Super User
X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycan necə təmsil olunub?
X Uluslararası İstanbulensis şeir Festivalı 25-27 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Sultanbəyli bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib. Festivalda Azərbaycan da təmsil olunub.
Tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycanı təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşara müraciət edərək festival barədə bilgilər alıb.
Bu festival hər il müxtəlif ölkələrdən olan şairlərin iştirakı ilə keçirilir. Bu il Beynəlxalq şeir festivalında Azərbaycan, Türkiyə, Tunis, İran, Suriya, Fələstin, Seneqal, Mavritaniya, İordaniya, Bosniya və Hersoqovina və başqa ölkələrdən şairlər iştirak ediblər. Festivalın açılış tədbirində Sultanbəyli bələdiyyəsinin sədri Hüseyn Kəskin iştirakçıları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. O, Sultanbeyli bələdiyyəsinin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətlər haqqında festival iştirakçılarına məlumat verib. Açılış tədbirində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyublar. O cümlədən bizim təmsilçimiz Rəsmiyyə Sabir də öz şeirlərini oxuyub.
Festival çərçivəsində müxtəlif liseylərdə məktəblilərlə şairlərin görüşləri keçirilib. Şairlər şagirdlər üçün öz şeirlərini oxuyublar və şagirdlərin ədəbiyyatla bağlı suallarını cavablandırıblar. Rəsmiyyə Sabir məktəblilərə Azərbaycan şairləri, müxtəlif ədəbi birliklər (Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Yazarçılar Birliyi) ölkəmizdə nəşr olunan ədəbi dərgilər haqqında ətraflı məlumat verib.
Bir sözlə, X Uluslararası İstanbulensis Şeir Festivalı ölkələr arasında bir poetik körpü yaratmağa müvəffəq olub.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Soltan Soltanlı bu dəfə İndoneziyada fərqlənib
Tanınmış karikaturaçı rəsaam Soltan Soltanlı İndoneziyada keçirilən "Universitet" mövzusunda beynəlxalq karikatura yarışmasına qatılıb.
“Ədəbiyyat və incəsənət” portalının Soltan Soltanlıdan aldığı məlumata görə, öncə 150 əsər seçilib. Son dəyərləndirmədə isə 30 finalçı əsər seçilib və Soltanln işi də orada yer alıb.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
POETİK QİRAƏTdə İqbal Nəhmətdən “Xətrinə”
“Ədəbiyyat və incəsənət” portalınln Poetik qiraət rubrikasında bu gün sizlərə İqbal Nəhmətin “Xətrinə” şeirini təqdim edirik.
Çox seylər bilirəm desəm qan düşər,
Qanı saxlayıram suyun xətrinə.
Danışmaq yaxşıdı, susmaq lap yaxşı,
Bir nəslin xətrinə, soyun xətrinə.
Olaq qaranlığın qulu, hakimi
Desənə oyadaq biz daha kimi,
Gəl gecə yatmayaq sabaha kimi,
Günəşi gözləyək ayın xətrinə.
Ürəyim sənindir parçala, ya deş,
Sevə bilirsənsə qiymətindi beş,
Bu dəfə yek ataq, gələn dəfə şeş,
Ömrü yaşamayaq oyun xətrinə.
Qanmaz qanmaz olsun,qanmasa yaxşı,
Pis öz pisliyini danmasa yaxşı,
Vicdanı olanlar sınmasa yaxşı,
Bir tikə çörəyin, payın xətrinə.
Qaytara bilmədik gedənimizi,
Bax ayrı saldılar bizlərdən bizi,
Gəlin birləşdirək Vətənimizi
Xan Araz deyilən çayın xətrinə.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
“Gedəndə qəlbimi apar özünlə” - İki müəllifdən bir şeir
Leyla Səfərova və Cəfər Atayev, “Ədəbiyyat və incəsənət” üçün.
Leyla Səfərova Cəfər Atayevlə birliktə bəndləşərək bu şeiri yazmışlar. İki müəllifdən nəsr nümunəsi çox görmüşük, nəzm nümunəsi isə yəqin ki, bir ilkdir.
Gül üzlüm, gül üzün güllərdən gözəl.
Güllərim utansın deyəmi varsan?
Güləndə könlümə güllər düzülər,
Günlərim gül qoxsun deyəmi yarsan?
Ay üzlüm, ay üzün aydan da parlaq,
Kainat işığın səndənmi alır ?!
Olmasan ömrümə gün doğmayacaq..
Çün mənim varlığım, varlığındadır..
Bilmirəm, nə hissdir dolub qəlbimə..
Bəlkə qoxun dolsun ciyərlərimə?
Deyirəm, gülmələr necə yaraşır
Sənin şirin səsin, gözəl üzünə..
Mən aydan, günəşdən daha yüksəyə
Sevgini daşıdım qəlbimdə sənin,
Ayrılıq kəlməsin gətirmə dilə,
Gəl, zirvəmiz kədər qoxmasın bizim
Gedirəm deyirsən insafsız yarım..
Burnumdan qoxunu apar özünlə
Burada qalmağın imkansız, barı
Gedəndə məni də apar özünlə..
Sən orda alovlan, mən burda yanım,
Bəlkə də qarışar közüm közünlə.
Gedəndən gözlərim səmada qalıb
Bir ümid, rastlaşar gözüm gözünlə.
Mən bir az kədərli, bir az sakitəm
Gəlmişəm danışım sənə özümdən
İndi gəlib sənə getmə deyirəm
Gedəndə qəlbimi apar özünlə.
Apar ki, sevməsin daha kimsəni,
Apar, gözləməsin, məndən gedəni…
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
HƏR GÜN YARIM SƏHİFƏ - Yadda qalan fraqmentlər
Varis, “Sonuncu ölən ümidlərdir”
...“Sonuncu ölən ümidlərdir...” Əcəb başlıqdır. Doğrudandamı, ümid sonda ölür, insanın özündən sonra?
Ta qədimdən insanlar ümidlə yaşayıblar. Bilmirəm, vəhşi insanların hansı ilk dəfə ümidi kəşf edib, ancaq təxmin edirəm ki, bu kəşfetmə ov prosesi ilə bağlı olub. Yəni dördayaqlı vəhşi insan daş alətlə ova çıxıb qənimət əldə etmək istəyəndə onun içində ilk dəfə ümid cücərib. O, ümid edib ki, ov ovlaya biləcək, kahasına əliboş qayıtmayacaq...
Min illər keçsə də, insan ən gözəl vərdişindən - ümidlə yaşamaq vərdişindən hələ də vaz keçməyib. İndiki ümidlər keçmişdəkilərə nisbətən xeyli inkişaf ediblər, təkmilləşiblər. Ancaq öz mahiyyətlərini dəyişməyiblər. Ümid insanı yaşadan sonuncu nəsnə, son tutalqadır. Bəzən ümid okeanda batan birisi üçün yapışmaq istədiyi saman çöpü qədər öz əhəmiyyətini kiçiltsə belə, yenə də insan mövcudluğunun ən vacib atributudur...
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
“Hər şey uşaq ikən gördüyü çətinliklərdən başladı”
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Raulun Piriyevin 9 yaşı var idi. Özündən kiçik qardaşı Raufun isə 7 yaşı. Ataları onları səhər saat 6-da oyadardı. Bu artıq onlarda vərdiş halına gəlmişdi. Ataları qalxın deyən kimi, dərhal qalxırdılar. Sanki bir əsgər rejimində idilər. Tez durmalı, saatla geyimlərini geyinməli idilər. Və iki qardaş hər səhər qaçardılar. Qaçışdan sonra bəzi idman hərəkətləri ilə məşğul olardılar. Daha sonra qış-yay bilmədən soyuq su ilə yuyunardılar. Su buz olsa, yaxud çox şaxtalı qış günü keçərdisə, yenə də fərq eləməzdi. Bu vərdişləri yerinə yetirib, səhər yeməklərini də yeyəndən sonra məktəbə gedərdilər. Hər dəfə vərdişlər təkrarlanda isə ataları həm qaçış saatını, həm də turnik hərəkətlərinin sayını artırardı.
Nəcibə ananın igid oğulları bu minvalla böyüdü.
Raul futbola çox həvəsli idi. Xoşu gəlirdi desəm, çox adi olar. Ruhu ilə, canı ilə bağlı idi futbola. O həmişə deyirdi ki, mən futboldan yorulmuram, dincəlirəm. Bütün ruhum, bədənim dincəlir. İzləyəndə də, həmçinin oynayanda da.
Keçmiş yazılarımdan bilirsiniz ki, Raulumuzun Xüsusi Təyinatlı Qoşunlara (XTQ) xüsusi marağı, istəyi, arzusu var idi. Mən də anası Nəcibə xanım kimi düşünürəm ki, bu idman sevgisi, qatı rejim Raulda XTQ-yə olan sevgini yaradıb və hər zaman artırıb. Nəcibə xanım nə qədər yoldaşına “heç olmasa, bazar günü uşaları oyatma, qoy yatsınlar” desə də, oğullarını qoçaq görmək istəyən ata övladlarını bu rejimdə böyüdür. Bu rejim sayəsində Raul heç vaxt xəstələnməzdi. 15 yaşından sonra artıq böyüdükləri üçün atası onları sərbəst buraxır, özləri nə bacarırsa, onu edirdilər.
Raul hətta 3-cü kursdan XTQ-yə qoşulmaq istəsə də, anası bu peşənin nə qədər çətin olduğunu bildiyinə görə hər bir ana kimi övladının əziyyət çəkməsini istəmədiyi üçün, onu yayındırır. Raul da heç vaxt valideyinlərinin sözündən çıxmazdı. Hara yönləndirildisə ora da getdi. Öz arzularından ailəsinə görə imtina edən Raul heç vaxt ailəsinə mən bu sənəti istəmirəm demədi. Anası hətta düşünür ki, yəqin, bir həvəs idi, gəldi, getdi. O düşünür ki, oğlum daha XTQ-yə qoşulmağı istəməz. Amma elə deyilmiş. Raul əsgər getdikdən sonra öz arzusunu yerinə yetirir. Raul universetə girəndə də idman universetinə daxil olmaq istəyir, ona da icazə vermir ailəsi.
Raul universetdə də, işlədiyi iş yerində də hər zaman yarışlara qatılar və uğur qazanardı.
Hər kəsə məlumdur ki, orduda bir illik əsgərləri XTQ-yə götürmürlər. Amma Raul bir illik əsgər olduğunu bildirməmişdi. XTQ-yə yazılmışdı. Ailəsi onun bu sənəti seçdiyini o Ağcəbədidən Cəlilabada gəldiyindən sonra bilir. Bir il müddətində nə qədər məşqlərdə iştirak edir. Təbii ki, hər ana kimi Nəcibə ana da oğlunun belə çətin və məsuliyyətli işdə olmasından, əziyyət içində məşqlər etməsindən narazı idi. Hər dəfə danışanda Raul anasının könlü xoş olsun deyə, “mama, bilirsən, nə gözəl yerləri görürük biz” deyərdi. Ən təsirli cümləsi bilirsinizmi nədir?! Deyirdi ki: “Ana, qardaşım Namiqin oyuncaq silahlarınln əsli bu gün mənim əlimdədir".
Anasını ovundurmağa çalışan Raul oranın rahatlığını, bu peşəni çox sevdiyini, heç əzab çəkmədiyini deyərdi.
Raul hətta anası ilə şərt də kəsir, deyir ki: “Ana,sən əgər icazə versən, mən əsgərlikdən gələndən sonra bu işimi davam elətdirim, gələcəm. Əgər mən gəldikdən sonra icazəverməyəcəksənsə, gəlməyəcəm, mən burda qalacam".
Anası artıq razılaşmaq məcburiyyətində qalır. Deyir ki: “Əlbəttə gəl, bala, harda istəsən işləyərsən. Heç vaxt daha işinə qarışmayacağam".
Raul bu işini necə sevirdisə, deyirdi ki: “Ana, hər zaman siz deyəni etmişəm, seçmişəm, nə olar, icazə verin, bu dəfə öz sevib seçdiyim yolla gedim".
Məcbur qalan ana razılaşır. Düşünür ki, həqiqətən, Raulun körpəlikdən şəhid olduğu günə kimi bir övlad kimi tələbi, istəyi olmayıb. Anası deyir: “Biz ona nə aldıqsa, geydi, nə verdiksə, yedi. Heç zaman bizə qarşı dönmədi".
Ona görə də bu dəfə Raulu öz istəkləri ilə baş-başa buraxırlar. Razılaşırlar. Sevinə -sevinə yolunu gözləyirlər. Raul anasına söz vermişdi. Oktyabrın 15-nə kimi gələcəm deyən Raul, sözünü tutdu, amma şəhid kimi gəldi.
Qeyd etmək istəyirəm ki, bu mətn Raulun anası Nəcibə xanımla şəxsi söhbətimiz əsasında qələmə alınıb.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Aqata Kristinin sirli qeyboluşu
R. N. İrukin, “Ədəbiyyat və İncəsənət”
1890-cı ildə Torquay şəhərində doğulan ingilis yazıçı Aqata Kristi detektiv janrına 80 roman töhfə vermişdir.
Detektiv janrında yazan ən dəyərli yazıçılardan biri olan Aqata Kristi həm də Meri Uestmakot (Mary Westmacott) ləqəbi ilə də romantik janrda əsərlər yazmışdır.
Erkür Puaro adlı detektiv qəhrəmanın yaradıcısı olan Aqata, kiçik yaşlarından atasını itirib, anası tərəfindən böyüdülüb, tərbiyə olundu. O həm də hələ kiçik yaşlarından hekayələr yazmağa başlamışdır. Kristi 1914-cü ildə pilot Arçibald K. ilə evlənərək Fransaya qayıtdı.
Kristi burda sıxılmamaq üzrə detektiv janrında romanlar oxuyarkən, bu romanlardan daha yaxşılarını özünün yaza biləcəyinin fərqinə vararaq "The Mysterous Affair at Styles" adlı ilk romanını qələmə alır.
Roman yazmaq qərarını alanda bacısı Madge Aqatanın yaxşı bir roman ortaya qoya bilməyəcəyinə dair mərcə girir. Maraqlıdır ki, beləliklə, Aqatanın möhtəşəm yaradıcılıq karyerasının başlanğıcının bacı rəqabətindən yarandığını deyə bilərik.
Kristi romanı yazıb bitirdi və roman altı nəşriyyat tərəfindən rədd edildikdən sonra 1920-ci ildə "Bodley Head" nəşriyyatı tərəfindən çap olundu.
Maraqlıdır: 1926-cı ildə Kristi ortadan itir və düz 11 gün tapılmır. Bir gölün kənarında ona aid avtomobil və çantalar tapılır. 11 gün sonra Kristi yenidən ortaya çıxsa da, bunun haqqında heç bir məlumat vermir. Bu mövzu barədə bir neçə fikir olsa da, dəqiq məlumat yoxdur.
Aqata Kristinin kitabları həm ingilis dilində, həm də digər dillərə tərcümə olunaraq ümumilikdə 2 milyarddan çox satış sayı əldə edərək uğurlar əldə etdi, o, Şekspirdən sonra dünyada ən çox kitabı satılan yazıçı oldu.
Aqata 1976-cı ildə dünyaya gözlərini yumdu. 15 il ərzində (1960-1975) qələmə aldığı ətraflı avtobioqrafiyası isə öldükdən bir il sonra, 1977-ci ildə nəşr olundu.
Onun heyranedici həyatını oxumaq və Aqata Kristinin gizli sirlərindən agah olmaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun.
Lakin təəssüflər olsun ki, kitab hələ də dilimizə tərcümə edilməmiş olaraq qalır...
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Ayrılıq zəruridirsə, onu süni yollarla əngəlləmək nəyə lazımdır? - AKTUAL
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Beyinlər və çənələrin eyni işləmədiyi hamımıza məlumdur. Çox danışan və eynilə bir o qədər az düşünən insanlar var.
Bizim yaşadığız cəmiyyətdə statistika tamam dəyişikdir.
Düşüncələrlə, ağzından çıxan ifadələr tamam fərqlidir.
İnsanlar bir-birinə ancaq yalanlar danışır, hətta özlərinə belə.
Kaş hər kəsin bir gündəliyi olsaydı və bir gün gələrdi, hər kəs açıb baxardı çox yaxşı tanıdığı insanların kim olduğuna.
Əslində, başqasını anlamaqlarına da gərək yoxdur. Özləri özlərinin kim olduğunu bilsə, ən azından bir dəfə olsun özlərinə özləri haqqında doğruları danışsalar, axxx!!,, nə gözəl olardı bu dünya... Məsələn, keçib güzgünün qabağına; hə mən tənbələm, hə, mən yalançıyam, hə, mən axmağam, hə, mən alçağam, amma bunların hamısının öhdəsindən gələ bilərəm, hər şeyi başqa cür edə bilərəm!!!- deyə bilsələr...
Hər kəsin "danışıq obyekti" olan, böyüklərini, xüsusən də universitet, kollec, bir sözlə, elimlə, sənətlə, hər hansısa bir peşə ilə məşğul olurlarsa öz yaşdılarını bəyənməyən, özü ilə fəxr edən "İndiki gənclər"…
Təbii ki, bu sözlər hər kəsə aid deyil.
Qızlar, xüsusilə də rayon, kənd yerlərindən şəhərlərə, ən çox da Bakıya gələnlər müasirlikdən dəm vururlar.
Bizim ölkənin bəzi qızları müasirliyi- kropda, yaxası, kürəyi açıq libaslarda, koftalarda, cırıq cinslərdə, mini ətəklərdə, bol-bol makyaj etmələrdə, yaraşıqlı sevgili ilə gəzməkdə görürürlər.
Statsuları da bütün günü kafelər, restoranlar, əllərində oxumadığı kitablarla verdiyi pozalarla, sevgilisi ilə dava edən kimi "hər kəs üzür qadınları, ayrılanda "məndə qıydım saçlarıma" videoları, şəkilləri ilə dolub daşır.
Statsularınıza baxanların çox vecinədir sizin sevgilinizlə olan problemləriniz? Statusu kim üçün qoyursunuz ? Mesaj göndərirsiniz bununla sevgilinizə?
Bu qədər qorxaq olduğunuz üçün üzülən siz olursunuz. Onun yerinə danışın əlini tutub, heç buraxmaq istəmədiyiniz insanla.
Bax buna görə sənlə danışmıram, bax bu xasiyyətindən, davranışından, sözündən xoşum gəlmir, əgər bunları etməsən, əgər onun yerinə bu olsa, elə etsək, belə etsək davam edə bilərik- deyin. Yox, görürsünüzsə, verdiyiniz şanslar boşunadır, ayrılın getsin də. Nəyə lazımdır bu qədər absurdluq? Şokaladlara gömülmək (türk seriallarından əla şeylər öyrənmisiniz də), saçlarınızı kəsmək, nəbilim e başqa etdiyiniz mənasizliqlar. Şokalad həm cibinizə, həm də cildinizə ziyandır... Həm də kökəlirsiniz.
Üstünə bir də saçlar gedir...
Yoxe, saçınızı kəsəndə nolur axı? Yenidən uzadıb, başqa birisinə sığal çəkdirirsiniz.
Adı da olur müasir dövr anlaşa bilmədik, ayrıldıq, nəbilim, məni heç kim anlamır, dərd çəkirəm. Sonra heç əlaqəsi olmadan mentalitetə keçirsiniz.
95% qızın keçmiş sevgilisi üçün “mən onun üçün çox darıxıram, unuda bilmirəm, ondan başqasını heç vaxt sevməyəcəm” və buna bənzər dediyi sözlərin hamısı yalandıır.
Saç kəsmək də dəb olub, ölkədə hər ayrılan saçını kəsdirir.
İndi bu yazını oxuyan qızlar, sizə sual verirəm: Həqiqətən, hələ də bilmirsiniz, o saçların niyə kəsildiyini?
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Baş, yoxsa ayaq? - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Öncə cism yaradıldı, sonra cismə ruh üfürülüb yer üzünə atıldı.
Həmən gün cənnətdən qovulan Adəm dönüb oldu Adam.
Və tarixin tozlu səhifələrinin arasında milyon illər ərzində insan övladları törənib bütün yer üzünü tutdular.
Onlar necə də axmaq idilər.
Adəmi adam etdiyini düşünən sürü əqli formalaşmadığı vaxtda belə başladı baş-ayaq davası etməyə.
Misirlilər, arilər, şummer-iskitlər və saymadığım neçə tayfalar ilk dəfə tayfaya başçı seçib onu tanrı etdi, zəif bəndləri də məğlubiyyətə düçar edib tanrının ayağından yarandığını iddia etdilər.
Bir az zaman keçdi, şüur inkişaf etdi və təbii ki, bəndələrin avamlığı da, öz növbəsində inkişafdan qalmadı. İki kəliməni düzgün deyə bilməyib, kəndlinin hesabına qarnını doyduran, torpağı çox ağalar və bəylər məclislərin başı oldu, halal zəhməti ilə bir qarın çörək üçün əli qabar edən kəndli yenə oldu ayaq təbəqə.
Başa qayıtdıq, yenə cənnəti ananın ayağı altında zəmin edən millət, yenə cəhalətindən dala qalmayıb, başını açan Sevilə dinsiz deyib, Cəfər Cabbarlının səfalətinə göz yumdu..
Bunu edə-edə hələ utanmadan, hanı başımızın üstündəki Allah deyib üsyan etdi. Bəs yaxşı sən ey Allahın cənnətdən qovulan ilk bəndəsinin törəməsi, başının üstündə Allahı axtaranda, ayağının altında cənnət daşıyan anaya "arvad mənim ayağımın çarığıdır, harda xoşum gəlməsə orda dəyişərəm" deyəndə Allahın sənin onu axtaran gözlərini kor edəcəyini bilmirdinmi?Ey naşükür, sənin qəlbinin gözləri zatən tutulub!
Sonra yenə baş-ayaq məsələsi atıldı ortaya.
Dost başa baxdı, düşmən ayağa. Bu dəfə günah təkcə ayağa baxanda yox, ayağa baxmayanda da, oldu. Ayağa baxan sadəcə, ayağımızın tozunu, ayaqqabımızın çirkabını gördü deyə bizə düşmən oldu. Axillesin dabanı misalı ən zəif nöqtəmizdən, yəni elə ayağımızın tozundan qanımıza zəhər qatmağa başladılar. Dost görünümlü üzü pərdəlilər də boyun qaçırdı ayağımızın tozunu silməyə kömək etməkdən.
Onlar sadəcə başa baxdığından üzümüz güləndə ortalığa çıxıb, qəmə qərq olanda çəkildilər qeybə. Yıxılıb dizimiz qanayanda, ürəyimizin qanadığını kimlər anladı axı?
Zəmanə dəyişdi, dağlar aşıldı, dərələr keçildi, hər kəs hər kəsə qarışdı, əlimizdəki telefonlar dünya içində kiçicik dünyamız oldu.
Bu zaman yenə baş-ayaq hadisələr su kimi axıb gedirdi.
Kasıbların minlərlə balası gedib qartalın ayağına yaxın qanadının qanını öz qanları ilə sarğılayıb, öz canlarıyla yaraya məlhəm oldular. Evdə onları gözləyən anaları, yolaşları, övladları da, qanayan qəlblərinə duz basıb bəyaz çöhrədə "Vətən sağ olsun"dedilər.
Boş başını dolu cibinə əmanət edən digər qövm də, ekranlarda pafoslu çıxışlar etdi.
Unutma əziz oxucu, baş içində düşünən, dəyişməyə, inkişafa, elm öyrənməyə, xeyir işlər görməyə çalışan beyin olmasa, nə ürək qan dövranını hərəkətə gətirər, nə də ayağın səni düzgün cığırlarla işıqlı yollara aparar..
Zaman su kimi axıb gedəcək. Dövran dəyişəcək, amma yenə eyni period dövr edəcək. Bəlkə hər gələn qövm özündən əvvəlki qövmdən daha betər olar, bəlkə də, hər şey çox gözəl olar.
Önəmli olan bu gün, bu an, bu dəqiqədir. Önəmli olan sənsən, sənin vicdanındır, sənin mənəviyyatın, şərəf və ləyaqətindir.
Başının ayaqlarını işıqlı yoldan azdırmasını istəməyən hər kəsin başına tac etdikləri ilə ayağındakı toz olanları düzgün seçə bilməsi diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
“Bar qadını” - Təranə Dəmirin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Proza bölümündə adətən şeirləri ilə tanıdığımız Təranə Dəmirin “Bar qadını” helayəsini təqdim edir.
Qadın masaların arasıyla gəzişir, arada ona göz vuran kişilərə süni təbəssüm edir, hərdən də yüngül əl işarəsi ilə onu masasına çağıranlara yaxınlaşıb onların nə istədikləri ilə maraqlanırdı. Adama elə gəlirdi ki, bütün bunların hamısını ürəksiz və candərdi edir. Hər halda qıraqdan belə təsir bağışlayırdı.
Ya da bu işdən əməllicə yorulub usanmışdı. Amma ona uzadılan pullardan da imtina etmirdi. Deyəsən, qadın özündən də, pullardan da, bu gecədən, bu yarımqaranlıq bardan da qaçmaq istəyirdi. Bir ayağı qaçaraq idi. Bəs niyə gedə bilmirdi? Onu nə vadar edirdi qalıb belə davam etməyə? Axı halal zəhmətilə yaşayan namuslu, qeyrətli qadınlar da yetərincə çoxdu. Nəyinə lazımdı bu ləkəli ömür, bu əxlaqsız həyat?
Qadın ona toxunmaqçun əldən, ayaqdan gedən içkili, sərxoş kişilərin baxışları altında əzilə -büzülə masaların arasında gəzişir , şərab qoxuyan otağın ağır havasından boğula-boğula öz işini (bu da işdimi? ) yerinə yetirməyə çalışırdı. Birdən gözü ən son masadakı arıq, kürən kişiyə sataşdı. Deyəsən o da kişinin diqqətindəydi. Bayaqdan kişi sakitcə ona baxırdı. Hərdən qədəhindəki içkidən bir udum içib stolun üstündəki məzələrdən ağzına atırdı. Fikriysə qadındaydı. Qaşqabağı yerlə gedirdi. Qadına elə gəldi ki, bu kişi ömründə belə yerlərdə olmayıb. Elə bil onu kimsə zorla çəkib gətirmişdi bura. Heç kimə bənzəmirdi. Həm həyəcanlı, həm də əsəbi idi. Hər halda qadına elə gəldi. İstər-istəməz kişiyə yaxınlaşdı. Gülümsədi:
-Salam.
-Salam.
-Nəsə lazımdı?
-Lazım olsa deyərəm.
Kişi bu sözləri elə sərt və acıqla dedi ki, qadın pərt oldu. Üzünün ifadəsi dəyişdi. Yavaşca:
-Yoxsa xoşagəlməz nəsə olub?-dedi.
-Heç nə olmayıb. İşinə bax.
Qadın pərt oldu. Hələ belə qarşılandığı vaxt olmamışdı.
Dönüb getmək istədi:
-Otur.
Kişinin səsindəki bu amiranəlik qadına xoş gəldi nəsə. Qeyri-ixtiyari keçib oturdu.
Kişi hiss etdi ki, qadın da içkilidi. Nəfəsindən və baxışlarından hiss etdi.
-İçmək istəyirsənsə özünə də qədəh gətir.
-Yox, yox. Mən qədərimi içmişəm. Sərxoş olub dünyanı özümə güldürə bilmərəm. Çox içəndə danışığımı, hərəkətimi bilmirəm.
Kişi fikrindən keçirdi ki, guya oyaq vaxtında hər hərəkətinə nəzarət edirsən axı. Amma fikirləşdiyini dilinə gətirmədi.
-Nə vaxtdan bu işlə məşğulsan?
-24 yaşımdan. 10 ildi. Niyə soruşduz?
-Heç. Unutmaqçun bu yolu seçmisiz?
-Anlamadım.
-Yəni hiss edirəm ki, bu işdə məcbur çalışırsız. Qadınlar adətən nəyisə unutmaqçun belə yerlərə üz tutur.
-Yox. Unutmadım. Özümü unutdum sadəcə.
Kişi danışdıqca qadını daha çox maraq götürürdü. Ömründə onunla belə maraqlanan olmamışdı. Kişiyə qarşı bir doğmalıq və yaxınlıq hiss etməyə başlayırdı. Kövrəlmişdi bir az da:
-Siqaretiniz var?
-Çəkən deyiləm.
-Bağışlayın.
Hiss edirdi ki, bu kişidən həm də qorxub çəkinir. Onu incitməkdən, zərər verməkdən qorxur həm də.
Qadın özündən utanırdı bu dəqiqələrdə. Əynindəki gödək ətəyindən, açıq sinəsindən, boyalı dodaqlarından utanırdı. İlk dəfə özünü yığışdırmağa, hərəkətlərinə çəki-düzəm verməyə çalışdı. Axı bu kişi heç kimə bənzəmirdi. Ətəyini çəkişdirə-çəkişdirə qalmışdı.
-Narahatsızsa niyə bu paltarı geyinirsiz? Nə vacibdi axı? Əvvəllər narahat olurdum. Sonra öyrəşdim. Deyəsən bu yerlərə birinci dəfədi gəlirsiz?
-Hardan bildiz?
-Verdiyiniz suallardan, baxışınızdan, səsinizin tonundan.
-Hmm.
-Bilirsiz,həyatdı bu. Həyatın hər üzü var. O eyni vaxtda hamının üzünə gülmür nə yazıq ki. Hərəyə bir cür dərs verir. Heç kim öz istəyilə çirkabın içinə düşməz. Hərənin bir səbəbi var. Mənim də gözəl ailəm vardı. Pərvanəydim o ailənin başına. Ərimi də, qızımı da dəlicəsinə sevirdim. Ta ki, şərəfsiz mənə bir küçə qadını ilə xəyanət edənəcən. Hiss etmişdim. Amma üzünə vurmurdum. Onu itirməkdən qorxurdum. Sevirdim axı. O isə heç cür öz əməlindən əl çəlmirdi. Sonra ikincilər, üçüncülər, dördüncülər gəldi. Anladım ki, daha belə davam edə bilməz. Ərizə yazıb boşandım ondan. Amma ona qarşı hirsim, hikkəm o qədər çox idi ki, özüm də, həyatım da yaddan çıxmışdı. Elə bilirdim dünya uçub, altında qalmışam. Bir də ayılıb gördüm ki, bataqlığın içindəyəm. Sonrakı peşmançılıqsa fayda verməz. Bax belə. Nə qədər gec deyil çıxın gedin burdan. Sizlik deyil buralar. Gedin bir dəstə çiçək alın və xanımınıza götürün. Könlünü alın. Bu etdiyiniz çıxış yolu deyil. Bir az da keçsə burdakı adamlardan fərqiniz olmayacaq. Başlamamış bitirin. Həyatınızı zəhərləməyin.
Kişi elə maraqla və heyrətlə dinləyirdi ki, bu məkanı da, burdakıları da unutmuşdu. Qadın ona əməllicə həyat dərsi keçirdi. Özü də gələndən nifrətlə baxdığı, dünyanın ən pis sözünə layiq bildiyi qadın. Həm də elə səlist və ardıcıllıqla danışırdı ki...
Dili kilidlənmişdi. Qadının gözlərinin içindən əzab qarışıq peşmançılıq tökülürdü...
Kişi nə fikirləşdisə tez ayağa durdu. Burdan qaçmaq istəyirdi. Özü də bir an belə
vaxt itirmədən. Saata baxdı. Gecədən xeyli keçmişdi. Artıq 3-ə 15 dəqiqə qalırdı . Tələmtələsik hesabı masanın üstünə tulladı və iti addımlarla məkandan çıxdı. Çöldə hava tər-təmiz idi. Yaxasını açdı. Dərindən nəfəs aldı. Narın yağış da yağırdı. Gödəkçəsinin boynunu yuxarı qaldırdı və iri addımlarla yolu keçdi. Tələsirdi. Vaxt itirmədən burdan uzaqlaşmaq istəyirdi. Ayaqları yerə dəymirdi sanki. Hiss edirdi ki, bir az da geciksə yolu tapmayacaq.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)