Super User
Xalq yazıçısı Elçinin “Beş dəqiqə və əbədiyyət” kitabı Rusiyada nəşr olunub
Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə Rusiyada “Beş dəqiqə və əbədiyyət” adlı hekayələr toplusu işıq üzü görüb.
Dövlət Tərcümə Mərkəzinin yaydığı xəbğrə görə, Mərləzin və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş kitab Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunub.
Görkəmli nasirin “Gül dedi bülbülə”, “Sarı pencək...”, “Qatar. Pikasso. Latur. 1968.”, “Beş qəpiklik motosikl”, “Qırmızı ayı balası”, “On ildən sonra ...”, “Gümüşü, narıncı, məxməri”, “Baladadaşın ilk məhəbbəti”, “Bu dünyadan qatarlar gedər”, “Beş dəqiqə və əbədiyyət” kimi məşhur hekayələri daxil edilmiş kitabın rus dilinə tərcümə müəllifləri Rusiyanın tanınmış tərcüməçiləri İ.Zolotusski, Q.Mitin, A.Ozlov, redaktoru –Y.Fridşteyndir.
“Ədəbiyyat və incəsənət”
(27.12.2013)
Fazil Mustafa Ramiz Qusarçaylını təbrik etdi
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış şair - Azərbaycan Yazıçılar Birliyinin (AYB) Quba filialının rəhbəri Ramiz Qusarçaylını ötən gün AYB-nin NATAVAN klubunda keçirilən 65 illik yubiley tədbirində çıxış edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib.
Ramiz Qusarçaylının şair dostları ilə birgə Qubada yaratdığı qaynar ədəbi mühiti təqdirlə vurğulayan Komitə sədri onun həm ədəbiyyat, həm də ictimai xadim məziyyətlərindən söz açıb. Şairin yaradıcılığı haqqında ürək sözlərini bölüşən Fazil Mustafa ona Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Təbrik məktubunda yubilyarın həyat və yaradıcılığının ən ümdə məqamlarına toxunulub, onun Azərbaycanın tanınmış şairi, publisist və ictimai xadim olaraq fəaliyyəti dəyərləndirilib, ona yeni yaradıcılıq uğurları arzulanıb:
“Siz indiyədək Qubada müxtəlif məsul vəzifələrdə çalışmış, o cümlədən bölgə yazarlarının təşkilatlanması, onlar üçün münbit ədəbi-mədəni mühit yaradılması yönündə səmərəli xidmət göstərmisiniz. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmısınız. 1994-cü ildə “Ay işığı” ocağında Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsi qurulub. Siz həmin ildən AYB-nin üzvü, 2002-ci ildən 2015-ci ilə kimi Birliyin Quba bölməsinin başçısı olmuş, 2022-ci ildə yenidən həmin vəzifəyə təyin olunmusunuz. Görkəmli alimlər, şair-yazıçılar, sizin yaradıcılığınıza həsr edilmiş məqalələrlə dövri mətbuatda çıxış edib.
“Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, “Almalı kitab”, “Gedəsən dünyanın axırınacan”, “Vətən”, “Göyəm ağacı” və b. adda şeir, poema, tərcümə kitablarınız, “Quba” foto-albomunuz, “Ay işığı” adlı beş almanaxınız, onlarla elmi, bədii və publisistik məqaləniz oxucuların marağına səbəb olub, sizə şöhrət gətirib. “Azərbaycan bayrağı” şeiriniz müxtəlif dərs vəsaitlərinə, toplulara salınıb və təsadüfi deyil ki, sizi “Bayraq şairi” adlandırırlar.
Şeirləriniz qardaş ölkə və topluluqların türkcəsinə, Ukrayna, rus, ingilis, fars dillərinə və Dağıstan xalqlarının dilinə çevrilib.
Prof.Dr. Vaqif Arzumanlının “Təbiət, qeyrət, həqiqət şairi”, Prof.Dr. Şahin Fazilin “Sözləri ecazdı Qusarçaylının”, şair-publisist Zakir Məmmədin “Haqqın cəlalı Qusarçaylı şeirində”, şair-publisist Gülarə Aydının “Məni yaman tutub şeir havası” və şair-rəssam Qərib Aşkarinin “Əlini ver, Qusarçaylı” adlı kitabları sizin həyat və yaradıcılığınıza həsr edilib. Yaradıcılığınız haqqında 700-dən çox məqalə, şeir, esse, kurs və diplom işləri, dissertasiyalar yazılıb.
“Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaradıbsınız, bu da, milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarıb. Əldə etdiyiniz ədəbi uğurlara görə dəfələrlə dövlət orqanları və nüfuzlu ictimai birliklərin “Fəxri fərman”, “Diplom” və ödülləri ilə təltif olunmusunuz.
2009-2010-cu il üçün Prezident təqaüdçüsü olmuş, 2019-cu ildə “Azərbaycan bayrağı” şeirinə görə “VEKTOR”un Şahmar Əkbərzadə adına Beynəlxalq ödülünə, 2022-ci ildə “Vətən” poemanıza görə Əhməd Cavad adına ödülə, yenə 2022-ci ildə “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif olunmusunuz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Yubiley kimi...
Əkbər Qoşalı yazır
24 dekabrda Azərbaycan Prezidentinin adgünüydü. Adgünündən öncədən və sonradan dövlət başçıları, beynəlxalq qurum və quruluşların rəhbərləri, nüfuzlu ictimai-siyasi liderlər, ədəbiyyat, mədəniyyət, sənət, elm xadimləri, dünya azərbaycanlıları... Azərbaycan dövlətinin başçısını təbrik edir, ürək sözlərini bölüşdü. Təbriklər davam edir. Həmin təbrik məktublarını, təbrik zəngləri haqqında oxumaq bir vətəndaş olaraq bizimçün çox xoşdur, qürurvericidir. Bilirik ki, heç də hər dövlət başçısının yubiley gününə belə təbrik yağmuru yaşanmır... Bəli, Azərbaycanın Müzəffər Ali Baş Komandanın hər adgünü yubiley kimi qarşılanır, diqqət görür.
Belə təbriklərdən biri Çin Xalq Respublikasının Sədri Si Cinpindən gəlib:
“Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik.
Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.
Bəli, dünya nəhəngi – BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə silahına malik, habelə əhalicə ən böyük, ərazicə böyüklərdən biri olan dövlətin başçısı Azərbaycanla münasibətlərin inkişafına verdiyi böyük önəmdən söz açır. O, ölkələrimizin və xalqlarımızın rifahı adına işbirliyinin yeni səviyyəyə yüksəldilməsi üçün birgə çalışmağa hazır olduğunu vurğulayır.
Azərbaycan Prezidentinin timsalında müstəqil dövlətimizin güvəni, sözümüzün imzamız qədər keçərli olması ən böyük dövlətlər tərəfindən də etiraf olunur, idrak edilir və dəyərləndirilir. Bu, adi, sıradan bir hadisə deyil. Belə güvən birdən-birə yaranmır və biz sadə cümlələrlə ifadə etsək də, gərgin əməyin, düşünülmüş addımların və üfüqügeniş yanaşmaların sonucu olaraq qarşımıza çıxmış olur. Birgə səyləri davam etdirmək istəyi təsadüfən qurulmuş cümlə deyil, əlbəttə. Hər hansı bir dövlət başçısının, hələ-hələ dünya nəhənglərindən birinin liderinin imza atdığı məktub prinsipial mövqeni əks etdirir. Bu həm də onu əks etdirir ki, Çin lideri öz ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın formalaşmasının hansı dönəmdə gerçəkləşdiyini, şəxsən İlham Əliyevin ikitərəfli (çoxtərəli münasibətlərdəki) ləyaqətli rolunu dəqiq bilir və yüksək dəyərləndirir.
Hər dövlət başçısı ən müxtəlif səbəblərdən tez-tez görüşə də bilər, yazışa da bilər, ancaq sirr deyil ki, onların dost olması həmişə mümkün olmur. Azərbaycan Prezidenti Çin sədri ilə şəxsi dostluq münasibətlərinə malikdir. Biz Prezident Əliyevin şəxsi dostluq əlaqələrinin ikitərəfli, çoxtərəfli platformalarda necə təsirli rol oynadığını dəfələrlə görmüşük. Bu anlamda, Çin sədri ilə səmimi dostluq da istisna deyil. Hər hansı dünya nəhəngi ilə yaxşı münasibətlər xüsusi diqqətə, təqdirə layiq hadisədir, kəsinliklə təsadüf əsəri deyildir.
Bəli, “Bir kəmər bir yol” layihəsi də daxil olmaqla birgə layihələr, nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit imkanları dünya nəhənglərindən olan Çinin diqqətindən qıraqda deyil. Bu, Azərbaycanın yaratdığı yeni gerçəkliklərin də diqqətdənkənar olmadığının təntənəsidir. Aydındır ki, Zəngəzur dəhlizi olmadan “Bir kəmər, bir yol” nəinki dəmir relslər üzərinə keçir, ümumən havada qalır... Havalarda olmağı 30 ilə yaxın sürən Ermənistan və havadarları dərsini 44 gün içində aldıqdan sonra, gözlər açıldı, qulaqlar eşitdi, dillərdən kilid qopdu... Azərbaycanın qüdrəti göründü, “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ümummilli liderin sözü çin oldu. Budur, məhz “Heydər Əliyev İli”ndəyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik; Heydər Əliyev irsinin layiqli davamçısı, Ümummilli liderin yolunu davam və inkişaf etdirən İlham Əliyevin liderliyi ilə Azərbaycan bölgənin, Avrasiyanın cazibə mərkəzinə çevrilib.
Qoy, Hindistana əydəmlənən keçmiş işğalçı Ermənistan öz papağını, (Ermənistanın böyük bacısı demiş) pardon, yaylığını qabağına qoyub düşünsün... Ya düşünsün, ya da yaylıq açmışkən dilənməyini davam etdirsin...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Dilbazilər nəslinin görkəmli nümayəndəsi
Bu gün Əminə Dilbazinin doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Biz rəqs etməyi sevən xalqıq. Toylarımız buna əyani sübutdur. Əslində, çoxumuz rəqsi sadəcə əl-ayağı qaldırıb salmaqla yola veririk. Halbuki, rəqs bir sənətdir, mədəniyyətin bir qoludur. Və peşəkar rəqs görəndə də, hamımız heyranlıqla ona tamaşa edirik.
Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərən bir xanım var, Əminə Dilbazi! O, xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib.
Və bu gün onun günüdür.
Bu gün Azərbaycan xalqının milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazinin anadan olmasının 104-cü ildönümüdür.
Əminə Dilbazi 1919-cu ildə şeirin-sözün vətəni, sazpn vətəni Qazax mahalında dünyaya göz açıb.
1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq dahi Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi çalışıb və müxtəlif illərdə rəqs qruplarına rəhbərlik edib.
Müəllimlik fəaliyyətinə isə 1939-cu ildə Teatr Texnikumunda başlayıb. Sonralar uzun illər Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf edib, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməyib. Bununla da milli rəqs məktəbinin püxtələşməsi prosesinə böyük töhfələr verib.
Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx bağlıdır. Mahir ifaçı 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən Əminə Dilbazi xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışıb, bir çox milli rəqs ifaçılarının peşəkar rəqs sənətində fəaliyyət göstərməsinə birbaşa köməklik göstərib. O, klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olub.
Görkəmli ifaçının fəaliyyəti boyu repertuarı hər zaman öz rəngarəngliyi ilə səciyyələnib. O, bir çox filmlərdə rəqslərə quruluş verib. Mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib.
Əminə Dilbazi həm də “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.
Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Əminə Dilbazi dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapıb. Görkəmli rəqqasənin repertuarına rus, Ukrayna, özbək, ərəb, Çin və s. xalqların rəqsləri daxil olub. Bununla yanaşı, Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus rol oynayıb.
Tanınmış rəqqasə 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunub.
Əminə Dilbazi gözəl sənətkar olmaqla bərabər, həm də Cövdət Hacıyev kimi görkəmli musiqiçinin həyat yoldaşı olub.
2010-cu il aprelin 30-da haqq dünyasına qovuşan Əminə Dilbazinin mədəniyyətimizə verdiyi töhfələr əsla unudulan deyil.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
“Nəşr məhsullarının satın alınması” müsabiqəsinin nəticələri müəyyənləşib
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə 2023-cü il iyulun 24-də elan olunan “Nəşrlərin satın alınması müsabiqəsi”nin nəticələri müəyyənləşib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Nazirlik bildirir ki, şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqə nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzrə Komissiya tərəfindən həyata keçirilib. Komissiya müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitabları qiymətləndirib, eyni zamanda kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatları nəzərə alıb. Müsabiqəyə təqdim olunan nəşrlər arasından komissiya tərəfindən 546 adda kitab (41 098 nüsxə) kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilərək satın alınmasına qərar verilib.
Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən, “Qanun”, “Teas Press”, “Hədəf” nəşrləri”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Ting”, “Parlaq imzalar”, “Mücrü”, “MİMTA”, “Libra”, “Qələm”, “Qələm Çingizoğlu”, “Qədim Qala”, “Kosmo”, “Jeko Print”, “Xan”, “Alatoran”, “Altun kitab”, “Başla kitab”, “Bookzone Group”, “Çapar”, “Əli və Nino”, “AVE Print”, “Kitabçı” nəşriyyatlarından və Bakı Musiqi Akademiyasından kitabların alınması həyata keçiriləcək.
Xatırladaq ki, nazirlik tərəfindən bu il kitabxanalarda daha çox tələbat olan və uzun illər kitabxanalara göndərilməyən elmi və elmi-kütləvi nəşrlərin satın alınmasına üstünlük verilib. Komissiyanın qərarı ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, filologiya elmləri doktoru İslam Sadıqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev, tarix elmləri doktoru Fərhad Cabbarov, yazıçı Qüdrət Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, yazıçı Əlisgəndər Salamov, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru İlhami Cəfərsoy, Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, tədqiqatçı, yazıçı Adıgözəl Məmmədov və yazıçı, tərcüməçi Emin İmanlıdan kitablar satın alınır.
Eyni zamanda 2023-cü il ərzində Mədəniyyət Nazirliyinə təqdim edilən 83 adda nəşr layihəsi komissiyanın üzvləri tərəfindən oxunaraq qiymətləndirilib. Komissiyanın qərarına əsasən, 21 adda kitabın nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Məktəbli şairin kitabı təqdim edildi
Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində növbəti kitab təqdimatı təşkil edilib
Könül, “Ədəbiyyat və incəsənət”
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında növbəti tədbirə qatıldıq, bu dəfə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində məktəbli şair Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabının təqdimat mərasimi keçirilirdi. Tədbirdə mədəniyyət, elm, ədəbiyyat, ictimaiyyət, media sahəsinin nümayəndələri tələbə-gənclər iştirak edirdi.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli şair-publisist, AJB-nin üzvü Sevindik Nəsiboğlunun son dərəcə gənc, hələ məktəbli olmasına baxmayaraq, artıq bir sıra yaradıcılıq uğurlarına imza atdığını söylədi. Onun çox böyük istedada malik olduğunu, şeirlərində yüksək poetik üslubun duyulduğunu, xüsusilə, vətənpərvərlik üslubunda çox təqdirəlayiq əsərlər yazdığını bildirdi. Bu gün təqdimatı keçirilən “Ulu Öndərin işığında” adlı kitabının müəllifin sayca 7-ci nəşri olduğunu vurğulayaraq, Sevindikin Vətənə, Azərbaycan xalqına, Ulu Öndərə olan sonsuz sevgisindən danışdı.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verdi. Ulu Öndərin elm, təhsil, gənclər siyasəti, ədəbiyyat, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və htiramından, gənclərə olan dəstəyindən söhbət açdı. Bu gün Sevindik kimi gənclərin timsalında Azərbaycan gəncliyinin, ədəbiyyatının, mədəniyyətinin daha da inkişaf edəcəyini, bu kitabların Heydər Əliyev İlinə bir töhfə olduğunu bildirdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezidentin yüksək diplomatik siyasəti, Azərbaycan gəncliyinin qəhrəmanlığı sayəsində qazanılan qələbəyə dair hələ neçə-neçə kitabların, əsərlərin yazılacağını söylədi.
Professor Asif Rüstəmli çıxışında Sevindiyin zəngin dünyagörüşü, vətənpərvərlik ruhu, zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd etdi. O, gənc müəllifin kitab təqdimatının məhz Gənclər Kitabxanasında keçirilməsi əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin gənc istedadlara dəstək olduğunu bildirdi. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə dair əminliyini dilə gətirdi.
AMEA Şəki Regional Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İradə xanım Yusifli, yazıçı-publisist, AJB üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri, “Yazarlar” jurnalının əməkdaşı Nəzakət xanım Eminqızı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə xanım Əmirquliyeva, şair Nazim Muğanlı, Şəhid Nobil Zeynalovun həyat yoldaşı Xuraman xanım Tahirova, “İstedadları Tanıyaq və Tanıdaq” İB-in rəhbəri Vüsalə xanım Qələndərli və başqaları çıxış edərək Sevindik Nəsiboğlunun şeirlərində vətənpərvərlik duyğularının çox yüksək olduğunu,“Ulu Öndərin işığında” kitabının Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderin həyat yolundan, Vətən naminə apardığı mübarizədən bəhs etdiyini, müəllifin Heydər Əliyev mənəvi mühitinə sevgisini ifadə etdiyini bildirdilər.
Çıxışçılar müəllifin yüksək istedada malik olduğunu söyləyərək, ona gələcəkdə yaradıcılıq sahəsində uğurlar, daha yüksək zirvələri fəth etməyi arzu etdilər.
Sevindik Nəsiboğlu “Ulu Öndərin işığında” adlı kitabının təqdimatının yüksək səviyyədə təşkil olunmasına görə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivinə, tədbirdə iştirak edən bütün qonaqlar dərin minnətdarlığını bildirdi. Ulu Öndərə həsr etdiyi “Ata, ruhun şad oldu!” adlı şeirini səsləndirdi.
Təqdimatda Sevindik Nəsiboğluya müxtəlif ictimai birliklərin diplomları da təqdim edildi.
Tədbirin sonunda Sevindik Nəsiboğlu “Ulu Öndərin işığında” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Hər bir sahədə irəliləyiş, uğur! – BİR VİDEOMATERİALLA TANIŞLIQ
Könül, “Ədəbiyyat və incəsənət”
Yola saldığımız Bazar günü bir fərqli gün idi. Həmin gün - 24 dekabr Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyevin doğum günü idi. Bu münasibətlə müxtəlif təşəbbüslər yer almışdı ki, mən də onlardan biri barədə indi sizlərə söz aşmaq istəyirəm.
Respublika Gənclər Kitabxanasında cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ad günü münasibətilə müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrdən bəhs edilən geniş videomaterial hazırlanıb.
Videomaterialda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın 44 gün ərzində azad olunmasından, Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazılmasından, dövlət başçısının Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə yürütdüyü siyasətdən, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasından bəhs olunur. Materialda Cənab Prezidentin hərbi əməliyyatlara şəxsən nəzarət etməsi, sərkərdəlik məharəti ilə yanaşı, siyasi müstəvidə, beynəlxalq aləmdə 30-dan çox xarici KİV nümayəndələrinə müsahibələr verməsi, Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsi haqqında məlumat verilir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının formalaşması, onun ali kürsüyə çıxdığı ilk gündən Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacağını bəyan etməsi, ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanın bütün sahələrdə danılmaz inkişafı, dünya miqyaslı elmi, siyasi, diplomatik, idman, mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq nümunələri rəsmi faktlar ilə işıqlandırılır. Videomaterialda Cənab Prezidentin xalqa müraciətləri, videogorüntüləri də təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial kitabxanın rəsmi saytında https://ryl.az/multimedia/ulu-onderin-siyasi-varisi-ilham-eliyevyerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Səni özümdən də qoruyacağam - HEKAYƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Yenə günlərdən cümə idi. Hava hələ qaralmamışdı, amma artıq axşama doğru gedirdi. Şirkətdə işlərimi bitirməyimə çox az qalmışdı. Həm moto ustası, həm də sevdiyim qız imkan versəydi bitəcəkdi tezliklə.
Usta durmadan zəng edirdi, mən isə telefonu məşğula atırdım. Bir həftədir məni gözləyirdi, çünki motomun normal vəziyyətdə olmadığını, əgər təmirə aparmasam tezliklə yolda qalacağımı, hətta ailəmin mənim məzarıma güllər gətirəcəyini deyib hədələyirdi məni. Mənsə, sanki çoxdandı elə bunun arzusundaymışam kimi vecsizliklə yola verib keçirdim. Halbuki deyildim. Arzusunda olduğum başqa bir şey var idi. Başqa biri... Fidan... Sevgilim. 3 il öncə təsadüfən məhv olmuş, uçqunların altinda qalmış həyatıma daxil olmuşdu, həyatımın birdəfəlik özünə çevrilmişdi. İndi isə ondan bir saniyə belə ayrı qalmağı düşünə bilmirəm. Ömrümün uzun bir qismini onsuz keçirtmişdim və mən bu əksikliyin fərqində belə deyilmişəm illərdir.
Yenə bir mesaj, arxasıyca 3 saniyə keçməmiş bir zəng...
Ehh, səbirsiz sevgilim mənim.
Fidana bir azdan geyinib çölə çıxacağımı dedim. İşlərimin necə keçdiyini soruşmaq yerinə ilk sualı “necə gələcəksən” oldu, amma ona istədiyi cavabı yenə vermədim və həmişəki kimi taksi ilə gələcəyimi dedim. Həmişəki kimi yenə deyinməyə başladı. Mənə küsmələrini, uşaqlıqlarını sevirdim, amma bu mövzuya gələndə deyinmələri məni yorurdu. Nə qədər izah etsəm də, qorxduğumu bildirsəm də dediyini deyirdi.
+Bircə dəfə, nolar bircə dəfə gəl moto ilə gəzək. Çox şey istəmirəm ki səndən. Elə hərəkət edirsən, elə bil canını mənə ver deyirəm...
- Qorxuram Fidan, niyə başa düşmürsən? Canımı istə verim, amma sənə görə qorxuram, yoxsa çoxdan motoyla qapınızda dayanmışdım.
+ Eeee, başqa vaxt deyirsən elə sürürəm, belə gedirəm, mənə çatanda qorxursan. Nəysə, nə deyirsən elə olsun, ya da yaxşısı, get o sevimli kompüterinlə oyna, gəlmə heç.
- Demişəm oyun deyil o, işdi iş. Programlaşdırma sözünü 19 ildi eşitməmisən? Qaldı ki, motoya, sürə bilirəm, müsəlman. Nöqtə ilə də mesaj yazma mənə, xanım əsəbləşib, guya indi ciddi nəsə deyirdəə bizə.
+ Yaxşı, yaxşı, nolar başlama yenə dastan danışmağa, susdum, sən deyən olsun. Gələndə xəbər elə düşüm aşağı
- Yaxşı, çıxıram yarım saata.
Öz sürücülüyümə güvənim tamdır, amma sevgilimi təhlükəyə ata bilməzdim. Taleyin necə gətirəcəyini bilmədiyimdən qorxurdum. Nə qədər yaxşı sürücü olursan ol, təcrübəsiz biri ilə yanaşı zolaqdasansa hərşey onun əlində idi. Çünki təcrübəsiz insanlar qeyri-müəyyən hərəkətlərinə görə toyu yasa çevirə bilirlər. Üstəlik, məndə sadəcə bir ədəd kask var idi. Yəni birimiz yolu əcəllə çiyin çiyinə gedəcəkdik və mənim inadçı sevgilim sürücü mən olduğum yerdə əsla mənim təhlükədə olmağım riskini qəbul edib o kaskı taxmazdı. Yəni əcəlin qucağında yol getməyə razı olardı və mən bunun olmasından çox qorxurdum.
Fidanın bitməyən narazılıqları birdən-birə bütün məntiqimi alt-üst etdi, bir dəyişiklik edib motonu çalışdırdım. Həmişəki kimi S1000RR-ın səsi yenə bütün məhəlləyə yayılmışdı. Bu səs dünyada sevdiyim ən gözəl səs idi. Fidanın səsindən sonra...
Fidangilin məhəlləsinə çatanda gəldiyimi dedim. Həmişəki kimi ayaqqabılarımı geyinirəm dedi və 25 dəqiqəyə endi aşağı. 100% makyaj edirdi. Yanımda gözəl görünmək istədiyini desə də hər halı ilə gözəl olduğunu izah edə bilmirdim. 3 il əvvəl tanış olduğumuz kimi qumral saçlı, qəhvəyi gözlü mələyim idi. Daha gözəl necə ola bilərdi ki? Mələkdən daha gözəl ola bilərdi?
Aşağı endi, motonun avazı yetdiyi qədər qaz verib səsini bütün məhəlləyə eşitdirdim. Fidanın üzündə həm qalibiyyətin gizli sevinci, həm də təəccüb var idi. Amma tam da təxmin etdiyim kimi, əsla susmadı və sözünü ilişdirərək "deyəsən sürməyi öyrənmisən" deyib arxama keçdi. Üzündəki o uşaqca gülüş məni də güldürdü. Əynimdəki bronijileti çıxarıb ona geyindirdim. Yola çıxdıq. Ən sevdiyi yerə-dağüstü parka gedəcəkdik. Yolumuz aeroportun yanından keçirdi. Sportiv bir motom olsa da yavaş sürməyə çalışırdım. Yeni moto tapa bilərdim. Amma yeni Fidanı əsla...
Fidan elə qucaqlamışdı ki məni, içimdən "ölsəm də elə indi, burada, bu qollarda ölüm" dedim birdən. Bu duamın belə tez qəbul olacağını isə bilməmişdim, hiss etməmişdim.
Fidan dayanmadan bərk sürməyimi, hava qaralmadan çatmaq istədiyini deyib dururdu. Təbii ki, bunlar bəhanə idi, mənim dəli sevgilim adrenalin və sürəti çox sevir və hiss etmək istəyirdi.
Aeroportda eniş-qalxış zolağı ilə yan-yana olanda təyyarənin birinin sürət yığdığını gördüm. Fidana sürət nədir öyrətmək istədim birdən, içdən bir ah çəkib ən soldaki zolağa keçdum, sürəti qaldırmağa başladım. Sürətölçər saatın saniyə əqrəbindən belə daha sürətlə çevrilməyə başlamışdı. Təyyarəni geridə qoymuşduq. Amma qarşıda bizi təyyarədən daha böyük şeylər gözləyirdi və biz ora son sürətlə gedirdik. Uzaqdan sayrışan işıqlar görürdüm. Qəza olmuşdu. Yavaşlamaq istədim, amma artıq çox gec idi. Mən vaxtında getmədiyim ustaya içimdən lənət oxumağa başlamışdım artıq. Tormozlar xarab olmuşdu və qəza yerinə yaxınlaşmağa davam edirdik. "Hərşey bitdi" dedim içimdən. İlk dəfə bu qədər çarəsiz hiss etdim özümü. İlk dəfə aciz qalmışdım. Tək olsam əsla üzülməzdin, amma, yanımda can parçam vardı və birazdan hərşey bitəcəkdi. Hər şey...
+Belə sürə bilirsənsə niyə daha əvvəl moto ilə gəzmirdik? Qorxuram deyib durmaqdan başqa da nəsə edə bilərmişsəndə, demək ki…
-Birazdan daha fərqli şeylər görəcəksən. Amma əvvəlcə kaskı tax, nəfəsimi kəsir- deyib kaskı ona verdim.
Fərqli şeylər görəcəkdi qurban olduğum gözləri. Vuracaqdım onu. “Qadına şiddətə yox” aksiyaları keçirdən sevgilimi qorumaq üçün vuracaqdım. Həm də var gücümlə. Kaskı taxdığından əmin olub gülərək ona son sualımı verdim. Son sual... “Adrenalinə hazırsan?” Onun ciyiltili səsindən qışqıraraq “hə” sözünü duyar duymaz motoya sonuncu dəfə qaz verib motonun ön təkərini qaldırdım. O qədər qaldırdım ki moto raket kimi dimdik yuxarı baxırdı. Həm də Fidanın kürəyi yerə yaxınlaşırdı. Qəza yerinə çatmağımıza 100 metr kimi bir məsafə qalmışdı. Qəzanı rahatca görürdüm. Benzin tankeri aşmışdı. Xoşbəxtlikdən partlayış olmamışdı. Ən azından o ana qədər. "Məni bağışla, səni sevirəm" deyib var gücümlə Fidanı dirsəyimlə vurub asfalta attım. Sürüşməyə başladı, amma hərəkətlərinnən sağ olduğu bəlli idi. Qarşıya baxıb özüm üçün son bir şans axtarırdım. Gördüyüm tək şey amma tankerin çəlləyi oldu. Tanker partladı, mən isə o partlayışın təsiri ilə son nəfəsimi verdim.
Gözlərimi açdığım yer nə bir xəstəxana otağı idi, nə məzarlıq. Mən gözlərimi ruh olaraq açmışdım. Gözlərimi Fidanın yatağının başında açmışdım. Və mənə bir vəzifə verilmişdi. Sağkən qoruya bilmədiyim sevgilimin qoruyucu mələyi idim artıq mən. Mənə görə vicdan əzabı çəkən, ölümümdən özünü günahkar tutan qadını qanadlarım altında tutmalıydım artıq. Onu diri-diri öldürdüyüm kimi sağaltmalı, yaşatmalıydım. Mənsizliyə yox, həyata məhkum etməliydim.
Getdiyi hər yerdə izləyirdi ruhum ruhunu. Mələk olacaq qədər günahsız deyildim. Amma o bir mələk tərəfindən qorunmağa layiq olacaq qədər məsum idi. Və Tanrı mənim sevgimə etibar etmişdi. Onu mənə əmanət etmişdi.
O elə hey ağlayır, mən elə hey izləyirdim. Mən ona ömürlük bir əzab buraxdım. O artıq heç kimi sevə bilmir, motolara, maşınlara yaxın gedə bilmir, sürəti sevmir, hətta aeroportlardan qorxurdu. O isə mənə bir ömürdən daha böyük bir sevgi vermişdi. Mən sonsuzluğa qovuşmuşdum və sonsuzluğa qədər sevəcəkdi ruhum ruhunu.
Səni sevirəm, iki gözümün çiçəyi.
Səni hər zaman qoruyacağam.
Özümdən də qoruyacağam...
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Rəsm qalereyası: Əşrəf Heybət, “Novruz bayramı”
Fazil Mustafa Xalq rəssamı Əşrəf Heybətlə görüşüb
Azərbaycan mədəniyyətinin çox görkəmli simaları vardır ki, sərhədlərimizdən kənarda yaşayırlar. Onları diqqətdə saxlamaq, yaradıcılıqlarını gündəm etmək çox vacibdir.
Milli Məclisin Mədəniyyət Komitəsi buna xüsusi diqqət yetirir.
Komitə sədri Fazil Mustafa Almaniyada yaşayan Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət Komitəsinə istinadən xəbər verir ki, komitədə baş tutan görüşdə, Əşrəf Heybət Fazil Mustafaya "Heydər Əliyev ili"ndə və Şuşanın Türk dünyasının Mədəniyyət paytaxtı olduğu müddətdəki yaradıcı fəaliyyəti ilə bağlı bilgi verib, qarşıdan gələn "Yaşıl dünya naminə həmrəylik ili" və Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyacağı müddətə dair yaradıcılıq planlarını bölüşüb.
Komitə sədri ustad sənətkarın yaxın aylarda Zirədəki "Eko-Park"da təşkil olunmuş "Baba yurdum" adlı uğurlu fərdi sərgisi, digər yaradıcılıq uğurları münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Əşrəf Heybətin “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur” kəlamını xatırladan Fazil Mustafa görkəmli sənət xadiminin Şuşaya, Qarabağa, Azərbaycana, bütövlükdə Türk dünyasına özünəməxsus sənət münasibətini minnətdarlıqla vurğulayıb, ona Azərbaycan, Türk dünyası həqiqətlərinin təsviri sənət dili ilə təbliğ-tərənnüm olunmasında yeni uğurlar diləyib:
"Sizin əsərləriniz UNESCO, NATO və digər beynəlxalq quruluşların, bir çox xarici ölkənin nüfuzlu sərgi salonlarında nümayiş olunur. Siz həyata baxışınızla, yüksək sənət ideallarınızla Azərbaycan təsviri sənətini, ümumən mədəniyyətimizi dünyanın dörd tərəfində peşəkarlıqla tanıdırsınız. Mənəvi dəyərlərə dair yüksək ideyaların əks olunduğu əsərlərinizin əsas predmeti insan və təbiətdir. - Məhz bu amillər, "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, o cümlədən Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusu daşıması etibarı ilə 2024-cü ilin sizinçün əlamətdar il olacağına dəlalət edir.
Sizi bütün uğurlarınıza görə, eləcə də, qarşıdan gələn Həmrəylik Günümüz və Yeni təqvim ili münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!
Xalq rəssamı səmimi görüş və təbrik üçün təşəkkür edib, yaradıcılığına aid nəşri Komitə sədrinə imzalayıb. Komitə sədri də öz növbəsində kitablarını Xalq rəssamı üçün imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)