Super User
ÖTƏN İL BU GÜN: “Kənar adamın söylədikləri” romanı işıq üzü görüb
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən il bu gün rubrikasında portalımızın arxivindən bu xəbəri seçib sizlərə təqdim etmək qərarına gəldim. Niyə? Özüm bu romanı oxumuşam və bəyənmişəm, təkrarən sizlərə də tövsiyə etmək istəyirəm.
“Qanun” nəşriyyatında yazıçı Əlibala Məhərrəmzadənin “Kənar adamın söylədikləri” sənədli romanı işıq üzü görüb. Sözügedən roman “Çovdar çörəyi” romanı ilə Azərbaycan oxucusuna kifayət qədər tanış olan, ədəbi dairələrin diqqətini çəlb etmiş yazıçı Əlibala Məhərrəmzadənin sayca 4-cü romanıdır. Romanı yazarkən yazıçı qarşısına qoyduğu hər iki məqsədin – həm oxunaqlı təhkiyə ilə oxucu diqqətini cəlb etməyin, həm də azərbaycanlı-erməni münaqişəsinin dərin köklərinə varmaqla yerli və əcnəbi oxucuya nəyin nə olmasını isbat etməyin öhtəsindən lazımınca gələ bilib.
Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəmanı – fransalı yazar Mişel Leqranı “Ailes” qəzeti redaksiyası Bakıya – 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zamanı nümayəndə heyəti ilə ora yollanır, orada vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən məşhur fransalı yazıçı Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik ermənilərin fransızlara vurduqları yaralardan da xəbərdar olub mövzusunu dəyişir.
Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cumhuriyyətinin qurulması, 1920-ci il bolşevik işğalı, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə əslində qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur. Bu da romanı oxunaqlı etməklə yanaşı, həm də gərəkli etməkdədir.
Düşünürük ki, “Kənar adamın söylədikləri” romanı geniş oxucu kütləsinin rəğbətini qazanmaqla yanaşı, tarixçilərin, alimlərin, eyni zamanda, fransalı dostlarımızın da diqqətini cəlb edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
19-cu hissə
Dəyişilməyini hamı sezdi
Süleyman səhərin açıldığını görcək tələsik yerindən durdu, hamam otağına keçib yuyundu, üzünü təraş etdi. Gözləri yuxusuzluqdan qıpqırmızı idi. Onu bu vəziyyətdə görərsə Zərrinin nə qədər sual ünvanlayacağının fərqində olub tez qəhvədanı qaynatdı, bir stəkan şirin çay içib ehmalça evdən çıxdı.
Adəti üzrə Notarial kontora piyada gedirdi. Evinin iki addımlığında olan idarədə işləmək həm yaxşı idi, həm pis. Yaxşı ona görə idi ki, heç vaxt yolda ləngiməzdi. Pis isə ona görə idi ki, hər halda insan şüurunda evdən işə getmək prosesi özlüyündə hansısa böyük bir məsafəni qət etməyi ehtiva edir. Bunda isə məsafə yox idi. Evdən çıxdı, Fəvvarələr bağını keçdi, bu da iş yeri.
Qapının bağlı olduğunu görəndə bivaxt gəldiyinin fərqində oldu. Adətən saat 10-da gələrdi iş yerinə, qızlar isə 9.30-da gəlib qapını açar, kompüterləri işə salar, içəridə yır-yığış edər, çay qaynadardılar.
Saatına baxdı. Hələ 9.24 idi.
Qızlar gəlincəyə qədər səbirsizcəsinə oralarda var-gəl elədi.
Qəzəblə öz-özünə söylədi ki, işə bax, doxsanıncı illərdə “Təhminə” filmi çəkilərkən Təhminə roluna aktrisa tapılmayan ölkədə otuz ildən sonra yüzlərlə təhminələr formalaşıb.
Qızlar gəlib müdirlərini qapının ağzında gözləyən görəndə bir-birlərinə baxdılar. Onlar dünəndən bəri Süleymanda nəsə bir fərqlilik hiss edirdilər, nəyinsə baş verdiyinə əmin idilər, müdirlərinin bu vaxtsız gəlişi onları lap əmin etdi. Hətta onlardan biri müdrikcəsinə bildirdi ki, müdirimiz sanki o otağa soxulan saqqallı gəncin gəlişindən sonra bunca dəyişib.
Elə həmin gün müdirlərini dəyişən şeyin hələ içində nə yazıldığını bilmədikləri vərəqlərin olduğunu da müəyyənləşdirdilər. Romanı oxumağa mübtəla olmuş Süleyman sənəd imzalatmağa gələn qızın gəlişini qaçırmış və qız neçə müddət başının üstündə dayanıb onun fikrini kağızlardan ayıra bilməmişdi. Sonra da iş otağına qayıdanda qızlara bəyan etmişdi ki, qızlar, müdiri məşğul edən hansısa yazılardır və sizi əmin edirəm ki, o yazıları həmin saqqallı gənc bura gələndə əlində gətirmişdi.
20-ci hissə
Yenidən ayaqda
Söz vaxtına çəkər. İndiki kimi mayın ortalarıydı, Ülkər yenə pəncərə qarşısında bitib qalmışdı, Nazəndə xanım gəldi, onunla da, Zöhrə ilə də qucaqlaşıb öpüşdü. Aylin məktəbdən hələ qayıtmamışdı.
Oturdular, Zöhrə çay gətirdi. Nazəndə xanım Ülkərə xeyli nəsihət, öyüd verdi, sonra təsəllilərə keçdi, ürək-dirək verdi, sonra da dedi, evdə, dörd divar arasında oturmaq səni üzür.
Dedi:
-- Bir güzgüdə özünə bax. Rəngin solub, gözlərin çuxura düşüb. Hanı əvvəlki gözəlliyin? Bu quyuya özün özünü atdın. İndi ki Qələndərovla Zöhrə səni quyuya itələmədilər. Amma çıxmağın gərəkdir ordan. Aylinin xatirinə. Sənə iş tapmışam. Orta məktəbdə. İbtidai sinif müəllimliyi.
Ülkər yenidən işə gedəcəyi xəbərinə sevindi. Nə yaxşı insandır Nazəndə xanım. Əsl azərbaycanlı qadın belə olar. Genişqəlbli, humanist, əxlaqlı. Ülkərin anası da yaxşı qadındır. O da mərhəmətli, namuslu-ismətli, genişqəlbli biridir. Nazəndədən fərqli olaraq, mütidir amma. Hüquqsuzluğu, kişi despotunu qəbul edən bir qadındır. Hər ikisi qadın adına layiqdir. Yoxsa ki, Rasimin ləçər anası...
Ülkərin yenidən işə çıxması sentyabra təsadüf etdi, yeni dərs ilinin başlanğıcına. Məktəb evlərindən çox da uzaq deyildi, marşurut avtobusuna minirdi, avtobus onu İnqilab küçəsinə -- düz məktəbinin qarşısına gətirirdi.
Kollektivə dərhal isinişdi, amma heç kəsə öz uğursuz, acı taleyindən bir kəlmə də olsun danışmadı. Mütərəqqi təhsil metodu tətbiq etdi dərhal, interaktiv dərslər, şagirdlərin ekskursiyalara aparılması, bəzi dərslərin səhnələşdirilərək mənimsənilməsi – hər gün bir yenilik tətbiq edirdi, məktəb direktorunun, pedaqoji kollektivin gözündə ucalmışdı. Öz birinci sinfi vardı, dördüncüyədək onları daşıyacaqdı, üstəlik, bir müəllimi əvəz edib onun üçüncülərini də götürmüşdü, ikinci növbə də onlara dərs deyirdi. Demək olar ki, boş vaxtı olmurdu, evə yorğun, halsız qayıdırdı, qayıdan kimi də Aylini ilə məşğul olurdu.
Əməkhaqqı babat idi, növbəti dərs ilində qızının məktəbini də dəyişdi, onu ingilisdilli liseyə qoydu.
Məktəbdə çox mehriban kollektivləri var idi, ilk gündən Gülgünlə yaxınlaşmış, rəfiqə olmuşdular. Həmyaş idilər təqribən. Tezliklə lap yaxınlaşdılar. Gülgün ona həyatını danışdı, sirlərini həvalə etdi, Ülkər də hamıdan gizlətdiyi öz tale hekayətini Gülgünə danışası oldu.
Şənbə-bazar çox vaxt Ülkər Aylini, Gülgün əkiz qızlarını götürürdü, ya parka, ya uşaq attraksionuna, ya kafeyə gedir, əylənir, yeyib-içir, deyib-gülürdülər.
Ülkərə qısa müddətdə iki müəllim eşq elan etmişdi. Bunlardan biri gənc, subay oğlan idi, onun yaxınlaşmasından Ülkər qıcıqlanmış, sanki cərəyan vurmuşdu onu. Rasimi xatırlamışdı, ilan vuran ala çatıdan qorxar axı. Müəllimə qəzəblə demişdi:
-- Bir də mənə bu barədə kəlmə desəniz, məndən inciməyin. Sizi dediyinizə peşman edəcəm. Oğlum yerindəsiz. Ayıb olsun!
İkincisi daha uyğun namizəd idi, Ülkərdən doqquz yaş böyük olan dul kişiydi. Amma Ülkər bu insanda cəlbedici heç bir cəhət görmədiyindən, -- xüsusən lopa bığları adamı itələyirdi, -- ona da yerini göstərmişdi. Həmin dönəmlərdə Ülkər yenidən hansısa bir kişi ilə əlaqə quracağına əsla inanmırdı, bunu təsəvvürünə belə gətirmirdi. İki öldürücü ailə qurma uğursuzluğu bəsi idi.
Atası, qardaşı, Madar, Rasim... Dörd kişidən aldığı zərbələrdən sonra kişi tayfasına hətta bir qədər nifrət də hiss eləməyə başlamışdı.
Amma belə olanda uzaqdan-uzağa Rüfətin xəyalı gəlib sanki ona “bəs mən?” deyə sual edirdi. Qəribə də olsa, hətta bu qədər il keçəndən sonra belə Ülkər haçansa Rüfətlə qarşılaşacağı ümidini itirmirdi.
Ülkər içindəki fikir fırtınasını Gülgünlə ikilikdə olanda üzə çıxarırdı, ona fasiləsiz olaraq öz həyat baxışlarını açıqlayırdı:
-- Bax, hər bir qıza şans verilməlidir ki, o, ayaqda olsun, öz taleyini özü həll etsin. Onda o, mütləq xoşbəxt olacaq. Eləcə də qarşı tərəfdəkinin də seçim imkanı öz əlində olmalıdır. Dünyada ən böyük avtoritarizm, ən böyük diktatura valideynin övladı üzərində qurduğu diktaturadır. Həm də ən qəddar, ən zalım diktaturadır bu.
-- Hər bir debatın baş mövzusudur ki, xoşbəxt ailə nədir. Psixoloqlar əmin edirlər ki, xoşbəxt ailənin cəmi bir şərti var. Tərəflərin hər ikisinin, yaxud birinin maddi imkanı deyil bu. Tərəflərin hər ikisinin, yaxud birinin ali təhsilli, elmli olması da deyil bu. Bu, yalnız xasiyyətin tutması, oxşar zövq və maraq dairəsidir.
Gülgün nədənsə qonşusu Rəşid barədə tez-tez danışmağa başladı. Ay villası belə, maşınları elə, ay cazibəsi bu cür, yaraşığı o cür...
Ülkərə bu söhbətlərin məğzi qaranlıq qalmaqdaydı.
Bir gün, nəhayət, Gülgün Ülkərə söylədi ki, sən bizə gəlib-gedəndən qonşum Rəşid sənə göz qoyur, səninlə maraqlanır. Ülkər “boş ver” söylədi. Növbəti dəfələrdə bu söhbət daha da intensivləşdi. Bir dəfə Gülgün lap onun üstünə getdi, dedi, ay səfeh, Rəşidin kim olduğunu bilsən, onu əldən buraxmazsan.
Rəşid neft şirkətində yüksək vəzifə daşıyırdı. Həddən artıq zəngin biriydi. Yaşı əlli beş idi. İri qarnı görünüşünə xələl gətirsə də, zəhmli, bazburutlu birisi idi. Üstəlik, gözəgəlimliydi.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Əbasət Purhəsənin “Uşaqlıq yoldaşım” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
UŞAQLIQ YOLDAŞIM
Hava ağlayırdı ağırlığından,
Elə anlayırdım çırpınırsan sən.
Əlimi uzaldıb əlimə aldım,
Sənə layla çaldım doyunca dünən.
Ovcumun içində yuxuya keçdin,
Körpə uşaq kimi, ətsan quş kimin.
Ağzını yumurdun lal dünyamıza,
Ya sona çatırdı sənin də qəmin.
Sən elə ovcumu qucaqlamışdın,
Səni ovucumdan ata bilmirdim.
Yuxu gözlərimi alırdı, ancaq –
Sənsiz yuxularda yata bilmirdim.
Ovcumun içindən ayrılmadın heç,
Səni sevə-sevə öldürdüm dünən.
Uşaqlıq yoldaşım, bayram balığı,
Daha çırpınmayır nə mən, nə də sən...
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
Əsərləri 1 milyon dollardan baha satılan rəssamların reytinqi dərc edilib
“Sotheby's” auksionu və Londonda yerləşən incəsənət bazarının araşdırma firması olan “ArtTactic” tərəfindən dərc edilən hesabata əsasən, Pablo Pikasso, Klod Mone, Endi Uorhol, Jan-Mişel Basqia və Gerhard Rixterin əsərləri 1 milyon dollar və ya daha çox dəyərində olan ən yaxşı 50 rəssamın siyahısına başçılıq edir.
AzərTAC xarici KİV-ə istinadla xəbər verir ki, reytinq “Christie’s”, “Phillips” və “Sotheby’s” tərəfindən 2018-ci ildən 2022-ci ilə qədər başa çatmış hərracların satışlarının nəticələrinə əsasən tərtib edilib.
2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər olan məlumatlara əsaslanan 1 milyon dollar və daha böyük məbləğ kateqoriyasında ən yaxşı sənətçilərin reytinqi ən yaxşı satış dinamikasını göstərir.
2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər olan dövr üçün ən yaxşı satış dinamikası nümayiş etdirən rəssamların reytinqinə Casper Cons, Lusian Freyd, Pol Qoqen, Vassili Kandinski və Villem de Kuninq daxildir.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
“Sözün də söz vaxtı var…” - ƏDƏBİ TƏNQİD
“Ədəbiyyat və incəsənət” portalı Ədəbi tənqid bölümüdə Təranə Dəmirin şair İbrahim İlyaslı yaradıcılığı ilə bağlı məqaləsini təqdim edir.
Sözlə qılınc həmişə eyni kəsərdə olub. Bəzən qılıncın kəsmədiyi savaşı sözlə kəsiblər. Bəzən qılıncın açmadığı qapını sözlə açıblar. Sözlə savaşa çıxanlar da az olmayıb tarix boyu. Bir sözlə, söz böyük qüdrətdi. Onu öz çəkisində, dəyərində saxlamaqsa hünər istər.
Haysız, küysüz, bəzən qulağımıza pıçıldanan bir söz bizi dartıb ən dərin quyunun dibindən çıxarar. Atar həyatın burulğanına. Adamı yoxdan var edər. Bəzənsə bir söz bizi dağın başından tullayar ümidsizliyin üstünə. Bütün gələcəyimiz və arzularımız alt -üst olar.
Bəzən bir sözün işığına yığışar bütün cahan. Bəzənsə bir sözün qaranlığında qərq olar dünya. Dahi Nizami Gəncəvi demiş:
Söz eşqin lüğətindən öz canımızdır bizim,
Biz sözük, bu bədənsə eyvanımızdır bizim.
Və yaxud:
Hər zaman sözünün bil məqamını,
Boş sözlə məhv etmə ehtiramını
(Sədi Şirazi)
Dahilərdən söz haqqında yazılan yüzlərlə sitatlar gətirmək olar. Sözə ilahi pəncərədən baxan, sözü Allaha qədər ucaldanlardan gedir söhbət əlbəttə. Mənə elə gəlir ki, sözün qüdrətini şairlərdən çox anlayan olmaz. Heç sözün qədrini də onlardan gözəl bilən yoxdu məncə. Həmişə sözün qulpundan tutub öz məninə sarı gedən şairlər söz verir, söz alır. Sözləriylə var edir, yaşadır. Özünü sətir-sətir şeiriyyata hörən, sevginin sözlə tablosunu çəkən, "Mənim səndən uzaqlarda yamandı halım, necəsən"- deyib eşqini dünyaya hayqıran şair qalibdi məncə. Söhbət təpədən dırnağa sözə tutunan, silahı da, günahı da, ərk yeri, görk yeri də söz olan şair İbrahim İlyaslıdan gedir. İçi özünü, çölü özgəni yandıran şairçün bir söz var, bir də Tanrı. İkisindən də bərk yapışıb. Küsüb barışdığı məbədgahdı hər ikisi. Bircə onların qarşısında əyilir sevda şairi. And yeri, güvənc yeri də söz və Tanrıdı. Şair olmaqdan yorulmur, usanmır heç vaxt. Bu yol onu dağa, daşa çırpsa da, küləklərə, yağışlara, sazaqlara atsa da dayanmır. Nə yaxşı ki, dayanmır, bitmir, tükənmir. Çünki sözünə, Tanrısına sadiqdi. Onların qarşısında başı dik, alnı açıqdı:
Eşq əhlinə zaval yox,
Od ilə su tən gərək.
Mənə ağıl, kamal yox,
Sən gərəksən, sən gərək
- deyən şair əslində ağılın fövqündədi, sevgininsə ən uca zirvəsində. Sevgisi də sufi sevgidi, ilahi eşqdi. Səsi Allahacan çatanlardandı. Bütün söz adamları kimi o da əzabları, ağrıları, xəyalları ilə təkdi, yalqızdı:
Bu gecədə mən duyanı
Bir bəndə bəşər duymasın.
Bu qədər zülmü yazıqdı,
Allah heç kəsə qıymasın -
deyən şair həm də bütün yükü özü çəkməyə hazırdı. Gecəylə, ayla, uıduzla danışa-danışa varaqlarla, qələmlə dərdləşir öz dünyasında. Susqunluğunun özündə bir haray var, nalə var. Amma bu boyda yükün altında şair yenə dayanmır, sabaha can atır. Öz müqəddəs duyğularına tutuna-tutuna həm də.
İbrahim İlyaslının sözünün böyüklüyü həm də ondadı ki, o incitmir heç kəsi. Ruha sığal çəkə-çəkə, yaraları sarıya-sarıya ağladır. Göz yaşını da özü silir. Sözüylə. Şair hamının əvəzinə danışa bilir. Qorxmadan, çəkinmədən həm də. Ruhu azaddı çünki. Buxovlamır sözünü :
Küfr mənlik deyil, Əstəğfürüllah,
Sənə can atıram, sənə, İlahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, İlahi"
-deyən şair əslində ədalətsizliyə, haqsızlığa, yalana, hiyləyə, nifrətə qarşıdı. Ümumilikdə insanlığa can atır İbrahim İlyaslı sözü. Dumduru, ləkəsiz, boyasız, riyasız bir dünya axtarışındadı şair bütün söz adamları kimi. Səbrinə sığınıb arzuladığı dünyanın qapısını sözlə döyür. O qapını üzünə açan olacaqmı? Yenə Tanrıya üz tutur. Özü də ürəyiylə, ruhuyla :
Nədir əyrində düz - deyim,
Nədir birində yüz - deyim,
Gəl könlünə bir söz deyim-
Bir də məni aramazsan!
Şairin ürəyi doludu. Yenə ilahi sözə sığınıb:
Gəl ya dəli elə, ya qandır məni,
Ya gizlət ovcunda, ya yandır məni,
Hər gün bir yalana inandır məni,
Səndən üzülməsin umudum, ömrüm, -
-deyir.
Misralar çırpınır adamın gözlərinin önündə. Yanır, cızdağı çıxır ayrılığın, həsrətin. Amma hardansa bir ümid boylanır üzü hicrana. “Nə yaxşı ki, bu ümid var "-deyirsən. Baxırsan ki, şair sözqarışıq söykənir həmin o alotorana sarı. Ürəyi dopdolu, əlləri boş olsa da sabaha inanır :
Bu qədər zülmün içində
Məni bir ümid yaşadır.
Başını qaldır, göyə bax,
İki ulduz baş-başadı.
İlrahim İlyaslı həqiqətlərə söykənən yazardı. Qismətlə barışan, baxtına sığınan, dünyayla hesablaşan şairdi. Heç kimdə günah axtarmayan, qınaqlardan qorxmayan, sözü əsarətdən qurtaran mücahiddi. Qarşılıq gözləmədən sevən, usanmayan, yorulmayan sevda yolçusudu həm də:
Mən sevə bilirəm ancaq,
Sevilmək - O mənlik deyil -
deyən şair heç bu yükü daşımaqdan da narazı deyil. Təki ürəyində sevgi olsun. Yükünü sözdən tutan şairin hər sözü bir məktəbdi. İnsanı günahlardan arındırmağa, saflaşdırmağa xidmət edən sözünə arxalanır həmişə. Elə söz də ona güvənir :
Divarların bu üzündə
Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim.
İlahi, nə yoxdu bu bircə bənddə. Tənhalıq, məhkumiyyət, eşq, qaranlıq, dərd, həsrət, əlçatmazlıq. Eyni zamanda sözün qələbəsi. Bu məğlubiyyətin içində ilahi bir qalibbiyyət var həm də. Şair qalibdi. Həsrətiylə, ağrısıyla, sədaqəti, sevgisi, səbri, dözümüylə qalibdi.
İbrahim İlyaslı Tanrıyla təkbətək olanda çox düşünür. Söz Tanrısı köməyinə gəlir arada. Sözü İlahiylə üz-üzə qoyur. Özü də qorxmadan, ərklə:
Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada?
Bir payı quru torpaq,
Üç payı su dünyada.
"Ölümə soykənən adam" əslində əbədiyyətdən yapışıb. Özü də möhkəm-möhkəm. Sevgidən köynək geyinib, ayrılıqdan, hicrandan göynəyə-göynəyə həm də. Bu boyda dünyanı ürəyinə necə sığdırıb şair? Cəsarətinə alqış deyə-deyə oxuyuruq misralarını. Özümüzü tapa-tapa , ağlaya-gülə, dünyaya söyə-söyə, taleyə qarğış yağdıra-yağdıra rəng verib rəng alırıq sətirlərin arasında. Şairlə birgə gah günaha batırıq, gah da savab yiyəsi oluruq. Gah qışa düşürük, gah bahara. Bəzən misralar xəzəl rənginə bürünür gözümüzün önündə. Demək, şair inandırmağı bacarır. Bu da bir qələbədi. Yenə də Söz:
Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən dəli rəssamam
-deyə-deyə yaradır ideal aşiq obrazını. Kökü torpaqdan, budaqları Göydən yapışan Eşq. Demək şairlər yaradıcıdı. Düz deyirlər. Demək yanılmamışam sözü Tanrıyacan ucaltmaqda. Rəssam rənglərlə yaradır, şairsə sözlə. Tanrı isə nəfəsiylə can verir, həyat verir onların yaratdıqlarına.
Şairin sözü ucuz tutanlara, ucundan tutub ucuzluğa gedənlərə də sözü var:
Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var, bazar olmasın.
Heç bir məmləkətdə, heç bir millətdə,
Yazıqdı, sənin tək yazar olmasın.
Sözün keşiyində sözüylə dayanan şair məğrurdu həm də. Eyni zamanda təvazökardı. Tərifi sevmir. Utanır. Həm də şairanə təbəssümlə.
Onun şeirlərinin həsrəti vurur adamı. Elə şirin gəlir ki, hicran adama. Vurulursan ayrılığa:
Bundan gözəl ömür olmaz,
Sən olan dünyada varam..
Sənin həsrətindən özgə
Nəyim var haramdı, haram...
Oxuduqca adam ömür boyu bu harama batmaq istəyir. Özü də qorxmadan, çəkinmədən. Cəhənnəm odunda yanıb kül olmaq da vecinə gəlmir. Bulaşmaq istəyirsən bu həsrətə, vəssalam. Sözün hökmünə bax deyirsən :
Sən gözəl olmaya bilməzsən, xanım,
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,
Bir ildi ovcumdan gül ətri gəlir.
Oxuduqca elə misralardan da müşk-ənbər qoxusu dolur ruhuna .
Məni ömrüm boyu çək imtahana,
Mənə ömrüm boyu zülm elə, nolar.
Görüm nə çəkibdi dəli-divana,
Görüm eşq əhlinə zülm ilə nolar?
Şair sevməkdən çəkinmir, elə unudulmaqdan da. Bir sözlə içindəki ilahi sevginin köləsi olmaqdan usanmır, yorulmur.
Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.
Əsl Məcnun kimi, Kərəm kimi, Fərhad kimi sevir İbrahim İlyaslının qəhrəmanları da.
Sözü hərf-hərf yaşadan şairin yaradıcılığı çoxşaxəlidi. Misralar dopdoludu. Artıq heç nə ilə yükləmir şeiri. Bir sözlə, şair sözlə oynamağı yaxşı bacarır. Əlinin altında söz dondan-dona girir. Sözünə gah bahar qatır, gah payız, gah qış. Sözü hansı fəsildə olur olsun, rəngi üstündə olur amma. Elə odu da. İstisi uzaqdan vurur adamı.
Konkretliyi sevir həm də şair. Uzunçuluqdan qaçır. Oxucunu yormaqdan qorxur. Bu da şairin böyük sözə ehtiramından irəli gəlir. Onun şeirlərini oxuduqca sözə səcdə etməyin gəlir. Duyğuların dil açır.
İbrahim İlyaslı eyni zamanda başı daşdan daşa dəyən yazardı. Dünyanın bütün üzünü görüb, əzabların min qatından keçib. Uşaqlıqdan üzübəri özü də. Həqiqətin dalınca yüyürüb. Yüyürdükcə hər acını dadıb. Hələ gənclik illərində azadlığını buxovlayanlar da olub. Amma sözünü əlindən ala bilməyiblər. Yenə yazıb, yenə sözə tutunub. Əyilməyib, sınmayıb:
Bu da sənin təkotaqlı mənzilin,
Atam oğlu, ev-eşiyin mübarək.
Həyətində keşikçilər tətikdə,
Həyət-bacan və keşiyin mübarək.
Voloqda həbsxanasında təkadamlıq kameraya deyiilmiş bu şeiri bəlkə də az adam bilir. Elə nisgilini də, ağrısını da tək çəkib şairlə birgə bu şeir. Biz İbrahim İlyaslını gülər üzüylə tanıyırıq. Kədərini kimsəylə bölməz, təkliyinə sığınıb yaşayar. Duyan duyar amma. Amma soruşmağa da cürət etməz kimsə. Şairçün dərdin qonağı da, yiyəsi də özüdü. Yükü də özü çəkməlidi. Babalı dərd yiyəsinin boynuna.
Şairin ürəyində hələ deyilməyən o qədər sözü var ki. Deyir, bu vaxtacan heç bir jurnalist məni danışdırmağı bacarmayıb. Arzuladığım və gözlədiyim suallar ürəyimdə cavabsız qalıb. Təki sağlıq olsun.
Bu yazını şair dostumun 60 illik yubileyində yazmaq istədim. Yaza bilmədim. Söz yetişməmişdi hələ. Kal idi. Dəyməsini gözlədim. Bir az gec yetişdi, amma buna da şükür. Hər şeyin bir zamanı var. Söz də vaxtında yetişə gərək. Ətri, qanı üstündə olmalıdı. ..
Bu sözü axır ki, dərdim, əziz dost, gözəl şair. Sənə layiq olub olmadığını Tanrı və oxucu bilər. Mənim ürəyimdə gəldi. Halal xoşun olsun!
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
Süni intellektin yazdığı hekayə Çində müsabiqənin qalibi olub
Jurnalistika və Kommunikasiyalar üzrə Universitet Məktəbinin professoru Şen Yan tərəfindən yazılmış və təxminən 6 min işarə həcmində olan “The Land of Machine Memories” adlı hekayə Tszyansuda (Çin) keçirilmiş elmi-populyar fantastika müsabiqəsinin qaliblərindən biri olub. Bu mövzu həftə sonu dünya mediasında “Ən çox oxunan xəbərlər” sıralanmasında yer alıb.
AzərTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hekayənin 40 mindən çox işarə həcmində olan qaralaması 66 gizli diktə əsasında cəmi üç saat ərzində yazılıb.
Hekayənin baş qəhrəmanı neyromühəndis işləyən, real həyatından itirilmiş xatirələri qaytarmağa səy göstərən, metakainatda macəra axtaran Li Syao adında qadındır.
Mükafatlandırma mərasimində Şen Yanın hekayəsi 17 digər hekayə ilə yanaşı ikinci mükafat alıb, beləliklə, o, münsiflər heyətinin altı üzvündən üçünün səsini qazanıb.
Münsiflər heyətinin təkcə bir üzvünə məlumat verilib ki, Şen süni intellektin köməyindən istifadə edib. Lakin neyroşəbəkədən istifadə etməklə kontentin yaradılması məsələsini araşdıran münsiflər heyətinin daha bir üzvü də bunu anlayıb. O deyib ki, bu işə səs verməyib, çünki o, standartlara uyğun deyil və kifayət qədər parlaq emosiyalara malik olmayıb.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
Azər Zeynalov: “Tale mәnim әlimdә deyil”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.
Növbəti müsahib müğənni Azər Zeynalovdur. Ondan müsahibə1998-ci ilin aprelində götürülüb.
“MÜĞƏNNİNİN ƏSAS KEYFİYYƏTİ İFAÇILIQ MƏDƏNİYYƏTİDİR”
Müğənni Azәr Zeynalov bir neçә gün әvvәl mәşһur italyan bәstәkarı Cüzeppe Verdinin “Traviata” operasında Alfred obrazını oynadı. Tamaşadan bir neçə gün sonra onunla Opera Teatrının foyesində rastlaşdım. Qolumdan tutub, məni bir kənara çəkdi və soruşdu: “Hamı rolumu tərifləyir, amma mən onlara inanmıram. Məncə, bunu elə-belə nəzakət xatirinə detyirlər. Amma sənə inanıram, düzünü de, rolum necə alınıb?” Əvvəla, adlı-sanlı bir müğənninin bu qədər təvazö və səmimiyyətinə heyran qaldım. Sonra da “Əlbəttə, əla alındı” deyə cavab verdim...
-Azәr bәy, qazandığınız müvәffәqiyyәtә rәğmәn narazı görünürsünüz...
-Bilirsinizmi, Verdinin "Traviata" operasındakı Alfred obrazı mәnim Qәrb operasında ilk işim idi. Mәn bunu olsa-olsa ancaq ilk addım һesab edә bilәrәm. Bu da tәbiidir ki, ilk addım һәmişә insanı һәyәcanlandırır. Odur ki, obrazın mәşq prosesindә һiss etdiyim zәnginliyini tamaşada ürәyim istәyәn kimi açıqlaya bilmәdim.
-Opera sәһnәsinә çıxmamışdan әvvәl siz maһnı ifaçısı kimi mәşһur idiniz. Bunu özünüz üçün xoşbәxtlik һesab edirsinizmi?
-Bizdә çox istedadlı opera müğәnnilәri var, amma onların bәzilәrinin adını belә dar çevrədən başqa һeç kәs bilmir. Çünki opera müğәnnilәrinә lazımi diqqәt yetirilmir. Opera sәһnәsinә çıxmamışdan әvvәl maһnı ifaçısı kimi tanınmağım, yәqin ki, mәnim bu cәһәtdәn xoşbәxtliyimdir. Mәn çalışacağam ki, öz pәrәstişkarlarımı Opera Teatrına gәtirim.
-İndiyәdәk neçә maһnı oxumusunuz?
-Sayını bilmirəm...
-Hansı şair vә bәstәkarlarla yaradıçılıq әlaqәsinә üstünlük verirsiniz?
-Mәnalı mәtn vә gözәl musiqi tәqdim edәn һәr bir kәsә.
-Müasir Azәrbaycan estradasının sәviyyәsi, sizcә, qәnaәtbәxşdirmi?
-Müğәnnidә, mәncә, mәdәniyyәt olmalıdır. Hay-küy, fәryadla tamaşaçını bu gün aldatmaq olar. Amma üstündən bir müddәt keçәndәn sonra saxta olan һәr bir şey keçib gedir vә qalan yalnız ifa mәdәniyyәti olur. Maһnını tarixdә yaşadan ifaçılıq mәdәniyyәtidir. Tәәssüf ki, bir çox estrada müğәnnilәrimiz bu amilә diqqәt yetirmirlәr.
-Estrada müğәnnilәrindәn kimin yaradıcılğını bәyәnirsiniz?
-Brilyant Dadaşovanın. O, һaqlı olaraq müasir estradamızın әn sevilәn müğәnnilәrindәndir.
-Müğәnnilәrdә siz dediyiniz mәdәniyyәti korlayan amillәrdәn biri dә onların toylara һәddәn artıq meyl etmәsi deyilmi?
-O müğәnninin ki, başqa gәlir yeri yoxdur, toya getmәsin, bәs, neylәsin?
-Adlı-sanlı Azәr Zeynalovun nəyəsə ehtiyacı var?
-Məncə, ehtiyacsız heç kəs yoxdur.
-Sizcə, müğənni özündə hansı keyfiyyətləri birləşdirməlidir?
-Gözəl səs, ifa mәdәniyyәti vә sәһnә görünüşü. Bir dә mәncә, әsas şәrtlәrdәn biri müğәnnidәn tamaşa zalına müsbәt emosiyanın axmasıdır. Әks tәqdirdә, müğәnni һeç vaxt sevilә bilmәz. Ümumiyyәtlә, müğәnninin öz reytinqini illәr boyu saxlaması nadir һadisәdir. Yalnız qeyd etdiyimiz cәһәtlәri özündә birlәşdirәn müğәnnilәr buna nail ola bilirlәr.
-Necә fikirlәşirsiniz, nә vaxtsa sәһnәni tәrk edә bilәrsinizmi?
-Tale mәnim әlimdә deyil.
-Taleyinizdә һeç tәsadüflәrin rolu olubmu?
-Mәnim sәһnәyә gәlişim özü tәsadüfi olub. İncәsәnәt İnstitutunun rejissorluq fakültәsini bitirmişәm. Meһdi Mәmmәdov, Әşrәf Quliyev, Azәrpaşa Nemәtov, Tofiq İsmayılov kimi rejissorlardan dәrs almışam. Kinorejissor olmaq istәyirdim. Amma kinostudiyada iş tapa bilmәdim. Sәsim olduğunu bilәn әn yaxın dostlarım mәslәһәt gördülәr ki, sәndәn müğәnni ola bilәr vә konservatoriyaya daxil oldum.
-İtaliyaya dәvәt almağınız necә oldu?
-Orada tәһsil alan dostum Anatoli Qusevin dәvәti ilә İtaliyanın Venetsiya şәһәrinә getdim. Yәqin ki, bәxtim gәtirdi, mәşһur müğәnni Mario Del Monikonun şagirdi olmuş Alemano Delfaldodan dәrs aldım.
-Müğәnni taleyinizdәn razısınızmı?
-Müğәnnilik çәtin sәnәtdir. Kәnardan baxana asan görünür. Çünki һәm fiziki, һәm dә zeһni zәһmәt tәlәb edir.
-Yәqin ki, siz dә övladlarınızın müğәnni olmasını arzu etməzdiniz.
-Nәinki arzu etmәzdim, һәtta buna imkan vermәrәm.
-Neçә övladınız var?
-İki oğlum var. Böyüyünün adı İsmayıldır. O biri һәlә dünyaya 3-4 gündür göz açıb. Odur ki, һeç adı da yoxdur (gülür).
-Böyük oğlan olsun.
- Sağ olun.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa bir alәmә gedirsiniz. Bir daһa geri dönmәyәcәksiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-(fikrә kedir) Nə çәtin sual oldu. İsmayılı götürərdim.
-Maraqlı müsaһibә üçün sağ olun.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – İlqar Mirzəyev
Həvəskar şair Çoşğun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir İlqar Mirzəyevə ithaf olunub.
İLQAR ANZOR OĞLU MİRZƏYEV
(08.05.1973.-14.07.2020.)
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi, polkovnik, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi
VƏTƏN SƏNƏ “OĞUL” DEDİ
Qəlbin sevgiylə doluydu,
Yolun ədalət yoluydu,
İgidliyin simvoluydun,
Vətən sənə “Oğul” dedi.
Nifrətin vardı şərlərə,
Dayaq idin əsgərlərə,
İnanırdın zəfərlərə,
Vətən sənə “Oğul” dedi.
Sevirdin öz sənətini,
Düşmən gördü cürətini,
Çəkdin torpaq qeyrətini,
Vətən sənə “Oğul” dedi.
Pillə-pillə ucaldın, sən,
Yurdumuzdan güc aldın, sən,
Düşmənlərdən öc aldın, sən,
Vətən sənə “Oğul” dedi.
Aprel döyüşləri vaxtı,
Qəfil, şimşək kimi, çaxdın,
Çox zirvəyə bayraq taxdın,
Vətən sənə, “Oğul” dedi.
“Artilleriya atası”,
Eşqin, yurd, Vətən sevdası,
Məhv oldu düşmən xülyası
Vətən sənə “Oğul” dedi.
Hər vaxt öndə, səngərdəydin,
Cəbrayılda, Tərtərdəydin,
Xoş xəyalda, filkirdəydin,
Vətən sənə “Oğul” dedi.
Tovuz döyüşü zamanı,
İtirdik çox qəhrəmanı,
Cənnət-əbədi məkanın,
Vətən sənə “Oğul” dedi.
Vardır düz sözün, ilqarın,
Cəsurluğun dövlət-varın,
Xalqımızın iftixarı,
Vətən sənə “Oğul” dedi.
İnanırdın, o gün gələr,
Qazanıldı şanlı zəfər,
Etdin könüllərə səfər,
Vətən sənə “Oğul” dedi.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
“Miss Fransa 2024” Eva Jil niyə tənqidlərə tuş gəldi?
Könül, “Ədəbiyyat və incəsənət”
Dünyanın moda industriyası 2023-cü ilin yekununda dünya üzrə miss-ləri seçməkdə, bizsə sizə bu seçimlərdən biri barədə söz açmaqdayıq. Parisə yol alaq.
“Miss Fransa 2024” seçimi adəti üzrə möhtəşəm keçdi, al-əlvan kütlə, şaqqıldayan fotokameralar, podiumda görünən gözəlçələr - mən bu görüntüləri böyük maraqla Euronews-dan izlədim və məmnun qaldım. Qalib adını ilk baxışdan öz qratsiyası, eleqantlığı ilə seçilən, amma nəyisə çatışmayan Eva Jil qalib oldu.
Bu xanımda nə çatmırdı? Sualıma cavabı elə ertəsi gün qalibin ünvanına tuşlanan tənqidlərdən tapdım. Eva Jilə fokuslanan tənqidlərin ünvanı bir idi: onun fiquru və saç düzümü klassik gözəl anlamına uyğun gəlmirdi.
Sosial şəbəkələr “qadınlığı çatmayandan nə miss” deyə kəskin tənqidlərə keçmişdilər və nəticədən narazı qalan minlərlə idi.
Tənqidçilərin fikrincə, Eva Jilə qalibiyyəti “vouk-mədəniyyət” qarşısında təslim olaraq veriblər. Tanınmış iqtisadçı Filipp Erlen isə öz tvitterində yazıb: “Mərc gələ bilərəm ki, gələn il müsabiqənu transgender qazanacaq”.
Eva Jilli müdafiə edənlər isə feministlər və sağçı siyasətçilərdir. Kommunist Partiyasının sədri Fabyen Russel bu cəhətdən daha fəaldir.
İndisə şəklə diqqət edin. Hansısa bir ölkənin ən gözəli adına bu xanım layiqdirmi sizcə?
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)
AYB Lənkəran Bölməsində ədəbi müzakirələr keçirilib
Ötən gün Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində "Ədəbi müzakirələr" mövzusunda yazıçı-publisist Qafar Cəfərlinin "Yaşamaq eşqi" və "Tənha qadın" adlı hekayələrinin müzakirəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri Qafar Cəfərlidən aldığı məlumata görə, tədbirdə Cəlilabad, Lerik,
Astara, Masallı və Lənkəran yazarları iştirak ediblər.
Tədbir ciddi müzakirə, təhlil və tənqid şəraitində keçib.
Çıxış edənlər bu cür ədəbi müzakirələrin vaxtaşırı keçirilməsi təklifini bəyəniblər.
Əlbəttə ki, bölgələrdə ədəbi həyatın bu cür canlanması diqqətəlayiqdir.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)