Çukurova Edebiyatçılar Derneği-nin düzənlədiyi, Kuzey Kıbrıs'ta (Şimali Kipr), 26-30 oktyabrda "Türkiye Cumhuriyetinin 100 cü ili"ndə keçiriləcək şeir və musiqi festivalında həmyerlimiz Adilə Nəzər oxuyacağı özünə məxsus şeiri açıqlaylb. “Ədəbiyyat və incəsənət” portalı həmin şeiri təqdim edir.
TÜRKÜN ŞANLI BAYRAĞI
Qardaşlıq körpüsünün qədim təməl daşıyam,
Düşmənin can qorxusu, dostun sevinc yaşıyam,
Eşqindən od almağa hazır çaxmaqdaşıyam,
Sənə sevgimdən gəlir köksümdəki bu yanğı,
Ey şanlı Türk bayrağı!
Gülsən, gülün şəninə neçə bülbül ötsə az,
Ulduzlar işığından üzərinə səpsə az,
Qaldırıb başım üstə milyon kərə öpsəm az,
Hak etmisən nə vaxtdır Turana asılmağı,
Ey şanlı Türk bayrağı!
Sənindir, can Türkiyəm, sonsuzadək hürriyyət,
Sən ey qutlu sevdamız, - yüz illik cumhuriyyət,
Səndə qurulur büsat, düyün-dərnək, ünsiyyət,
Gücünü bilən gəlir əldə zeytun budağı...
Ey şanlı Türk bayrağı!
Sıyrılıbsan qılınc tək gecələrin qınından,
Kim etinasız keçər qüdrətinin yanından?!
Rəng alıbsan torpağa düşən şəhid qanından,
Səmaların əsgəri, ədalətin sancağı,
Ey şanlı Türk bayrağı!
Nə qədər ki, millət var, nə qədər var bu diyar,
Hər bir türkün qəlbində əbədi bir yerin var,
Biləcəkdir hər qaya, hər dağ, ağac səni yar,
İstəyəcək səni öz zirvəsinə taxmağı,
Ey şanlı Türk bayrağı!
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)