Super User

Super User

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Mavi sular mavi gözlü gözəl olar

naz eləyər dənizçiyə

Mənim üçün əziz olub,

heç bilmirəm, dəniz niyə?! 

 

"Ədəbiyyat və incəsənət" portalının qonaq otağında yenidən xoş gördük sizləri.

Qonaq otağında bu dəfəki müsahibimiz dənizçi-kapitan, şair Faiq Balabəylidir.

Həmsöhbət olduğumuz müddət ərzində Faiq bəy ona ünvanladığımız suallara verdiyi səmimi cavablar əsnasında  bizi bir söhbətlik dənizçi həyatına qonaq edərək, həyatı, dənizi və ədəbiyyatı bizə bir dənizçinin gözündən, bir dənizçi ruhunun baxışlarından göstərdi. 

 

- Faiq bəy, bizə bir qədər fəaliyyət sahələrinizdəki ən son yeniliklər barəsində məlumat verə bilərsinizmi? 

 

- Fəaliyyət sahələrimdəki yeniliklər, dedikdə, heç bilmirəm nədən danışım. Yaşımın üstünə yaş gəlir və bunu izləməklə davam edirəm. AXDG QSC XDND idarəsində gəmi kapitanı olaraq çalışıram. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təsisçisi və idarə heyətinin  sədri olaraq fəaliyyətim də var və bu birlik ətrafına yüzlərlə dənizçini toplaya bilib. AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyyətinin üzvüyəm. Yaqradıcılıqla məşğulam. Eyni zamanda Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoruyam. Bu yaxınlarda “Dənizçi həyatı” adlı sonuncu kitabım “Qanun” nəşriyyatında dərc olundu. Kitab Azərbaycan gəmiçiliyinin 165 illiyinə “DSD”İB-nin növbəti layihələrindən biri idi. 

 

- Belə bir söz var, deyir ki:

Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi..

Zaman-zaman gəlib yükünü boşaltdığın, dalğalar dinənə qədər qoynunda gözlədiyin 

Həyatı əzbərə oxuya bilən,

Düşünmədiklərini düşündürən, 

səni güvəndə tuta bilən.

Gərəkdiyində sənin üçün alovu uda bilən. 

Yoluna işıq saçan ustan olmalı. 

 

Fırtınalar zamanı adətən gəmilər fırtınalardan yaxa qurtarmaq üçün limanlara doğru can atır hər halda. 

Faiq bəy bəs bir insan kimi sizin həyatınızda liman yeriniz, istinad nöqtəniz haradır? 

 

- Belə bir deyim var, dediniz, kim deyibsə gözəl deyib. Xüsusi ilə də “Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi…”. Limanlar gəmilərin ən çox gözlənilən yeridir. Eyni zamanda da vüsalla bərabər həm də ayrılıqların yaşandığı məkandır.  Mənim belə bir şeirim var: 

 

Yamyaşıldı duzlu suyun köynəyi

qayaların üzü cızıq-cızıqdı

gəmiləri üzüb gedib, göynəyir

bu dənizin limanları, yazıqdı… 

 

Limanlar həsrətin nə olduğunu gözəl bilir… Gəmilərin yazıq olduğu anları çox görmüşəm, çox yaşamışam o hissləri. Gəmilərin, sizin təbirinizcə desək, güvən tapdığı, fırtınalardan qorunmaq üçün sığındığı limanlar həm də ayrılıqların başladığı bir yerdir. Gəmiləri limanlardan təkcə doğma insanların baxışları yola salmır ki, açıq dənizə, həm də qağayılar yola salır. 

 

Yelkənlər, gəminin bəyaz duvağı

nə bilim, gördüyüm yuxudu, bəlkə

Gecələr yuxuma girən qağayı

ölən dənizçinin ruhudu, bəlkə. 

 

Bu bir deyimdir, ona görə də qağayılar dənizçi üçün müqəddəs sayılır və bu quş ovlanmır. 

 

Körfəz boyu səpələnən yosunlar,

balıqların qumla dolan qulağı,

əgər məni incitsəniz gedərəm,

görünmərəm gözünüzə, uzağı. 

 

Bir qağayı lələyini götürüb

qum üstünə bircə misra yazaram

külək dolmuş ağ yelkənə bürünüb

bir adaya sığınmağa hazıram. 

 

Bu şeirdə dediyim kimi, mənim həyatda istinad nöqtəm çox olsa da üstünlüyü dənizə, dənizdəki tənha adaya, adadakı, sahildəki qayalıqlara verirəm. Əlbəttə, dost dediyimiz insanlar elə mənim üçün o sığına biləcəyim limanlar, qayalar, adalar kimidir. Dənizə daha çox güvənmişəm. Bir şeirim var: 

 

Dəniz bir gözəl üzüdür

xaldı tənha adaları

Dəniz xallı gözəl kimi

hey aldadır adamları 

 

Nöqtə kimi ağ kağıza

qoyulubdur, bəlkə, ada

Adalar çılpaqdır, ya da

göy paltardı yosunları… 

 

Şablon səslənməsin, həyatımın 40 ilindən çoxunu dənizə bağladım, dənizin sərt üzünü, tufanlı, fırtınalı zamanlarını gördüm, dözdüm, maneələri dəf etdim, möhkəm oldum və… insanları tanıdım, onlardan qorundum. Qoruna bildimmi, bəzi vaxtlar yox. Dənizin bütün sifətləri olduğu kimidir, sakit, dalğasız, ləpəli, sualtı axını, burulğanı və sair… görürüsən, özünü təqdim edir, hiss etdirir… Amma elə olur ki, insanlardakı bu sadaladığım hallar gözləmədiyin anda büruzə verir, zühur edir… 

 

- Faiq bəy, Ədəbiyyat yoxsa dəniz? Hər ikisinə çox yaxından bələd olan biri kimi dənizi və ədəbiyyatı necə anladardınız? 

 

- Məni dənizə ədəbiyyat gətirib. Cəlilabadda doğulmuşam, dəniz qonşumuz olmayıb, görmədən böyümüşəm. Orta məktəbdə oxuduğum zaman mütaliə etdiyim kitablarda, baxdığım kinolarda dənizi tanımışam və taleyimi dənizə bağlamıaq qərarına gəlmişəm. Macəra dolu həyat yaşamaq, səyahət və fövqaladə vəziyyətlərdə çıxış yolu tapmaq üçün çevik ağıl sahibi olmaq dənizçinin əsas xarakterlərindəndir. Eyni zamanda da rəhmli, humanist, insanlara daha çox sevgi və sair. Yaradıcılığımda dəniz mövzusu xususi bir yer tutur. Mənim üçün hər iki sahə həyat tərzidir. Birini digərindən ayrı tuta bilmirəm. Gəmi kapitanıyam. İllərdir dənizdə fəaliyyət göstərirəm və demək olar ki, yazıb araya-ərsəyə gətirdiyim şeirlərin, nəsr nümunələrinin, publisistik yazılarımın yarıdan çoxu dənizdə yazılıb. Dənizdən yazdıqlarım da, başqa mövzuda qələmə aldığım ədəbiyyat nümunələri də. 

 

- Söhbətiniz daha çox dənizlə tutur, yoxsa kağız qələmlə? Dənizə danışıbda kağıza danışa bilmədiyiniz hiss və düşüncələriniz olurmu heç, və yaxud da əksinə gəminin bir küncünə qısılıb da dənizdən gizlicə kağıza danışdığınız şeylər olurmu? 

 

- Mənim iş yoldaşlarım, dənizçi həmkarlarım var ki, onların hər birində dənizdən nəsə var. Onlarla həmsöhbət olduqda elə dənizlə dərdləşirmiş kimi oluram bəzən. Dənizdən çoxlu sayda şeirlər yazmışam. Qələm dostlarımın dediklərinə və elə özümün də qənaətimə görə bu mövzuda ən çox yazan mənəm. Çox şair və yazıçılarımız dənizə, dənizçi həyatına müraciət ediblər. Mən isə müraciət yox, hayat tərzim olan, yaşadıqlarımı, yaşantıları, gördüklərimi qələmə almışam. Əlbəttə yazdıqlarımın bəzisi kağıza köçürülmədən dilmdə səslənib. 

Müşahidələrimin sonucu olub deyilən şeirlər sonradan kağıza köçürülüb. 

 

Yelkəni küləklə dolan ağ gəmi

Yapışıb gövdənə yosunlar sənin

yosunlar beləcə ovsunlar səni

ləpələr istəyər qovsunlar səni

doğma sahillərdən yad sahillərə. 

 

Yelkəni küləklə dolan ağ gəmi,

Başının üstündə bir əlçim bulud

Açar qanadını göyərçin bulud

Göyərtə ovcunda bir içim bulud

Dönər ağ yağışa isladar səni… 

 

Bu və digər şeirlər var ki, dənizlə mənim məhrəm söhbətimin nəticəsidir ki, ürəyimdən keçirib, dilimdən dənizə “düşürüb”, yaddaşıma hopdurmuşam və sonda kitablarıma köçüb. 

 

 - Və son olaraq Ömrü bir gəmi səyahətinə bənzətsək səfərinizin 60-cı ilində dənizdən sahilə doğru dönüb baxanda nə görür, nə hiss edir və nələri götür-qoy edirsiniz içinizdə? 

 

- Dəniz elə həmənkidir

gah mülayim, üzü gülər

ya da dönüb ölüm olar

bizi güdər.

Dənizçidə dözüm gərək

ölümünə baxa bilsin,

Ölümünə qalib gəlsin

yıxa bilsin.

Dənizçinin yuxusuna 

 

Torpaq ətri girər hər gün

yanıb sönən mayaklarda

ümüd adlı bir közərti

görər hər gün. 

 

Dənizçiyə dalğaların arasından

əl eləyər su pırisi

dənizçiyə ad verərlər:

Su dəlisi… 

 

Uzaq və çətin, eyni zamanda macəra dolu, maraqla yaşanan bir ömürdür dənizçi ömrü. Həmişə sahil üçün darıxmışam. Torpaq ətrini hiss etmişəm, yuxularıma sahil boyu sıralanan qayalıqlar gəlib. Amma içimdə bir dəniz azadlığı olub, özümü qağayı dəstəsinin içində görmüşəm, çatmadığım, yetişmədiyim hadisələr olub, özümü qınamışam, harasa gecikmişəm, özümə acığım tutub, ətrafda və cəmiyyətdə qarşılaşdığım eybəcərliklər, dost bildiyimizin xəyanətlərini görmüşəm, dözmüşəm, sınmamışam, sözümü demişəm bir başa, necə dəniz dalğaları ilə qayalıqlara çırpılıb sözünü deyir ha, o cür və rahat olmuşam, İçimdə kir, pasaq, nifrət, qəzəb, xəyanət olmayıb. Dənizə oxşamışam.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Ülviyyə, “Ədəbiyyat və incəsənət”

 

 

İnişilin bu gününə nəzər yetirdikdə diqqətimi bu musiqi xəbəri çəkdi.

“O səs Türkiyə” müsabiqəsindəki səhnə davranışı, ifası ilə hər kəsi heyran qoyan azərbaycanlı ifaçı Ülvi Qılınc müsabiqədə uğurla irəliləməkdə davam edir.

Müğənni mediaya açıqlamasında gələcək planlarından söz açıb:

“Bir qədər sonra geridə qoyacağımız 2021-ci il həm kədərli, həm də sevincli oldu. Kədərli oldu ona görə ki, xeyli sayda sənətkarlarımız, yaxınlarımız koronavirus pandemiyasından, bu və digər səbəbdən dünyasını dəyişdi. Əlbəttə ki, kədərlə bərabər sevindirici anlarımız da oldu.
Bildiyiniz kimi hazırda da “O səs Türkiyə” müsabiqəsində mübarizəm davam edir. Düşünürəm ki, hər şey yaxşı olacaq.
Türkiyədə vokal musiqisinə çox gözəl münasibət var. Ümumiyyətlə, düşünürəm ki, həm vokal, həm də digər gözəl musiqilərin təbliğatını aparmaq lazımdır.
Türkiyədə sənətə düzgün qiymət verilir. Yəni sənətin varsa, böyük dəyər verilir, burada hansısa tapşırıq və yaxud qohum, tanışlıq əlaqələri rol oynamır. İnsanlar qəlblərindən gələn kimi səs verir.
Əlbəttə ki, Azərbaycanda da sənətə dəyər verilir. Lakin təəssüf ki, hələ də bəziləri qohumluq, tanışlıq əlaqələrindən istifadə edərək önə çıxmağa çalışır.
Amma xalqımın çox gözəl qəlbi var. Mənə dəstək üçün çox gözəl şərhlər yazır, öz fikir və arzularını qeyd edirlər. Bununla da anladım ki, böyük bir Azərbaycan kütləsi mənə dəstəkdir və buna görə fəxr edirəm. Buna görə də hər birinə öz təşəkkürümü bildirirəm”.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində növbə memuar ədəbiyyatınındır. Bu gün sizlərə Şirməmməd Nəzərlinin “Natamam bir əsrin özəl nöqtələri” adlı yazısı təqdim edilir.

 

                  

Aşağıdakı qeydlər  hazırda öz peşələrinə uyğun aktiv fəaliyyətdə olan jurnalistlərin – 75 yaşlı   kişinin və onun 72 yaşlı  xanımının bir yerdə 98 illik əmək fəaliyyətinin bəzi məqamlarıdır.  Qeydləri yazıçı,  jurnalist, fotoqraf Şirməmməd Nəzərli Azərbaycan Milli Mətbuatının 148 illiyi münasibətilə hazırlayıb.

 

          *Deyəcəklərimdə nə şikayət var, nə də özünüreklam motivləri. Sadəcə, faktlardır, yaradıcı ömrün  anlarıdır.

          *1974-cü il. ADU-nun 3-cü kursunda (jurnalistika fakültəsi) oxuyurdum. AzTV ilə sıx əməkdaşlıq edirdim. İlk televiziya reportajım Yerevan sakini olmuş, yeganə oğlu bu şəhərin parkında haylar tərəfindən qətlə yetirilmiş  rəssam xanım, bütün işlərinin fonu qara parça olan Filurə Şeyxova haqqında oldu. (Gələn il, sağlıq olsa, ilk tv  işimin 50 yaşı olacaq).

          *Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri Hacı Hacıyev rəhbəri olduğu diplom işimlə tanış olandan sonra dedi ki, universiteti bitirən kimi onun yanında – İttifaqda işləməliyəm, vəssalam. Amma mən “yekəxanalıq” edib “İdarə məmurluğunu” bəyənmədim. 

*Azərbaycanın siyasi rəhbəri Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin Orta Asiya respublikalarının birində inşa etdirmək istədiyi Məişət Kondisionerləri Zavodu (MKZ) tikintisinin coğrafiyasını dəyişməyə nail olmuşdu. Bakıda qurulmuş bu müəssisə 1975-ci ilin dekabr ayında istifadəyə verilmişdi. Zavod nəinki SSRİ-də, deyilənə görə, hətta Avropa məkanında da ilk idi. Zavodda, onun  Xüsusi Konstruktor Bürosunda və müttəfiq respublikaların paytaxtlarında kondisionerlərin Texniki Təminat Atelyelərində  ümumilikdə 10 minə yaxın işçi çalışırdı. Müəssisədə çoxtirajlı qəzet və radio  fəaliyyət göstərməli idi. O vaxtlar üçün unikal sayılan süni iqlim məişət aparatlarının istehsalı ilə məşğul olanların da hər biri  mənim nəzərimdə unikal sayılırdı. Jurnalist marağı və peşəmə sonsuz həvəs məni MKZ-yə gətirdi. Radio-qəzet redaktoru kimi işə qəbul olundum.

*Yazılarımın qəhrəmanları adi fəhlədən tutmuş, baş direktorun müavinlərinə kimi bir-birinə bənzəməyən müxtəlif hazırlıqlı, fərqli dünyagörüşlü insanlar idilər. Bakıdan kənarda fəaliyyət göstərən atelyelərə ezamiyyətim isə həmişə yeni informasiya almağım üçün (eləcə də ölkəmiz haqqında maraqlı məlumatlar çatdırmağımdan ötrü) əvəzsiz imkanlar yaradırdı. Moskva, Daşkənd, Düşənbə, Vilnüs, Tiflis, İrəvan, Kiyev və digər şəhərlərdə çalışan işçilərimiz əsl insan xarakteri palitrası idi.

*İllər keçəndən, yaşadığımız keçmiş  “Böyük ölkədə” dəyişən sistemi, fərqli  ictimai-siyasi həyatı, qeyri-səmimi insan münasibətlərini, qərəz və ikili standartları gördükcə MKZ ilə bağlı nostalji hissləri  məni qarabaqara izləməyə başladı. 70-ci illərdə respublika rəhbərinin bu müəssisənin Azərbaycanda inşası üçün hansı maneələri, hansı siyasi-iqtisadi əngəlləri bacarıqla dəf etməsi barədə yeni materiallar qarşıma çıxdı. İlk ağlıma gələn fikir bu oldu: “Biz o günləri niyə lazımınca qiymətləndirmədik?”

*Müəssisə işçiləri maaşdan əlavə rüblük, istehsalat yarışlarında qalib qismində, keyfiyyət göstəricilərinə görə, planda nəzərdə tutulandan əlavə məhsul istehsalına və s. və i.a. görə mükafat alırdılar. İlin sonundə 13-cü maaş verilirdi. Həmkarlar İttifaqları Komitəsinin xəttilə SSRİ daxilində və xaricdə yerləşən istirahət evlərinə güzəştli turist putyovkaları  olurdu. Müttəfiq respublikaların paytaxtlarına cümə günlərindən başlayaraq güzəştli ödənişlə 3 günlük turların təşkili adi hal idi. Zavodun  bir istehsalat sexi ərazisi qədər yer tutan yeməkxanası pəhriz, tez qidalanma, qonaq sektorlarına bölünmüşdü. Mədə-bağırsaq (qastrit) problemi olan əməkçilər  üçün məxsusi yeməklər hazırlanırdı. Müəssisə nəzdində nümunəvi poliklinika fəaliyyət göstərirdi.Təsadüfi deyil ki, akademik Zərifə Əliyeva oftalmologiya üzrə elmi-tədqiqat işini həm də buradakı fəaliyyəti ilə əlaqələndirmişdi.

*MKZ əməkçiləri üçün yaşayış binası istifadəyə verildi, hələ yüzlərlə insan da növbəsini gözləyirdi. Elə gün olmurdu ki, müəssisəyə ölkə və şəhərlərdən nüfuzlu qonaqlar gəlməsin. Bayramlar ərəfəsində konsert proqramları təşkil olunurdu.  Müəssisənin  yardımçı təsərrüfatı məhsulları ilə yanaşı, rayonlardan gətirilən kənd təsərrüfarı məhsullarının satışı da müntəzəm xarakter almışdı. 

*Zavodun inşasında son sözünü demiş Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin  müəssisəyə gəlişi isə tarixi hadisə idi. MKZ minlərlə  gənc, orta yaşlı insanın qazanc, xoş gələcəyə ümid, beynəlmiləlçilik şəraitində ümumi dinc fəaliyyət yeri kimi tanınırdı. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilində xalqını  düşünərək atdığı addımlardan təkcə MKZ nümunəsi  bir uzaqgörənlik,  siyasi məktəb, rəhbərlik örnəyi kimi göstərilə bilər. 

*Ötən əsrin 70-ci illərindən başlayaraq SSRİ Xalq artisti Rəşid Behbudovun ifasında səslənən “Sağ olsun yol göstərən” mahnısı necə də populyar idi…

*Belə bir həyat təcrübəsi jurnalistlik və yazıçılıq fəaliyyətim üçün təbii stimul yaradır, rəngarəng mövzular diktə edirdi. Foto işləri də öz yerində. Sadə dillə desək, danışmaqla qurtarmaz.

*Rusiyanın Kirov vilayətinin mərkəzində ezamiyyətdə idim. Nahar etmək üçün yeməkxanaya gedib növbəyə dayandım. Az keçmiş yaxınlıqdakı texniki peşə məktəbi şagirdlərindən də bir neçəsi gəlib məndən sonra növbə tutdu.. Bu zaman divardan asılmış bir rəsm əsəri – portret diqqətimi çəkdi. İncəsənətlə çox  maraqlandığımdan portretin kimə aid olduğunu öyrənmək üçün yaxına gedib gördüm ki, deyəsən, V.İ.Leninin obrazını yaratmağa cəhd ediblər. Kepkasını əlində tutub Qırmızı Meydanda duran bu badamgöz kişi  inqilab rəhbərindən daha çox “bomj”a oxşayırdı. Təəccüb elədim ki, Leninin  rəsmini çəkməyə yalnız titullu rəssamların ixtiyarı çatdığı halda, bu şarj necə gəlib ictimai yerin yuxarı başında  qərar tutub. Portretə bir az da yaxın durub çərçivənin küncündə və ya altında “əsər” müəllifinin  adını axtardım. Yox idi. Qayıdıb növbədə durduğum yerə gedəndə gördüm ki, texniki peşə məktəbi şagirdlərindən iki qız təəccüblə mənə baxıb pıçıldaşır. Biri o birisinə deyir: “… Ooo! Sən bir işə bax. Bu adam hələ yazı oxumağı da bacarırmış!”

          *Hələ də araşdırıram: necə olub ki, Rusiya bölgələrində qeyri-rus millətindən olanlar bu səviyyədə tanıdılıb?

*Zavodda yeddi il “həyat məktəbi” keçəndən sonra Azərbaycan radiosuna üz tutdum. Tanınmış jurnalist Rafiq Savalanın  baş redaktoru olduğu redaksiyada “Ailə və məktəb ” jurnalını hazırlayırdım. Pedaqoji məktəb bitirmiş  bir jurnalist üçün bu sahə tam uyğun idi. Yalan-doğru, redaksiyada işimdən razılıq edirdilər.  Paytaxtdakı uşaq evlərinin birindən hazırladığım   “Nə çatmırdı o gözlərdə?” süjetini hətta radionun “Qızıl fondu”na vermişdilər.

*Bu arada diplom rəhbərim, mənə bir növ hamilik etmək istəyən Hacı müəllim (o özü də vaxtilə radioda çalışmışdı) redaksiyamıza zəng vurub məni ərkyana tənbeh etdi və dedi ki,  əlimdəki verilişi təhvil verib İdarə Heyətinə gəlim.

*İttifaqda məsləhətçi vəzifəsində işləməyə başladım. Sonra baş məsləhətçi, xarici əlaqələr şöbəsi və Jurnalist Fondu sədrinin müavini…Yazıçı Fərman Eyvazlı, məşhur jurnalist Valid Sənani, AzTV-nin  Moskva müxbiri olmuş Altay Zahidovla birgə çalışdıq. 1986-cı ildə Valid Sənani ilə ikimiz Naxçıvan MR-ə gedib burada Jurnalistlər Təşkilatının  təsis yığıncağını reallaşdırdıq. Beləcə, Muxtar Respublikada da təşkilatımız fəaliyyətə başladı.

          *Jurnalistlər İttifaqına dünyanın müxtəlif ölkələrinin mətbuat işçiləri ezamiyyətə gəlirdi. Həmin qonaqlarla əvvəlcədən hazırladığımız plana uyğun olaraq mən işləyirdim. Onlarla ünsiyyətimizin  tərkibində Qarabağ problemi, onun kökü, faktlar… önəmli yer tuturdu. Yadelli jurnalistlər vətənlərinə qayıdanda verdiyim məlumatlar əsasında yazılar hazırlayırdılar və İttifaqımızın ünvanına təşəkkür məktubu yollayırdılar. Kubadan, İsveçrədən, Monqolustandan və s. gələn təşəkkür məktublarının bir qismini qoruya bilmişəm. Azərbaycanda olmuş əcnəbi həmkarlarımızdan bəziləri isə bizi cavab səfərinə dəvət edirdi. Bu qəbildən Monqolustan səfərimdə  “Çingiz xan diyarında” adlı  qeydlərim yarandı və yazı “Azərbaycan gəncləri” qəzetinin 2 sayında hər dəfə bir səhifə olmaqla dərc edildi.

          *Sumqayıt hadisələri də ən çox səs-küyə səbəb olan  və ürək ağrıdan olaylardan  oldu.  Hadisələrdən  az  sonra saxta, qondarma, ssenari əsasında baş vermiş hadisənin  mahiyyətilə bağlı  yazım uyğunlaşdırılaraq Türkiyə mətbuatında dərc olundu.

          *1989-cu ildə  Türkiyəyə dəvətlə  səfərim jurnalist həyat yoldaşımla baş tutdu.  “Boğaziçi”ndə gecəyarısı rəhmətlik Turqut Özal və xanımı Səmra Özalla görüşümüzü kino lenti kimi  həmişə xatırlayıram. Smitəoxşar kökəni   xırçıltı ilə yeyib çay içən iri gövdəli T.Özal qonşu masada “Günaydın“ qəzetinin şöbə müdirini və bizi görcək (yəqin, qiyafəmizdən qonaq olduğumuz bilinirmiş) arxasında durmuş cangüdənlərinə nəsə dedi. Onlar bizə yaxınlaşıb nəzakətlə salamlaşdılar və bizi Türkiyə ali rəhbərinin yanına dəvət etdilər. (Elə ilk dəqiqədən sadə, səmimi, insansevərlik mühiti bizi valeh etdi). O, ölkəmizin iqtisadiyyatı ilə maraqlandı və dedi ki, sizdə, deyəsən, “ailə podratı” adlanan hərəkat başlayıb. Şübhəsiz ki, bu, azad, işgüzar bir mühitə çevriləcək və iqtisadyyatınızı irəli aparacaq. (Bu məqamda xanımlarımızın illərin tanışları kimi şirin-şirin söhbətə başlamaları da gözümdən qaçmadı).

         T.Özal sonra məndən danışmağımı (necə deyərlər, ürək sözlərimi dinləmək) rica etdi. Mən qısaca bildirdim ki, biz niyə qardaş Türkiyəyə Gürcüstandan – Sarp qapısından gəlməliyik? Axı Naxçıvanla Türkiyəni 15 km uzunluğunda torpaq sahəsi birləşdirir. Hələ onu demirəm ki, iki ölkə arasında hava nəqliyyatı da yoxdur. Türkiyə dövlətinin Azərbaycanda təmsilçiliyi də o cür.

          Türkiyənin dövlət başçısı döş cibindən  kiçik bir kalkulyator, kağız çıxarıb qeydlər etdi və əlavə elədi ki, narahat olmayım, bunların hamısı tezliklə həllini tapacaq.  

      Şükürlər olsun ki, bir müddət sonra iki qardaş  ölklə arasında bu sayaq problemlər, doğrudan da, tarixə qovuşdu…

          *Məlum 1990-cı il 20 Yanvar faciəsi günlərində İdarə Heyəti əməkdaşlarının da problemləri artdı. AZƏRTACın binasında (4-cü mərtəbə) fəaliyyət göstərirdik. Birinci mərtəbədə Məzahir Süleymanzadə, Şakir Yaqubov və nəşrin jurnalist kollektivinin 20 Yanvar faciəsilə bağlı “Səhər”qəzeti  nömrələrini hansı zəhmətlə hazırladıqlarının şahidiyəm.

          İşlədiyimiz binanı əlində  süngülü avtomat  tutmuş rus hərbçiləri “qoruyurdu”. Məhz onlar da  günahsız 20 Yanvar qurbanlarını və fəlakət mənzərəsini əks etdirən fotolardan hazırlayıb binamızın qabağında qoyduğumuz stendi  avtomatlarının qundağı ilə vurub dağıdırdılar.

          *İdarə Heyətində məsləhət oldu ki, 1990-cı il fevralın 6-da Moskvada keçiriləcək  Sov. İKP MK-nın  növbəti plenumunda Mixail Qorbaçovun “Bakı hadisələrində qadın və uşaq ölməyib” ağ yalanını ictimailəşdirmək üçün sənədlər hazırlayıb poçt vasitəsilə plenum iştirakçılarına yollayaq. Bu iş mənə həvalə edildi. Yanvarın 23-24-də gecə-gündüz bilmədən faciəni əks etdirən fotolardan, Allahşükür Paşazadənin, Milli Məclisin sədri Elmira Qafarovanın  müvafiq bəyanatlarından ibarət  90 zərf (zərfləri bütün Sovetlər İttifaqı üzrə iri partiya təşkilatlarına çatdırmağı nəzərdə tuturduq) hazırlayıb  gecə vaxtı Mahaçqaladan keçən qatarla yola düşdüm. Mahaçqalada poçtlardan iki gün ərzində zərfləri müvafiq qaydada ünvanlara yola saldım. Yerli əhali çox zaman məni erməni hesab edib kinli sözlərindən, təhqirlərindən də qalmırdı, hətta öldürməklə hədələyirdilər… Amma mən kəlmeyi-şəhadətimi hündürdən oxuyan  kimi sakitləşirdilər.

          *Jurnalistlər İttifaqının 1980-ci ilin axırları,  1993-cü il də daxil olmaqla, fəaliyyət dövrü  mürəkkəb ictimai-siyasi ovqatla keçdi. Amma təşkilat nikbinliyini itirmirdi. Belə dövrdə İttifaqın sədri H.Hacıyevin razılığı ilə ölkə rəhbərinə – ölkənin ilk prezidentinin adına bir müraciət məktubu hazırladım. Məktub 12 bəndlik  təkliflərdən ibarət idi. Məsələn,  ADU-nun S.M. Kirovun yox, M.Ə.Rəsulzadənin adına olmasını təklif edirdik; Azərbaycanda Mətbuat Gününün mayın 5-də (“Pravda” qəzetinin ilk nömrəsinin çıxdığı gün) deyil, “Əkinçi”nin ilk nömrəsinin işıq üzü gördüyü  tarixə  uyğun qeyd edilməsini istəyirdik; Nardaranda Jurnalistlərin Beynəlxalq İstirahət Evinin tikintisini dirçəltməyi, KİV-in inkişafında fəallıq göstərən  qələm sahiblərinə “Əməkdar jurnalist” fəxri adının verilməsinin bərpa olunmasını xahiş edirdik və s.

          Bu arada, İttifaqın inzibati binasında ikiillik “Jurnalist sənətkarlığı məktəbi” təşkil etdik. Həmin məktəbi bitirənlərdən bir neçəsi hazırda media sahəsində baş redaktor kimi fəaliyyət göstərir və ya tanınmış jurnalistlərdir.

          Azərbaycan Jurnalistlər  Birliyinin (Daha İttifaq yox) üzvlük vəsiqəsinin və embleminin çizgilərini hazırlamaq da mənə həvalə edilmişdi.

          Sonralar  bu məsələlərin hər biri özünəməxsus tərzdə həllini tapdı.

          *1997-ci ildə  “Vışka” qəzetinin Ukrayna üzrə xüsusi müxbiri işləmişəm.

          *Əsrin baclanğıcında aktyor Nizami Mirsalayev komik aktyor İlham Quliyevlə lağlağı,  parodiya  duetlərindən bezib yalnız  milli dəyərlərin və etiqadımızın təbliğinə hesablanmış  “Zaman” teatrını qeydiyyatdan keçirə bildi. Di gəl bu sahədə  səhnə əsəri qıtlığı konkret problem kimi meydana çıxdı. Mənə müraciət edildikdə ilk repertuar kimi “Müctəhidin yuxusu” birpərdəli pyesimi təklif etdim. Bəyənildi və premyera Dövlət Akademik Dram Teatrında baş tutdu... Zalda oturmağa yer olmadığından Abşeron kəndlərindən icarə avtobuslarla teatra gəlmiş həvəskar tamaşaçılar ayaq üstdə qalmalı oldular. 45 dəqiqəlik tamaşa öncəsi ölkənin qüdrətli sənət adamları, məşhur aktyor və rejissorlar 40 dəqiqə fərəhlə yeni istiqamətli teatr barədə damışdılar.  

          Bu hadisədən sonra həmmüəllif olduğum iki pyes də ölkənin baş səhnəsində tamaşaçılara təqdim olundu. (Tamaşa günü son məşq istisna olmaqla digər məşqlər ayrı-ayrı teatrların səhnələrində  keçirilirdi). Belə anşlaq tamaşalardan sonra Mədəniyyət Nazirliyindən “Zaman” teatrı rəhbərinə xəbər göndərildi ki, hər tamaşa günü üçün müəlliflər  900 manat (doqquz yüz) ödəməlidirlər. Tamaşaya görə bilet satmayan, yalnız xeyriyyəçilərin ianəsi  hesabına fəaliyyət göstərə bilən teatr üçün bu tələb “İşinizi dayandırın!” anlamına gəlirdi.  2000-ci illərdə bir gün üçün 900 manatın nə qədər pul olduğunu hamı yaxşı bilir... Teatr işləyə bilmədi.

          “Qələmi sınmış” mən həm bir qədər nəfəs almaq, həm də dolanışıq dərdindən Moskvaya getməli oldum. Moskva nə Moskva? Sanki azərbaycanlıların ikinci yaşayış məskəni. Bir tanışımı axtarırdım, həmvətələrimiz dedilər ki, o adam “Tekstilşiki” metrostansiyasının yaxınlığındakı tərəvəz bazasında olur. Deyilən yerə yollandım. İri dəmir örtüklü binaya çatanda çürümüş, kəsif kartof və soğan qoxusu  məni geri “itələdi”. Özümü toparlayıb binanın darvazası qarşısında dayanmış cavan oğlandan tanışımı soruşdum. Dedi: “Hə, keçin, içəridədir, amma yatır”. Hündür qalaqlanmış kartof tayaları sırasının sonuna qədər xeyli addımlayıb, divarın  sonuna çatanda gördüm ki, tanışım yerə salınmış yorğan-döşəyə bənzər parçalara bürünüb yatır. Sən demə, adam burada həm işləyir, həm “yaşayırmış”...Ümumiyyətlə, Moskvanın bu rayonu bir növ “azərbaycanlıların məskəni” imiş. Hətta Azərbaycan dilində sınıq-salxaq danışan milisə də rast gəldim. Məni görcək  pasportum və Moskva qeydiyyatımla maraqlandı və hiyləgərcəsinə gülümsəyib  soruşdu: ”Sende biş yuz  rubl var?”. Diaspor nümayəndələrindən də  soydaşlarımızın bu şəhərdəki gün-güzəranı ilə bağlı ürəkaçan heç nə eşitmədim. Faktlar isə ürək yandırırdı. Məsələn, Moskvanın təkcə bazarlarında 500-ə yaxın ali təhsilli azərbaycanlı vətəndaşın əziyyətlə çörəkpulu qazanmağını öyrəndim. Qeydiyyatı olmayan onlarla həmyerlimizin üstüaçıq yük maşınında üzüaşağı  uzanmış vəziyyətdə “bölməyə” aparıldığı, yolda milisin onların kürəkləri üzərində yeriyib  “Nefti başqalarına verirsiz, çörəkpulunu isə bizdə qazanmaq istəyirsiz, çurbanlar?!”deyərək təhqir etməsi kimi faktlar isə adamı xəcil edirdi.

          Müxtəlif vaxtlarda obyektiv, ya da  subyektiv səbəbdən Moskvaya hicrət etmiş və nisbətən oturuşmuş  soydaşlarımızla tanışlıqdan məlum oldu ki, onların enerjisi pul qazanıb ailələrinə göndərmək, həmyerlilərimizin hüquqlarını müdafiə etmək, imkan daxilində onların əxlaq normalarından uzaq düşməməsinə nail olmaq,  ayda heç olmasa, bircə dəfə A-3 formatında qəzet  və uşaqlar üçün jurnal buraxmaq kimi xeyirxah işlərə sərf olunur. Çox çətin vəzifədir! Təsəvvür edin ki, mənzilini kirayə verən moskvalı elanında “qafqazlı müraciət etməsin” yazır. Moskvanın “Əldən ələ” (“İz ruk  v ruki”) 120 səhifəlik həftəlik qəzetinin  “tanışlıq” bölməsində xüsusi olaraq “qeyri-ruslar narahat  etməsinlər ” deyə bildirilir.

          Moskvada yaşayarkən dünya din tarixində özünəməxsus maraqlı həyatı ilə məşhur olan Yusif peyğəmbər haqqında yazdığım “Yusifin qəmi” pyesinə  Rusiya Dövlət Duması sədrinin müavini olmuş Vyaçeslav Ali Polosin ön söz yazdı və əsəri rejissorlara nişan verdi. Əsər (iki dildə) kitab halında min nüsxə ilə nəşr olundu və çox qısa müddətdə Rusiyada yaşayan soydaşlarımız kitabın 900 ədədini aldılar. Bakıya qayıdanda yalnız  yüz ədədini gətirə bildim. Bir müddət sonra İran kinematoqrafçıları “Yusif Peyğəmbər” serialını dövriyyəyə buraxdılar. İndi fikirləşirəm ki, pyesi onlardan xeyli əvvəl yazıb nəşr etdirməyim necə də yaxşı olub.  Yoxsa ...

          *Rusiyada yaşayan soydaşlarınızdan ibarət bir çox qurum və cəmiyyətlərdə məni artıq tanıyırdılar. Ünsiyyətlərimizin birində təklif olundu ki, Moskvada diasporun öz televiziyası olmalıdır. Əmin etdilər ki, əgər mən bu şirkəti Rusiya Dövlətinin rəsmi qeydiyyatından keçirə bilsəm, TV-nin fəaliyyəti üçün hər cür şərait yaradacaqlar. Televiziya şirkəti arzulayan, lakin onun yaşaması üçün  ümdə şərtlərdən xabərsiz bu insanlara izahat verməkdən usanmırdım. Hətta bir dəfə belə bir müqayisə aparıb dedim: “Yer üzərində hərəkət edən qatar, avtomobillər də nəqliyyatdır, havada uçan təyyarə də. Yol gedərkən yerüstü nəqliyyatın yanacağı qurtaranda o, sakitcə dayanır, sərnişinlər bundan xəsarət almırlar. İndi siz göydə uçan təyyarənin benzini birdən  qurtaranda nə baş verəcəyini təsəvvür edin... Bax, televiziya kanalı həmin o sərnişin təyyarəsinə bənzəyir. Yəni dediyiniz bu işin möhkəm maliyyə təməli olmasa, TV təyyarə gününə düşəcək...”. Bu müqayisənin   nəinki təsiri olmadı, hətta incidilər də: “Siz bizi nə hesab edirsiz? Biz heç imkansızlara oxşayırıq?”

          *Qısası, qollarımı çırmaladım, Moskvadakı bütün köhnə tanışlarımın, yeni dostlarımın, hüquqşünasların məsləhət və imkanklarından istifadə edib işə girişdim. Əcnəbilərin Rusiyada TV yaratmaları üçün qanunla tənzimlənən qaydaları ilə üz-üzə durmuşdum. Şərtlərin ən ağırı o idi ki, rusiyalı olmayanlar TV təsisçisi ola bilməzdilər. Rusiyalı isə indən belə yerüstü TV yarada bilməzdi. (Hakimiyyətə yeni  gəlmiş V.Putinin göstərişlərinə görə). Köməkçilərimin  məsləhəti belə oldu ki, belə vəziyyətdə sputnik TV ən yaxşı variantdır. Əgər bir moskvalı tapsam, onunla ikimiz niyyətimizə çata bilərik. Ona görə də mən Moskvada yaşayıb daimi qeydiyyatda olan yaxın qohumumla ikimiz təsisçiliyimizi sənədləşdirə bildik. O vaxtlar Moskvada indi bizdə fəaliyyət göstərən ASAN xidmət kimi mərkəzləşdirilmiş qurum olmadığından hər dəfə sübh tezdən gedib qalaq-qalaq sənədləri  qeydiyyatdan keçirmək üçün növbədə dururdum. Oradan da hər dəfə məni bir bəhanə ilə geri qaytarırdılar. Məsələn, şəxsiyyət vəsiqəm Bakıda rus dilinə tərcümə edilib möhürlə təsdiq edilsə də, bildirilirdi ki, belə əsas sənədlərin yalnız Moskva tərcüməsi keçərlidir. Dediklərini  edib yenidən təsdiqə gələndə başqa bir şey tapırdılar. Misal üçün bildirilirdi: “ Sizin gələcək TV ünvanında nəsə başqa bir şirkətin fəaliyyət göstərəcəyi məlum olub. Gedin yeni ünvan tapın”. Bütün bu bəhanələr vaxt, əsəb, enerji, maddi vəsait  aparırdı. Moskvanın bütün sənədlərinin qeydiyyatı üçün sübh tezdən bura axışanların çoxu artıq bir-birilərini tanıyır, dərdləşirdilər. Sübhün   ala-qaranlığında növbəyə yarım saat gecikənlər binanın içərisində hətta durmağa yer tapmayıb bayırda gözləməli olurdular. Kirayədə yaşadığım yer buradan xeyli uzaq olduğu üçün bir neçə nəqliyyat dəyişirdim, o üzdən mən də iki-üç dəfə bayırda gözləməli olmuşam – qış, külək, 25-28 dərəcə soyuq öz işini görürdü. Qeydiyyatla bağlı digər sənədlərin taleyi də oxşar sınaqlara məruz qaldı...            

          *Xülasə, payızın əvvəlində başlayıb qışın sonuna yaxın soydaşlarımıza xidmət üçün nəzərdə tutduğumuz  sputnik “DA TV” (Dünya azərbaycanlıları tv) kanalının sənədləri dövlət qeydiyyatına alındı. Əsasnaməyə görə, verilişlər Azərbaycan və rus dillərində hazırlanmalı, müharibəyə, iğtişaşlara, irqçilik və millətçiliyə səsləməyən, spirtli içkilər və tütün məhsullarını təbliğ etməyən, erotika və zorakılıq, həmçinin sırf dini təbliğat xarakterli verilişlərdən başqa cəmiyyət üçün aktual sayılan bütün istiqamətlərdə peşəkarcasına hazırlanmış materiallara yaşıl işıq yanırdı. İndi həm də təkcə məndən asılı olmayan işlərin icrası qalmışdı: Ofis binası tapmaq, zəruri avadanlıq alıb texniki və  yaradıcı heyəti formalaşdırmaq, proqrama uyğun fəaliyyətə başlamaq. Sevincimin həddi-hüdudu yox idi. Sonuncu dəfə 1977-ci il iyul ayının 12-də oğlumun – ilk övladımın dünyaya gəldiyi gün bu cür xoşbəxt olmuşdum.

          *Bu yerdə “Sən aydığını say...” atalar məsəlinin əsl yeridir. Soydaşlarımıza xidmət naminə hər şeyə hazır görünənlər, mənə qol-qanad verənlər atlı olmuşdu,  mən piyada. Vaxt keçir, əsəblərim tarıma çəkilir, o biri tərəfdən də qanuna görə şirkətin hər ay, hər rüb, yarımillik və illik hesabatlarını vermək lazım gəlirdi. Özümdən başqa DA TV- də ilk işçi mühasib oldu. O, müqavilə əsasında  məvacib alıb deyilən işləri görürdü.

          *Günlərin birində kirayədə qaldığım mənzildə özümü çox pis hiss elədim, ağlıma gəldi ki, mənzilin qapısını açıq qoyum.  (Qapıbir qonşularım yaşlı ər-arvad hərdən gəlib məndən hal-əhval tuturdular, indi də gəlməli olsalar, açıq qapıya diqqət edəcəkdilər). ...Bir də gözümü açanda özümü xəstəxanada gördüm. Dedilər ki, Elmi Tədqiaq İnstitutunun N.V.Sklifosovski adına Təcili Yardım Xəstəxanasındayam. Bir həftə müayinə-müalicədən sonra buraxıldım.

          Mühasibimiz artıq bir il idi ki, “sıfır hesabat” hazırlayıb lazımi təşkilatlara təqdim edirdi.

          Elə bir məqam da çatdı ki,  Vətəndən ayrı yaşamağın  mənlik olmadığını anladım, Bakıya qayıdıb  oğlumla bərabər “Azəri prodakşn” yaratdıq. (Amma Moskvadakı mühasib də vaxtında məndən maaş alıb hesabatları ünvanına  çatdırırdı). Azərbaycanın hər sahədə uğuru, milli-mənəvi dəyərlərin qorunmasına diqqət, milli musiqi mədəniyyətimiz, uşaqlar üçün cizgi filmlərinin dublyajı və Azərbaycandan kənarda yaşayanlarda maraq doğuracaq digər mövzulara dair verilişlər hazırlayırdıq.

          “DA TV” barədə Bakıdakı imkanlı, vəzifəli şəxslərə, həmçinin dövlət qurumlarına məlumat verirdm. TV-ni tam özləri işlədəcəklərsə və ya məndən alacaqlarsa,  onlara hər cür yaradıcı, təşkilati yardım etməyə hazır olduğumu da bildirirdim. Lakin heç nə alınmırdı, anlayırdım ki, birbaşa gəlir gətirməyən işə heç kəs baş qoşmaq istəmir... Mən bir müddət də Moskvaya uçub mühasibimlə hesabat sənədlərini təhvil verdim. Lakin Don Kixotluğun sonu gəldi. Artıq maddi imkanlar qırmızı işıq göstərirdi.

         Lakin bu günün özündə də ”DA TV” ekranının heç vaxt işığı yanmayacağnı bilə-bilə ona aid sənədləri  elə məhəbbətlə qoruyuram ki!

*Jurnalistlik fəaliyyətimdə foto işinə də az vaxt ayırmamışam. Mətbuat Şurasının, Fotoqraflar Birliyinin  təşkilatçılığı ilə təşkil olunmuş sərgilərimlə yanaşı, Rusiya Səfirliyinin Mədəniyyət Mərkəzində,  Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda da sərgim baş tutdu.  Mədəniyyət tariximizdə ilk dəfə nümayiş olunan sərgi “Azərbaycan rəssamlarının foto portretləri” adlanırdı. 55 fırça və tişə ustasının irihəcmli portretləri üzərində 8 ay işləmişdim. Sərginin təşkilində Xalq rəssamı Arif Hüseynovun xüsusi əməyi vardı. Sərginin müddəti nəzərdə tutulduğundan bir həftə də artıq  uzadıldı.  Sonda isə portretləri rəssamlarımıza hədiyə etdik. 

*Amma ilk peşəkar sərgim 2009-cu ildə  AYB-nin binasında keçirilib. Bircə gün nümayiş olunan sərgiyə böyük maraq göstərildi, AYB-nin sədri Anar, məşhur rəssam Toğrul Nərimanbəyov, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Fikrət Qoca... foto işlərimə xüsusi maraq göstərdilər, şəkilaltı mətnlərə diqqətlə göz yetirib mənə suallar verirdilər. Məsələn, Anar müəllimlə “Ağaclar da Yaradana təqdis edir” fotosu ilə bağlı qısa müzakirəmiz oldu.  Toğrul müəllim isə Moskvada “İzmaylovo parkı”nda çəkdiyim iri ölçülü  payız mənzərəsinə baxıb dostu Anara dedi: ”Əvvəl elə bildim rəsm əsəridir...”

Sonda AYB-yə iki əsərimi hədiyyə etdim. Biri Azərbaycan televiziya qülləsinin fəsillərdə, gücə-gündüz saatlarında, müxtəlif hava şəraitində silsilə görünüşü, digəri isə Rusiya paytaxtı parklarının birində çəkdiyim, sanki sulu boya ilə işlənmiş mənzərə  idi.  

         *2000-ci ildən təsisçisi və baş redaktoru olduğum beynəlxalq “İRS” jurnalı fəaliyyətə başladı. Bakıda o vaxtlar  nəfis jurnal üçün  müvafiq çap şəraiti olmadığından materialları üç dildə hazırlanan dərgini  Moskvada nəşr etdirirdim (əlbəttə, şəxsi vəsaitim hesabına). Jurnalın fəaliyyəti, materialların aktuallığı və oxucu coğrafiyası  mənə “HUMAY” mükafatı qazandırdı.  Müstəqillik dövründə həm də qəzet və jurnallarda məqalə, foto və müsahibələrim  müntəzəm dərc olunurdu.

         *Səkkiz il fasiləsiz işlədiyim xəbər agentliyində  elm və mədəniyyət şöbəsini aparırdım. Fotolentlərlə müşayiət olunan xəbərlərin sayını itirmişəm. Amma yadımdadır ki, “Media kapitanları” seriyasından 55 müsahibəmi ayrıca kitab şəklində buraxmaq niyyətim var idi. Sonra dəyərlər, münasibətlər, medianın təşkili və tələblər elə  dəyişdi ki, daha buna lüzum görmədim.

          *Akkreditasiya ilə   xarici xəbər agentliyində işlədiyim illərdə Azərbaycan Prezidenti Heydər Əliyevi xarici ölkələrə səfərlərdə müşayiət edən jurnalistlərin sırasında, rəhbərin rəsmi qəbullarında  mən də bir neçə dəfə olmuşam.  Onun dialoq qurmaq məharətini, müsahibini fakt və məntiq qarşısında mat qoyduğunu, mətləbi çatdırmaq tərzini, emosiyasız, səbirli davranışını, jurnalistlərlə səmimi münasibətini və əlbəttə, özünəməxsus təbəssümünü yaxından izləyə bilmişəm. Eyni zamanda onun xeyirxah  təklif və siyasi addımlarını  anlamayan (anlamaq istəməyən) əcnəbi həmkarlarını da tanımışam .

         *Jurnalist yazısı müsabiqələrində dəfələrlə qalib sayılmışam. “Azərbaycanda turizmin inkişaf perspektivləri”, ”Zeytun bağları”,  “Erməni xisləti” və s. mövzular üzrə jurnalist yazısı müsabiqələrində birincilik qazanmışam.  Beynəlxalq hekayə müsabiqəsində  (rus dilində) “Весь  в отца” hekayəsi, Mədəniyyət Nazirliyinin elan etdiyi “Ən yaxşı pyes” müsabiqəsində “Yusifin qəmi”əsərim ikinci yerə (birinci yer heç kimə verilmədi) layiq bilinib. Müsabiqənin  şərtlərinə görə, qalib əsərlərin  dövlət hesabına tamaşası hazırlanmalı idi. “Yusifin qəmi”də Sumqayıt Dövlət Dram Teatrında  Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnə təcəssümü tapdı.

          Digər pyeslərim və müştərək əsərlərim Bakı teatrları səhnələrində tamaşaya hazırlanıb. Roman,  povest və hekayələrdən ibarət 14 kitab ərsəyə gətirmək qismətim olub.

          *Dahi Azərbaycan şairi Məhəmməd Füzuli  ilə  böyük rus yazıçısı Lev Tolstoyun  Bərzəx aləmində görüşünə həsr etdiyim  “Mən haqqı sevirəm ” adlı mistik tamaşa mətni 2017-ci ilin may ayında Yazıçılar Birliyinin saytında dərc olundu və bu günə kimi 17 mindən çox  oxucunu cəlb edib.

*Ölkəmizin qəzet və jurnallarında jurnalist materialları ilə yanaşı, vaxtaşırı  hekayələrim də dərc olunur.

         *“Özgə canda doğma ürək” pyesim əsasında hazırlanmış “ Tac Mahal və ya iki damla göz yaşı” radio tamaşası  Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılır. Pyesin  radio versiyasında Moğol hökmdarı Şah Cahan obrazını – baş rolu sevimli aktyorumuz Fuad Poladov  canlandırırdı.

         *Geologiya və Geofizika İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işlədiyim son 6 ildə “Elmin cazibəsi” silsiləsində 3 kitab hazırlamışam, hazırda  4-cü kitab üzərində işləyirəm.

          *Azərbaycan Jurnalistlər (1977), Yazıçılar (1999) və Fotoqraflar Birliklərinin  (2012) üzvüyəm . Bu istiqamətlərdə mütəmadi hesabat verirəm – publisistik yazılar, bədii əsər, foto sərgisi şəklində.

          *Bütün bu qayğılarla dolu həyatı xanımım Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Esmira Nəzərli ilə bölüşmüşəm. O, “Qobustan” jurnalının “çağa”vaxtından bu redaksiyada fasiləsiz işləyir. (Bildiyim qədər, ölkəmizdə eyni redaksiyada yarım əsrdən də çox fasiləsiz çalışan ikinci jurnalist təhsilli qadın yoxdur). Keçən əsrin 90-cı illərində, axır ki, E.Nəzərlinin əməyini qiymətləndirib, onu  “H.Zərdabi” mükafatı ilə təltif etdilər. Məmim kimi həmişə məşğul, infarkt keçirmiş, koronavirusa yoluxmuş, iki dəfə açıq ürək əməliyyatına məruz qalmış ərinin, iki uşağın qayğısı yolunda saç ağartmış xanımım publisistik yazılarından ibarət “İncəsənət inciləri” və “Kim deyir ağlamır kişilər” kitablarını da ərsəyə gətirə bilib.

          *“Qobustan”ın bütün saylarında maraqlı yazıları dərc olunub. Həmin yazıları da, nömrənin digər materiallarını da ümumi işə xatir həmişə evə gətirərək korrektə və redaktə edib. Jurnalın fəaliyyət istiqamətinə, dil-ifadə tərzinə görə ilk illərdə “Qobustan”a, onun təsisçisi və baş redaktoruna bir neçə səviyyədə dil uzadanlar olub.  30 yaşlı Anarın jurnala rəhbər təyin olunduğu elə ilk günlərdən “Qobustan”adına irad tutulur, guya bu kəlmə dəvə assosiasiyası yaradır, sən demə, yeni nəşr türkçülük missiyası daşıyır və s.  Bu yaramaz hal  jurnalın əməkdaşlarına, illah da baş redaktora, əlbəttə,  xoş heç nə bəxş etmirdi, acı təəssüf yaşadırdı. O qəbildən olanların indi tərif-təbriklərini, jurnalın 40, 50 illik yubileylərində sürəkli alqış sədalarını eşidəndə  deyirsən: “Ey gidi dünya...”

          *Esmira xanım Xalq yazıçısı Anarın, Xalq şairi Fikrət Qocanın,  tanınmış şair Ələkbər Salahzadənin, Əməkdar mədəniyyət işçisi Vaqif  Əlixanlının jurnala rəhbərlik etdiyi vaxtlarda jurnalda getmiş kino, teatr, musiqi, rəssamlıq, qurama və icəsənətin digər sahələrində məşhur olan aparıcı sənətkarlar haqqında məqalə və müsahibələrini ehtiva edən “İncəsənət inciləri ” kitabını (2009-cu il) ərsəyə gətirdi. Nadir sənədli fotolarla zəngin  kitab Anarın  ““Qobustan”lı günlərim” yazısı ilə başlayır. İlk redaktor burada jurnalın keşməkeşli taleyini, gərgin fəaliyyət şəraitini və redaksiya əməkdaşlarının ali məramını ətraflı şərh edir.

          Esmira xanımın 2020-ci ldə “Kim deyir ağlamır kişilər...” kitabında Azərbaycanın 20 məşhurunun (birinci kitabda isə 30) sənət və özəl həyatı, sevinc və problemləri, eyni zamanda müəllifin yarım əsrə yaxın jurnalist təcrübəsinə əsaslanan mülahizələri yer alıb. Fotolarla müşayiət edilən və maraqlı faktlarla zəngin  materiallar  məhz “Qobustan”a  xas oxunaqlı dildə təqdim olunur.

          200 sayı oxuculara təqdim edilmiş jurnal nümunələrinə  hazırda nəzər salanda “Qubustan”ın sabiq redaktorlarının yaradıcılıq məharətinin, materialların  fərqli təqdimetmə üsulunun şahidi oluruq. Bu gün jurnalın sükanı gənc, lakin ədəbiyyat aləmində, pedaqoji fəaliyyətdə və sənət meydanında özünə halalca nüfuzlu yer qazanmış Pərvin Nurəliyavanın əlindədir.  Həssas oxucu yeni redaktorun rəhbərliyilə hazırlanmış elə ilk nömrələrdən hiss elədi ki, jurnal 50 ildən sonra “modernləşmə” pilləsinə qədəm qoyub  indi təhdidlər yoxdur, texniki vasitələr bolluğudur, buyur işlə... Esmira xanım da bu yeni, sağlam ab-hava şəraitində gənclik həvəsilə işləməkdədir.

          *Demək olar ki, bütün publisistik yazılarımın, bədii əsərlərimin ilk oxucusu və qiymətverəni həyat yoldaşım olub. Ən xırda çatışmazlıqları belə görən onun kimi müşahidəçi və məsləhətlərini əsirgəməyən başqa birini təsəvvür etmirəm. Bu yazım  da onsuz hasil olmadı, oxudu və dedi: “...Elə bil iti bucaqlı bir həndəsi fiqurun tinlərini rəndələməyə çalışmısan. Məsələn, niyə yazmamısan ki,.. sadalayır...

          ...Gülümsəyir və əlimi astaca yuxarı qaldırıram, yəni kifayətdir. Deyirəm: “Görürsən ki, Mətbuat Şurasının sabiq sədri, Milli Məclisin deputatı, hazırda “Xalq qəzeti”nin  baş redaktoru Əflatun Amaşovun ön söz yazdığı “Foto və söz” kitabımda tələbə gənclərə foto sənətkarlığı barədə rəngarəng materiallar təqdim olunur. Məqsədim foto sənətilə bağlı informasiya təqdim etməklə yanaşı,  həm də  onlarda bu sahəyə həvəs yaratmaq olub. Amma o sadaladıqların barədə indi söz açsam, foto jurnalistikası gənclərə “ujas“ filmlərini xatırladacaq... Ömür vəfa eləsə, iki ildən sonra ümumi jurnalist stajımız 100-ə çatacaq. Onda hər şeyi “bitdə-bitdə” deyərik, inşəallah...

          Gülüşürük.

          Biz  özümüzü çox xoşbəxt  sayırıq!

          Bəs xoşbəxtlik daha necə olur ki?!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

İlk dəfə Şuşaya 2 il öncə, elə bu vədələrdə, dekabrın 27-də getmişəm. Yol qeydlərimi, güman edirəm ki, oxuculara təqdim etməyim lap yerinə düşər. Bu janrın köhnəsi, təzəsi olmur.

 

Üzü Ötükənddən sənə,
Gələn yollarım mübarək.
Şuşa qarşılayır bizi,
Açıb qolların mübarək!

 

Medianın İnkişafı Agentliyinin dəvəti ilə jurnalist həmkarlarımızla birlikdə Şuşaya gedirik... Bakının cənub qapısından üzü Zəfər yoluna aparan yollarda indi bütün avtomobilləri yolkənarı tablolardakı “Şuşaya 380 kim”, “Cəbrayıla  250 kilometr”  kimi işarələr müşayiət edir. Üzü Beyləqana, Biləsuvara qədər gedən yollar mənə tanışdır. Lakin İmişli - Beyləqana dönən yol qovşaqlarını keçib Füzuliyə istiqamət götürəndə istər-istəməz oturduğum yerdən dururam, həmin əraziləri daha yaxından görüb lentə alım deyə önə keçirəm. İlk dəfə yaxından gördüyüm  sklet evlərin, viran olmuş,  daşı üstündə daş qalmayan xarabalıqların fotosunu və videosunu çəkirəm. Bizimlə eyni avtomobildə gedən jurnalist həmkarlarımın hər biri 30 ildir görmədiyimiz bu torpaqlarda ermənilərin törətdiyi talan və virana görə ürəyindəki nifrətlərini dilə gətirir. Mən öncə gördüyüm mənzərələri - dağılmış evləri,  yurdların aqibətini rus dilində şərh edirəm ki, dünyanın bir çox ölkəsindəki rusdilli dostlarıma bu dəhşətləri çatdıra bilim. Çünki öz dilimizdə özümüz danışanda bizi eşidən az olur.

Təsəvvür edirsiniz,  Füzulinin içərisi ilə Şuşaya gedən yol şüşə kimi parıldayır. 1 il bundan əvvəl bu yollardan – indicə keçdiyimiz Horadizdən süvari qoşunlarımız, Xüsusi Təyinatlı qüvvələrimiz keçmişdilər. Buradan o tərəfə addım-addım  irəliləmişdilər. İndi  bu yollarda bizi qarşılayıb arxamızca boylanan şəhid portretləri var. Vətəni azad edəndən sonra  şəkilə dönmüş şəkil kimi oğlanların şəkilləri...

Horadizi keçirik. Şəhidlərimizə və qazilərimizə həsr etdiyim  yeni kitabımın qəhrəmanları mənə bu yerlər haqqında çox danışıblar. Yolun sağında  qazılan valları göstərir sürücümüz Elxan. Və yalnız indi  təsəvvür edə bilirəm ki, val necə olurmuş.  Bu günə qədər  yazdığım kitablardakı hekayətləri ancaq şahidlərin dilindən eşitdiyim kimi qələmə almışam. Gözlərimin önündə təsəvvür etmək çox çətin olub.  O qədər istəyirdim ki, öz gözlərimlə görüm...

Üzü yuxarı gedən Horadiz yolunun  sağ hissəsində ağaclıqları görürəm. Həəə... bax 27 sentyabr 2020-ci ildə burada  N saylı hərbi hisssənin taborlarından birinə  ermənilərin  atdıqları TOÇKA U raketi düşmüşdü. Taborun üç döyüşçüsü döyüşə girmədən şəhid olmuşdu.  

Bax, bura da Əlixanlı kəndidir. Burada da qanlı döyüşlər getmişdi. 4 oktyabrdan 5 oktyabra keçən gecəsi səhərə qədər yağış dayanmadan yağmışdı... 1 il əvvəl buralarda qan su yerinə axmışdı.  Yağış qana bulaşmışdı...  O tərəf isə Hadruta gedən yoldur. Orada Murad Qurbanov, Nicat Şükürlü, Ruslan İmanquliyev, leytenant Teymur Əzizov...  şəhid olmuşdular.  Yeganə oğlu Ruslan İmanquliyevin  dərdinə dözməyib bu il vəfat edən anası Ramiyənin acı gülüşləri və göz yaşları gəlir gözlərimin önünə. Ruslan İmanquliyev haqqında yazdığım həyat hekaysində belə bir məqam var: “Polkovnik leytenant Həmdəm Ağayev brezent örtük tapıb Ruslanın dünyadan xəbərsiz bədənini örtdü ki, yağan yağış onu islatmasın. Hava qaralana qədər döyüş davam etdi. Atışma dayanandan sonra isə uşaqlar Ruslanın  cansız bədənini döyüş bölgəsindən çıxarıb ərazidə gözləyən hərbi təxliyə maşınına təhvil verdilər. Özləri isə bir az bundan əvvəl şəhid olmuş cəsur Ruslanın və digər şəhidlərin qisasını almağa davam etdilər..”.

Demək həmin qanlı döyüşlər bu ərazilərdə getmişdi... İndi o izləri torpaq örtüb, yer gizləyib... Dəhşətə gəlirəm. Bu yolların hər qarışını görməsəm də tanıyırammış ki... 

İndi isə bu yerlərdə abadlıq və quruculuq işləri gedir.  Zəfər yolu boyu gördüyümüz  daşı-daş üstə qalmayan evlər, yurdlar ürəyimizi al qana qərq edir yenə... Ötən ilin müharibəli günlərini yaşayırıq...  Görəsən  dünyada  başqa belə bir millət də varmı ki,  özünün olmayan yurda gəlib oranı viran qoysun...

Sürücümüz Elxan deyir ki, Füzulidən Şuşaya gedən 400 kilometr yolun 100 kilometri qalıb.  Qonşum  və jurnalist həmkarım Lalə Mehralının telefonuna zəng gəlir. Kiminləsə danışır. Sevinə-sevinə deyir  ki: “Hə, Şuşaya gedirik...”. Onun bu sözü iliklərimə qədər işləyir. Bədənim titrəyir. Qeyri-ixtiyarı gözlərimin yaşı yanaqlarımdan  süzülür. Nə qəribə mistikası var imiş bu sözün: “Şuşaya gedirik!”. Şükür Tanrım, Şuşaya da getmək olarmış...

Yolun sol tərəfində Füzuli hava limanının ətrafında aparılan abadlıq işlərinin şahidi oluruq.  Təkcə Füzulidəmi?  Yol boyu sürücü bizə aparılan abadlıq işləri haqqında məlumat verir. Məlum olur ki, Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Bu yollarda da qızğın iş gedir.  Bizimkilər YOL çəkirlər. Yol mədəniyyətdir. Yol çəkməyi ancaq mədəni xalqlar bacarar. Bu yurdları tarixin qədim əsrlərindən yollu-yoncalı etmişik. Bu torpaqlarda yol açan ilk türk atlıları olub. At nallarının izləri var bu yollarda.

Gör bir Qarabağın  əksər rayonları azad olunandan sonra  1 ildən az müddətdə nə qədər yol çəmişik.  Rəhmətlik Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanı bu sözlərlə başlayırdı: “Şamaxı yollardan başlayır”. İndi isə Qarabağ, Şuşa yollardan başlayır. Bu yolların hamısı Zəfər yolunun qovşaqlarıdır. Abad, işıqlı yollar, işıqlı gələcəyin yolları olsa gərək...

Hamımız həyəcanlı, hamımız həsrətliyik... Tez-tez jurnalist həmkarlarımız sürücüyə  “Şuşaya nə qədər qalıb? Nə vaxt çatacağıq”, deyə sual edirlər.  Qışın bu oğlan çağında  hava da elə xoşdur ki... Göy üzü mas-mavidir. Mənim sevdiyim, darıxdığım mavilik.  Bakıda Göy Səma heç vaxt belə mavi  olmur. Bu gün təbiətin də, qışın da, Tanrının da oqatının xoş vaxtıdır deyəsən...  İki-üç gün əvvəl yağan qar hələ dağlarda dincəlir. Yolun ortasında  Ləman Ələşrəfqızı, Pərvanə İbrahimova, Lalə Mehralı, Sevil Gültən, Afət Telmanqızı ilə bir xatirə şəkli çəkirik. Arxamızda Şuşa dağları görünür, başımızın üstü isə mas-mavi göy səma.  Bu gün Şuşanın başı dumanlı deyil.

Şəkil çəkdirdiyimiz yoldan ötən ilin oktyabr və noyabr aylarında erməninin yalını yeyən və bizə hürən War Gonzo layihəsinin müəllifi Semyon Peqov  döyüşün qızğın vaxtlarında reportaj verərək dünyaya erməni yalanlarını doğru kimi  danışırdı. Deyirdi ki, Qarabağda döyüşün üstünlüyü ermənilərin tərəfindədir. Bu yolda bizim rəşadətli əsgərlərimizin düşmən meyitlərinin üstündən keçən məşhur fotosunu yəqin xatırlayırsınız.  Biz də özümüzü bir az onlara oxşatmaq istədik.

Yarım saatdan sonra Şuşaya çatırıq. Azərbaycan tərəfin və sülhməramlıların birgə postuna. Bizim sənədlərimizi yoxlayırlar. Buradan Şuşa qalasına keçən bütün maşınlar yoxlanılır. Hasarın o biri üzündən isə düşmənlərimizin maşınları keçir. Bir-birimizi görürük. Yenə də avtomobildə olan  jurnalistlər əsəbiləşirlər.  Ona görə əsəbləşirik ki, ermənilərin maşınları o baş-bu başa  keçir, sülhməramlılar isə onları yoxlamırlar.  “Sülhməramlıların” məramının nə olduğunu hamımız yaxşı bilirik. Onlar burada dayanmasalar, bu gün  ətrafda bir erməni də yaşamaz.  Neyləyək ki, bu siyasi oyunların içərisində 30 ildir ki, əziyyət çəkirik. Müstəqilliyimizin bahasını irticaçılara hələ də ödəməkdəyik. Fikirləşirəm ki, biz müstəqil olandan bu günə kimi gülləbaran olunuruq. Gör bir imperialist qüvvələr içərimizə doluşmasaydılar, indi Azərbaycan dünyanın ən varlı ölkəsi olardı. Bu 30 ildə varımıza, dövlətimizə göz dikdilər, torpağımızı, Vətənimizi yağmaladılar...  Kənd-kənd, rayon-rayon, şəhər-şəhər Şəhidlər Xiyabanlarımız yarandı...  “Azərbaycan, sinəsi dağlı anam oyyyy”.

Şuşaya  daxil oluruq. Artıq günortadır. Gün də Şuşanın başının üstündən gülümsəyir. Biz buralara nabələdik axı.  MEDİA-nın əməkdaşı Pərvanə İbrahimli deyir ki, Şuşada bizi  Şuşa Dövlət Qoruğunun İctimaiyyətlə Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov müşaiyət edəcək.  Köhnə və həm də köhnəlməyən həmkarımız Zaur bizi sevinclə qarşılayır. Şuşada açılan “Qoç ət” restoranında nahar edirik.  Restoranda  Şuşanın keşiyini çəkən hərbiçilərimizlə qarşılaşırıq. Burada hərçilərimizə göstərilən xidmət də endirimlidir. Onu da öyrənirik ki, Şuşanın azad olması üçün qurban kəsdirənlər, ehsan böyun alanlar qurbanlıqlarını bu restorana göndərirlər. Restoranın işçiləri də həmin qurbanlığı dönər kimi, kabab kimi bişirib  hərbi hissələrə paylaşdırırlar.  Yəni əsgərlərimizin, Şuşanın və Vətənin keşiyində duranlarımızın qulluğunda dayanıblar.

Nahardan sonra  Zaur Həsənovun müşaiyəti ilə  şəhərə çıxırıq...

Şuşalı jurnalist Kəmalə Cahidqızının yaşadığı beşmərtəbəli binanın qarşısından keçirik. Ölü bina, yaralı bina... Tarixi binaların  hamısının skleti qalıb.  Daş-daş, pəncərə-pəncərə, tarix-tarix sökülüb ki,  tariximizin izi qalmasın... Binaların bağrı güllədən oyma-oyma, deşik- deşikdir.

Bu küçələrdə gedən döyüşlər haqqında SOCAR-ın əməkdaşı, qazimiz Fərid Həsənov danışıb mənə...  Bax bu “İkimərtəbəli karvansaraydır”... Aman allah, bu necə dəhşətdir...  Saatlı məscidi - 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Şuşa şəhərinin tarixini tədqiq edən Çingiz Qacarın yazdığına görə, Saatlı məscidinin yerində 1759-cu ildə Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olmuş, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir.  İndi burada Pənah xanın sarayının, Qara Böyük Xanım bürcünün, Hacıqullar malikanəsinin, Xurşudbanu Natəvanın evinin, Əsəd bəyin evinin, İkimərtəbəli  karvansarayın yerində  viran qalmış,  dağıdılmış sklet evlər görünür. Bəlkə də bir himə bənddirlər, yanaşıb əlini vursan hamısı ovulub yerə töküləcək.

Binaların hamısı yaralıdır. Hamısı gülləbaran olub. Hamsının daşları göynəyir... Güllə, top səslərindən bağırları yarılıb... Burada evlər qat-qat olub...  İndi bu viranəni də yenidən biz abad etməliyik... Hələ bir beynəlxalq təşkilatlar utanmadan bizə deyirlər ki, ermənilərin xətrinə dəyməyin.  O “beynəlxalq” deyilən təşkilatın  evinin bir pəncərəsini bir erməni sındırsa,  pəncərəsini sındıran ermənini bağışlayarmı?! Hələ mən demirəm ki, erməni onun övladını öldürsə neynəyər.

...Çıdır düzünə gəlib yetişdik. 24 dekabrda Ali Baş Komandan İlham Əliyev buradan Azərbaycanlı bacı-qardaşlarına 60 illiyi münasibəti ilə ünvanladığı təbriklərə görə minnətdarlıq etdi. Lakin hər şeydən əvvəl şəhidlərimizi və burada qan tökən igidlərimizi xatırladı. Cənab prezident bütün çıxışlarında onların uca haqqından danışır. Hər kəsin Cıdır düzünü bizə verən o əsgərlərin, o qazilərin, o döyüşçülərin qarşısında borclu olduğunu deyir. Əfsuslar olsun ki,  özünü  karlığa və körluğa qoyan bəzi hakimiyyət nümayəndələri bunu  qəbul etmək istəmirlər...

...Cıdır düzündəyik... Həmkarlarımız  “Yallı” gedirlər... Mən burada hələ qol qaldıra bilmirəm. Məni hələ qan tutub.  Mən hər yerdə şəhidlərin qanını, döyüşən əsgərləri görürəm... Qulaqlarıma raketlərin, bombaların , avtomatların, yaralı əsgərlərin, su istəyən igidlərin səsi gəlir... Ona görə də könlümdən bu misralar keçir:

 

Örtübdü qar örpəyini,
Qoruyur xar çiçəyini
Şəhidimin göyçəyini
Saxlar qoynunda mübarək!

 

Nicat Hüseyn dağ-daşla söhbətimi görüb mənə yaxınlaşır. Nüsrət Kəsəmənlinin  şerini xatırlayıram:

 

Yüyürüb, yüyürüb dərə boyunca,
Düşüm çəmən üstə mən üzüqoylu.
Öpüm bu torpağı öpüm doyunca,
Üzümə üz qoysun hər soyuq daşı,

Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən,
Elə kövrəlmişəm, bilmirəm nədən,
Dəli bir ağlamaq keçir könlümdən.

 

Bu bəndi göz yaşları içərisində deyirəm Nicata. Bir azca dərdləşirik. Deyirəm ki, ay Nicat, baxırsan da Şuşanın gözəlliyinə, təbiətinə... Belə yerləri qoyub gedən adam sağ qalarmı? Əsla! Bax beləcə yurd yerlərini itirdiklərinə gör nə qədər yaxşı kişilərin ürəkləri dərdə tab gətirmədi, partladı... Belə yurdu əldən verən adam həqiqətən də yaşaya bilməz. Mən indi bu yerləri görəndə bir daha əmin oluram ki, yurdlarını, ocaqlarını düşmənə qoyub gələnlər, bu 30 ildə yaşamayıblar... Onların ömrü ömür olmayıb ki...

Buradakı əsrlərin  şahidi daşların hamısının üzündə çopur-çopur  ləkələr var. Oturub əllərimi o daşlara çəkirəm.  Biri soyuq, biri isti, biri nəmdir. Üz qoyuram, öpürəm, qucaqlayıram. Daş dibindən boy verən çiçəklərlə danışıram. Bayatı deyirəm onlar üçün...  güllələnmiş daşlar üçün... Deyirəm ki, mən Ötükəndə Bilgə Xaqanın, Tonyükükün daş məktublarını qucaqlayıb sizə salam göndərəndə məni eşitdinizmi? Mən orada Tanrıdan bu torpaqları, bu daşları qaytarmaq üçün Ordumuza, igid oğlanlarımıza güc verməsini, ruhlarının oyandırmasını istədim... Siz məni eşitdinizmi?!

Əlimi daha bir daşa çəkirəm. Bu daş o birisindən istidir. Bu daş mənə deyir ki, hə, eşidirdik. 

 

Daşlara zikr edərəm,
Min cürə fikr edərəm.
Torpaqlar geri dönsə,
Tanrıya Şükr edərəm.

 

Bax, indi dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Cıdır düzündə dayanıb Tanrıma şükür edirəm!

Cıdır düzündən baxanda Şuşa qalasının Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələndiyini daha aydın görmək olur. Bizdən öndəki həmin yerdir. Həmin qayalıqlardır. Xüsusi Təyinatlıların, “YAŞMA”nın  canavarlarının əl ilə, ayaqla çıxdığı qayalıqlar. Əyilib bu torpağı, o daşları öpürəm. Bu daşların üstündə  İntiqam Əsgərovun və onlarla qəhrəmanımın ayaq izi, əl izi, qan izi var. Xüsusi Təyinatlı İntiqam Əsgərli Şuşa azad olunandan 1 gün sonra burada həlak olub. Haraya baxsam da,  həlak olduğu yeri müəyyən edə bilmirəm. Buradakı bir hərbçi deyir ki, buralar düşmən meyitləri ilə dolu olub. Çünki xüsusi hazırlanmış əməliyyata görə bizim döyüşçülərin bir hissəsi ermənilərin başını Daşaltı tərəfdə qatıblar. Orada xırda döyüş əməliyyatı keçirməklə, diqqəti özlərinə tərəf çəkə biliblər. Qayalıqlardan kiminsə Cıdır düzünə çıxa biləcəyi kimsənin ağlına gəlməyib. Lakin düşmən tərəfi də son gülləsinə qədər döyüşməyə üstünlük verib. Əks halda şəhərdə bu qədər darmadağın olmazdı ki. Çünki düşmən bilirdi ki, Şuşanı əldən vermək, özlərinin uydurduqları Qarabağ nağılını unutmaqla nəticələnəcək.

Gəzirik, doymadan, usanmadan, yorulmadan hey gəzirik bu gözəllər gözəli Şuşanı. Vaxt daralır. Bakıya dönmək məqamıdır. Yuxarı Gövhər ağa məscidini də ziyarət edirik. Şuşanın tarixi-mədəniyyət memarlığının incilərindən olan bu iki cümə məscidi də erməni vandallarından xilas oldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi, həm Yuxarı Gövhər ağa məscidi, həm də Aşağı Gövhər ağa məscidi bərpa olunub.  Sütunlarını tumarlayıram. Bu sütunlara barmaqlarım toxunan kimi 17-ci əsrin hənirtisini duyuram. Bu məsciddə  xanlar, bəylər, hökmdarlar namaz qılıb azan oxutdurublar, Tanrıya dua ediblər.  Bu daşlar onların xoş niyyətləri, arzuları ilə butalanıb.

Bir də ki, Molla Pənah Vaqifin məqbərəsini  ziyarət edirik. Şuşa işğaldan azad ediləndə bura necə viran idi. İndi ətrafı gülüstana dönüb.

Sonda isə üstündə qırmızı hərflərlə Şuşa Qalası yazılan qədim qalanın önünə keçirik. Burada Medianın İnkişafı (MEDİA) Agentliyinin plakatı ilə 27 dekabr 2021-ci il gününə əbədi xatirə şəkli çəkdiririk. 2021-ci Zəfər ilimizin sonunda bizi Zəfər yoluna çıxaran xoşməramlı  Medianın İnkişafı Agentliyinə böyük təşəkkür  düşür. İlin sonunda bizə sözün əsil mənasında unutmaycağımız, hər zaman  xatırlayacağımız bir  gün yaşadıblar. Çoxdan görmədiyim qələm dostlarımı görmüşəm. Sözümüz sözü, xatirələrimiz xatirələrimizi çəkib...

Şuşanı yaralı görmək heç də xoş deyil. Ancaq ki, biz Şuşanın yaralarını sarıyacağıq. Biz öz yurdumuza, Vətənimizə sahib çıxmağı bacardıq. 30 il əvvəl Şuşada 18 min əhali yaşayıb. 30 il ərzində köçkünlükdə həmin əhali artıb 28 min olub.  Bir neçə ildən sonra bütün şuşalılar öz yurdlarına qayıdacaqlar.

Cıdır düzündən baxanda Xankəndi ayaqlarımızın altında görünür. Başqa vaxt olsaydı “ayağımızın altında” yazmazdım. Ancaq indi ayağımızın altındadırlar. Xankəndini irticaçı qüvvələrlə birlikdə işğal edəndən sonra burada 2500 hərbçi, 500 qarışıq ailə yaşayıb. Şuşadakı hərbçilər dedilər ki, hava qaralandan sonra Xankəndində və hələki ermənilərdə qalan 30-dan artıq  kəndlərimizdə çox az evlərdə işıq görünür. Ermənilərin saxta statistikasına görə guya burada 120 min əhali var. Lakin Azərbaycan tərəfin hər gün apardığı hesablamalardan məlum olur ki, ətraf kəndlərdə və Xankəndində qalan ermənilərin sayı  heç 30 min də deyil. Azərbaycan tərəfdən müşahidə nəticəsində məlum olur ki, küçələr boş, binalar boş... Binalarda çox az-az işıqlar yanır...

***

Mən evə qayıdıb Şuşa təssüratımı yazanda bibim Şamaxıdan zəng vurdu. Səfər təssüratımı öyrənmək istədi. Soruşdu ki, Şuşa necədir? Xoşuna gəldimi?

Dedim ki, xəstədir Şuşa, yaraları qan verir, bütün binalar, küçələr, daşlar yaralıdır. Sınıq-sınıq, əzik-üzükdür. Ağır yaralı adam necə olar? Bax Şuşa da elə yaralıdır. İndi onu yavaş-yavaş müalicə etmək üçün gör bir nəqədər əziyyət çəkməliyik.  Mübarək Zəfər Yolumuz var. Şuşada İstilik Elektrik Stansiyası tikilib, Su xətti çəkilir. Amma hələ küçələrində adam görmədim. Xəstədir, gəzə bilmir ki, küçəyə çıxsın... Və onu da qeyd etdim ki, bibi,  təsəvvür edirsən, bizə bu qədər ziyan vurublar, bütün yurdlarımızı dağıdıblar, dünya hələ də bu göreşənlərin nazı ilə oynayır...

Ən təsirlisi isə odur ki, onların dağıdıb viran qoyduqlarını biz öz hesabımıza, öz büdcəmizə tikib-qururuq. Allah eləməsin ki, gələcəkdə belə göreşənlər gəlib tikib-qurduqlarımızın içərisində yaşasınlar.

Bakı-Şuşa-Bakı, 27 dekabr 2021.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.

 

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

 

 

Qayda  9

 

Öz vəsaitinizlə yaşayın!

 

 

 

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

 

 

 

 

Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:

 

 

 

Qayda 1

 

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

 

 

Qayda 2

 

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

 

 

Qayda 3

 

Heç vaxt başqalarına qulaq asmayın

 

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

 

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

 

 

Qayda 4

 

Cəld və məhsuldar hərəkət edin

 

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

 

 

Qayda 5

 

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

 

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

 

 

Qayda 6

 

Hər şey barədə əvvəlcədən razılaşın

 

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

 

 

Qayda 7

 

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

 

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

 

 

Qayda 8

 

Öz pullarınızdan düzgün istifadə edin

 

 

 

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

 

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(30.12.2023)

 

 

 

 

 

 

Vüsal Məmmədov, “Ədəbiyyat və incəsənət” üçün

 

Laçın rayon 5 saylı orta məktəbdə şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı olub.

Açılışda Milli Məclisin deputatları – Emin Hacıyev, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsini  müdiri Tərlan Hacızadə, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, şəhidin döyüş yoldaşları, yaxınları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər. 

Qeyd edilib ki, Gəray Məmmədov birinci Qarabağ Müharibəsində Laçının Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan kəndlərinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarının hazırlanmasında və icrasında iştirak edib və düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb.

27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olan G.Məmmədovun məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır. 

Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə G.Məmmədov "İgidliyə görə" medalı ilə təltif edilib. 1997-ci ildən Güləbird kənd kitabxanası onun adını daşıyır.

Vurğulanıb ki, müzəffər ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qisasını döyüş meydanında alaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edib.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də  Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb.

 

1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.

Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.

Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.

Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Aydın Əliyevə ithaf olunub. 

 

 

AYDIN NƏRİMAN OĞLU ƏLİYEV

(09.01.1991.-28.11.2020.)

 

Sumqayıt şəhərində doğulmuş, əslən Tovuz rayonunun Aşağı Quşçu

kəndindən olan, SOCAR-ın Karbamid zavodunun əməkdaşı, Qarabağın azad edilməsi

uğrunda Vətən müharibəsinin şəhidi

 

A Y D I N

Adının mənası işıqlı, nurlu,

Adıntək işıqlı sən oldun Aydın.

Məhv etdin, nə qədər kafir düşməni,

Yağıdan intiqam, sən aldın, Aydın.

Yaşadın bu yurda sədaqət ilə,

Döyüşdün qorxmadan, cəsarət ilə,

Hünərlə, mərdliklə, rəşadət ilə,

Düşməni lərzəyə, sən saldın, Aydın.

Ayaq izlərin var Vətən daşında,

Dayana bilmədi düşmən qarşında,

Şuşamız uğrunda haqq savaşında,

Qalib sırasında sən durdun, Aydın.

Həm dayın, həm əmin igid idilər,

Qalib olcağıq ümidliydilər,

Yurdumuz uğrunda şəhid idilər,

Onların ruhundan güc aldın, Aydın.

Səndən xoş xatirə, xoş söhbət qalıb,

Qazandığın halal şan-şöhrət qalıb,

Nərimanla Salman əmanət qalıb,

İnsanlıq dərsindən tac aldın, Aydın.

 

Karbamıd zavodu - çalışdığın yer,

Zəhmətə, əməyə alışdığın yer,

SOCAR ailəsinə qovuşduğun yer,

Ən uca zirvəyə ucaldın, Aydın.

Torpağı-yurd, Vətən edən öləmməz,

Yağı ağlar qalıb, bir də güləmməz,

Müqəddəs tarixi heç kəs siləmməz,

Tarixi yazmağı bacardın, Aydın.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

30 dekabrın təqvimini təqdim edirik

 

SSRİ-nin yaranması günü

Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.

Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.

 

Kerosin lampasındakı şeir

Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.

Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirik, bekonun üstünə soda səpib yemək mümkündürmü.

 

Məşhur xanəndə Əbülfət Əliyevin ad günü

Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də  Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb. Bu gün onun doğum günüdür. Daha geniş növbəti yazıda.

 

Səddamdan Həbibədək

2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.

30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib.

 

Həmçinin Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil  qoyulub.

 

Sonra Dövlət Agentliyində təşkil olunan tədbirdə sədr Ülvi Mehdiyev əməkdaşlara peşə bayramı, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara növbəti, 2024-cü ildə uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.