Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən BMM–in direktoru Sahib Paşazadə və yazıçı-dramaturq İlqar Fəhmi Mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat veriblər. Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzi öz fəaliyyəti ilə ulu xəzinənin təbliği, şanlı mənəvi irsin saxlancı və milli dəyərin təbliğat mərkəzi funksiyasını yerinə yetirir.
Sonra Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca səhnəyə “Xarıbülbül” ansamblı dəvət olunub.
Tədbirdə Xalq artisti Arif Babayevin videotəbriki təqdim edilib.
Gecə Xalq artistləri Gülyaz Məmmədova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Elçin Həşimov, Elnur Əhmədov, Teyyub Aslanov və Əməkdar incəsənət xadimi Aqil Məlikovun çıxışları ilə davam edib.
Qeyd edək ki, 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılışı ilə Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz yaradıldı.
Ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə, mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)