Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu dəfəki müsahibimiz “Dünya Gənc Türk Yazarlar Birliyi”nin ilk üzvlərindən biri olan Vüqar İsmayılzadədir.
-Salam Vüqar bəy, necəsiniz? Özünüzü necə təqdim edərdiniz?
-Salam, mən şair Vüqar İsmayilzadəyəm. Salyanda doğulmuşam. 9 yaşından şeir yazıram. Uşaqlıgım Neftçalada keçib. Orada ədəbi birliyin ən az yaşlı üzvü olmuşam. Sovet dönəmində qonorar deyilən qələm haqqını ən çox mən alırdım. Yəni şairlik mənə anamın laylayından hopub. Şair dostum Mətləb Ağanın köməkliyi sayəsində mən 1997-ci ildə “Dünya Gənc Türk Yazarlar Birliyi”nə üzv oldum. Ən böyük arzum AYB -yə üzv olmaqdır. İnşallah, məqsədimə Allahin izni ilə çataram.
Bu gün mənim əlyazmalarım dərc oluna bilmirsə, bu mənim maddi durumumun zəif olmasına dəlalət edir. Bəzən kövrəlirəm, ona görə ki, əsərlərim mətbəx yazısına çevrilib. Mənim kimi sayagəlməz yazarlar var bu vəziyyətdə.
-Bədbin notlara kökləndiniz. İlham mənbəyiniz nədir? Bu bədbinlikdirmi?
-İlhamın nə vaxt gələcəyi məlum deyil. Sadəcə Mirzəli etmək mənə düşər. Uşaq şeirlərim, dini səpgidə yazılarım çoxluq təşkil edir. Mən şeirsiz yaşaya bilmirəm...
-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz?
-Sakit bir yer mənim düşüncəmi duruldur. O, zaman mən duyğulanaraq şeir yazıram.
-Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Əruz vəznində qəzəl, hecada gəraylı, qoşma. Klassik ədəbiyyatda məsnəvi janrını sevirəm. Sərbəst şeirlərdən başqa bütün janrlarda yazıram.
-Əsərləriniz haqqında mümkünsə məlumat verə bilərsinizmi?
-Mən 1998-ci ildə Bakıda “Qəhrəmanlıq növbəsi” adlı kitabçamı dərc etdirmişəm. Sonra təxminən, 2000-ci ildə “Könül harayıdır Kürün töhvəsi” almanaxında şeirlər dərc etdirmişəm. İki kitab müəllifiyəm.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab mənim ruhumun qidasıdır. Əgər mən mütaliəyə etməsəm yaşaya bilmərəm.
-Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Bu gün hansısa bir gəncə tövsiyyə verəndə inciyir. Xüsüsən də tərifləməyəndə... Amma bizim zamanımızda, yəni sovetlər dönəmində ədəbi tənqid var idi. Zəif şeirə və zəif şairə yer yox idi. Gənclərə məsləhətim budur ki, çoxlu mütaliə etsinlər. Xüsusən də səmimi hisslər müəllifliyindən uzaq dursunlar. Poetikaya şeirlərində çox yer versinlər.
-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Vüqar bəy! Əgər mümkünsə bir şeirinizi bizlərlə paylaşa bilərsinizmi?
-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram! Əlbəttə.
Çoxu ömür yaşayır,
Zənlə güman içində.
Yaz ömrü qış daşıyır,
Solğun xəzan içində.
Salır sərvətə həvəs,
Alır şöhrətlə nəfəs,
Nifrət qazanır əbəs,
Külli insan içində.
Odu qoxusuz olur,
Zülmü yuxusuz olur,
Cahil qorxusuz olur,
Dursa nadan içində.
Sözün də baxışı var,
Bəzəyi, naxışı var,
Nə yaxşı ki yaxşı var,
Yaxşı - yaman içində.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)