QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

21-ci hissə

 

Yeni başlanğıc

 

2015-ci ilin 11 aprel günüydü, Aylinin on yaşını – ilk yubileyini qeyd edirdilər. Evlərinə yaxın “Damla” kafesində masa sifariş eləmişdilər. Xəyal gəlmişdi, yoldaşı ilə Leyli gəlmişdi, Nazəndə xanım gəlmişdi, qızları və yoldaşı ilə Gülgün gəlmişdi, bir də Ülkər, Aylin və Zöhrə idi. Kişilər masanın ayaq tərəfində üçlükdə vururdular, qadınlar öz keflərində idilər, deyib-gülürdülər. Uşaqlar da ora-bura qaçır, dəcəllik edirdilər.

Bu vaxt iki kuryer içəri çox böyük bir yumşaq oyuncaqayınıdartıb gətirdilər. Hamının diqqəti bu ağappaq ayıya yönəldi. Aylin də, əkiz bacılar da ağızlarını açıb heyranlıqla ayıya baxarkən, onunla oynamaq arzusunu qurarkən kuryerlər “Aylin kimdir?” sual etdilər. Ayının sinəsindən “Sevimli Aylin, 10 yaşın mübarək!” lövhəciyi asılmışdı.

Bu möcüzəli ayının məhz ona gəldiyini gördükdə Aylin sevindiyindən necə qışqırdı, atılıb-düşdüsə, hamı uşaq sevincinin gücünə heyran qaldı.

Hədiyyənin kimdən gəldiyini hamı götür-qoy eləməyə başladı, gümanlar heç yerə gedib çıxmırdı.

Ülkərin elə bir qohumu, tanışı yox idi bu cür bahalı hədiyyə göndərməyə. Məktəbdən hədiyyə göndərilməsi də absurd idi, heç Aylinin ad günü barədə kollektiv bilgili də deyildi.

Zöhrə hisslərə qapılıb “Bəlkə atası göndərib?” deyəndə Nazəndə xanım “Madar elə mərifətin yiyəsi deyil” cavabı ilə Zöhrəni fikrindən daşındırdı.

Yalnız Gülgünün gözləri gülürdü. Bir anlıq Ülkər şübhələndi, ehmalca Gülgündən “Rəşid müəllim göndərib?” deyə soruşdu, təsdiq cavabını alanda xeyli duruxub qaldı.

Nə eləsin, gerimi qaytarsın hədiyyəni?

Aylin özündən böyük ayıya o qədər aludə olmuşdu, o qədər sevinirdi ki...

Ülkər yenidən Gülgünə üz tutdu:

-- Niyə edir axı bunu? Mən yek kəlmə ilə demədimmi ki, həyatımda bundan sonra kişi olmayacaq?

Gülgün üzünü turşutdu:

-- Axmaqsan, vallah. Çim yağ-bal içində yaşayassan, ay zavallı. Nə qədər sıxıntı, nə qədər ehtiyac olar? Nə qədər acı çəkmək olar axı?

Ad günü major notlarla başa çatdı.

Növbəti günlərdə Rəşid müəllimdən hədiyyə gəlişləri lap intensivləşdi. Evə, iş yerinə iri gül buketləri, brend ətirlər, bahalı şokolad korobkaları ayaq açıb yeriyirdi.

Bir dəfə Gülgün biclik işlətdi, Ülkəri kafeyə apardı, Rəşid müəllim də orada peyda oldu. Bu cür adamların diqqət mərkəzinə düşdünmü, qopa bilmirsən. Cazibələri maqnitdən betər olur, adamı çəkir.

Rəşid müəllim onların toyuq naqetsi, kartof frisi və koladan ibarət kasıb süfrələrini xeyli doladıqdan sonra süfrəyə kalmarlı sezar salatı, narda qovrulmuş nərə balığı, Periyer mineral suyu, bir də fransız şampanı gətizdirdi. Ülkər durub getmək istəyirdi, amma tək nəzakət xatirinə yox, həm də Rəşid müəllimin nüfuz zəhminə görə bunu edə bilmirdi. Qapının ağzında onun iki cangüdəni dayanmışdı, pəncərənin qarşısında AA seriyalı zil qara “Qallenvagen”avtomobili bərq vururdu, Rəşid müəllim Ülkər üçün məktəbdə eşq elan edən müəllim yoldaşları deyildi ki, bir kəlmə “məndən əl çək” söyləsin.

Ülkər daha sivil qaydada Rəşid müəllimdən onu rahat buraxmağı xahiş edəcəkdi, bunu bir qədər sonraya saxlamışdı, amma məclis qızışdıqca hər dəfə bu kəlmələri söyləməyi bir az da təxirə salırdı.

Rəşid müəllim Gülgünün sağlığına badə qaldırdı, dedi, sənin sayəndə mən Ülkər adlı bir xanımın varlığından xəbər tutdum. Dedi, həyatım boyu axtardığım ideal xanım obrazını mən Ülkərdə tapmışam.

Həmin gün Rəşid müəllimlə Gülgünün təkidinə baxmayaraq, Ülkər onlarla içki içmədi. Ürəyindən keçənləri isə axşam mesajla Rəşid müəllimə yazdı.

“Salam Rəşid müəllim. Personama maraq göstərməyiniz, sevgi bəsləməyiniz məni çox mütəəssir edib. Üstəlik, məni tutduğunuz hədiyyə yağışına görə də sizə hədsiz minnətdaram. Ciyərparamın ad günündəki centlmenliyiniz, onu xoşbəxtlər xoşbəxtinə çevirməyiniz üçün ayrıca sağ olun. Amma mənimlə yaxın olmaq təklifinizə qətiyyətlə yox deyirəm, üzrlü sayın. İki uğursuz ailə həyatı cəhdindən sonra özümə qapılmış, balamı böyütmək amacı ilə yaşayan birisiyəm. Axtardığınız sevgini, əfsus ki, sizə bəxş edə bilməyəcəyəm”.

Yazdı, yüz dəfə ora-burasını dəyişdi, nəhayət, yolladı.

Növbəti dəfələrdə Rəşid müəllimin Ülkərə marağı əsla əskilmədi, əksinə, get-gedə artdı. Gülgün də öz ampluasında idi, onun beynini doldurur, yola gətirməyə çalışırdı.

Bir dəfə yenidən Gülgünün restorana dəvəti Rəşid müəllimin orada peyda olması ilə sonuclandı. Bu dəfə Rəşid müəllim onlara Texas steyki dadızdırdı, bu dəfə şampan şərabından Ülkər də vaz keçmədi, nəzakət xatirinə bir-iki qurtum içdi.

Rəşid müəllim özü haqda tam bilgiləri Ülkərin ovcuna qoydu. İki oğlu, bir qızı var, hamısı ailəlidir. Altı nəvə sahibidir. Həyat yoldaşını valideyn təhriki ilə alıb, kənd qızıdır, əsla onu təmin etmir. Bu qədər müddətdə hələ də ləhcəsini dəyişə bilməyib, hələ də şəhərli kübar qadın imicinə keçməyib. Deməzsənmiş, ailəvi məclislərə, dövlət ziyafətlərinə Rəşid müəlim onu aparmağa utanırmış.

-- Bilirsiz, Ülkər xanım, kişinin bir özü yaşda, uzağı iki yaş o yan-bu yana uşaqlarının anası, onun qulluğunda duran həyat yoldaşı olar, bir də onun duyğularına hakim kəsilən, onu hiss-həyəcan burulğanına salan gözəl-göyçək gənc sevgilisi. Həyat yoldaşı daha çox adama yoldaş, dost ola bilər, ondan sevgili çıxmaz. Bir evdə yaşamaq, hər gün üz-üzə gəlmək sevgi hissini korşaldar. Sevgi hərdən gələn bayram kimi olmalıdır, sevgilin üçün darıxmalı, ondan ayrı qalıb həsrətini çəkməlisən. Siz, həqiqətən, mənim qadınlıq və gözəllik idealımsız. Sizi qızıla, brilyanta tutacam, zənginlər zəngini edəcəm, bütün arzularınızı həyata keçirəcəm. Qızınızı da ən bahalı məktəblərdə oxutduracam, gələcəyini tam təmin edəcəm. Bu badəni sizin sağlığınıza içmək istəyirəm.

Bu tostdan sonra Ülkər, nəhayət ki, cəsarət tapıb “Məni hansı ampluada görmək istəyirsiz? O imkanlı kişilər deyire, filankəsi saxlayıram, o sayaq saxlamaq istəyirsiz” sualını verdi, ardınca da “Mən buna əsla razı olmayacam” söylədi.

Söhbətə Gülgün də qatıldı, mövzunu xeyli müzakirə etdilər, axırda üçlərin sirri kimi aralarında şərt bağlayaraq Rəşid müəllimlə Ülkərin molla kəbini ilə yaşamasını qərarlaşdırdılar.

Həyat yeni qapılar açırdı Ülkərin üzünə.

Onu birdən-birə zəngin, arxalı bir xanıma çevrilmək perspektivi gözləyirdi.

 

 “Ədəbiyyat və incəsənət”

(26.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.