Super User

Super User

Şənbə, 30 Dekabr 2023 12:36

TDT kitabxanasının açılışı olub

 

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) kitabxanasının açılışı və “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar silsiləsinin təqdimatı mərasimi olub. Tədbirdə təşkilata üzv ölkələrin nümayəndələri iştirak ediblər.

 

AzərTAC TDT-nin rəsmi saytına istinadla xəbər verir ki, TDT-nin Katibliyində keçirilən mərasimdə çıxış edən təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev və Özbəkistan Prezidentinin müşaviri, yazıçı Hayriddin Sultanov türk xalqlarının ədəbi irsinin təbliği və qorunub saxlanılması istiqamətində həyata keçirilən layihələrdən bəhs ediblər.

 

Türk dünyasının klassik və müasir ədiblərinin, o cümlədən Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin daxil olduğu 100 cildlik TDT kitabxanasının fonduna daxil edilib, habelə Türkiyənin Prezident Kitabxanası və universitetlərin kitabxanalarına hədiyə olunub.

 

Tədbir iştirakçıları bu qiymətli əsərlər toplusunun nəşrinə görə TDT-ə sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

Peşəkar musiqi karyerası qurmaq istəyənlər üçün Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan musiqi sahəsində biznes inkubasiya proqramına qeydiyyat başa çatmaq üzrədir, sabah son gündür. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, proqramın əsas məqsədi karyeralarının başlanğıcında olan müğənnilərə potensiallarını gerçəkləşdirmək üçün imkan yaratmaqdır.

Qeyd edək ki, inkubasiya proqramına üzv olacaq şəxslər üçün vokal müəllimləri ilə dərslər, aktyorluq sənəti, xoreoqrafiya, media ilə əlaqələr və psixologiya mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, iştirakçılar 3 ayın sonunda ən azı bir olmaq şansını əldə edəcəklər. Fərqlənən iştirakçıların musiqi sənayesi bazarında peşəkar fəaliyyət üçün “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək inkubasiya proqramına qeydiyyat üçün son tarix, bir daha xatırlayırıq, dekabrın 31-dir.

 

Qeydiyyat üçün https://hub.creative.az saytına daxil olaraq “Musiqi” bölməsinə keçid etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfoğlunun hekayələr kitabına yazdığı ön sözü təqdim edir. 

 

Bu nişanda atam… 

 

Neçə gündü atamın hekayələrini oxuyuram. Özünün də xəbəri yox. Çünki son bir ili ikimiz evdə bir kompüter işlədirik. Mənim kompüterimi oğlum xarab eləyib. Atam uşaq vaxtı yeməyin ən yaxşı tikələrini bizə yedirdirdi. İndi də elədir, guya yuxusu gəlir, keçir öz otağına, yüz faiz bilirəm ki, o, kompüteri mənə vermək üçün belə edir. Mən də başlayıram kompüterdə onun hekayələrini oxumağa. Deyəsən, kitab çap etdirəcək, kitaba ad da qoyub: “O qara əyri bulud”.

 

Atam atasını çox sevir. Kitabın adını da atasına yazdığı hekayədən götürüb. Hər hekayəsini oxuyandan sonra gedib otağında atama baxıram. Görürəm ki, şirin yuxudadır, amma elə bil yuxuda da fikir eləyir. Üzünə kədərli bir təbəssüm qonub, əl vurub uçurmaq istəmirəm. Sadəcə, ayaqlarından öpüb gəlirəm.

 

Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən, niyə bu hekayələri yazıb bitirəndən sonra “urra” deyib evdə qışqırmayıb? Niyə müsahibələr verməyib? Elə sakitcə dayanıb. İşdən elə yorğun-arğın gəlir ki, elə bil özünü güclə sürüyüb gətirib evə. Nə olub? – soruşanda isə bircə kəlmə deyib: – Yaman ağrıyıram. Vəssalam.

 

Uşaq vaxtı qələmini, kitabını əlindən alardıq, indi də kompüterini. Yazıq atam. Elə bil hamımıza borcludur. Yorğun atam, şair atam, yazıçı atam… 

 

Atam müsahibələrinin birində deyir ki, yazıçılığı atasından öyrənib. Yəni babamdan. Babam hər şeyə bir ad qoşardı. Dağa, düzə, qoyuna, adama… Hər şeyə ürəyindən keçən adı verirdi. Sonra biz babam qoyduğu adlarla yaşayırdıq, onu çağırırdıq, dindirirdik.

Atam deyir ki, ədəbiyyatın bir tərəfi də həyatdakı ha¬disə və detalları sözlə işarələməkdir, ad qoymaqdır.  Uşaqlıqdan biz atamın həyat nişanları və işarələri ilə yaşayırıq.

 

Atamın hekayələri əsasən, tərəkəmə həyatından bəhs edir. Elat camaatının başına gələn gülməli və ağlamalı hadisələri yuxa bir dildə qələmə alıb. Heç bir obrazında oyunbazlıq etməyib. Mən onu yaxşı tanıyıram, istəsə də edə bilmir. Həyatın və gedişatın üzünü necə var, elə də köçürüb kağıza. Bəzən isə hadisələr Bakı şəhərinin mərkəzində cərəyan edir. Əslində, mən bilirəm bu hadisələr ata¬mın təfəkküründə baş verir.  

 

Atamın hekayələrinin dili su kimidir, heç bir yerdə iliş¬mir. Tərəkəmələrin özünəməxsus danışıq tərzi, dili, məişəti, toyu, toxuculuğu, folkloru, mətbəxi bu hekayələrin enerjisini təşkil edir. Bu gün oturaq həyata keçdiyimizdən və Kəlbəcər, Laçın yaylaqları erməni işğalı altında olduğundan tərəkəmə leksikonu unudulmaqdadır. Atamın hekayələrini tərəkəmə, bütövlükdə isə türkün mədəniyyət arxi¬vi adlandırmaq olar. Səhv eləmirəmsə, Çingiz Aytmatov deyirdi ki, “tərəkəmə” sözünün mənası “türk mənəm” deməkdir.

 

Hiss edirəm ki, atam bütün hekayələrində ağrıyır. Bəlkə də bir evdə yaşayırıq deyə, mən bunu daha dərindən hiss edirəm. Hər halda atamı əzbər bilirəm. Mənim köşə və hekayələrimin, müsahibələrimin, romanlarımın ən kədərli məqamları atamdan keçən təəssüratlardır. Atam yolundakı gölməçələrin tən ortasından keçir. Qolundan tutub saxlasaq belə xeyri yoxdur. Anam buna görə həmişə deyinir. Və bu detallar mənim fikrimdən heç vaxt yayınmır. Hara getsəm, atam mənimlə gedir. Hara getsək, atam belədir.

Hələ mən atamın esseləri, böyüklər və uşaqlar üçün yazdığı şeirlərdən danışmıram. Onlar qalsın sonraya. Atam ədəbi mühitdə olduğu kimi tanınmır. Onu qəbul etməyənlər çoxdur. Hətta atamı mənim öz yanımda şair, yazıçı kimi pisləyən nə qədər adam var. Ürəyimdə bu adamların mədəniyyətsizliyinə gülürəm. 

 

Atamı həmişə görməməzliyə qoyurlar. Özü də qəsdən edirlər. Atam isə çox iradəli, dözümlü, zəhmətkeş və həm də çox ümidli bir insandır. Hələ bir dəfə onun ümidsiz olduğunu, ruhdan düşdüyünü görməmişəm. Onu aldadanlara belə ümidi var. Əvvəllər atamın bu cür xüsusiyyətlərini qəbul eləməkdə çətinlik çəksəm də, sonradan anladım ki, buna səbəb onun mətnləri imiş. Atam deyir ki, əgər sənin arxanda yazın dayanıbsa və yaza bilirsənsə, ümidsiz ola bilməzsən, heç vaxt intihar səni ağuşuna çağırmaz. Onun tez-tez xatırladığım bir fikri də var: “Yaradıcılıq adamı bütün bəlalardan xilas edir”.

Atam atasına yazdığı “O qara əyri bulud” hekayəsindəki aşağıdakı yer ürəyimə çəkilmiş cızığın yeri kimi məni hə¬lə də göynədir: “Atam atasını hey yada salmağa çalışırdı. Məhz elə burda, bilmirəm niyə? Evdə bir dəfə də olsun söh¬bət salmazdı. Bəlkə biz dünyanın dibinə düşmüşük. Bəlkə bura ən yaddaqalan yerdir. Bəlkə atam ürəyin¬dəkiləri danışmaq üçün məni bura gətirib?

Atamdan soruşdum:

 

–  Sən heç bura – Qaranlıq dərəyə qoyunları otarmağa gətirmisən?

 

–  1942-ci ildə. Atamla. 1946-cı ildə atamı tutdular. Kolxoz sədri tutdurdu. 60 baş qoyun verdik, yenə buraxmadılar. O vaxtdan gəlməmişəm bura, indi 1976-cı ilin yayında səninlə gəldim… Sonra atam ağladı. Əllərinin arxası ilə gözünün yaşını silə-silə dedi ki, indi atamı tutduran kişinin oğlu bizim kolxoz sədridir. Sən yaxşı oxu, kolxoz sədri ol. Niyə atam bunu başqa vaxt demir, iki dağın arasında deyir? Bəlkə insan ayağı az-az dəyən bu yerdə ilahi bir sirr vardı”.

 

Atam xatirələrinə çox bağlıdır. Ən çox keçmişdən yazır. Mənə elə gəlir ki, o, xatirələrdən elm yaradır. Qaranlıq bir meşədə insanı tapıb sevinir…

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Türkiyənin “GündemBilecek” saytında azərbaycanlı yazıçı, portalımızın əməkdaşı Habil Yaşarla müsahibə dərc edilib. Müsahibəni Betül Altınsoy götürüb. 

“Ədəbiyyat və incəsənət” portalı müsahibənin mətnini diqqətinizə çatdırır. 

 

-Salam. İlk öncə özünüzü bizə təqdim edərdiniz. Sizi sizin sözlərinizlə tanıyaq.

 

 -Mən Nəbiyev Habil Yaşar oğlu (Habil Yaşar) 1983-cü il 26 fevralda (Xocalı soyqırımı ilə bağlı olaraq doğum günümü  qeyd eləmirəm) Bakı şəhərində anadan olmuşam. 271 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışam. “N” saylı hərbi hissədə xidmətdən sonra “Bakı Neft Energetika Kolleci”ndə bir neçə il müəllim olaraq calışmışam. Müəllimliklə yanaşı jurnalist, menecer, tərcüməçi, aparıcı kimi də fəaliyyət göstərmişəm. Bir sıra təşkilatların üzvüyəm. Eyni zamanda bir neçə təşkilatda idarə heyətinin üzvü də seçilmişəm: Azərbaycan Yazıçılar Birliyi (2003), Dünya Gənc Türk Yazarlar Birliyi (Maliyyə Nəzarət Təftiş Komissiyası Sədri-2013), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (Maliyyə Nəzarət Təftiş Komissiyası üzvü-2009), Beynəlxalq İnsan Hüquqları (2007), Dünya Azərbaycanlıları Konqresi (2010), CASCFEN (MTK üzvü-2012), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının (2014), Azərbaycan Ədəbiyyat Fondunun (2023), Yazsader (Yazarlar ve Şairler Dayanışma Derneği) və s. 

Bir sıra ölkədaxili və xarici (Türkiyə, İngiltərə, Qazaxıstan, Gürcüstan və s) beynəlxalq tədbirlərin iştirakçısıyam. 2009-cu ildə Prezident təqaüdünə və bir sıra ədəbi mükafatlara layiq görülmüşəm. Əsərlərim bir sıra dillərə ingilis, rus, Türkiyə türkcəsi və s. tərcümə edilərək kitab, qəzet, jurnal, saytlarda yayınlanmışdır (Türkiyə, Rusiya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Hindistan və s).

 

-Neçə vaxtdır yazırsınız?

Kitabınızın necə yarandığını anlada bilərsinizmi? İdeya necə yarandı, kitabın adına necə qərar verdiniz, yazı prosesi necə inkişaf etdi, yazı yazarkən əməl etdiyiniz müəyyən rutinlər və ya rituallar varmı?

 

-İlk şeirim 7 yaşım olarkən (“Kosmos” şeiri) yazılmışdır və o zamandan bəri yazmaq mənim həyatımın mənasıdır. Mətbuatda ilk şeirim isə 1993-cü ildə “Yeni Dünya” qəzetində dəyərli yazar Məlahət xanım Hümmətqızı tərəfindən dərc edilmişdir. 

 4 kitab müəllifiyəm. "Səni sevdim sevəcəyəm" (Şeirlər-2001), "Məni sevgi yaratdı" (Şeirlər-2003), “Yoxluğumun Varlığı” (Şeir və hekayələr 2012), “Yeddinci ayın yeddisi”(Roman-2022).

 “Yeddinci ayın yeddisi” romanımın mövzusu ədəbiyyatın əzəli mövzularından biri olan sevgi haqqındadır. Əsərdə Aytəkin başda olmaqla Nihat, Fərid, Aysel və s. kimi xarakterlər də yer almaqdadır. Roman gənclərə ünvanlanıb və daha çox gənc qızların uğursuz seçimlərindən, talelərindən bəhs edir. Kitabda müxtəlif mövzularda düşündürücü fəlsəfi fikirlər də yer almaqdadır. Dəyərli yazıçımız Varis bəyin rəhbəri olduğu “Azərkitab” Yayınlarında nəşr olunub. Redaktor və Ön Söz müəllifi isə “Dünya Gənc Türk Yazarlar Birliyi” nin əvvəlki başqanı, həmçinin Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Əkbər bəy Qoşalıdır.

Xeyli müddət idi ki, gənclərin, xüsusən də gənc qızların müəyyən uğursuzluqları qəlbimi parçalayırdı. Bir an olsun rahat ola bilmirdim. Şeir, hekayələrimdə bu mövzuya müəyyən qədər yer versəm də bununla kifayətlənmədim və sonda günlərin birində bu haqda roman yazaraq içimi qismən də olsa boşaltmaq istədim. Çünki roman fikirləri daha dolğun ifadə etmək üçün gözəl bir janrdır və mən də bu janrdan bəhrələnməyə bilməzdim. 

İlk romanım üzərində iki il çalışdım. O qədər ürəkdən yazıldı ki, hətta bəzi məqamlarda göz yaşlarıma hakim ola bilmədim. Xarakterlər mənim üçün canlı insan qədər dəyərlidirlər. Hər biri sanki həyatdakı dostum, tanışlarımdır. Qəribə görünməsinə baxmayaraq yazarkən onları da yanımda hiss edir,  sanki üzlərini görür, səsini eşidirdim. Hər birinin dərdi mənim dərdim, sevinci mənim sevincim idi. 

Kitabın adını çox düşünürdüm, bəlkə də gərəkdiyindən daha çox. Və bir gecəyarı qəfil yuxudan oyandım və bu kitabın adı “Yeddinci ayın yeddisi” olacaq dedim. Yazmaq kimi kitabın adının tapılması da xeyli zaman alan bir müddətdir, xüsusən ilk romanını yazan biri üçün bu çox önəmlidir. Numerologiya elminə sonsuz marağım olduğundan bu özünü həm kitabın adında, həm də ümumi məzmunda göstərməkdədir. Adlar kimi rəqəmlərin də insan həyatında xüsusi rola malik olduğu qənaətindəyəm. 

 Şübhəsiz ki, ilhamın nə zaman  və harada gələcəyi bizdən asılı deyildir. O bəzən günlərlə gəlməyə bilər, bəzən də əsla yaxanı buraxmaz. Daima bizimlə olması nə gözəl olardı... Amma ən çox gecələr yazmağa üstünlük verirəm. Xüsusən mövzuya uyğun musiqilər dinləyərək yazmağı daha çox sevirəm və xəyal dünyamın genişlənməsində musiqinin də öz rolu vardır. 

 

-Yazmağa həvəs göstərdiyiniz ilk anı və ya dövrü xatırlayırsınızmı? Sizi bu qədər çətin yolçuluğa çıxardan amillərdən danışa bilərsinizmi?

 

 -Bəlkə də uşaqlığımda acı günlərimin çoxluq təşkil etməsi, eyni zamanda hələ məktəbə getməmişdən əvvəl valideynlərimin mənə tez-tez ədəbi əsərlərdən, yazıçıların həyatından danışması məndə ədəbiyyata böyük maraq oyandırmışdı. Onların dediyinə görə kiçik yaşlarımdan bəzi fikirlərimi qafiyəli şəkildə deməyə başlamışam. İlk şeirim birinci sinifdə, 7  yaşım olarkən (“Kosmos” şeiri) yazılmış və həyatımda silinməz bir iz buraxmışdı. O ilk şeiri yazarkən o qədər sevinmiş, o qədər həyəcanlanmışdım ki... İlk oxucum həmişə anam olmuşdur. O, hər zaman sevərək şeirlərimi dinləyər mənə ruh yüksəkliyi verərdi. Həmçinin ilk müəlliməm Hənifə xanım, ədəbiyyat müəllimim Zahir bəy daim mənə dəstək olmuş və “bir gün sən adından söz etdirəcəksən” demişdilər. Əgər yazmağı bilirsənsə bu çox gözəldir amma əsas olan öz üzərində çalışmaq, daha da inkişaf etməkdir. Əks halda müsbət nəticələrə imza ata bilməyəcəksən. Bütün uğurlar gərgin zəhmətin bəhrəsidir.

 

-Hansı mövzularda yazırsınız?

 

-Mövzularım rəngarəngdir. Sevgi, vətən, təbiət, elm, din, maraqlı dünya hadisələri, olmuş və ola biləcəklər...Fantastikanı çox sevirəm. Xüsusən hissiyatım çox güclü olduğu üçün bir sıra hadisələri qabaqcadan, hətta illər öncədən də duya bilir və yazılarımda əks etdirirəm. Məsələn 2015-ci ildə yazılmış “Yuxuya bənzər şəhər” şeirində illər sonra baş verəcək pandemiyanın dəhşəti ifadə edilmişdir. Boş qalmış şəhərlər, yoxa çıxmış insanlar və təbii ki, saysız-hesabsız ölümlər və s.  Hətta bu şeirə mahnı da bəstələnmiş, radio, tv, şəbəkələrdə səsləndirilmişdir. Bir bəndi qeyd eləmək yerinə düşər;

                             Ağlı-qaralı şəhər,

                             Yuxuya bənzər şəhər,

                             Həmişə gülər şəhər,

                             Elə bil ağlayırmış.

Kaş ki, bu günlər yaşanmayaydı...

Amma, sadəcə kaş ki...

Birpərdəli “Xocalı” pyesim dram teatrlarında, bağçalarda, orta və ali məktəblərdə, mədəniyyət ocaqlarında səhnələşdirilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin Amin! 

 Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və igid oğullarımızın qəhrəmanlığı sayəsində QARABAĞımız azad edilmiş, vətəndaşlarımız öz doğma evlərinə qayıtmaqdadır. Və təbii ki, biz yazarlar da zəfərlə bağlı əsərlər yazmaqdayıq. Tariximizi qorumaq, onu gələcəyə ötürmək biz yazarlardan böyük məsuliyyət tələb edir və hər birimiz bu işdə səfərbər olmalıyıq. Tanrı Türkü Qorusun Amin!

Şeir, hekayələrlə yanaşı məşhur aforizmlərin də müəllifiyəm. 

 

-Ədəbiyyat sahəsində fəaliyyət göstərən fəal üzvü olduğunuz təşkilatlar varmı?  

 

-2003-cü ildən bəri Azərbaycan Yazıçılar Birliyinin və həmin ildən də Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüyəm. 2023-cü ildən isə  Azərbaycan Ədəbiyyat Fondunun əməkdaşıyam. 

 

-Ədəbiyyatdan başqa maraqlandığınız sənət sahələri varmı?

 

-Uşaqlığımda bir müddət qarmon və rəssamlıq dərnəklərinə getmişəm. Musiqi dinləməyi, xüsusən klassik musiqini çox sevirəm, amma janrlar ruh halıma uyğun olaraq dəyişməkdədir. “Semazen” dinləmək və seyr etmək də məni daha da ilhamlandırır. İlk romanımda əsas xarakterlərdən biri də (Nihat) məhz rəssamdır. Asudə vaxtlarımda futbol izləməyi və oynamağı, balıq tutmağı çox sevirəm. 

 

-Yeni əsərləriniz varmı? Əgər varsa, onu qısaca qeyd edə bilərsinizmi?

 

-Hal-hazırda dünyada ilk ola biləcək fərqli bir pandemiyadan bəhs edən roman üzərində işləməkdəyəm. Əsərdə bədiiliklə yanaşı, tədqiqatlar da yer alacaqdır. İnşallah bu mənim ikinci romanım olacaq. Həmçinin “Ədəbiyyat və incəsənət” portalında www.edebiyyatveincesenet.az jurnalist kimi fəaliyyət göstərməkdəyəm.

 Sonda dəyər verib məndən müsahibə aldığınız üçün sonsuz sayda təşəkkür edirəm! Sizə və bütün əməkdaşlara uğurlar arzulayıram! Azərbaycandan Türkiyə Qardaşlarımıza Salam və Sevgilərimi çatdırıram! Birliyimiz Əbədidir! Yaşasın Azərbaycan-Türkiyə Dostluğu və Qardaşlığı! 

 

-Müsahibə üçün  təşəkkür edirik!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Tanınmış fransız şairi Hamid Larbinin “Keçici an” şeirlər kitabı Londonda, BYRON Nəşr Evində işıq üzü görmüşdür. Kitaba şairin son illər yazdığı şeirlər daxiı edilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı bu barədə sosial media hesablarında məlumat yayan şairlə əlaqə yaradaraq ondan təəssüratlarını  almışdır. Fürsətdən istifadə edərək azərbaycanlı oxuculara salamlarını çatdıran Hamid Larbi söyləmişdir: 

-Çox xoşbəxtəm, çünki ilin sonunda Londonda BYRON Nəşrləri tərəfindən nəşr olunan və Berber Metmadinin inanılmaz gözəl kalloqrafiyası ilə təsvir olunan ingilis dilində yeni bir şeir kitabını əlimə aldım.

Bu gözəl işə görə naşirə ən səmimi və tam minnətdarlığımı bildirirəm. Şeirlərimi ingilis dilinə tərcümə etdiyinə görə əziz dostum Vatsala Radhakeesoon-a da təşəkkür edirəm. Kitab artıq onlayn və London kitab mağazalarında satışdadır. 

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayev yeni çapdan çıxmış kitabını - “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə türk dünyasının tanınmış jurnalisti, Az TV-nin Xəbərlər departamentinin böyük redaktoru Aida Eyvazlıya göndərib.

 

Bundan əvvəl də Aida Eyvazlı böyük dövlət adamı, siyasi xadim, türk dünyasının ağsaqqalı, Azərbaycanın yaxın dostu Nursultan Nazrbayevin “Həyat yolu” , “Zaman və düşüncələr” adlı kitablarını tərcümə edib. 

Aida Eyvazlı sosial şəbəkələrdə yazıb ki, bu kitabı da yeni 2024-cü ildə tərcümə edəcək. “Nazarbayev kimi böyük bir şəxsiyyəti tərcümə etmək mənim alın yazımdır. Tanrı buyurduğu üçün mən bu kitabı tərcümə etməliyəm.”.-  yazıb.

Bu arada Aida Eyvazlıdan təəssüratlarını da aldıq. Aida xanım söylədi: 

-Dekabrın son günü... Qazaxıstanın Birinci Prezidenti, Türk dünyasının bilgəsi, idealım, qibtə etdiyim, çox sevdiyim ən müdrik siyasətçidən, ən gözəl və yaraşıqlı kişidən gözlənilmədən hədiyyə alıram. Böyük Nursultan Nazarbayev öz imzası ilə mənə yeni kitabını göndərib! Yuxudur? Əsla! Yuxu deyil! Həqiqətdir! Kitabı əlimə götürürəm, öpüb gözlərimin üstünə qoyuram, qoxlayıram, ruhunu ürəyimə çəkirəm!

Mən Nursultan ağanın  bu günə qədər iki kitabını tərcümə etmişəm. Demək, 2024-cü ildə mən bu kitabı da tərcümə edəcəyəm.

Bu kitabı tərcümə etməyi isə Tanrı buyurub! Bu mənim tarix qarşısında missiyam və taleyimdir! 2023-cü il həm türk dünyası üçün, həm Azərbaycan üçün və şəxsən də mənim üçün çox uğurlu il oldu! Türk əsri başlayıb! Yolarımız İpək Yolu olacaq!!!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sabah sonuncu gününü yaşayacağımız  2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bir sıra uğurlu layihələrə imza atıb, çoxsaylı tədbirlər keçirib.

 

Bu il 95 illik yubileyini qeyd edən və respublikada gənclər üçün nəzərdə tutulan ən böyük kitabxana olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ətrafında 16 mindən çox oxucu kütləsi toplayan öz ziyarətçilərinə həm ənənəvi, həm də elektron xidmətlər göstərən 8 şöbədən ibarət bir mədəniyyət müəssisəsidir. Kitabxananın fondu özündə Azərbaycan, rus, ingilis və digər xarici dillərdə bütün elm sahələrini, bədii ədəbiyyat və məlumat nəşrlərindən ibarət kitabları cəmləyir. Kitabxanada Latın qrafikası ilə nəşr edilməyən, elmi, tarixi, bədii əhəmiyyətini bu günə kimi saxlayan 1000-dən çox kitabdan ibarət depozitar fond da mövcuddur. Kitabxananın ən qədim kitabı 1891-ci ilə aiddir.

Kitabxananın oxuculara təqdim etdiyi elektron xidmətlər özündə daim yenilənməkdə olan 140 mindən artıq yazını cəmləyən elektron kataloq, 7742-dən çox kitabı olan elektron kitabxana, 21 elektron məlumat bazası, 50-dən artıq nəşr nümunəsi olan dövrü nəşrlərin elektron bazası, 200 ədəd səsli kitab fondundan ibarətdir. Bu il ərzində kitabxanada fəaliyyət göstərən skaner aparatı vasitəsilə 790 nüsxə kitab skan olunaraq elektron kitabxanaya daxil edilib.

Bu il kitabxanada “Ümummilli Lider Heydər Əliyev-100”, “Akademik Zərifə Əliyeva-100”, Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa”, “Ölümsüzlüyə qovuşan ömür - Akademik Ziya Bünyadov -100”, “Gülhüseyn Hüseynoğlu- 100”, “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası-90”, “Xalq Yazıçısı Anar- 85”, “Akademik Teymur Kərimli-70”, “Azər Turan-60” və digərləri olmaqla 14 elektron məlumat bazası hazırlanıb. Hazırda ümumi elektron məlumat bazalarının sayı 21-dir.

Gənclər Kitabxanası fondunun günün tələblərinə, oxucuların mütaliə tələbatına əsasən kompektləşdirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşır Belə ki, kitabxanada iki ildir davam edən və özündə 20-dən çox nəşriyyatla əməkdaşlığı əks etdirən “Nəşrlərin satınalınması” müsabiqəsi təşkil edilir. İki il ərzində müsabiqə nəticəsində kitabxananın fondu 6000-dən çox kitabla komplektləşdirilib. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, məlumat nəşrləri, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Kitabxana kitab təbliğatı istiqamətində sosial şəbəkələrdən virtual təbliğat üsulu kimi geniş istifadə edir. Bu gün gənclərin ən çox toplandığı və istifadə etdiyi kitabxananın sosial şəbəkə platformaları yeni kitablar, maraqlı məlumatlar, əlamətdar tarixlər, şanlı Zəfər tarixi, hərbi-vətənpərvərlik mövzularında hazırlanan multimedia məhsullarının gündəlik paylaşımları ilə ön sıralardadır. 13 mindən çox istifadəçisi olan kitabxananın instaqram səhifəsində yerləşdirilən gündəlik paylaşımların baxış sayı 250-400-dür. İl ərzində kitabxananın sosial şəbəkə səhifələrində 381 paylaşım edilib.

Bu il kitabxana 22 adda qəzet (onlardan 17 adda Azərbaycan, 4 adda rus, 1 adda ingilis dillərində), 12 adda jurnala (onlardan 10 adda Azərbaycan, 2 adda rus dillərində) abunə olub.

Kitabxanada mütəmadi olaraq müəllif görüşləri, imza günləri, yeniyetmə-gənclərin ədəbi-bədii kompozisiyaları və rəsmlərindən ibarət sərgilər, ekskursiyalar təşkil edilir. Bu il ərzində Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu

və "Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Müharibə dövrü ədəbiyyatı" mövzusunda dinləmə, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabının təqdimat mərasimləri və digər tədbirlər təşkil edilib.

Bu il Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq sənədli materiallar əsasında yazılan və Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müəyyən məqamlarını araşdıran “Tariximizin Heydər Əliyev zirvəsi” kitabı işıq üzü görüb.

Cari ildə Respublika Gənclər Kitabxanası “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsini həyata keçirib. Layihə çərçivəsində Ulu Öndərə həsr olunan 4 hissədən ibarət sənədli film, virtual kitab sərgiləri, elektron məlumat bazası hazırlanıb, sosial şəbəkələrdə çoxlu sayda paylaşımlar edilib. Həmçinin kitabxananın rəsmi saytında “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti, “Olaylar”, “Bakı xəbəri” kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq 100-dən çox məqalə toplanmışdır.

“Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

Kitabxananın həyata keçirdiyi digər bir layihə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi olub. Layihə çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Respublika Gənclər Kitabxanasında azad olunmuş əzəli Azərbaycan torpaqları haqqında virtual kitab sərgiləri, videomateriallar və elektron resurslar bazası hazırlanıb.

Bu il Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycanı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı təmsil edib. Bundan əlavə cari il ərzində Gənclər Kitabxanasının əməkdaşları digər beynəlxalq və yerli konfranslarda, vebinarlarda, forum və tədbirlərdə iştirak ediblər. Kitabxana Rusiya Dövlət Kitabxanası, İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanası və digər kitabxanalar ilə əməkdaşlıq edir.

2024-cü ildə isə kitabxananı daha zəngin fəaliyyət gözləyir.

Uğurlar, elm, zəka və asudə vaxt ocağı! 

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Şənbə, 30 Dekabr 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

...Gecə yarısı idi. Məclisin uzun çəkəcəyi barədə Rəşid müəllim qabaqcadan xəbərdarlıq etmişdi deyə Ülkər Aylini də aparıb anasının yanına qoymuşdu.

Namiq həyətə çatanda qoluna girib Ülkəri maşından düşürtdü, qoluna girib liftə saldı, Ülkər “Çıx get, özüm gedərəm” desə də, Namiq heç yerə tərpənmədi. Ülkər aşırdı, Namiq də onu qucaqlamışdı ki, aşmasın. Sonra mənzilə girdilər, Ülkər“Tamam, evimdəyəm, sən get” deyib onun getməsini istəsə də, nə sözünə, nə hərəkətinə yiyəlik edə bilirdi. Namiq onun ora-burasına əl atıb onun hara kimi şüurlu olmasını yoxlamaqdaydı. Get-gedə içki lap dərindən təsir etdikcə Ülkərin göz qapaqları da qapandı, o, divana uzandı. Onun tam özündən xəbərsiz olduğunu görəndə Namiq soyundu, sonra onu soyundurmağa başladı. Ülkər ani olaraq ayılıb müqavimət göstərmək istədi, amma tam gücsüz və zəif idi, içki onu tam əldən salmışdı.

Namiq vəhşi ehtirasla Ülkərin paltarlarını cırıb onunla oldu, sonra da onu ağlaya-ağlaya qoyub çıxıb getdi.

Ertəsi gün Ülkər yenə də hər şeyi Rəşid müəllimə danışmaq, bu murdar adamdan yaxa qurtarmaq fikrini özünə yaxın buraxdı. Amma yenə də zərbənin məhz özünə dəyəcəyini düşündü, Rəşid müəllim ona deməzdimi ki, dişi göz eləməsə, erkək ona atılmaz? Ona necə sübut edəydi ki, çox sərxoş idi, qollarında güc yoxdu ki, Namiqin idmançı bədəninə müqavimət göstərsin? Hətta qışqırıb haraya qonşuları çağırmağa belə hayı olmamışdı, səsi çıxmamışdı.

Həyat yenicə gözəlləşirdi, ancaq gəlib gör hansı həddə çatdı.

Cəmi bir həftə keçmiş onunla cinsi əlaqənin təkrarsız ləzzətini yaşamış Namiq gəldi ki, bəs yenə olmalıyıq. Ülkər ağladı. Yalvardı, söydü, qorxutdu, təhdid elədi. Amma heç nə ona kömək olmadı. Namiq dirəndi ki, bəs yatmasaq, gedib aləmə car çəkəcəm, Rəşidin ailəsini sənin üstünə salacam.

Ülkər bir gün fikirləşməyə möhlət aldı ondan. Bütün sutkanı fikirləşdi. Namiqlə yatmaq ağlına belə gəlmirdi. Hər şeydən məhrum olmağa razı idi. Bircə bu şərəfsizliyə getməmək üçün. İki yolu var idi. Birincisi, Rəşid müəllimə hadisəni danışmaq. İkincisi, bıçağı Namiqin ürəyinə saplamaq. Qadın necə də qəribə məxluqdur. Bəzən tam dəyişir, əvvəllər ağlına belə gətirməyəcəyi bir rol alır.

Zərif, ürəyiyuxa bir insan indi adam öldürmək həddinə qədər gəlmişdi, onun gününü qara eləyən bir nanəcibi öldürmək istəyirdi.

Rəşid müəllimə “sürücün məni zorlayıb” deməsindən qəti vaz keçdi, ikinci yolu seçdi.

Namiq səhər gələndə onun köksünə saplayacağı bıçağı əlində tutaraq qarşısına çıxdı, bərəlmiş gözləriylə “Alçaq, sənin murdar qanını tökəcəyəm indi” deyərək üstünə gəldi, amma Namiqi vurmağa cəsarəti çatmadı. Bıçaq əlində donub qaldı.

Namiq, əlbəttə ki, bunu gözləmirdi, arxa-arxaya çəkilib sürətlə mənzili tərk elədi.

Üç günü Ülkər gözlənti işində keçirdi. Əmin idi ki, o murdar məxluq mütləq nəyəsə əl atacaq, nəsə edəcək. Dördüncü gün işdəydi, işçilər müştərilərə xidmət göstərirdi, o da kabinetində gəlir-çıxarını hesablayırdı. Birdən tappatarap səsləri, “Hanı o fahişə?” qışqırtıları, şüşə çiliklənməsi eşidildi, kabinetdən bayıra atılanda gördü ki, iki oğlan salonun altını üstünə çevirir. Deməzsənmiş, Rəşid müəllimin oğulları imiş, Ülkəri vəhşicəsinə, hamının gözü qarşısında döydülər. “Fahişə” kəlmələri salonu titrədirdi.

Bu zalımlar onun saçlarını da kəsdilər.

Bununla kifayətlənməyib salonun iri şüşələrini də kətili çırpıb qırıq-qırıq etdilər.

Ülkər ağrı içində Rəşid müəllimi yığıb hal-qəziyyəni başa salmaq istədi. Əlləri necə əsirdisə, nömrəni belə yığa bilmədi.

O günü təzədən xatırlayanda belə damarlarında qanı donur.

Ülkər əsla özünə gələ bilməmiş, ağlamışdı. Salonun işçiləri, müştərilər qorxub qaçmış, qardaşlar getdikdən sonra ehmalca gəlib qapı ağzından Ülkərə baxmışdılar. Ülkər nə edəcəyini, nə addım atacağını bilməmişdi. Xeyli keçəndən sonra salona sahə müvəkkili gəlmiş, kimlərin hücum etməsini aydınlaşdırmağa çalışmışdı, Ülkər isə həmin şəxsləri tanımadığını bildirmişdi.

Yalnız bundan sonra Ülkər özünə gəlib Rəşid müəllimi yığdı, oğullarının törətdiklərindən onu agah elədi. Ülkər deyənlər Rəşid müəllim üçün o qədər gözlənilməz oldu ki, o, tutuldu, bilmədi nə desin. Xeyli keçəndən sonra toxtayıb “qoy görüm nə məsələdir” deyərək əlaqəni kəsdi.

Axşam saatlarında daha bir gözlənilməz olay baş verdi.

Ülkər evindəydi, gözlərinin altının qarasına, partlamış dodağına, kəsilmiş saçlarına güzgüdə baxıb özü özünə ağı deyib ağlayırdı. Bir də gördü qapını kimsə uçurub-dağıtmaq həddində çırpır, üstəlik, həm də zəngi basır. Nə baş verdiyini anlamadan qonşuları narahat etməməkçün qapını tez açmaq fikriylə cəftəni buranda yaşlı iki qadın mənzilə soxuldu. Biri onun üzünə lopayla tüpürdü, o birisi Ülkəri saçlarının qalmış o az hissəsindən yapışaraq mənzil boyu sürüdü. Bu da Rəşid müəllimin həyat yoldaşıyla baldızı imiş.

Ülkər bu boyda vəhşilik görməmişdi, döymək, saç yolmaq bir yana, qəzəbini boğa bilməyən qadınlardan biri taxta şamdanı da Ülkərin başına çırpdı.

-- Fahişə!!! Bir də Rəşidin adını tutsan, sənin... soxacayıq.

Qadına yaraşmayan söyüş və təhqirlər divarları tərpədirdi sanki.

Qadınlar gedəndən sonra Ülkər Allahdan niyə ona bu cür bəxt yazdığını sora-sora hamam otağına keçdi, vannanı su ilə doldurub lezvanı biləyinə sürtdü ki, şah damarını kəssin. “Bağışla məni, Aylinim, daha dözə bilmədim” deyib göz yaşları içində bu proseduru hey təkrarlasa da, titrəyən əlinin lezvanı sıxmağa gücü çatmadı.

Sonrasında isə eyvana çıxıb oradan özünü atmaq fikrinə gəldi. Bu dəfə Aylin xəyalən onu tutub, ağlayaraq “səni buraxmaram” dedi, bu dəfə də intihar edə bilmədi.

Növbəti günlər hadisələr lap pis məcra aldı. Rəşid müəllim ailəsini yerində oturtmağa, hətta lazım gəlsə həyat yoldaşını boşanmaqla hədələməyə cəhd edib Ülkəri əlindən buraxmamağa çalışdı. Aləmi qatan Namiqi cəzalandırmaq məqamı çatanda isə Namiq bütün bunları Rəşid müəllimin xeyri üçün etdiyini söylədi, Ülkərə şər atdı. Sən demə, həmin o gecədə Namiq Ülkərlə olandan sonra yataqda onun çılpaq şəklini çəkibmiş. Namərdcəsinə, oğraşcasına şəkli Rəşid müəllimə göstərib dedi:

-- Ağsaqqal, sən mənimçün atamdan da əzizsən. O qızı o qədər sevməyinin, ona nə qədər pul xərclədiyinin, hətta kəbin kəsdirdiyinin qarşısında o, fahişəlik edirdi, əlli manata çıxırdı. İzinə düşdüm deyə mənim qarşıma bax belə uzandı ki, gəl yataq, amma Rəşidə başqaları iləyatdığımı demə. Mən də naəlac qalıb bilmədim neyniyəm. Dedim, sənə deyərəm, ürəyinə zərbə-zad dəyər. Oğullarına dedim, axırı da gəlib belə oldu.

Rəşid müəllim necə inanmayaydı Namiqə? Əldə o boyda sübut var idi, Ülkər çılpaq, ayaqları aralı halda evinin divanında uzanmışdı. Bu fotonun real foto olması heç bir şübhə doğurmurdu.

Rəşid müəllim bu xəbərdən çox sarsıldı. O boyda kişi ağlamaq həddinə gəlib çıxdı. Düz Ülkərə aldığı mənzilə getdi, Ülkəri döydü, “fahişə” deyərək azı yüz dəfə təkrarladı, sonra da evdən çölə atdı. Beləcə, bir anda Ülkər hər şeyini itirmiş, əzilmiş, təhqir olunmuş halda, gözlərinin altında gömgöy halqalar, saçları da kəsilmiş halda anasının evinə qayıtmalı oldu. Fikri qəti idi, qızı ilə vidalaşıb bu dəfə mütləq intihar edəcəkdi. Bu rüsvayçılıqdan sonra necə duruş gətirmək, necə yaşamaq olardı?! Ürəyini tutub özündən gedən anası, çığırıb ağlayan qızının halları ürəyini diddi. Hamama keçib burada da vannanı su ilə doldurdu, ülgücü çəkib damarını doğramaq istəyirdi ki, Aylin qapını var gücü ilə döyərək “Ana, aç qapını” deyə haray qopardı.

Bir anda əlləri boşaldı.

 

 “Ədəbiyyat və incəsənət”

(30.12.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu illərin qovuşağında dəyərli oxucularımız, sizlərə Oğuz Məhəmmədikiyanın şeirlərini təqdim edir. 

Oğuz Məhəmmədikiyanın 33 yaşı vardır. O Urmu şəhərində doğulmuşdur.

 

1.

Əl apardım

İçimdəki qara ləkəni götürməyə

Əlimi gətirdiyimdə

Balalarını gətirmişdim ey vah qaranın.

 

Oynatdım həyatı

Geriyə saydım uzun incə yolu

Qayıtdım südəmərliyimə

Və boğdum gecələrin qarasını

Bilinc altımda

Bilincin altı var isə

Üstü də olmalı dedim özüm-özümə.

 

Döydüm nəm kimin

Xatirə qapısını

Həyata olan bic hissimin

Türkcəsini axtardım.

 

Atam çıxdı qapıya

Ağlaya-ağlaya

Aldım əlindəki kəskin bıçağı

Didərginliyimi saldım çiyinlərinə

Etiraf etməsini istədim

Soruşdum səfilliyimin nədənlərini.

 

Anamı yenidən anlatdım ona

Unudulan gözəlliyini,

Yumşaq baxışlarını.

 

“Qayıt” - dedim

“Bax mənə qayıt.

 

Ağla,

Ax mənə qayıt.”

 

Ağladı

Ağladı atam.

 

Anamı ağladan şeyləri

Atama anlatdım

Güldü.

 

Paradoksu qucağıma alıb

Həyatı oynadırdım

Zamanı oynadırdım

Qarın sancısıyla.

 

Qara balalarım qucağımda

Əlim içimdə dolanırdım

Özüm-özümü.

 

Əl apardım yaramı deşməyə,

Deşdim.

Axıtdım damarımda uçuşan

Qara kəpənəkləri.

 

Uzandım ölümə...

 

Evdən anladığım tək qavram

Pəncərə idi.

Açdım,

Lacivərddən qaçan quş sürüsünə

Baxdım.

Anamın mızıltılı ağlamasının

Fon musiqisi ilə

İçmədiyim andları içdim.

Taxdım qarğanın biləyinə

Qanadına tüpürdüm

Uçurtdun quş sürüsünün ardıca

Bağladım anladığım qavramı...

 

Oturdum qara balalarımın yeməyini yedirtməyə

Əl apardım qəlbimə

Əl gətirə bilmədim

Artıq əlimdə yox.

 

Ağzımda böyüyən

Kəlmə idi həyat

Dodaqlarımı parçalayan.

 

Bu filmi kəsməli idim,

Kəsdim.

 

İncimir artıq biləyim

Toxunduğum tənim

Balalarımı öldürmüşəm

Əlimdə yox artıq

İncimdə

Buradan getməliyəm

Unutmalıyam hər şeyi.

 

İncə uzun yola başlamışdım

Getməyə

Geridən getməyə

Halal etməyə başlamışdım

Haram olsun dediklərimi,

Sevdiklərimi,

İçimdəki qara ləkənin

Doğurqanlığını

Birdə məni.

...

Bu hekayənin dərini yoxdur

Üstə gəl lütfən.

 

 

2. KÖRPƏ DİNOZAVR

 

Ölülərimi Qucaqladım

Üç kərə Döydüm Daşın

Çatlağından süzülərək

Dirilərimi tanımazdan öncə

Dirildirildim ortadoğudan avropalı gözümlə

Baxdım həyatın ənənəvi boyutuna

Damızdırdım bıçaqdan süzən ovcumun qanını.

 

Barışı sağladım inəklər qəbiləsi ilə

donuzlar tayfasının arasında

Sonra

Çaxırladım gözümdən ağzıma axan şor dənizi

Və birdən atıldım miladdan sonrakı ilk günə

Miladdan öncəni də vərəqlədim

Qutladıq bərabər miladın şərəfinə

Kılavarı dağında yanan şamı püfləyərək

Tanrının ağzından əsən hava ilə...

 

Yerlərdə sürüklənən qutsallığı da gördüm

Qardaşlığın ovucdan axan qana hörmətsizliyini də

İndi isə sevişmə törəsində

Qırmızı bezin ağappaq qaldırılma anındayam.

 

Xirosimaya qan ləkəsi düşməmiş hələ

Addımladım qadınların başından açılan

Yelin sərinliyində

Və tam mədəniyyətin ortasında

Qaldırdım atamın paslı qılıncını...

 

Cənnətdən yenərkən

Qırılan ayağımı miras buraxmışam

Məndən sonrakı əziklərə.

 

İlk dəfə gördüyümdə səni

Körpə ilan idin ağacın gövdəsinə uzanan

Balıq babanın son dəyişməsi idin təzə

Saçının ucunu da hörmüşdün oysa.

 

Sevirəm (üstünə basaraq) səni.

 

Sevmək sözcüyünü quşlardan Öyrənmişdim

İlk cınqıltılı samitliyimdə

Və sənə uzanan əlimə toxunduğunda anlamışdım dərimdən

ötə biləcəyimi.

 

Bax hələ haradasa

Qızıl almadan yeyəcək idim ilan qadın!

 

Məni tanrıyla baş-başa

Buraxma lütfən

Məni sevməz bilirəm.

 

Dandırılmışam,

Unutdurulmuşam ona.

Altımı doldurduğum günlər idi.

Ondan qorxduğum an

Ürəyimə oturmamışdı zatən.

 

On bir yaşımda bildim dəniz

Mavi olmaz

Çiynimdəki ağ geyimli mələyin

İftirasını bildim.

 

On iki yaşımda tanıdım coğrafiyamı

Və tam on beş yaşımda

Qonşunun qızı əmizdirdi

İçimdəki körpə dinozavrı.

 

On altı yaşımda qarğaların

Sevişməsini görməklə

Açıldı gözüm.

 

İndi islamdan sonra

Min dörd yüzüncü ildəyəm

Donuzlar inəkləri sağır

Və içimdəki körpə dinozavr

Doğulmağa meyilli deyil...

 

3.

Sormuşdum bir gecə dəlidən :

“Quş uça bilməzsə kim ağlar?” - deyə.

 

“Mən” - demişdi.

 

“Mən”-dən aldığım həyəcanı paylaşdım.

 

Əlimdən əlimə

Əlimdən əlimə

Əlimdən əlimə.

 

Uçdu, aldı əlimdən həyəcanı quş

Dəlinin çiyninə qondu.

 

4.

İndi bağrıma basdığım yalqızlığı

Gövdəmdə qan içirdib

Sudan keçirdib, qusduracağam ilin ilk gününə.

 

Gün sayacaqdır əynimdəki sənsizlik

Bahardan da keçəcəkdir

Biləyimə dolaşacaqdır

Kəsəcəkdir,

Biçəcəkdir də...

 

Nə isə!

Səni unutmaq üçün əlverişlidir həyat.

 

Uzun sözün enindəyəm

Maviliyi itən səmanın dərinliyində.

 

Məni qarnı tox quşlardan soruşma gözəlim

Armatur dəmirlərin betonlarda güclü duruşundan soruş

Xiyabanlardakı qanla çiçək qoxulu buruq küçələrdən...

Belində şəkər torbasıyla divlərin artığını yığan sərçələrdən soruş...

 

Apartmanın zibil qabına düşən ay,

Artıq gecə qoxumur

Mən isə hər gecə itlərin boğuşmasında

Zibil maşınından sonra

Qapının önündə ayın inxifazını izləyirəm...

 

Gecədir indi

Qapımın önündə duran

Sümükləri dərisini kəsən itə

Çörəyimi bölmək saatıdır...

 

Ağlaram bu saatlar

Boğularam bu saatlar.

 

Ancaq qayıtmalıyam evimdə yaratdığım

Yapay cənnətə

Qayıtmalıyam ay şəkilini asdığım

Divarlara dalmağa

Qonşunun sevişmə səsini

Duyduğum otağa.

 

Televizorda mikrofona tüpürən biri var

Ağzındakı qan dodağındakı gülücüyü.

Təhdid edən birisi

Ölkəmə marş ulayan

Ayımın üzlüsü.

 

Pəncərəmdə yalvaran günəş

Önümdə soyumuş çay

Böyük partlayışın reklamı keçir

Romantik filmin arasından.

 

Miladdan öncə

“Qadını neçə saatda bir qullandılar”

Bəlgəsəli.

 

“Kişilərin harasını öpsən qumabarsı

Açılar” verilişi.

 

Hə!

Səni unutmaq üçün əlverişlidir həyat...

 

Mən səni unutmadım gözəlim

Diazepama tapşırdım adını

Və bu şeir

Səni düşünmədən öncəki

Yaşanmışlıqdır.

 

Mən səni unutmadım gözəlim...

 

5.

Üzərimdədir barmaq izləri ölümün

Sarılar içində,

Girilməz, dörd divarından sən asılan

Otağam.

 

Üzərimdədir qara qadınların

Bəlirgin dodaqları.

Kafkanın ümidsizcə sevməsi

Gabo’nun son məktubu.

 

İllərcə qapının cırıltısını dinlədim

Cırdım qulaq pərdəsini və

Səslərdən aldım içi boş notu...

Səssizliyi çəkib çıxartdım aradan.

 

Sonrası sükut,

Sonrası sükut...

 

Otuz yaşındayam indi

Hələ altıma işəyib

Titrək-titrək düşünüb

Tanrıya yalvarma çağına qalıram.

 

Yox, unuduram hərdən

Yelin qorxunc səsini

Gecənin ufuldayan uzaqlarını.

 

Qırmızı dodaqların vardır

Hər zaman xatırladığım

Islaq və çatlaq.

 

“Xatırlamamaq unutmaq deyil” -

Demişdi doktor.

 

Məsələn anamdan soyunduğum günü

Xatırlamıram.

Unutmadım da...

 

İndi otuz yaşındayam

Hələ həblərdən ürək döyüntüsünü

Oksigen tankından O iki ünsürü

Serumlardan qanı alma çağına qalıram...

 

Üzərimdədir barmaq izləri ölümün

Səsdən öncə yaranmışdım

Qulaqdan sonra

Sözdən öncə ölmüşdüm

Ağızdan sonra.

 

Əynimə soyuqları geyinib əlindən

Axdığın gecə

Polislər basdı bizi.

 

Mən ölülərdən aldığım salamları eşidirdim,

Sən ölümü qoynuna alıb ağlayandın oysa.

 

Anamı soyundum

Asdım çərçivəyə.

Səsimi unutdum

Soyudum günəşin kəskinliyində

Sonrası

Qara,

Qaranlıq.

 

Və zip səsi...

 

“Ədəbiyyat və incəsənə”

(30.12.2023)

Şənbə, 30 Dekabr 2023 10:45

Göyqurşağıtək xatirələr - ESSE

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Bilirsən, bəzi insanların həyatına girişi, buludların dünyaya yağışı bəxş etməsi kimidir. Gələrkən yağıştək yağır həyatına.. səsi yağışın verdiyi hüzurla ruhuna işləyir, sevgisi damlalartək ruhuna yağır, üzünə yansıyır, bəziləri gözdən axan yaşa bərabər olur. 

 

Yağış dayanır, insanlar gedir. Sən islandığın üçün bir müddət yağışın dayandığını anlamır və qəbullanmırsan. Daha sonra öncə fiziki olaraq bədənin quruyur və səmaya baxırsan. Səmada yaranan göyqurşağı, onun artıq olmadığının ən böyük sübutu və ondan geriyə qalan tək xatirəsinə çevrilir.

Yağış bitdi, geridə göyqurşağıtək xatirələr və eyni zamanda acı həqiqət qoydu. Əslində yağışdan sonra çıxan göyqurşağı, bizim yağışı unutmağımız üçün olan göz yanılmasıdır bəlkə də? 

Eynilə, acıların insan üzünə yansıtdığı saxta gülüşlər kimi, həmin rənglərin birləşməsi də yanıltmacdır bəlkə də. 

İş orasındadır ki, həmin göyqurşağı da qalıcı deyil. Amma məsələ onun qalıcı olub, olmaması deyil, sənin o rəngləri qəlbində nə zamanadək canlı tutmağındı.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.