“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
UŞAQLIQ YOLDAŞIM
Hava ağlayırdı ağırlığından,
Elə anlayırdım çırpınırsan sən.
Əlimi uzaldıb əlimə aldım,
Sənə layla çaldım doyunca dünən.
Ovcumun içində yuxuya keçdin,
Körpə uşaq kimi, ətsan quş kimin.
Ağzını yumurdun lal dünyamıza,
Ya sona çatırdı sənin də qəmin.
Sən elə ovcumu qucaqlamışdın,
Səni ovucumdan ata bilmirdim.
Yuxu gözlərimi alırdı, ancaq –
Sənsiz yuxularda yata bilmirdim.
Ovcumun içindən ayrılmadın heç,
Səni sevə-sevə öldürdüm dünən.
Uşaqlıq yoldaşım, bayram balığı,
Daha çırpınmayır nə mən, nə də sən...
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)