Super User

Super User

 

Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu (AMİF) ilə Yenises.ru portalının birgə layihəsi olan “Vətən” şeir müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

İctimai Təşkilatların Moskva Evi-Kovorkinq Mərkəzində keçirilən tədbiri jurnalist Cəfərsadıq Abbasov açıb. AzərTAC-ın Moskva müxbirinin verdiyi məlumata görə, sonra çıxış edən AMİF-in rəhbəri Şamil Qurbanov Fondun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqənin “Vətən” adlandırılmasının təsadüfi olmadığını qeyd edib. O, Rusiya -Azərbaycan, mədəni-ədəbi əlaqələrinin inkişafına təkan verən bu səpkili tədbirlərin gənc nəslə Vətənə, ədəbiyyata sevgi aşılamaq yönündə faydasından danışıb.

Tədbirdə iştirak edən Moskva şəhəri Ryazanski bələdiyyə dairəsi Deputatlar Şurasının deputatı Nikolay Porodin Rusiya-Azərbaycan dostluğu çərçivəsində təşkil olunmuş müsabiqəyə yüksək qiymət verərək, Moskva şəhəri, Ryazansk rayon icra hakimiyyətinin başçısı Anatoli Yevseyevin təbrik məktubunu oxuyub.

Azərbaycan və Avrasiya Yazıçılar birliyinin üzvü, şair, tərcüməçi Afaq Şıxlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-şair Südabə Sərvi, tanınmış psixoloq, Rusiya İctimai Komitəsinin üzvü, şair Zirəddin Rzayev, Rusiya Yazıçılar Birliyinin üzvü, jurnalist Cəfərsadıq Abbasov və Yenises.ru informasiya portalının rəhbəri, jurnalist Tünzalə Vəliqızının təmsil olunduğu münsiflər heyəti tədbir boyu ilk onluğa düşən qalib şeirləri səsləndiriblər.

Gecənin ən həlledici və həyəcanlı məqamı isə qaliblərin adının elan edilməsi olub. Qaliblərin adını Zirəddin Rzayev, Afaq Şıxlı və Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Orxan Hacıyev açıqlayıblar.

Onu da qeyd etmək yerinə düşər ki, müsabiqəyə Azərbaycan, Rusiya, Türkiyə, Belarus, Çexiya və bir çox digər ölkələrdən poeziyasevərlər öz şeirlərini göndəriblər.

Müsabiqənin ən kiçik iştirakçısı isə Belorusun Minsk şəhərindən olan Lyubov Mixonskaya idi. Onun İkinci Dünya müharibəsi qəhrəmanı, həmyerlimiz Nəcəfqulu Rəfiyev haqqında yazdığı şeir “Münsiflərin rəğbəti” mükafatına layiq görülüb.

Müsabiqənin 7 qalibi pul mükafatı və Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun diplomuna layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət” portalının əldə etdiyi məlumata görə, qaliblər arasında istedadlı gənc şairlər İntiqam Yaşar və Ruslan Dost Əli də var.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

 

Sadıq Qarayev yazır

 

“Ədəbiyyat və incəsənət”in Gülüş klubunda bu gün alim və romançı kimi tanıdığımız, amma həm də güclü satirik qələmi olan Sadıq Qarayevdir. Gileyimiz isə səngimək bilməyən tədbirlərdəndir. 

 

Çöx qəribədir, elə bil buzlaşırıq, daşlaşırıq bu tədbirlərdə, ömürümüzü, günümüzü, əsas da iş saatlarını itiririk.

Bəlkə də müasir zamanda heç kim işləmir, hamı tədbir keçirir, tədbirdə olur, bir də maşın sürür, ya maşında olur.

Günün günorta çağı Bakının hansı küçəsinə, prospektinə baxırsan, tıxacdır. Taksiləri, avtobusları, yük daşıyan maşınları anladıq, bəs bu xarici, bahalı avtomobillər hara gedir, hardan gəlir? Bəs bunlar haradasa işləmir? İşləmirsə bu maşınları necə alıblar, işləyirlərsə yollarda nə edirlər?

5 gün əvvəl AYB-də tədbir keçirəcəkdik. Onunla əlaqəli bir sıra şəxsləri dəvət edən zaman qəribə mənzərə ilə rastlaşdım. Ən zəifinin həmn gün 2 tədbiri var idi. O deyir tədbirdə olacam, bu deyir konfransdayam, digəri deyir iclasda olacam, ordan tədbirə keçəcəyəm, ordan da qutultaya qatılacağam…

VALLAH məttəl qaldım. Bu qədər tədbir olar?

İndi bu tədbirlərin çox maraqlı tərəfləri də var e...

3-4 yerdən tədbirə çağırılanlar başlayır götür-qoy etməyə, hansı pristijlidir, kim çağırıb, orada mənə söz veriləcək, ya yox? Kimlərlə şəkil çəkdirə biləcəm və s.

Başlayırlar tədbir haqqında tədbir tökməyə.

Məsələnin bu tərəfi də var ki, sual yaranlr: mənim, bizim tədbirə kimlər, nəçilər gəlmişdir? Məni tədbirə çağıran mənim tədbrimdə iştirak etmişdimi?

O yollardakı maşınların da çoxu iş vaxtlarında ola bilsin ki, tədbirlərə adam daşıyırlar. Yekə tədbirlərə sürətlə, balacalara ehmalla gedirlər.

Bilmək olmur ki...

Tədbirlərin ən yaxşısı sonu yeyib- içməklə bitən sayılır.

Ən pisi baş işlədilən, sorğu-sual olunanıdır.

Amma bir şeyi unutmaq olmaz ki, ən gözəl tədbir faydalı işlə məşğul olmaqdır.

Şəkil çəkdirmək, boş-boş sözlər danışıb camaatı dəng etməklə xidmət etmək olmaz.

Ortaya dəyər, zəhmətin nəticələrini qoymaq lazımdır.

Tədbirlər haqqında tədbir görmək lazımdır bir sözlə!

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə sevilən şair Əkbər Qoşalı görüşür. Yeni il ərəfəsində şair “yazıram” deyir, necə yazdığını bəyan edir və ortaya yeni bir gözəllik qoyur.

 

 

Yenə əldə qələməm,

Şeir yazıram yenə,

Şeirə sən yazıram;

Sənə gözüm deyirəm,

Gözümə nəm yazıram.

 

Gəl, nə gəlsin xəyala,

Gün ələnsin xəyala;

O bir əlçim xəyala,

Gah sən gah mən yazıram.

 

Dəniz kimi qalxan mən,

Gəmiləri yaxan mən;

İndi baxıb sahildən,

“Geri dönməm!” yazıram.

 

Sahil deyil hər sahil,

Qağayılar da daxil…

Xatirələr lillənir,

Suya həmdəm yazıram…

 

Gəl, nə gəlsin xəyala,

Nur çilənsin xəyala;

Dalıb gülçin xəyala,

Necə sərsəm yazıram…

 

Yenə əldə qələməm,

Gah nəşə gah ələməm,

Sənə dözüm deyirəm,

Söz verirəm…

                        Yazıram…

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Cümə axşamı, 28 Dekabr 2023 10:53

Komitə sədri qəbul keçirdi

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə bir qrup incəsənət xadimi, mədəniyyət işçisi və yazarla görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib. 

 

Milli Məclisdə baş tutan görüşdə, incəsənət xadimləri, mədəniyyət işçiləri və yazarlar öz yeni yaradıcılıq uğurları, qayğıları, planları ilə bağlı danışıb, onları maraqlandıran müxtəlif məsələlərlə bağlı suallar verib.

Xalq artisti Mərahim Fərzəlibəyov, Əməkdar artist Şəbnəm Tapdıq, Əməkdar artist Vaqif Mirzəyev, Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-publisist Fazil Rəhmanzadə, 50 ilə yaxın Şirvanşahlar Sarayı, Qız Qalası, Atəşgah və b. dövlət qoruqlarının rəssamı olmuş Böyükxanım Dadaşova, pedaqoq-tarzən Cəbrayıl Göyüşov, miniatürçü rəssam Pərinisə Əskərova, müğənni Cəmilə Hüsiyeva, Heydər Əliyev Sarayının keçmiş direktor müavini İlqar Dadaşov, tanınmış araşdırmaçı jurnalist Ulduzə Qaraqızı, Bakı Bələdiyyə Teatrının aktyoru İsmayıl Atakişiyev, aktyor, müğənni Topfiq Hacıyev, mədəniyyətyönümlü QHT rəhbərləri – jurnalist Vüsalə Qələndərli, xanəndə Fəridə Mirişova  və Kərəm Nəbiyev, yeni yaradılmış özəl “Qədim Zəngəzur” Teatrının direktoru Firudin Əliyev, teatrın bədii rəhbəri, kino, dublaj və teatr aktyoru Ramil Zeynalov, rəssam Mehriban Xəlilzadə, gənc şair Roma Xosrov, gənc filoloq Həmidə Mehbalıyeva, məktəbli yazar Sevindik Nəsiboğlu və başqaları (toplam 27 nəfər) ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb, həllivacib məsələlərlə bağlı əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları yazacağını bildirib.

Fazil Mustafa Azərbaycan ali dövlət rəhbərliyinin, Heydər Əliyev Fondunun mədəniyyətə, incəsənətə yüksək diqqət-qayğısından söz açıb, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin təşkil etdiyi tematik forumlara, digər məsələlərə diqqət çəkib. Qanunvericilik orqanında mədəni irslə, mədəniyyət, incəsənət fəaliyyəti ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar yaxud qanunlara əlavələr haqqında danışan Fazil Mustafa, qəbula gələnlərə Mədəniyyət Komitəsinin fəaliyyəti barədə də bilgi verib.  

Görüş iştirakçılarından bir qismi öz əsərlərini Komitə sədri üçün imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin  şeirlərini  təqdim edir.

 

 

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

Yumurtanın ağ divarın

Ana eşqiylə dəldiniz.

Sizlər də ananız kimi,

Yetim dünyaya gəldiniz.

 

Ananızı qınamayın,

Sanmayın sizi atdılar.

Onları da atanız tək,

Buğda ilə aldatdılar.

 

Atanızın ayaqların,

Qarmaqlara bağladılar.

Yerə baxan başlarını,

Biçaq ilə dağladılar.

 

Onun səhər avazıyla,

Narın-narın süzmədiniz.

Mahnımızın kölgəsində,

Məğrur-məğrur gəzmədiniz.

 

Saxta ana qucağında,

Uyumadan, oyandınız.

Boyaqçının qarşısında,

Öksüz-öksüz dayandınız.

 

Əlvan-əlvan boyalarla,

Kimliyizi dəyişdilər.

Boyaqçılıq sənətilə,

Səadətə yetişdilər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. 

 

Gülü hanı o yerlərin...


Gülü hanı o yerlərin,

hansı torda yaz qarıdı?

Davaya gedən ərlərin

yaşıdları “qız qarıdı”.

 

Özgəyə boyun əymədi –;

düymə – yar açan düymədi,

dizim daşına dəymədi,

bulaqda yarpız qarıdı.

 

Əlim gözlərini silib,

qəlbim dərdlərini bilib,

neçəsi şəkilnən ölüb,

neçəsi yalqız qarıdı!

 

Daşan yağdı, yanan baldı;

sevən könül kardı, laldı,

cavan gedən cavan qaldı,

yazdığı kağız qarıdı.

 

Baş daşında dilək gördüm,

havalanmış külək gördüm,

məzarlıqda mələk gördüm,

dedilər: “Şəhid yarıdı”.

 

Qızlar sevmək həvəsində,

məktəb gözəl töhfəsində,

şəkli “Şəhid lövhəsində”;

oğlanlar şagird qarıdı...

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Cümə axşamı, 28 Dekabr 2023 14:30

Abşeron tənhalığı - RAMİL ƏHMƏD YAZIR

“Ədəbiyyat və incəsənət” istedadlı gənc yazar, ədəbiyyatşünas Ramil Əhmədin öz yeni “Abşeron yarımadamı” kitabına yazdığı sözönünü, yaxud p.s-i təqdim edir. Bu, həm də kimlik krizi barədə düşüncələrdir. 

 

Tənhalıq insanın həyatında başqa bir adamın olub-olmamasından asılı deyil. İnsan onu dinləyib-anlayacaq adamların az olmasından tənhalaşır. Bu ruhsal tənhalıqdır. Qəribədir ki, çoxlu adamların içində tənhalıq daha da dərinləşir. 

“Abşeron yarımadamı” kitabımda vurğulanan məna yaşadığımız çağda insanın tənhalığı və ünsiyyətsizliyidir. Bu gün ünsiyyət üçün sosial şəbəkələr var, amma ünsiyyətin özü yoxdur. Mənə elə gəlir, biz dəyərlərimizi yaxşı mənimsəməmişik. Özümüzü başqalarıyla müqayisə edirik. Məsələn, deyirik, Bakı monoton şəhərdir, ruhsuzdur və s. Halbuki yaradıcı adam üçün rəngsizliyin, ruhsuzluğun özü də yaradıcılığa çevrilməlidir və mən düşünmürəm ki, Bakı rəngsiz şəhərdir. Abşeron həm ədəbiyyat, həm rəssamlıqda böyük mövzudur. Axı bu şəhərdə sevir, darıxırıq, insanı, insanlığı burada tanıyırıq. Bu duyğuları bu coğrafiyada yaşayırıq. 

Çağımızın ən ciddi məsələlərindən biri kimlik krizidir. Üstəlik, buna Şərq-Qərb konteksində baxanda önümüzdə başqa bir mənzərə açılır. Məncə, Qərb istəyir ki, bizim milli rənglərimiz solsun və hamı bomboz qloballaşma deyilən şeyin içində əriyib getsin. Qərbin birrəngli modelindən deyil, Şərqin çoxrəngliliyi, çoxsəsliliyindən yanayam. Əslində, kütlə Qərbə yox, Qərbin bizə özünü təqdim etdiyi və həqiqəti əks etdirməyən Qərb modelinə aşiqdir. Bu gün idellaşdırdığımız Qərb illuziyadır. Yüz il bundan qabaq türk aydınları Fransada bunu gördülər və qayıdıb Osmanlı kültürünə sahib çıxdılar. Bizim aydınlarımız - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli və s. da bunun fərqinə vardılar və milli kimliyimizi qorumaq uğrunda mübarizə apardılar. Bu gün isə məlum olur ki, qələm adamlarımız, fikir adamlarımız kütləvi fikrin, çoxluğun diktəsi ilə yaşayırlar və onları forma, bəzəklə aldatmaq asandır. Dərk edənlərimizin səsini eşidən, eşitmək istəyən yoxdur...

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Verən ala da bilir, ona görə də özünün olanlarını dəyərləndir.

 

2.Ən çətin şey sehrində olduğun insanın sehrindən azad olmaqdır.

 

3.Qadın küsüşməyə layiq kişi arzulayar.

 

4.Tənbəlliyin rəqiblərinə verdiyin əlavə şansdır.

 

5.Qadın qəzəl kimidir, bəzi şeyləri anlamasan da, ümumən fikri tutub zövq almaq olur.

 

6.Öz təkliyi ilə ünsiyyət qura bilən tək qalmaz.

 

7.İnsan kölgəsi pis həmsöhbət kimidir, bütün hərəkətləri yalnız təkrar etməyi bacarır.

 

8.Allahın necə yaradıldığını düşünməsən, Allahın yaratdıqlarını düşünmək asandır.

 

9.Sifətlərini idarə edə bilənlər çox şeyləri də edə bilərlər.

 

10.Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

“Açar” qısametrajlı bədii filmi gələn ilin yanvarın 12-18-də Bolqarıstanda keçiriləcək 16-cı Sofia Menar Film Festivalının qısametrajlı filmlər proqramına seçilib.

 

AzərTAC xəbər verir ki, proqramda Azərbaycanla yanaşı Yaponiya, ABŞ, İran, Tunis, Misir, Pakistan kimi ölkələrdən təqdim olunan filmlər yer alıb.

 

Qeyd edək ki, premyerası 2023-cü ilin aprel ayında Niderland Krallığında “Oscar”, BAFTA və Avropa Film mükafatlarına klassifikasiyalı 14-cü “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında baş tutan “Açar” filmi ötən müddət ərzində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda ölkəmizi təmsil edib.

 

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

 

Ekran əsərində Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Cümə axşamı, 28 Dekabr 2023 09:30

Beynəlxalq Muğam Mərkəzinin 15 illiyi qeyd olunub

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən BMM–in direktoru Sahib Paşazadə və yazıçı-dramaturq İlqar Fəhmi Mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat veriblər. Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzi öz fəaliyyəti ilə ulu xəzinənin təbliği, şanlı mənəvi irsin saxlancı və milli dəyərin təbliğat mərkəzi funksiyasını yerinə yetirir.

 

Sonra Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca səhnəyə “Xarıbülbül” ansamblı dəvət olunub.

Tədbirdə Xalq artisti Arif Babayevin videotəbriki təqdim edilib.

Gecə Xalq artistləri Gülyaz Məmmədova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Elçin Həşimov, Elnur Əhmədov, Teyyub Aslanov və Əməkdar incəsənət xadimi Aqil Məlikovun çıxışları ilə davam edib.

Qeyd edək ki, 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılışı ilə Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz yaradıldı.

Ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə, mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.