırsan. Ustadın ruhu şad olsun. Ən əziz adamımız kimi daim qəlbimizdədir.
8.Olan-qalan ağlını da unudur,
bir sirri açacaq Əli... - vaxtıdı:
Payızda ağıllı şair gəzməyin,
payız şairlərin dəli vaxtıdı...
Heç nədən ağlayıb, durub-dururkən,
qəhqəhə çəkib də, gülmək istəyir...
Bilin ki, şairdi, bu yer üzündə -
hər kimki payızda ölmək istəyir!
(Ruslan Dost Əli)
Ruslan bəy üçün "Qızıl payız" kədər libasındadırmı?
- Kədər payız libasındadı. – Mən belə deyərdim. Çünki kədər müxtəlif zamanlarda müxtəlif libaslarda çıxır qarşımıza… Amma biz onu həmişə tanıyırıq…
9.Məni ürəyində saxla demirəm,
vaxt gələ, görərsən ürəyin mənəm.
Harda soruşsalar: qız, haralısan?
de ki, bir oğlanın ürəyindənəm...
(Ruslan Dost Əli)
" Dərindən sevmək- özünü unutmaq deməkdir!" ( Jan Jak Russo)
Ruslan bəy- gənc şairimiz, bu fikrlə razısınızmı?
- Dərindən sevmək deyəndə ki, ümumiyyətlə, yüngülvari sevmək olmur. Sevgi bizim bildiyimiz, ya da bilmədiyimiz dənizlərdən, okenlardan belə dərin və bəzən də vahiməlidir. Balıq və dənizi necə düşünürüksə, insan və sevgini də elə düşünün. O sevgiyə xəyanət etmədiyin müddətcə, boğulmayacağından əmin ola bilərsən…
10.”Kişilərin qorxunc xəstəliyi var, həmişə onları narahat edəcək şeyləri bilmək istəyirlər." ( A. Düma)
Əziz Ruslan bəy, A. Dümanın bu fikrinə münasibətinizi bilmək olarmı?
- Bəzən insanı narahat edən şeylər onun bilmədiyi yox, bildiyi şeylər olur...
-Dəyərli gənc şairimiz, ömrünüzdən rubrikamıza pay ayırdığınız üçün Sizə minnətdarıq. Ənənəvi sonuncu istəyimiz- hansı sualımızı daha çox bəyəndiniz?
- Vermədiyiniz sualı…
“Ədəbiyyat və incəsənət”
(12.01.2024)