Super User

Super User

Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində yazıçı-publisist Mustafa Çəmənlinin Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinskiyə həsr olunmuş “Şərq musiqisinin incisi” kitabının təqdimat mərasimi olub.

 

AzərTAC verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən kollecin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Seyid Şuşinskinin həyat və yaradıcılığından söhbət açıb. O, zəngin yaradıcılıq yolu keçmiş Seyid Şuşinskinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycanın mədəniyyət incisi Şuşanın böyük rolu olub.

Kitabın müəllifi Mustafa Çəmənli qüdrətli sənətkar Seyid Şuşinskinin xalqımızın mənəvi dünyasının formalaşmasına böyük töhfə verdiyini, muğam ənənələrimizi layiqincə qoruyaraq yaşatdığını diqqətə çatdırıb. “Seyid Şuşinskini təkcə tələbələri, həmkarları yad etməyib, bizdən əvvəl onu dəyərli sənətkarlar da anıblar, həmçinin kitablarında, məqalələrində hörmətlə yad ediblər. Bu xatirələri həmin dəyərli səhifələrdən götürərək kitaba əlavə etmişik”, - deyə M.Çəmənli qeyd edib.

Tədbirdə çıxış edənlər sənətkarın bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşüblər. Seyidin nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik olduğunu, yaradıcılığı ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirdiyini vurğulayıblar. Həmçinin Seyid Şuşinskinin müəllim kimi uzun illər istedadlı musiqiçilərin yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Onun tələbələri arasında Əlibaba Məmmədov, İslam Rzayev, Qulu Əsgərov, Nəriman Əliyev kimi muğam sənətimizdə özünəməxsus dəst-xətti olan sənətkarlarımızın olduğu vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, Seyid Şuşinski "Azdrama"da, Azərbaycan Dövlət Konservatoriyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Radio Komitəsində çalışıb, 22 il muğamdan dərs deyib. Onun yetirməsi olan xanəndələrin şöhrəti Azərbaycan Respublikasının hüdudlarını çoxdan aşıb. Seyid Şuşinskinin adı tələbələrinin, onlardan sonra gələn və gələcək hər bir xanəndənin muğam dünyasında yaşayacaq. Necə ki, Azərbaycan muğamları əsrlər boyu ağızdan-ağıza, ustaddan şəyirdə keçərək əbədilik qazanıb, Seyid Şuşinski də bu muğam mülkünün təkrarolunmaz bələdçisi kimi daim öndə gedəcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

“Beytül Əhzan” Xanım Fatimeyi Zəhranın həyatından bəhs edən kitabın adı imiş. Bunu bugün Beytül Həzzan-ı dinləyərkən öyrəndim. Öyrəndikdən sonra oturub düşündüm. Beytül Həzzan hüzün otağı deməkdir. Həzrəti Yaqubun Həzrəti Yusifi gözləyərkən özünü həbs etdiyi gecə-gündüz ağladığı yerdir. Onda Beytül Əhzan da hüzün ömrü deməkdir? Fatimeyi Zəhranın hüznüdür bu əsər? Kitab yazılan bir həyat onsuz da sadə ola bilməz. Bəs adı "hüzün" qoyulacaq qədərmi ağır olub?

 

Hüzün~ içində bir az kədər var, bir az sevgi, bir az həsrət..  Ən dərin duyğuları birləşdirir özünə.

 

İnsan doğulduğu gün ona bir qismət, bir bəxt verilir və bir ömür o öz alın yazısı ilə davam edir yoluna. Amma ən əsası qəlb verilir. Duyğuları yaşadasan deyə.  O duyğular bəzən çətin gəlsə belə insanlıq bunu gərəktirər. Duyğuları qorumağı...

 

Mən emosional biriyəm, duyğularımla hərəkət edərəm. Bəzən sadəcə inanmaq istəyərəm, hələ də inanacağım insanlar olduğunu görmək üçün. Bəzən sevmək istəyərəm, sevilməyə layiq olanları tapmaq üçün.

"Gəl artıq düşüncələr düşlərindən oyansın" deyir mahnıda. Düşüncələr də xəyal qurur çünki, hətta bəzən biz yox, düşüncələr görür yuxuları. Əslində bəlkə də qəlbin içindəkidir xəyal qurduran. Düşündükcə sanki bir okeanın içində evini itirmiş balıq kimi hiss edirəm özümü. Çünki düşündükcə daha dərinləri kəşf edirəm. Bilirəm, dediklərimin zərrəsini belə bilmədiyimin fərqinə varıram. Xəyalların, gələcək planların sadəcə xırda, boş ümidlər olduğunu anlayıram. Amma bəzən o boş ümidlərin ardınca getmək belə gözəl bir şeymiş kimi gəlir insana.

 

Ümid ən çox sevgiyə yaraşır. Sevgi sadəcə iki insan bir birini sevəndə olmur. Bəzən sadəcə biri sevir. Bəzən heç bir tərəf sevdiyini fərq etmir. Amma o ümid hər zaman o qəlbdə qalır. Bir kitabda "yaralı qəlblərin mərhəmi sadəcə saf sevgidir" deyə bir cümlə oxumuşdum. Yaralı qəlb deyərkən nə qədər dərin bir yaradan bəhs oluna biləcəyini düşünmüşdüm. Hərkəsin bu cür özünə verdiyi suallar var. Vaxt keçdikcə cavablandırdığı, kaş cavabını öyrənməsəydim dediyi... Amma mən nə olur olsun, hər suala cavab tapmaq lazımdır fikrindəyəm. Çünki cavabsız qalan suallar ümidlər doğurar. Yeni ümidlər yeni hüzünlər gətirər. Yeni hüzünlər isə minlərlə Beytül Həzzan'ın tikilməsinə, minlərlə Beytül Əhzan'ın yazılmasına səbəb olar bəlkə də... Çünki Yaqub peyğəmbər Yusif peyğəmbərin dönəcəyi ümidi ilə həbs edib özünü kədər evinə. Çünki Fatimeyi Zəhranın insanlara nələrisə öyrədə biləcəyi fikri ilə yazılıb Beytül Əhzan...

Xəyal qur, xəyalların üçün çabala, dayanmadan, yorulmadan irəlilə. Amma böyük ümidlər etmə.

Çünki ümid...

İnsanın qəlbinə vurula biləcək ən böyük zərbə...

Çünki ümid...

Duyğularını itirməyən hər canlının zəhəri...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Polis olduğunuzu xəyal edin. Bir terrorçunu  həbs edirsiniz və bu terrorçu sizin şəhərinizdə bir yerə bomba yerləşdirdiyini bildirir, lakin bombanı hara yerləşdirdiyini söyləmir. Siz də polis olduğunuzdan bombanın yerini öyrənmək üçün fərqli yöntəmlər sınayırsınız. Öncə xoş dillə soruşursunuz, fəqət adam xoş dildən anlamır. Daha sonra döyməyə başlayırsınız, lakin yenə də adam danışmır. Ən sonunda adama işgəncə edirsiniz, lakin yenə də danışmır. Daha sonra beyninizdə şeytani bir fikir yaranır və yadınıza düşür ki, bu adamın körpə bir uşağı var və özü nə qədər pis niyyətli bir terrorçu olsa da, övladına qarşı olduqca həssasdır. Və başa düşürsünüz ki, onun uşağına işgəncə versəniz, daha çox dayana bilməyib danışacaq. Beləcə, yüzlərcə insanın həyatını xilas etmiş olacaqsınız. Amma bunun üçün günahsız bir uşağa işgəncə edərmiydiniz?

 

 

Bəli, qəbul edirəm ki, çox çətin bir sualdır, lakin bəzi filosoflar üçün bu sualın cavabı olduqca aydındır. Çünki bu filosoflar uşağa işgəncə verməyi seçir. Bəli, günahsız bir uşağa işgəncə vermək çox pis haldır. Amma bombanın partlamasıyla yüzlərcə insanın ölməsi daha pis deyilmi?

Bu iki vəziyyəti müqayisə etdiyimizdə insanlıq üçün daha faydalı olan bir seçim bəlli deyilmi? Özlərinə bu tərzdə suallar verən filosoflar nə qədər əxlaq anlayışına tərs düşsə də, insanlıq üçün daha faydalı olanı seçməyə çalışır. Bu baxış bucağının adı "Mənfəətcil Əxlaq" adlanır.

"Mənfəətcil Əxlaq"ın təməldə iki qanunu var. Onlardan ilki belədir:

Əgər çoxluq fayda görəcəksə, az sayda insanın zərər çəkməsində bir qəbahət yoxdur.

Bu qanunun daha yaxşı anlaşılması üçün populyarlığı olan və kütlə tərəfindən hər kəsin tanığı bir fiqurdan misal vermək lazım olacaq.

 

 

 

 

Betmanın fəlsəfinin bəlli bir dərinliyi var. Lakin " mənfəətcil əxlaq" baxışını ortaya atan filosoflar böyük ehtimal ki, Betmana nifrət edəcəklər. Bəs Betman kimi özünü yaxşılığa həsr etmiş vicdanlı bir obraz niyə "mənfəətcil əxlaq" baxışına tərs düşür? Çünki Betman heç vaxt adam öldürmür. Səhv anlaşılmasın, "mənfəətcil əxlaq" baxış bucağı birini öldürməli olduğunuzu demir. "Birini öldürmək, əgər digər insanların həyatını xilas edəcəksə, bax o zaman edilməsi gərəkən şey budur" deyir.

Betmanın Jokeri öldürməsi nə qədər prinsiplərinə tərs kimi görünsə də, Jokerin ölmüş halı insanlar üçün olduqca faydalı olardı. Qəbul edək ki, Jokerin bütün öldürdüyü insanlar, yaşatdığı travmalar və etdiyi xaosların hamısı, Betman Jokeri öldürsəydi yaşanmamış olacaqdı.  

O zaman ağıla bu sual gəlir: Yaşanan bu faciəvi hadisələrdə Betmanın heçmi günahı yoxdur? Çünki Betman Jokerin həyatını bağışlayaraq az da olsa, bu pis hadisələrin baş verməsinə səbəb olmuşdur.

Nəticədə Betmanın əlinə Jokeri öldürmək üçün saysız-hesabsız fürsətlər düşmüşdür, lakin Betman heç zaman Jokeri öldürmək haqqında düşünməmişdir. Bəlkə, Betman filmlərində bu " mənfəətcil əxlaq" baxışına o qədər çox nəzər yetirilməmiş ola bilər, lakin cizgi filmdə Betmanın bir şeylərin fərqinə vardığını görürük.  

"Mənfəətcil əxlaq" fəlsəfəsinin ikinci qanunu isə belədir:

"İnsana ən çox fayda verən hərəkət ən yaxşı hərəkətdir." Bəs burada "yaxşı" dediyimiz şey tam olaraq nədir? Mənfəətcil əxlaqa görə, yaxşılığın tərifi aydındır:

"Yaxşılıq demək, xoşbəxtlik deməkdir. Hərəkətlər xoşbəxtlik gətirmək baxımından doğru, bədbəxtlik yaratmaq baxımından yanlışdır". 

O zaman xoşbəxtlik dediyimiz şey nədir?

Bu fəlsəfənin digər bir təmsilçisi Ceremi Benson “Xoşbəxtlik=ağrının olmaması +həzz" olaraq tərif edir. Bir insan ağrıdan nə qədər uzaqdırsa və həzzə nə qədər yaxındırsa, o dərəcədə xoşbəxtdir deyər. "Mənfəətcil əxlaq" fəlsəfəsinin məqsədi də elə budur. İnsanların böyük çoxluğunu xoşbəxt etməyə çalışarkən bəzilərini də bədbəxt etməkdən çəkinməz.

İndi bu fəlsəfəyə tənqidi bir gözlə baxaq. Xoşbəxtlik, həqiqətən, ağrının yoxluğu və həzzin varlığıdırmı?

 

 

Məsələn, Dostoyevskiyə görə, bu belə deyil. "Ağrıda həzlərin ən gözəli gizlidir" deyən Dostoyevski acı və həzz anlayışlarını zidd və ya tərs kimi göstərmək yerinə aralarında bir bağlantı qurur. Sərhədsiz həzz yaşayıb ağrını tamamən yox etsək belə, bizlərin hər zaman xoşbəxt ola bilməyəcəyini və içimizdə bir yerlərdə acı çəkməkdən xoşbəxt olan bir adamın var olduğunu müdafiə edir.

 

Bu fəlsəfəyə başqa bir tənqid isə həyata keçirməyin çətin olmasındadır.

Mətnin başındakı suala dönəsi olsaq, uşağa işgəncə verməyi seçənlər gerçək həyatda bu vəziyyətlə qarşılaşdıqlarında uşağa işgəncə verməyi seçərlərmi? Belə bir vəziyyətdə uşağa işgəncə verilməsi nə dərəcədə məntiqli olsa da, dürüst olaq, biz insanlar sadəcə ağıl və məntiqimizlə deyil, duyğularımızla hərəkət edirik.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Heydər Əliyev Sarayında Türkiyə (Ankara) teatrının təqdimatında “Harika Kanatlar-Viking” musiqili-interaktiv tamaşa təqdim olunacaq.

 

Musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və uşaqların sevgisini qazanan yeni “Harika Kanatlar - Viking” musiqili-interaktiv tamaşa noyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.

Yalnız bir gün və iki seans olacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli “Harika Kanatlar - Viking” ailəvi musiqili-interaktiv tamaşanın biletlərini şəhərimizin kassalarından əldə edə bilırsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Oktyabrın 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera studiyasının səhnəsində Lalə Əliyeva-Klıçkovanın “Şamdangülü üçün mazurka” pyesi əsasında hazırlanmış “Özgə dünyadan gələn qonaq” tamaşasının premyerası olacaq.

 

Bu tamaşada baş rolları Azərbaycanın Əməkdar artisti Anton Ferştandt və “AVIV” teatr studiyasının məzunu İnqa Baxoldina ifa edirlər.

Tamaşa rejissor, prodüser, yazıçı, dramaturq, ssenarist, Rüstəm İbrahimbəyovun kino məktəbinin məzunu Lalə Əliyeva-Klıçkovanın teatrdakı debütüdür. O, rejissor Ruslan Bankovskinin Moskva Müasir Bədaye Teatrında tamaşaya qoyduğu “Bakalavr partiyası” tamaşasının müəllifidir.

“Özgə dünyadan gələn qonaq” tamaşasının quruluşçu rejissorları Zaur Əliyev və Alyona Xarçenkodur. Layihədə səs mühəndisi Teymur Abdullayev, musiqiçi Ruslan Hüseynov, dizayner Dmitri Bujdelev, aktyor Ayxan Hacıyev, vokalçılar Samirə Ocaqverdiyeva və Nərminə Məmmədova da yer alıb.

Artıq "ilin ən mistik tamaşası" adlandırılan bu pyes Mixail Bulqakovun "Ustad və Marqarita" romanının pərəstişkarlarına tövsiyə olunur. “Özgə dünyadan gələn qonaq” yeknəsəq həyat tərzi olan və getdikcə daha çox onun dibinə yuvarlanan Ellada adlı qadının başına gələnlərə həsr olunub. Amma qeyri-adi bir gündə Ellada parkda onun dünyaya və həyata baxışlarını dəyişəcək mistik bir naməlum insanla qarşılaşır...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Yeni nəşrlər rubrikamızda bu gün sizlərə dəyərli yazarımız Ülviyyə Tahirin keçdiyimiz günlərdə işıq üzü görən "Quyudan işıqlı dünyaya" adlı yeni kitabını təqdim edirik. 

 

"Aljir" və "Şükriyyə taleyim" kimi çox sevilən tarixi romanları ilə oxucuların sevimlisinə çevrilmiş Ülviyyə Tahir bu dəfə oxucuların görüşünə "Quyudan işıqlı dünyaya" adlı fərdi inkişaf kitabı ilə gəlir.

Yazarımızla əlaqə saxlayıb onu yeni kitabının çap olunması münasibəti ilə təbrik etdik və sizlər üçün kitab haqqında elə onun özündən məlumat aldıq. 

 

Kitab milli motivlər əsasında yazılmış fərdi inkişaf kitabıdı. Məlikməmməd nağılı və təhtəlşüurumuzda şifrələnmiş nağıllarımız, bayatılarımız bizə nə söyləyir, necə yol göstərirlər? Eyni zamanda ədəbiyyatımızda şeirlər, əsərlər və dram, televiziya tamaşalarımızda bizə nələr ötürülüb ki, azərbaycanlı kimliyimiz formalaşıb? Şərqdə ilk respublikanı quranların motivasiya mənbəyi haradan idi? Koroğluda Paşanın qızını qaçırtmaq motivasiyası haradan qaynaqlanırdı? Məlikməmməddən Kefli İsgəndərə, Kefli İsgəndərdən Moşuya kimi hansı mərhələləri keçmişik? Kitab bu kimi suallar əsasında yazılıb. 

 

Və sonda sizə kitabdan kiçik bir hissə ərməğan edirik. Kitabı alıb oxuyacaq olan bütün kitabsevərlərə xoş mütaliələr. 

 

Biz Məlikməmməd kimi bağımıza, almaları qorumağa gedirik, məqsəd və məramlarımız haqqında düşünür, yollar axtarır və bu zaman divlərimizə gedən tərəfə yönəlirik. 

Yola çıxmağına çıxırıq, bizə mane olan əsas məsələnin isə hələ fərqində deyilik. Biz bilirik ki, almalar oğurlanır, yəni bizim inkişaf etməyimizə, hədəfə çatmağımıza maneə yaranır, amma bunu kimin (ya da nəyin) etdiyini müəyyənləşdirməyə çətinlik çəkirik. 

Fizioloji inkişafımız bizdən asılı olmadan baş verir. 

Doğulur, iməkləyir, yıxılır, qalxır, yeriyir və müəyyən yaş hədlərini keçirik. Bu dövrdə biz dünyanı valideynlərimizin və göz açdığımız mühitin sayəsində dərk edir, mənimsəməyə başlayırıq. Başlanğıcda biz hamımız təqlidçiyik. 

Özümüzdə təqlid etdiklərimizin surətini daşıyır, hətta bəzən çox irəli gedərək onların kölgəsinə çevrilirik. Bu kölgələr qabıq içində olurlar. Çəyirdək böyüdükcə, cücərdikcə qabıq çat verməyə başlayır. Bu zaman həmin zehni münaqişələr başlayır. Ata, yəni padşah almaların oğurlanmasından şikayətlənir, oğul isə o bağa yollanmağın vacibliyini qeydsiz-şərtsiz qəbul edir.

Burdan o yana isə macəranın daha maraqlı mərhələsi başlayır. Biz artıq yola çıxmışıq, yuxunun da öhdəsindən gəlmişik, səhər erkən qalxırıq, güclü motivasiya ilə işimizə başlayırıq, hər şey bizə uğurdan müjdə verir: “İlk maneəni vurub keçmişəm, divi yaralamışam. Almaları atama verib qələbənin həzzini yaşayıram”. Əksəriyyətimiz elə bu mərhələdə qalmağı seçirik. Bu qalibiyyət bizə ömür boyu bəs edir. Keçmiş xatirələri isidib süfrəyə qoyur, hey onlardan danışırıq. Çünki artıq əldə etdiyimiz və heç vaxt unudulmayacaq bir qələbəmiz var. Fasiləsiz olaraq bizdən, etdiyimiz o işdən danışılmasını istəyir, “keçmiş nazirin keçmiş müavini” olmağın şirin xatirələri ilə üstümüzü örtüb yatmağın rahatlığından əl çəkə bilmirik. 

Bu mərhələdə daha böyük divlərimizlə üzləşirik. Əvvəl naməlumluq qorxusu ilə yuxulayırdıqsa, indi əldə etdiyimiz şöhrətin, mövqeyin, dərəcənin qorxusu bizi yerimizdə saxlayır. Bu yer bizim vərdiş zonamıza çevrilir.

İllərlə eyni ofisdə qalmaq, iş yerini dəyişməkdən çəkinmək bundan qaynaqlanır.  “Çovdarlıqda uçurumdan qoruyan”dan sonra əlinə qələm götürməmək yeni roman yazmaq cəsarətini tapa bilməməkdən daha çox, o zirvədə qalmağı seçməkdir. 

Qarşıda daha böyük zirvələrin mövcud olduğunu dərk edirik, amma bu bizə yerimizdən tərpətməyə kifayət etmir. 

Çünki bu cəhd indiki mövqeyimizi zədələyə, bizə hazırkı şöhrətimizi təzələyə bilməməyin fiaskosunu yaşada bilər.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Kitabın, mütaliənin əhəmiyyətini çoxlarımız dərk etmək istəmirik. Hər dəfə bunu isbatlamağa nəsə bir fakt gətirirəm. Bu dəfə Braziliyaya güzar edəcəyik. 

 

Demək, Braziliyada məhbusların çəkdikləri cəza müddətini azaltmağın orijinal bir yolu var. Hər bir oxunan kitab cəza müddətinin dörd gün azaldılması deməkdir. Ona görə də məhbusların yanına gələn yaxınları onlara kitablar gətirirlər, kitablar - həm ən yaxşı hədiyyədir, həm də azadlığa ən qısa yoldur. 

Sağ əlləri bizimkilərin başına! 

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Cümə, 27 Oktyabr 2023 09:00

Brilyant Atəşin ay işığı

Güllü Eldar Tomarlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Brilyant Atəşi çoxdan tanıyıram. Bizi söz və mənəvi dəyərlər birləşdirib. Azərbaycan  qadıınının xanım-xatınlıq, abır-həya siması bilirəm onu. Həmişə Aşıq Pəri, Mirvarid Dilbazi sevgisiylə məni özünə doğmalaşdırıb. Mirvarid Dilbazi poeziya bulağından su içdiyini dilə gətirir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaradanda mənə uğur diləyənlərdən biri də Brilyant xanımdır. Bizim dostluğumuzun bağları günü-gündən möhkəmlənir.

Brilyant xanımda örnək götürüləsi o qədər mənəvi dəyərlər var ki, onları həvəslə ətrafına ötürür. Bu, onun qəlbinin genişliyindən, xeyirxahlığından, diqqətindən xəbər verir. Şeirləri də özü kimidir – səmimi, duyğusal və işıqlı.

İnsan dünyaya gələn, gözünü açan kimi işıq axtarır, ilk gördüyü işıq olur. İnsan işıq təşnəsidi. İşıq taleyinə yazılanları yerinə yetirmək üçün Tanrının insana bəxşişidir, xeyirxah əməllərə münbit şərait yaradır. 

Brilyant Atəş bir ilahi yol seçib - işığa doğru yol. İşığa bələnmiş düşüncələrini “Bir işığın arxasınca...” kitabına toplayıb sözsevərlərə təqdim edib. Bu ağ rəngə bürünmüş şeirlər toplusu onun ömrünün və sözünün Ağ yoludur. Bu yolun hər addımı insan ovqatına köklənmiş söz havalarıdır. Bu havalarda sevinc də var, kədər də, sevgi də var, nifrət də, görüş də var, həsrət də. Əsas məsələ odur ki, bu əhval-ruhiyyələrdə işıq həmişə duyğularla yanaşı durur.

Şair xanımın sözünün işığnın arxasınca getməyi qərara aldım, anladıqlarımı, duyduqlarımı qələmə almağa çalışdım. Onun yaradıcılığının ana xətti Vətənə, ana torpağa, yurda, insana, mənəvi dəyərlərimizə sevgidir. Bu sevgi onu hələ orta məktəbdə oxuyarkən ovsunlayıb, bu gün də ağ işığını əsirgəmir.

“Yağıların gözünə ox kimi batan, kökünün üstündə məğrur duran” Vətən qəhrəmanlarının ikinci Vətən Müharibəsində - 44 günlük savaşdakı tarixi zəfərini mənalı ömrünü yeni nəsil vətəndaş yetişdirməyə sərf edən müəllim-şair ürəyi, təbi, qələmi ilə alqışlayır, əsgər balalara “həmişəlik dərdi qovaq, düşmənin birdəfəlik gözün ovaq” tapşırığı verir. Şam kimi yana-yana Vətən balalarının zəkasına nur paylayan Brilyant xanımın tapşırığını Vətənin əsgər balaları qanı, canı bahasına yerinə yetirdi, Vətən torpaqları yağı tapdağından azad oldu:

 

 Uğrunda oğullar canından keçdi,

 Qalxanda düşməni zəmitək biçdi,

 Neçə yol qələbə şərbəti içdi,

 Sabahı işıqlı görən Vətənim.

 

Söz adamını əbədiyaşar edən yazdıqlarıdır. Şair xanımın yazdıqlarından Vətən çörəyinin ətri gəlir, torpağının nəfəsi, çəmənlərinin güllü-çiçəkli əlvanlığı, dağlarının məğrurluğu, çöllərinin genişliyi, bulaqlarının saflığı, çaylarının kükrəyişi var. Onun şeirlərində ana Vətən  laylasını eşidirik, ana torpağın isti qucağında rahatlıq tapırıq. Onun, kövrək sevgi dolu ürəyi Vətənimizə göz dikən xain, bədxah, nankor düşmənə rast gələndə tamamilə dəyişir, düşmənə nifrət püskürür, o, “torpağa daş, Vətənə qul, anasına baş tacı olan bir şəhidin əvəzinə yüz yağını didməyə hazırdı”. 

Bu zaman onun qisasının qarşısını kəsəcək heç bir qüvvə  tapılmaz:

 

Mən Atəşəm, bütün şəhid oğlanlara bacıyam,

Vətənimə göz dikənin al qanının acıyam.

 

“Ağ işığın arxasınca” bir ömür yol gedən Brilyant Atəş sönməz atəşə dönüb Odlar Yurdunun hər qarışını qoruyanda həmişə “yol bələdçisi həqq”ə söykənib. Onun istər müəllimlik yolu, istərsə də söz yolu məhz buna görə işıqlı olub. Bu işıq məktəblilərə və sözsevərlərə mənəvi qida verib. Bu mənəvi nemətdən doymayanların,  brilyant kimi xas, atəş kimi ölməz insanların Vətəni uzun müddət vəhşi və quduz düşmən pəncəsində qala bilməzdi. Necə ki, artıq düşməndən tam azaddır. Qarabağin və ətrafının hər qarışı artıq Azərbaycandır, üçrəngli bayrağımızın məğrur dalğalandığı Oğuz – Türk yurdudur. Yurdu göz bəbəyi kimi qoruyan oğullar düşmən qarşısında alınmaz qalaya dönəndə nəinki analar, bacılar, heç Xarıbülbüllər də həsrət yükü çəkməyəcək, “qəm daşı”nı birdəfəlik atacaqlar.

 

 Cıdır düzü, boş saraylar,

 Gəzib Vaqifi haraylar,

 Heç çəkmədi illər, aylar,

 Atdıq “daşı”, Xarıbülbül.

 

Hər bir söz adamı doğulub boya-başa çatdığı, yaşadığı, çörəyini yeyib suyunu içdiyi, havasını udduğu Vətən torpağının bir guşəsinin söz portretidir – o yerin təbiətinin, insanının hər emosional anını özündə yaşadan canlı portreti. Brilyant xanımın söz bulağının hər damcısında doğma el-obanın söz mühitinin ətrini duyuruq. Onun qoşmalarını, gəraylılarını oxuduqca bir ilahi dünyaya – həqiqi sözün sehrinə düşürük. O sehir sözlə birləşib oxucunu özünə çəkir, sazla sözün qovuşuğunda ilham qanadlı quşa dönüb könüllərə xoş müjdələr gətirir, yaşam stimulu verir:

 

 Tez-tez başımı qatan,

 Dərdi belimdən atan,

 Baxışıyla dan sökən,

 Məni nuruna bükən

 Yaxın, doğma, əzizim,

 Göyərən, bitən sözüm,

 Atəşəm, sönməz közüm.

 Arxamda qalan izim –

 Mənim yazılarımdır.

 

 “Əvvəl adını axtaran, sonra “bacı”, “xala”, “nənə” yolu keçən, ömrünün müdrik ağbirçək çağına çatan, ancaq qəlbinin atəşi gündən-günə alovunu artıran, Prometey kimi o müqəddəs odu qoruyan Brilyant Atəş həmişə axtarışdadır – “dağda, düzdə, ormanda, gecə-gündüz hər yanda, insanların gözündə, sözündə yaxşını axtarır”.

 

 Yaxşını axtarıram,

 Bütün dünya içində.

 Göz yumub bu dünyadan

 Köçənlərin içində.

 

Şeirin bir çox janrlarında qələmini sınayır Brilyant xanım. Təcnisləri, qoşmaları klassik aşıq ədəbiyyatının nümunələri kimi könüloxşayandır. Müxəmməsləri isə (15-16 hecalı beşlik) klassik poeziya örnəklərinə bənzəyir. Belə çətin şeir janrına indi müraciət edənlər azalsa da, şair xanımın bu cəsarətinə səbəb klassik ədəbiyyatı dərindən bilməsidir. Onun müxəmməslərində zamanın nəbzi vurur, ictimai, siyasi, sosial və psixoloji  motivlər əsas yer tutur. Mənəvi aləmin saflığına çağırış klassikliklə yeniliyin vəhdətində çözülür:

 

Ölümü qəbul edərəm, nakişiyə enmərəm,

Özgə yuvasın dağıdıb, öz evimdə gülmərəm, 

Yaxşı yadı unudaraq, pis qohumla ölmərəm,

Hər atlaza yapışıb da, ondan libas biçmərəm,

Haqq yoluyla düz gedərəm, əyri yolu seçmərəm.

 

Gecə-gündüz zəhmət çəkə, halal çörək qazana,

Düz əl, ayaq, ruzi üçün dua edə yazana,

Düz davrana, düz danışa, haram girməz qazana,

El içində süfrə sala, ola kor gözə didə,

Kasıb-kusuba əl tuta, nə gərək Həccə gedə?

 

Çağdaş ədəbi mühitdə uşaq şeiri yazanların kasadlığı açıq-aşkar hiss olunur. Niyə bu janra biganəlik var? Mənim düşüncəmə görə, uşaq şeiri yazmağın asan olmadığını anlayanlar bu çətinlikdən qorxurlar. Uşaqları aldatmaq, zəif, mənasız, uzun sicilləmə şeirlərlə onların başını qatmaq bu gün mümkün deyil. Uşaqlar daha tələbkar oxuculardır, hər cızma-qaranı böyüklər kimi bəh-bəhlə alqışlamırlar. Brilyant xanım təcrübəli pedaqoqdur, uşaq psixologiyasını əla bilir. Uşaq şeiri yazmaq üçün iti müşahidə qabiliyyətinin olmasını anlayır. Onun “Dedim” uşaq şeiri yığcamdı - cəmi iki bənd, həm də sadə dildə yazılıb. Hər ikisi vacib şərtdir. Atası qızına “qucaq-qucaq oyuncaq alır”, biri də kukladı. Kuklanı alıb ki, onunla birgə tez yuxuya gesin. Ancaq balaca qızcığaz belə fikirləşmir:

 

 Oyuncaqları alıb,

 Kuklanı ona verdim.

 -Kuklanı bacıma ver,

 Qoy o tez yatsın, - dedim.

    

“Bir işığın arxasınca” boylanda sonda bir kövrək bayatı gördüm. İncə mətləbləri bizə ötürən kitabın sonundakı tənha bayatı əzəmətli fikir zirvəsidir:

 

 Ağacda yarpaq ağlar,

 Ağlar, könlümü dağlar.

 Dağlarda insaf olsa, 

 Yaramı buzla bağlar.

 

“Dağlar” sözünü sinə dağı kimi anladım, bu subyektiv fikrimdir. Bəs siz?

Brilyant Atəş milli dəyərlərimizə bağlı, onların keşiyində sayıq dayanan söz adamı olmaqla bərabər milli ruhlu Azərbaycan xanımıdır. Şeirlərində mənəvi-əxlaqi dəyərlər - abır, həya, ismət, namus, nənələrdən miras qalan digər insanlıq keyfiyyətləri önə çəkilir. Nənələrimizin üz aydınlığı, babalarımızın nənələrimizə ərmağan etdiyi sülh, barış rəmzi milli baş örtüyümüz  kəlağayı haqqında şeilərində şair xanım o, zərif ipəyin gözəlliyini poetik sözlərlə təqdim edir. Onun şeirləri millətin mənəvi ruhunun daşıyıcısı kəlağayını təkcə baş örtüyü kimi təbliğ etmir, onu həm də sənət əsəri, xalqımızı xaricdə tanıdan milli düşüncə hesab edir.

Rəhbəri olduğum  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təqdim etdiyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan, qıyğacı” layihəmiz qalib elan olundu. Bu yaxınlarda Qazax şəhərində “Kəlağayı əlvan, qıyğacı” layihəsi çərçivəsində görüş və “Kəlağayı əlvan, qıyğacı” kitabının təqdimatı keçirildi. Görüşdə Brilyant xanım da iştiarak etdi, özünün “Kəlağayı” şeirini söylədi. AYB-nin Qazax şöbəsinin sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal Brilyant xanımın şeirini alqışladı, belə ədəbi nümunələrin xalqımızın milli ruhunu yaşatmasında əhəmiyyətini xüsusi qeyd etdi.

Brilyant Atəş üçün kəlağayı “həm o taya, həm bu taya bir sovqatdır, xoş ovqatdır, başda tacdır, nənələrin izidir, həm də:

 

 Aşiq butasından şərbət içibdi, 

 Üzüyün gözündən sərbəst keçibdi,

 Kini, ədavəti kökdən biçibdi,

 Nənəmin namusu tül kəlağayı.  

 

Şair xanım bizi özümüzə qaytaran, bizi özümüzə və yadlara tanıdan, nənələrimizin rənginə, naxışına görə xeyir-şərə uyğun başına örtdüyü “butası məhəbbət” noxudu, soğanı, heratı kəlağayıların yaşatdığı milli ruhu çox incəliklə şeirə çevirir. Bunun üçün kəlağayının bizə ötürdüyü mənəvi ismarışı bilmək lazımdır. Bunu anladır bizə Brilyant xanım:

 

 Çəməndə çiçəkdən naxış götürmüş,

 Evlərə toy-büsat sevinc gətirmiş,

 Davanı, dalaşı, qanı yatırmış,

 Adı ağızlara bal kəlağay.

 

 Toyda nəmər olub, müjdə alıbdı,

 Xalqın sərvətindən töhfə qalıbdı,

 İllərin qoynundan çıxıb salıbdı –

 Keçmişdən sabaha yol kəlağayı.

 

Daim milli-mənəvi dəyərlərin keşiyində dayanan milli ruhlu, düşüncəli Azərbaycan qızı, anası, nənəsi Brilyant Atəşə arzularımı “Bir işığın arxasınca...” kitabına ön söz yazan Tahirə xanım Tapdığın üç cümləsi ilə çatdırmaq istəyirəm:

“Yaşayın, Brilyant xanım, yaşayın ki, ürəyinizdən ağ vərəqlərə zərtək incilər hopsun, qələminiz qoy iti olsun! Yazın, yaradın. Yaşayın ki xalqım, Vətənim üçün söz dəryasından düymə-düymə, zərif-zərif söz incilərini mirvarilərtək ipə-sapa düzüb əsrarəngiz sənət əsərləri yaradasınız.”

 

 “Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Payız olsa da dənizkənarı parkda bir xeyli adam vardı. Əli uşaqlı analar, qocalar, yaşlılar, qadınlar, gənclər dəstə-dəstə qızın yanından keçirdilər. Biri də o olan tərəfə baxmırdılar. Sanki heç kim görmürdü bu qızı və ya əksinə, görməzdən gəlirdilər. 

Arada əlini açıb nəsə desə də onu heç kim eşitmirdi. Kirli ləçəyinin altından qara, qıvrım saçları küskün-küskün çiyninə dağılmışdı. Uzun, köhnə ətəkləri yer süpürürdü. Rəngi  bozarmış yay ayaqqabılarından göyərmiş  barmaqları görünürdü. Corabsız idi. Çiyninə atdığı şala möhkəm möhkəm bürünmüşdü. Görünür, çoxdandı burdaydı. Üşüyürdü. Payız girəndən onsuz da havalar əməllicə soyumuşdu. Üstəlik də dənizdən əsən külək havanı bir az da sərinləşdirmişdi. 

Bir qədər aralıda, skamyaların birində oturan orta yaşlı qadın bayaqdan bu qıza baxırdı. 

“Bu qız ya dilənçi deyil, ya da onu məcbur edirlər dilənçiliyə. Yoxsa çoxdan hamının əlinə, ayağına düşüb pul yığardı... Əcəb də qəşəng qızdı. Köhnə paltarların içində itib batıb bu gözəllik". 

İstədi qızı yanına çağırıb sual-cavab etsin. Nədənsə vaz keçdi.

“Eh, bəlkə özünü elə aparır. Bu da təzə dilənmək metodudu bəlkə. Ya da çoxbilmişdi. Bu yolla diqqəti özünə cəlb etmək istəyir". 

Qız  bir az fəallaşmışdı  deyəsən. Könülsüz-könülsüz gəlib gedənin qarşısına keçir, öyrəndiyi dualardan təkrarlaya-təkrarlaya  əllərini irəli uzadırdı. Bəziləri söyüb keçir, bəziləri gülə-gülə uzaqlaşır, bəziləri də ciblərində olan qəpikdən, quruşdan qızın ovcuna tullayırdılar.

Qız ovcuna yığdığı pulları tələsik parça heybəsinin(Görünür onu da kimsə vermişdi. Əldə tikilənə oxşayırdı) içinə yığırdı. Sonra təzədən əllərini gəlib gedənə sarı uzadırdı. Utanırdı deyəsən. Heç kimin gözünün içinə baxmırdı. 

Bayaqdan onu izləyən qadını bir az da maraq götürdü.

“Yox e, gedib yaxınlaşacam. Bu qız hər gün rastıma çıxan sırtıq dilənçi qızlara heç bənzəmir. Bu qədər maskalanmaq olmaz. Burda nəsə bir ayrı şey var". 

Qızı yanına çağırdı. Qız tərəddüd edə-edə qadına yaxınlaşdı:

-Salam.Mənimləsiz?

-Salam. Bəli. Bayaqdan səni izləyirəm. Fikirləşirəm ki, belə dilənmək olmaz. Sakit dayanıb baxmaqla heç kim sənə pul verməz. Bizim millət öyrəşməyib sakit dilənçiliyə. İstəyirsənsə sənə pul versinlər, fəal ol. Sənin kimisin birinci dəfədi görürəm.

-Mən dilənçi deyiləm. Anam xəstədi. Ona görə məcbur olmuşam.

Qadının ürəyi ağrıdı. Dediklərinə peşman oldu. Fikirləşdi ki, tanımaz, bilməz gərək bu sözləri deməzdi qıza. Amma yenə maraq güc gəldi:

-Anan nə xəstəsidi? Sizə baxacaq, yardım edəcək heç kiminiz yoxdu? Təhsilin də yoxdu yəqin.

-Anam iflicdi. Yataq xəstəsidi iki ildi. Atam biz balaca olanda dünyasını dəyişib. Qohumlar da özlərini zorla dolandırır. Hara gedirəm iş vermirlər. Hər yerdə adam, tanışlıq lazım olur. Küçə süpürgəçiliyi üçün də gərək kiminsə tapşırığı ola.

Qadın qıza elə diqqətlə qulaq asırdı ki, ətrafda baş verənlər, uşaqların səsi, küyü, gənclərin şaqqanaq çəkib gülməsi, qocaların çəliklərinin taqqıltısı - heç nə onu maraqlandırmırdı. Həm də qızın zahiri gözəlliyi də onu heyran etmişdi. Fikirləşirdi ki, heyf bu cür qızdan, bu zəriflikdən.

-Neçə yaşın var?

-20 olacaq fevralın 18 də.

"Doğulduğu günü görəsən nə vaxtsa qeyd ediblər? Görəsən  bu qızın bir xoş günü olub? Gözlərindəki mənaya bax hələ. Abırlı, həyalıdı həm də"

Qadını elə maraq bürümüşdü ki, bu qızın bütün tərcümeyi halını öyrənmək istəyirdi. Dənizkənarı parkı da, gəlib gedən insanları da, dənizi də unutmuşdu.

Adətən küçədə, ictimai yerlərdə həyasızca  gəlib-gedənin qabağına yüyürən, hər vasitə ilə adamlardan pul qoparmağa çalışan qadınlardan xoşu gəlməzdi.

Fikirləşirdi ki, əcəb peşə tapıblar özlərinə. Asanlıqla pul qazanmağın yolu. Əslində mənliklərini, şərəfini itirdiklərindən xəbərləri yoxdu. Allah sizə əl-ayaq verib. Yanağınızdan qan damır. Sapsağlam insanların dilənib pul yığması nə qədər düzgündü?

"Amma bu qız tamam fərqlidi. Üzündən, gözündən həya tökülür. Bu qızı məcbur ediblər bu həyata."

Özündən asılı olmayaraq bu qızı dərindən öyrənmək, tanımaq keçdi ürəyindən.

Qız ondan uzaqlaşmaq istəyəndə isə tez çantasını açıb pulqabısından  bir iyirmilik çıxardı və ürəklə qıza uzatdı.

-Al, qızım. Amma sən mənə ünvanınızı da de. Nəsə maraqlı qıza bənzəyirsən. Bəlkə sizə köməkliyim də dəyər.

Qız utana-utana pulu götürdü və bildiyi, öyrəndiyi dualardan edə-edə uzaqlaşmaq istədi. 

Qadın dediyi sözləri bir də təkrarladı.

-Ünvanını de, qızım. Ya da düş qabağıma, mənimlə gedək sizə.

-Çox sağ olun. Amma mən sizə ünvan verə bilmərəm.

Qadın daha israr etmədi. 

Onu da bildi ki, bu qız onun yaddaşında hələ uzun müddət qalacaq.

....Sərgidə bir xeyli adam vardı. Rəfiqəsi Nazlı Zeynəbi  da dartıb gətirmişdi bura. Həm səhhətinə görə (qızıl yel onu çox incidirdi), həm də havaya görə evdən çölə çıxmaq isəmirdi. Amma rəfiqəsinin uzun israrından sonra axır ki, ona qoşulub sərgiyə gəlmişdi - gənc rəssamların yay festivalıydı. Bir-birindən gözəl rəsm əsərlərini gördükcə heyranlığını gizlədə bilmirdi. Hələ bura gəlmək istəmədiyi üçün özünü danlayırdı da.

“Baxdıqca adamın ürəyi açılır. Gör ölkədə nə qədər istedadlı gənclər var. Fəxr olunası haldı. Yaxşı ki, Nazlı məni sürüyüb gətirdi bura. Yoxsa işdən evə, evdən işə nə qədər olar axı? Belə yerlərə də gəlmək lazımdı arada".

Hər rəsm əsəri bir möcüzəydi. Sanki rənglər adamla danışıb söhbət edirdi. Rəsmlər adamın üzünə gülürdü. Bu rəsmlərdən pul  verib alanlar da olurdu. Birdən bir neçə insanın bir rəsmin başı üzərində dayanıb heyrətlə baxdıqlarını gördü. Maraqlandı. Rəsmə yaxınlaşdı. “Günəş qadın". Əsər belə adlanırdı. Heyrətindən gözləri böyüdü. Dənizkənarı park, insanlar, skamyada oturan bir qadın və onun başı üstə dayanmış dilənçi qız. İlahi, hər şey  elə gözəl təsvir olunmuşdu ki, Zeynəb bir müddət yerində donub qaldı. O payız günü, yerə səpələnən xəzəllər, dənizlə danışan adamlar, payız günəşi, dilənçi qızın üzündəki məsumluq, qadının gözlərindəki şəfqət, heyranlıq və mərhəmət hissi elə ustalıqla təsvir edilmişdi ki, özünü bir anlıq orda hiss etdi. Skamyanın sağ tərəfində yuxuya getmiş pişik də diqqətdən yayınmamışdı. Hələ günəş şüalarının qadının üzündəki əks-sədası bir ayrı gözəllik qatmışdı əsərə.

"Axı o gün mənim qızla dialoqumu kimsə görməmişdi. Bəlkə kimsə uzaqdan izləyirmiş, xəbərim olmayıb"

Birdən ağlına gələn fikirdən diksindi. “Yoxsaa..."

Dönüb ətrafa baxdı. Tanıdığı kimsə yox idi. Nazlı onu axtarırdı.

-Hardasan, ay qız. Səni güclə gətirdim bura. Heç gəlmək istəmirdin. İndi də çıxara bilmirəm.

Heç nə demədi. Üzü gülürdü. Elə ürəyi də. Sərgidən çıxanda gün günortadan keçmişdi. Günəş elə gözəl parıldayırdı ki. 

İlk dəfəydi Zeynəb günəşi bu qədər çox sevdiyini anlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

.Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.

 

Kövrək xatirələrin üstünə getmə

Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib


Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi


Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.