Super User
Türkün şanlı bayrağı
Çukurova Edebiyatçılar Derneği-nin düzənlədiyi, Kuzey Kıbrıs'ta (Şimali Kipr), 26-30 oktyabrda "Türkiye Cumhuriyetinin 100 cü ili"ndə keçiriləcək şeir və musiqi festivalında həmyerlimiz Adilə Nəzər oxuyacağı özünə məxsus şeiri açıqlaylb. “Ədəbiyyat və incəsənət” portalı həmin şeiri təqdim edir.
TÜRKÜN ŞANLI BAYRAĞI
Qardaşlıq körpüsünün qədim təməl daşıyam,
Düşmənin can qorxusu, dostun sevinc yaşıyam,
Eşqindən od almağa hazır çaxmaqdaşıyam,
Sənə sevgimdən gəlir köksümdəki bu yanğı,
Ey şanlı Türk bayrağı!
Gülsən, gülün şəninə neçə bülbül ötsə az,
Ulduzlar işığından üzərinə səpsə az,
Qaldırıb başım üstə milyon kərə öpsəm az,
Hak etmisən nə vaxtdır Turana asılmağı,
Ey şanlı Türk bayrağı!
Sənindir, can Türkiyəm, sonsuzadək hürriyyət,
Sən ey qutlu sevdamız, - yüz illik cumhuriyyət,
Səndə qurulur büsat, düyün-dərnək, ünsiyyət,
Gücünü bilən gəlir əldə zeytun budağı...
Ey şanlı Türk bayrağı!
Sıyrılıbsan qılınc tək gecələrin qınından,
Kim etinasız keçər qüdrətinin yanından?!
Rəng alıbsan torpağa düşən şəhid qanından,
Səmaların əsgəri, ədalətin sancağı,
Ey şanlı Türk bayrağı!
Nə qədər ki, millət var, nə qədər var bu diyar,
Hər bir türkün qəlbində əbədi bir yerin var,
Biləcəkdir hər qaya, hər dağ, ağac səni yar,
İstəyəcək səni öz zirvəsinə taxmağı,
Ey şanlı Türk bayrağı!
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Səhər Xiyavidən “Niyə çıxdıq yola biz” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Səhər Xiyavinin şeirlərini təqdim edəcək.
Səhər Xiyavi
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə xiyav və ya meşgin şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar,"Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
NİYƏ ÇIXDIQ YOLA BİZ?!
Gedirdik qasırğalı havada,
dağ-dərəli, uçurumlu yollarda.
Töküllürdü başımıza xəzəllər,
Beynimizdə püskürən volkan
Ürəyimizdə dəlisov dəniz.
Gedirdik tuzanaqda,
başı havalı, sərsəm.
Çör-çöp gözlərimizdə,
Ayaqlarımız qabar-qabar.
Açarkən gözlərimizi
Çıxılmaz küçələr idi.
Açarsız qapılar
Hər yer divar-divar...
Biz idik peşman ayaqlar
Hüzünlü baxırdıq arxamıza.
Gəldiyimiz qanlı-qadalı yollara!
Axıtdığımız qan tərə!
Qaranlığa axışan sonuclara!
Gecənin dərisi daha qatılaşmışdı
Zavallı əllərimiz qısır,
Kal arzularımızın boyu əl çatmaz.
İndi qurtarmaz gecələrdə
Sivrilmiş hulqumlarla
GÜNƏŞ bağırırıq,
SƏHƏR çığırırıq.
Görəsən günəş bir də
Qonaq gələcəkmi,
Nəmiş dustağımıza?!
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Sapı özümüzdən olan baltalar
Qərənfil Dünyamin qızı, Əməkdar jurnalist - “Ədəbiyyat və incəsənət” üçün
Təbii hər bir xalqın, millətin taleyində, ağrılı-acılı məqamlarla yanaşı, qürurverici, xoşbəxt günləri də olur. Bizim xalqın da taleyində 28 may və 27 aprel günləri var. 28 may 1918-ci il. Qurtuluş, azadlıq, milli-həmrəylik günümüz! 27 aprel 1920-ci il. Sovet Rusiyası tərəfindən işğal edildiyimiz gün. Tək torpağımızın deyil, mənliyimizin, qürurumuzun, hər şeyimizin istila edildiyi gün.
Hörmətli oxucum, əgər desəm ki, 1991-ci ilin aprelində (Qarabağ müharibəsi başlanandan, qanlı yanvar faciəsindən sonra da) 28 apreli bayram kimi, əlamətdar gün kimi xalqa “sırımaq” istəyənlər var idi, yəqin ki, inanmayacaqsınız. Amma təəssüflər ki, bu faktdır.
Bu günlərdə kitabxanada 1990-cı illərdə çap olunan dövrü mətbuatı vərəqləyirdim. Diqqətimi “Azərbaycan kommunisti” jurnalının 1991-ci ildə çıxan aprel və iyun sayları cəlb etdi. Həmin jurnalın iyun ayında (6-cı sayda, səh, 16-24) 28 apreli vəsf edən (məhz 1991-ci ildə ha), onu “əlamətdar gün”, “Azərbaycan xalqının taleyində ümid və arzularının, işıqlı ideyalarının başlanğıc günü” kimi adlandıran bir məqalə haqqında bəhs etmək istədim.
"Azərbaycan xalqının milli dövlət quruluşunun təşəkkülündə tarixi mərhələ" adlanan məqalənin müəllifi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Danil Piri oğlu Quliyevdir. Məqalə haqqında danışmazdan əvvəl Danil müəllimin kimliyi haqqında çox qısa məlumat vermək yerinə düşərdi. Çünki onu mənim yaşıdım olan nəsil tanıyır, gənc nəsil yox.
Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və III kursdan Moskva Dövlət Universitetinə köçürülüb. Moskvada aspiranturanı qutarıb, müdafiə edib və Bakıya qayıdıb. 1967-ci ildən Kommunist Partiyasının üzvü olan Danil Bakı Ali Partiya məktəbinin rektoru, Azərbaycan SSR Təhsil naziri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi və s. vəzifələrdə işləyib. 1995-ci ildə təqaüdə çıxıb, Almaniyaya köçüb və 2001-ci ildə dünyasını dəyişib, Berlində dəfn edilib.
Əslində Danil müəllimin bütün məqalələrinin, əsərlərinin məğzi, forması başdan-ayağa sovet ideologiyasına uyğundur. Burada təəccüblü heç nə yoxdur. Çünki Danil müəllim əməlcə də, amalca da kommunist idi, sovet adamı idi. Amma 1990-cı ilin 20 yanvar faciəsindən sonra Kommunist Partiyasını, Sovet Hökumətini, hətta işğalçı XI Qızıl Ordunu vəsf edəcək məqalələr yazmaq məncə illərlə çörəyini yediyi, suyunu içdiyi Vətənə qarşı ən azı ləyaqətsizlikdir, hörmətsizlikdir, saymazlıqdır, tərbiyəsizlikdir...
D.Quliyev “Azərbaycan xalqının milli dövlət quruluşunun təşəkkülündə tarixi mərhələ” adlandırdığı məqaləsində “Tarixə qara yaxmaq, ağına-bozuna baxmadan Kommunist Partiyasına, Vladimir İliç Leninin şəxsiyyətinə, onun fəaliyyətinə və ideya-nəzəri irsinə böhtan atmaq yaramaz bir dəbə çevrilmişdir” söyləyərək qəzəblə bunun əlehinə çıxırdı. Amma Danil müəllim unudurdu ki, onun öz böyük qardaşları belə bu quruluşu tənqid edərək həqiqəti söyləyirdilər. “Literaturnaya qazeta”nın baş redaktoru Feodr Burlatski sovet quruluşunu “feodal sosializmi”, “feodal-patriarxal uklad” adlandırırdı.
Müəllif daha sonra “Hazırda respublikanın tarixçi və ictimaiyyətçiləri mühitində Azərbaycan tarixinin iki çox mühüm hadisəsini – 28 May 1918-ci il və 28 Aprel 1920-ci il hadisələrini bir-birinə qarşı qoymaq meyli yaranmışdır” – deyərək qəzəblə bildirir ki, “bu iki əlamətdar gün Azərbaycan xalqının tarixində əsl milli bayramdır”. 28 Aprel işğalı Danil müəllim üçün bayram ola bilərdi (oldu da), amma Azərbaycan xalqı üçün uzun illər faciələrə, qətliamlara, dəhşətlərə məruz qalacaq günlərin başlanğıcı idi. Məhz buna görə Azərbaycan xalqı sovet işğalı ilə barışmadı və ona qarşı mücadiləyə qalxdı. Bu mübarizəni, mücadiləni susdurmaq üçün ölkəmizdəki saysız-hesabsız danillər 28 Aprelə hər cür don geyindirməkdən heç utanmadılar. (Yeri gəlmişkən, bir faktı da qeyd edim ki, elə öz soydaşlarımızdan da, həmin vaxt 28 Aprelə mədhiyyə qoşanlar az olmayıb. (Bax: həmin jurnalın 1991-ci ilin aprel ayında (4-cü sayında) “28 Aprel: yol davam edir” məqaləsinə, səh., 3-7. Məqalənin müəllifi, Kamran Nəbi oğlu Rəhimov (Kəngərli).
Maraqlıdır tarixçi-alim D.Quliyev hansı mənbəyə, mənsəbə əsaslanaraq “Azərbaycan Demokratik Respublikasını Azərbaycan Sovet Sosialist Respublikasının müjdəçisi” adlandırır və “ADR-lə Azərbaycan SSR arasında özünəməxsus bir varislik olduğunu” sübut etməyə calışırdı. “Həm 28 Aprel, həm də 28 May hörmətlə yad edilməyə və onların şəninə xoş sözlər deyilməyə layiqdirlər” söyləyən alim doğrudanmı bilmirdi ki, həmən gün sovetlərin Azərbaycana necə böyük faciələr yaşatdığını?
Tarixçi alim XI Qızıl Ordunu da mələk simasında təsvir edərək son illər onu tənqid edənlərə iradını belə bildirirdi: “Son vaxtlar XI Qızıl Ordunun rolu və 1920-ci il hadisələrində onun yeri haqqında xeyli tənqidi qeydlər, çox zaman isə qərəzli uydurmalar söylənilir”. Danil müəllimin mələk simasında təqdim etdiyi o işğalçı ordu “1920-ci ilin 27 aprelində Bolşevik Rusiyasının silahlı qüvvələri başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər” və yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanı talamağa başladılar. Məhz bu ordunun gücü ilə ölkəmizdə 27 apreldən “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu”. İşğalçılar təkcə “iki gün ərzində Bayıl həbsxanasında 300 nəfəri güllələdilər, 10 minə yaxın insan Sibirə sürgünə göndərildi”. Onların böyük əksəriyyəti işgalı qəbul etməyən ziyalılarımız idi. Bu haqsızlıqlar xalqı daha da hiddətləndirdi. Azərbaycanın hər yerində rejimə qarşı üsyanlar baş verdi.
Danil müəllim də yazırdı ki, “XI Qızıl Ordu da bu üsyanları yatırmaq, xalqa kömək etmək üçün gəlmişdir”. O, xalqa “köməyə” gələn işğalçı ordu təkcə “1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfərin həyatına son qoydu. Təkcə Gəncə üsyanında 10 minədək soydaşımız həlak oldu”. Çox güman ki, Danil müəllim bunları bilməmiş olmazdı. Axı o, tarixçi idi və bunu da bilərdi ki, “Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti” bu çirkin siyasətini həyata keçirmək üçün hər cür alçaqlığa əl atdı.
Müəllif məqaləsinin sonunda yazırdı ki, “Sovet Hökuməti Azərbaycanda dövlət orqanlarının “türkləşdirilməsi”, kadrların azərbaycanlılar arasından seçilməsi, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması prosesini çox müvəffəqiyyətlə həyata keçirirdi”. Burda rəhmətlik nənəmin tez-tez işlətdiyi sözü yadıma düşdü: “Yalançının atasına lənət”. İşğaldan dərhal sonra uzun illər Azərbaycana ermənilər, ruslar, Sergey Mironoviç Kirov kimi dədəsi, nənəsi bilinməyənlər rəhbərlik etdilər. Yox, buna rəhbərlik demək yanlış olardı, parçaladılar, hökm sürdülər.
Məqaləni sona kimi oxudum. Hər sətir, hər söz belə məni əsəbləşdirsə də təəccübləndirmədi. Çünki onun müəllifi canı, qanı ilə “böyük qardaş”ına bağlı olan Danil idi. Məni təəccübləndirən o oldu ki, bu məqaləni çapa məsləhət görənlər də, icazə verənlər də (baş redaktor, redaksiya heyyəti, məsul katib) öz soydaşlarımız idi. Təəssüf, sapı özümüzdən olan baltalar
dünən də olub, bu gün də var, sabah da olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
REDAKSİYANIN POÇTUNDAN – Tamilla Pərvinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının poçtuna daxil olan bu məktubda Tamilla Pərvinin şeirləri toplanıb. Şeirlər hamısı vətənpərvərlik ruhundadır. Günümüz üçün bu vətəndaş poeziyası çox aktualdır.
Şeirlərin bir qismini oxucularımıza təqdim edirik.
MÜSTƏQİLLİYİMİZƏ
Salam, xoş gəlmisən, müstəqilliyim.
Səni elə-belə gətirmədik biz...
Aldıq yağılardan, bu dadlı yurdu,
Səni yaşadacaq, bizim sevgimiz.
Amalın günəşdi, od ürəklisən,
Gör necə oğullar doğub analar.
Əkmişdin torpağa “ŞƏHİD” adında,
Oğullar yürüyüb vətən oldular.
Qanla suvardılar hər qarışını,
Azadlıq bitirdi daşı, torpağı.
Bahar elədilər yurdun qışını,
Qaldırıb göylərə üçrəng bayrağı.
ZƏNGİLANA
Daha bu şəhərə sığmır həsrətim,
Torpaq həvəsimi döyür bu asfalt.
Ay çinar xislətim, qaya heyrətim,
Elə hey özünü öyür, bu asfalt...
Əllərim yer əkir, bar götürməyir,
Burda yoxa çıxıb yerin sevgisi...
Mən eşq yetirirəm, yar götürməyir,
Burda niyə ölüb yarın sevgisi?
Həsrətim özümdən qabaq gedibdi,
Namərdin izləri göynəyir orda.
Çinar xislətimi kimlər əyibdi?
Babamın ruhu da inləyir orda...
Yağışlar yağacaq örüşlərinə,
Axşamın, sabahın güləcək yenə.
Cavanlar çıxacaq qız gördüsünə,
Elçilər, nişanlar olacaq yenə.
Səni gizləmədi dumanın, çənin,
Yaladı hüsnünü xain gözləri.
Birazdan gələcək bənövşə dəmin,
Çiçəklər gəzəcək o gül əlləri.
Şurlu bulaqların gözü qalırmı?
Qızıl yataqların dururmu orda?
Dağlar unudurmu sinə dağını?
Çoxdan vurulmuşam, o dadlı yurda.
Obaşdan Xavərim at çapıb orda,
Min bir xatirə var dağda, nohurda.
Çağır qonaq kimi qalım, Zəngilan,
Toy elə, toyuna gəlim Zəngilan!
TƏBRİZİMƏ
...Nə oğullar bada verib həsrətin
Bu sevginin üzü dönməz, Təbrizim!
Bəlkə mənim olmayıbdı hünərim,
Mən olmuşam dili dinməz, Təbrizim...
Bir illətdi, çəkə-çəkə qalmışıq,
Qollarının Araz boyda bağı var!
Göz yaşların səpə-səpə qalmışıq,
Ürəyinin Vətən kimi dağı var!
Bu vətənin yaraları qan verir,
Saya gəlmir dərdlərinin sırası.
Tikələnib, parçalanıb, can verir,
Ölmür ruhu, ayaqdaymış anası.
Yollar getdim İrəvandan Təbrizə,
Karvanların sarvanları necoldu?
Ya mən gəlim, ya sən oyan, gəl bizə,
Kim ləngidi, kim qayıtdı, gec oldu...
Dumanların çöküb yenə üstünə,
Oğulların bu dumanda azmasın.
İkili baxışlar durdu qəsdinə,
Tarix yenə öz yolunu azmasın...
O yan-bu yan varıq, bizik, olmuşuq!
Bu həsrətin açılıbdı qolları...
Sənələrdi xəyallara dalmışıq,
Gözümüzə yığacağıq yolları.
XOŞ GÖRDÜK, QARABAĞ!
Xoş gördük Qarabağ, qaldır gözünü,
Şirinlik günüdür noğulun gəlib.
Hazırla cıdıra “Çıdır düzü”;nü,
Gözün aydın olsun, oğulun gəlib.
At, bu başındakı, qatı dumanı,
Qışına yaz gəlib Şuşam, ay Şuşam.
Tanrının lütfüdü, sevgi zamanı,
Açsana qoynunu, çox darıxmışam.
Tarix unutdumu acı dərsləri,
Baş vuran başından olub bu yurdda,
Qaytardım tarixi həqiqətləri,
Sirrim gizlənibmiş demə “Boz Qurd”da.
Buz bulaq, üzünü tutma o yana,
Natəvan şeridi, sevincdən axır.
Əsgərim, bir dayan, getmə uzağa,
Ürəyi yaralı Vaqifdi, baxır...
Allah, bu zəngulə Xanın səsidir,
Demə oxuyurmuş bir əsgər bala.
“Cəngi” bu torpağın salnaməsidir,
“Cəngi” çal, cəngiylə yetim vüsala.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
ŞƏHİDLƏRİ UNUTMAYAQ - General Polad Həşimov “Sənin parlaq gələcəyin var” deyə tərifləmişdi Babək Ramaldanovu
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Baxçamızda xarı gül,
Yarı bülbül, yarı gül.
Tez açılıb, tez soldun,
Solmayaydın, barı gül...
Aygün aprelin 16-sı səhər yuxudan ayılıb baxçaya çıxdı. Axşam kiçik oğlu Süleymanın 11 yaşı tamam olmuşdu. Şəhid olmuş həyat yoldaşı Babəkin atası və anası tort da alıb gətirmişdilər. Babaları-nənələri başına yığılıb doğum gününü qeyd etdilər uşağın. Hamı var idi, təkcə Babək yox idi. Onsuz da gecəni səhərə qədər gözlərinə yuxu getmədi gəlinin. Aranı-dağa, dağı arana aşırdı. Babəkin bu qapıdan əlində çiçək dəstələri ilə girdiyi günlər gözlərinin önündən kino lenti kimi keçdi. Bu gün isə Babəkin şəhid olduğundan düz 6 ay keçirdi. Bir azca bağçada gəzişdi. Bu sərin yaz səhərində birdən gözü nar ağacının altındakı üzü günəşə boy vermiş bir tək çiçəyə sataşdı. Yaxın gəldi... Diqqətlə baxdı... Elə bil ki, canından üşütmə keçdi... Anasını çağırdı. “Ay ana, ay ana, bura gəl, baxçamızda Xarı bülbül” gülü bitib.”.
Anası Nadiyə qızının səsinə həyətə endi. Diqqətlə baxıb, güldən bir şey anlamadı. Dedi ki, ay qızım, mən xarıbülbül gülü tanımıram axı...
-Ay ana, dağlarda, Şuşada, Şamaxıda bitən güldür də... Şəhidlərimizin şərəfinə onu indi ulduz edib sinəmizə taxırıq...
-Həəə, ay qızım, ay Aygün, Qaraşəhər hara, belə gül hara? Axı, deyirlər, o Qarabağda bitir...
-Ay ana, bu gün Babəkin şəhid olmasının 6 ayıdır. Axşam da Süleymanın 11 yaşı idi. Bu Babəkdir, aprelin 4-də ad günümdə mənə gül gətirmədi, indi uğrunda şəhid olduqları Şuşanın gülünü mənə göndərib. Ana, vallah, bu Babəkdir, - deyib, gözlərinin yaşını tökdü Aygün... Yerə çöküb torpağın qoynundan baş qaldıran Xarı bulbul çiçəyini sevib-oxşadı, ağladı…
Nadiyə yenə əl-ayağa düşüb qızını sakitləşdirməyə çalışdı... Babək şəhid olandan belə idi günləri, ayları...
Uşaqlar dərsdən gələndən sonra çiçəyi onlara da göstərdi Aygün. Uşaqlar da bu çiçəyin ataları Babək olduğuna inandılar. Çiçək solana qədər onun başına dolandılar, qorudular.
Günlərin bir günü Süleyman ağlamsınaraq böyük qardaşı Ramaldana dedi ki, qaqa, gülümüz soldu, ata daha gəlməyəcək?! Ramaldan qardaşının boynunu qucaqlayıb: “Yox, Süleyman, elə demə, gələn yazda yenə gələcək…” - dedi.
“Eh mən istəyirəm ki, tez gəlsin. Yadındadır, evimizə göydən hörümçək enəndə, nənə deyirdi ki, atanız harada olsa, bu gün gələcək… İndi heç evimizə hörümçək də gəlmir…”, - söylədi Süleyman.
İndi mehrini nişanələrə, əlamətlərə salmışdı Aygün və övladları... Gördükləri yuxularında, göydə buludların hərəkətində, pəncərələrinə qonan bir quşun nəğməsində, tavandan sallanan hörümçəyin tor yolunda Babəki axtarırdılar...
Evləndikdən sonra Aygün də gənc həyat yoldaşına qoşulub Naxçıvanda, Pirəkəşküldə, Murovda, Tovuzda, Gəncədə əsgər oldu. Babək Ramaldanov bayramlarda, doğum günlərində xidmət etdiyi bölgələrin dağından-yamacından çiçək dəstələri bağlayıb sevgilisinə hədiyyə etdi. Aygün üçün bu çiçəklər brend dükanlarda satılan çiçəklərdən daha əziz, daha qiymətli idi.
Taylı-tayını tapanda, ulduzları barışanda cütlüklər xoşbəxt olurlar. Aygün və Babək gözütox, görüb-götürmüş ailələrdə böyümüşdülər. Varlı-dövlətli deyildilər. Sovet şinelindən çıxan hər iki ailə - Ramaldanovlar və Rəfiyevlər ailəsi Qaraşəhərdəki məhəllədə qonşuluqda yaşayırdılar. Uşaqlar da Milli Qəhrəman Tahir Bağırov adına 59 saylı məktəbə gedirdilər. Bu məktəbdə Aygünün də, Babəkin də ata-anası oxumuşdular. Öz halal zəhmətləri ilə ocaq qurub, ev tikib, həyətlərini, yurdarını abad etmişdilər. Heç vaxt şəhərin bu hissəsindən mərkəzə getmək arzusunda olmamışdılar. Yaşadıqları məhəllə Qarabağ döyüşlərinin Milli Qəhrəmanı Kazımağa Kərimovun adını daşıyırdı.
Ailələrin oxşar cəhətinin biri də o idi ki, uşaqların hamısı dərslərində davamiyyətli və intizamlı idilər. Ramaldanovların ailəsindən Babəkin və Raufun, Rəfiyevlər ailəsindən Aygünün və qardaşının şəkilləri həmişə şərəf lövhəsində olardı. Babək Aygündən 3 yaş böyük idi. Aygünün Babəklə bir gizli rəqabəti var idi. Elə ki, Babək hansısa olimpiada və ya dərs yarışmasında qalib gəlirdi, Aygün ondan arxaya qalmaq istəmirdi. Baxmayaraq ki, sinif və yaş fərqləri var idi, Aygünə elə gəlirdi ki, Babək ancaq onun uğurlarına şərik olmaq, ondan qabağa keçmək istəyir... 9-cu sinfə keçəndə Babək sənədlərini C.Naxçivanski adına hərbi liseyə verdi. Aygün bu xəbərdən çox sevindi. Ona görə sevinirdi ki, indi məktəbin şərəf lövhəsində birinci onun şəkli olacaqdı. Beləcə məktəbi bitirdilər. Aygün Azərbaycan Dillər Universitetinin ingilis filologiyası fakultəsinə qəbul olub, təhsil ocağının magistr pilləsini 2007-ci ildə fərqlənmə diplomu ilə bitirdi. Babək isə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. Bir növ, ailə dinastiyasına sadiq qaldı. Yaxın qohumları Şair Ramaldanov, İsmayıl Ramaldanov, Elman Ramaldanov da peşəkar və adlı-sanlı hərbçi idilər. Bundan başqa, Ramaldanovlar nəslində 15-dən artıq hərbi təhsilli qohum-əqraba var idi. Onların hər biri Qarabağ döyüşlərində yaxından iştirak etmişdi, aralarında polkovnik rütbəsində korpus komandiri vəzifəsinə qədər yüksəlmişi də var idi.
Babək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2003-cü ildə fərqlənmə ilə bitirdi. Hərbi xidmət yerləri isə ən çətin mövqelərə düşdü. Hər dəfə onu ağır və çətin şəraitdə xidmətə təyin edəndə, əhvalı korlanmırdı. Hətta atası Meyvəddin kişi narahat olaraq oğlunun təyinat yerinin dəyişilməsini istəsə də, Babək belə fikirləşirdi ki, əsil hərbçi üçün yüngül döyüş şəraiti, xidmət şəraiti ola bilməz. Elə ona görə də 1991-ci ildən düşmən ermənilərlə gecə-gündüz üzbəüz dayanan Naxçıvan Muxtar Respbilkasında xidməti də özünə şərəf saydı. 2004-cü ildən 2014-cü ilə qədər burada, 2015-2017-ci illərdə Sumqayıt və Pirəküşküldəki hərbi xidmətlərdə zabit şərəfinə sadiq qalaraq çalışdı. 2017-2019-cu ildə isə Rusiya Federasiyasının Frunze adına Ali Ümumqoşun Akademiyasında ikiillik ali hərbi kursu keçdi. Böyük dayısı Şair Ramaldanov da hələ sovet dönəmində burada təhsil almışdı. Rusiya Federasiyasının Frunze adına Hərbi akademiyasını uğurla bitirib, geri dönəndən sonra, o artıq polkovnik-leytenant rütbəsinə layiq görülmüşdü. 2019-cu ilin sentyabrından onu Tovuz qarnizonunda briqadanın qərargah rəisi təyin etdilər.
Bu ərazidə xidmət edəndə Şəmkir Korpusunun qərargah rəisi general-mayor Polad Həşimov onun rəhbəri olduğu briqada qərərgahnı yoxlamaya gəlir. Şəxsi heyət ilə görüşdə Babək Ramaldanov generalın qarşısında çox məsuliyyətli və hərtərəfli məruzə edir. General Polad Həşimov üzünü ona tutub: “Cənab Ramaldanov, mən çoxdandır ki, belə zabit məruzəsi eşitmirəm. Çox razı qaldım, həzz aldım. Sən işləyən adamsan. Sənin parlaq gələcəyin var”- deyir. Şəxsi heyətin qarşısında əməyinə verilən dəyərdən çox sevinir Babək. Bunu ətrafdakılara büruzə verməsə də, ürəyində qürur hissi keçirir.
***
Vətənin torpaqlarının azad olunması üçün səfərbərlik elan edildikdən sonra Gəncə Qarnizonu da şəxsi heyət ilə döyüş hazırlığına başladı. Taborlar müdafiə zonasına göndərildi. Mühariə başlayanda polkovnik Babək Ramaldanov öz şəxsi heyəti ilə Murov istiqamətində yerləşmişdi. Oktyabrın 8-də arxa cəbhəyə qayıtmaq barədə əmr gəldi.
Polkovnik- leytenant Babək Ramaldanov həyat yoldaşı Aygün Rəfiyevaya zəng vurub bir-iki günlüyə Gəncəyə qayıdacağını dedi: “Aygün, mən gəlirəm Gəncəyə, oradakı qaldığımız evi təhvil verim, yəqin ki, müharibə bitəndən sonra burada qalmayacağam. Görüləsi işlərimiz çox olacaq”. Aygün sanki bu sözə bənd imiş kimi Babəkdən: “Babək, bəlkə mən də gəlim, evi yığışdırmağa sənə kömək edim?”- deyə soruşdu. Babək Aygünü sanki təzə tanıyırmış kimi : “Aygün , yəni gələrsən, işdən icazə verərlər?”- söylədi.
Sonra aralarında belə bir dialoq oldu:
-Babək, mən çalışacam ki, dərsdən icazə alım gəlim.
-Aygün, deyirəm, bəlkə uşaqları da gətirəsən, görüşüm, sonra işim çox olacaq.
-Əlbəttə, gətirərəm.
Aygün sevincək yol tədarükünü görməyə başladı. Qaynanasına xəbər elədi. Xalidə xanım həmən oğluna zəng vurdu ki, özü də gəlmək istəyir. Babək dərhal anasına: “Ay mama, yox, sən gəlmə, qoy uşaqlar gəlsin, siz oturun istirahət edin”- dedi.
9 oktyabr səhər çağı Aygün müəllimə məktəbə gedib, dərs-hissə müdirindən icazə aldı. Qaynı Raufla və uşqlarla yola düşdülər. Ölkədə COVİD -19 virusuna görə Pandemiya elan olunduğundan, müharibə getdiyindən fövqəladə vəziyyət idi. Axşam saat 9-a qədər Gəncəyə çatmasaydılar, geri qayıdacaqdılar.
Aygün yol boyu Babəklə keçirdikləri gözəl və çətin günləri gözlərinin önündən keçirirdi. Hadisələrlə zəngin bir ömür keçirmişdilər.
Aygün 2007-ci ildə Ali məktəbi bitirdikdən sonra qonşuları Babəklə nişanlandı. Onların bir-birinə nişanlanmasına Aygünün sinif yoldaşı, Babəkin kiçik qardaşı Rauf səbəbkar olmuşdu. Elə həmin il dekbarın 6-da toyları oldu. Toydan bir az keçmiş Naxçıvanda hərbi hissədə xidmət edən həyat yoldaşına hərb yolunda yoldaş oldu Aygün. Babəki yenə də Naxçıvan dağlarına, ən ağır və qarışıq sərhəd zastavasına göndərmişdilər. Axşam yatıb, səhər yuxudan duranda həyətdə, bağçada, pəncərəinin önündə avtomat gilizləri görərdilər. Düşmən hər vaxt buralara atırdı. Naxçıvanın Şada, Şahbuz kəndlərində yaşadılar. 2014-cü ilə qədər düz 7 il Naxçıvanın düşmənlə üzbəüz hərbi hissələrinə yaxın kəndlərdə yaşadılar. Bu dağların qarını, sazağını gördülər. Gözəl xasiyyətli, qonaqpərvər naxçıvanlılarla dost oldular.
Ailədə, güzəranda çətinlikləri yox idi. Sistemin özündə çətin idi, işinə mane olanlar da tapılırdı. Lakin hərbçilər arasında Polad Həşimov kimi, dayıları Şaiq Ramaldanov, İsmayıl Ramaldanov kimi peşəkarlar və kişi adamlar da yox deyildi. Çətinliklər yarananda, belə kişilər ona doğru yol göstərdilər.
Babəkin anası Xalidə xanım çox ailəcanlı, evcanlı idi. Üçmərtəbəli evi iki oğlu arasında bölmüşdü. Burada hər iki gəlini ilə xoş güzəran sürürdülər. 2017-ci ildən sonra Xalidə xanım Babəkin ayağını rayonlardan, bir növ, yığmışdı. Ana kimi tələb qoymuşdu ki, nəvələri gözünün qabağında görmək istəyir. Babək də anasının dediyinə razılaşıb, kirayə evlərdən yığışıb ata evində ocaq başına gəlmişdi. Əslində indi bir az ürəyində rahatlanmışdı da. Çünki özü ön xətdə, hərbi hissələrdə olanda, daha evdən narahat qalmırdı. Bilirdi ki, atası və anası, qardaşı Rauf ailəsinin yanındadır.
2017-2019-cu illəri isə Babək Rusiya Federasiyasının Frunze adına Ali Ümumqoşun Akademiyasında oxumaqla keçirdi. 2 il ərzində çox uğur qazandı. Akademiyada Azərbaycanın Ordu tarixində ilk Qızıl medal alan azərbaycanlı oldu. İkiillik təhsilini başa vurub qayıtdıqdan həmən sonra polkovnik-leytenant Babək Ramaldanov Tovuzdakı N saylı hərbi hissədə qərərgah rəisi, motoatıcı briqada komandirinin müavini təyin edildi. Heç 6 ay keçməmiş general-leytenant Polad Həşimov onu Gəncəyə göndərdi.
Polad Həşimov və onun yanındakı hərbçilər şəhid olanda Babək Ramaldanov komandirinin dəfnində iştirak etməyə icazə verilmədiyindən çox böyük sarsıntı keçirmişdi. Beləcə, o qədər ağrı-acılar, incikliklər yığırdı ki, ürəyinə. Dəyərli, vətnpərvər hərbçi dostları incidiləndə, elə bilirdi ki, həmin daş elə öz ayağına dəyib. Aprel döyüşlərindən sonra nə qədər hərbçi Orduda baş alıb gedən qərəzə görə, ərizə yazıb, ordunu tərk etmişdilər. Bütün bu gördüklərinə baxmayaraq, Ramaldanov öz ailə dinastiyasına sadiq qalaraq, sona kimi Orduda xidmət edəcəyinə söz vermişdi. Çünki o hərblə nəfəs alırdı. Gnereal Polad Haşımov onu Tovuzdan Gəncəyə nizam-intizam yaratmaq, sənədləşmə işlərini qaydaya salmaq üçün göndərmişdi. Lakin Tovuzdakı hərbi hissədən ayrılmaq ürəyindən deyildi. Çünki o özünü ancaq döyüş mövqelərində, rahat hiss edirdi. Hər bir əsgərə öyrədəcəyi o qədər elmi və təcrübi bilikləri var idi ki...
***
...Nə yaxşı ki, axşam saat 9 olar-olmaz onlar Gəncəyə çatdılar. Şəhərdə boşluq idi. Bir neçə gün bundan əvvəl, oktyabrın 5-də gecə insanlar yatan vaxt ermənilər şəhərə raket atmışdılar. Nəticədə böyük bir məhəllə yerlə -yeksan olmuş, nə qədər dinc sakin həlak olmuşdu. Şəhərdəki görüntülər lap müharibə kinolarını, Leninqrad blokadasını xatırladırdı. Gəncənin içərisindən, geniş yollarından hərbi maşınlar o baş-bu başa şütüyürdülər.
Aygün, uşaqlar və Rauf mənzilə daxil oldular. Babək hələ gəlməmişdi. Oturub Babəki gözlədilər. Babək çox gec gəldi. Doğmalarını görəndə üz-gözündə işıq yandı elə bil. Kiçik qardaşı Rauf bu dəfə də Babəki qucaqlayanda ağladı. Həmişə belə olurdu. Rauf daim Babəki uzaq səfərlərə yola salıb, uzaq səfərlərdən də qarşılamışdı. Lakin nə sirr idisə, nə zaman qardaşını görsə, onu qucaqlayanda gözləri yaşarır, ağlayırdı. Elə bil ki, hər zaman darıxırdı qardaşı üçün.
Aygün süfrə tədürükünü gördü. Xalidə xanımın bişirdiyi ləziz yməkləri süfrəyə düzdü. Yeyib-içdilər. Babək özünü sakit göstərməyə çalışırdı. Qardaşı ondan döyüşün necə getdiyini soruşanda: “Rauf, biz bir neçə günə döyüşü qələbə ilə qurtaracağıq, itkilərimiz də var, bunsuz olmur, lakin hər qarış torpaq alınanda çox sevinirik... Bu başqa döyüşdür. Cənab Ali Baş Komandan elə tryuklar edir ki... Döyüşü özü idarə edir. Bütün xəritəni əzbər bilir. Hansı kənddə hansı bulağın olmasından da xəbəri var. Uşaqlarımı sənə tapşırıram. Müharibədir, gedib də, dönməmək var...”- deyə cavab verdi. Rauf yenə uşaq kimi gözlərinin yaşını tökməyə başladı. Babək əlini onun kürəyinə vurub: “Ay qardaş, biz Ramaldanovlar döyüşlərdən həmişə salamat çıxmışıq. Dayılarımız yazan tarixdən yazırıq. Hələ , lap irəli də gedirik! Sözdü də dedim, mənə heç nə olan deyil. Mən hələ yeni alınmış torpaqlarımızda korpus komandiri olacam. ..”.- dedi.
Aygünün isə bu söhbətlərdən xəbəri yox idi. Evin əşyalarını yığışdırırdı. Bir mənzildən digərinə köçməyə öyrəşmişdilər. Bu gənc ər-arvad üçün mebelləri söküb yığmaq, yol tədürükü görmək oyuncaq evcik yığmaq qədər asan idi. Ailə qurduqları ilk gündən bəri, bəzən elə olurdu ki, 3-4 aydan bir yaşayış yerini dəyişirdilər.
Həmin gecə Babək böyük oğlu Ramaldanı qucaqlayıb bağrına basdı, saçlarını qoxladı. Sonra soruşdu: “Ramaldan, sənin boyun ucalır aaa... Mənim kimi səni qucaqlayan varmı?”.
Ramaldan sualın mənasını dərindən anlamadı: “Həəəə, ata, baba-nənə həmişə məni qucaqlayırlar...” – dedi. Babək Ramaldanı əsgər kimi böyüdürdü. Lakin kiçiyi Süleymanın isə nazını çəkir, onunla saatlarla oynayırdı.
Beləcə iki gün Gəncədə qaldılar. Oktyabrın 11-i Babək döyüş bölgəsinə qayıtmalı idi. Bu iki gün ərzində tabeçiliyində olan briqadanın və korpusun sənəd işlərini qaydaya saldı, verilən təlimatları və tapşırıqları yerinə yetirdi. Öz işində o qədər dəqiq idi ki, onun hazırladığı sənədlərdə qeyri-müəyyənlik ola bilməzdi.
10 oktyabrda Aygünə zəng vurub dedi ki, bu axşam şam yeməyini restoranda edəcəklər. Axşam yığışıb Gəncənin restoranlarından birinə getdilər. Restoranın işçi heyəti yüksək rütbəli zabitin ilin-günün bu vaxtında restorana gəlməsindən təəccübləndi də... Çünki Gəncədə həyat sönmüşdü. Pandemiya, müharibə, döyüş əhval-ruhiyyəsi hökmran olduğundan, kimsə istirahətə gəlmirdi. Babək isə, özü bu fürsətdən yararlanmaq istəyirdi. İstəyirdi ki, uşaqları ilə çox vaxt keçirsin. Çünki ölümün, qan-qadanın içərisindən gəlmişdi. Gözünün qarşısında nə qədər tanıdığı və tanımadığı oğulların şəhid olmasını görmüşdü. Sabah yenə qızğın döyüş xəttinə qayıdacaqdı. Sanki ailəsinin, qardaşının, uşaqlarının şəkillərini gözlərinə yığırdı.`
Çox gözəl bir axşam keçirdilər. Evə qayıdıb gələndə uşaqlar o qədər yorğun idi ki, bu dəfə Aygünün onlara “gedin yatın” deməsinə ehtiyac qalmadı. Özləri gedib yatağa uzandılar. Gecənin bir aləmində güclü partlayış səsi eşidildi. Aygün hövlanak yerindən atıldı. Gördü ki, Babək kiminləsə telefonla danışır. “Hə... bildim, köhnə dəyirman tərəfə atdılar...”- dediyini eşitdi. Ərindən nə baş verdiyini soruşdu. Babək dedi ki, narahat olma, bura atmayıblar, Gorana atıblar, səsi bura gəlib. Aygün uşaqlar yatan otağa keçdi. Dünyadan xəbərsiz onlar mışıl-mışıl yatırdılar.
Səhər Aygüngil yol tədarüklərini görüb, üzü Bakıya yol tutdular. Gəncədəki binaların əksəriyyətinin pəncərələri axşam atılan raket zərbəsinin həmləsindən sınıq-sınıq idi. Aygün indi bildi ki, gecə Babək ona yalan deyib. Şəhərin başının üstündə elə bil ki, vahimə var idi...
11 oktyabrda Babək ailəsindən və sevdiklərindən ayrılıb üzü cəbhəyə yola düşdü...
Oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərmişdilər. Azərbaycan Ordusu düşmən həmləsini dəf edərkən, qaraşı tərəfin xeyli sayda canlı qüvvə, 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 habuitsası, sursatla dolu 5 yük maşını, 11 avtomobil texnikası, 3 ədəd Qrad qurğusu, 5 ədəd “Qvozdika” özüyeriyən haubitsasını məhv etmişdi.
Polkovnik-leytenant Babək Ramaldanov həm də cəbhə boyu xəbərləri izləyirdi. Yeni xəbərləri əsgərlərinə danışıb, onları döyüşə ruhlandırırdı. Növbəti günlərdə Babək Ramaldanov komandiri olduğu şəxsi heyət ilə gəlib Cəbrayıla qədər çıxdı. Bu müharibədə onun nəslindən olan 15-ə nəfər yaxın-uzaq qohumlar döyüşdə idilər. Smart telefonlarla əlaqə qurulmasına icazə verilmədiyindən, olduğu mövqelərdə təhlükəsizlik qaydalarına riayət etdiyindən, Babək ancaq adi telefon işlədirdi. Tez-tez dayısı oğlu Əmirbəy Ramaldanovla əlaqə yarada bilirdi.
İkinci dəfə döyüşə Füzuli istiqamətindən girmişdi. Yenə bir təpənin başına çıxıb, Əmirbəyi axtardı. Binoklla ətrafı seyr edirdi. Birdən qabaqda gedən dayısı oğlunu tanıdı. Gəlib qəflətən Əmirbəy Ramaldanovun dayandığı mövqeyə çatdı. Əmirbəy bibisi oğlunu qəfil yanında gördüyündən çox sevindi. İki qardaş bir-biri ilə öpüşüb- sevindilər. Döyüşdə, qan-qadanın içərisində doğma adamını görməyin başqa ləzzəti var. Əmirbəy Ramaldanov Sülhməramlı Qüvvələrin Xüsusi Təyinatlı bölüyününün komandiri idi. Aralarında nə az, nə çox 14 il yaş fərqi var idi. Əmirbəyə çox vaxt uşaq kimi baxırdı Babək.
Əmirbəy bibisi oğluna dedi ki, indi dayandıqları yüksəkliyi bu gün öz briqadasının igidləri ilə alıb. Həmin yüksəkliyə bayrağı özü sancıb. Və Əmirbəyin aldığı bu yüksəklik arxadan gələn qüvvələrin irəliləməsində, bir çox yeni mövqelərin ələ keçirilməsində, üstəlik, nəzarət və müşahidə baxımından mühüm əhəmiyyət kəsb edib. Xəbərə Babək çox sevindi: “Beka (Əmirbəyi ailədə belə çağırırdılar), sən heç bilmirsən mən nə qədər sevinirəm. Səndən yaşlı və təcrübəli olsam da, sən döyüşdə məndən əvvəl qələbə qazandın. Bu, bizim nəslin adına yazılan daha bir uğurdur. Əmimiz Şaiq Ramaldanov da 1992-ci ildə düşməndən torpağımızı geri almışdı. Sən də belə etdin.”
Daha sonra Əmirbəy düşmənin canlı qüvvəsinin düzlərdə qalan meyitlərini, həm də onlardan götürdüyü qənimətləri göstərdi Babəkə. Babək də Murovda, Füzilidə 27 sentyabrdan bu günə qədər keçdiyi döyüş yollarında gördüklərindən, ələ keçirdiyi qənimətlərdən danışdı. Həmin axşamı bir yerdə keçirdilər. Bölüyün əsgərləri ilə qənimət kimi ələ keçirdikləri yeməklərdən yeyib, sulardan içdillər. Hətta Babək zaraftaca Əmirbəyə dedi ki, bunların özləri pis olsalar da turşuları, mürəbbələri qəşəng olur, müharibə qurtarandan sonra aparasan Bakıya. Hə, Babəkin hərdən belə zarafatları var idi.
16-sı səhər o başdan Ramaldanov qardaşları hərəsi öz bölükləri ilə onlara verilən koordinatlar üzrə ayrı-ayrılıqda irəliləməyə başladılar.
Polkovnik leytenant Babək Ramaldanov motoatıcı dviziyanın komandiri kimi, öz işini yaxşı bilirdi. İndi yolu Cəbrayılın Havuslu kəndi tərəfə idi. Sonra Dağ Tumasa gedəcəkdilər. Ötən 30 il ərzində ermənilər bu yollarda xeyli xəndəklər qazmışdılar. Ancaq bəzi vaxt düşmən atəşindən yayınmaq üçün bu xəndəklər köməyə çatırdı. Hava tez-tez dəyişirdi.
Havuslu kəndinin alınmasında tabelyində olan igidlər xüsusi qəhrəmanlıq ğöstərdilər. Düşmənin xeyli texnikasını, ərzaq qənimətini ələ keçirdilər. Babək Ramaldanov öz işində ayıq hərbçi idi. Yanındakı yoldaşlara dedi ki, biz buranı aldıq, mən indi diqqətlə nəzərdən keçirdim, qarşıda düşmənin deyəsən canlı qüvvəsi qalıb. Gedib onların içərisindəki sağları, lazım olanları ələ keçirməliyik. Yanındakı zabitlərdən kimsə kəşfiyyat məqsədi ilə əsgərləri göndərməsini təklif etdi. Babək isə razı olmadı. Beləcə, yanında 4 nəfərlə irəli atıldı. Deyəsən, zənnində yanılmamışdı. Burada düşmənin xeyli canlı qüvvəsi var idi. Azərbaycan əsgərlərini qəfil başlarının üstündə görən ermənilər əvvəlcə atəş açdılar, amma Ramaldanovla gələn qrup onları məhv etdi. Burada xeyli sənəd var idi. Ramaldanovgil ermənilərin maşınına minib sürətlə həmin ərazidən uzaqlaşmaq fikrindəydilər. Komandir və dəstəsi ermənilərin qənimət maşınlarına mindilər. Sevinə-sevinə üzü dostlarına tərəf gəlib çatanda...
Düşmənin uzaqdan atdığı tank əleyhinə mərmi maşının yanına düşdü. Bir andaca güclü partlayış baş verdi. 500 metr kənarda olan hərbçilər bir az bundan əvvəl qəhrəmanlıq göstərən dostlarının mərmi partlayışı nəticəsində göyə sovrulduğunu gördülər...
***
Oğlunun şəhid xəbərini alan ana - Xalidə Ramaldanova oğlunu və o günləri belə xatırlayır:
-Bizim nəsildə sağlam kişi hərbçi olmalıdır. Meyvəddinlə mən əminəvəsiyik. Hər ikimiz Ramaldanov nəslindənik. Qardaşlarım Şair Ramaldanov, İlham Ramaldanov, Elman Ramaldanov- hər biri Azərbaycan Odrusunun şərəfli zabitlərindəndirlər. “İgid oğul dayısına oxşayar”- deyiblər. Bizim də gənclərimiz hamısı əmi-dayı yolu ilə gedirlər. İlk dəfə Naxçıvanski hərbiyyə məktəbini Şair Ramaldanov bitirib. 1992-ci ildə düşməndən torpağı geri alan qəhrəmandır. 702 saylı korpusun komandiri kimi, uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edib. Buna görə ümummilli liderimiz Heydər Əliyev onu özü şəxsən “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırıb. Şairin ardınca Elman, İlham getdi. Sonra Vüqar, Telman, Nəriman, Babək, Əmirbəy hərb sənətini seçdilər. Birinci Qarabağ döyüşlərində də, indiki döyüşlərdə də bizim nəsil şəcərəmiz fərqləndi. Birinci müharibədə Şairlə Elman yaralandı. O vaxt şəhidimiz olmadı. Mən uşaqlarıma görə heç vaxt məktəbdə üzü qara olmadım. Həmişə alnım açıq, üzüm ağ oldu Babək öz adını Rusiyanın Frunze adına Hərbi Akademiyasının qızıl kitabına yazdı. Akademiyanı “Qızıl medal”la bitirdi. Babək 2017-ci ildə həmin akademiyaya göndəriş alanda çox sevinmişdi. Onun buradan getməyinə əvvəlcə maneçilik yaratmışdılar. Lakin özünün inadkarlığı və əzmkarlığı nəticəsində istəyinə nail oldu. Bu səbədən də dərslərə bir az gec başlamışdı. İlk imtahanında 4 qiymət almışdı. Qiymət onu qane etmməmişdi. Əslində, fikirləşmək olar ki, nə var ki, gedib pis-yaxşı oxuyacaq da... Xeyir, mənim oğlum hərbi anda sözün həqiqi mənasında sadiq bir zabit idi. 4 qiyməti onu qane etmədiyindən Akademiyanın appelyasiya komissiyasına ərizə yazsa da, bu, baxılmamış qalmışdı. Elə həmin günlərdə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Moskvada Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə rəsmi görüşü var imiş. Babək nazirin yanndakı köməkçisini tapıb xahiş edir ki, onun yenidən imtahan verməsi üçün nazirimiz cənab Şoyqudan xahiş etsin. Və nə gözəl ki, cənab Şoyqu da bu xahişi rədd etmir. Şoyqunun sözü ilə istisna kimi Akademiyanın tarixndə ilk dəfə Babək Ramaldanov yenidən imtahan verib, öz 5 qiymətini alır. Lakin Akademiyanın rektoru ona bərk-bərk tapşırır ki, bu hadisəni yaymasın. Elə orada təhsil aldığı müddətdə Akademiyanın 100 illik yubiley medalına, dərslərdə göstərdiyi dəvamiyyətə və uğura görə isə Qızıl medala layiq görülür. İndi oğlumun adı Rusiyanın hərb tarixi muzeyindədir. Atasına deyirdi ki, ata, sevin, gör necə oğlun var, sənin adın Rusiyanın tarix muzeyindədir.Həmin təhsil ocağından Qızıl medal alan ilk Azərbaycan vətəndaşıdır Babək Meyvəddin oğlu Ramaldanov!”. Meyvəddin Moskvaya onu görməyə gedəndə Babək onu həmin tarix muzeyinə aparıb, Azərbaycana aid olan hissədəki adını və soyadını atasına göstərmişdi.
Qadın davam edir:
-Hər gün, hər dəqiqə əllərimi Allaha açıb, bütün döyüşə gedənlər üçün dua edirdim. Deyirdim ki, ay Allah, hamının balası sağ-salamat qayıtsın, mənim balalarım da onların içərisində. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qıpqırmızı qızarmış halda gəlib oturdu. Dedi, heç nə, Babəki xəbər alırdı, sizi soruşurdu. Evə gəlib yetişdik. Baxdım ki, kişi heç gözümə yaxşı dəymir. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm nə olub, nə baş verib? Bəlkə yaralanıb, bəlkə əsir düşüb balam? Kişi başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!
Hıçqırır:
-Bilmirəm nə baş vermişdi. Bir neçə dəqiqə bundan əvvəlki qışqırıqlarımı, ah-naləmi boğdum içərimdə. Meyvəddinin ağlamağına sıxıldım. Onu heç vaxt ağlayan görməmişdim. Dedim ki, nə ağlayırsan?! Oğlun şəhid olub!!! Niyə ağlayırsan? Məgər tək şəhid olan Babəkdir? Gör nə qədər şəhidimiz var! Belə edirdim ki, kişini şokdan ayıldım. Bilmirən düz edirdim, ya yox, ancaq içərimdən bir səs mənə deyirdi ki, təmkinli ol! Elə bil ki, ikiləşmişdim. Aygün anasıgildə idi. Anası Nadiyəyə zəng vurub dedim ki, Babəkim şəhid olub. De ki, durub gəlsin. Mən Aygünə nə cavab verəcəm, mən gəlinimin üzünə necə baxacam? Heç 5 dəqiqə çəkməmiş Aygün və anası qapıda peyda oldu. Aygün haray çəkib ağlamaq istədi. Dedim, Aygün Babək heç vaxt qadının səsinin evdən çıxmasını istəməyib. Gələn-gedənlərin yanında özünü Babəkin adına layiq apar. Sonra özümüz oturub təklikdə ağlayarıq!
“Qara xəbərin ayağı yüyrək olur” deyirlər. Həmin gün Babəkin tabutunu gözlədilər. Gətirib çıxaran olmadı. Dedilər ki, vurulduğu ərazidən nəşini çıxarmaq mümkün deyil. Səhərisi günü dayıları getdi Babəki axtarmağa. Əslində tabut gəlməyəndə, ürəklərində bir ümid işığı yandı. Aygün də inanmışdı ki, harada olsa Babək gələcək. Çünki onlar ailə quranda belə söz verməmişdilər. Axı, 5 gün əvvəl Aygün ərindən yenidən görüşmək ümidi ilə deyə-gülə ayrılmışdı. Həmin anda Aygün evin yuxarı mərtəbəsinə çıxdı. Qaynanasının oturduğu ev gözünə olduğundan da böyük görünürdü. Özü öz gözündə əriyirdi Aygün. Elə bil ki, balacalaşıb nöqtəyə dönmüşdü. Dayana bilməyi üçün bir dayaq nöqtəsi axtarırdı. Nöqtə-nöqtə balacalaşırdı Aygün.
Aygün deyir:
- Adətən mən şux geyinən deyiləm. 16 oktyabrda çox şux geyinib getdim işə. Evdəki qır-qızılımı da taxdım. Müəllimələr məni görüb, hərəsi bir xoş söz dedilər. Elə bil ki, gəzmirdim, uçurdum. Niyə elə idim, indi də anlaya bilmirəm. Uşaqlara gözaydınlığı verdim. Dedim ki, içərinizdə işğaldan azad olunmuş rayonların sakinləri vardır, indi siz qaçqın deyilsiniz. Axşamüstü Babək zəng vurdu. Dedi ki, yorğunam. İndi danışa bilmirəm. Sabah səninlə əlaqə saxlayacam. Mən də bilirdim ki, ağır yerdədir, odun- alovun içərisindədir. Hər dəqiqə narahat etmirdim. Uşaqları soruşdu. Bu bizim son danışığımız oldu... O gün bu gün, bir daha geyinib-bəzənmədim. Kefli və bəxtəvər günlərimdə geyindiyim paltarlarımdan imtina etdim. Baldızım mənə zəng vurub deyəndə ki, anam ağlayır, tez gəl, heç nə fikirləşmədən anamgildən 5 dəqiqə ərzində qaça-qaça özümü evə çatdırdım. Həmin axşam Xalidə xala anamı görəndə: “Ay şəhidin qaynanası... gəl, gəl görək başımıza haranın daşını salaq, oğlumu necə deyək, necə ağlayaq? Mən Aygünə nə deyim, Aygünün üzünə necə baxım?”- deyib ah-nalə etdi. Sonra özünü ələ aldı. Raufu çağırıb dedi ki, Babəkin balalarını yığ başına, atalarının şəhid olduğunu danış. Rauf da özünü itirmədi. Uşaqları digər otağa aparıb, onlara dedi ki, təkcə siz şəhid övladı deyilsiniz. 30 ildir ki, Azərbaycanda Şəhidlər xiyabanaları boy-boy çoxalıb. İndi sizin atanız bir qəhrəman adını daşıyır. Siz möhkəm olmalısınız!. Ona görə də yad adamların yanında ağlamayacaqsınız!
Aygün davam edir:
-Bir gün keçdi. Babəkin tabutunu gətirmədilər. Qaynanam dedi ki, üstünə ağ çəkilmiş güzgüləri açın, qara örpəkləri başınızdan açın. Mənim oğlum sağdır. Dayıları getdi onu axtarmağa. Şaiq dayı dedi ki, ya ölüsünü, ya da dirisini mütləq gətirəcəyəm. Xalidə xala inanmaq istəmirdi oğlunun ölməyinə. Deyirdi ki, görərsiniz, Babək özü qayıdacaq, gülüb deyəcək ki, mənim hesabımıza küçəmizi abadlaşdırdılar. Elman dayi ilə Şaiq dayı getdilər Füzuliyə. Özləri hadisə yerinə gedib şəhidlərin bədənlərinin qalan hissələrini tabuta yığıb gətirmişdilər. Bir ona sevinirdik ki, Babək əzab və ağrı çəkməyib. Heç ölümündən özünün də xəbəri olmayıb. Sadəcə, bir anın içərisində yox olub. Göylərə ucalıb.
- Qonaqlarımızı, gələn gedənizmizi yola verdik. Şəhidimizi el adəti ilə, hörmət –izzətlə dəfn elədik,- deyir Xalidə xanım. - O gün-bu gün gəlinimə dedim ki, Aygün, sən fikir eləmə, bu qismətdir, taledir, nə edə bilərik, oğlum öz sevdiyi işinin başında, qəhrəmanlıq göstərərək həlak olub. Sən bundan sonra həyatdan qorxma. Allaha yalvarıram ki, mənə elə bir ömür versin ki, Babəkimin balalarının toyunda Aygünü tək qoymayım, o toyda qol götürüb, Babəkin yerinə də oynayım. Bilirsən niyə belə deyirəm, çünki Babək bizi görürür. Hiss edir. Nə qədər desəm də ki, dözürəm, dözmək olmur axı... Hər dəfə balaları gəlinimlə evdən içəri girəndə gözüm Babəki axtarır onların sırasında. Oturub hərdən ağlayıram. Belə olanda da yuxuma gəlir, incik görünür. O nə mənim, nə də gəlinimin göz yaşı axıtmasına razı olmazdı. Bir neçə vaxt gözlədim, gözlərimi yollardan yığa bilmədim. Bildim ki, atası Meyvəddin də əziyyət çəkir. Bir gün oturub onunla da söhbət elədim, dedim ki, kişi, bilirsən nə var, daha yığ gözlərini yollardan, Babək gələn deyil!!! Evin yuxarı başında Babəkin xalçada hörülmüş portreti var. O başa gedirəm baxıram, bu başa gəlirəm baxıram. Tumarlayıram, öprüəm... Neyləyim ki, əlimdən başqa nə gəlir ki...
***
Azərbaycan Ordusunun Quru Qoşunları Korpusunun polkovnik leytenantı Babək Meyvəddin oğlu Ramaldanov soyuna-kökünə, dinastiyasına sadiq oğul idi. Azərbaycan Ordusundakı 20 illik fəaliyyəti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrini 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı,"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif edilib.
27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. O, II Fəxri Xiyabanda çox hörmət etdiyi komandiri, general Polad Həşimovla eyni sırada dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Allah Babək Ramaldanova rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Parabüzən, nal, yovşan və s. – UĞUR SİMVOLLARI
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.
«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.
Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).
İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).
Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.
Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq, yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.
Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!
Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.
Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.
Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.
Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.
Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.
Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.
Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.
Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.
Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.
Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.
Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.
Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.
Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).
Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.
Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.
Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?
Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.
Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?
Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.
42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.
Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
KİTAB BƏLƏDÇİSİndə Abdulla Şaiqin “Xasay”ı
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Təhsil insanların keçmişini öyrənən, gələcəyini öyrədən bir həyat zərurətidir fikrimcə. Tədris olunan fənndən asılı olmadan həyatımızı şəkilləndirir, məqsədlər, hədəflər və qət ediləcək yollar qoyur önümüzə. Təbii ki, bu mövzuda ən çox dəstək olan, dəstək olmalı olan şəxslər də məhz müəllimlərdir.
Çox sevdiyim bir söz var. "Müəllim şam kimidir, alışdıqca ətrafını işıqlandırar."
Hər birinizə salam, dəyərli oxucular. Bugün sizinlə oxuduğum bir əsər haqda fikirlərimi bölüşmək istədim. Abdulla Şaiq, “Xasay”
Əsəri oxuyanlar bilər, kiçik bir uşağın həyatı, ona ailənin etdiyi təsirlərdən söhbət gedir başlıca olaraq burada. Ziyalı olmamasına baxmayaraq övladlarının təhsilini hər şeydən üstün tutan bir ata obrazı ilk diqqət çəkən məsələlərdəndir. Atanın ölümündən sonra oğluna biganə qalan ana isə başdan-başa bir "məsuliyyət abidəsi"dir. Əsər gedişatı haqda bilməyənlərə məlumat verəsi olsam qısaca belə deyərdim. Badam, yəni Xasayın anası hələ Balakişinin sağlığındaykən də olduqca əhlikef, vecsiz biri kimi qələmə alınır, elə onun ölümündən sonra da nə isə dəyişmir. Nə iş təklif olunsa "mən bacarmaram" deyib kənara çəkilir. Sonra da ona diqqət göstərən "ziyalı" Rəcəb bəylə evlənir. Sən demə Rəcəb bəy çox ziyalı imiş, hə. Amma onun ziyası elmə yox, cibgirliyə, quldurluğa, pisliyə imiş... Özü öz oğlunu uçuruma aparan Badam əsla səhvləriylə barışmır. Məktəbin birincisi olan Xasaysa günü gündən sevimli Kamil müəlliminin gözləri önündə məhv olub gedir.
Zaman keçdikcə balacanı da özünə oxşadan Rəcəbin elə sən demə əvvəldən məqsədi bu olur. Onu oğurluğa göndərir, məktəbdən ayırır, küçələrdə işlədir. Kənardakılar da ya söyür, tənqid edir, ya da susub durur. Rəcəbin əslində qatil olduğunu bilən qonşu da susur, onun oğru olduğunu bilən dost-tanış da. Əslində susmayanlar da vardı, amma Badam heç kimə inanmır, övladıyla maraqlanmır. Heç kim də bu uşağın dərdini öyrənmək istəmir. Bircə Kamil müəllimdən başqa...
Mənə görə elə əsas məsələ də budur əsərdə. Yeri gəlsə indiki, yeri gəlsə köhnə əsərlərə baxdıqda, real həyata nəzər yetirdikdə şagirdləri, tələbələri incidən müəllim sujetləriylə olduqca çox rastlaşırıq. Onların problemləriylə maraqlanmır, ya da mehriban başlayıb, sonta bezir, vaz keçir. Amma Kamil müəllim əsl Pedaqoq, əsl müəllim kimi öz işini yerinə yetirir. Bir an belə doğru yolu göstərməkdən vazkeçmir. Hər yola əl atır, hər kəslə əlaqə yaradır, yetər ki, biricik şagirdi Xasayı geri qazana bilsin. Bacarır da. Təbii ki, insanın öz təbiətindən çox şey asılıdır, Xasay savadlı, çalışqan, mərd uşaq idi. Amma yol göstərənləri doğru deyildi. Uşaq gələcəkdirsə, müəllim o gələcəyi yazandır. Kamil müəllim obrazı kimi obrazlara, insanlara həm ədəbiyyatda, həm həyatımızda olduqca ehtiyac var. Xüsusən indiki dövrdə, həyat şərtləri bu qədər çətinkən şagirdləri təhqir edən yox, "səndən adam olmaz" deyən Mirzə Kərimlərə yox, "mən ona inanıram, o bacaracaq" deyən Kamil müəllimlərə ehtiyac var.
Əziz oxucular. Aranızda həm tələbələr var, həm müəllimlər, həkimlər, daha kimlər-kimlər. Unutmayın ki, həyat özü də bir məktəbdir. Bu məktəbdə isə bizim özümüz də bir müəllimik. Həm özümüzə, həm ehtiyacı olanlara əl tutmalı, dəstək olub doğru yolu göstərməliyik. Məsuliyyətdən qaçmaqla, ətrafa biganə qalmaqla, "mənə nə?" deməklə heç də irəli getmək mümkün deyil. Tam əksinə. Uçurumdan döndərilməyən hər şəxs getdiyi yollara bərabər iz salır, özüylə daha başqalarını da sona aparır.
İnsan sözü "səhv" mənası verən nisan sözündən yaranıbmış. Səhv etmək bizlərə məxsus. Əsas odur ki, dərs alaq, irəliyə doğru, düzgün yolla addımlayaq. Oxumalı olduğunuzu düşündüyüm, oxuya biləcəyiniz, faydalana biləcəyiniz əsərlərə birini daha əlavə etmək mənim üçün xoş oldu. Xoş mütaliələr.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Uça bilməyən quş rəssam oldu
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Maraq doğuracaq növbəti bir xəbəri sizə çatdırmağı özümə borc bilirəm.
Ferrişburq adlı quş Kueçi ştatındakı Vermont Təbiət Elmləri İnstitutda qırıq sümüyü zədələnmədən öncə müzeydən uçuş elçisi olaraq çalışırdı. Lakin uçmaq qabiliyyətini itirən quş özünə tamamilə yeni bir peşə tapıb. Quşun işini görənlər gözlərinə inanmayıb.
Pedaqoqlar rəsm çəkməyə başlaması üçün quşun ayaqlarını boyaya batıraraq kətanın üzərinə un qurdlar səpələyib. Muzeyin ətraf mühit üzrə pedaqoqları Mal Muratori və Leksi Smitin dediyinə görə, Ferrişburqun ev heyvanı kimi böyüdüldükdən sonra aldığı pis qidalanmadan yaranan xəstəlik nəticəsində quşun uçma bacarıqları sıradan çıxmağa başlayıb.
Smit Tennesidəki Amerikan İql Fondunda bənzər bir hadisəylə üzləşdikdən sonra artıq uça bilməyən Ferrişburqun yaxşılaşdırılması üçün rəsm çəkmə fikrini ortaya atmışdır.
Pedaqoqlar quşun ayaqlarında boya varkən kətanın üzərində hərəkət etməsi üçün un qurdlarını bu kətanın üzərinə səpələmişlər və bu müddətdə ortaya qeyri-adi bir sənət əsəri ortaya çıxmışdır. Ferrisburq indi institutda quşlar haqqında öyrənmək istəyən hər yaşdan olan insanlar üçün sənət dərsi verir.
Mənbə: tv100.com
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
HEKAYƏ MÜSABİQƏSİ FİNALÇILARI – Orxan Cuvarlı, “Daş”
Bildiyiniz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi, Şirvan Xeyriyyə Cəmiyyətinin isə təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Ötən gündən etibarən, portalımızda 8 finalçının hekayələri dərc edilməkdədir.
Qeyd edək ki, müsabiqənin qalibi və mükafatçılar noyabr ayının ikinci yarısında elan ediləcək.
Bu gün Orxan Cuvarlı öncə özünü, sonra isə hekayəsini təqdim edəcək.
Mən Cuvarlı Orxan Ramin oğlu 1994-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşam. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili almışam. Magistr təhsilimi 2016-2019-cu illərdə Türkiyə Burslarının qalibi kimi Akdeniz Universitetinin Jurnalistika fakültəsində tamamlamışam. 2019-cu ildə namizədlik dissertasiyamı uğurla müdafiə etmişəm. Rus, ingilis və türk dillərini bilirəm. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıram.
2015-ci ildən Orxan Cuvarlı imzasıyla ədəbi fəaliyyətə başlamışam. 2016-cı ildə
Üçüncü Gənc Ədiblər Məktəbinin iştirakçısı olmuşam. 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.
2023-cü ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”nın “Ədəbiyyat” nominasiyası üzrə laureatı olmuşam.
DAŞ
(hekayə)
Sürməyi səmada süzən buludlar Ayın qabağını kəsdi. Ayın üzünü duvaqtək örtən kövrək ziyası görünməz oldu, ətraf zil qaranlığa büründü.
Otuz il bu yerdən baxdığım, arabir tutqunlaşan, bəzən də apaydın olan səmada buludlardan savayı bircə qımıltı da gözə dəymirdi. Bulud topalarının süzüldüyü hissələr lacivərdə boyanırdı.
Bu səma illərdir gördüyüm yeganə mənzərə idi. İstəsəm də, bundan nə bir çərək əskiyi, nə bir qırıq artığını görə bilərdim. Sanki kimsə göy üzünü gözlərimin önündə bir rəsm tablosu kimi asıb getmişdi.
Gecə və gündüz növbələşəndə bu tablonun rəngindən başqa hər şeyi - eni, uzunu, genişliyi, hüdudsuzluğu yerli-yerində qalırdı.
Səhərlər rəssam bu xəyali tablonu açıq rənglərlə fırçalayırdı. Elə ki şər qarışırdı, tablodakı açıq rənglər qatı boyalarla əvəzlənirdi. Bu qatılıq buludların barmaqlarının ucunda gəzən adamlar kimi səssiz-səmirsiz çəkildiyi yerlərdə dərinləşirdi.
Az qala yaddaşıma həkk olunan bu rəsm tablosunda hərdənbir yeni şeylər; perik düşən bir dəstə sərçə, gözqamaşdıran Günəş, bədirlənmiş Ay, göy üzünə duz kimi səpələnmiş ulduzlar, səmanın canına yayılan göyqurşağı peyda olurdu.
Neçə gündür bu mənzərələrə baxa-baxa darıxmaq barədə düşünürəm. Darıxmaq hissi mənə ucsuz-bucaqsız səhranı xatırladır. Hərdən bu səhrada az qala dizlərinə qədər quma batırsan, arabir isti qumsal ayaqlarını yandırır. Məni ən azı darıxmaq qədər fanilik hissi də sıxcalayır.
Bəzən həyat adlı yarışın sonunu düşünəndə bu hiss içimi çulğayır.
Dünyaya gəlirsən, qayğıların da səninlə bərabər böyüyür, gündəlik məişət təkrarları səni təngə gətirir. Bu qapalı dövrəyə özün də bilmədən öyrəşirsən. Zaman keçdikcə təəccüb hissini itirməyə başlayırsan. Hər şeyin parıltısını itirməsi, adidən adi, sadədən sadə olması içindəki fanilik hissini ərşə çıxarır.
Tez-tez keçmişimə qayıdıram. Keçmiş etibarlı, sınaqdan üzüağ çıxmış dostsayağıdır. Keçmiş indinin dolaşığından, gələcəyin bilinməzliyindən fərqlidir. Keçmişdə hər şey donub. Sən həmin dövrdəki səhvlərini, peşmanlıqlarını, təəssüflərini, sevinclərini, kədərlərini, doğrularını ölçüb-biçsən də, dəyişə bilmirsən, olduğutək qəbul edirsən.
Keçmişdən nigaran qalmaq olmur. Sən olub keçənləri kiçik bir təbəssümlə və ya acı bir təəssüflə xatırlamaqla kifayətlənirsən. Keçmiş gələcəklə bağlı narahatlıqlardan, nigaranlıqlardan uzaqdır…
Hərdən ötüb keçən vaxtlar quduz it kimi üstümə cumur. Hafizəmin illər əvvəlki hissəsindən sivişib irəli atılan xatirələr uzun labirintlərdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Elə indi də bu tutqun səmaya baxıb bulanıq yaddaşımı ələk-vələk edirəm.
Bu otuz ildə çox şeyi unutmağa çalışmışam. Bəzən bu evin sevinc dolu günləri yadıma düşür. Biz heç kimə dəyib-dolaşmayan bir ailə idik.
Biz deyirəm, çünki mən də bu evin məhrəm, ad verə bilmədiyim rahatlığına isinişmişdim. Bu dördgöz evə neçə səadətli, bəxtiyar illər sığışmışdı. Ta ki o məşum günə qədər.
İnsanın ürəyi də daşlaşa bilərmiş. Mən xırda bir daş parçası olsam da, bu həqiqəti qavradığım gün heyrətləndim. İlahi, adamlar necə də qəddar olurlar!
Həmin gecə indi zilləndiyim səma mənə aydın görünmürdü. Bizi otağın tavanı, evin damı ayırırdı.
Xocalı günlərlə mühasirədə qaldı. Bu günlərdə adamlar bir qırıq qorxunu, vahiməni ürəklərinə yaxın buraxmırdı. Heç kim varidatını, uşaqlığını, gəncliyini burada qoyub gedəcəyinə inanmırdı. Bəlkə də, inanmaq istəmirdi.
Son günlər bir neçə ailəni təxliyə etmək üçün helikopterlər gəlirdi. Həmin an o adamların çöhrəsinin büründüyü təəssüfü, ağlamsınan sifətlərini unuda bilmirəm. Onlar son dəfə evlərinə, həyətlərinə, ağaclara, dağlara, quşlara, səmaya baxıb doluxsunurdular.
Bizim bünövrəsini qoyduğumuz yuvalar ağlaya-ağlaya keçmişiylə vidalaşan adamlar üçün göz dağı idi. Onlar sanki təkcə bu evləri yox, xoşbəxtliklərini, firavan günlərini də kərpic-kərpic hörmüşdülər. İndi həmin evlər, xoşbəxtliklər intəhasız bir naməlumluğun qoynuna sığınmışdı.
Evindən ayrılmaq istəməyənlər müqavimət göstərməyə çalışırdılar. Əlisilahlı düşmən dəstələrinin qabağında gündən-günə zəifləyən, gücsüzləşən, əliyalın müqavimət.
Bu evin adamları tələm-tələsik getdilər. Silah səsləri get-gedə yaxınlaşdıqca onlar o qədər tələsirdilər ki, qazanları ocaqda, balaca qızcığazın kuklası divanın bir küncündə qaldı. Evin ağsaqqalı heç ayaqqabılarını geyinməyə macal tapmadı, məstlərini sürüyə-sürüyə ailəsini meşəyə tərəf apardı.
Həmin sabah şəhər ağappaq qarı yorğan kimi sinəsinə çəkmişdi. Axşama doğru müqavimətin zəiflədiyi anlarda dümağ yorğan qeybə çəkildi, qocaman şəhər bahar laləzarları kimi al-qırmızı rəngə təslim oldu.
Görəsən, o məşum gecə, həmin laləzarda kürəyi üstə canını tapşıran neçə şəhər sakininin son gördüyü şey indi baxdığım tutqun səma olmuşdu?
Kim bilir, bəlkə bir möcüzə olsaydı, şaxtada bədəni qaxaca dönən cansız uşaqlardan biri dirilsəydi, sevinə-sevinə ilk dəfə gördüyü bu qəribəliyi dostlarına müjdələyərdi: “Uşaqlar, qırmızı qar yağıb”…
O gecədən sonra evlərdəki yemək qoxusu pəncərədən içəri dolan barıt iyiylə əvəzləndi. Soyuq aralı pəncərələrdən, açıq qapılardan dalğa- dalğa evlərə doldu, otaqlar buz kəsdi. Divanın küncündə unudulan kuklanın sarı saçları qırov bağladı.
Soyuqdan sonra hərbi geyimli, tanımadığım adamlar da bu evə girdi. Əvvəlcə bu şəhərin sakinlərinin ürəyini sökdülər, sonra evlərini.
Kərpic-kərpic tikilən bu yuva, indi də daş-daş, himinə qədər sökülürdü.
Günlər keçdikcə o əzəmətli ev qəfil xəstəliyə tutulan adamlar kimi əriyirdi. Əvvəlcə evin damı, sonra otağın tavanı yoxa çıxdı. O gündən səmayla məni ayıran bircə maneə qalmadı.
Sonra bu evin taybatay qapılarını, sobasını sökdülər, masanı, taxtı, divanı, stulları, dolabları, qab-qacaqları, sarı kuklanı daşıyıb apardılar.
Aradan keçən otuz ildə o uca evdən geriyə tanımadığım adamların söküb aparmaqda çətinlik çəkdiyi mən və bənzərlərimdən ibarət bünövrə, üzündəki mamırlardan başqa həyat əlaməti olmayan daş parçaları yadigar qalıb.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Mənə yenidən acı verir, məni öldürmək əvəzinə - DÜNYA POEZİYASINDAN SEÇMƏLƏR
Şair Ümid Naccari monteneqrolu Katarina Saricin bir neçə şeirini dilimizə çevirərək “Ədəbiyyat və incəsənət” portalı vasitəsi ilə şeirsevərlərə ərməğan edir. Bu şeirlərin bəzən abstrakt fikirləri, düşüncə ziddiyyəti ilə oxucunu yüklədiyi duyulsa belə, əslində onlar, gerçəkdən, sirli-sehirli, bir qədər də metafizik abu-hava yaradır, oxucunu düşündürərək hardasa bu yaranmış mənzərənin bir parçasına çevirir.
Katarina Saric Nikšić Universitetində Fəlsəfə və Cənubi Slavyan ədəbiyyatı üzrə təhsil alaraq Podqoritsada sosial siyasət üzrə magistr dərəcəsini tamamlayıb. Sosial kontekstdə şeir və nəsr yazır.Çoxsaylı antologiyalarda və böyük ədəbi saytlarda təmsil olunan müəllifdir.Onun şeirləri və nəsri haqqında xeyli elmi əsərlər yazılıb. Əsərləri bir çox mükafatlara layiq görülüb, yeddi dilə tərcümə edilib. Katarina Saricin şeirləri heç vaxt döyüş meydanını tərk etməyən və düşüncələri uğrunda mübarizə aparan cəsur bir qadının səsidir. Onun poetik görüşləri zaman-zaman böyük feminist şairlərin poetikasından keçir.O, sözün həqiqi mənasında, qadının iç dünyasını detallarına qədər oxucuya çatdırır.
ŞƏKƏR YAĞMURU
Mənə mesaj olaraq bir mətnlə yaxınlaşmayacaqsan, Şəkər!
Haralıyam, peşəm nədir kimi bir sualla…
Çox tez hiss edəcəksən
Danışıq dilindən dəhşətə düşdüyümü,
Hazır formulların ürəyimi bulandırdığını,
Mart ayında doğulduğumu,
Və mavi rəngi sevdiyimi.
Dağınıq bir “Vikinq” sıçrayışında
mənə tərəf qaçacaqsan
Artıq rezerv edilmiş bir park kimi,
Baş ağrısından işgəncə almış kimi.
Bazar günü olacaq və həssas dərim üçün
Krem aldığım aptek işləməyəcək.
Evlənməyəcəksən, boşanmayacaqsan,
Ya da qarmaqarışıq bir münasibət içində olmayacaqsan.
Sadəcə palçıq içindən keçənlər kimi yorulacaqsan.
Yağmur yağacaq,
Və hər zamanki kimi çətirim olmayacaq.
Hind Okeanında bir tısbağaya toxunduğunu danışacaqsan.
Qürur və ya utanc hissi?
Sənə sunami qayalarının altından topladığım
mərcan rəngli dırnaqları göstərəcəyəm
Seylon sahilləri yox olduğunda.
Məni arxa daxmaya aparacaqsan,
romlu bir çay üçün ən yaxın restorana.
və mənə yol boyu dostluqlarından danışacaqsan.
Siləcək səsi duyulacaq,
dumanlı şüşəyə üfürəcəyəm,
yol xəritəsini cıracaqsan,
Zirehli evim şüşədən düzəldilmiş kimi dağılacaq.
Kirpiklərinin üzərindən keçəcəyəm,
tikanlı məftil arasından
və bir qaranquş gedişi ilə gözünün dibinə dalacağam.
Köhnə video cihazında "Kəpənək"i
milyon dəfə geri çəkdiyimi biləcəksən,
azadlığa uçmağı xəyal etdiyimi belə...
Cibindən bir torba qızılı rəngdə tütün çıxaracaqsan,
büküb bütün qorxularımızı
çəkəcəyik havalı arzularımızı,
mavi tüstülərdən keçəcəyik.
Və külün içində bir çiçək əkəcəyik,
yağmur yağacaq
su kimi böyüyəcək çiçəyimiz
FLAŞ
Günortadan sonra yağışa dözə bilmirəm,
caza və keçmişə dönməyə dözə bilmədiyim kimi.
Geriyə dönüb baxdığımda
günəşin qürubunda maşın sürməyimiz,
siqareti uçuşda bitirməyimiz görünür.
Dadsız saqqıza dözə bilmirəm,
çiyələk və balonların partlaması
məhdudiyyətsiz bu şirin zarafat.
Dördyolda ayaqlarımı sığallayıram,
başımı pəncərədən çıxarıram,
külək saçlarımı yelləyir,
dözə bilmirəm
musiqi qutuları üçün yol kənarındakı gözyaşlarına.
Şeir gecələri kapuçino dadındadır
hər yeni sevdiklərimi məhv edən yaralar
Ya da uzaq məsafəli sevgilərə bənzər kimi...
Hər körpünü yandıran bu lənətlənmiş zəifliyə
dözə bilmirəm,
amma davranışları
əbəs məni məsumluğumda tənha buraxır.
Sonsuza qədər açıq olan bir yaranın üstünə
palçıq vurur,
mənə yenidən acı verir
məni öldürmək əvəzinə.
Yağışa dözə bilmirəm,
caz səsinə də,
fasiləsiz olaraq daima bu dəyişməz hislərə...
Məbədlərdə partlayışlar kimi
və yolun yanmış qoxusu
həmişə o dəyişməz küllərdən gəlir.
FOTO
- Bu həyatın fotosunu sənə buraxıram
bir çanta dolu qəhvə,
sobada albalı dadında tort,
və o ayaqqabılar - ad günüm üçün hədiyyən
(bir ölçü böyük).
Uydurulmuş hay-küylər...
şəhərkənarı yataqxanalarda
bu həftə sənin üçün planlaşdırılır
(və kağız qırıntıları).
Bu gün tərk edildim,
küləklərə ürək verdim,
öldürücü gözündən
retuşlaşmış gerçəkliyimi alıram.
Unudulmuş əlyazması
və son uğursuz gəlişim,
məndən sənə və geri.
(Məntiq anlamından gerçəklik anlamına).
Bütün görmədiklərini sənə buraxıram
barmaqlarına sıxılmış klaviatura düymələri,
ikinci dərəcəli modelləşdirilmiş gerçəklik.
Gözəl bir dizaynda buludların köpüyü,
sənin dəyişən eqon,
Paralel kainatın yaradıcısı,
bu virtual yer və göy üzü.
Mən səni tərk edirəm.
Təqlid etmirəm.
Heç vaxt təqlid etmirəm.
Və etmərəm.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)