Super User

Super User

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 11-dən 15-dək Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilatın iştirak müraciəti nəzərdən keçirilir.

 

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

 

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master- klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

 

Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

 

Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Həmçinin Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları sərgidə iştirak edəcəklər.

 

Eyni zamanda, Türkiyə Respublikası görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunacaq.

 

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

 

Sərgiyə giriş ödənişsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 09:00

Teatr bu dəfə Şuşadan başladı…

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan türk dünyasının teatr mərkəzinə çevrilib. Və teatr xadimləri öncə Şuşada, ardınca Bakıda teatrın aktual məsələlərini həll etməkdə, ən yaxşı tamaşaları nümayiş etdirməkdədirlər.

 

Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi oldu. 

Festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. Və festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirildi.

 

ADİL KƏRİMLİ

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirdi. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.

Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə etdi.

 

SULTAN RAEV

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, bu festival altı fərqli türk dövlətini və onların sənətçilərini bir araya gətirib.

“Festivalın əsas məqsədi bir- birimizi daha da yaxından tanımaq və incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır və gələcək nəsillərə ötürür”, - deyə Baş katib vurğuladı.

 

İŞTİRAKÇILAR

Festival noyabrın 4-dək davam edəcək. Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir.

 

“QARABAĞNAMƏ”

İlk olaraq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olundu. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.

Festival bu gün maraqlı tamaşalarla davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Bu gün - noyabrın 2-də Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılış mərasimi olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Xətai Sənət Mərkəzinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu başa çatıb.

Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutub.

Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaq ikən çəkdikləri rəsmlərlə təmsil olunurlar.

Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 15:30

Hər gün bir abzas

...Sonuncu ölən ümidlərdir... Bəlkə, ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar?... Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?...

 

Varis, “Sonuncu ölən ümidlərdir”

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 10:45

Heydər Əliyev və Türk dünyası

TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar  “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək. 

Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.

2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən  məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.

Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.

Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb. 

Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər. 

Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.

Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 16:00

Azərbaycan kinosunun anası Elmira Şabanova

“Ədəbiyyat və incəsənət” portalı dramaturq, ssenarist Ülviyyə Heydərovanın Elmira Şabanovanın doğum gününə həsr etdiyi yazısını təqdim edir. 

 

Ötən gün sevimli aktrisam Xalq artisti Elmira Şabanovanın doğum günü idi. 83 yaşı tamam olurdu sənətkarımızın. Ona olan sonsuz hörmətimi bir Allah bilir, bir də özü. Elmira xanımın o gözəl səsini bu vaxta kimi ancaq telefonda eşitmişəm. Sənətkarımıza can sağlığı arzulayıram. Bir də onu arzulayıram ki, Elmira xanımı canlı görüm. Bu arzumdan xəbəri var, hələ ki gözləyirəm. Çox yaşayın əzizim Elmira xanım! 

Sənətkarımız haqqında kiçik yazımı təqdim edirəm. 

 

AZƏRBAYCAN KİNOSUNUN ANASI 

Kino Elmira Şabanova üçün xəyallarının təsviridir. O, məktəbi bitirən kimi böyük ümidlərlə arzularına - Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna yollanır. Məşhur kinorejissor Sergey Qerasimovun imtahanından keçsə də atası VQİK xəyallarının üstündən xətt çəkir. Buna baxmayaraq gənc Elmira kino sevgisindən əl çəkmir. Bakıda Teatr İnstitutuna daxil olur, istedadı ilə elə birinci kursdan rejissorların diqqətini çəkir. İlk çəkildiyi «Əsl dost» filmi ona doğrudan da əsl dostlar qazandırır. Filmin ikinci rejissoru Rüfət Şabanovla isə nəinki yaxın dost olur, həyatını belə bağlayır.

«Səhər» filmində sevib-sevilən Sevda obrazı Elmira Şabanovanın kinoda gənclik illərinin son görüntüsüdür. O, 20 il sanki «özgə vaxt» yaşayır. Həyat yoldaşı, rejissor Rüfət Şabanov aktrisanın kino lentindən gənclik illərini alsa da, sənət ömrünə toxunmur. Aktrisa 30 il indiki Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə aktyorluğun sirrini öyrədir.

Elmira Şabanova yenidən kinoya qovuşanda Azərbaycan kinosuna sanki analıq eləməyə başlayır. O, həyatda necə qayğıkeş, ailəsinə bağlı anadırsa, canlandırdığı ana obrazları da pafosdan uzaqdır.  

Elmira Şabanova «Ötən ilin son gecəsi»ndə «Qəm pəncərəsi»ndən də baxa bilər, amma o, «40-cı qapı»nı açmağı bacaran aktrisadır.

Sevimli sənətkarımıza can sağlığı arzusuyla... 

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 12:30

Musiqi janrları barədə nələri bilirik?

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Hər bir xalqın mədəniyyətinin bir hissəsini təşkil etmiş musiqi tarix boyu əxlaqi tərbiyə, əqidə və dünya görüşünün, estetik zövq və ideyaların formalaşmasında mühüm rol oynamış və bu gün də bu vəzifəyə xidmət etməkdədir.

Hər bir musiqi əsərinin müəyyən bir forması olduğu kimi, o həm də müəyyən bir janra aid olur.

Musiqi ümumiyyətlə iki yerə bölünür. Xalq musiqisi və peşəkar musiqi. 

Xalq musiqisinin eyni ilə şifahi xalq ədəbiyyatı kimi ayrı-ayrı və konkret bir müəllifi olmur. Adından da məlum olduğu kimi bu musiqinin yaradıcısı xalqdır.

Peşəkar musiqi isə ayrı-ayrı və konkret bəstəkarların yaradıcılıq məhsuludur.

Musiqinin maddi əsası insan səsi və müxtəlif musiqi alətlərinin səslərindən ibarət olduğu üçün o bu səbəblə əsasən üç janra ayrılır. Vokal musiqisi, instrumental musiqi və vokal-instrumental (yəni qarışıq) musiqi.

Və bu üç musiqi növünün də öz janrları mövcuddur. 

 

Vokal musiqinin janrları 

 

Mahnı - Şeirlə musiqinin vəhdətindən ibarət olan ən yığcam və ən geniş yayılmış vokal əsərdir. Xalq yaradıcılığında, məişət musiqisində peşəkar (bəstəkar) musiqidə geniş yayılmışdır. Musiqini ən qədim növüdür və məzmunca lirik, qəhrəmanlıq, əmək, vətənpərvərlik, uşaq və s. növləri mövcuddur. 

 

Romans - Səs və instrumental (çox zaman fortepianoda)  müşaiyətlə oxunan musiqi əsəridir. Azərbaycanda romans janrının yaradıcısı, məşhur "Ölkəm", "Sərhədçi", "Sual", "Seyran" romanslarının müəllifi bəstəkar Asəf Zeynallı olmuşdur. 

 

Ariya - Opera, oratoriya və kantatada simfonik orkestrin müşayiəti ilə bir vokal ifaçı tərəfindən ifa olunan bir musiqi nömrəsidir.  Ariya  dram əsərlərindəki monoloqun musiqi dili ilə emosional ifadəsidir. Hər bir ariyada obrazın (qəhrəmanın) musiqi xarakteristikası verilir. Adətən, 2 hissəli formada yazılır. 

 

Xor - Vokal musiqi ifaçıları kollektividir. Xor yunan sözü olub, “oxuyanların böyük ansamblı” deməkdir. 

Xor tipinə görə həmcins və qarışıq, növünə görə isə tək səsli (unison) və çox səsli olur. Xorda 4 səs partiyası olur: soprano, alt, tenor, bas. Müstəqil əsər, opera və operettalarda ayrıca musiqi nömrəsi kimi olur. 

 

İnstrumental musiqi janrları 

 

Sonata - 1 və ya 2 musiqi aləti üçün sonata formasında yazılmış əsərdir. İtalyanca “conare” sözündən götürülmüş, “hər hansı bir musiqi alətində çalma” mənasındadır. 

 

Simfoniya -  Orkestr üçün sonata formasında yazılmış irihəcmli əsərdir.  Simfoniya yunanca “həmahənglik” mənasındadır. Simfoniyalar quruluşuna görə 1 hissəli və genişlənmiş ola bilir. 

 

Vokal-instrumental (qarışıq) musiqi janrları: 

 

Opera - Vokal-instrumental  musiqli dram əsəridir.  Opera italyan dilindən  tərcümədə  "əsər" deməkdir. Operada əsərin mətni musiqinin müşayiəti ilə ifa edilir.  Müasir operada solu , xor, vokal ifaçılığı və rəqs vəhdət  təşkil edir.  Opera bəstəkarla libretto müəllifinin birgə əməyinin məhsuludur. 

 

Operetta - Vokal-rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya  məzmunlu musiqili səhnə əsəridir. Operetta eyni zamanda musiqili komediya da adlanır. İlk operetta Fransada XIX əsrin ortalarında Jak  Offenbax tərəfindən yazılıb. 

Operetta libretto əsasında yazılır. 

 

Balet – Musiqili- xoreoqrafik tamaşadır. Balet - fransız dilindən tərcümədə "rəqs edirəm" deməkdir. İlk balet əsəri də elə Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub. 

Bu italyan Baltazarini tərəfindən quruluş verilmiş "Kraliçanın gülməli baleti"  tamaşası olub. 

 

Oratoriya -  Solistlər, xor və simfonik orkestr üçün yazılmış çoxhissəli vokal-simfonik əsərdir (lat. “oratio” – natiqlik deməkdir). 

 

Kantata – Bir, yaxud çoxhissəli, təntənəli nağıl-epik xarakterli  vokal-simfonik əsərdir. 

Solist, xor və simfonik orkestr üçün yazılmış, müəyyən məzmuna əsaslanan, səhnə hərəkəti olmayan silsilə mahiyyətli əsərdir. (italyanca “cantare”– oxumaq deməkdir). 

Azərbaycanda kantata janrının yaradıcısı dahi bəstəkarımız  Üzeyir Hacıbəyli olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 10:15

Bu gün Sabir bağında kitab sərgisi açılır

“Heydər Əliyev İli”nə töhfə olaraq bu gündən - noyabrın 2-dən noyabrın 4-dək Bakının mərkəzi Sabir bağında (“İçərişəhər” metrostansiyası) Azərbaycan Dövlət Tərcümə Mərkəzi Tərcümə Agentliyinin təşkilatçılığı ilə kitab sərgisi keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalının  Tərcümə Mərkəzindən aldığı məlumata görə, kitaba, ədəbiyyata, mütaliəyə sevgi aşıladılması məqsədini daşıyan sərgi çərçivəsində aparıcı dünya ədəbiyyatları, eləcə də müasir Azərbaycan yazıçı və şairlərinin kitabları, uşaq nağılları və ensiklopediyalar, lüğət və sözlüklər, eləcə də digər fərqli formatlı nəşrlərin nümayişi və güzəştli satışı həyata keçiriləcək.

Noyabrın 2-dən etibarən səhər saat 10:00-dan 19:00-dək açıq olacaq sərgidə axşam saatları tanınmış yazıçı və şairlərlə görüşlər və imza saatları da təşkil ediləcək.

“Ədəbiyyat və incəsənət” portalının əldə etdiyi məlumata görə, noyabrın 4-də Gürcüstanda yaşayan soydaşımız, nasir və tərcüməçi İmir Məmmədlinin imza saatı baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin  şeirlərini təqdim edir. 

 

Rəhim Təkin

Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa  şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.

 

 

ÖLÜMƏ DOĞRU

 

Deyirsən bu qədər qəmin yiyəsi,

Bəs niyə saçları bu cür qaradı?

Sən ki, məni məndən yaxşı tanırsan,

Sözlərin qəlbimə dəyən yaradı.

 

Soyuq baxışlarla, gözündə yaşlar,

Buza dönür, buza! Çörəyə buz səp.

Mənim işim daha yaradan keçib,

Yaradan ayrılan sümüyə duz səp.

 

Qəmin çoxluğundan ağarar saçlar,

Mənim içərimə sanki qar yağıb.

Sanki sümüklərim kəfən gözləyir,

Saçımın yerinə onlar ağarıb.

 

Gözü yaşlı ölsəm, silməyin onu,

Öz yasımda qoyun özüm ağlayım.

Mənim kəfənimi qara götürün,

Öz yasımı qoyun özüm saxlayım.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 14:00

“Sübhənallah” - HEKAYƏ

Əlişükür Cavadov, “Ədəbiyyat və incəsənət” üçün                            

 

Gecənin qaranlığı hər tərəfi ağuşuna almışdı. Bizim yataqxana da gecəyə təslim olaraq işıqlarını keçirmiş, gecənin rənginə bürünümüşdü. İşıqlar təzə keçirildiyindən koridorda gəzən tələbələrin, açılıb-örtülən qapıların səsləri adda-budda eşidilirdi. Mən otağımızı bürüyən səssizlik içində çarpayımda uzanmış, baxışlarımı tavana zilləyib bəzisi lazımlı, bəzisinin isə gecənin bu vaxtı yadıma nə üçün düşdüyünü anlamadığım fikirlərin arasında vərd-vürd edirdim. Yerli yersiz fikirlərimin məni get-gedə mürəkkəb bir labirintə saldığını hiss edib bu fikirləri özümdən uzaqlaşdırmaq üçün nəzərlərimi tavandan çəkib pəncərədən çölə baxmağa başladım. Pəncərədən intəhasız səma və yataqxanamızın yaxınlığındakı yeganə binanın pəncərələrindən düşən işıqlar görünürdü. Çarpayım pəncərənin yanında olduğundan fikirlərimin məni əldən saldığı gecələrdə zilləndiyim səma və yaxınlıqdakı yeganə binanın pəncərələrindən düşən işıqların yaratdığı mənzərə mənimçün doğma bir görüntüyə çevrilmişdi. Həyatın məni haralara sovuracağından asılı olmayaraq bu mənzərənin mənim yaddaşımda həmişəlik qalacağına əmin idim.

İntəhasız səmada ulduzlar sayrışır, ay da onlara baxıb fərəhlənirdi. Ona baxdıqca qoşunla üstümə gələn fikirləri işığı ilə pərən-pərən salan ayın fərəhi mənə də sirayət edirdi. Daxilimdə özünə yavaş-yavaş yer edən fərəh otağımızın qapısının açılması ilə bir andaca yox oldu. Qapını açan son zamanlar dini sualları ilə sanki bizim dini biliklərimizi yoxlayırmış kimi hardansa qəfil peyda olan Əşrəf idi. Ona görə bizim deyirəm ki, qrupda dini bilikləri çox olan mən və mənim otaq və qrup yoldaşım Ceyhun idi. Qrupda kim dini məsələlərlə bağlı nəyi bilmirdisə bizə üz tuturdu. Son zamanlar bizə ən çox sual yağdıran adam da Əşrəf idi. Onun bu sualların cavabı öyrənəndən sonra tətbiq etdiyini heç görməmişdik. Və bu sualların cavabını nə etdiyi barədə heç bir fikrimiz yox idi. Əşrəf bizdən öyrəndikləri ilə nə istəsə edərdi. Namaz da qılardı, oruc da tutardı, Həccə də gedərdi... Ancaq di gəl ki, o hələ də öyrənməklə məşğul idi...

Bu ərəfələr mən və Ceyhunun özümüzü dində tapdığımız ərəfələr idi. Bizi birləşdirən də elə din idi deyə bilərik. İlk dəfə bir-birimizlə söhbətimiz zamanı dini biliklərimizin olduğunu görüb daxilən sevinmişdik. Bir-birimizlə çoxlu dini söhbətlər edə biləcəyimizi başa düşüb bir-birimizə daha da yaxınlaşmışdıq. Bu yaxınlıq bizi o qədər birləşdirmişdi ki, hətta çapyılarımızın da (arada mənim dolabım sonra Ceyhunun dolabı olmaq şərti ilə) yanaşı olmağına səbəb olmuşdu. Hər ikimizin dolabında ya şəriət, ya əxlaq, ya da başqa dini mövzuda olan kitablar olardı. Biz həmin kitabları böyük bir şövqlə oxuyar və bir-birimizə ötürərdik. Səhər, günorta və axşam namazlarını birlikdə qılar, hətta bəzən namazdan sonra namaz otağında Quran da oxuyardıq... Nə mənə nə də Ceyhuna həyatda özümüzü tapmağa dindən başqa birşey lazım deyildi. Biz bütün suallarımıza dində cavab tapmışdıq. Həyatın mənasından tutmuş onun mənasızlığına qədər bütün suallara cavabımız vardı. O cavabları isə dolablarımızda olan dini kitablardan oxumuşduq...

Əşrəf qapının kandarında dayanıb otağa girmək üçün icazə istədi, icazəni alandan sonra isə birbaşa mənə tərəfə gəlib çarpayımda əyləşdi. Pəncərədən düşən ay işığı onun mənə sarı çevirdiyi sifətinin bir tərəfinə düşürdü. Ümumi hal-əhvaldan sonra Əşrəfin yenə də dinlə bağlı bir sualının olduğu məlum oldu. Əşrəf soruşurdu ki, Ramazan ayı ay gözlə görünmədən də girə bilərmi? Yəni bəzən elə hallar olur ki, ay adi gözlə görümür amma teleskopla görünür. Belə olan halda da ramazan ayının girdiyini deyə bilərikmi?

Qabağdan Ramazan ayı gəldiyindən təxminən iki həftə bundan qabaq bu sual məni də maraqlandırmışdı və cavabını tapmaqdan ötrü əlimdə olan bütün şəriət kitablarını bir daha nəzərdən keçirmiş ancaq dəqiq cavab tapa bilməmişdim. Əmimoğluna zəng edib kənddəki evimizə getməyini lazım olan kitabları götürüb Ramazan ayı və ayın görünməyi barədə olan hissələri oxuyub dəqiq cavabı mənə bildirməyini xahiş etmişdim. O da dediyimi etmiş, lazım olan cavabı oxuyub öyrənmiş, cavabın yazıldığı hissənin şəkilini də hər ehtimala qarşı mənə göndərmişdi. Ona görə də Əşrəfin bu sualının cavabını dərhal verdim. - Ayı teleskopla görmək də Ramazan ayı olduğunu bildirir- Cavabımdan razı qalan Əşrəfin sifətində təbəssüm çiçək açmaq istəyirdi ki, yan çarpayıdan Ceyhunun ötkəm səsi eşidildi. Səhv deyirsən, bu belə deyil. Mən bir qədər susuram və - necədir bəs ? – deyirəm. O, - ayı gözlə görmək lazımdı - deyir. Mən bu variantla razılaşmır və öz dediyimdə dururam. O dolabındakı kitabları götürüb guya səhv dediyimi sübut etmək üçün Əşrəfin verdiyi sualın cavabını axtaranda mən də telefonumu çıxarıb əmimoğlunun mənə göndərdiyi şəkili ona göstərirəm. Ceyhun telefonumu əli ilə yana edib ayın işığında öz kitablarını vərəqləyir. Mən də onun inadına inad öz dolabımdakı kitabları da onun qabağına töküb – al bunlara da bax – deyib gülümsəyirəm. Ceyhuna baxanda bir neçə gün bundan qabaq bu sualın cavabını özümün də necə böyük bir narahatlıqla axıtarıdığımı xatırlayıram. Ona görə də bir qədər yumşalıb Ceyhuna telefonumdakı şəkili göstərir, şəkildə olan cavabın yazıldığı kitabın adını xoş bir tonda deyir, telefonu yenidən ona tərəf uzadıram. Cehyun isə heç cür mənim dediklərimlə razılaşmır, önünə tökdüyü kitabların arasında vurnuxur...

Mən yenə də onun mənimlə razılaşmadığını gördükdə bu dəfə ona güldüm. Gülüşüm qeyri-ixtiyari olaraq Ceyhuna toxundu. O, mənə baxıb – nəyə gülürsən? – dedi. Mən də - sənin yersiz inadına – cavabını verdim.

-       İnad ? Mən inad edirəm ?

-       Hə.

-       Deyirəm ki, mən deyəndi.

-       Mən də deyirəm ki, mən deyəndi

           Çarpayımda oturmuş Əşrəf təccüblə ikimizə də baxıb az qala pıçıltı ilə - indi kim deyəndi? -  deyir. İkimiz də birdən ona baxıb bərkdən, eyni vaxtda və eyni əsəblə - mən deyəndi – deyirik. Əşərfin baxışlarından  karıxdığı, verdiyi sualla axşam vaxtı belə səs-küyə səbəb olmağına görə peşman olduğu duyulur.  O, - əsəbləşməyin qardaşlar -deməklə kifayətlənir. Onun bu sözünün isə bizə zərrə qədər də təsiri olmur. Ceyhun yenidən əsəb saçmağa başlayır, əlini mənə tərəf tutub – nə bilire bu dini – deyir. Mən də onun əsəb saçmağına özümdən çıxıb partlayır – Əsl sən nə bilirsəne ? Nə bilirsənsə də hamısını məndən öyrənmisən - deyib kitablarını əlimlə qarışdırıram. Ceyhun bu sözümdən sora özünü saxlaya bilməyib mənə cumur. Biz tutaşırıq. Əşrəf və digər otaq yoldaşlarım yaranan səs-küyə şirin yuxularından oyanıb bizi aralamağa başlayırlar. Bizi aralayıb hərəmizi otağın bir küncünə aparırlar. Biz əsəb içində fınxırır yenidən tutaşmağa can atırıq. Yaranan vəziyyətə görə ən çox Əşrəf özünü günahkar hiss etdiyindən ən çox o əl-ayağa düşür. Üzünü gah mənə gah da Ceyhuna tutub – eləməyin qardaşlar, eləməyin. Yaraşmır sizə - deyir. Mən – birinci o başlatdı – deyirəm. Bu vaxt otağın qapısı açılır və yataqxana komendantı içəri girir. Tərs-tərs bizə baxıb – nə səs-küydü salmısız, yata bilmirsiz? – deyir. Özünü hələ də günahkar hiss edən Əşrəf – Zaraftlaşırdıq, üzürlü sayın - deyir. Komendant – zarafatın da vaxtı var. İndi zarafat vaxtı deyil. Yatmaq vaxtıdı. Bir də səsiniz gəlsə rəhbərliyə məlumat verəcəm – deyir, bir qədər sükut içində bizə baxır və qapını örtərək gedir. Biz qəzəbli olsaq da daha dinmirik. Mən özümü ələ almağa çalışıram. Yaratdığımız səs-küyün sorağının dekana gedib çıxsa onun alacağı sifət gəlib gözümün qabağında dayanır. Rəhbərliyə məlumat veriləcəyi təqdirdə valideynlərimin çağırılmağı və töhmət almağım ehtimalları da sakitləşməyimə əməlli başlı kömək edir. Ceyhuna baxıram. Hiss edirəm ki, o da mənim düşündüyüm şeyləri düşünür. Əşrəf aranın sakitləşməyə doğru getdiyini görüb sağollaşır və gedir.    

Mən yenidən çarpayımda uzanmış intəhasız səmaya, səmada parlayan aya, sayrışan ulduzlara baxmağa başladım. İndi ay mənə fərəhsiz görünürdü. O daha sevinclə parlamırdı. Sanki təssüflə işıq saçaraq başını bulayırdı... Ceyhun da mən də otaqda olan digər üç otaq yoldaşım da dərin bir sükut içində susurduq. Birdən otağın ən qaranıq tərəfində öz çarpayısında uzanan Oqtayın qalın səsi qaranlıqda çaxan ildırım kimi çaxaraq bir sual səsləndirdi.

 – Sübhənallah sözünün mənası nədi ?

Qaranlıqdan çıxıb üstümə cuman bu sual sanki bir vedrə soyuq su olub üzümə çırpılmışdı. Sanki mən hamının içində birdən lüt qalmışdım. Çünki mən qaranlıqdan çıxıb boğazımdan yapışan bu sualın cavabını bilmirdim. Bu sualın cavabını bilmədiyimi büruzə verməməkdən ötrü dinmədim. Sakitcə yanakı nəzərlərlə Ceyhuna baxdım. O da narahat şəkildə yerində dikəlib mənə baxırdı. O da susurdu. O da bu sualın cavabını bilmirdi...

 Ay ikimizə də rişxəndlə gülürdü. Ulduzlar isə öz aralarında pıçıldaşırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.