"İndi özümü cəhənnəm üçün hazırlayıram" - ESSE Featured

 Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bütün hökm və qərarların varlıq adına məqsədsiz bir sonu yazması, başlamağı belə seçmədiyin yolun sonunda öz sonuna şahidlik etməyin, şahid olduğun hər sonda özünü təkrar-təkrar itirməyin necə də qəribə idi. 

 

Və...bütün bunlar olarkən mənim səni itirməyim ən dəhşətli olanı idi. Mən səni itirərkən yay fəsli payızla salamlaşırdı. Yarpaqlar solmuş gövdələri ilə budaqlardan kömək dilənirdi, budaqlar rüzgarın qanadında öz yolunu azırdı. 

Mən səni itirərkən itirilənlər adına ağlamağı bacara bilmirdim. Çox qəribədir ki, indi itirdiyim hər oyun, hər əşya adına özümü sarsıntılarla silahlandırıram. 

İndi məni susmaq da xilas etmir və indi məni sən də xilas edə bilməzsən. 

Məktubların ünvanlı olduğu bariz məsələdir. Bu sənə bir məktub deyil. İllər sonra özüm haqqında gələn kiçik bir etirafdır. 

Kiçik bir not: Yolun düşsə, bu dünyaya bir daha gəl demirəm. Ona görə ki, aludəsi olduğum həyat sənin dəyərli qəlbin, incə ruhun üçün çox ağırdır. İndi özümü cəhənnəm üçün hazırlayıram və narahat olma, arada kefimi yaxşı edəcək hadisələrlə də qarşılaşıram. Yəni belə... 

Zamanı geri ala bilmirəm, amma səni bütün gələcəyimə qataraq addımlayıram, Baba. 

Sən mənim qanadsız qəhrəmanımsan. 

Səni sevirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.